Uzun yıllardır federasyonumuzda başarılı çalışmalar yapan Azerbaycan başkanımız Sona İsmayılova, Askef genel kurulunda yeniden seçilerek, Azerbaycan başkanı ve Orta Asya ülkeleri örgütlenme sorumlusu olmuştur.Kendisine görevlerinde başarılar dileriz.
DƏDƏ ƏLƏSGƏR Sözə naxış vurub ozan dilində, Əzəli-əbədi Göyçə elində. Bəsirət gözü var Dədə elmində, Nur, haqq işığıdır Dədə Ələsgər! * * * Xalqa həqiqətdən mətləb qandırıb, Şeytanı öldürüb, nəfsin yandırıb, Özü könüllərdə xaniman qurub, Pir, haqq aşiqidir Dədə Ələsgər! * * * Sazıyla haqq sözün isbatın verib, Hər yanı eşqiylə baxanda görüb, Təbi-təbiəti göylərdən gəlib, Bir haqq aşığıdır Dədə Ələsgər! * * * Nur, haqq işığıdır Dədə Ələsgər! Pir, haqq aşiqidir Dədə Ələsgər! Bir haqq aşığıdır Dədə Ələsgər! Sirdir, haqq işidir Dədə Ələsgər! Müəllif: Tapdıq ƏLİBƏYLİ
QARANLIQDAN İŞIĞA Hekayə O tək yaşayır. Tək, tənha. Ancaq, tənha olduğunu bilən yoxdur. Bəlkə də bu tənhalıq deyil. Sadəcə adam tək yaşayır. Həmişə səliqəli geyinir. O qədər yüksək zövqlə geyinir ki, sanki bu geyimləri məhz bu uca boylu, gümüşü saçlı, yaşı 50-ni keçmiş kişi üçün fərdi şəkildə tikirlər. Hərdən qapısını döyən olur onun,ancaq, hamı qapıdan yola salınır. Heç kim onun necə yaşadığını bilmir. Mən də bilmirdim.Bəlkə də heç zaman bilməzdim, əgər bir təsadüf olmasaydı. Üç ildir ki, onunla bir binada bir mərtəbə yuxarıda yaşayıram. Hər gün onun qapısının qarşısından keçib yuxarı qalxıram. Bir gün, həmişəki kimi ordan keçəndə, düz qapının yanında ayağım burxuldu. Özümü zorla saxladım, əlimdəki çanta çırpıldı kişinin qapısına. Mən əllərimlə qapını qucaqlayıb qaldım. Elə bu vaxt qonşu qapını açdı,təəccüblə mənə baxıb: – Eşidirəm sizi,- dedi Kişinin zəhmini gördükdə dilim dolaşdı: – Mən… mən..burdan keçirdim.. ayağım ilişdi…bağışlayın,-dedim. – Buyurun, – deyib qapını bağladı. Mən çantamı çiynimə atıb pilləkənləri qalxdım. Evimin qapısını açıb içəri girdim və “İnsan nə qədər qəddar olmalıdır ki,qadına bir təsəlli də verməsin,”- deyə düşündüm. Bu qəribə insanın xasiyyətinə bələd olduğumdan tez sakitləşib işlərimlə məşğul oldum. Elə təzəcə işlərimi bitirmişdim ki,qapının zəngi basıldı. Qapını açanda gözlərimə inanmadım. Bir necə saat bundan əvvəl təsadüfən qapısına yapışdığım kişi idi gələn. – Sizdən nigaran qaldım.Bəlkə bir kömək lazımdır. Mən həkiməm,- deyə o bir nəfəsə bu sözləri tələffüz etdi. – Həkimsiniz? – Hə. -Yox. Çox sağ olun. Hər şey qaydasındadır. – Təki olsun. Sağ olun. O bu sözləri deyib pilləkənlərlə aşağı düşüb qapısını açdı sonra qapını çırpıb içəri girdi. Mən olanları təhlil etməyə çalışdım, amma, bacarmadım. Sonra düşündüm ki, gərək evə dəvət edəydim. Amma, yəqin ki, gəlməzdi. Mənim 28 yaşım var. İşlədiyim şirkət evimizdən uzaqdır. Ona görə tezdən oyanıram. Maşınımı qarajdan çıxarmağa, geyinib evdən çıxmağa çox vaxt sərf edirəm. Bu gün də tez oyanmışdım. Pəncərədən aşağı baxıb gördüm ki, həmin tək yaşayan qonşum maşınını qarajdan çıxarıb həyətdə siqaret çəkir. Sonra o maşının qabaq qapısını açıb oradan iri bir oyuncaq, ağ ayı, götürüb arxa oturacağa qoydu. Sonra ora bir dəstə gül də qoyub qapını bağladı və sürüb getdi.Düzü onu belə tezdən ilk dəfə görürdüm həyətdə. “Yəqin vacib bir adamı təbrik etməyə gedir, bu yaşda eşqə düşüb kişi yəqin”,- deyə düşündüm. Əslində neçə yaşı olduğunu bilmirdim,amma, zahirən 50- 55 yaş vermək olardı ona. Atam bu evi mənə alanda demişdi ki,qızım, Bakı rayon deyil, qonşular mehriban olmaya bilərlər. Sən hamıya hörmət et,heç kimdən heç nə umma. Anam tez-tez mənim yanımda qalır, ancaq, adətən özüm öz işlərimi yola verirəm. Artıq üç ildir ki, tək yaşayıram burda. Rəfiqələrim demək olar ki, yoxdur. Gur yığıncaqları sevmirəm. İşimdən çox razıyam. Bu gün işdən qayıdanda qonşumun qapısının yanından çox ehtiyatla keçdim ki, yıxılıb eləməyim. Bir iki pilləkən qalxmışdım ki, arxadan “axşamınız xeyir” deyən səs eşitdim. – Axşamınız xeyir,- deyə cavab verdim və arxaya çönüb qonşumu gördüm. – Rica edirəm,mənimlə bir fincan qəhvə içməyə razılaşın. Mən özümü necə itirdimsə nə cavab verəcəyimi bilməməyim bir yana, astaca iki pilləkən aşağı düşdüyümü də hiss etmədim. O qapısını açıb məni içəri dəvət etdi. Çantamı və gödəkcəmi asılqana asıb məni içəri dəvət etdi: – Buyurun. Xoş gəlmisiniz. – Çox sağ olun,- deyə nəhayət mən səsimi çıxartdım. Mən istər istəməz gözlərimi qamaşdıran səliqəyə,təmizliyə nəzər saldım. Lakin,bütün bunlarla yanaşı evdə bir qəribə sükut, qaranlıq və havasızlıq var idi. Bura sanki insan ayağı dəyməyən bir məkan idi. Hər şey o qədər düşünülmüş dərəcədə yerində idi ki, sanki yaşayış evi yox film üçün qurulmuş dekorasiya idi.Divarlarda isə saysız-hesabsız şəkillər. Gözəl cavan qadının və kiçik bir qızın şəkilləri asılmışdı. Şəkillərin çoxu böyüdülmüş,bəziləri kiçik çərçivədə,bəziləri isə hər yerə səpələnmişdi. Qonşum mənim təəccübümü hiss edib: – Əyləşin. Adınızı da bilmirəm. Mənim adım Elmandır. – Natəvan. – Buyurun, Natəvan xanım. Əyləşin. Anlayıram sizi. Düşünürsünüz ki, bu şəkillər nədir və niyə bu qədərdir. – Yoox…- deyə mən nəsə danışmaq istədim. – Bu mənim ailəmdir. Mən tək deyiləm. Ailəm var. Bu mənim həyatda ən çox sevdiyim qadındır. Bu isə mənim həyatım, mənim canım, mənim hər şeyimdir. Bu mənim qızımdır – Allah saxlasın,- dedim O gülümsündü və: – Çox sağ olun!- dedi. Sonra iki fincan qəhvə gətirdi və: -Sağ olun ki,dəvətimi qəbul etdiniz.Bu gün qızımın ad günü idi. İki yaşı tamam olur. Getdim təbrik etdim səhər tezdən . Bütün günü onlarla oldum. Yaxşıdırlar,şükür. Mən “niyə burada deyillər?” soruşmaq istədim,lakin artıq sual vermədim. – Siz işləyirsiniz eləmi? – Bəli. – Neçə yaşınız var? – 28 . – Mənim 35 – Nəə????- deyə mən təəcübümü gizlədə bilmədim. – Hə, 35 yaşım var. Uşaqlıqdan həkim olmaq istəyirdim, oldum. Amma, sonra atdım həkimliyi. İstəmirəm. Klinikam var,amma özüm müalıcə etmirəm. Edə bilmirəm – Necə yəni? – Bu haqda danışmaq istəmirəm. Biz qəhvəni içib bir qədər danışdıq və mən evə getmək üçün ayağa qalxdım. Elman məni ötürüb qayıtdı. Mən bu insanı bir qədər yaxından tanıdım. Çox alicənab, hörmətcil, mədəni bir insan olduğunu bildim. Lakin ailəsindən ayrı yaşamağı, yaşından çox qoca görünməyi içimdə min sual yaradırdı. Gecə çox gec yatdım. Düşündüm və bu insanın nədən məni evinə dəvət etdiyini anlamaq istədim. Ertəsi gün işə getmək üçün qaraja endim. Elman maşını mənim qarşımda saxlayıb: – Çıxartmayın bu gün maşını. Mən aparım sizi. – Əziyyət çəkməyin. – Xahiş edirəm, Natəvan xanım. Mən onun maşınına oturdum. Yol boyu yalnız qızından və arvadından danışdı. Qızının ilk gülüşü, onları doğum evindən gətirdiyi gün,- hamısını danışdı mənə. İşdə bütün günü düşündüm. Niyə mənə ailəsini bu qər tanıdır? Məni ailəsinə niyə bu qədər yaxınlaşdırır bu adam? Elman heç də mənim təsəvvür etdiyim qədər qaraqabaq biri deyildi. O musiqini,gülləri, heyvanları çox sevirdi. O çox savadlı və maraqlı bir insan idi. Biz hərdən görüşməyə başladıq.Yaxın dost olduq. O mənə, mən ona həyatımızda olanları danışırdıq. Anamla da tanış oldu. Anam da ona çox hörmət edirdi. Atam rayondan ona meyvə göndərirdi. Yəni biz həm qonşu həm də dost olduq. Bir gün o məni ailəsi ilə tanış etmək istədiyini bildirdi. Mən həm sevindim həm də məni arvadına rəfiqəsi kimi təqdim etdikdə o xanımın reaksiyasından bir qədər qorxdum. Axı, kimin xoşuna gələr ki,əri başqa bir qadınla dostluq etsin? Nə isə, razılaşdım. Şənbə günü idi. İkimiz də işləmirdik. Mən geyinib kecinib onun zəngini gözləyirdim Saat 11 də zəng edib maşında məni gözlədiyini dedi. Gəlib maşının arxa qapısını açmaq istədim,lakin Elman mənə qabaq qapını açıb oturmağımı xahiş etdi. Mən oturdum və güzgüdə arxa oturacağın üstündə bir qucaq yasəmənin və iri bir gəlınciyin olduğunu görüb bir qədər tutuldum və: – Bəlkə mən də bir şey alardım? Əli boş getməzdim,- dedim. – Yox. Lazım deyil. Almışam hər şey, – dedi və maşını işə saldı. O susurdu. Nədənsə mənə elə gəldi ki,yəqin məni götürməyinə peşimandır. Şəhərin mərkəzindən keçib qəbristanlığa yaxınlaşırdıq. Mən heç nə anlamırdım. Düşündüm ku,yəqin evləri hardasa buralardadır. Elman maşını saxlayıb mənim qapımı açdı. Sonra yasəmənləri, gəlinciyi götürdü və : -Gəl, – dedi. Ayaqlarım sözümə baxmırdı. Mən hər şeyi anladım. Bu insanın bu qədər dərd çəkdiyini,nədən tez qocaldığını- hər şeyi anladım və heç nə demədən onun arxasınca getdim. Biz güllərin içində itib batmiş ana və balanın məzarına yaxınlaşdıq. Mən göz yaşlarımı saxlaya bilmədim. Elman onlarla elə danışırdı ki,sanki onlar sağ idi və onun qarşısında idilər. Mən yaxınlaşıb onun əllərindən tutdum. O susur və diqqətlə məzara baxırdı. Sonra birdən, başını mənim çiynimə qoyub o qədər ürəkdən hönkürdü ki, ürəyim parçalandı. – Ağla, Elman, ağla ki, ürəyin sakitləşsin! -dedim. Biz bir-birimizə sığınıb ağlayırdıq. – Natəvan. Çox sağ ol. Nə yaxşı ki, sən varsan. Mən çox bədbəxt insanam. Bir ildir ki, bunları bura gətirmişəm. Özüm öz əllərimlə. İkisini də. Xilas edə bilmədim. Onlar qan içindəydilər. Onlar artıq keçinmişdilər. İkisi də. – Sakit ol!Elman. Bu həyatdır. Sən düz etmirsən. Burax onların ruhlarını, sakit yatsınlar. Allah o dünyalarını versin,-deyob onu sakitləşdirmək istədim. Biz məzarların arasıyla maşına yaxınlaşdıq. Sükan arxasına mən keçdim. Elman yanımda oturub bütün yolu danışdı. Arvadı ilə qızını sürücünün maşını ilə bağa yola salıb ertəsi gün özü getməliydi onların yanına. Lakin bir neçə saatdan sonra onun xəstəxanasına gətirilən ana, balanı və sürücünü heç kim xilas edə bilmədi. Mən maşını sahilə sürdüm. Dənizin sahılındə insan sakitləşir. Sanki uzaqlara baş vuran dalğalar insanın dərd sərini özüylə aparır və dənizin dibində gızlədir. Elman xeyli sakitləşdi. Mən də bir balaca rahat oldum. Gecəyə kimi oturduq qumun üstündə və dənizin həzin nəğməsini dinlədik. – Gedək!- deyə Elman ayağa qalxdı. Biz evə gəldik. Elmanı evimə dəvət etdim. Razılaşdı. – Bu gecə sən burda qal. Evinin açarını isə mənə ver. Mən qalacam orda,-dedim. Elman açarını mənə verib : – Natəvan. Mən ora gedə bilmirəm. Tənhalıqdan qorxuram,-dedi. -Bilirəm.Yat burda rahat. Elman mənim divanımda yuxuya getdi. Mən onun açarını görürüb aşağı endim. Bütün gecəni Elmanın evində dəyişiklik etdim. Pəncərələri açıb otaqların havasını dəyişdim. Bütün şəkilləri iri bir çantaya yığıb gizlətdim. Yalnız divardan asılan bir şəkili saxladım. Otaqları təmizlədim və Elmanın divanında yatdım. Ertəsi gün tezdən oyanıb həyətdəki gül mağazasına düşdüm. Bir dəstə gül alıb Elmanın stolunun üstündəki boş güldana qoydum . Qapını bağlayıb evimə qalxdım. Qapını açarla açdım. Elman divanda yatmışdı. Səhər yeməyi hazırlayıb onu oyatdım. – Mən hardayam? – deyə Elman sual verdi – Dur,Elman, dur çörək ye. Sonra evinə gedərsən. Biz səhər yeməyini bir yerdə yedik. Elman heç nə danışmırdı. Sonra o evinə getdi. Mən çox nigaran idim. Evini yeni tərtibatda bəyənməyəcəyindən, hətta əsəbləşəcəyindən çox qorxurdum. Lakin bir neçə saatdan sonra qapımın zəngi basılanda və qarşımda əlində iri bir gül dəstəsi Elmanı görəndə zevincimdən özümü onun qoynuna atıb başımı çiyninə qoyub: – Çox sağ ol, Elman!- dedim. O məni bərk-bərk qucaqlayıb: – Sən sağ ol, mənim xilaskar mələyim!- dedi. Atamla anam toyumuzu xüsusi təntənə ilə qeyd etmək istədilər. Biz nigahımızı rəsmiləşdirmək üçün ən yaxın adamlarımızı yığıb kiçik bir yığıncaq etdik. Sonra mən Elmanın evinə getdim. Biz tez-tez Elmanın keçmiş ailəsini ziyarətə gedirik. Balaca oğlumuz bilir ki, burda onun bacısı yatır. Gülərüz , həmişə cavan xala isə Elmanın ürəyindən və yaddaşından heç zaman silinməyən bir qadın olaraq qalacaq. Mən bunu bilirəm və onun yerini tutmağa heç cəhd göstərmirəm. Qoy belə olsun. Yeganə onu bilirəm ki,Elmanın qaranlıq həyatında bir işıq yandıra bilmişəm.
VƏTƏNDİ… Yavaş yeri , ayaq saxla, qardaşım , Gəzdiyin o yerlər , torpaq vətəndi. Əvvəl dinlə duasını hər daşın, Gördüyün qayalar , hər dağ vətəndi. * * * Əmanətdi yurd yerləri , obalar, Bizə miras qoyub gedib babalar, Qürur mənbəyidi uca qalalar, Göylərə çəkilən bayraq vətəndi. * * * Qarı düşmən cəhd etməsin , əbəsdi, Vətən bizim aldığımız nəfəsdi, Bəlkə də bu kimlərəsə həvəsdi, Bizim üçün solan yarpaq vətəndi. Müəllif: Sərvər MƏSUM