Etiket arxivi: Bəhruz Niftəliyev

Bəhruz Niftəliyev – Ömür paydı

Ömür paydı

Ömür paydı, nə haraydı,
Kisəsindən yeyən deyil?
Qürur elə bir saraydı,
Ucasından enən deyil!

İç səsim də çölə bənddi,
Mən çəkdiyim həmin dərdi,
Candı, ruhdu, əmanətdi,
Bir namərtlə ölən deyil.

Solu boşluq, sağı qardı,
Ağ gördüyün sarğılardı,
Sevsə idi, qarğımazdı,
Mən gördüyüm, görən deyil.

Ürək deyir yara, sarı,
Yar qoxusu, yara sarı,
Qov daxmandan yarasanı,
Yoxsa bülbül dönən deyil.

Nəfəsini meh bilərdim,
Göz yaşınla mərmilərdin,
Ürəyini mən bilərdim,
Yad sevdaya dinən deyil.

Döyüşdüyüm qoç oldumu?
Arzularım puç oldumu?
Tanrı, sənə borc oldumu?
Yeni ömür gələn deyil!..

Yarat məni, başdan yarat,
Bir az möhkəm, daşdan yarat,
Aşıq olub dastan yarat,
Əlindəki qələm deyil?!

27.03.26
15:55

Müəllif: Bəhruz Niftəliyev

Bəhruz Niftəliyevin yazıları

Bəhruz Niftəliyev haqqında

Oxuyun >> Gözündə tük var

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

“Tanrıya məktublar”a məktub

“Tanrıya məktublar”a məktub

Sözün nəfəsini və hənirini hiss etmək, duymaq hər qələm adamına müyəssər olmur. Şair tanıyıram ki, hıqqana- hıqqana şeir adına nəsə yazır, daha doğrusu sözə əzab, işgəncə verir. Amma, şair də var ki, təbi, ilhamı dağ şəlaləsidi.Şeirlərini oxuyanda ruhuna qəribə bir rahatlıq gətirir. O şairlərdən biri də” titullarını sadalamağa ehtiyac duymadım, çünki onlar çoxdu” Bəhruz Niftəliyevdir.Keçən il ” Bakı Mətbəəsi ASC- də nəfis tərtibatla çap olunmuş ” Tanrıya məktublar” kitabı masamın üstündədir.Hər dəfə yuxu qabağı o kitabdan mütləq bir şeir oxuyub sonra yatmalıyam.Elə bil ki, oxuduğum şeir anamın laylasını əvəz eləyir mənimçün.Bu kitabda yer almış şeirlərin hər birində Tanrıya sevgi var.Əbəs yerə deyil ki, müəllif kitabın adını ” Tanrıya məktublar” qoyub. Mən B. Niftəliyevi ” Mədəniyyət” kanalında ” O” verilişinin aparıcısı kimi tanımışam. İntellekti, ensiklopedik biliyi, savadı, gözəl nitqi, fəlsəfi düşüncələri məni həmişə heyrətləndirib.
Söhbət etdiyimiz mövzu ürəyimcə olan mövzuydu.
Bir saat ərzində Ulu Tanrının möcüzələrindən danışdıq.
Verdiyi suallar çətiniydi, ancaq Allah özü o mürəkkəb suallara cavab verməkdə mənə yardımçı olurdu. Ona olan sevgimi hiss edirdi, duyurdu Tanrım. İstəmirdi ki, çətin duruma düşüm.Əlbəttə böyük Allah haqqında hər kəsin özünün düşüncələri və qənaətləri var. Mən həmişə demişəm, yenə də deyirəm, bir insan ömrü Allahın dərki üçün yetərli deyil, azdır.Sonralar sosial şəbəkələrdə paylaşdığı şeirlərə rast gəldim. Sözün doğrusu hər dəfə təzə yazdığı şeirini oxuyub duyğulanırdım. Təbii ki, oxuyandan sonra münasibətimi bildirirdim.Əsas o idi ki, mənim bu istedadlı şair haqqında artıq müəyyən qənaətlərim varıydı. Hətta arada yaradıcılığı haqqında bir yazı yazmaq fikrinə də də düşmüşdüm.Və birdən vatsapıma bir dəvətnamə gəldi. Bəhruz Niftəliyev məni özünün ” Tanrıya məktublar” kitabının təqdimatına dəvət edirdi.Keçən ilin noyabr ayının 28- də, şəhərin mərkəzində, Üzeyir Hacıbəyli- 5 ünvanında yerləşən kitab evində möhtəşəm bir tədbir keçirildi.Çoxdan idi ki, belə izdihamı görməmişdim.Hətta tədbir iştirakçılarının əksəriyyəti oturmağa yer tapmadı.
İstedadlı kamança ustası Munislə yanaşı oturmuşduq. İkimizin də ürəyindən bir istək keçdi.Bu tədbir kaş R. Behbudov adına mahnı teatrında, yada ki, muğam mərkəzində keçiriləydı.Bəlkə heç Bəhruz müəllim təsəvvür etməzdi ki, tədbir belə izdihamlı olacaq. İlahi, bu tədbirdə kimlər yoxuydu. Bütün zümrələri təmsil edənlər oradaydı.Deputatlardan tutmuş hörmətli
akademikimiz Nizami müəllim Cəfərova qədər.Bir- bir ad çəkib oxucuların vaxtını almaq istəmirəm.Çıxış edənlərin hər biri bu bənzərsiz şairin yaradıcılığından sitatlar gətirir və şeirlərinin işığına yığışdıqlarını qeyd edirdilər. Hörmətli akademikimiz N. Cəfərov ” Tanrıya məktublar” kitabındakı şeirlərin incə bir məqamına toxundu. Qeyd etdi ki, şair hər şeirinin tamamında, yəni sonuncu misrasına nöqtə qoyanda, uşaq anadan doğulan kimi, şeirin də doğum vaxtını, tarixini qeyd edir.İlk baxışdan bu məqam sadə olsa da, əslində Allaha bağlılığın və sevginin təntənəsidir.Mənə elə gəlir ki, ədəbi tənqid və ədəbiyyatşünaslar mütləq bu kitabın izinə düşəcək və dəyərli fikirlərini dövri mətbuatda, ədəbi orqanlarda bildirəcəklər.” Müharibə və məhəbbət” şeirində fikirlərin qısa və lakonik ifadəsi adamı heyrətləndirməyə bilmir.
Şair yazır:
Həyat savaş,
Mən yaralı,
Sar yaramı, tibb bacısı

və ya
” Hələlik” adında sevgi şeirində şairin iç dünyası təlatümlərlə doludu.Misra- misra hiss edirsən ki, sevginin nə yaşı var, nə də ki, ömrü.O ilğım kimidi adamı gedər gəlməzlərə aparır.

Hələ səni öpmədim,
Necə qadın olduğunu hardan
biləsən?
Hələ səndə sönmədim,
odun deyil,
Yadın olduğumu hardan
biləsən?
Şeh bil dodağında məni,
Şah bil yatağında…
Yaşat məni, yaşat getsin,
” Ah… ” bil ən gözəl cümləmi.

Sünbül kimi dop- dolu şeirlər oxucunu dərin ədəbi qatlara endirir və oxucu heç cürə ordan çıxa bilmir.

” Tanrının şərəfinə” adlı şeiri də bir az səmavi ovqata köklənib.

Bir az hissimdən, bir az
duyğumdan qopub gəlsən?!
Fələkdən bir gün, ya ömür
qapıb gəlsən?!
Yarama sarıl, nolar,
Ayrılığın gözlərindən öpüb
gəlsən,
Kədəri sevib, dərdimdən ölüb gəlsən?!

” Tanrıya məktublar” kitabı 767 səhifədən ibarətdir.
İllərlə ürəyində poetik hissləri, saf duyğuları gizlədən
şairin bu müqəddəs və möhtəşəm kitabı müəllifə bütün zamanlarda baş ucalığı gətirəcəkdir.
Bəzən istedadlı bir qələm adamının keçmişinə, qanına, geninə nəzər salanda bəzi nəsnələr üzə çıxır. Bəhruz Niftəliyev ” əməkdar jurnalist”, Prezidentin fərdi təqaüdçüsü, ” Şöhrət” ordenli Flora xanım Xəlilzadənin ədəbiyyatımıza, poeziyamıza bəxş etdiyi ədəbi simadı. Flora xanım kimi bir ananın övladı olmaq, sözün bütün mənalarında fəxarətdir. Əsrlər, min illiklər, üç min illiklər keçəcək” Tanrıya məktublar ” dakı şeirlər öz təravətini itirməyəcək. Tanrıya xitab olan bu kitabın ömrü Ayın, Günəşin, suyun, havanın ömrü qədər olacaq. Qalır şairə uğurlar diləmək. Eşq olsun gözəl şairimizə, ucaların Adamına!

23.01.2026.

Müəllif: Fəxrəddin Teyyub

Fəxrəddin Teyyubun yazıları

Bəhruz Niftəliyevin yazıları

Bəhruz Niftəliyev haqqında

Oxuyun >> Gözündə tük var

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Bəhruz Niftəliyev – Hər ruhun, ürəyin öz ağrısı var

****

Hər ruhun, ürəyin öz ağrısı var,
Məlhəmi, çarəsi, öz sarğısı var.
Elə bil bir eşqin yüz Tanrısı var,
“Tək Allah” sevməyim günahdı indi?

Çöhrəni cənnətmi bilim, durulum,
Cəhrəni ehmal tut, qoyma qırılım,
Çarəni məndə bil, bir də vurulum,
Allah tək sevməyim günahdı indi?

Bəyazı qardısa, ayazı gecə,
Ta yazıb alnına o yazı gecə,
Tənhaya neyləsin o yazıq gecə,
Allah tək sevməyim günahdı indi?

Kül oldum, sovruldum görən olmadı,
Yoğruldum, yoruldum görən olmadı,
Cənnətdən qovuldum görən olmadı,
Allah tək sevməyim günahdı indi?

Nə əcəb yadına düşdüm , ay Allah,
Sübhədək yanğına düşdüm, ay Allah,
Necəsə yanına düşdüm, ay Allah,
Allah tək sevməyim günahdı indi?

Sən bada ver məni, bəndən deyiləm,
Elə bil özgənəm, səndən deyiləm,
Üz tutub sözümü sənə deyirəm,
Allah tək sevməyim günahdı indi?

Günahsa günəşə tən eylə məni,
Yanıb-yandıran gün eylə məni,
Unutsan xatırla gileylə məni,
“Allah tək sevməyim günahdı indi?!”

02.01.26
03:22

Müəllif: Bəhruz Niftəliyev

Bəhruz Niftəliyevin yazıları

Bəhruz Niftəliyev haqqında

Oxuyun >> Gözündə tük var

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Bəhruz Niftəliyevin yeni şeiri

ƏRƏFƏ

Günəş buludlardan da yüksəkdə dayanır,
Sənin həsrətin kimi
Kədərdən də o tərəfədi.
İndi hansı vaxtı, hansı ərəfədi?
Bilmirəm…

Unutmalıyam!
Səni, özümü…
Unutmalıyam sənlə bağlı hər nə varsa!
Ovutmalıyam ötənlərlə,
Ruhumda, ürəyimdə ölənlərlə haqq-hesabım yox!

Məni sənə bağlayan əzabım deyil, əzbərimmiş,
Hər səhər adınla, dadınla başlamaq ehtiyacımmış,
Sən demə Səni sevmək ən böyük acımmış!
Unutmalıyam!

Unutmalıyam!
Məsələn hansı rəngi xoşladığını,
Hansı tarixdə doğulduğunu,
Mənə aşiq olduğunu…
Unutmalıyam, mənim üçün doğulduğunu!

Yollar ayırır bizi,
Dərdə bax ki, yadlar ayırır bizi!
Su olanmadın, ay ömrüm,
Odlar ayırır bizi!
Unutmalıyam!

Unutmalıyam, sənlə keçən günləri,
İlləri unutmalıyam!
Nolar yadırğama bizdən qalan gülləri,
Dibçəklərə su ver,
Dilənçilərə pul!
İnanclara inanma daha,
Allah da sevmədi bizi!

Dua et demirəm, arada dava et,
Niyə, nə üçün sevdiyini və niyə tərk etdiyini anlamaq üçün!

Unutmalıyam!
Səni nə vaxt, nə çağ sevdiyimi!
Alçaq təpələrdə qar aradığımı,
Qar yerinə, tel-tel ağardığımı,
Sənin üçün hər gün, hər saat ağrıdığımı
Unutmalıyam, a gülüm!

Unutmalıyam arzumun sən olduğunu,
Sevgidə qənimim,
Dayazımın, azımın sən olduğunu,
Alnımın, alnımdakı yazımın sən olduğunu unutmalıyam!
Unutmalıyam, a gülüm!!!

24.12.2025
02:20

Ankara

Müəllif: Bəhruz Niftəliyev

Bəhruz Niftəliyevin yazıları

Bəhruz Niftəliyev haqqında

Oxuyun >> Gözündə tük var

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

“Yadın yadı” – yaddaşın işığı

YETMİS ALTINCI YAZI
“Yadın yadı” – yaddaşın işığı
(Bəhruz Niftəliyev sözünün işığında)
Gərçi məndən surətin qaibdir, ey huricamal,
Sanma kim, gözdən camalın nəqşi pünhan oldu, gəl!

İmadəddin Nəsimi

Salam olsun, çox dəyərli oxucum! “Xoş gəlmisən…” Gəl, lap yaxın gəl ki, bir-birimizi yaxşı eşidək. İlk işarə, ilk söz “Tanrı” olduğu kimi, şübhəsiz ki, ən gözəl mükalimə də məhz Tanrı ilə olan söhbətdir. Ən doğru mütalib isə bütün sualların cavabınıdan agah olan intəhasız elm,  güc və qüdrət sahibi uca Tanrıdır. Bu dəfəki söhbətimiz tanınmış alim, şair Bəhruz Niftəliyevin “Tanrıya məktublar” kitabında yer alan Tanrı ilə söhbətlərindən seçdiyim fraqmentlər üzərindən olacaq. Bu söhbətimiz üçün yuxarıda adı çəkilən kitabdan  “Yadın yadı”  şeirini seçmişəm. Mətləbə keçməzdən əvvəl müəllif haqqında qısa arayış təqdim edirəm:
QISA ARAYIŞ
Bəhruz Niftəliyev 8 may 1987 – ci ildə – təbiətin ən gözəl çağında, şairlər ilində – Bakı şəhərində anadan olub. Ali təhsillidir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Mütalibi Tanrı olan şairdir. Onun özünü özüm, sözünü sözüm kimi tanıyıram. Ümumiyyətlə 1987 (…., 1951, 1963,1975, 1987, 1999, …) -ci ildə anadan olan insanlar bir başqadır –seçilmişlər – Tanrının sevimliləridir. Məhz bu baxımdan Tanrını özünə həmsöhbət seçməkdə qeyri-adi (təsadüf) heç bir şey görmürəm. Şair sadəcə Tanrının cagrışına cavab verib.
Bəhruz Niftəliyevin “Yadın yadı” şeiri insan ruhunun dərin qatlarına toxunan əsərlərdən biridir. Bu şeir təkcə unudulmuş bir xatirənin poetik hekayəsi deyil, həm də yaddaşın insan həyatında oynadığı möhtəşəm rolu göstərən mənəvi bir güzgüdür. Əslində, şairin bu əsəri keçmişlə bu gün, sevgi ilə nisgil, ağrı ilə iradə arasında körpü yaradır. Bu körpüdən keçdikcə oxucu həm öz daxili dünyasına boylanır, həm də insan taleyinin ümumbəşəri həqiqətlərini duyur.
Şeir elə ilk misradan oxucunu dərin bir paradoksal, sirli-sehirli aləmə çəkir:
“Bir yadın yadıyla dərdləşə adam…”
Bu misra unudulmuş bir insanın, bəlkə də çoxdan uzaqlara getmiş bir simanın hələ də kiminsə içində yaşamaqda olduğunu göstərir. “Yad” sözü həm uzaqlığı, həm qəribliyi, həm də keçmişi bildirir. Lakin “yadın yadı” ifadəsi daha dərin məna daşıyır ― yad olanın belə yaddaşdan silinə bilməyən izidir. Deməli, şair üçün yaddaş təkcə xatırlamaq deyil, həm də yaşamaq, nəfəs almaq, bəzən də dərdləşməkdir.
Bu fikrin davamında şair insanın daxili gücünü vurğulayır (yaddaşın dərin qatlarına enir):
“Nur ola, çevrilə günəşə adam…”
Yadın itkisi, iztirabı olsa da, insanın içində bir işıqlanma var. Bu o deməkdir ki, acı keçmiş belə adamın ruhunu oyadan, işıqlandıran bir hikmətə çevrilə bilər. Bu misralar həyat fəlsəfəsi daşıyır. İnsan yalnız əzablardan keçməklə paklana, nurlana, ziyadar ola bilər. Kainatın əfəndisi, yaradılmışların əşrəfi olduğunu bu yolla isbatlamaq mümkündür. Nəsimi hikmətindən qidalanan irfan şairi Bəhruz Niftəliyev hər bir düşüncə adamını  insanın (Tanrı-bəndə çuğlaşmasının) qatmanlı iç dünyasına səyahətə dəvət edir.
Şeirin ikinci bəndində şair emosional yükü daha da artırır:
“Yıxıldım ruhuma dəydi izlərin,
Puç oldu, heç oldu nəydi hisslərin?”

Burada xatirənin adamı necə sarsıtdığı poetik şəkildə göstərilir. Keçmiş hisslər nə qədər böyük olursa-olsun, zaman qarşısında puç ola bilir. Xatirənin izləri isə bəzən həmin hisslərin özündən ağır olur. Şairin ruhuna dəymiş “izlər” təkcə emosional yara deyil, həm də insanın həyat yolunu dəyişən bir hadisə kimi görünür. Düşüncənin alt qatlarına endikcə hisslərin ruha tərcüman olduğunu görürük:
“Vaxt gəldi qüruru əydi dizlərin”
Bu misra insanın ən sərt tərəfi olan qürurun belə sevgi qarşısında diz çökə bildiyini poetik dillə təsvir edir. Münasibət bitər, insan ayrılar, amma qürur zədəsi uzun müddət öz sözünü deyər. Bu yara hey su verər. Heç sağalmaz.
Üçüncü bənd şeirin fəlsəfi yükünü daha da genişləndirir (dərinliyi artır):
“Çəkilər ləpələr qayıtmaq üçün,
Qaydar şübhələr ayıltmaq üçün…”

Ləpələrin çəkilib yenidən sahilə qayıtması kimi, insanın yaddaşında da hadisələr, duyğular, suallar daim geri dönür. Bu geri dönüş bəzən sakitləşdirir, bəzən yandırır, bəzən də insanı ayıldır. Şair burada dərin psixoloji həqiqəti ifadə edir. Mərkəzdən qaçma effektlərinin izlərini görürük. İnsan təbiətin bir parçası olduğu üçün daim Ayın və Günəşin cəzbindədir. Qabarmalar və çəkilmələr labüd və təbiidir. Keçmişdən xilas olmaq mümkün deyil, çünki o daima insanın arxasınca gəlir. Çünki bütün həyatımız (insan ömrü) dairəvi hərəkətlər məcmusudur (Bəhmənyar). Keçdiyimiz yolları təkrar-təkrar mütləq keçirik. İzimiz izimizi çəkir.
Ən maraqlı məqamlardan biri isə “Mən qalxan, mən qaya, sən döşə adam” misrasıdır. Bu, sevgidəki rolların təsviri kimi görünür. Əslində ülvi məhəbbətin hər iki tərəfin qarşılıqlı hisslərinin, duyğularının, fəaliyyətlərinin çuğlaşmış məcmusundan ibarət olmalı olduğu halda, şair özünü fədakarlıq göstərən tərəf kimi təqdim edir, qarşı tərəfi isə duyğularını, hisslərini döşəyə (diktə edə) biləcəyi bir insan kimi göstərir (nə desən, nə etsən qəbulumdur – döşə, gəlsin): Ruhum təbəliyi özü üstənib, qəlbimdə qurduğun taxtın mübarək!* Ümumi məzmundakı paradoksallıq öz pik həddinə, kuliminasiya nöqtəsinə çatır. Şair birinci, birbaşa mənasında sərtlik, dirəniş, müqavimət, müdafiədə olmaq anlamına gələn ifadələr işlətməklə, əslində yumşaqlığın, kövrəkliyin, ürəyi yuxalığın, özünü qurban etməyin ən uğurlu, optimal sayıla biləcək mənzərəsini yaradır. Bu misra ən ülvi hissləri tərənnüm etməklə bərabər, eyni zamanda çox incə ironiya ilə də yüklənmişdir. Burada həm məhəbbətin, həm güvənin, həm də ümidsizliyin paralelliyi var. Bu bir misra fikrin (ifadənin, ifadə tərzinin) sahibini yəni, məlum şeirin müəllifi Bəhruz Niftəliyevi də bir insan, şəxsiyyət olaraq tam xarakterizə edir (tipik …, 1987, … özünü ifadə tərzi, təbii xarekter göstəricisidir). Yəni, heç bir nə 1986, nə də 1988-ci il doğumlu şəxs bu misranı yazmağı, onun ifadə etdiyi özünü fəda etmə, qurban vermə anlamına gələn məqamı ozünə rəva bilməz. Yuxarıda qısa arayış bölümündə qeyd etdiyim kimi hər şeyin ən mükəmməlini etməyə çalışırmaq (bu fədakarlığın ən son mərtəbəsinə də aiddir), ən ali məqsədlərə xidmət, uca könüllülük yalnız Tanrı tərəfindən seçilmişlərə məxsusdur.
Son bənddə şair daha hikmətli, daha irfanlı bir düşüncə ortaya qoyur:
“Eybi yox odun da istisi olar,
Yanarsa, mütləq bir tüstüsü olar…”

Bu misralarda insan həyatının qanunu (tərifi) verilir. Hər sevginin yanğısı, hər yanğının tüstüsü var. Heç bir duyğu tam ağrısız, tam saf olmur.  Həyatın hər istiqamətində bir acı, bir tüstü öz yerini tutur. Bu, həm barışmaq, həm də təslim olmamaq fəlsəfəsidir.
Şair burada insanın qəmli alın yazısının əslində qismətin bir parçası olduğunu deyir. Kim kədərlərdən uzaq düşürsə, deməli, həyatın böyük dərslərindən də uzaqdır. Qəm burada yük yox, təcrübədir, çətinlik yox, yüksəlişdir.
“Yadın yadı” şeiri insana bir həqiqəti xatırladır. Yaddaş zamanla silinmir, əksinə, dərinləşir. İnsan yad olandan belə dərd alır, nur alır, yol alır. Şair bu şeirdə keçmişin ağrısını yumşaq, fəlsəfi dillə təsvir edir. Poetik axıcılıq, misraların bədii ritmi, duyğunun səmimiyyəti şeiri həm oxunaqlı, həm də yaddaqalan edir.
Bəhruz Niftəliyev bu əsərlə göstərir ki, insanın ən böyük dərmanı yenə öz qəlbinin içindədir ― həm yadların izi, həm də özünün nurudur. Bu şeir həm unudulanlara salam, həm xatırlayanlara dərs, həm də ruha verilən bir məktub kimidir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm, əziz və çox dəyərli oxucum! Bu mövzuda birinci söhbətimizin sonuna gəldik. Hələlik.

04-05.12.2025. Bakı .

*– bu iki misra “Ülyahəzrət” şeirimdəndir.

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

ZAUR USTACIN YAZILARI

Bəhruz Niftəliyevin yazıları

Bəhruz Niftəliyev haqqında

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Məmməd Araz Poeziya irsinin istedadlı davamçısı – Bəhruz Niftəliyev

Məmməd Araz Poeziya irsinin istedadlı davamçısı – Bəhruz Niftəliyev
​Sosial şəbəkələrdə Bəhruz Niftəliyevin illərlə izlədiyim şeirlərindəki yüksək şeiriyyət, səmimiyyət, könül çırpıntısı, ifadə mükəmməlliyi məni öz təsir selinə salırdı. Bu çiçək ətirli şeirlərin dəstələnib gül buketinə çevriləcəyini, toplu halda kitabdan oxuyacağım günü o qədər arzulayırdım ki… Nəhayət… Redaktoru olaraq oxuduqca sehrinə düşdüyüm, qəlbinin ziyası, iç dünyasının poetik ətri olan ilk şeirlər kitabı “Tanrıya məkublar”ın təqdimat günü (28 noyabr 2025)- gözlədiyim gün gəlib çatdı. Bu möhtəşəm gün münasibətlə gənc şairimizi təbrik edirəm.
​Anası Söz sənətkarı Flora Xəlilzadə ilə universitetin jurnalistika fakültəsinə qəbul olunub bir qrupda oxuduğumuz gündən yaranan dostluğumuz zamanla sıx ailə dostluğuna çevrildiyindən Bəhruzun hələ kiçik yaşlarından bədahətən şeir söyləmək bacarığı, bu bağlılığın getdikcə artması zamanla diqqətimizi cəlb edirdi. Şairlik istedadı Bəhruza mənsub olduğu ailədən anası Əməkdar jurnalist, yazıçı, şairə Flora Xəlilzadə və onun “səcərəmin şah sütunu, xan çinarı” adlandırdığı bibisi oğlu böyük Məmməd Araz nəslinin qan yaddaşıyla gəlir. Söz Günəşinin nurundan irsən Bəhruza da pay çatıb… Şairlik Allahın seçdiklərinə bəxş etdiyi vergidir.
​Bəhruz şeirlərini qarşıya məqsəd qoyaraq yazmır. Misralar günlərlə fikrini zəbt edən müşahidələrdən sonra yaradıcı təxəyyülündən damla-damla süzülür. Dolmuş qəlbindən dodaqlarına məcrasından qəfil qaynayan çeşmətək bədahətən sellənib gəlir. Bədii təfəkkürünün məhsulu olan bu inciləri sapa düzmək – misraları yazmaq olub onun işi. Bəzən yazmağa şərait olmayanda telefonun diktafonuna pıçıldayıb ürəyinin səsini. Özü yazdığı kimi: “Diktafonu işə saldım və misralar qopdu dilimdən, səsim qələmim olmuşdu klaviaturanın yerinə.” İmkansızlıqdan itirdiyi inciləri də az olmayıb…
​Bəhruzun şeirləri qanadlandığı qəlbin hisslərinin, saf mənəvi dünyasının, aydın amalının parlaq ifadəsidir. İnsanın həyatındakı müxtəlif məqamlar elə hərtərəfli, içdən qələmə alınıb ki, oxuduqca şeirlərin yaratdığı təsir selinə düşürsən. Müəllifin eşidilən ürək çırpınıları sənin duyğunda, düşüncəndə əks-səda verir; qəmiylə qəmlənir, sevinciylə sevinirsən. Misraların pıçıltılı bulaq axarında məna, məzmun gözəlliyi ilə mükəmməl deyim tərzinin vəhdəti oxucunun qəlbinə nüfuz edir. Fikrini incə təhlillərlə səmimi poetik dillə çatdırır.
​Şeirləri mövzuca aktual olmaqla əhatə dairəsi də genişdir. Bəşəri ideyalar, vətənpərvərlik, insanpərvərlik, torpaq bütövlüyü şeirlərinin əsas qayəsini təşkil edir. Məna dolğunluğu, dərin təfəkkür, həyata bağlılıq poeziyasının səciyyəvi xüsusiyyətidir. Şeirlərinə yurd məhəbbəti, milli qürur hissi, güclü zəfər ruhu hakimdir. Bəhruz özü də yaxın və uzaq keçmişdə Qərbi Azərbaycandan dəfələrlə deportasiya edilmiş, çox sayda şəhid vermiş Vətəndə Vətənsiz yaşayan böyük bir nəslin nümayəndəsidir. “Mən dünyaya gözlərimi qoynunda açmasam da özümü həmişə sənə aid hiss etmişəm” deyən Bəhruzun yurd həsrətli bayatıları ürək sızladır:
​Söz tutan dilim vardı,
Saz tutan əlim vardı.
Dərdə düşməzdən qabaq
​Bir ordu elim vardı!
​Hanı o çağlar, hanı?
Yanan ocaqlar hanı?
Yaxın çoxdan yad olub,
Hanı uzaqlar, hanı?
Düşmən təxribatı nəticəsində bir gecədə həlak olmuş igidlərə həsr etdiyi “Əlli şəhid bayatı”da və şəhidlik zirvəsinin fatehlərinə yazdığı şeirdə şairin kədərində milli qürur, fəxarət duyulur… “Bu yas deyil, mənim üçün bayramdır” iftixar hissiylə “Mübarək şəhidim” “dil açır”:
​Nə oğullar, nər oğullar getdi bax,
Vətən, qanım torpağına yetdi bax,
Anam, bacım bir ürəkdən dedi bax:
Şəhid adın mübarəkdir, mübarək!..
​Azadlıqdı torpağımın gərəyi,
Sipər etdim köksümdəki ürəyi,
Türkün axı yerə gəlməz kürəyi,
Şəhid adım mübarəkdir, mübarək!
Bir çox bayatılarında Bütöv Vətən sevdalı Zəfər arzuları gül açır:
​Zəfərin zəngi vura,
Ürəyim sipər dura.
​Vaxt gəlsin, vədə gəlsin,
​Qovuşaq Zəngəzura.
Komandanım “vur” dedi,
“Sinən qalxan, dur” dedi.
Araz üstə bir körpü,
​”Qardaşınla qur” dedi.
Bəhruzun şeirlərində insanın mənəvi dünyasının, qüdrətinin, işıqlı ideallarının dolğun təcəssümünü görürük. Onun lirik qəhrəmanı təmiz əqidəli, humanist, etibarlı, şəxsiyyətdir. O bəzən köhnə mövzulara yeni tərzdə yanaşmaqla şeirə yeni məna çaları, yeni nəfəs gətirir. “Anam Flora Xəlilzadəyə” şeirində tərənnüm etdiyi “ürəyi Vətən, əli Tanrı şəfalı” ANAya övlad məhəbbətinin böyüklüyünü bundan da möhtəşəm ifadə etmək olarmı:
​Elə bil uzanan Tanrı əlisən,
​Şəfasan, şəfqətsən, duamsan mənim.
Bütün möcüzələr sənlə başlayır,
Heyrətsən, həyatsan, dühamsan mənim.
Saçının ağını, ürək ağrını gizlədən anam,
​Dərdimi duyansan, dünyamsan mənim!
​Qocalmaq coxunun qismətinə pay,
Ucalmaqsa sənin adına təndir.
Ana, ürəyin də mənə yurd yeri,
Ana, ürəyin də mənə Vətəndir!
​Şair Vətən və Ananı ən əziz simvoltək qoşalaşdırır. Bu ölçüyəgəlməz dəyərli məfhumları ayırmadan Tanrı sevgisi səviyyəsinə ucaldaraq oxucusuna o müqəddəslikdə təqdim edir. “Tənhalıq görülməmək deyil, / Anlaşılmamaqdır, / Hər gün bir az uçulmaq, / Hər gün aşınmaqdır” – deməklə tənhalığın görülməyən tərəflərini görür və bəyan edir. Bəhruzun poeziyasında həyatı dərindən duymağa, qədrini bilməyə səsləyən nikbin baxış güclüdür. “Əgər sevmək bir bu qədər günahdırsa, / Bu qəlbdəki bu təb niyə, söylə görüm?!” – deyərək qəlbinin qəbul etmədikləri ilə barışmır. “Tanrı, yazdığın yaz qismət olmadı, / Yeni fəsilləri yazacam özüm”, “Ömürdü pərən-pərən, Gözlərimdə közərən, / Yaşamağı gözləyən / Qəmə doğru gəlirəm” misralarıyla qətiyyətiylə qəmə səslənir, kədəri həyatından qovur:
​Çıx get həyatımdan, kədər,
​Daha yerini, yerişini istəmirəm.
Məni yaxan, məni yıxan gülüşünü istəmirəm,
​Çıx get!
​İstəyirəm azam xoşbəxtlikdə
​Heç tapılmayam!
​O qədər bəxtəvər olam ki, simam dəyişsin.
Heç tanınmayam,
​Çıx get!..
​Bəhruz son ana qədər özünü itirməyib ruh yüksəkliyi ilə ölümün üzərinə gedən şəhid stüardessamız Hökumə xanımın dillərə dastan qəhrəmanlığını da təsirli dillə qələmə alıb:
​Gülləri sənə sərdim,
Ürəyim sərasərdi,
​Son cümlən bir əsərdi,
“Hər şey yaxşı olacaq!”
Bu dünyanın dizinə
Əyrisi nə, düzü nə
Düz ölümün gözünə…
“Hər şey yaxşı olacaq!”
​Bəhruz şeirlərini optimist ruhda yazsa da bəzən misralarında qəmli notlar səslənir. “Ruhum acdı, öz içimdən qəm yeyir”, “Ruhun gəmisi bədənim, / Üzürəm dünya qəmində”, “İnsan qəlbi qəm körpüsü, keçildinmi heç!”, “Doğmalar dağ oldu, ağ oldu, neynim, / Bir ovuc təskinlik, a yadlar mənə” kimi həyatdan şikayət motivli misralar oxucunu düşündürür. Müəllif kədərin yaratdığı duyğuları dəyərləndirib ona yeni ad verir:
​Naxələf xəyanətə, bir nadana tuş gələn
Vaxtından tez böyüyən, ölən duyğular vardır.
​Şəhid duyğular vardır! Şəhid duyğular vardır!..
​Bizə adi gələn “ağrı” məfhumuna görün necə fərqli fəlsəfi baxışla yanaşıb ustalıqla təhlil edir:
​Ağrı nədir bilirsən?
​zərbənin açdığı yara yox,
​o yaranın sancdığı an da deyil,
​Vuran doğma yağıdır,
​Bax, bu əsl ağrıdır
​Əzizinin əzməsi…
​və soyuq rüzgarların əsməsi!..
​Ən təsirlisi, kədərlisi “ağrı haqqında müəllifin gəldiyi son qənaətdir:
​…Bilirsən ağrı nədir?
​”Ağrı nədir” bilməməkdir.
​Hiss etməməkdir özünü,
Öyrəşməkdir, öyrəşmək!..
​Şeirdə sadə suallara verilən sadə cavabların canlandırdığı mürəkkəb mənzərə oxucunu dərin düşüncələrin məna axarına salaraq məntiqi nəticə çıxarmağa sövq edir. Bəhruzun lirik qəhrəmanı nə qədər azad düşüncəli, müasir olsa da, o qədər də “Tanrısı vicdan olan”, ulu yaradana inanan imanı kamil şəxsdir. O, həyatı gözəl, insanı xoşbəxt görmək istəyir. Dünyadakı ədalətsizliklərdən, qanlı müharibələrdən, dağıntılardan sarsıldıqca, həyatın çətin sınaqlarına düşdükcə Tanrıya etiraz səsini yüksəldir:
​Susmağım asan gəlməsin sənə
Ümidim üzüləndə
​Üzü sənə gələndə,
​Susuram!
Dava etməkdən,
​Dua etməkdən
​Yorulanda susuram.
​Əda deyil,
​Adi deyil,
​Nidadır susmağım.
​Ən çox danışmağa ehtiyac olanda
​…necə də acıdı susmağım!
​Bəhruz Yaradanla yaradılan arasındakı məsafəni götürüb onları dost qədər yaxınlaşdırır. Lirik qəhrəman Tanrı ilə ərkyanə söhbət etmək istəyir:
​Həsrət nədi, həsəd nə?
​Yolum üçün kəsə nə?
​Daşmı yığdın kisəmə?
​Tanrı, daşıyanmıram!
Dəyib dəyişənmirəm,
​Qəmi bölüşənmirəm.
​Təslim oluram, Tanrı…
​Sənlə döyüşənmirəm!
​”Yaratmısan, yaşat” prinsipi ilə Tanrıya gah ritorik suallar ünvanlayır, gah da “Yaradan deyiləm ki, / Sənə qarışanmıram” deməklə mənəvi rahatlıq tapır. Bu məzmunlu şeirlər dənizi xatırladır; gah tufanda şahanə dalğalarla coşub-daşan, gah da günəşli havada sakitcə ləpələnən dənizi…
​El arasındakı inama və dini inanca görə Allah xeyir vermək istədiyi bəndəsini əvvəl çətinliklərlə üzləşdirib imtahan edir. Dözərək ədalətlə, səbrlə mübarizə aparanlar mükafatlandırılır. Beləliklə, insanda Allahı və özünü dərketmə başlayır. Sonda sanki yenidən doğulan insan dəyişib yeni cəsarətlə həyata bağlanır. Lirik qəhrəman insanın həyatda ağır kədər, müsibətli hadisələrlə qarşılaşmasını istəmir. “Ey sevgili Tanrı, bəndən səndən də təkdir həyat adlı əsarətdə” – ümid dolu müraciətilə Tanrıdan yaratdığına qayğı, xoş həyat diləyir:
​Mən yarı adam, sən yaradan…
Köçüb gedəcəm yarımadan.
Məni yormadan, yorulmadan
​Bir az sevsən, nə olar?
​Bir az sezsən, nə olar?
“Son nəfəsdə Allah dedim, dayandım” kimi misralar onun etirazlarının kökündə Yaradana olan sonsuz sevginin, sarsılmaz imanın, inamın etirafıdır. Allaha üz tutur, şükranlıq hissiylə ona sığınır:
​Məni unutma, Tanrı,
​Günahlarımı,
​Ahlarımı,
​Sabahlarımı unut
​Amma sənə inamımı, əsla!
​Məni unutma, Tanrı,
​Özümü səmtsiz
​və sənsiz hiss etmək istəmirəm.
​Məhəbbət poeziyasında həyatın bütün gözəlliklərinə vurğun olub ona dəyər verməyi bacaran yüksək zövqlü şairin qəlb döyüntüləri duyulur. “Eşq duyğudur, / Ən böyük doğrudur, / Eşq onun, / Eşq sonun olmaqdır”, “Getsən, bölük-bölük olaram, / Hisslərimdə olduğu kimi, / Hissələrimdə tapılarsan” – deyən şairin şeirlərində eşqin gücü, ucalığı, ülviliyi, nələrə qadir olması bütün incəlikləri ilə canlandırılır. Şeirlərin canına hopmuş həsrət, qəm notları misralardan boylanır. “Yaram qanar, söz ötər, / Ruhum sənlə közərər” “Bir döyüntü qədər qəlbindəyəmsə, / Dolan gözlərinin yaşı olaram”, “Səsimə hay verib sevgimə bələn”, “Günəş kimi doğulmusan qəlbimdə”, “Bacarırsan at məni, özün ağlından çıxar”, “Sənə təşnə bir ruhum, / Qəlbim var, istəmirsən?” kimi eşq etirafları qəlb yanğılarının incə hisslərlə, dərin duyğularla ifadəsidir. Bütün şeirlərində olduğu kimi məhəbbət şeirlərində də dili aydın, təbii, səlisdir. Bədii təsvir vasitələrindən ustalıqla istifadə etməsi, fikrinin obrazlı dillə təsviri misraların emosionallığını daha da artırır. Təsvir etdiyi gözəli bəndin hər misrasında sadə, həyati təşbehlərlə canlandırır:
​Gəzərəm, sezərəm gözəl çölləri,
Bağlama “gülüşü gözəl çöhrən i.
Dodağın müşkmüdür, bədənin ənbər?
Ətrimi hopubdu Azan güllərin?
​Saf eşqin tərənnümü əsasən lirik şeirlərində olmaqla, sərbəst vəznli şeirlərində də eyni təsirli, incə poetik dillə qələmə alınıb:
​Yar dedim, yor dedim, öldür demədim,
Yaşamaq gözəldir, nəfəsim sənsən.
Sus dedim, su dedim, söndür demədim,
Ən təmiz, ən ülvi həvəsim sənsən.
​Mən getsəm nə olar, xəbərin varmı?
Qar altda qaralmış ota dönərsən.
Gəl yanaq, yanmağa təhərin varmı?
Toxunsam telinə, oda dönərsən!..
​Mən sənsiz mənasız roman kimiyəm,
Simləri qırılmış kaman kimiyəm.
Qarışar notlarım nəğmələrimdə,
Bülbülün ahına səs demərəm mən.
​Şair “Biz olmayanda” sərbəst vəznli şeirində eşqin mahiyyətinə varmağa çalışır. Fəlsəfi yanaşma, mükəmməl izah şeirdə poetik məharətlə qələmə alınıb:
​Sevmək odu hiss etməkdir ruhunda,
​Adı dilində pıçıltıya dönər,
​Sevmək Onu hiss etməkdir duyğunda…
​”Biz” olmayanda… ya “Sən” olur, ya “mən” olur –
​Parçalanırıq…
​”Biz” olmayanda zaman udur,
​Haçalanırıq
​”Biz” olmayanda azca qalırıq,
​Toza bənzər
​Ruhum sənsiz buza bənzər… buza bənzər,
​Ruhum sənsiz buza bənzər… buza bənzər,
Tut əlimdən, əlimdən tut,
​”Biz” olmayanda bilirsən ki, parçalanırıq!
Bəhruz əksər şeirlərini heca və sərbəst vəzndə yazsa da sərbəst şeirlərində hecalı, heca vəznli şeirlərində isə sərbəst misralar, bəndlər işlədərək yeni poetik nümunələr yaradır. Bəhruz sözü və bir hərf fərqi ilə oxşar sözləri çoxmənalı şəkildə misralarda elə ideal ustalıqla yerli-yerində işlədir ki, tələffüzdəki səs və söz səsləşməsinin ritmik ahəngi şeirin oxunuşunda həm bir axıcılıq, təravət yaradır, həm də oxucu bu “söz oyunu’nda müəllifin çatdırmaq istədiyi örtülü məqamları dərk edə bilir:
​Gözlərimdə elə keçmisən,
İşıqlar da yalan olub…
​Yanımdasan, yadımdasan
​Uzaqlar da yalan olub
​Yadım da SƏN!
​Bilməsən də
​Qalxan olub, qalan olub bu ürəyim.
​Yarıda sən
​yaram da sən!
​İndən belə yarıdasan
​Faydası yox!
​Yoruldusa ruhum dinməz
​Cənnətimi yaradasan.
​Faydası yox!
​Bəhruz müasir poeziyamızın, xalq və klassik şeirimizin demək olar ki bütün janrlarında, növlərində, formalarında şeirlər yazıb. Qəzəl janrına da müraciət edib və müvəffəq olub:
​Sis var yollarımda israr edirəm gəl!
​Yar, sənə möhtacam izhar* edirəm, gəl!
​Həyadır gözlərin, ədadır baxışın,
Bu canı, cəlalı nizhar* edirəm gəl!
Huşuma gəlməyən xoşuma gəlmisən,
Hər gecə ruhuma simsar* edirəm gəl!
Mən sənin rəsmini vəsf, ruhunu məst,
Şanına şəst sərşar* edirəm gəl!
Ovlaram, oğurlaram bir gecədə,
Bəhruzu yolunda əfşar* edərəm gəl!
(İzhar-bəyan, nizhar-qurban etmək, bağışlamaq, simsar-yaxın, daha yaxın sərşar-dopdolu, (ürəkdən), əfşar-çevik, ovçuluğu sevən)
​Bəhruzun poetik nəfəsinin ətri esselərində də hiss olunur. Anasına, övladlarına ünvanladığı esselər həm fədakar anaya qədirbilən oğul məhəbbətinin, həm də həssas, kövrək ata sevgisinin duyğusal təcəssümüdür. Anasına ad günü təbriki bu müraciətlə başlayır: “Həyatımın ən mübarək möcüzəsi… Yanında olanda belə darıxdığım… Ətrinə sığınıb saflaşdığım… Əzizim, əvəzsizim, qəlbi dolu dostum, ilk və ən böyük sevgim… Nəfəsin nələrə qadirdir bir bilsən… Bir baxışın bəs edir, bir “can” sözün kəsir bütün ağrılarımı… Məndən bezməyənim, məndən yorulmayanım, sadəcə təmənnasız sevənim…”
​Qızlarını “Tanrıdan aldığım ən gözəl cavab, / Ən sirli, sehirli sualı sənsən” – deyə əzizləyən “ana ürəkli ata”nın övlad məhəbbəti həm həyatını, həm də yazdıqlarını nurlandırır: “Hər gün ruhumda, ürəyimdə böyüyən Floram, əziz qızım… Səndən başqasına hazır deyildim sanki… Amma elə bir DUYĞU gəldi ki həyatıma, sən qədər oldu, ətrin kimi xoş, təbəssümün qədər gözəl, sevgin qədər təmənnasız… İndi ikinizi də bir-birinizdən çox istəyirəm. Nəfəsimsiz, gücümsüz, səbrimsiz… Yaşamağa səbəbimsiz!..”
​Yaradıcı şəxsiyyət tək yetişməsində, iş fəaliyyətindəki bütün uğurlarında fitri istedadı ilə yanaşı, həm də amal, məqsəd yolunda mübarizliyi, “yorulmaqdan yorulmadım” prinsipi ilə yaşamasının rolu olub. Qələminin gücü, yaradıcılıq enerjisi həm qəlbinin nuru poeziyaya, həm də öz təbiri ilə desək “işi, gücü, sevgisi” tək bağlı olduğu televiziyada işlərinin öhdəsindən uğurla gəlməsinə çatır. Mədəniyyət telekanalında direktor müavini vəzifəsini məsuliyyətlə aparan Bəhruz televiziyanı tək peşəsi deyil, həm də həyat tərzi sayır. O, çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə mətbuatımıza bu gün hava, su qədər vacib bir məram yolunda irəliləyir; tamaşaçılara, oxuculara öz sözləriylə desək “İncəsənətimizi, mədəniyyətimizi, tariximizi, ulu keçmişimizi, müasir dünyamızı, elmimizi, dinimizi, dilimizi təqdim edir.” Bu İşıqlı insan milli-mənəvi dəyərlərimizin gənc nəslə öyrədilməsi, onların maariflənməsi, mənəvi tərbiyəsinin formalaşması kimi yüksək qayə ilə yaşayır və zəhmətsevərliyi ilə bu missiyanın öhdəsindən layiqincə gəlir.
​İntellektual səviyyəli, dərin məzmunlu maraqlı verilişlər hazırlaması və yüksək sənətkarlıqla aparmasıyla getdikcə daha geniş tamaşaçı auditoriyasının rəğbətini qazanır. Bunda bədii yaradıcılığında olduğu kimi publisistikasında da poetik ruhun yüksək, dilinin canlı, səmimi, təsirli olmasının rolu böyükdür. Müəllifi olduğu verilişlər, sənədli filmlər, apardığı söhbətlər buna bariz nümunədir. Bəhruz Əməkdar jurnalist Flora Xəlilzadənin on ildən artıq müddətdə ekranları bəzəyən həftəlik “Yadigarlar” verilişini aparan zamandan dərin məzmunlu şirin, rəvan söhbətləriylə yaddaşlara həkk olunub. İşlərini bacarıqla davam etdirərək layihə rəhbəri olduğu həftəlik “O Bəhruz Niftəliyevin təqdimatında” verilişində həyat yolu nümunə olan ziyalılarla söhbət aparıb onların dəyərli iş və iç dünyasını tamaşaçılara təqdim edir. Dəfələrlə sürgünlərə və deportasiyalara məruz qalsa da Vətənə geri dönmək əzmini itirməyən Qərbi azərbaycanlıların acı xatirələri və arxiv materialları əsasında müəllifi olaraq hazırladığı “Ailəm iki od arasında” və “Mənim ailəm” sənədli-bədii filmlər silsiləsinin hər növbəti sayında yeni bir səcərənin yaşamış olduğu müsibətləri canlandırır. Bəhruz davamlı olaraq AZTV, İTV və başqa telekanallarda ictimai həyatımızın müxtəlif sahələrini əhatə edən əhəmiyyətli mövzularda təşkil olunmuş söhbətlərdə, görüşlərdə iştirak edir və önə çıxan, düzəldilməsi vacib olan qüsurları özünəməxsus məharətlə tənqid atəşinə tutur. Mövzular rəngarəng olsa da, müzakirələrdə məqsəd eynidir: – Nöqsanların həllini “Sabaha saxlamayaq!”
​Gənc qələm sahibi Bəhruz Niftəliyev, böyük bir xalq kütləsinin, əsasən də onun qaymaqları olan “meyarına və əyarına görə çox fərqli, tələbkar, savadlı tamaşaçıların, oxucuların” – zər qədri bilən zərgərlərin SEVGİSİNİ qazanan şair! Bu sevgi ən ali mükafatındır! Yaratdığın Söz dünyasının özünəməxsusluğu, bənzərsizliyi poetik məharətinin ideal təcəssümüdür. Poeziya aləminə “göz açan” ilk şeirlər kitabın “Tanrıya məktublar”ınla sən Məmməd Araz Poeziya irsinin istedadlı davamçısı, nəslinin poetik ruhunu yaşadan layiqli xələf olmağının möhürünü vurdun! Flora Xəlilzadə kimi söz sərrafının – ANAnın çətin və şərəfli yolunu davam etdirən sənət varisi, etimadını doğruldan qürurverici övlad kimi yetişdin. Parlaq ideallarınla xalqının istedadlı şairi, alimi, sevimli telejurnalisti kimi tanındın. Müasir mətbuatımızın inkişafındakı xidmətlərin Prezident mükafatçısı yüksək adı ilə dəyərləndirildi. Gözəl şeir təravətini hər zaman saxlayır, misralar çiçək ətriylə könüllərə daim təsir edir. Ürək yanğısıyla yazılanlar ürəklərə yol tapır. Söz bulağının gözü və uğur yolların daima açıq olsun!
Müəllif: Sədaqət (Paşayeva) Şahbazova

Bəhruz Niftəliyevin yazıları

Bəhruz Niftəliyev haqqında

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l