Etiket arxivi: ZAUR USTAC

HEYDƏR VƏ AZAD

HEYDƏR VƏ AZAD
         (hekayə)

17 fevral 1992-ci il Xocavənd rayonu, Qaradağlı kəndi, mövqe, sübh çağı
    Qaradağlıya sübh həmişə sakit gələrdi. Bu dəfə isə sübh qorxu gətirmişdi. Torpaq sanki əvvəlcədən xəbərdar idi – titrəyirdi. Hava ağır idi, nəfəs almaq çətinləşirdi. Günəş çıxmamış, kəndin üstünə ölüm kölgəsi düşmüşdü.
     Düşmən qəfil hücuma keçdi. Texnikanın tırtılları torpağı yara-yara irəliləyirdi. Avtomat səsləri kəndin əbədi sükutunu param-parça edirdi. Qadınların ah-naləsi, uşaqların çığırtısı, kişilərin harayı bir-birinə qarışmışdı.
      Qaradağlıya köməyə gələn Ağdam taborunun tərkibində Yusifcanlı kəndindən iki gənc döyüşürdü – Azad və Heydər.
      Azadın toyundan cəmi bir həftə keçmişdi. Gəlininin əlindən hələ xına qoxusu getməmişdi. O, bu döyüşə könüllü gəlmişdi. “Torpaq gedəndə toyun nə mənası var?” – demişdi.
      Heydər subay idi. Hər zaman səliqəli geyinər, sözünü ölçüb-biçərdi. Döyüş yoldaşları onu sakitliyinə görə tanıyırdı. Amma o sakitliyin altında qaya kimi möhkəm iradə vardı.
      Kiçik müdafiə dəstəsi günortaya qədər düşmənin qarşısını saxladı. Onlar bilirdilər ki, qüvvələr qeyri-bərabərdir. Amma geri çəkilmək də yox idi. Arxada kənd vardı. Arxada qadın, uşaq, torpaq vardı.
      Azad ağır yaralandı. Qanı torpağa süzülürdü. Ayaqları onu aparmırdı. Heydər də yaralanmışdı, amma mövqeni tərk etmədi. Bir-birinin gözünə baxanda sözə ehtiyac yox idi: dayanmaq lazımdır.
     Günorta müdafiə yarıldı.
     Düşmən kəndə doldu. Sağ qalanları bir yerə topladılar. Yaralı əsgərləri, mülki insanları, hətta şəhidlərin cansız bədənlərini belə yük maşınlarına yüklədilər. Sonra şəhidləri silos quyularına atdılar.      Torpaq sanki nalə çəkirdi.
       Hamını kəndin kənarında sıraya düzdülər. Düşmən başçısı qabağa çıxıb qışqırdı:
— Bu torpaqlar bizimdir! Siz isə həmişə bizim köləmiz olmusunuz!
       Heydər yerə uzanmışdı. Düşmən əsgərlərindən biri gəlib yarasının üstünə basırdı. Heydər dişlərini sıxırdı. Qışqırmırdı.
     Birdən başçı istehza ilə dedi:
— Qorxmursunuzsa, uşaqlara icazə verirəm qaçsınlar. Bax orada sizinkilərdir. Gedin deyin, çıxıb getsinlər. Gələcəyik… Bakıya qədər gələcəyik!
      Bir neçə məktəbli uşaq irəli çıxdı. Heç kəs arxalarından “dayan” demədi. Çünki deyəcək valideyn qalmamışdı.
      Uşaqlar qaçmağa başlayan an başçı avtomatın qoruyucusunu açdı.
       Elə həmin an Heydər qalxdı.
       Yaralı bədəni ilə düşmən başçısının boğazından yapışdı. Onu yerə yıxdı. Avtomatdan açılan nəzarətsiz atəş bir neçə düşməni vurdu. Heç kim atəş aça bilmirdi – bir-birinə çox yaxın idilər.
         Heydəri vururdular, təpikləyirdilər. Amma o buraxmadı. Son gücü ilə avtomatı başçının sinəsinə dirədi və güllələri boşaltdı.
          Başçı öldü.
          Bir neçə saniyəlik sükut oldu.
          Sonra Heydəri güllələdilər.
          Heydər yerə yıxıldı. Baxışları qaçan uşaqların arxasınca getdi. Dodağında zəif bir təbəssüm vardı.
            Azad bu səhnəni gücsüz halda seyr edirdi. Gözlərinin önündən toy günü keçdi. Sonra hər şey qaranlıqlaşdı.
           Qaradağlı torpağı iki igidini qucaqladı.
           Onlar bir kəndi qoruyub saxlaya bilməsələr də, bütov bir xalqın ləyaqətini xilas etdilər. İgid oğullarımızın canları, qanları bahasına qoruyub saxladığı bu ləyaqət və mənlik hissi zamanı gələndə öz işini görəcəkdi…
03.02.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Həyat simvolu

HƏYAT SİMVOLU

14 fevral 2026-cı il,
Azərbaycanın paytaxtı,
Bakı şəhəri.
Sübh tezdən
“Alov Qüllələri”nin yanından
Əyləşdim “10 nomrə”yə…
Sağımda dünya carçısı;
“Teleqüllə”,
Solumda “Alov Qüllələri”…
Aşağı düşdükcə,
Sağımda; “Şəhidlər xiyabanı”,
Məscid, funikulyor,
Qəhrəman Ziya Bünyadovun evi,
“Teleteatr”….
Sonra qnbərlik;
Daşlı, kələ-kötür yol…
“Yolki-palki” kafesi,
Şeyx Şamil küçəsi,
“Azneft meydanı”,
Yenə sağımda Mavi Xəzər,
Solumda “İlin dörd fəsli”…
Yenə solumda qalır “Qız Qalası’…
Qoynunda illərin yarası;
Müqəddəs Həvari Varoflomey kilsəsi,
Uzaqda;
Pervimayski və Karqanov küçələrinin kəsişməsində yəhudilərin sinaqoqu,
Düz yanında Kərbəlayi Abdullah məscidi,
Bir az sonra  Dağ Yəhudilərin sinaqoqu ayrıca…
Bunlar düşüncəmdə avtobus burulur şəhərin mərkəzinə – ayrılıram “Neftyannik”dən,
“Mavi gözlüm” qalır arxada…
“Dinamo” və “APİ” qalır sağımda,
“Dzerjiniski”, “26-lar”, Milli Kitabxana düşür soluma…
Rəşid Behbudovun mahnı teatrı qalır sağımda… Solda Nizami küçəsinin ən qaynar yerində – Bakının düz mərkəzində – Müqəddəs Qriqori Kilsəsi…. sağımda – 28 may küçəsində (keçmiş Telefonnaya) yerləşən lüteran kilsəsi dayanıb əsl “Xilaskar” kimi…
28 may küçəsini sürətlə keçib,
Mirzə Ağa Əliyevdən dönürük sağa,
Konservatoriyanın qarşısında Üzeyir bəy,
Milli Bankla üzbəüz Ulu Öndər qalırlar,
Solda arxada…
28 may metrosunun qarşısında azca dayanır avtobus…
Sağımda qalır “AZİ”, solumda “Vağzal”…
Minən minir, düşən düşür…
Davam edirik yolumuza…
Puşkin küçəsindən dönürük sağa;
Solumda qalır dahi Səməd Vurğun,
Sağımda “Bakı mehmanxası”nın yeri..
Yeri, “10 nömrə”! Yeri!
Sanki sürücü eşidib səsimi
Artır sürəti…
Yenidən çıxırıq “Neftyannik”ə…
Puşkin qalır solumda,
“Domsovet” sağımda…
“Morvağzal”a çatıb dönürük sola,
Mavi Xəzər qalır sağımda…
Uzaqda, dənizin qoynunda yuyunur Günəş!
Mavi Xəzərimin mavi gözü qan canağına dönüb!
Zəfər parkına çatıb sola dönürük,
Zəfər tağı qalır sağımda, arxada…
Düz gedirik, düz…
Qaqarin körpüsünün yerindən –
Afiyəddin Cəlilov küçəsindən keçirik…
“Raddom” qalır sağda,
Neftçilər xəstəxanası solumda…
Şah babam Xətai qalır solumda,
Ədalət məhkəməsi sağımda…
Xocalı xiyabanı ilə düz gedirik, düz…
Solumda Xətai metrosu,
Sağımda kimyaçılar məbədi;
Mendeleyev, Məmmədəliyev – oxşarlıq var…
Düz gedirik, düz…
Solda arxada;
Körpəsini Tanrıya pay verən,
Fəryad edən qadın heykəli qalır…
Yenə üzü Xəzərə gedirik…
Al qırmızı Günəş üfüqdə qızarır…
Gecənin bağrı sökülür…
Al qırmızı şəfəqin qolları uzanıb gecənin qoynuna,
Səma qəribə rəngə çalır
-mavi ilə qırmızının qarışığı…
Səmanı daha yaxından görmək istəyirəm:
-Saxla, saxla – deyirəm sürücüyə…
Dayanacağı bəhanə edib, saxlamaq istəmir…
Qapıya yaxınlaşıb əlimi ağzıma aparıram,
Öyümək imitasiya edirəm…
Tez saxlayır sürücü avtobusu.
Həmən minirəm “11 nömrə”yə…
Üzü dənizə addımlayır ruhum…
Səma tərtəmiz, hava azca ayaz…
Sübhün mehi dənizdən vurur üzümə.
Solda qarşımda, lap yaxında,
Parlaq bir ulduz sataşır gözümə…
Üzü dənizə gedib, çatıram düz yanına.
Qəribə binadır; bir sütun millənib göyə…
Lap ucda ulduz kimi parlayır “həyat simvolu”…
Günəşin rəngindən rəng qatıb rənginə;
Nə qırmızı, nə çəhrayı, nə narıncı…
Çox qəribədir rəngi,
Lap dünyanın özü kimi…
Gedirəm üzü dənizə,
Yolumun üstündə qoca qadın oturub,
Olar, səksən yaşı,
Nimdaşdır üst-başı…
Qarşısında 3-4 sarı limon,
5-6 dəstə cəfəri…
-bu nə binadır, ay xanım?  – soruşuram qarıdan.
Sübhün alaqaranlığında eyni açılır qadının…
-xanım mən deyiləm, bax, odur! – ay saqqalı ağarmış – mənim də eynim açılır…
-Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi Kilsəsidir… – başına dönüm…
14 fevral 2026. Bakı. (06:41)
Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


About Zaur Ustac

About Zaur Ustac

(essay)

Zaur Ustac is a well-known contemporary Azerbaijani poet, writer, and publicist whose works have gained recognition both in his homeland and abroad. He is often called a “man of books” because of his deep devotion to literature, culture, and the art of the written word. His creative activity reflects a strong sense of patriotism, love, and philosophical reflection on human life.

From an early age, Zaur Ustac showed interest in literature, history, and national traditions. Over time, this passion grew into a lifelong mission to preserve and promote Azerbaijani cultural values. He has written poems, essays, stories, and research articles that highlight not only the beauty of the Azerbaijani language but also the importance of moral and spiritual heritage.

One of the remarkable qualities of Zaur Ustac’s work is its accessibility. His poems and writings are close to the hearts of ordinary readers, yet they also carry profound philosophical meaning. Through his artistic style, he manages to balance simplicity with depth, turning everyday experiences into reflections on love, patriotism, friendship, and human destiny.

In addition to being a poet, Zaur Ustac is also an active cultural figure. He has organized literary projects, supported young writers, and contributed to the development of literary journalism. His role in enriching the modern Azerbaijani literary scene makes him a respected figure among intellectuals and readers alike.

Zaur Ustac’s legacy continues to grow, not only in Azerbaijan but internationally as well. His works have been translated into different languages, allowing the voice of Azerbaijani literature to be heard around the world. By combining tradition with modern thought, he has secured his place as one of the leading literary figures of his time.

In conclusion, Zaur Ustac is more than just a poet or writer; he is a cultural ambassador who represents the spirit of Azerbaijani literature and identity. His creativity, dedication, and love for his homeland make him an inspiring figure for future generations.

By: Leyla Mahirqızı,

Other articles by Leyla

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTAC – GÜL ƏTİRLİ KİTAB

ZAUR USTAC – GÜL ƏTİRLİ KİTAB – PDF

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustacın “Gül ətirli kitab”ı işıq üzü görüb – monoqrafiya

Zaur Ustacın “Gül ətirli kitab”ı işıq üzü görüb

Azərbaycan Yazıçılar Birliynin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, tanınmış şair-publisist Zaur Ustacın “Gül ətirli kitab” adlı yeni kitabı işıq üzü görüb.

Yazarlar.az xəbər verir ki, “Kitab haqqında kitab” seriyasından növbəti nəşrin redaktoru Günnur Ağayeva, naşiri isə Tuncay Şəhrilidir. Zaur Ustacın “Gül ətirli kitab”ı tanınmış şair-ədəbiyyatşünas alim Qəndab Haqverdinin (Əliyeva) “Ətirli güllər” kitabının təhlilinə həsr olunmuşdur.

Kitab ölkənin əsas kitabxanalarına hədiyyə olunmaqla yanaşı, bir neçə stabil platforma üzərindən elektron kitab formasında da yayımlanır.

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Akif Əlinin “Özgə dünya” povesti ayrıca kitab şəklində çap olunub

“Yazarlar” jurnalının Azərbaycanın Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun xatirəsini əbədləşdirmək məqsədilə hər il həyata keçirdiyi “25 yarpaq” layihəsi çərçivəsində 2026-cı il üçün Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin “Özgə dünya” povesti ayrıca kitab şəklində çap olunub.

AZƏRTAC xəbər verir ki, tələbə tağımının komandiri olmuş Azərbaycanın Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun doğum günü fevralın 22-si olduğuna görə hər il fevral ayında bu layihə çərçivəsində bir kitab nəşr olunub oxuculara təqdim edilir.

Kitabın redaktoru Gülü – Gülüzə Mustafayeva, naşiri Tuncay Şəhrili, layihə rəhbəri isə “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacdır.

Kitab ölkənin əsas kitabxanalarına hədiyyə olunmaqla yanaşı, bir neçə stabil platforma üzərindən elektron kitab formasında da yayımlanır.

AZƏRTAC

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hökumə: – “HƏR ŞEY YAXŞI OLACAQ!”

DOXSAN BİRİNCİ YAZI

“HƏR ŞEY YAXŞI OLACAQ!”
(Cavadlının “Hökümə” poeması haqqında)
    Salam olsun, çox dəyərli oxucum! Bu gün söhbətimizi tanınmış şair, publisist, Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli döyüş yolu keçmiş zabiti Mahir Cavadlnın “Hökümə” poeması əsasında qurmağa çalışacağam.
     Azərbaycan ədəbiyyatında faciə mövzusu həmişə xüsusi bir yer tutub. Tariximizin ağrılı səhifələri, xalqımızın üzləşdiyi sarsıntılar və qəhrəmanlıq nümunələri poeziyada öz bədii əksini taparaq həm yaddaşa çevrilib, həm də gələcək nəsillərə mənəvi dərs olub. Tanınmış şair və jurnalist, Qarabağ müharibəsi veteranı Mahir Cavadlının 2025-ci ildə “Füyuzat” nəşriyyatında çap olunan “Hökümə” poeması da məhz belə əsərlərdən biridir.
    Redaktoru şair-publisist, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli olan, ön sözü yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin qələmindən çıxan bu 86 səhifəlik poema təkcə bir ədəbi nümunə deyil – o, həm də milli yaddaşın poetik ifadəsidir.
    Zemfira Məhərrəmlinin ön sözündə qeyd olunduğu kimi, “Hökümə” poeması ötən ilin dekabrında Bakı–Qroznı reysi ilə uçan, Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması və çoxsaylı insan itkisi ilə nəticələnən faciəvi hadisəyə həsr olunub. Rusiyanın hava məkanında silahlı müdaxiləyə məruz qaldığı bildirilən və Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan bu təyyarədə həyatını itirən ekipaj üzvlərinin və sərnişinlərin əziz xatirəsinə ithaf edilən poema, ağrının poetik memorialıdır.
    Faciə yalnız azərbaycanlılara deyil, müxtəlif millətlərdən olan insanlara da toxunmuşdu. Hər kəs öz arzusu, istəyi, ailəsi, doğması üçün səfərə çıxmışdı. Lakin taleyin acı hökmü bu arzuları yarımçıq qoydu. Məhz bu məqamda şairin qələmi tarixin və taleyin sərt hökmünü sənət hökmünə çevirir.
    Poemanın adı – “Hökümə” – çoxqatlı məna daşıyır. Bu söz həm hüquqi qərarı, həm taleyin qaçılmaz yazısını, həm də zamanın sərt hökmünü xatırladır. Mahir Cavadlı bu adı seçməklə sanki oxucunu düşünməyə vadar edir: bu hökmü kim verdi? Müharibələr, siyasi ambisiyalar, məsuliyyətsizlik, yoxsa taleyin özü?
      Şair hadisəyə yalnız informativ yanaşmır; o, faciəni insan taleləri prizmasından təqdim edir. Zemfira Məhərrəmlinin vurğuladığı kimi, əsərin bədii siqləti, təsir gücünü artıran təsvirlər, ağrılı gerçəyin emosional təqdimatı oxucunu hadisənin içinə aparır. Oxucu yalnız məlumat almır – o, yaşayır, hiss edir, sarsılır.
    Mahir Cavadlı Qarabağ müharibəsi veteranıdır. Onun yaradıcılığında vətənpərvərlik, ədalət, şəhidlik, milli ləyaqət mövzuları daim ön planda olub. “Hökümə” poemasında da bu xətt davam edir. Lakin burada pafoslu çağırışdan çox, dərin hüzn, sükut içində qopan fəryad var.
     Bu poema bir tərəfdən konkret bir hadisəyə reaksiya olsa da, digər tərəfdən müasir dünyanın təhlükəli reallıqlarına işarədir. İnsan həyatının siyasi oyunlar qarşısında necə kövrək və müdafiəsiz qalması, günahsız insanların faciə qurbanına çevrilməsi əsərin alt qatında açıq şəkildə hiss olunur.
      Şair bu hadisəni yalnız yas mətni kimi qələmə almır. O, qəhrəmanlıq məqamını da önə çəkir. Təyyarə heyətinin son ana qədər məsuliyyət və peşəkarlıq nümayiş etdirməsi, insanların həyatını xilas etmək üçün göstərilən fədakarlıq poetik dillə ucaldılır. Beləliklə, faciə yalnız itki deyil, həm də insanlıq dərsi kimi təqdim olunur.
     “Hökümə” poeması bir daha sübut edir ki, ədəbiyyat yalnız estetik zövq üçün deyil, həm də tarixi yaddaşın qorunması üçündür. Şair hadisəni sənədləşdirmir – onu mənalandırır. O, statistik rəqəmləri insan talelərinə çevirir, xəbəri duyğuya, faktı fəlsəfəyə yüksəldir.
    Zemfira Məhərrəmlinin ön sözü əsərin dəyərini və aktuallığını vurğulayaraq oxucunu mətni daha diqqətlə oxumağa istiqamətləndirir. Onun təqdimatında “Hökümə” yalnız bir poema deyil, zamanın sarsıdıcı çağırışına ədəbi cavabdır.
    Tanınmış şair və jurnalist Mahir Cavadlının “Hökümə” poeması təkcə bir taleyin poetik salnaməsi deyil, həm də mərdliyin, fədakarlığın və milli-mənəvi dəyərlərin bədii manifestidir (səh. 46):
“İyirmi sərnişin gəlsin qabağa!” –
Deyəndə bilirdin ölüm var öndə.

Bu misralar artıq ilk baxışdan oxucunu dramatik situasiyanın içinə salır. Burada adi bir çağırış yox, ölümün gözünə dik baxan iradə var. Şair qəhrəmanını tərəddüdsüz qərar verən, taleyin hökmünü öz üzərinə götürən bir obraz kimi təqdim edir. “Özün öndə olub hökmü verəndə” ifadəsi həm də əsərin adına – “Hökümə”yə semantik bağ yaradır. Höküm burada həm taleyin hökmü, həm də vicdanın, məsuliyyətin verdiyi qərardır.
     Poemada təsvir edilən situasiya – düşən təyyarə, alov, su, ölüm təhlükəsi – real hadisə fonunda qəhrəmanlıq aktını daha da ucaldır. “O iyirmi nəfərdən sədd, divar qurmaq, / Özünü alova… oda atmaqdır” misraları qəhrəmanın özünü başqalarına sipər etməsini simvolizə edir. Bu, fiziki fədakarlıqdan daha artıq – mənəvi böyüklüyün təcəssümüdür.
    Poemanın diqqətçəkən cəhətlərindən biri də vicdan amilinin ön plana çəkilməsidir (səh. 46):
“Kimin qınamağa haqqı var indi,
Bu vicdan yükünü çəkə bilməzdin.”

Burada müəllif oxucuya sual ünvanlayır, amma cavabı da misraların özündə gizlidir. Qəhrəmanın seçimi elə bir mənəvi ucalıqdır ki, onu qınamaq yox, anlamaq və dəyərləndirmək lazımdır. Mahir Cavadlı qəhrəmanını mifləşdirmir, onu real, hiss edən, anlayan bir insan kimi təqdim edir. Lakin bu insan öz daxili əxlaq kodeksinə sadiq qalaraq ölümün üzərinə gedir.
    Əgər “qabaqda sıralar alınmasaydı”, “bütün sərnişinlər məhv olacaqdı” – deyə (səh. 46) müəllif qeyd edir. Bu isə qəhrəmanlığın təsadüfi deyil, zəruri və xilasedici xarakter daşıdığını göstərir. Deməli, “Hökümə” poeması fərdi şücaətin kollektiv xilasa çevrilməsinin bədii salnaməsidir.
     Parçanın davamında – “Son səs… Son nəfəs …” sərlövhəli bölümün sonunda (səh. 47) müəllif ümumiləşdirici bir mövqeyə keçir:
“Bax, buna deyərlər mərdlik, dəyanət,
Hər zaman beləmi düşün bir anlıq.”

Bu misralar artıq konkret hadisədən çıxaraq ümumbəşəri və milli dəyər səviyyəsinə yüksəlir. Qəhrəmanlıq yalnız bir epizod deyil, millətin yaddaşında yaşamalı olan örnəkdir. “Var olsun qəhrəman yetirən millət” ifadəsi (səh. 47) ilə müəllif fərdi igidliyi xalqın mənəvi gücü ilə əlaqələndirir.
     Bu kontekstdə “Hökümə” poeması təkcə bir insanın taleyi deyil, həm də Azərbaycan insanının xarakter portretidir. Mərdlik, dözüm, iradə – bunlar müəllifin qəhrəmanında cəmlənmiş milli keyfiyyətlərdir.
     Poemanın “Yolumuz Turanadı” (səh. 47) başlıqlı hissəsi isə əsərin ideya coğrafiyasını genişləndirir. Burada artıq fərdi qəhrəmanlıqdan Türk dünyası miqyasına keçid edilir (səh. 47):
“Qazaxstan, Turan yurdu,
Ulu yurd, qədim diyar…”

Bu misralar göstərir ki, müəllif üçün qəhrəmanlıq anlayışı yalnız bir hadisə ilə məhdudlaşmır. O, bu ruhu Turan ideyası, qardaşlıq, ortaq tarix və mədəniyyət kontekstində təqdim edir. “İki dost, iki can bir” ifadəsi (səh. 47) Azərbaycan–Qazaxıstan qardaşlığının poetik rəmzinə çevrilir.
    Beləliklə, “Hökümə” poeması həm fərdi qəhrəmanlıq dastanı, həm də Türk birliyi ideyasının poetik tərənnümüdür. Bu ideoloji xətt əsərə publisistik çalar verir, onu sırf lirik mətn olmaqdan çıxarıb ictimai-mənəvi manifest səviyyəsinə qaldırır.
    Mahir Cavadlı jurnalist təfəkkürünə malik şairdir (ixtisaslı mütəxəssis – peşəkar jurnalist – BDU). Bu xüsusiyyət poemada aydın hiss olunur. Mətn həm emosional, həm də faktoloji dinamika daşıyır. Hadisə konkret, təsvirlər yığcam, mesaj isə aydındır. Şair pafosa qapılmadan yüksək emosional ton yarada bilir.
     Poemanın dili sadə, lakin təsirlidir (Bu keyfiyyət də məhz onun təhsili ilə bağlıdır – təəssüf ki, hazırda BDU jurnalistika fakültəsində Azərbaycan dili bir fənn kimi tədris olunmur. Bu hal gənc məzun-mütəxəsislərin bütün fəaliyyətndə hiss olunur). Bədii ifadə vasitələri şişirdilmədən, təbii axarda təqdim olunur. Bu isə oxucunun hadisəni göz önündə canlandırmasına, qəhrəmanın daxili aləmini hiss etməsinə imkan yaradır.
    Bu poema oxucunu düşündürür: insanı ucaldan nədir? Həyatın özü, yoxsa başqaları üçün fəda edilən həyat? Mahir Cavadlı bu suala misralarla cavab verir – insanlıq dünyanı yaşadan hissdir. Və o hissin adı mərdlikdir, dəyanətdir, vicdandır.
     “Hökümə” – son səsin, son nəfəsin içindən doğulan əbədi bir söz abidəsidir.
     Tanınmış şair və jurnalist Mahir Cavadlının “Hökümə” poeması təqdim olunan parça əsasında həm lirik, həm də ictimai-ruhi yükü ilə seçilən, kədər və qürurun vəhdətində yazılmış təsirli bir elegiyadır. Bu əsər yalnız bir insanın itkisinə həsr olunmuş mərsiyə deyil, həm də milli xarakterin, qadın mərdliyinin və mənəvi ucalığın poetik salnaməsidir.
      Poemanın “Axan göz yaşları…” (səh. 68) başlığı ilə başlayan hissəsi oxucunu dərhal nisgil və sarsıntı mühitinə aparır. Şair “Dərd-sərdən aram-aram / Qəm hopur əklillərə” misraları (səh. 68) ilə ağrının tədricən bütün varlığı bürüdüyünü göstərir. Burada kədər bir anlıq emosional partlayış deyil, için-için yanan, şəkillərə baxdıqca yenidən alovlanan bir yanğıdır.
      “Gülüş donub gözlərdə” ifadəsi (səh. 68) isə itkinin miqyasını daha da dərinləşdirir – həyatın təbii axarını dayandıran, sevincin donduğu bir məqam təsvir olunur. Şairin dili sadədir, lakin bu sadəlik içində böyük psixoloji ağırlıq var. Bu, publisistik düşüncə ilə lirik duyğunun qovuşduğu nöqtədir.
     Poemada Hökümə yalnız fərdi taleyi ilə deyil, mənəvi keyfiyyətləri ilə təqdim olunur. “Qəhrəman Şaşa, İqor, / Od ürəkli Hökümə” misraları (səh. 69) onun ailə və toplum kontekstində mövqeyini göstərir. Burada qadın obrazı zəiflik simvolu kimi deyil, “od ürəkli”, mərd, dayanıqlı bir şəxsiyyət kimi təqdim edilir.
    Digər hissədə isə şair onu“millətimin mərd qızı” (səh. 69) adlandırır. Bu ifadə artıq fərdi çərçivəni aşaraq obrazı ümumxalq səviyyəsinə yüksəldir. Hökümə konkret bir insan olmaqla yanaşı, Azərbaycan qadınının rəmzinə çevrilir – sədaqətli, vətənpərvər, saf niyyətli.
     Poemada ilahi ədalət və tale qarşısında acizlik duyğusu da diqqət çəkir.“Tanrım, nolar cavab sor / Fələk verdiyi hökmə” misraları (səh. 68) bir növ metafizik etirazdır. Burada şair qəzəblənmir, lakin sual verir. Bu sual həm şəxsi, həm də ümumbəşəri xarakter daşıyır: niyə yaxşılar tez köçür? niyə saf ürəklər sınağa çəkilir?
      Eyni zamanda“cin-şeytanın kələyi”, “iblislər can alacaq” kimi (səh. 69) ifadələr ictimai eyham daşıyır. Şair yalnız bioloji ölüm faktını deyil, zamanın mənəvi aşınmasını, dəyərlərin sarsılmasını da qabardır. Bu isə poemanın publisistik qatını gücləndirir.
     Əsərin ən diqqətəlayiq cəhətlərindən biri onun ümidsizliklə bitməməsidir. Şair Hökümənin səsini “bizə əmanət” adlandırır və bu əmanətin məğzi bir cümlədə ifadə olunur(səh. 69):“Hər şey yaxşı olacaq!”
     Bu fikir poemaya fəlsəfi bütövlük verir. Ölüm fiziki sonluq olsa da, mənəvi davamlılıq qalır. “O mərdlik, o dəyanət / Ürəklərdə qalacaq” misraları göstərir ki, insanın əsl ömrü onun qoyduğu izlə ölçülür.
      Mahir Cavadlının jurnalist təcrübəsi bu poemada aydın hiss olunur. O, emosiyanı pafosa çevirmir, kədəri süni bəzəmir. Dil aydındır, səmimidir, birbaşa oxucunun qəlbinə yönəlir. Publisistik məqamlar – millət, hikmət, həqiqət, yurdsevərlik kimi anlayışlar – lirik axını pozmur, əksinə, onu dərinləşdirir.
      Poema həm fərdi ağrının ifadəsidir, həm də milli-mənəvi dəyərlərin manifestidir. Burada qadın obrazı müqəddəsliklə deyil, real həyatın içində – ailəsi, övladları, mübarizəsi ilə birlikdə ucaldılır.
     Mahir Cavadlının “Hökümə” poeması müasir Azərbaycan ədəbiyyatında faciə mövzusunun yeni və təsirli bədii ifadəsidir. Bu əsər həm ağrının poetik təcəssümü, həm də insanlıq, məsuliyyət və yaddaş haqqında dərin düşüncədir.
      “Hökümə” poeması Mahir Cavadlının yaradıcılığında və ümumən müasir Azərbaycan ədəbiyyatında qəhrəmanlıq mövzusunun uğurlu poetik nümunələrindən biri kimi dəyərləndirilə bilər. Əsər ölümün astanasında verilən qərarın mənəvi böyüklüyünü, vicdanın hökmünü və millətin yetirdiyi qəhrəmanların ölməzliyini tərənnüm edir.
     “Hökümə” poeması Mahir Cavadlının yaradıcılığında həm emosional, həm də ideya baxımından sanballı bir nümunədir. Bu əsər oxucunu təkcə kədərləndirmir, həm də düşündürür; həm ağladır, həm də ümid verir.
      Bu poema göstərir ki, insanın böyüklüyü ömrünün uzunluğu ilə deyil, mənəvi işığı ilə ölçülür. Hökümə obrazı da məhz belə bir işıqdır – sönsə də, izi qalan, adı yaşadıqca nur saçan bir işıq.
      Faciələr unudulduqda təkrarlanır. Ədəbiyyat isə unutmağa imkan vermir. “Hökümə” də məhz bu missiyanı daşıyır – zamanın hökmünü sənətin hökmü ilə əbədiləşdirmək.
      Bu poema həm şəhidlərin əziz xatirəsinə hörmət, həm də gələcək nəsillərə ünvanlanan mənəvi bir çağırışdır: insan həyatının dəyərini unutmaq olmaz.
      Ədəbiyyat yaşatdığı müddətcə, onların xatirəsi də yaşayacaq.
      Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.
11.02.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN DİGƏR YAZILARI

MAHİR CAVADLININ ÖZ YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ALL TOGETHER 10 – WOMEN’S DAY”Dünya şairləri antologiyamız işıq üzü görüb

“ALL TOGETHER 10 – WOMEN’S DAY”
Dünya şairləri antologiyamız işıq üzü görüb. Bütün əməyi keçənlərə – xüsusilə Jahongir Mirzoya dərin təşəkkürlər! Var olun, dostlar! Nə yaxşı ki, varsınız! Dünya bir şeir qədər yaxındır…

Antologiya Amazon platformasında nəşr olunub.
Bütün iştirakçıları təbrik edirik.
Aşağıda əsas keçidlər təqdim olunur:

https://www.amazon.com/dp/B0GLGY2VHL
https://www.amazon.co.uk/dp/B0GLGY2VHL
https://www.amazon.es/dp/B0GLGY2VHL
https://www.amazon.it/dp/B0GLGY2VHL
https://www.amazon.ca/dp/B0GLGY2VHL
https://www.amazon.com.au/dp/B0GLGY2VHL


Antologiya haqqında:

“All Together 10, Women’s Day” antologiyası qadınları, onların dözümlülüyünü və cəmiyyətdə oynadıqları çoxşaxəli rolları tərənnüm edən mövzulara həsr olunub. Dünyanın müxtəlif ölkələrindən olan şairlər qadın təcrübəsinin mürəkkəbliyini əks etdirən fərqli baxış bucaqları ilə çıxış edirlər – sevgi və analıqdan tutmuş mübarizə və gücə qədər.

Antologiyadakı bir çox şeirdə qadınlar müdrikliyin, gücün və yaradıcılığın təcəssümü kimi təqdim olunur. Misralarda qadın ailə münasibətlərinin mərkəzi (ana və qız obrazları), həmçinin yaradıcılığın əsas qaynağı (sənət, sevgi və poeziya vasitəsilə) kimi təsvir edilir. Antologiya cəmiyyətin gözləntiləri və çətinlikləri fonunda qadın kimliyini qoruyub saxlamağın vacibliyini araşdırır. Şeirlər güclənməni, çətinliklərdən sonra yenidən ayağa qalxmağı və öz dəyərini bilməyi ön plana çəkir. Qadın hüquqları uğrunda mübarizə və tarixi kontekstlərdə əks olunan səylərin etirafı irəliləyişə doğru kollektiv hərəkatı nümayiş etdirir.

Daimi mövzulardan biri ana ilə övlad arasındakı dərin bağdır; bu bağ həssaslıq və həsrətlə yoğrulub. Bir çox şeirdə ana məhəbbətinin bənzərsizliyi vurğulanır, bu sevginin insanın varlığının ayrılmaz bir hissəsinə çevrildiyi göstərilir. Bu duyğular qadınların müxtəlif mədəniyyətlərdə oynadığı qayğıkeş rolu bir daha təsdiqləyir.

Ümid və empatiya ilə bölüşülən ümumi qadın təcrübəsinin çətinlikləri cəmiyyətin sağalmasına çağırış edir – sosial kənarlaşdırmaya diqqət çəkir və qadınların cəmiyyətdə bərabər dil və münasibət uğrunda apardıqları mübarizəyə hörmət göstərilməsini tələb edir. Bu, bir çox sevinc və çətinliyin bir-biri ilə sıx bağlı olduğunu vurğulayan təkrarlanan amildir.

Ümumilikdə, bu antologiya qadınların sevgi, mübarizə, dözüm və həmrəylikdəki sirli gözəlliyini əhatə edən əsas rollarının təsirli bir sübutudur. Multikultural kontekst nəqlin dərinliyini artırır, həm universal, həm də konkret mədəni normalara və problemlərə köklənən dərslər təqdim edir. Nəticədə, “All Together 10, Women’s Day” zaman və məkan boyunca qadınlara ehtiramı oyadan, onların töhfələrinin həyat çarxının hər dönüşündə sonsuzca çiçəkləndiyini xatırladan təkcə bir bayram baxışı deyil, həm də vacib bir çağırışdır.

Təşəkkürlər,
Kujtim Hajdari

Ramiz Duyğun poeziyasının rəngi

YÜZ ÜÇÜNCÜ YAZI

HƏRBÇİ RUHU VƏ HƏRBİ-VƏTƏNPƏRVƏRLİK
(Ramiz Duyğun poeziyasının ağ-qara rəngi)
Salam olsun, çox dəyərli oxucum! Bugünkü söhbətimizin mövzusu dövrünün ən hünərli oğullarından biri Ramiz Duyğun barədə olacaq. Bu gün onun andan olmasından 88 il ötür. Bu qoşa “8” xoşbəxtlik rəmzi olsa da, şair bu günu görmədi. Ən xırda bir sevindirici hadisəyə ürəkdən sevinməyi bacaran Ramiz Duyğun özünü elə də xoşbəxt hiss etmirdi. Yüksək rütbədə və vəzifələrdə olsa da həyat hər üzünü ona göstərmişdi.
Ramiz Duyğunun poeziyası müasir Azərbaycan ədəbiyyatında hərbi vətənpərvərlik ruhunun ən parlaq, ən təsirli və ən davamlı ifadələrindən biri kimi diqqəti cəlb edir. Onun yaradıcılığı yalnız poetik düşüncənin məhsulu deyil, həm də bir ömrün – əsgər ömrünün, zabit taleyinin, Vətən ağrısı ilə yoğrulmuş həyatın bədii salnaməsidir.
Poeziya, sözün həqiqi mənasında, həyatın inikasıdırsa, Ramiz Duyğunun şeirləri bu həyatın ən gərgin, ən sarsıdıcı və eyni zamanda ən şərəfli məqamlarını – müharibəni, mübarizəni, itkiləri və qələbəyə inamı əks etdirir. O, yalnız müşahidəçi şair deyil; hadisələrin içində olan, döyüş ruhunu yaşayan və yaşadan sənətkardır. Bu baxımdan onun poeziyası “səngər poeziyası” kimi xarakterizə oluna bilər.
QISA ARAYIŞ
Ramiz Duyğun (Məlikov) 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonunun Güdəcühür kəndində anadan olub. Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Şimali Qafqaz, Belorusiya və Zaqafqaziya hərbi dairələrində müxtəlif vəzifələrdə hərbi həkim kimi xidmət edib.
1978–1990-cı illərdə Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim və şöbə rəisi kimi çalışıb. Uzun illər Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə rəhbərlik edən Ramiz Duyğun, həm də “Hünər” televiziya verilişinin müəllifi və aparıcısı kimi tanınıb.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair “Vətən kimi şirin”, “Vətən beşiyim mənim”, “Göy üzü damar-damar”, “Qalibiyyət dastanı” və digər şeir kitablarının müəllifi idi.
Ədəbiyyat sahəsində təqdim olunan nüfuzlu “Ziyadar” mükafatı laureatı idi.
Ramiz Duyğun 19 iyun 2025-ci ildə 87 yaşında vəfat edib.
Ramiz Duyğunun poeziyasında hərbçi ruhu yalnız müharibə səhnələri ilə məhdudlaşmır. Bu ruh onun vətəndaş mövqeyində, ədalətə münasibətində, haqsızlığa qarşı barışmazlığında da özünü göstərir. O, poeziyada da bir əsgər kimi prinsipialdır – haqqın tərəfində dayanır, yalanı, xəyanəti və biganəliyi sərt şəkildə tənqid edir. Bu baxımdan onun şeirləri mənəvi mübarizə meydanıdır.
Eyni zamanda, Ramiz Duyğun poeziyasında insanilik də itmir. Onun şeirlərində ana, ailə, sevgi motivləri də yer alır. Lakin bu mövzular belə vətənpərvərlik ruhundan kənarda qalmır. Şair üçün sevgi də, kədər də, həyatın bütün duyğuları da Vətənlə bağlıdır. Bu isə onun yaradıcılığının ideya bütövlüyünü təmin edir.
Ramiz Duyğunun yaradıcılığında hərbi vətənpərvərlik mövzusu təsadüfi deyil. Uzun illər hərbi xidmətdə olması onun dünyagörüşünü, duyğularını və poetik istiqamətini formalaşdırmışdır. Bu səbəbdən onun şeirlərində Vətən anlayışı abstrakt məfhum deyil, konkret torpaq, konkret savaş, konkret insan taleləri ilə bağlıdır. O, Vətəni yalnız sevmir, onu qorumağa çağırır, uğrunda döyüşməyə səsləyir.
Ramiz Duyğunun poeziyasında hərbçi ruhunun əsas xüsusiyyətlərindən biri çağırış xarakteridir. Onun şeirləri oxucunu passiv müşahidəçi olmağa qoymur, onu hərəkətə səsləyir. “Qalx!”, “Döyüş!”, “Qisas al!” kimi imperativ ifadələr şairin lirikasında tez-tez rast gəlinən motivlərdir. Bu çağırışlar emosional təsir gücü ilə seçilir və oxucuda mübarizə ruhunu oyadır. Şair üçün poeziya yalnız estetik zövq vasitəsi deyil, həm də ideoloji silahdır.
Onun şeirlərindəki çağırış ruhu xüsusilə diqqətəlayiqdir:
“Sıyrıl qılınc kimi yaqut qınından,
Bil ki, göz yaşları kimləri sevir.
Nifrət vulkanları qopsun qanından,
Sən göz yaşlarını gülləyə çevir.”

Bu misralarda şair passiv kədəri rədd edir, onu aktiv müqavimətə – mübarizəyə çevirməyə çağırır. Göz yaşı burada zəifliyin deyil, gücün başlanğıc nöqtəsinə çevrilir. Bu, Ramiz Duyğun poeziyasının əsas ideya xəttidir: ağlamaq yox, döyüşmək!
Onun poeziyasında Vətən uğrunda mübarizə yalnız fiziki qarşıdurma deyil, həm də mənəvi möhkəmlik, iradə və birlik məsələsidir:
“Biz bu gün Vətənin vuran əliyik,
Yalnız irəliyə ağılla, güclə.
Bu gün döyməliyik, düzəltməliyik,
Qələbə gerbini zindan-çəkiclə.”

Burada həm dağıdıcı, həm də qurucu missiya vəhdətdə təqdim olunur. Şairə görə, qələbə yalnız düşməni məğlub etmək deyil, həm də Vətəni yenidən qurmaqdır.
Ramiz Duyğunun şeirlərində Qarabağ mövzusu xüsusi yer tutur. Bu mövzu onun yaradıcılığında həm ağrı, həm qürur, həm də müqəddəs amal kimi çıxış edir. Qarabağ onun üçün sadəcə coğrafi məkan deyil, milli kimliyin, tarixin və mənəviyyatın simvoludur:
“Qara gözlərinin qara giləsi –
Qarabağ
yad yurda heç vaxt qarışmaz.”

Bu misralarda Qarabağın əbədiliyi, onun Azərbaycan ruhundan ayrılmazlığı vurğulanır. Şair burada həm də milli yaddaşı oyadır, oxucunu unutqanlığa qarşı səsləyir.
Şuşa mövzusu isə Ramiz Duyğun poeziyasında ayrıca bir emosional zirvə təşkil edir. Şuşa onun üçün həm itirilmiş cənnət, həm də qayıdılacaq müqəddəs məkan kimi təqdim olunur:
“Ürəyimdə Şuşa ağlar,
Buludlarla baş-başa ağlar.”

Bu misralarda Şuşa təkcə şəhər deyil, canlı varlıq kimi təqdim olunur – ağlayan, həsrət çəkən, gözləyən bir varlıq. Bu antropomorfizm şairin emosional təsir gücünü daha da artırır.
Ramiz Duyğunun poeziyasında yalnız qəhrəmanlıq və çağırış yoxdur; burada həm də müharibənin acı nəticələri, insan faciələri, qaçqınlıq və didərginlik ağrıları da dərin şəkildə əks olunur. Xocalı faciəsinə həsr olunmuş misralar bunun bariz nümunəsidir:
“Bir gəlin dilənirdi Azərbaycan dilində,
Bir ana baxıb ona… Vətəntək yellənirdi –
Metroda Xocalıdan bir gəlin dilənirdi.”

Bu səhnə müharibənin ən ağır nəticəsini – insan ləyaqətinin sarsılmasını, qadın və ana obrazı üzərindən faciənin miqyasını göstərir. Şair burada sadəcə təsvir etmir, oxucunu sarsıdır, düşündürür və məsuliyyət hissi oyadır.
Şairin yaradıcılığında tarixilik də mühüm yer tutur. O, yalnız müasir hadisələri deyil, xalqın keçmişini, başına gətirilən müsibətləri də poeziyada əks etdirir. Xüsusilə epik əsərlərində tarixi faktlara söykənərək milli faciələri bədii dillə təqdim edir. Bu yanaşma onun poeziyasını təkcə bədii nümunə deyil, həm də bir növ tarixi yaddaş kitabına çevirir.
Onun “Tarixin lənəti” və “Kəllələrin fəryadı” poemaları isə hərbi vətənpərvərlik mövzusunu daha geniş – tarixi və siyasi kontekstdə təqdim edir. Bu əsərlərdə şair təkcə müasir hadisələri deyil, bütövlükdə xalqın tarix boyu üzləşdiyi faciələri ümumiləşdirir və nəticə çıxarmağa çağırır. Əsas ideya isə dəyişmir: birlik!
“Birlik tələbimizdi,
Birlik QƏLƏBƏMİZDİ.”

Bu fikir Ramiz Duyğun poeziyasının ideoloji əsasını təşkil edir. Onun üçün qələbənin açarı silahdan əvvəl birlikdədir.
Bu poeziya zaman keçdikcə öz aktuallığını itirməyəcək, əksinə, tarixə çevrildikcə daha da qiymətli olacaq. Çünki bu şeirlərdə yalnız söz yox, qan, yaddaş və Vətən sevgisi danışır.
Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusu hər zaman aparıcı xəttlərdən biri olmuşdur. Lakin bu mövzunu yalnız sözlə deyil, həm də həyat yolu, taleyi və şəxsiyyəti ilə təsdiqləyən sənətkarlar xüsusi diqqətə layiqdir. Belə şairlərdən olan Ramiz Duyğunun poeziyası sadəcə duyğuların ifadəsi deyil, səngərin, döyüşün, mübarizənin, qeyrətin və qələbə əzminin bədii salnaməsidir.
Ramiz Duyğunun yaradıcılığına nəzər saldıqda ilk diqqət çəkən cəhət onun poeziyasında hərbçi ruhunun canlı və davamlı şəkildə yaşamasıdır. Bu ruh təsadüfi deyil. Şairin uzun illər hərbi xidmətdə olması, polkovnik rütbəsinə qədər yüksəlməsi, müxtəlif bölgələrdə xidmət keçməsi onun dünyagörüşünü formalaşdırmış, şeirlərinə xüsusi bir sərtlik, prinsipiallıq və döyüş əzmi gətirmişdir. O, yalnız müşahidə edən deyil, hadisələrin içində olan, səngərin havasını udmuş, müharibənin ağrı-acısını yaşamış bir şairdir.
Onun poeziyasında Vətən anlayışı mücərrəd məfhum deyil. Bu Vətən konkret coğrafiyadır – Ağdamdır, Füzulidir, Cəbrayıldır, Laçındır, Kəlbəcərdir. Bu torpaqların hər biri şairin qəlbində bir yara, bir nisgil, bir çağırış kimi yaşayır. Ramiz Duyğunun misralarında işğal olunmuş torpaqlar yalnız itirilmiş ərazilər kimi deyil, tapdanmış qeyrət, yaralanmış milli qürur kimi təqdim olunur. Bu baxımdan onun şeirləri həm də milli yaddaşın qorunması funksiyasını daşıyır.
Onun yaradıcılığında diqqət çəkən digər mühüm cəhət isə hiss və düşüncənin vəhdətidir. Ramiz Duyğun nə qədər emosional yazsa da, bu emosiyalar düşünülmüş, məqsədyönlü və ideya baxımından aydın istiqamətə malikdir. Onun şeirlərində qəzəb, nifrət, kədər kimi hisslər var, lakin bu hisslər dağıdıcı deyil, əksinə, qurucu, birləşdirici və səfərbər edici xarakter daşıyır. Bu isə hərbçi psixologiyasının poeziyaya uğurlu transferidir.
Ümumilikdə, Ramiz Duyğunun poeziyası Azərbaycan ədəbiyyatında hərbi vətənpərvərlik mövzusunun ən dolğun, ən səmimi və ən təsirli ifadələrindən biridir. O, həm dövrün salnaməçisi, həm də xalqın ruhunu səfərbər edən söz sərkərdəsidir. Onun şeirləri yalnız oxunmur – yaşanır, hiss olunur və yadda qalır.
Ramiz Duyğunun poeziyası Azərbaycan ədəbiyyatında hərbçi ruhunun ən parlaq təzahürlərindən biridir. Onun şeirləri səngərdən gələn səs, döyüş meydanından yüksələn çağırış, qələbəyə inamın poetik ifadəsidir. Bu poeziya oxucunu düşündürür, sarsıdır, ruhlandırır və ən əsası – onu Vətən qarşısında məsuliyyətini dərk etməyə vadar edir.
Ramiz Duyğun sözün əsl mənasında poeziyada əsgərdir. Onun silahı qələmdir, səngəri isə kağız üzərində qurulan söz dünyasıdır. Lakin bu sözlər real həyatın, real mübarizənin və real vətən sevgisinin məhsuludur. Buna görə də onun poeziyası yaşayır, təsir edir və gələcək nəsillər üçün örnək olaraq qalır.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Ustadlara rəhmət.
10.02.2026. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Məmməd Araz dərdi – millətin vicdan səsi kimi

SƏKSƏN DOQQUZUNCU YAZI
Məmməd Araz dərdi – millətin vicdan səsi kimi
(Əbülfəz Əhmədin şeirləri əsasında)
    Salam olsun, çox dəyərli oxucum! Səksən səkkizinci yazıda söz verdiyim kimi bu yazımı tanınmış şair Əbülfəz Əhmədin “Gəldim” kitabından seçdiyim, Azərbaycan Xalq şairi Məmməd Araz şəxsiyyətinə, poeziyasına və taleyinə poetik münasibətini ifadə edən “Araz dərdi” və “Bizə oğul demə” şeirləri əsasında qələmə alıram.
    Azərbaycan poeziyasında elə şairlər var ki, onların adı təkcə ədəbi fakt deyil, həm də milli yaddaşdır. Məmməd Araz məhz bu qəbildən olan sənətkarlardandır. Onun şeirləri bir dövrün, bir xalqın taleyini özündə daşıyır. Əbülfəz Əhmədin Məmməd Araza həsr etdiyi “Araz dərdi” və “Bizə oğul demə” şeirləri isə sadəcə bir ustada ehtiram deyil, bütövlükdə xalqın öz vicdanı ilə üz-üzə qalmasıdır.
   “Araz dərdi” (səh. 80) – əslində elə “Azərbaycan dərdi” kimi qəbul olunmalıdır. Bu şeirdə Əbülfəz Əhməd Məmməd Arazın yaradıcılığında əsas xətt olan dərd anlayışını ümumiləşdirir. Burada dərd fərdi ağrı deyil, ictimai-milli faciə kimi təqdim olunur və nəticədə sözün əsl mənasında “Araz dərdi” düşüncədə “Azərbaycan dərdi” kimi assosiasiya edir, xalq, millət dərdi kimi başa düşülür:
“Nə dərd varsa bəxtimədi
Bu nə dərddi, Məmməd Araz?!”

Bu misralarda müəllif həm öz taleyini, həm də bütöv bir xalqın bəxtini Məmməd Arazın adı ilə bağlayır. Sanki Arazla ikiyə bölünmüş, parçalanmış Azərbaycanın – yaralı bir taleyin rəmzidir bu dərd. Şair sual verir, amma cavab gözləmir – çünki cavab hamıya məlumdur: bu dərd ədalətsizlikdən, susqunluqdan, satqınlıqdan doğur.
   Əbülfəz Əhməd burada Məmməd Arazı dərdi deyən yox, dərdi daşıyan şair kimi təqdim edir. Onun poeziyasında “goru çatlar ölənlərin”, “günahlarıq ölənləri” misraları ilə cəmiyyətin mənəvi çöküşü açıq şəkildə ittiham olunur.
    İkinci şeir – “Bizə oğul demə” (səh. 80-81) – Məmməd Arazın məşhur vətəndaşlıq mövqeyinə açıq bir poetik müraciətdir. Bu şeirdə Vətənlə şair arasında acı, ittiham dolu dialoq qurulur. Əbülfəz Əhməd burada Məmməd Arazın ruhunu çağıraraq deyir:
“Vətən, bizə oğul demə, amandı!”
Bu çağırış təkcə poetik nida deyil, mənəvi etirafdır. Şair etiraf edir ki, bu torpaq öz oğullarını itirib, ya da oğullar öz Vətənlərinə xəyanət ediblər. Şuşanın adı çəkilir, namusun tapdanması, dəyərlərin alınıb-satılması vurğulanır. Bu artıq poeziya yox, ictimai ittiham aktıdır.
    Əbülfəz Əhməd burada Məmməd Araz poeziyasının əsas ruhunu – qorxmadan həqiqəti demək cəsarətini davam etdirir. Məmməd Araz necə ki, zamanında susmadı, Əbülfəz Əhməd də susmur.
   Hər iki şeiri birləşdirən əsas xətt məsuliyyət hissidir. Bu məsuliyyət şairin özünə, xalqına və Vətəninə qarşıdır. Əbülfəz Əhməd Məmməd Arazı təkcə ustad kimi deyil, mənəvi ölçü vahidi kimi təqdim edir. Onun adı çəkiləndə dərd də çəkilir, xəcalət də, ümid də.
    Bu şeirlərdə Məmməd Araz artıq fiziki yoxluğu ilə deyil, ruhən yaşayan, sorğu-sual edən, hesabat istəyən bir obrazdır. Şair sanki deyir: “Məmməd Araz sağ olsaydı, bu gün bizə nə deyərdi?”
    Əbülfəz Əhmədin Məmməd Araza həsr etdiyi bu iki şeir müasir Azərbaycan poeziyasında ədəbi varisliyin, mənəvi davamlılığın parlaq nümunəsidir. Bu şeirlər həm ehtiramdır, həm etiraz, həm də özümüzə ünvanlanan sualdır.
    Məmməd Araz poeziyası dərd deyirdisə, Əbülfəz Əhməd poeziyası o dərdin hələ də bitmədiyini göstərir. Və bu dərd bitmədikcə, Vətənə “oğul” demək də çətinləşir…
   Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Azərbaycanın Xalq şairi Məmməd Arazı rəhmətlə anır, qələm dostumuz, silahdaşımız, tanınmış şair Əbülfəz Əhmədə can sağlığı, bolluca uğur arzu edirəm! Sağ olun, Dostlar!

08.02.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN YAZILARI

ƏBÜLFƏZ ƏHMƏDİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I