ÇİLƏ GÜNÜ – ÇİLƏ GECƏSİ

Zaur Ustac – 16.03.2021. Çilə ecəsi. Bakı.

Salam olsun, çox dəyərli oxucum! Bu gün xüsusi bir gündür! Bu günü lap körpəlikdən (dəqiq 1979 – cu ilin mart ayından) Çilə Günü deyə tanıyır, bilirəm. Bu barədə “Qarqaraçıxılan gün” adlı kitabda məlumat vermişəm. Bilərəkdən “Çillə” deyil, məhz “Çilə Günü” yazıram. Çünki, belə eşitmişik, belə demişik. Bu gününün özəlliyi nədən ibarətdir? Bu barədə gördüklərimdən, etdiklərimdən Sizlər üçün qısa xatırlatma edəcəm. Bu günə hazırlıq adətən fevralda ilk – yalançı çərşənbə yandığı gündən hazırlıqlar başlayır. Qızlar, oğlanlar, qadınlar, kişilər, uşaqlar, yeniyetmələr, gənclər, böyüklər hər kəs öz qrupu ilə planlar qurur, tədərük görür və ilk öncə öz qrupları üçün Çilə keçirəcəkləri evi müəyyənləşdirirlər. Axşam çərşənbə qalanması ilə – axşamdan məclis başlayır. Ümumi məqsəd səhərə qədər oyaq qalmaqdan, səhər-səhər ilk tonqalı yandırıb üzərindən hoppanmaqdan, arx üstündən, tənək altından keçməkdən, yaxındakı axar su mənbəyindən məsələn kəhrizdən və ya bulaqdan su gətirməkdən ibarətdir. Gecə səhərə qədər oyaq qalınan müddəti maraqlı, əyləcəli, yaddaqalan etmək üçün hamımızn eşidib, bildiyi, kosa-kosa, qulaq falı və müasir oyunlar oynalınır. Bayramınız mübarək olsun!!!


Tərtibçi: 
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

“Akif min il keçsə belə unudulmayacaq!” – Akif Əli yazır

“Mehmet Akif və İstiqlal Marşı ili”

Qardaş Türkiyə ilə can-Azərbaycan arasındakı “Bir millət – iki dövlət” münasibətləri xüsusən, 44 günlük Vətən müharibəsi sınağından şərəflə çıxdı. Əlaqələrimiz daha da yaxınlaşma istiqamətində uğurla davam etmədədir. Oxşar milli, mədəni, dini, dünyəvi dəyərlərə malik hər iki ölkənin xalqları arasında dostluq, qardaşlıq telləri dünyada bənzəri olmayan bir strateji mahiyyət kəsb edir. İndi Azərbaycanda baş verənlər türk qardaşlarımızın, Türkiyədəki olaylarsa azərbaycanlıların maraq və diqqət dairəsindədir. Bu baxımdan Azərbaycan oxucusuna mahiyyət etibarilə oxşar dəyərlər daşıyıcısı olan bir yubiley tədbiri barədə məlumat vermək yerinə düşərdi. Belə ki, martın 12-də Türkiyədə Cümhuriyyətin Dövlət Himni olan “İstiqlal marşı”nın 100-cü ildönümü təntənə ilə qeyd edildi. “Mehmet Akif və İstiqlal Marşı ili”ni qardaş ölkə silsilə tədbirlər və maraqlı proqramlarla açdı.

“Akif min il keçsə belə unudulamayacaq!” – Bu sözlər daim Azərbaycanın yanında olan, xüsusən mənfur düşmən üzərində Şanlı Qələbənin qazanıldığı savaş günlərində xalqımıza və dövlətimizə əlindən gələn köməyi əsirgəməyən qardaş Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisinin (TBMM) Başkanı, Azərbaycana səfərləri zamanı səmimi dostluq duyğularını xalqımızla səxavətlə bölüşən hörmətli Mustafa Şəntopa məxsusdur. “İstiqlal Marşı”nın 100-cü ildönümü münasibətilə keçirilən təntənəli tədbirlərdə o bu ifadəni böyük inamla səsləndirdi.

Yubiley münasibətilə Türkiyə Cümhuriyyətinin Birinci Məclis binasında (o məşhur tarixi bina Ankarada yerləşir) xüsusi anma törəni keçirildi. Törənə TBMM Sədri Mustafa Şəntop, Ankara Valisi Vasip Şahin, TBMM Baş Katibi Mehmet Ali Kumbuzoğlu, Mehmet Akif Ərsoyun nəvəsi Səlma Arqon, millət vəkilləri və digər yetkililər qatıldılar. Sayğı duruşu və “İstiqlal Marşı”nın oxunması ilə başlayan törəndə Bursa Dövlət Teatrının quruluşunda “Mehmet Akif” tamaşası göstərildi. Görkəmli qələm ustası, milli şair Mehmet Akif Ərsoyu anma tədbirləri çərçivəsində Mehmet Akif Kültür Evində keçirilən başqa bir yubiley proqramına da qatılan Başkan Mustafa Şəntop, şair haqqında dərin məzmunlu çıxışları ilə yadda qaldı. Onun çıxışının bəzi məqamlarını hörmətli oxuculara təqdim edirik.

Mustafa Şəntop öz çıxışına bu sözlərlə başlamışdır: “Bu gün “İstiqlal Marşı”mız və onun şairi Mehmet Akif Ərsoy yurdumuzun dörd bir yanında hörmətlə, diqqətlə və minnətlə anılır. Onun əziz xatirəsi ürəklərdə və hafizələrdə yenidən təzələnir. Bu millət var olduqca özünün qiymətli şairini qəlbində anmağa və yaşatmağa davam edəcəkdir. Və Akifi anmaq, anlamaq, anlatmaq üçün hər fürsətdə bütün səmimiyyət və qeyrətilə çalışacaqdır”.

Mehmet Akifin millət və məmləkət sevdasının əsil örnəyi olduğunu bildirən Məclis Başkanı sonra dedi: “O, məzlumun dostu, zalımın düşməni olaraq, istiqlal və istiqbal davamızın güçlü, gur səsi idi. Millətin mənəviyyat cəbhəsinin öndəri olan Mehmet Akif, həyatı boyunca dövlətinə və millətinə tam sədaqətlə xidmət etmiş, Milli Mücadiləyə qeyd-şərtsiz dəstək vermiş, dövlətindən əməkli maaşı (pensiya) belə istəməmiş, heç bir qarşılıq gözləmədən dövlət və millət üçün çalışmışdır… Hamımızın bildiyimiz kimi, Türkiyə Böyük Millət Məclisi, “İstiqlal Marşı” yazmaq üçün müsabiqə keçirərkən, qalib üçün pul mükafatı təyin etdiyini eşidincə müsabiqəyə qatılmağı belə doğru hesab etməmişdir. Müsabiqəyə göndərilən 724 şeirin heç birinin milli marş olmağa layiq görülmədiyi səbəbindən, Akifin pul mükafatı həssasiyyətini öyrənən Maarif Vəkili Hamdullah Suphi Bəy, Akifə xahiş məktubu yazaraq, onun bu həssaslığını anladığını bildirmiş, eyni zamanda israrla onu da milli marş yazmağa inandırmışdır. Və şair iki gün ərzində evə qapanaraq, vəcdlə qəhrəman ordumuza ithaf etdiyi “İstiqlal Marşı”mızı qələmə almışdır”.

Mehmet Akif Ərsoyun Türk Ordusuna xitab kimi yazdığı “Bizim Qəhrəman Ordumuz” adlı həmin şeir parlamentdə oxunduqda böyük rəğbətlə qarşılanır. Əsər 12 mart 1921-ci ildə Məclisin iclasında Dövlət Himni olaraq qəbul edilir. Müsabiqənin qalibi üçün nəzərdə tutulan 500 lirə mükafatı almaqdan imtina edən Mehmet Akif bu şeiri Ordu və Millət üçün yazdığını deyir. “İstiqlal Marşı”nın bəstəkarı o dövrdə məşhur türk skripkaçısı kimi tanınan Osman Zəki Üngördür. Bəstəkar himnin sözləri üçün şeirdən ilk iki bəndi seçib. On bəndlik çox dəyərli nəzm əsərindən məhz həmin səkkiz misralıq iki bənd 100 ildir ki, milyonlarla türkün dilinin əzbəridir. Dövlət və hərbi tədbirlərdə, milli festivallarda, bayramlarda, idman tədbirlərində, məktəb mərasimlərində mütəmadi olaraq “İstiqlal Marşı” səslənir.

1921-ci ildə himnin qəbul edildiyi o əlamətdar 12 Mart günündə Mehmet Akifin əyninə geyməyə bir paltosu olmadığı üçün, dostunun paltosunu borc alaraq Məclisin toplantısına qatıldığını vurğulayan Mustafa Şəntop fikrini belə davam etdirir:

“Burdurdan millət vəkili olsa da, Mehmet Akif üzvü olduğu Məclisdə demək olar ki, iştirak edə bilmirdi. O, Milli Mücadilə dövrü ərzində Anadoluda şəhərdən şəhərə, tədbirdən tədbirə qaçaraq, sanki bir Məna Komandanı kimi milləti düşmənə qarşı təşkilatlandırmağa çalışırdı”.

Mehmet Akif Ərsoyun qazandığı bütün pulları, aldığı mükafatları şəhid və qazi ailələrinə bağışladığını xatırladan M. Şəntop deyib: “Məhz bu cür xeyirxahlığı üzündən Akif yüz il yox, min il keçsə belə unudulamayacaqdır! O böyük bir minnətdarlıq hisslərilə bəşərin vicdanında taxt qurmuş, əziz millətimizin könlündə özünə əbədi yer tutmuşdur. Milli Mücadilə dönəmində vətən uğruna illərlə ailəsindən və evladlarından uzaq düşən, “Öncə Vətəndir” deyə çarpışan milli şair Mehmet Akif üçün indi nə söyləsək də, bu qısa zaman kəsimində onu anlatmağa yetərli olmayacaqdır. Hamımızın bildiyi Çanaqqala savaşına həsr etdiyi şeirində, qəhrəman əskərlərimizin göstərdiyi qeyri-adi əzmkarlığa, şücaətə qoşduğu onlarla gözəl misralar boyunca qələmə aldığı minnətdarlıq, lütfkarlıq və zövqlü ithaflardan sonra da özünü aciz sanan şair Çanaqqala qəhrəmanlarına xitabən: “Sizin xatirənizi əbədiləşdirmək üçün yenə də heç nə edə bilmədim” – yazırdı…“

Yüz il öncə Mehmet Akifin cəmiyyəti itirilmək üzrə olan “milli şüura” çağırdığını, xırda irqçiliyə, ziyanlı bölgəçiliyə, bölücülüyə qarşı xəbərdar etdiyini deyən TBMM Başkanı Şəntop şairi belə qiymətləndirir:

“Əsir olmadan, kölə olmadan, azad və müstəqil yaşaya bilmək üçün, düşmənə qarşı müqavimət gücünə sahiblənmək üçün lazım olan qüdrəti hardan, necə tapmalı… Bunun üçün Akif milli birliyin düşmən toplarından daha güclü olduğunu xalqa aşılayırdı! Yüz ildən bəri Akif haqqında onlarca kitab, minlərcə məqalə yazılıb, saysız-hesabsız dərgilər çıxarılıb, neçə-neçə dəyərli insanlar Akifi böyük sayğıyla anaraq fəaliyyətini təqdir ediblər. Çünki Cəmil Meriçin dediyi kimi, Akif zəkası, duyğusu və imanıyla hər bir namuslu insanın yol yoldaşı və düşüncə tariximizin nəhənglərindən idi”.

“16 Mart 1920-ci il tarixində İstanbulda Məclis-i Məbusan işğalçıların silahlı basqısına məruz qalandan iki gün sonra, martın 18-də Məclisin daha etibarlı bir yerdə işini davam etdirməsi qərara alınır. Millət vəkilləri işğal güclərinin aramsız hücumlarını və yaratdıqları maneələri dəf edərək, Ankaraya çatmaq üçün yola çıxırlar. Cəmi 40 gün sonra, yəni 23 Aprel 1920-ci ildə Ankarada coşqun bir törənlə Millət Məclisi yenidən işinə davam edir. “Sebilürreşad” dərgisini Ankarada çıxartmaq üçün Mustafa Kamal Paşa tərəfindən dəvət edilən Mehmet Akif də bir gün sonra, aprelin 24-də Ankaraya gələ bilir. Məclisdə Burdur vəkili olaraq görəv alıb, bu səlahiyyətlə Anadolunu dolaşır, xalqda milli mücadilə ruhunu yüksəltəyə çalışır, ən önəmlisi – yeni dövlətimizin qurucu mətni olaraq qəhrəman ordumuza həsr etdiyi “İstiqlal Marşı”nı yazır”.

“İstiqlal Marşı”nın 100 illik yubileyinə həsr olunan tədbirin sonunda 2021-ci ilin həm də qədim türk abidəsi Bilgə Tonyuqukun yaranmasının 1300 illiyi olduğunu xatırladan M. Şəntop çıxışını bu sözlərlə yekunlaşdırır:

“Orxon abidələrinin məcmusu kimi olan və Bilgə Xaqanın şəxsən yazdığı “Türk Oğuz Bəyləri, millət, eşidin! Üstdə mavi göy çökməsə, altda qara yer dəlinməsə sənin elini, adətini kimsə pozamaz!”, – cümləsindəki çağırış “İstiqlal Marşı”nda “Qorxma! Sönməz bu şəfəqlərdə üzən al bayraq!” şəklində ifadə edilmişdir… Bu il Türkiyənin təklifi ilə UNESCO tərəfindən Səlçuqlu dönəminin Türk aydınlarından üç böyük şəxsiyyət üçün də anma ili elan edilmişdir. 2021-ci ili böyük Türk şairi Yunus Əmrənin vəfatının 700, Əhməd Yasəvi müridlərindən sultan Hacı Bektaş Vəlinin vəfatının 750 və Türk xırdavatçı-sənətkarlarının təşkilatlanmasının qurucu öncüsü Ahi Evranın doğumunun 850-ci ildönümüdür. Cümhuriyyətin elanının 100-cü ilinə yaxınlaşdığımız vaxtda, Ahi Evran, Hacı Bektaş Vəli, Yunus Əmrə və Mehmet Akiflə ilgili olaraq görüləcək əhəmiyyətli işlər Cümhuriyyəti hələ neçə-neçə yüzillərə daşımaq əzmimizin və qətiyyətimizin bir göstəricisi olacaqdır”.

***

İstiqlal Marşı

Mehmet Akif Ərsoy

Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq;
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq;
O mənimdir, o mənim millətimindir ancaq.

Çatma, qurban olum, çöhrəni ey nazlı hilal!
Qəhrəman xalqıma bir gül! Nə bu şiddət, bu cəlal?
Sənə olmaz tökülən qanlarımız sonra halal…
Haqqıdır, haqqa tapan, millətimin istiqlal!

Mən əzəldən bəridir hür yaşadım, hür yaşaram.
Hansı çılğın mənə zəncir vuracaqmış? Çaşaram!
Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşaram.
Yırtaram dağları, ənginlərə sığmam, daşaram.

Qərbin afaqını sarmışsa polad zirehli divar,
Mənim iman dolu köksüm kimi sərhəddim var.
Ulusum, qorxma! Necə belə bir imanı boğar,
“Mədəniyyət!” dediyin tək dişi qalmış canavar?

Arqadaş! Yurduma alçaqları uğratma, saqın.
Sipər et sinəni, dursun bu həyasızca axın.
Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın…
Kim bilər, bəlkə sabah, bəlkə sabahdan da yaxın.

Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı:
Düşün altındakı minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı:
Vermə, dünyaları alsan da, bu cənnət vatanı.

Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda?
Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!
Canı, cananı, bütün varımı alsın bu Xuda,
Etməsin tək vətənimdən məni dünyada cüda.

Ruhumun səndən, İlahi, budur ancaq diləyi:
Dəyməsin məbədimin köksünə naməhrəm əli.
Bu azanlar ki, şəhadətləri dinin təməli,
Əbədi yurdumun üstündə mənim inləməli.

O zaman vəcd ilə min səcdə edər varsa daşım,
Hər cərihamdan, İlahi, quruyub qanlı yaşım,
Fışqırır ruhi mücərrəd kimi yerdən nəşim;
O zaman yüksələrək ərşə dəyər bəlkə başım.

Dalğalan sən də şəfəqlər kimi ey şanlı hilal!
Olsun artıq tökülən qanlarımın hamısı halal.
Əbədiyyən sənə yox, xalqıma yox bil ki, zaval:
Haqqıdır, hür yaşamış, bayrağımın hürriyyət;
Haqqıdır, Haqqa tapan, millətimin istiqlal!

—————
14.03.2021

Akif Əli – Azərbaycan yazıçısı.

Müəllif: Akif ƏLİ
Əməkdar jurnalist,
fəlsəfə doktoru,
yazıçı-publisist.

İLKİN MƏNBƏ:

“Akif min il keçsə belə unudulmayacaq!” – Akif Əli


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

BABİL QÜLLƏSİ: ÇİNGİZ XAN HANSI DİLDƏ DANIŞIRDI?

Çingiz xanın Monqolustandakı möhtəşəm heykəli.

XX əsrin əvvəllərinədək Çingiz xanın türk olduğu, türk dilində danışdığı heç kimdə şübhə doğurmurdu. Lakin monqolşünaslıq bir elm sahəsi kimi yarandıqdan sonra belə bir fikir səslənməyə başladı ki, tarixin ən böyük fatehlərindən biri əslində monqol olmuş və monqol dilində danışmışdır.

Tarixçilərin bəziləri bu iddianı dəstəkləməyə başladılar. Amma onlarla razılaşmayanlar da var idi. Bunların əsas arqumentlərindən biri o idi ki, Çingiz xanın (1162–1227) nəvəsi Hülakü xanın (1217–1265) nəticəsi Qazan xanın (1271–1304) vəziri Fəzlullah Rəşidəddin (1247–1318) özünün “Cami ət-təvarix” əsərində həm Borciginlər nəslinin, həm də bütün tatar tayfalarının təmiz türk olduqlarını vurğulamışdır. Sözsüz ki, bu əsərin üzərində adlı-sanlı tatar dövlət xadimi və türk tarixinin ən mahir bilicilərindən biri sayılan Polad ağa (1240–1313) ilə birgə çalışmış Rəşidəddin öz hökmdarı Qazan xanla razılaşdırmadan həmin fikri qələmə ala bilməzdi. Ümumiyyətlə isə dövrümüzə gəlib çatmış salnamələrdən görünür ki, XIII əsrdə Çingiz xanın və tatarların türklüyü məsələsi mübahisə mövzusu deyildi. Düşmənləri də, dostları da onları türk hesab edirdilər. Amma fərqli fikirdə olanlar da vardı. Məsələn, Mahmud Kaşğari (1029–1101) “Divanu lüğət-it-türk” əsərində yazır: “Tatar və kay (qayı?) köçəri qəbilələrdir. Tatarlar və kayılar türk dilini yaxşı bilirlər. Lakin öz aralarında başqa bir dildə danışırlar”.

Qeyd etmək lazımdır ki, Çingiz xanın ətrafında birləşmiş tayfaların əksəriyyəti məhz tatar mənşəli idi. Beləliklə, tatarlar hansı dildə danışırdılar? Çingiz xanın birbaşa nəslindən olan İlxani hökmdarı Qazan xanın Roma papası VIII Bonifasiyə uyğur əlifbası ilə yazdığı 12 aprel 1302-ci il tarixli məktubun transkripsiyasına nəzər salaq, onu təhlilin analiz, müqayisə və statistik metodlarının köməyilə tədqiq edək.

İddiaya əsasən, bu məktub Roma papasının gizli arxivində aşkarlanmışdır.

Mətnin transkripsiyası

Qasan üge manu Baba.

Urida ber Bisqarun iyar çinu ilegsen duradqal, sayin üges, biçig. Bid andur kürbe qariğu inu ber Kőkedei küregen, Bisqarun, Tümen ğurban iyar jrlğ ilelegei. Edüge ber bögesü mőn kü yosuğar turbiĵu amui. Ta ber čerigüdiyen ĵasaĵu irgen, irgenü sultadtür ileĵü bolĵal ülü qoĵidan. Tngriyi ĵalbariĵu yeke üileyi uğuğata nigen ĵug bolğaya kemen. Ede Sadadin, Sinanadin, Samsadini ilebei. Ta Tngriyi ĵalbariĵu čerigüdiyen jaĵasadqun.

Bičig manu doluğan ĵağud nigenudtur bars ĵil qaburun ečüs sarayin arban dőrbene Qos Qabuqa büküidür bičibei.

Mətnin Azərbaycan dilinə tərcüməsi.

Qazan sözüm Babaya.

Əvvəlcə çatdı Biskarun ilə sənin göndərdiyin təkliflər, yaxşı sözlər, məktub. Biz buna görə, qarşılığında onun Kökedey kürəkən, Bisqarun, Tümən – üçü ilə əmri göndərdik. İndiki vəziyyətə gəlincə, hazırlıq görürük. Siz hazır edin əsgərlərinizi, əmri xalqlara, xalqların sultanlarına göndərin və işi gecikdirməyin. Tanrıya dua edərək böyük iş haqqında, (məmlüklərə qarşı müharibəni) yeganə məqsəd edəcəyik. (Bunu bildirmək üçün) Sadəddini, Sinanaddini və Səmsəddini göndərdik. Siz də Tanrıya dua edib əsgərlərinizi toplayın.

Məktubumu 701-ci pələng ili, baharın sonuncu ayının 14-də Qos Qabuğda yazdıq.

Mətndəki sözlərin müqayisəli təhlili

1. Qasan – türk dillərində şəxs adı (Qazan);

2. Üge – “söz”. Müasir monqol dilində “üq” formasındadır. Bu sözlə Azərbaycan dilindəki “öyüd” (“ögüd”) sözünün mənşəyi eynidir. Əslində, “öyüd” sözü iki hissədən ibarətdir: sözün kökü olan “öy” və cəm şəkilçisi “üd”. “Öyüd” sözünün birbaşa mənası “sözlər”dir. Yeri gəlmişkən, tərifləmək mənasını verən “öymək” sözündəki “öy” də “söz”dür. Belə ki, “filankəsi tərifləmək”, əslində “onun barəsində söz demək” anlamını ifadə edir.Həmçinin də əski türkcə «uge» hökmdar olmadığı zamanlarda qurultaya başçılıq edən dövlət adamı. Daha sonralar Baş vəzir anlamında işlədilib (red.).

3. Manu – “mənim”. Müasir monqol dilində “miniy” formasındadır. «Manu» əski türkcədən sankskrit dilən keçmiş «mən» sözündən yarandığı və insan soyunun ataları, prototipləri olan, meydana getirilmiş Manular mənasında işlənirdi. Bu söz anlam olaraq 4 qrupa bölünür. (red.)

4. Baba – göründüyü kimi, XIII əsr moğolları Roma papasına “Baba” deyə müraciət etmişlər. Belə bir ehtimal var ki, V əsrdə hunlar da Roma yepiskopuna “baba” (“ata”) demişlər. Qeyd etmək lazımdır ki, ingilis dilindəki “pope”, rus dilindəki “papa”, türk dilindəki “baba”, yenə də türk və monqol dillərindəki “aba” sözləri arasında həm forma, həm də məna eyniliyi vardır.

5. Urida – “əvvəl”. Müasir monqol dilində “urd”, “ert” formalarındadır. Ola bilsin ki, bu sözlər Azərbaycan dilindəki “ertə” və rus dilindəki «утро» (“səhər”), ingilis dilindəki “early” (“ertə”) sözləri ilə eyni mənşəlidir.

6. Ber (və ya “bar”) – güman ki, “gəldi”, “yetişdi”, “çatdı” mənalarını ifadə edir. Əgər bu ehtimal doğrudursa, XIII əsrin moğol dilindəki “ber” (və ya “bar”) sözü ilə müasir monqol dilindəki “irsen” (“çatdı”, “gəldi”) sözünün “ir” (“var”) hissəsinin, Azərbaycan dilindəki “vardı” (“çatdı”, “gəldi”), qədim türk dilindəki “bardı” (“çatdı”, “gəldi”) sözlərinin “var”–“bar” hissəsinin mənşəyi eynidir.

7. Bisqarun – XIII–XIV əsrlərin Genuya taciri və diplomatı Buskarello de Gizelfi.

8. İyar – müasir monqol və mancur dillərində bu sözün bənzərini müəyyən edə bilmədik. Çağdaş Özbək Türkcəsində «iyer-moq» (ияр-моқ) dial. ‘эргамоқ’ (s.346b) (arxasından getmək, izindən yürümək, təqib etmək) anlamında işlənir. Eyni feilin – t- artırılmasıyla genişlədilmiş forması da «iyart-moq» (иярт-моқ) iyermoq fl. ort. n. (s. 346b) olaraq verilmiş və ikisinin də eynı anlamda olduğu bildirilmişdir («Türk Dilinin Tarihi Söz Varlığından Örnekler II»)

Yalnız saxa dilindəki “kıtarı” (“ilə”) sözü ilə onun arasında tam olmayan oxşarlıq vardır. Mütəxəssislərin əksəriyyəti “iyar” sözünü “ilə” kimi tərcümə etmişlər.

9. Çinu – “sənin”. Müasir monqol dilində “çiniy” formasındadır. Monqol dilindəki “çi” şəxs əvəzliyi Azərbaycan dilindəki “sən” şəxs əvəzliyi ilə ehtimal ki, eyni mənşəyə malikdir;

10. İlegsen – “göndərdiyin”. Müasir monqol dilində “ilgeesen” şəklindədir. Forma və müəyyən dərəcədə məna baxımından türk dilindəki “ilgi” (“maraq”) sözünə bənzəyir. Müasir türk dilində “iletmek” (“ötürmək”, “çatdırmaq”) sözü də vardır. Həmçinin türk dillərindəki “ilçi”, “elçi” sözünü də göstərə bilərik.

11. Duradqal – bu söz XIII əsrin moğol dilindən “təkliflər” kimi tərcümə edilmişdir. Müasir monqol dilində “durdsan” (“xatırlatdıqların”), “durdax” (“xatırlamaq”) formalarındadır. Türk dillərində isə bu söz «durud» sözünə uyğundur və dua etmək, mədh edilən və s. anlamında işlənir.(red.)

12. Sayin – “sayılan”, “ehtiramlı”, “yaxşı” kimi mənaları ifadə edən bu söz müasir monqol dilində “sayn” formasındadır. “Sayın” sözünün etimologiyası və müxtəlif dillərdəki paralelləri haqqında “Babil qülləsi: Çingiz xan və seyidlər” adlı məqalədə geniş məlumat verilmişdir.

13. Biçig – bu söz həm qədim türk (“bitik”), həm də monqol dillərində vardır, “namə”, “məktub”, “kitab” mənalarını verir. Türk dilində «biçug» «sözünü tutmaq» anlamında işlənir. Məsələn: Erning biligi biçug. — Yəni verdiyi sözü tutmaz.

14. Bid – “biz”. Müasir monqol dilində “bi” – “mən”, “bid” – “biz”, “bidend” – “bizə”dir. Əslində, həm monqol dilindəki “bid”, həm də türk dillərindəki “biz” şəxs əvəzliyi iki hissədən ibarətdir: sözün kökü olan “bi” şəxs əvəzliyi və cəm şəkilçisi “id”, “iz”. Türk dillərində ilk rəqəmin “bir” adlanması da təsadüfi deyildir. Qədim insan saymağa özündən də başlaya bilərdi. Güman ki, “biz” şəxs əvəzliyinin ən qədim forması çuvaş dilindədir: “eper” – “ber” (tatar, başqırd) – “bir”.

15. Andur – zənnimizcə, bu söz Azərbaycan dilinə “buna” kimi tərcümə edilməlidir. Müasir monqol dilində “ene talaar” formasındadır. “Bu” sözü monqol dilində “ene” şəklindədir. Əslində isə, türk dillərindəki “ol” (“o”) sözü ilə monqol dilindəki “an”–“ene” (“bu”) sözünün mənşəyi ehtimal ki, eynidir. Azərbacan dilindəki -“na”, -“nə” şəkilçisinin funksiyasını müasir monqol dilində “deer” şəkilçisi yerinə yetirir.

16. Kürbe – müasir monqol dilində “əgər” mənasını ifadə edən “xervee” sözü vardır. “Əgər” və “xervee” sözləri məna baxımından eyni, formaca bənzərdirlər. Lakin mətnin məzmunundan görünür ki, “kürbe” sözü “əgər” deyil, “görə” kimi tərcümə edilməlidir. Qeyd etmək lazımdır ki, “kürbe” və “görə” sözləri arasında da zahiri oxşarlıq vardır. Yeri gəlmişkən, Azərbaycan dilindəki “gərəkdir” sözü müasir monqol dilində “xereqtey” şəklindədir.

17. Qariğu – böyük ehtimalla “cavabında”, “cavab olaraq”, “qarşılığında” kimi tərcümə edilməlidir. Müasir monqol dilində “xariudn” formasındadır. Ola bilsin ki, “qariğu” sözü ilə Azərbaycan dilindəki “qarşı” sözü arasında əlaqə vardır. Amma bunu birmənalı şəkildə iddia edə bilmərik.

18. İnu – güman ki, “onun”. Müasir monqol dilində “tüüniy” (“onun”, “onu”) şəklindədir. XIII əsrin moğol dilindəki “inu” sözü ilə Azərbaycan dilindəki “onun” sözü mənaca eyni, formaca bənzərdir.

19. Kőkedei – şəxs adı.

20. Küregen – müasir monqol dilində “xürgen”, Azərbaycan dilində “kürəkən” formasındadır.

21. Tümen – mətndə şəxs adıdır. Qədim türk dilində “tümən”, monqol dilində isə “tümen” formasındadır. Türk ordularında on min süvaridən ibarət təşkilati taktiki vahid “tümən” adlanırdı. Ehtimal edə bilərik ki, rus dilindəki «тьма», «темный», «туман», Azərbaycan dilindəki “duman”, digər türk dillərindəki “tuman”, isveç dilindəki “dimma”, fin dilindəki “sumu” sözləri də “tümen” sözü ilə əlaqəlidir. Ola bilsin ki, “tümən” sözü hind-Avropa dillərindəki “deh” (“on”) və türk dilindəki “min” sözlərinin birləşməsindən yaranmışdır. Yeri gəlmişkən, rus dilindəki «тыcяча» (“min”), ingilis dilindəki “thousand” (“min”) sözləri də eyni yolla əmələ gəlmişdir. Belə ki, “yüz”ə rus dilində «сто», ingilis dilində isə “hundred” deyilsə də, fikrimizi əsaslandıra bilərik. Rus dilindəki «кто», «что» sual əvəzliklərinin ilkin forması «кем» (“kim”), «чем» (“nə”) əvəzlikləridir. Güman ki, rus dilindəki «кем» sual əvəzliyi Azərbaycan dilindəki “kim” sual əvəzliyi ilə eyni mənşəyə malikdir. Ehtimal edirik ki, slavyan dillərindəki «сто» sözü də əvvəllər “sat” formasında olmuş, sonradan dəyişib indiki şəklinə düşmüşdür. “Yüz” sözü fars dilində “sad”, eston dilində “sada”, fin dilində “sata”, malaqasi (malay dillərinə aiddir) dilində “zato”, macar dilində “szaz”, qazax dilində “jüz”, müasir monqol dilində “zuu” formasındadır. Beləliklə, iddia edə bilərik ki, rus dilindəki «тысяча» sözünün «сяча» hissəsi və ingilis dilindəki “thousand” sözünün “sand” hissəsi ilkin dildəki “yüz” sözünün zaman və məkan kimi amillərin təsiri altında dəyişikliyə uğramış variantlarıdır.

22. Ğurban – “üç”. Müasir monqol dilində “qurav”, “qurban”, “qurvan”. Maraqlıdır ki, monqol dilindəki “qurav” sözü elə monqol dilindəki “quç” (“otuz”) sözünün vasitəsilə türk dilindəki “üç” sözünə yaxınlaşır: “qurav” – “quç” – “uç”, “üç”.

23. Jrlğ – “əmr”, “göstəriş”. Müasir monqol dilində “zarliq”, türk dillərində “yarlıq” formasındadır. Türk–monqol–mancur mənşəli “jar” (“xəbər”, “qışqırıq” – Azərbaycan dilində “zar”) sözündən yarandığı ehtimal edilir.

24. İlelegei – “göndərdik”. Müasir monqol dilində “ilgeesen” şəklindədir. Doqquzuncu sözə bax.

25. Edüge – “mövcud”, “hazırkı”, “indiki”, “bugünkü”. Müasir monqol dilində “odogiin”, “odoo” formalarındadır. Zənnimizcə, Azərbaycan dilindəki “indi”, “indiki”, Koreya dilindəki “hyundai” (“müasir”) sözləri ilə eyni mənşəyə malikdir.

26. Bögesü – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.

27. Mőn kü – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.

28. Yosuğar – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.

29. Turbiĵu – ehtimala görə, qədim monqol dilində “başlamaq”, “həyata keçirmək” kimi anlamları ifadə edən “toğurbi” feilindən yaranmışdır. Şübhəsiz ki, bu elə türk dillərindəki “doğurmaq” sözüdür.

30. Amui – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.

31. Ta – “siz”. Müasir monqol dilində də “ta” formasındadır.

32. Çerigüd – “çeriklər”, “əsgərlər”. Bu söz də iki hissədən ibarətdir: kök – “çerig” və cəm şəkilçisi – “üd”. Müasir monqol dilində “tsereq” (“əsgər”) formasındadır.

33. Jasaĵu – “yazını”, “göstərişi”. Türk dilində “yasaq” (“vergi”), monqol dilində isə “zasaq” (“hakimiyyət”) formasındadır.

34. İrgen – “irqlər”, “xalqlar”. Bu sözün müasir monqol dilində olub-olmadığını müəyyənləşdirə bilmədik. Ola bilsin ki, uyğurlar vasitəsilə ərəb dilindən keçmişdir.

35. Sultad – “sultanlara”, “hökmdarlara”. Bu da ərəb dilindən alınma sözdür.

36. İleĵü – “göndərin”. Müasir monqol dilində “ilgeex” formasındadır. Doqquzuncu sözə bax.

37. Boljal – “və”. Müasir monqol dilində “ba” və “bolon”, çuvaş dilində “pa”, Tıva dilində “bolqaş” və “bile”, türk dilində “ile”, xakas dilində “le” formasındadır. Zənnimizcə, bu sözlərin hamısı bir-birindən törəmişdir.

38. Ülü – böyük ehtimalla, “hərəkət”, “əməl”, “iş”. Müasir monqol dilində “üyl” formasındadır. Ola bilsin ki, Azərbaycan dilindəki “elə”, “əl” (“bədən üzvü”) sözləri ilə eyni mənşəlidir.

39. Qoĵidan – ola bilsin ki, “gecikdirməyin”, “yubatmayın”, “ləngiməyin”. Amma bu sözün eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.

40. Tngriyi – “Tanrıya”. Müasir monqol dilində “Tengeri” formasındadır. Azərbaycan dilində isə “Tanrı” sözü ilə yanaşı “dan yeri” ifadəsi də vardır. “Dan yeri” əslində elə “Tanrıdır”.

41. Jalbariĵu – “dua edib”. Müasir monqol dilində “zalbir”, “zalbiral” formasındadır. Fikrimizcə, Azərbaycan dilindəki “yalvarış” sözü ilə mətndəki “jalbariju” sözünün və müasir monqol dilindəki “zalbir” sözünün mənşəyi eynidir.

42. Yeke – “yekə”, “böyük”. Müasir monqol dilində “ix” şəklindədir. Bu söz özünün mətndəki formasını olduğu kimi Azərbaycan dilində saxlamışdır.

43. Üileyi – “hərəkət”, “əməl”, “iş”. Otuz səkkizinci sözə bax.

44. Uğuğata – “haqqında”, barəsində”, “üçün”, “naminə” kimi tərcümə edənlər vardır. Müasir monqol dilində həmin mənanı ifadə edən və “uğuğata” sözünə bənzəyən “tuxay” sözü vardır. Amma bu sözün eynisini, yaxud oxşarını müasir türk dillərində müəyyənləşdirə bilmədik.

45. Jug – müasir monqol dilindəki “tsuqluulax” sözü “yığışmaq” mənasını ifadə edir. Azərbaycan dilindəki “yığışmaq” sözünün “yığ” hissəsini də mətndəki “juq” sözü ilə müqayisə edə bilərik. Amma “juq” sözü “məqsəd”, “hədəf”, əslində isə “istiqamət” kimi də tərcümə edilir. Monqol dilində “çiqlel” (“istiqamət”) və “tseq” (“nöqtə”) sözləri vardır.

46. Bolğay – ehtimala əsasən, bu söz XIII əsrin moğol dilində “ol”, “olaq”, “olmaq” anlamını ifadə etmişdir. Deməli, moğol dilindəki “bolğay” sözü türk dilindəki “bol” (“ol”) sözünün eynidir. Yeri gəlmişkən, müasir monqol dilində “bolno” (“ol”) sözü mövcuddur.

47. Kemen – bu sözün eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.

48. Ede – bir varianta görə, “öz”, “özümüzün”, “bizim”. Müasir monqol dilində “tedniy” formasındadır. Digər varianta əsasən, “deyərək” anlamını ifadə edir.

49. Sadadin – şəxs adıdır.

50. Sinanadin – şəxs adıdır.

51. Samsadin-i – şəxs adıdır.

52. İlebei – “göndərdim”. Müasir monqol dilində “ilgeesen” formasındadır. Ola bilsin ki, “ilebei” sözü “ile” (“göndər”) və “bi” (“mən”) sözlərinin birləşməsindən yaranmışdır. Həmçinin doqquzuncu sözə bax.

53. Jaĵasadqun (və ya “jasadqun”) – bəzi variantlarda bu söz “toplayın”, “toplaşın”, “yığın”, “yığışın” kimi, digərlərində isə “hazırlaşın” kimi tərcümə edilmişdir. Zənnimizcə, ikinci

variant doğrudur. Onun eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.

54. Doluğan – “yeddi”. Müasir monqol dilində “doloo” formasındadır. Bu sözün türk dillərində bənzəri yoxdur.

55. Jağud – “yüz”. Müasir monqol dilində “zuu” formasındadır. Monqol dilindəki “zuu” sözü ilə türk dillərindəki “jüz”, macar dilindəki “szaz”, fars dilindəki “sad”, eston dilindəki “sada” sözlərinin mənşəyi eynidir.

56. Nigen – “bir”. Müasir monqol dilində “neq” şəklindədir. Hay dilindəki “meq”, macar dilindəki “egy”, fin dilindəki “yksi”, eston dilindəki “üks”, tacik dilindəki “yak”, fars dilindəki “yek”, Azərbaycan dilindəki “tək” sözü ilə eyni mənşəlidir.

57. Od – “da”, -“də”. Müasir monqol dilində “ond” şəklindədir.

58. Bars – “bars”, “bəbir”, “pələng”. Müasir monqol dilində “bar”, türk dillərində isə “bars” formasındadır. Qeyd etmək lazımdır ki, monqol dilindəki “bar”, türk dillərindəki “bars”, latın dilindəki “pard”, “pardus” (“bəbir”) sözləri arasında yaxınlıq vardır.

59. Jil – “il”. Müasir monqol dilində də “jil” şəklindədir. Zənnimizcə, monqol dilindəki “jil”, qazax dilindəki “jıl”, saxa dilindəki “sıl”, tacik dilindəki “sol”, kürd və fars dillərindəki “sal” sözlərinin mənşəyi eynidir.

60. Qaburun – “baharın”. Müasir monqol dilində “xavar” formasındadır. Monqol dilindəki “xavar” sözü ilə Azərbaycan dilindəki “bahar” və fars dilindəki “bəhar” sözləri mənaca eyni, formaca bənzərdirlər.

61. Ečüs – böyük ehtimalla, “sonuncu”, “axırıncı”. Monqol və türk dillərində bənzərini müəyyənləşdirə bilmədik.

62. Sarayin – “ay”, “ayın”. Müasir monqol dilində həm təvim ayına, həm də səma cismi aya “sar” deyilir. Zənnimizcə, o türk dillərindəki “ay” sözü ilə eyni mənşəyə malikdir.

63. Arban – “on”. Müasir monqol dilində “arvan”, “arban” şəklindədir. Bəlkə də bu sözün “ban”, “van” hissəsi çuvaş dilindəki “vunna” (“on”) sözünün vasitəsilə digər türk dillərindəki “on”, “un” sözü ilə əlaqəlidir.

64. Dőrben – “dörd”. Müasir monqol dilində “döröv”, “dörvön”, “durben” formasındadır. Şübhəsiz ki, türk dillərindəki “dörd” və mancur dillərindəki “dıgin” (“dörd”) sözləri ilə eyni mənşəlidir.

65. Qos Qabuğ – yer adıdır.

66. Büküidür – mətndən göründüyü kimi, bu söz Azərbaycan dilinə “yerdə”, yaxud “yaxınlığında”, “ətrafında” kimi tərcümə edilə bilər. Amma “büküidür” sözünün eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.

67. Bičibei – “biçdim”, “yazdım”. Müasir monqol dilində “biçsen” formasındadır.

Nəticə. Mətndə işlənmiş 82 sözdən yeddisi şəxs adı, biri titul, biri toponim, on üçü təkrarlanan sözlərdir. Yerdə 60 söz qalır. Onlardan təxminən qırx beşinin eynisi, yaxud bənzəri müasir Azərbaycan dilində vardır. Xatırladaq ki, müqayisə XIII əsrin moğol dili ilə XXI əsrin

Azərbaycan dili arasında aparılmış və belə bir nəticə (75%) alınmışdır. Görəsən, XIII əsrin moğol dili ilə VI əsrin türk dili arasında müqayisə aparılsaydı, nəticə necə olardı?

Beləliklə, bu qənaətə gələ bilərik ki, Çingiz xan indiki monqol dilinə yaxın olan bir dildə danışırdı. Lakin təhlilimiz göstərdi ki, həmin dil türk dilinə də yaxın idi. Çingiz xanın XIII–XIV əsrlərdə yaşamış və bu dildə danışmağı hələ yadırğamamış törəmələri də onu məhz türk dili adlandırırdılar.

Osmanlı səyyahı Övliya Çələbi (1611–1682) “Səyahətnamə” əsərində yazır: “Dağıstanda sayı 20.000 nəfərdən çox olan qaytaq xalqı yaşayır. Qaytaqlar nəhəng, enlikürək, fiziki cəhətdən çox möhkəm insanlardır. Heç bir at və qatır qaytağın bədəninin ağırlığına tab gətirə bilmir. Buna görə də onlar dağlardan piyada düşürlər, Şəki və Ərəş şəhərlərinə isə arabada gedirlər. Qaytaqlar oğuzdurlar, moğolların bir qoludurlar. Moğol ölkəsi Maxandandırlar. Amma özləri türkdürlər. Moğol dilində danışırlar. Lakin bu dili türk dili adlandırırlar”. Övliya Çələbi qaytaq dilində işlənən bəzi sözləri təqdim etmişdir. Onlardan bir neçəsinə nəzər salaq:

№ Azərbaycan dilində XVII əsrin qaytaq dilində Monqol dilində

1. At —— Mori —— Mori, aduu

2. Ayğır ——- Acirqa ——- Azarqa

3. Madyan ———— Güvən ———— Güü, baydsan

4. Dayça ————- Utqan ——— Unaqa, daaqa

5. İt ————- Noxay ———— Noxoy

6. Donuz ———- Qaxa ————— Qaxay

7. Dələ ———- Kerem ——— Xerem

8. Dovşan —— Taulay ——— Tuulay

9. Samur ——— Bulaqan —— Bulqa

10. Canavar(çönə, börü) ——— Çinoa ————- Çono

11. Dəvə, teve (çuvaş) ———— Temegen ——— Temee

12. Qatır, ———- laşa (çuvaş-at) —— Looşa Luus

13. Öküz, ———— vakar (çuvaş) ———— Xuer Üxer

14. Toyuq —— — Teqeu ———- Taxia

15. Şahin ———— Laçin ———— Naçin

16. Bit ———- Puvasud ———- Böös

17. Bildirçin —— Büdükçin —— Bödnö

18. Cücə —— Çiqe

19. Ceyran —— Ceyran

20. Yağı, düşmən —- Cad (yad?)

Qeyd. XVII əsrdə moğoldilli qaytaqların yaşadıqları ərazidə bugün əsasən Dağıstanın dargin xalqı yaşayır.

P.S. Əslində, bir sıra xüsusiyyətlərinə görə, elə indiki monqol dilini də türk dilinin uzaq dialekti hesab etmək olardı. Amma məsələ bundadır ki, linqvistlərin əksəriyyəti “hind-Avropa dil ailəsi” formalaşdırılarkən istifadə olunmuş meyarların universallığına inanır.


Müəllif: Araz ŞƏHRİLİ

Araşdırıcı – jurnalist

İLKİNMƏNBƏ: ÇİNGİZ XAN


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>