Sizi-istedadlı şair-publisisti 50 illik yubileyiniz münasibətilə təbrik edirik.
Siz 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmusunuz.
Tam orta məktəbi Yusifcanlı kəndində – 1991-ci ildə bitirmisiniz.
Siz 1992-ci ildə Bakı Dövlət Universitetinə daxil olmusunuz.
1993-1995-ci illərdə təhsilinizi yarımçıq qoyub Ağdərə istiqamətində döyüşən orduda əsgər kimi xidmət keçmisiniz.
1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində hərbi təhsil almısınız.
2002-ci ildə Leytenant rütbəsində zabit kimi ehtiyata buraxılmısınız.
“Günaydın”, “Mum kimi yumşalanda”, “Məhdud həyatın məchul düşüncələri”, “Oriyentir ulduzu”, “Bayatılar”, “Gülünün şeirləri”, “Əliş və Anna”, “Sevgi dolu şeirlər” və s. kitabların müəllifisiniz. 2019-2020-ci tədris ilindən uşaqlar üçün olan şeirləriniz məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədis olunur.
Siz Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz.
Prezident təqaüdçüsüsünüz.
Müxtəlif mükafatlara layiq görülmüsünüz.
Müharibə veteranısınız. Ehtiyatda olan zabitsiniz. Müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalının təsiçisi və baş redaktorusunuz.
Hörmətli Zaur Ustac!
Sizi bir daha 50 illik yubileyiniz münasibətilə təbrik edir, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.
“25“ Əsrin dördə birin vermişəm yelə, “Əlli aşırmağa” bu qədər də var… “Bu da bir ömürdü yaşadıq belə”, Faili-muxtarıq, ya qədər də var!?
Başımı qaldırdım, dörd bir tərəf dağ, Yaşıl da, qara da, qırmızı da “ağ”, Ümid boğçam hazır, yetişibdi çağ, Od olan sevinci, su kədər də var…
Ustac, Məmməd Araz yolun sağında, Bəhrəsi kal qalıb ömür bağında, Qarası isıqlı, nur var ağında, Ağusu bal dadan “çor”, “zəhər” də var…. 01.12.2000. Şahbuz – Biçənək (Batabat) yolu.
“50“ “Aşırdn əllini”, Ustac nəmxuda*, Bu minval sonunda yüzə də varar… Düzü də düz getdin, əyrini də düz… Bu minval sonunda yüzə də varar…
Nəsimi, Xətai yolunda işıq, Yollar çox dolanbac, həm də bulaşıq, İşin çox, kələf də bir az dolaşıq, Bu minval sonunda yüzə də varar…
Zaur, çıxdığın yol heç nə vəd etməz, Bu yolda yolçular kamına yetməz, Hər gün doğan arzu tükənməz, bitməz, Bu minval sonunda yüzə də varar… 11.01.2025. Bakı.
* Nəmxuda (Namxuda) – [fars. name-xuda] “Maşallah”, “gözə gəlməsin”, “göz dəyməsin” mənalarında işlədilən tərif sözü. [Heydərəli:] Maşallah, namxuda, heç builki kimi sən baş çapmamışdın. M.Əliyev. [Nənəqız:] …Kişi elə yaxşılaşıb ki, namxuda, deyirsən, bəs heç üstündən qış addamayıb. Ə.Vəliyev.
Zaur Ustacın anadan olduğu gündür. Kitab, qəzet, jurnal təbliğatında yorulmadan çalışan fədakar insana can sağlığı arzulayıram. Şeirini paylaşmaqla xoş hisslərimi ifadə edirəm.
Sevgi adi bir əşyanı qiymətli dəyərə çevirir. Onun cana hopmağı da var. Çoxunun adi qarşıladığı, xırdalıq hesab etdiyi böyük hisslər mövcuddur, amma bu duyğuları hər kəs duymur.
Yarım bardaq
O yarım buraxdığın Bardaq, de, yadındamı? Sən gedəndən düz üç gün Söndürübdü yanğımı…
Dodağın dəyən yerdən Öpmüşəm, neçə kərə… Dadsız şüşə o gündən Dönüb bala, şəkərə…
Sənin tutduğun yerdən Çalışmışam tutmağa… İz tapanda izindən Qanad olmur uçmağa…
Bütə dönüb, bu bardaq Bəzəyidir evimin… Üstündə barmaq-barmaq Bəzəyi var əlinin…
Qalan son damlaları Qıymadım, içəm özüm… Qonaq etdim gülləri, Belə bulundu çözüm…
Dibçəklər Yer kürəsi, Güllər mən, sənsə susan… Heç nə yox itirəsi, Tay canıma hopmusan…
Böyük Allah dövlətimizin bayrağını daim uca etsin! Amin!
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustadan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
ONU TANRI SEÇİB Şərəfli əcdadın şanlı övladı , Bütün ulusunun qolu, qanadı, Hər yanda fəxrlə çəkilir adı, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * İlhamdır istəyi, elin arzusu, Amalı, bir şirin dilin arzusu, Əməli, tər qönçə gülün arzusu, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nizamı, gərdişi ustadan usta, Təftişi, gedişi ustadan usta, Planı, döyüşü ustadan usta, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Seçir, sonalayır, sorur düşməni, Ağladır, sızladır, yorur düşməni, “iti qovan kimi qovur düşməni” Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nitqi, bəlağəti, şəsti yerində, Görkəmi yerində, büstü yerində, Alınmaz qaladı, postu yerində, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
“Xəzan” jurnalının növbəti dekabr (2024) sayı çapdan çıxıb. Bu barədə jurnalın redaksiyasından məlumat ötürülüb.
XƏZAN JURNALININ DEKABR – 2024 № 63-CÜ SAYI (DEKABR 2024/9/63) – ZAUR USTAC – 50 PDF: XƏZAN JURNALI – 63
96 səhifədən ibarət olan jurnal poeziya, nəsr və publisistik məqalələrlə zəngindir. Sayca 63-cü nömrədir, bu il jurnalın 9 nömrəsi çapdan çıxıb. Redaksiya heyəti Zaur Ustacı yubiley – 50, Əbülfət Mədətoğlunu 65 yaşının tamam olması münasibətilə təbrik edir, onlar haqqında məqalələr və şairlərin yaradıcılığından bədii nümunələr təqdim edir. Jurnalın yeni sayı 2024-cü il üzrə sonuncu olduğundan sonda il ərzində çap olunmuş materialların siyahısı təqdim olunur. Buyurun, sevə-sevə oxuyun!
Jurnalın bu sayında YAZI DÜZÜMÜ aşağıdakı kimidir:
2.Publisistika -Vaqif İSAQOĞLU – ““Sevgi dolu şeirlər”in işığında” (Zaur Ustac yaradıcılığına bir nəzər) -Ramiz İSMAYIL – “İki sual, iki cavab” (Əbülfət Mədətoğlunun 65 yaşına) -Məhərrəm CƏFƏRLİ, Rafiq BABAYEV – “Mənəvi həqiqətlər poeziyası” (“Gül əldə, tikan dildə” obrazlı Zeynalabdin Novruzoğlu yaradıcılığı) -Asya ƏHMƏDOVA – “Bir yol gedir bizim kəndə” (Ayaz İmranoğlunun “Komutan” romanı ilə baş-başa) -Əli BƏY AZƏRİ – “Kimyaçı alimin poetik dünyası” (Hafiz Əlimərdanlının “Ötər illər qatar-qatar” şeirlər toplusunda düşündürücü detallar) -Səriyyə ABİDOVA – “Qubada 118-ci il soyqırımına şahid olan etnik qrupların ifadələri” -Tacir SƏMİMİ – “Bizə yaraşan zəfər” (Mahir Cavadlının “Zəfər bizə yaraşır” adlı yeni şeirlər kitabı haqqında düşüncələrim) -Mahir CAVADLI – “Yarımçıq qalmış sevgi dastanı, və ya şəhid ucalığının səhnə təcəssümü” -Əbülfət MƏDƏTOĞLU – “Mən sənə sözümü dedim, ay ölüm” (Ramiz İsmayıl yaradıcılığından) -Zemfira MƏHƏRRƏMLİ – “Ovunmayan həsrət” (Azadə Novruzovanın yaradıcılığı barədə mülahizələrim)