Yurd həsrətinin sözə çevrilmiş taleyi (Samir Abdullayevin “Köçürülmüş talelər”i) Salam olsun, çox dəyərli oxucum. Bu dəfə söhbətimizin mövzusu Qərbi Azərbaycan, Göyçə mahalı, əzəli və əbədi yurdumuzun hekayətlərə dönmüş insan taleləri haqqında olacaq. Azərbaycan ədəbiyyatında və publisistik düşüncəsində yurd həsrəti, köç, deportasiya və itirilmiş torpaqların ağrısı daim xüsusi bir mövzu kimi yer almışdır. Statusundan, cəmiyyətdə mövqeyindən asılı olmayaraq müxtəlif yaradıcı nəsillərə məxsus qələm adamlarının zaman-zaman bu mövzuda samballı əsərlər ortaya qoyublar. Mövzu bu gün də aktuallığını qoruyub saxlayır. Bu baxımdan “Köçürülmüş talelər” kitabı köhnə mövzuda yeni səs kimi duyulur. Kitabın müəllifi Samir Abdullayev (Arifoğlu) bu mövzunu yeni bir baxışla oxucuya təqdim edən müəlliflərdən biri kimi diqqəti cəlb edir. “Köçürülmüş talelər” əsəri sadəcə bir kitab deyil, eyni zamanda tarixə çevrilmiş ağrıların və itirilmiş ocaqların bədii-publisistik ifadəsidir. Müəllif bu kitab vasitəsilə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların həyat hekayələrini, onların yaşadığı mənəvi sarsıntıları və yaddaşlarda yaşayan yurd sevgisini oxucuya çatdırmağa çalışır. Kitabın əsas ideyası insan taleləri üzərində qurulmuş böyük bir tarixi faciəni göstərməkdir. Burada yalnız köçdən deyil, həm də itirilmiş həyat tərzindən, yarımçıq qalan xatirələrdən və insanın öz kökünə bağlılığından danışılır. Hər bir səhifədə hiss olunur ki, müəllif bu mövzunu uzaq müşahidəçi kimi deyil, birbaşa həmin taleyi yaşamış insan kimi qələmə alır. Kitabın müəllifi Samir Abdullayev (Arifoğlu) 1984-cü ildə Göyçə mahalının Çəmbərək bölgəsində yerləşən Ardanış kəndində anadan olmuşdur. Onun uşaqlıq illəri taleyin sərt sınaqları ilə müşayiət olunmuşdur. 1988-ci ildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların kütləvi deportasiyası nəticəsində minlərlə insan kimi Samir Abdullayevin (Arifoğlu) ailəsi də doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. Müəllifin özünün də qeyd etdiyi kimi, “Mən Göyçədən çıxmağımızı xatırlamıram”. Bu cümlə əslində bütöv bir nəslin taleyini ifadə edən simvolik fikirdir. Vizual olaraq xatırlamadığı yurd yerini damarda axan qanın, cismindəki ruhun yaddaşı ilə bir belə unutmayan Samir kimi minlərlə Vətən övladları bu gün də bu həsrətlə yaşayır. O böyük qayıdış gününü səbirsizliklə gözləyirlər. Sevindirici haldır ki, gənclərimiz yurd yerinin xatirəsini sadəcə özləri üçün diri tutmaqla kifayətlənməyib bu vacib məsələnin təbliği yolunda da uğurlu addımlar atırlar. Samirin “Köçürülmüş talelər”i məhz bu baxımdan olduqca əhəmiyyətlidir. O, doğma yurdundan ayrıldığı vaxt uşaq olsa da, ata-babalarının yurduna olan bağlılıq, o torpaqlar haqqında eşitdiyi xatirələr və yaddaşlarda yaşayan Göyçə obrazı onun yaradıcılığında əsas mövzulardan birinə çevrilmişdir. Kitabın mühüm xüsusiyyətlərindən biri də müəllifin Göyçə mahalına olan mənəvi bağlılığıdır. Göyçə yalnız bir coğrafi məkan kimi deyil, həm də milli yaddaşın, folklorun, mədəniyyətin və azərbaycanlı kimliyinin mühüm bir parçası kimi təqdim edilir. “Köçürülmüş talelər” kitabında yer alan “Ruhuna xəyanət etmərəm”, “Köçürülmüş talelər”, “Onun adı Lena idi”, “Anamın yaddaşı” kimi bir-birindən dəyərli nümunələr yatmaqla müəllif göstərir ki, doğma torpaqdan ayrılmaq yalnız fiziki məkan dəyişməsi deyil. Bu, həm də insanın həyat tərzinin, xatirələrinin və kimliyinin sarsılması deməkdir. Göyçənin dağları, kəndləri, gölü, qədim yaşayış məskənləri – bütün bunlar kitabın səhifələrində nostalji və həsrət hissi ilə təsvir olunur. Kitabın əsas mövzularından biri də 1988-ci ildə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasıdır. Bu hadisə təkcə bir siyasi proses kimi deyil, həm də humanitar faciə kimi təqdim olunur. Müəllif müxtəlif insan talelərini, ailələrin parçalanmasını, doğma evlərin tərk edilməsini və yad diyarlara üz tutan insanların ümidsizliyini emosional və təsirli şəkildə təsvir edir. Bu talelər oxucuya göstərir ki, tarix yalnız faktlardan ibarət deyil – tarix həm də insan həyatlarının, hisslərinin və xatirələrinin toplusudur. “Köçürülmüş talelər” kitabının mühüm ideyalarından biri də qayıdış düşüncəsidir. Müəllif üçün qayıdış yalnız fiziki dönüş deyil, həm də tarixi ədalətin bərpası, milli yaddaşın qorunması və gələcək nəsillərin öz köklərini tanıması deməkdir. Kitabda hiss olunur ki, müəllif bu mövzunu yalnız keçmişin ağrısı kimi təqdim etmir. O, eyni zamanda gələcəyə ümidlə baxır və doğma torpaqlara qayıdış arzusunu canlı saxlayır. “Köçürülmüş talelər” kitabında yer almış eyni adlı povest və digər hekayələr həm bədii, həm də publisistik baxımdan mühüm əhəmiyyət daşıyır. Bu kitab bir tərəfdən Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların taleyini sənədləşdirən mənəvi yaddaş rolunu oynayır, digər tərəfdən isə milli kimlik və vətən sevgisi kimi dəyərləri oxucuya xatırladır. Müəllif bu kitabda bədii lövhələr vasitəsilə yaratdığı situasiyalarla göstərir ki, torpaq yalnız coğrafi məkan deyil. Torpaq insanın yaddaşı, tarixi və kimliyidir. Onu itirmək isə yalnız bir yurdun yox, bütöv bir həyatın itirilməsi deməkdir. “Köçürülmüş talelər” kitabı Samir Abdullayev (Arifoğlu)nun şəxsi taleyi ilə xalqın taleyinin qovuşduğu təsirli bir nümunədir. Bu kitab oxucuya bir daha xatırladır ki, tarix yalnız keçmişdə qalmır – o, insanların yaddaşında yaşayır və gələcək nəsillərə ötürülür. Yurd həsrəti, milli kimlik və qayıdış arzusu bu əsərin əsas ruhunu təşkil edir. Bu baxımdan “Köçürülmüş talelər” yalnız bir kitab deyil, həm də bir xalqın yaddaşına yazılmış ağrılı, lakin unudulmamalı bir tarixdir. Ən əsası ümiddir. Müəllifin yaratdığı bütün nümunələri birləşdirən ortaq özəllik məhz bu ümiddir. Yurda qayıdış ümidi… Dəyərli qardaşım, Samir arzu edirəm ki, tezliklə bu ümumi arzumuz da gerçəkləşsin! Siz öz Göyçənizə qovuşun, mən də Ağdamdan Laçından keçməklə Arzuman qardaşla sizə qonaq gəlim. O günlər elə də uzaqda deyil. Mən buna inanıram! Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Göyçə gölü sahilindən yazmaq ümidi ilə… Hələlik. 05.03.2026. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Ana həsrətinin poetik fəlsəfəsi (Nicat Ərtürkün “Ana həsrəti” kitabı haqqında) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu yenicə işıq üzü görmüş “Ana həsrəti” adlı kitab haqqında olacaq. Azərbaycan poeziyasında ana obrazı hər zaman müqəddəs, toxunulmaz və dərin mənəvi məna daşıyan bir zirvə kimi qəbul olunub. Bu zirvəyə qalxmaq isə yalnız səmimi hiss, daxili ağrı və poetik məsuliyyət tələb edir. Tanınmış şair Nicat Ərtürkün “Ana həsrəti” adlı şeirlər kitabı məhz bu mənəvi zirvəyə doğru atılmış səmimi və məsuliyyətli bir addımdır. QISA ARAYIŞ Nicat Ərtürk – Qasımzadə Nicat Ərrəhman oğlu 1982-ci ildə Naxçıvan MR-nın Sədərək rayonunun Sədərək kəndində anadan olub. İxtisasca ali təhsili iqtisadçıdır. Azərbaycan Yazıçılar Birliynin üzvü, ədəbiyyat sahəsində müvəffəqiyyətlərə görə təqdim edilən nüfuzlu “Qızıl qələm”, “Ziyadar” kimi mükafatların laureatıdır. “Səsləyir Zəngəzur, Qarabağ bizi” və “Zirvələrin fatehi” adlı kitabların müəllifidir. Haqqında söhbət açdığımız “Ana həsrəti” kitabı müəllifin oxucularla üçüncü görüşüdür. Kitabdakı nümunələr mövzusundan asılı olmayaraq bəzən həddindən artıq pafoslu görünsə də, əslində olduqca səmimi və fərdilikdən uzaq, ümumiləşdirilmiş problemlərin çözümü yolunda atılmış cəsarətli addımlar kimi qiymətləndirilməlidir. Kitabın adından başlayaraq oxucu dərhal anlayır ki, burada söhbət sadəcə fərdi bir kədərdən deyil, ümumbəşəri bir duyğudan – ana həsrətindən, insan varlığının ən kövrək və ən saf nöqtəsindən gedir. “Ana həsrəti” həm konkret bir itkinin ağrısı, həm də insanın mənəvi dayağını itirməsinin fəlsəfi izahıdır. Kitabda toplanmış şeirlərdə insan varlığının mənası, həyatın faniliyi, zamanın amansız axını və mənəvi dəyərlərin önəmi poetik düşüncə müstəvisində təqdim olunur. Şair şəxsi hiss və yaşantılarını ümumbəşəri ideyalar səviyyəsinə yüksəltməyi bacarır. Bu xüsusiyyət Nicat Ərtürkün poeziyasını sırf emosional ağrıdan çıxarıb dərin fəlsəfi qatlara daşıyır. Kitaba daxil edilmiş şeirlər içərisində ondan artıq nümunə adı və məzmunu ilə birbaşa anaya, ana həsrətinə bağlıdır. Bundan əlavə topludakı digər şeirlərin də böyük əksəriyyətinin ya məzmunu, ya da mətn daxilində bəzi fraqmentlər ana adı, ana həsrəti ilə dolayısıyla əlaqəlidir. Ana obrazı şeirlərdə yalnız bir insan deyil, mərhəmətin, qayğının, ilkin saflığın və ruhun sığınacağı kimi təqdim olunur. Ana itkisi isə sadəcə fiziki ayrılıq deyil, insanın iç dünyasında yaranan böyük boşluq, mənəvi yetimlik hissidir. “Ana həsrəti” kitabında dil sadə, anlaşıqlı, lakin dərin məna yüklüdür. Şair bəzəkli ifadələrdən daha çox, oxucunun qəlbinə toxunan səmimi sözlərə üstünlük verir. Bu sadəlik poeziyanın təsir gücünü azaltmır, əksinə, onu daha da gücləndirir. Nicat Ərtürkün şeirlərində daxili ahəng, ritm və emosional tarazlıq diqqəti cəlb edir. Hər misra bir hissin, bir düşüncənin daşıyıcısıdır. Oxucu bu şeirləri oxuyarkən təkcə müəllifin ağrısını deyil, öz daxilində gizlənmiş ana həsrətini də kəşf edir. Kitabın “Anamın əziz xatirəsinə ithaf edirəm” sözləri ilə başlaması bu poeziyanın ideya-mənəvi xəttini əvvəlcədən müəyyənləşdirir. Bu ithaf kitabı sadəcə bir şeir toplusu yox, ruhi etiraf, minnətdarlıq və sədaqət manifestinə çevirir. Oxucu anlayır ki, qarşısında duran misralar yazı masasında deyil, qəlbin ən dərin qatlarında doğulub. “Ana həsrəti” müasir oxucu üçün təkcə poetik zövq mənbəyi deyil, həm də mənəvi düşüncə kitabıdır. Bu şeirlər insanı öz kökünə, dəyərlərinə, valideyn sevgisinin əvəzsizliyinə qaytarır. Sürətli və maddiləşmiş dünyada bu cür əsərlər oxucuya dayanmağı, düşünməyi və hiss etməyi xatırladır. Ana həsrətinin poetik fəryadı, ümumiləşdirilmiş nisgil, milli kimlik məsələləri, əcdadlara ehtiram, özünü tanıma və təqdim etmə yuxarıda qeyd etdiyim kimi demək olar ki, topluda yer alan bütün nümunələrin məğzində dayansa da, söhbətimizi Nicat Ərtürkün “Ana həsrəti” kitabında (səhifə 53) yer almış eyni adlı şeirindən gətirəcəyim misallarla daha da zənginləşdirmək istəyirəm. Ana obrazı Azərbaycan poeziyasının ən müqəddəs, ən kövrək və ən dərin qatlarından birini təşkil edir. Bu obraz təkcə doğmalıq, qayğı və mərhəmət deyil, eyni zamanda insanın daxili dünyasının dayağı, mənəvi sığınacağıdır. Məhz bu baxımdan Nicat Ərtürkün “Ana həsrəti” şeiri ana mövzusuna həsr olunmuş əsərləri (əsərlər) içərisində xüsusi emosional dərinliyi və səmimiyyəti ilə seçilir. Şeirin ilk misralarından etibarən oxucu faciəli bir dönüş nöqtəsi ilə üz-üzə qalır: Dəyişdi gözümdə, dəyişdi zaman, Fırlandı başıma fırlandı dünyam. Bu misralarda zaman artıq adi axarında deyil. Ana itkisi ilə birlikdə zaman anlayışı da mənasını itirir, dünya oxun ətrafında fırlanan ağır bir yükə çevrilir. Şair burada şəxsi ağrını ümumbəşəri hissə çevirir: ana yoxdursa, həyatın nizamı da pozulur. Şeirin növbəti bəndlərində sevincin göz yaşına, evin işığının sönməsinə çevrilməsi təsvir olunur: Xoş günlər bir anda kədər döndü, Sevinc göz yaşlarım qəhərə döndü. Ana evin ruhudur. Onun yoxluğu təkcə bir insanın itkisi deyil, bir ocağın sönməsi, bir ailənin mənəvi sütununun dağılmasıdır. Şair bu həqiqəti bədii dillə, lakin son dərəcə real duyğularla ifadə edir. “Ana həsrəti” şeiri eyni zamanda insanın psixoloji sarsıntısının poetik gündəliyidir: Bir əsər qalmadı səbri-dözümümdən. Burada artıq təskinlik yoxdur. Şair etiraf edir ki, ana həsrəti qarşısında ən möhkəm iradə belə sarsılır. Bu etiraf şeiri daha da səmimi və inandırıcı edir. Əsərin diqqətçəkən cəhətlərindən biri də taleyə və zamana yönəlmiş açıq etirazdır: Etiraz edirəm sənsiz zamana, İstədim ki, artıq zaman dayana. Bu misralar insanın acı qarşısında acizliyini, eyni zamanda üsyankar ruhunu əks etdirir. Şair üçün zaman artıq şəfa verən deyil, əksinə, ağrını uzadan bir gücdür. Şeirin hər bəndinin sonunda təkrarlanan: Anama həsrət qaldığım günü misrası bir növ şeirin ürək döyüntüsünə çevrilir. Bu təkrar oxucunun yaddaşına həkk olunur və ana itkisinin unutulmaz, dəyişməz bir həqiqət olduğunu vurğulayır. Nicat Ərtürkün “Ana həsrəti” şeiri sadəcə bir şəxsi kədərin ifadəsi deyil. Bu əsər ana sevgisinin əvəzsizliyini, ana itkisi ilə insanın daxilində yaranan boşluğu, zamanla belə sağalmayan yaraları poetik dillə ortaya qoyur. Şeir oxucunu həm düşündürür, həm də öz ana xatirələri ilə üz-üzə qoyur. Bu əsər bir daha sübut edir ki, ana həsrəti – zamanla keçməyən, sözlərlə təsəlli tapmayan, yalnız poeziyada nəfəs alan bir dərddir. Nicat Ərtürk bu dərdi səmimi, sadə və təsirli bir dildə ifadə edərək oxucunun qəlbinə yol tapmağı bacarmışdır. Nicat Ərtürkün “Ana həsrəti” kitabı Azərbaycan poeziyasında ana mövzusuna həsr olunmuş səmimi, dərin və fəlsəfi kitablar arasında öz layiqli yerini tutmuşdur. Bu kitab oxucuya təkcə bir şairin daxili dünyasını deyil, hər bir insanın qəlbində gizlənən ana sevgisini və həsrətini göstərir. “Ana həsrəti” – bir kitabdan daha çox, bir qəlbin səsi, bir ruhun etirafı və bir ömrün poetik xatirəsidir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik. 28.02 – 01.03.2026. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
DOXSAN BEŞİNCİ YAZI FAİQİN “ŞUŞA”SI (Faiq Balabəylinin “Şuşa” şeiri haqqında) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu tanınmış ŞAİR Faiq Balabəylinin “Şuşa” şeiri olacaq. Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, bu mənim Faiq Balabəyli haqqında yazdığım ikinci yazıdır. Faiq Balabəyli mənim üçün şəxsiyyət olaraq müasir Azərbaycan ədəbiyyatının əsl şair həyatı yaşayan çox azsaylı nümayəndələrindən biridir. Yaradıcılığı isə ümumilikdə təbii, kövrək, səmimi notlar üzərinə köhnəlmiş həzin musiqi kimidir. Ney səsidir. Qanun melodiyaları, ud naləsidr. Onun haqqında oxuduğum ən dəyərli yazılardan biri bu gün də öz qüvvəsini itirməmiş filologiya elmləri doktoru, professor, tanınmış şair, bütün ruhu və canı ilə söz adamı Mahirə Nagıqızının qələmindən çıxıb. Mahirə xanım Faiq Balabəyli yaradıcılığına həsr etdiyi “Dəniz adamı” məqaləsində yazır: “Bütöv Azərbaycan uğrunda mübarizədə yorulmadan çalışan öz mənalı, məntiqli şeirləri, publisist yazıları ilə Faiq Balabəyli bir ordunun görəcəyi işi öz çiyinlərində şərəflə daşıyır, yorulmadan daşıyır.” Bəli həqiqətən bu belədir. Azərbaycan ədəbiyyatında vətən mövzusu həmişə aparıcı xətt olub. Lakin elə məqamlar var ki, vətən artıq coğrafi anlayış olmaqdan çıxır, yaddaşa, yaraya, həsrətə və qürura çevrilir. Məsələn müqəddəs ocaq olan Şuşamız. Şuşa haqqında çox şeirlər yazılıb və yazılacaq. Mənim ən çox bəyəndiyim Rəşad Məcidin Şuşaya həsr etdiyi şeirlərdir. Onun təkcə “Dilimin şəhdidir, dadıdı Şuşa.” misrası özü bir aləmdir. Ancaq Şuşa haqqında yazılmış və hələ yazılacaq şeirlər içərisində elə nümunələr var ki, onlar təkcə könülləri oxşamır, eyni zamanda tarixi yaşadır. ŞAİR Faiq Balabəylinin “Şuşa” şeiri məhz belə bir ruhun bədii-ideoloji cəhətdən poetik ifadəsidir. Bu şeir yalnız bir şəhərə ünvanlanmış poetik müraciət deyil, həm də illərlə ürəklərdə daşınan nisgilin, Vətən həsrətinin və nəhayət, qayıdış sevincinin bədii salnaməsidir. Şairin müraciəti sadə, lakin son dərəcə təsirlidir: “Mənim qoca şəhərim, mənim uca şəhərim, neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!” Bu misralarda həm sevgi, həm ağrı, həm də məsuliyyət var. Şuşa burada sadəcə şəhər deyil, yaşlı, yorğun, lakin əyilməyən bir varlıq kimi təqdim olunur. “Qoca” sözü zamanın ağırlığını, “uca” isə mənəvi yüksəlişi ifadə edir. Şair şəhəri həm fiziki, həm də mənəvi baxımdan ucaldır. Tarixi və mədəniyyət beşiyi olan Şuşa Azərbaycan xalqının milli kimliyinin ayrılmaz hissəsidir. Bu şəhər həm muğamın, həm poeziyanın, həm də qəhrəmanlıq salnaməsinin məkanıdır. Şairin“özümüzdən çox uzaq, könlümüzə çox yaxın” ifadəsi məhz bu mənəvi bağlılığın poetik təzahürüdür. Şeirin əsas emosional yükü“Axır ki, qayıtdıq, gözlərin aydın!” misrasında cəmlənir. Bu nida təkrarlandıqca şeir boyu bir ümid, bir zəfər notu güclənir. Həsrət yerini qürura verir. Şair Şuşanı qadın obrazında təqdim edir: “Qırmızı koftalı, yaşıl tumanlı, … abırlı, həyalı, nurlu, imanlı…” Bu təsvirlər milli koloritlə zəngindir. Şuşa burada ismətli, namuslu gəlin kimi təqdim olunur. Bu bənzətmə şəhərin paklığını, toxunulmazlığını və müqəddəsliyini vurğulayır. “Yaşıl meşələrdən qurşaq bağlayan, dumanı başına çalmatək çəkən” obrazı isə həm təbiətin gözəlliyini, həm də şəhərin əzəmətini canlandırır. Şeirin ən təsirli hissələrindən biri dostu Xaqan haqqında yazılan bölümdür. Şair fərdi ağrını ümummilli ağrı ilə birləşdirir: “Döyüşə-döyüşə tapdı şəhadət, ruhu səndə qaldı…” Burada şəhid obrazı təkcə bir insanın taleyi deyil, bütöv bir xalqın qurbanlıq tarixidir. “Gəmiyə çevrildi, üzdü” metaforası isə ruhun əbədiliyini, şəhidliyin ölməzliyini simvolizə edir. Şəhidin ruhunun quşa dönüb şəhərin başı üzərində dolaşması poetik baxımdan həm romantik, həm də mistik çalar daşıyır. Şairin Şuşaya qayıdışı təkcə fiziki dönüş deyil, həm də mənəvi arınmadır: “Doyunca əyilib içdim suyundan…” Su burada həyatın, təmizliyin, yenilənmənin rəmzidir. Qaratikanların, böyürtkənlərin əlini dalaması isə ağrının belə doğma və şirin olduğunu göstərir. Bu, vətən torpağının hər daşının, hər tikanının belə əziz olması ideyasını ifadə edir. “İsmətli, namuslu gəlin Şəhərim!” misrası ilə şair bir daha Şuşanı qadın obrazında ucaldır. Bu, şəhərin həm zərifliyini, həm də ləyaqətini ön plana çəkir. “Şuşa” şeiri yalnız lirik nümunə deyil, həm də güclü publisistik çalara malikdir. Burada konkret tarix, konkret ağrı və konkret qayıdış var. Şeir oxucunu passiv müşahidəçi kimi saxlamır; onu emosional olaraq prosesə cəlb edir. Faiq Balabəyli bu əsərlə göstərir ki, Şuşa təkcə coğrafi məkan deyil – o, milli yaddaşdır, mənəvi dirənişdir, zəfər rəmzidir. Şairin təkrar etdiyi “Axır ki, qayıtdıq!” nidası bir fərdin deyil, bütöv bir xalqın səsidir. Faiq Balabəylinin “Şuşa” şeiri Azərbaycan poeziyasında qayıdış motivinin ən təsirli ifadələrindən biri kimi dəyərləndirilə bilər. Burada həsrət, sevinc, şəhidlik, təbiət gözəlliyi və milli qürur bir araya gəlir. Şuşa həm yaralı, həm məğrur, həm də əbədi yaşayan bir obraz kimi təqdim olunur. Bu şeir oxucuya bir həqiqəti xatırladır: Vətən itirilə bilər, lakin unudula bilməz. Və bir gün mütləq qayıdış baş verir. Axır ki, qayıtdıq… Gözlərin aydın, Şuşa! Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm, çox dəyərli oxucum! Bu gün bu gözəl insanın – tanınmış ŞAİR Faiq Balabəylinin doğum günüdür. Təbrik edirəm, Qardaş! Gün o gün olsun ki, belə şeirləridən Təbriz üçün, Dərbənd üçün, … və neçə-neçə bax bu yazımı, elə bu dildəcə oxuyub anlayan şəhərlərimiz üçün yazasan İnşəAllah! 23.02.2026. Bakı.
Müharibə xoşbəxtliyi və insan ağrısı (Vaqif İsaqoğlunun “Qırmızı yağış” hekayəsi) Salam olsun, çox dəyərli oxucum! Budəfəki söhbətimizi yenicə əldə etdiyim, tanınmış söz adamı, hər iki cəbhədə silahdaşım, rütbədə və təcrübədə məndən böyük olan Vaqif İsaqoğlunun “Qırmızı yağış” kitabından seçdiyim eyni adlı hekayə əsasında qurmağa çalışacağam. Kitab adı ilə diqqətimi cəlb etdi. Bu ifadə anında “Qırmızı yarpaqlı ağac” hekayəmi xatırlatdı. Nəzərinizə çatdırım ki, Vaqif İsaqoğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüksək rütbəli döyüş yolu keçmiş zabitlərindən biridir. Ordunun, eyni zamanda Azərbaycanın ən ağır günlərində qələmin süngüyə çevirib cəbhədən cəbhəyə qaçan, əsgərlərlə bir qazandan yeyib, eyni kazarmada yatan döyüş zabitidir. Şübhəsiz ki, onun şərəfli döyüş yolu yazdıqlarına yansıyır. Azərbaycan ədəbiyyatında müasir dövrün ictimai-siyasi ağrılarını, müharibə travmasını və insanın daxili sarsıntılarını psixoloji dərinliklə təqdim edən müəlliflərin çoxundan fərqli olaraq, onun yazdıqları yazıçı fantaziysından daha çox, bədii don geyinmiş real həyat həqiqətləridir. Maraqlıdır ki, yaradıcılığının məhz bu cəhəti Vaqif İsaqoğlunu həm sevdirir, həm də müəyyən dairələrdə açıq publisist mövqeyinə görə həzm olunmasını çətinləşdirir. Hərbçi həyatının bütün xırdalıqlarına bələd olan, Azərbaycan əsgərinin şücaətini öz gözləri ilə görən Vaqif İsaqoğlu ən yaxın tariximizin ən dəqiq salnaməçilərindən biridir desək, yanılmarıq. Onun “Qırmızı yağış” hekayəsi yalnız bir fərdin faciəsi deyil, bütöv bir nəslin taleyini, müharibənin insan ruhunda açdığı sağalmaz yaraları əks etdirən təsirli bədii nümunədir. Hekayənin mərkəzində Nadir obrazı dayanır. O, müharibədə ayağını itirmiş, fiziki şikəstliklə yanaşı, mənəvi sarsıntı da yaşamış bir qazidir. Müəllif qəhrəmanın daxili aləmini incə psixoloji detallarla açır. Papirus tüstüsünün tavana doğru yayılması, güzgüdə özünə baxarkən yaşadığı sarsıntı, kəsilmiş ayağına zillənən baxışlar – bütün bunlar zahiri təsvir deyil, ruhun içində qopmuş fırtınanın əlamətləridir. “Qırmızı yağış” ifadəsi rəmzi məna daşıyır. Bu, sadəcə qanı xatırladan bir obraz deyil; bu, müharibənin göydən yağan bəlasıdır – insan talelərinə çökən faciədir. Qırmızı rəng burada həm qanı, həm də qəzəbi, həm də utancı simvolizə edir. Hekayənin ən ağrılı məqamlarından biri Nadirin cəbhədən qayıtdıqdan sonra qarşılaşdığı münasibətdir. Müharibədə sağlamlığını itirən bir insanın dinc həyatda işsiz qalması, zavod direktorunun laqeyd və kinayəli münasibəti cəmiyyətin mənəvi deformasiyasını göstərir. “Sənə veriləcək işimiz yoxdur” – cümləsi təkcə bir fərdin deyil, bütöv bir sistemin qəddarlığını ifadə edir. Daha ağır olan isə “Qarabağ? İndi hanı o Qarabağ? Onu niyə qoruya bilmədiniz?” kimi ironiya dolu sualdır. Bu sual bir qazinin yarasına duz səpməkdən başqa bir şey deyil. Müəllif burada müharibənin yükünü daşıyanlarla kabinetlərdə qərar verənlər arasındakı uçurumu ustalıqla göstərir. Vaqif İsaqoğlu hekayədə psixoloji realizm üslubundan istifadə edir. Nadirin öz-özü ilə mübarizəsi, ağlaya bilməməsi, səsini içinə gömməsi, qəzəbini yumruqla sinəsinə çırpması – bunlar travmanın təbii təzahürləridir. Müəllif hadisələri pafosla deyil, sakit, lakin sarsıdıcı dillə təqdim edir. Bu da əsərin təsir gücünü artırır. Güzgü motivi xüsusi diqqətə layiqdir. Qəhrəmanın güzgüyə baxaraq özünü tanımaması, saç-saqqalının ağardığını, alnında qırışların dərinləşdiyini görməsi zamanın və yaşananların insanı necə dəyişdirdiyini simvolizə edir. Güzgünün sındırılması isə daxili parçalanmanın vizual ifadəsidir. “Qırmızı yağış” hekayəsi yalnız Qarabağ savaşının kontekstində deyil, ümumilikdə müharibə və insanlıq dilemması fonunda oxunmalıdır. Müəllif göstərir ki, müharibə təkcə səngərdə olmur; o, insanın evinə, yataqxanasına, iş yerinə, hətta güzgüsünə qədər gedib çıxır. Fiziki savaş bitə bilər, lakin psixoloji savaş davam edir. Nadir obrazı bir fərd olmaqla yanaşı, simvolik xarakter daşıyır. O, itirilmiş sağlamlığın, sındırılmış arzuların, dəyərsizləşdirilmiş qəhrəmanlığın təcəssümüdür. Onun timsalında müəllif cəmiyyətə sual verir: Vətən uğrunda canından keçməyə hazır olan insanı sülh dövründə necə qarşılayırıq? Vaqif İsaqoğlunun dili sadə, lakin obrazlıdır. Təbiət təsvirləri, məkanın qaranlıq atmosferi, tüstü, güzgü, qırmızı rəng kimi detallar mətnin emosional fonunu gücləndirir. Dialoqlar qısa, lakin kəsərlidir. Hər cümlə arxasında böyük bir ağrı dayanır. Müəllif publisist ruhunu da qoruyur; hekayədə ictimai mesaj açıq şəkildə duyulur. Lakin bu mesaj bədii çərçivəni aşmır, didaktikliyə yuvarlanmır. Əksinə, oxucunu düşünməyə, vicdanı ilə üz-üzə qalmağa məcbur edir. “Qırmızı yağış” müharibə mövzusunda yazılmış adi bir hekayə deyil. Bu əsər insan ləyaqəti, sosial ədalət, vicdan və məsuliyyət haqqında dərin düşüncələr doğuran bədii manifestdir. Bir gəncin deyil, bütöv bir nəslin manifesti, harayı, fəryadıdır: “Yazığın ayağını itirdiyi vətəndə heç qəbri də olmadı”… Vaqif İsaqoğlu bu hekayə ilə sübut edir ki, ədəbiyyat təkcə estetik zövq üçün deyil, həm də yaddaş üçündür – unutmamaq, unutdurmamaq üçün. Kitabda “Qırmızı yağış”ın həmən ardınca “Yuxu” hekayəsi gəlir. Bu düzülüşn təsadüf olmadığına inanıram. Bu peşəkar qələm adamının hər bir kəlməyə, detala, sonuncu güllə həssaslığı ilə əsl döyüşcü yanaşmasıdır. Vaqif İsaqoğlu bu hekayəsi və ümumilikdə kitabda yer almış eyni ruhlu digər mətnləri ilə oxucunu oyatmağa çalışır. Düşündürür. Oxucuya bir həqiqəti xatırladır: qırmızı yağış dayansa belə, onun izi torpaqdan və insan qəlbindən uzun müddət silinmir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Vaqif İsaqoğlunun “Qırmızı yağış” kitabını mütləq oxuyun! Hələlik.
Turan Uğur:“Səməd Yusifcanlı ssenarilərimi, mətnlərimi həmişə əla oxuyur. Böyük həssasiyyətlə mətni duyur, hər sözün, hər kəlmənin haqqını verir. Hiss etdim ki, Səməd bəy bu gün “Türk ellərində Novruz ənənəsi” mövzusunun kadrarxasını daha şövqlə səsləndirdi. Məncə, çocuqluq illərinin Ağdam – Yusifcanlı xatirələri gözündə canlandı, ruhunu Novruz bayramının əzəmətinə aşiyan sandı, mətni oxuduqca təzələndi, sanki qırışığı açıldı. Allah canını sağlam, səsini qüvvətli, sözünü otkün eləsin!”
ZAUR USTAC: “Sözün əsl mənasında Ağdam rayonunun Yusifcanlı kəndində Novruz şənlikləri; Çilə gecəsi, Yelləncək qurma, Qarqara çıxmaq və digər bir-birindən maraqlı elementlərilə bir başqa idi… Bu şənliklər min illərdən bəri 1990-cı ilə qədər davam etdi. Yaxşı ki, o qədər keyfiyyətli olmasa da 1989-cu ildə AzTv bu tədbiri çəkib (bayram şənliyi bizim kəndimizdə – Yusifcanlı da çəkilsə də o vaxtkı icra-idarəetmə strukturu quruluşuna uyğun olaraq sovetliyin adı ilə Ağdam rayonu Novruzlu kəndi kimi təqdim olunub). Yəqin ki, AzTv-nin arxivində olar bu çəkiliş. Son 30 ildə bütün Şimali Azərbaycanı qarış-qarış gəzmiş bir şəxs olaraq qeyd etmək istəyirəm ki, başqa heç yanda bu qədər dəqiq və geniş ssenari üzrə zəngin təbii Novruz şənlikləri görmədim (bir az oxşayan Qazax -Tovuz bölgəsində var). 1979-1989, düz on il ərzində hər il bu şənliklər gözümün önündə keçirib və iştirakçısı olmuşam. Bütün elementlər hələ ki, yaddaşımda yaşayır…”
MÜQƏDDƏS SEVGİNİN TƏRƏNNÜMÜ (Məhəmməd Əlinin “Toplu”su haqqında) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu Azərbaycan Yazıçılar Birliynin üzvü, bulaq suyutək dumduru, dağ havasıtək tərtəmiz saf sevginin tərənnümçüsü kimi tanınmış şair Məhəmməd Əlinin “Toplu” adlı kitabı haqqında olacaq. Azərbaycan ədəbi mühitində bəzən elə kitablar yaranır ki, onlar təkcə bir müəllifin yaradıcılıq yolunun yekunu deyil, həm də bütöv bir düşüncə və duyğu sisteminin ifadəsinə çevrilir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Məhəmməd Əlinin “Toplu” adlı sanballı nəşri məhz belə kitablardandır. 2020-ci ildə Bakıda “SkyE” nəşriyyatında 720 səhifə həcmində çap olunmuş bu irihəcmli toplu müəllifin yaradıcılıq irsinin böyük bir qismini oxucuya təqdim edir. Kitabın tərtibçi-redaktoru Əli bəy Azəri, bədii redaktoru isə Şəlalə Nəsirlidir. Bu fakt özü-özlüyündə nəşrin məsuliyyət və peşəkarlıqla hazırlandığını göstərir. Xüsusən Əli bəy Azərinin toplama və tərtib işi müəllifin yaradıcılığını sistemli şəkildə oxucuya çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Çünki “Toplu” sadəcə şeirlərin bir araya gətirilməsi deyil, poetik dünyagörüşün mərhələli təqdimatıdır. Məhəmməd Əlinin poeziyasında təbiət motivləri xüsusi yer tutur. O, təbiət hadisələrini yalnız təsvir etmir, onları daxili aləmin, insan ruhunun aynasına çevirir. Yağış, külək, torpaq, dağ, çay – bütün bu obrazlar müəllifin şeirlərində canlı bir metaforaya çevrilir. Təbiət onun üçün həm ilham mənbəyidir, həm də insanın mənəvi saflığını qoruyan müqəddəs məkandır. Bu baxımdan “Toplu” kitabı oxucuya yalnız poetik mətnlər deyil, həm də müəllifin həyat fəlsəfəsini təqdim edir. Onun şeirlərində vətən sevgisi, insanlıq duyğusu, mənəvi dəyərlərə bağlılıq aydın sezilir. Şair-publisist olaraq Məhəmməd Əli sözü həm emosional, həm də ictimai məsuliyyət yükü ilə təqdim etməyi bacarır: Mən sirli bir kitabam; açın, oxuyun məni. Hələ sıranızdayam, yaxından duyun məni!” Məhəmməd Əli yalnız şair deyil, həm də publisistdir. Bu xüsusiyyət onun şeirlərində düşüncə dərinliyi, ictimai mövqe və vətəndaş məsuliyyəti kimi keyfiyyətləri gücləndirir. Onun poetik dili sadə və səmimi olmaqla yanaşı, ideya baxımından dolğundur. “Toplu” kitabında toplanmış əsərlərin geniş auditoriya üçün nəzərdə tutulması da təsadüfi deyil. Bu toplu müxtəlif yaş və zövqə malik oxucular üçün müraciət ünvanıdır. Həm klassik poeziyanın davamçıları, həm də müasir ədəbi nəfəs axtaranlar üçün kitabda kifayət qədər zəngin material var. “Toplu” həm də bir növ yaradıcılıq hesabatıdır. Oxucu burada şairin poetik inkişaf mərhələlərini izləyə, onun mövzu və üslub baxımından keçdiyi yolu aydın görə bilir. Tanınmış qələm adamı Əli Bəy Azəri kitaba yazdığı ön sözdə şairin yaradıcılıq taleyini, sözə münasibətini və ədəbi mühitdə keçdiyi mürəkkəb yolu dərin müşahidə və səmimi duyğularla təqdim edir. Bu ön söz təkcə bir kitabın giriş mətni deyil, həm də bir şair ömrünün poetik portretidir. Əli Bəy Azəri yazır ki, Məhəmməd Əlinin şeirlərində qarşısındakını duymaq üçün onu səbrlə dinləmək mədəniyyətinə malik söz zənginliyi hiss olunur. Onun üçün “sözün böyüyü-kiçiyi yoxdur, söz sözdür”. Bu fikir əslində şairin yaradıcılıq kredosunu açır. Müasir dövrdə söz çox zaman onu deyənin nüfuzuna görə qiymətləndirilsə də, Məhəmməd Əli sözün öz daxili çəkisinə, mənəvi yükünə inanır. Sözlə şəxsiyyətin vəhdətindən doğulan ifadə isə əbədiyyət qazanır. Əli bəy xüsusi olaraq vurğulanır ki, söz adamı yalnız fərd deyil, həm də bir dünyadır. Bu mənada Məhəmməd Əli də bütöv bir dünyadır – poeziyası saf yaylaq havasına bənzər, təmiz və sərbəst bir söz dünyası. Onun şeirlərində səmimiyyət, təbiilik və daxili təlatüm yanaşı addımlayır. Əli Bəy Azəri insan taleyi ilə bağlı fəlsəfi bir məqama toxunaraq qeyd edir ki, hər kəs bu fani dünyada öz taleyini yaşayır. Tale ilahi bir yazı olsa da, insan ağlı, dünyagörüşü və iradəsi ilə həyatına istiqamət verə bilir. Burada əsas məsələ fitri istedadın üzə çıxmasıdır. Əgər istedad cəmiyyət tərəfindən anlayış və dəstək görərsə, pərvazlanar; əks halda ya gizlənər, ya da başqa istiqamətə yönələr. Çünki insan enerjisini həm sevgidən, həm də nifrətdən ala bilir. Məhəmməd Əlinin taleyi də bu baxımdan ibrətamizdir. Ön sözdə qeyd olunduğu kimi, o, gənclik illərində ədəbi mühitdə istedadına birmənalı münasibət görməmiş, bəzi hallarda qısqanclıq və laqeydliklə qarşılaşmışdır. Bu səbəbdən fitri qabiliyyətini bir müddət sanki kölgəyə çəkərək başqa sahədə – mühəndislikdə özünü sınamış, zəhməti və əzmi ilə həmin sahədə ad-san qazanmışdır. Lakin qəlbində vulkan kimi püskürən şairlik istedadını heç zaman unutmayıb. Bu məqamda ön sözdə sitat gətirilən fikir diqqəti cəlb edir: şair ədəbiyyata gec gəlsə də, güclü nəfəs və dolğun sözlə gəlib. Hələ ötən əsrin 60-cı illərində şeirləri mətbuatda çap olunsa da, sonradan uzun bir sükut dövrü yaşayıb. Ancaq görünür, şairlik onun alın yazısı imiş. Çünki sözə bağlılıq taleyin hökmündən də güclü olur. “Toplu” kitabı bu mənada yalnız şeirlərin bir araya gətirilməsi deyil, həm də zamanın sınağından çıxmış bir söz adamının öz imzasını təsdiq etməsidir. Burada toplanan şeirlər həyatın müxtəlif qatlarını – sevgi və nisgili, vətən duyğusunu, insanın daxili çarpışmalarını, təbiətə bağlılığı əks etdirir. Onun poeziyasında pafosdan çox səmimiyyət, süni nəzərdən çox təbii axar üstünlük təşkil edir. Qeyri-ixtiyari nə vaxtsa şeirlərimin birində ifadə etdiyim: “Dərdin, ah-nalənin özü də SEVGİ” fikrini xatırlayıram. 720 səhifəlik bu “Toplu”da “Bu dünya”, “Azərbaycan”, “Qəbələm”, “Bakı”, “Xəzərim”, “Vətən”, “Qarabağ dərdi”, “Şuşa”, “Qobustan” kimi mayası sevgi olan nümunələr çoxdur. Bu mənada Əli bəy Azərinin içdən gələn saf sevginin tərənnümçüsü kimi tanınmış şair Məhəmməd Əlinin şeirlərindən ibarət tərtib etdiyi bu “Toplu”nu əsl sevgi ensiklopediyası adlandırmaq olar. Əli Bəy Azərinin ön sözü oxucunu belə bir qənaətə gətirir ki, Məhəmməd Əli üçün şeir sadəcə ədəbi janr deyil, daxili ehtiyacdır. Onun yazdıqları müqəddəs və sağ bir sevginin tərənnümüdür. O, sözün müqəddəsliyinə inanır və bu inam yaradıcılığının əsas dayağıdır. Şairin həyat yolu göstərir ki, istedad zaman-zaman sınağa çəkilsə də, əgər o, gerçəkdirsə, mütləq öz yolunu tapır. Azərbaycan poeziyasında sevgi mövzusu daim aparıcı xətt olmuşdur. Lakin hər şair sevgini eyni şəkildə təqdim etmir. Bəziləri onu ehtirasın alovu kimi, bəziləri nisgil və ayrılıq ağrısı kimi, bəziləri isə fəlsəfi-ruhi bir ucalıq kimi təqdim edir. Tanınmış şair Məhəmməd Əli isə“Mənim sevgim” şeirində sevgini saf, təmiz və müqəddəs bir duyğu kimi tərənnüm edir. Onun təqdim etdiyi sevgi nə ötəri həvəsdir, nə də keçici hiss. Bu sevgi mənəvi kamilliyin, daxili paklığın və ruhi bütövlüyün ifadəsidir. Bu şeir ümumilikdə Məhəmməd Əlini saf sevginin, məhəbbətin tərənnümçüsü kimi təqdim edən ən gözəl nümunələrindən biridir. Şeir ilk misralardan oxucunu incə bir estetik ovqata kökləyir: “İncə güldür, bir çiçəkdir, Mənim sevgim, mənim sevgim.” Burada sevgi zərifliklə, incəliklə assosiasiya olunur. Gül və çiçək obrazı təsadüfi deyil. Gül həm gözəlliyin, həm də paklığın simvoludur. Şair sevginin zahiri gözəlliklə deyil, daxili saflıqla dəyər qazandığını göstərir. Sevgi bir çiçək kimi qorunmalı, qayğı ilə bəslənməlidir. Bu obraz şairin duyğulara nə qədər həssas yanaşdığını göstərir. Növbəti misralarda sevgi artıq təkcə estetik yox, həm də mənəvi güc kimi təqdim olunur: “Arzu dolu bir ürəkdir, Mənim sevgim, mənim sevgim.” Burada sevgi insanın daxili aləmi ilə birləşir. O, ürəyin özüdür. Arzu dolu ürək ifadəsi sevginin hərəkətverici qüvvə olduğunu bildirir. Bu sevgi passiv hiss deyil; o, insanı yaşamağa, yaratmağa, irəli getməyə sövq edir. Şair daha sonra sevgini dinamika içində təqdim edir: “Dərə keçib, dağlar aşar, Çaylar kimi coşub-daşar.” Bu bənddə sevgi artıq qüvvət və iradə rəmzidir. O, maneələri aşır, sərhədləri tanımır. Dağ aşmaq və dərə keçmək Azərbaycan poeziyasında çətinliklərin simvoludur. Deməli, Məhəmməd Əlinin sevgisi sınaqlardan qorxmur. Çay kimi coşub-daşan sevgi həm təbii, həm də dayandırılmaz bir enerjidir. Bu sevgi insanın daxilində daim yenilənir, “gündən-günə cavanlaşır”. Şair burada sevginin zamanla solmadığını, əksinə, daha da gücləndiyini vurğulayır. Şeirin üçüncü hissəsində isə sevginin mənəvi-ruhi mahiyyəti açılır: “Ürəyimdən qopan səsdir, Sanma ötən bir həvəsdir. Saf, təmizdir, müqəddəsdir…” Burada əsas vurğu “saf”, “təmiz” və “müqəddəs” sözləri üzərindədir. Müəllif açıq şəkildə bildirir ki, onun sevgisi ötəri həvəs deyil. Bu, dərin mənəvi bağlılıqdır.“Ürəyimdən qopan səs” ifadəsi isə sevginin səmimiliyini göstərir. Bu duyğu kənardan gəlmir, daxildən doğur. Saxta deyil, təbii və gerçəkdir. Son bənddə sevgi artıq iki ruhun vəhdəti kimi təqdim olunur: “Mən güləndə o da gülər, Sevinc-dərdi yarı bölər. Məndə yaşar, mənlə ölər…” Bu misralar sevginin paylaşmaq mədəniyyəti olduğunu göstərir. Sevgi yalnız xoş günün deyil, çətinliyin də bölüşülməsidir. Əsl sevgi sevinci də, dərdi də yarı bölməyi bacarır. “Məndə yaşar, mənlə ölər” ifadəsi isə bu bağlılığın əbədilik ölçüsünü göstərir. Bu sevgi insanın varlığı ilə eyniləşir. Məhəmməd Əlinin bu şeirində diqqət çəkən əsas cəhət səmimilikdir. Şair pafosdan uzaqdır, mürəkkəb metaforalara aludə olmur. O, sadə, anlaşılan, lakin dərin məna daşıyan ifadələrlə sevginin fəlsəfəsini qurur. Təkrar olunan“Mənim sevgim” ifadəsi isə şeirin həm ritmik, həm də emosional dayağıdır. Bu təkrar sevginin dəyərini vurğulayır, onu şairin şəxsiyyətinin ayrılmaz hissəsinə çevirir. Bu şeir müasir dövrdə xüsusilə aktualdır. Çünki zamanımızda sevgi anlayışı çox vaxt səthi münasibətlərlə qarışdırılır. Məhəmməd Əli isə oxucuya xatırladır ki, sevgi safdırsa, müqəddəsdir; müqəddəsdirsə, davamlıdır; davamlıdırsa, insanı kamilləşdirir. Beləliklə, “Mənim sevgim” şeiri yalnız lirik etiraf deyil, həm də mənəvi bir manifestdir. Bu əsərdə şair saf sevgini ucaldır, onu həyatın mənəvi dayağı kimi təqdim edir. Onun sevgisi nə keçicidir, nə də təsadüfi. Bu sevgi insanın ruhunu saflaşdıran, onu ucaldan, yaşadan və mənalandıran bir qüvvədir. Məhəmməd Əli bu şeiri ilə bir daha sübut edir ki, əsl sevgi səs-küysüzdür, lakin güclüdür; sadədir, lakin müqəddəsdir; sakitdir, lakin dağları aşacaq qədər qüdrətlidir. Nəticə etibarilə, Məhəmməd Əlinin “Toplu” kitabı həm bir yaradıcılıq hesabatı, həm də sözə sədaqətin təntənəsidir. Bu kitab oxucuya bir daha xatırladır ki, sözün böyüyü-kiçiyi yoxdur – söz sözdür. Əgər o söz şəxsiyyətin bütövlüyündən doğursa, zamanın sərt küləkləri belə onu susdura bilmir. “Toplu” təkcə bir şairin yaradıcılıq külliyyatı deyil, həm də Azərbaycan poeziyasının müasir mərhələsində özünəməxsus bir töhfədir. Məhəmməd Əlinin təbiətdən, həyatdan və insan ruhundan süzülən misraları bu kitabda bir araya gələrək bütöv bir poetik dünya yaradır. Bu nəşr ədəbiyyatsevərlər üçün dəyərli bir mənbə, gələcək tədqiqatçılar üçün isə ciddi istinad nöqtəsidir. “Toplu” – adından da göründüyü kimi – bir yaradıcılığın bütöv panoramıdır və Azərbaycan poeziyasının zəngin xəzinəsinə əlavə olunmuş qiymətli bir incidir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun! 17.02.2026. Bakı.