SENTYABR SARISININ SƏSSİZ SARSINTISI (Səlim Babullaoğlu şeirində güzun güzəranı) Salam olsun, çox dəyərli oxucum! Bu dəfəki söhbətimizin mövzusu tanınmış şair Səlim Babullaoğlunun “Sentyabr. Eylül. Veresen. September” şeiri haqqında olacaq. Mövzuya keçməzdən əvvəl müəllif haqqında qısa arayış təqdim etmək istəyirəm. QIŞA ARAYIŞ Şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun müstəqillik dövrü ədəbiyyatımızın inkişafında, xüsusilə də şeirimizin yeni ideya-məzmun keyfiyyətləri, eyni zamanda fərqli forma və üslub imkanlar qazanaraq yüksəlməsində, dünya poeziyasındakı mütərəqqi meyllərlə səsləşməsi yolunda xidmətləri əvəzsizdir. Bir yaradıcı şəxs kimi təkcə öz uğurları üçün deyil, ümumilikdə ədəbiyyat, kitab, kitabçılıq adına onun gördüyü bütün işlər təqdirəlayiqdir. Bu yazını yazdığım gün Səlim Babullaoğlunun 53 yaşı tamam olur. Şairi doğum günü münasibətilə təbrik edir, tutduğu yolda bolluca uğur arzulayıram! Yuxarıda qeyd etdiyim kimi, bu yazımda bütün digər fəaliyyətlərini bir kənara qoyub, müəzzəm bir şeir haqqında söhbət edəcəyik:
Sentyabr – il təqviminin sadəcə bir vərəqi deyil. O, zamanın içində səssizcə yetişən bir xatirədir. Payızın ilk nəfəsidir. Sarı rəngin, kədərin, yüngül, amma dərin melanxoliyanın ilk cümləsidir. Səlim Babullaoğlunun “Sentyabr. Eylül. Veresen. September” şeiri də məhz bu nəfəsdir: dörd dildə bir ayın adı, dörd tərəfdən eyni duyğunun səsləndiyi bir poeziya aləmi. HAŞİYƏ Sentyabr. Eylül. Veresen. September eyni ayı – sentyabrı – müxtəlif dillərdə verir: Azərbaycan: Sentyabr Türk: Eylül Ukraynaca (Slavyan mənşəli): Veresen İngiliscə: September Bu, ayın müxtəlif mədəniyyətlər və dillərdə eyni kədərli payız duyğusu ilə yaşanmasını vurğulayan poetik bir üsuldur. Şair bir ayı sadəcə adlandırmır – onu yaşayır, ona çevrilir, onun ritmində danışır. Şeirin ilk sətri artıq bir manifestdir. Sentyabr bir coğrafiya deyil, bir xəyal durumudur. Ay sanki dörd dilin arasında dolaşır, sözlərin səddini aşır, “yerlə göyün arasında” gizli bir təlatümü çatdırır. Dil dəyişir, duyğu dəyişmir: Sentyabr. Eylül. Veresen. September. Dörd ayrı söz, dörd ayrı mədəniyyət. Və eyni sarı rəng, eyni kədər. Sanki dünya kiçilib bir vərəqə yerləşib: yağış köndələndən yağır, külək göz doldurur, yarpaqlar qəpik kimi səpələnir. Şairin poetik kamerası geniş panoramı çəkmir – o, detalı göstərir: tozlu əlcək, sapsarı arı, çətir çiçəyi, köynəyin altındakı ürək. Bütün bunlar payızın metaforasıdır. Və bu metafora heç vaxt təmtəraq axtarmır. O sadədir, ləngərsizdir və buna görə də təsirlidir. Yarpaq bir rəngdə olsa da, şair onu müxtəlif rakurslardan çəpandazı süzərək, gah gözlərini qıyır, gah da daha geniş açaraq təbiətin möcüzəsi olan payız səhnələrini öz gördüyü kimi müxtəlif spektrli çalarlala bizə təqdim edir. Müəllifin baxış bucağı saniyələr çərçivəsində dəyişdikcə dillər və coğrafi sərhədlər dəyişsə də insan və onun hissləri dəyişməz olaraq qalır. Şeirdə ayların dilini dəyişmək, sanki mədəniyyətlərin arasında sərhədsiz bir təcrübə yaratmaq deməkdir. Təqvimlər “özünü biyabır” eləyir: çünki insan onsuz da bilir – payız gəlib. Təqvimə baxmağa ehtiyac yoxdur. Güz gözün içindədir.
Şeirin ikinci bölümü sükutun fəlsəfəsinə dayanır. Sükut – qalib gəlir. Sözlər, dillər, təqvimlər yarışır, amma sonunda barmağını dodaqlarına qoyan bir səssizlik hamını susdurur. Qələmin ucu şimşək kimi “çaxanda” çiçək açan çətirlər həm qorunma, həm də təslimiyyət simvoludur. Bu mənzərənin içində bir kədərli insan obrazı peyda olur – sədəqə istəyən. Şair ona pul verir, təbəssüm verir, diləyir: “Qoy, arzun çin olsun, qoy, üzün gülsün!” Bu, yalnız bir sosial səhnə deyil. Payızın içində insanın insana son sığınmasıdır. Pəncərənin dalından göyə uçan sözlər insanın içində yaşarıb gözə çevrilir. Üçüncü bölümdə göy üzünün “tənbəl-tənbəl” ağarması – həyatın ritminin yavaşımasıdır. Məğrurluq miskindir burada. Çünki insan əvvəldən göylərə məğlubdur. Payızın fəlsəfəsi də budur: “Biz ki göylərə əvvəldən məğlubuq.” İmre Kertesin açıq qalmış kitabı – yaddaşın, tarixin, fəlsəfənin bir simvoludur. Vərəqlər geri çevrilir, amma ömür geri dönmür. “Еh… kaş…” misrasının nəfəsi oxucunun sinəsində səslənir. Həqiqət yalanlardan daha ağırdır. Buna görə süni gülün üzərində qalan miçək öpüşü belə təsirlidir. İnsan yalanı dinləməyə alışır. Çünki yalan sığallayır, həqiqət isə üşüdür. Şeir finalda sanki kinonun son kadrı kimi dayanır. İşıq, kölgə, qızarmış üfüq, frigid qadıntək bir qələm. Və divarda bitən sevgi oyunu. Film bitir. Payız isə bitmir. Çünki payız yalnız bir fəsil deyil, insan ruhunun halıdır. Bu şeir bir fəsil (ay) haqqında deyil – insanın öz içindəki payız haqqındadır. Sarı rəng və kədər, qüssəli tembr… Bunlar yalnız təbiətin deyil, düşüncənin rəngləridir. Səlim Babullaoğlu payızı dilə gətirmir – payızı dildən azad edir. Ona görə dörd dil eyni nəfəsdə səslənir. Bu şeir coğrafi deyil, metafizikadır. Bu şeir fiziki təqvim deyil, ruh təqvimidir. “Sentyabr. Eylül. Veresen. September” – təqvim dəyişəndə deyil, insan dəyişəndə başlayan bir aydır, ömrün payızdır. O səssiz fırtınadır. Sapsarı təlatümdür. Bir tozlu əlcəkdir pəncərə önündə. Dünyadan əl çəkmək yox, dünyanı sakitcə seyr etməkdir. Bu şeir həm mətn, həm də güzgüdür. Payız hər kəsə bir başqa cür görünür. Amma sarı rəng hamının kədərinə uyğundur. Və sual hələ açıqdır: Sentyabr, Eylül, Veresen, September… Adın nə fərqi var? Ay həmin aydır. İnsan, həmin insandır. “Payız” və ya “güz” de, nə fərq edər, fəsil həmin fəsildir, insan həmin insan… Ayın adı dəyişir. Duyğunun adı dəyişmir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm, əziz və çox dəyərli oxucum. Allah amanında.
Bir gülün yarpağında barmaq izini gördüm, Demək, sən toxunubsan, rəngləri dəyişən “qız”. Titrək ləçəklərində soyuq bir hüzün vardı, Küsdürüb göndərmisən kəpənəyini, payız.
Soyudubsan Günəşin qızıl rəngli gözünü, Ağaclarda budaqlar ayrılığı oxuyur. Səssiz-səssiz fəth edir buludlar göy üzünü, Həzin rüzgar ruhuma sarı köynək toxuyur.
Quşlar köç yolundadır, vida qanadı çalır, Torpaq islaq, hava nəm, duyğular axınlaşır. O kollar, sarmaşıqlar məni yadıma salır, Baharım keçb gedir, payızım yaxınlaşır.
Müəllif: Ailə NƏZƏR Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
Salam olsun, çox dəyərli oxucum! 25 noyabr 2025-ci il – təqvimdə bu günü özüm üçün “qızıl payız” günü kimi qeyd etmək istəyirəm. Köməyimə filologiya elmləri doktoru, professor, tanınmış şair Rafiq Yusifoğlunun şeirləri gəlir (oxuyun >>> Meşə ilə üz-üzəyəm və Payız). Bu mövzuda düşüncələrimi sizinlə bölüşürəm. Azərbaycan poeziyasında təbiət mövzuları özünəməxsus, xüsusi bir yer tutur. Poeziyamızın zəngin palitrasında payız ən çox müraciət edilən fəsillərdən biridir. Lakin hər bir şair payıza öz eşqi, öz nəfəsi, öz iç dünyasının yükü, daxili aləminin zənginliyilə baxır. Professor, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlunun payız lirikasında isə bu fəslin təkcə rəngləri deyil, həm də fəlsəfəsi, insan taleyi ilə bağlı dərin assosiasiyaları önə çıxır. Onun yaradıcılığında payız sadəcə “sarı yarpaq”, “kövrək külək” deyil — həyatın özüdür, taleyin ələyindən keçən ömrün anlarıdır, insanı öz iç dünyası ilə üz-üzə qoyan böyük bir sükut və səssiz ağrıdır. Bu baxımdan Rafiq Yusifoğlu payızı qızıl rənglərin zənginliyi ilə deyil, təsəvvür və duyğuların qızıl ağırlığı ilə təqdim edir. “Meşə ilə üz-üzəyəm” (oxu >>> Meşə ilə üz-üzəyəm) şeirində şair payız mənzərəsini xarici müşahidə kimi yox, daxili mənzərə kimi təqdim edir. Meşə onun üçün bir meditasiya məkanı, insanın öz vicdanı ilə üz-üzə qaldığı bir aynadır. “Ağac yanır diri-diri, Göz yaşları sarı, iri…” Bu misralar payızın vizual təsvirindən çox, ovqatın parçasıdır. Yarpaqların saralması şair üçün ağacın çəkdiyi ağrı kimidir — hər ayrılığın, hər dəyişimin bir iç yanğısı var. Zamanın “dəlik xəlbiri” isə həm payızı, həm də insan həyatını ələyir, seçir, saflaşdırır. Burada payız həm yol göstəricidir, həm də keçid nöqtəsi: “Üzü qışa gedən yolum Payızın içindən keçir…” Sanki insanın taleyi də belədir: hər ömür öz qışına — təcrübəyə, müdrikliyə, sükuta gedir və bu yol heç vaxt yazdan birbaşa keçmir. Mütləq bir payız yaşanmalıdır. “Payız” (oxu >>> Payız ) şeiri isə Rafiq Yusifoğlunun təbiətə olan poetik baxışının daha geniş, daha panoramik tablosunu verir: “Meşələr bir nəhəng aynaya dönər, Özündə əks edər payızı, yazı.” Təbiət aynadır — insan da özünü orada görür. Payız isə bu aynanın üzərinə bir az kədər, bir az müdriklik, bir az da keçicilik çəkir. Şairin “yarpaq əlləri” ifadəsi payıza insan toxunuşu gətirir:
“Yarpaq əllərini çiynimə qoyub, Elə bil sinəmə yeriyir payız.”
Yarpaq sanki şairin çiyninə əl qoyur, payız onu özününküləşdirir. Təbiətin şair övladı ana təbiətlə bir bütün halına gəlir. Bütövləşir. Payız insan ömrünün bir mərhələsinə, insan isə təbiətin bir parçasına çevrilir. Şairin obrazlı şəkildə təqdim etdiyi bu proses təbii olduğu qədər də ibrətamizdir. Bu, həm təsəlli, həm də xəbərdarlıqdır: hər dəyişimin nəfəsi soyuq olsa da, insanı yenidən düşünməyə vadar edir. Payız onun şeirində həm də səxavət fəsli kimi görünür: “Acgöz dələlərin yuxularına Gecələr sübhəcən qoz-fındıq yağar.” Şair meşəni bol nemətli, səxavətli təsvir edir. Təbiət bol bar verərkən başını aşağı salır, nemətlərini sağa-sola səxavətlə paylayarkən isə susur… Bu, Rafiq Yusifoğlunun payız lirikasını digər təbiət şairlərindən fərqləndirən mühüm cəhətdir. O, payızın bolluğunu da, kasadlığını (qıtlığını) da təntənəsiz, hay-küysüz, olduğu kimi göstərir. Həm birinci, həm də ikinci şeirdə payız insan varlığının rəmzidir. Bu fəsildə həyatın sirləri bir qədər daha aydın görünür. Yarpaqlar necə solursa, insan da zamanın ələyindən keçib saralır, lakin bütün bu dəyişikliklərin arxasında dərin bir hikmət dayanır. “Kim nə əkib, onu biçir…” — şair payızı taleyin güzgüsü kimi görür. Bu, həm Allahın ədalətinə inamdır, həm də həyat təcrübəsinin yekunudur. Payızın meşəyə düşən səsi isə həm musiqidir, həm də sükut: “Tazanə küləklər budaq simlərə Toxunar, kövrəlib oxuyar meşə…” Bu misralarda təbiətin öz orkestri var. Meşə sanki tar kimi çalınır, küləyin nəfəsi isə musiqinin gizli notudur. Beləliklə, payız təbiəti susdurmur, əksinə, onu başqa bir ahəngdə danışdırır. Rafiq Yusifoğlu yaradıcılığında payız — qocalmanın, tənəzzülün deyil, müdrikləşmənin, dərinləşmənin fəslidir. Onun şeirlərində payız həm iç dünyaya işıq salır, həm də ağlın, vicdanın yolunu işıqlandırır. Şair payızın qızılı rənglərinə qızıldan qiymətli məna çalarları yükləməyi bacarır. Bu məna yükü isə onun poeziyasını oxucu üçün həm doğma, həm də düşündürücü edir. Şair sənətkarlığı, poeziyanın gücü, sözün qüdrəti məhz belə məqamlarda ortaya çıxır. Rafiq Yusifoğlunun “qızıl payızı” həm ruhun sakitliyidir, həm də həyatın necə gözəl, eyni zamanda necə keçici və necə dəyərli olduğunu xatırladan poetik bir nəfəsdir (mücərrəd reallıqdır). Bir sözlə ibrətamizdir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Rafiq Yusifoğlu yaradıcılığında bütün mövzulara yanaşma özünəməxsusluğu ilə seçilir. Ustada can sağlığı və uzun ömür arzulayıram! Hələlik, dəyərli oxucular.
YETMİŞ İKİNCİ YAZI PAYIZDAN SÖZ DÜŞƏNDƏ (Təvəkkül Goruslu yaradıcılığında payız lövhələri) Salam olsun, çox dəyərli oxucum! Laçını bir neçə dəfə al-əlvan, güllü-çiçəkli görmüşdüm. Onun payızı da yazından heç geri qalmır. Müdhiş mənzərə adamı lap uzaqlara – qarşıdakı dağların ötəsinə götür. Mənzərə qeyri-iradi olaraq düşüncədə Gorus assosiasiyası yaradır. Gorus isə özlüyündə Təvəkkül Goruslu imzasını xatırladır. Bu məqamda – Laçında goruslu şairi xatırladığım üçün – gərək laçınlı ustadlar; Nazim Əhmədli, Adil Cəfakeş məni bağışlasın. Mənim bir təqsirim yoxdur. Bu məsələdə üç səbəbkar var: -mudhiş mənzərə, -mənzərəni yaradan payız, -payızı nəzmə çəkən şair Təvəkkül Goruslu. Payız – Azərbaycan poeziyasında həm bolluq fəsli, həm də düşüncələrin dərinləşdiyi, zamanın yavaşıyıb insanın özünə qayıtdığı bir hal kimi təqdim edilir. Bəndəniz hələ də bu fikirdədir: Dağ-dərədə deyib-gülən, Düzdə dolan gözdü payız. Təbiətin möcüzəsi, Bizə olan sözdü payız. Bəli, payız (güz) insanın olğun, sözün dolğun çağıdır. Obrazlı şəkildə desək, payız var olanın yetkinlik dövrünü əks etdirir. Təvəkkül Goruslunun poetik dünyasında da payız yalnız fəsillərin ardıcıllığından biri – növbəti fəsil kimi deyil, məhz həm də insanın həyat təcrübəsini, əməklə topladığı qazancı, ömür yolunun sınaqlarını ifadə edən simvolik bir mərhələ kimi təqdim olunduğna görə diqqəti cəlb edir və müasir dövrümüzdə şairin müasirləri tərəfindən yaradılmış digər nümunələrdən yaxşı mənada seçilir. Necə deyərlər: Ustac dəyər verər sözə, Qabda nə var çıxar üzə, …
Onun “Payıza düşər” və “Payız yağışı” şeirləri payızın poetik ovqatını təkcə təbiətlə yox, insanın iç dünyasıyla da birləşdirir. Bu şeirlərdə payız həm zəhmətin mükafatı, həm də taleyin bir sınağı kimi görünür. “Payıza düşər” şeirində şair fəsillərin yarışını təsvir edir. Təbiətin dəyişməsi yalnız təbiətin yox, həm də insan əməyinin dövri prosesləridir. Baharın təravəti, yayın istisi, qışın sərtliyi – hamısı payızda öz nəticəsini verir: “Yarpaqlar qızılı, qırmızı rəngdə, Fəsillərin nuru payıza düşər.” Burada payız, əslində, il boyu görülən işin yekunudur. Bu səbəbdən kəndlinin (zəhmətkeş insanların) ən çox ümid bağladığı vaxt da payızdır. Şair sadə kəndli həyatının ritmini poeziyanın içindən keçirərək göstərir ki, payıza çatan zəhmət artıq “bar-bəhər” olur: “Gəlincə gətirər barı-bəhəri, Kəndlilər lap sübhdən açar səhəri.” Bu misralar kənd əməyinin poetik salnaməsidir. Bir ilin son sorusu, son nəfəsi, son imtahanı payızda verilir. Uşaqlıqdan çoxumuzun yaddaşına ömürlük yazılmış: – “cücəni payızda sayarlar” – məsəlində də məhz bu anlam vurğulanır. Maddi bolluq – bağ-bağçanın, mal-heyvanın yekun məhsulları – hamısı kəndlinin gözləntisinin gerçəkləşdiyi məqamdır. Bəndəniz: Yarpağı tökülüb olsa da sarı, Payızda yetişir tutların xarı, Deyirlər, payızda qarşıla yarı, Nar sulu, alma bol, heyvası sarı… Görək ustad sənətkar Təvəkkül Goruslu necə deyir: “Fəsillərin varı payıza düşər!” Məşqdən bir cümlə ilə – sənətkarlıq da məhz budur. Təvəkkül Goruslunun payızı – zəhmət fəlsəfəsi üzərində qurulan milli həyat lövhəsidir. Payız yağışı – ovqatın, taleyin və təkliyin işarəsi “Payız yağışı” şeirində isə şair payızı daha fərqli rakursdan təqdim edir. Bu dəfə payız insana ağırlıq gətirən, düşüncələri dərinləşdirən, bəzən də yorğan kimi çökmüş köhnə hissələrin simvoludur. Şair payızın yağışından çəkinir, onu özünə yaxın buraxmaq istəmir: “Sil gözün yaşını, ağlama payız, Yağma üzərimə payız yağışı.” Burada payız yağışı artıq əməyin bəhrəsini yığan fəsil deyil, insanın içində yığılıb qalmış kədərin metaforasıdır. Təvəkkül Goruslu kədəri təbiətlə danışdırır, sanki yağış insanın üstündəki yükü daha da ağırlaşdıran bir varlığa çevrilir. “Yağış islanmışın nəyinə lazım…” Bu misra həm həyat müşahidəsi, həm də daxili yorğunluğun qısa, lakonik izahıdır. Payız bəzən insana rahatlıq gətirmir, əksinə, içində gizlənmiş xiffəti oyadır. Şeir boyunca aydın görünür ki, şairin payıza münasibəti həm isti, həm də ehtiyatlıdır. Bir tərəfdən payızın bolluq fəslidir: “Payız məhsul fəsli, evlər tikəndi, Varını, barını önə tökəndi.” Digər tərəfdən payız insana “tez tükənən” ömür hisslərini xatırladır. Şairin sözündə burada melanxoliyaya meyillilik boy göstərir: “Yerdən qaldırmamış nə tez tükəndin…” Beləcə, payız yağışı həm təbiətin hadisəsi, həm də insan ömrünün metaforası kimi verilir. Payız obrazlarının poetik mahiyyəti Təvəkkül Goruslunun payız poetikası üç əsas xətt üzrə formalaşır: Əmək və zəhmət fəlsəfəsi Payızın kəndli həyatındakı əhəmiyyəti şairin şeirlərində geniş şəkildə təqdim olunur. Şair üçün payız – əməyin nəticəsi, zəhmətin sevinci, ilin hesabatıdır. İnsan ömrü ilə paralellər Payız həm də insanın həyat dövrlərindən biridir. Yaz – gənclik, yay – yetkinlik, payız – müdriklik, yığım mərhələsi, qış – ömrün qapanışı kimi verilir. Ovqatın dərinləşməsi Payız yağışında kədər, sis, duman, yorğunluq kimi hisslər toplanır. Şair bu hissləri təbiətə köçürür və təbiət də insan kimi dərdə bürünür. Təvəkkül Goruslunun yaradıcılığında payız fəsli yalnız təbiət hadisəsi deyil, həm də həyatın, zəhmətin, taleyin və insan duyğularının güzgüsüdür. Onun payız lövhələrində həm kənd həyatının reallığı, həm də insan ruhunun poetik çırpıntıları var. “Payıza düşər”də zəhmətin bəhrəsi, bolluq və fəsillərin harmoniyası ön planda dayanırsa, “Payız yağışı”nda hüzün, yorğunluq və daxili təlatüm çalarları görünür. Bu müxtəliflik şairin həm həyatsevərliyini, həm də müşahidə qabiliyyətinin gücünü açıq şəkildə göstərir. Payızdan söz düşəndə, Təvəkkül Goruslunun misralarında təbiətin nəfəsi ilə insanın nəfəsi eyni ritmdə səslənir. Bu da onun poeziyasını oxucuya həm doğma, həm də düşündürücü edən əsas cəhətlərdən biridir. Ümumilikdə isə Təvəkkül Goruslu (“Gorus”, “Gorussuz” necə yazsanız da hamısında Gorus var, nəticə bütün hallarda “Gorus”lu olursunuz) müasir Azərbaycan poeziyasının klassik imicdə keşiyində (hər gün) ayıq-sayıq dayanan barmaqla sayılacaq qədər çox az saylı nümayəndəlarindən biridir. Ustad sənətkarı bu yazımla salamlayır, məzmunlu, bəndi-bərəsi yerində, əsl poeziya nümunələrini şairin öz dilindən tezliklə Zəngəzurda, Gorusumuzda, Göyçə gölünün sahilində dinləyəcəyimə inanıram. Ürəkli, tərəddüdsüz şeirlərinin sonuna “Təvəkkül Goruslu” yaz, Ustad! Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Allah amanında. Deyirəm, Laçında salamlaşıb, Bakıda sağollaşmağın ləzzəti bir başqadır. Böyük Allah dövlətimizin bayrağını daim uca etsin İnşəAllah!
Siz heç gülüşlərinizin arxasında gizlətdinizmi göz yaşlarınızı, Hıçqırıqlarınızı təbəssümünüzdə boğdunuzmu heç? Dəli kimi hönkürdünüzmü qəh-qəhələrinizin ardınca, Bağrınıza basdınızmı xəyallarınızı gecə boyunca? Ağrılarınızı küçələrə, nisgilinizi dənizə tökdünüzmü, Gedənlərin xiffətini dalğa-dalğa, sahil-sahil çəkdinizmi? Şəkil-şəkil dolandınızmı gecənin başına, Bir telefon zəngiylə ovutdunuzmu həsrətinizi, ulduz-ulduz xatirələrərin başı üstə sabahladızmı? Divar-divar dinşədizmi sükutu, Səssizliyi qapı-qapı puzdunuzmu? Diksindinizmi hər külək uğultusuna, yağış səsinə, Bir də.. Bir də bulud-bulud yığışdınızmı payızın kölgəsinə, Xəzəl-xəzəl susdunuzmu?
****
Harda qaldı ətəyi yer süpürən, başı çalmalı analar, Cibləri noğullu, şirnili, qucağı ərikli, almalı analar? Yığışıb ocaq başında yuxa yayardılar, İnək sağar, yun əyirər, nehrə çalxayardılar. Bişirdikləri yeməkdən özlərinə pay düşməzdi, ətrindən doyardılar. Saçlarımız əllərində, Adımız dillərində sığallanardı, Nağıllanardıq. Gecələr xalça toxuyar, corab yamayar, paltar tikərdilər, Zərif çiyinlərində dünyanın yükünü çəkərdilər. Utanardılar, böyüklərin yanında qucağa uşaq götürməzdilər, İnanclıydılar, Tanrıya, imama, övliyaya şəkk gətirməzdilər. Özlərinin hesab-kitabı vardı, Ruziləri bu qışdan o qışacan çatardı. Yer belləyər, əkin əkərdilər, Hər işdə pərgardılar, zərgərdilər. Gec yatıb tez oyanardılar, Hər kəsin nazıyla oynayardılar. Şükürlü, dualıydılar, Ayağı sayalıydılar. Harda qaldı əli xınalı, başı örpəkli analar, Süfrəsi bərəkətli, üzü çörəkli analar.