NƏRGİZ MİRZƏYEVA – BAHAR

Nərgiz Mirzəyeva – məktəbli, şair.

    Bahar

İçimdə bir xoş duyğu var,

Xoş ümidlə gələn bahar.

Hər mövsümün öz yeri var,

Yerin bir başqadır, bahar,

Xoş təbəssüm saçan bahar,

Üzümüzə gülən bahar.

Quşlar yenə nəğmə deyir,

Bir ümidsən insanlara.

Xoş nəfəsin həyat verir,

Güllü-çiçəkli bağlara,

Uca zirvəli dağlara,

Bərəkətsən torpaqlara.

Gətirdin bayramı yurda, yuvaya,

Bayram gözəlliyin yayır hər yana

Günlər təzələnir sevinir hamı,

Tonqallar qalanır şənlənir hamı,

Gözəl yaraşırsan bizim vətənə.

Gözəllik verirsən Azərbaycana.

Qəlbimdə xoş arzular,

Quşlar verib səs-səsə,

Uçurlar diyar-diyar

Novruz gəlir yaz ilə,

Ürəklər dilə gəlir:

Nə yaxşı ki, bahar var.

Çaylar əriyib-daşır,

Bərəkət aşır-daşır.

Küsülülər barışır,

Xoş niyyətlər dolaşır.

Arzularım Çin oldu

Qarabağım alındı

Xarıbülbül sevindi,

Bülbüllər nəğmə dedi,

Vətənim başdan-başa

Gözəlliyə büründü.

Müəllif: Nərgiz Mirzəyeva (297 nömrəli məktəbin şagirdi)

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİLƏ NƏZƏR – BAYRAM ALQIŞI

Adilə Nəzər – alim, şair, yazar.

BAYRAM ALQIŞI
Mən alqış deyirəm, gəlin qol qoyaq,
Vəsfi Vətən olsun sözlərimizin.
Tanrı müjdələsin, xoş xəbər duyaq,
Qüvvəsi qayıtsın dizlərimizin.
* * *
Oğullar dağlarda ovuna yatsın..
Başını ad-sana, şöhrətə qatsın.
Könlündən keçənə əlləri çatsın,
Oynasın telləri sazlarımızın.
* * *
Hamı desin-gülsün, hamı şənlənsin,
Açılsın çiçəklər, güllər dillənsin.
Ana-ataların gözü nəmlənsin,
Qoy bəxti açılsın qızlarımızın.
* * *
Arzular göyərsin bu yaz qabağı,
Yansın Novruz şamı, bayram çırağı.
Geriyə qaytardıq can Qarabağı,
Süzülsün sevinci gözlərimizin.


Müəllif: Adilə NƏZƏR

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

MAYIL DOSTU – BAHAR GƏLİR

Mayıl Dostu – şair, alim, pedaqoq.

BAHAR GƏLİR
Ürək coşur, gəlir dilə,
Salam deyir təzə ilə,
Sevinc qonur hər könülə,
Oyan könül,bahar gəlir.
* * *
Şəkərbura, qoğal bisir,
Səməni uzanır, şişir,
Novruzgülü daşı deşir,
Oyan könül,bahar gəlir.
* * *
Şən uşaqlar tonqal çatır,
Səsdən, küydən qulaq batır,
Tək – tək soyuq damcı atır,
Oyan könül,bahar gəlir.
* * *
Hər tərəfə rəng çəkilir,
Çöl daranır,yer əkilir,
Göydən yerə nur tökülür,
Oyan könül,bahar gəlir.
* * *
Çəmən,çiçək,hər yan gülür,
Üzlərdən fərəh tökülür,
Elə bil dünya yekəlir,
Oyan könül,bahar gəlir.
Müəllif: Mayıl Dostu


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ŞAHİN MUSAOĞLUNUN YARADICILIĞINA HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB

“Keçmiş zabit olmur. Ehtiyatda olan zabit var, istefada olan zabit var. Zabit dediyin savaş adamı… onlar döyüşə bir bütöv tam olaraq girərlər.
Həm ruhları ilə həm xatirələri ilə həm də arzuları ilə təkcə “Vətən naminə”, təki “Vətən sağ olsun” deyə savaşarlar…” Şahin Musaoğlu

Şahin Musaoğludan yuxarıdakı sitatı əbəs yerə gətirmədim. Azərbaycan Ordusunun qurulmasında, möhkəmlənməsində Şahin Musaoğlunun əməyi, zəhməti, xidmətləri danılmazdır. O, çox nadir şəxslərdəndir ki, ordumuzun bütün mənsublarının, qazilərimizin, orduda xidmət keçənlərin doğmalarının bir sözlə cümlə vətənpərvər vətəndaşlarımızın qəlbində öz adı ilə, öz sözü ilə, öz bəstəsi ilə eyni dərəcədə rəğbətlə yüksələn uca taxt qurmuşdur. Ən çətin məqamlarda onun “İGİD ƏSGƏR MÖHKƏM DAYAN” nidası əsgərlərimizə necə dayaq olubsa, “HAY VER MƏNƏ CƏNAB LEYTENANT”ı da zabitlərimizə təpər, onların yolunu gözləyənlərə bir təsəlli olub.

Əsgərə dayaqdır, zabitə ilham,

Onun sayəsində belə gümraham!!!

Ali Hərbi Məktəbdə gələcəyin zabitləri ilə keçirilmiş bu tədbir olduqca təqdirəlayiq və vacib hadisədir. Görüşdə məktəbin komanda və müdavim heyəti ilə yanaşı ölkəmizin tanınmış incəsənət xadimləri də iştirak edib. İştirakçılar Şahin Musaoğlunun özünün və sənətçilərin ifasında əsərlərini dinləyib, maraqlı xatirələrlə tanış olublar. Sonda Şahin Musaoğluna fəxri fərman təqdim olunub və xatirə şəkilləri çəkilib.

ŞAHİN MUSAOĞLU HAQQINDA :

Şahin Musaoğlu — (Şahin Əbilov) Azərbaycan Yazıçılar Birliyinin üzvüdür,AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri,İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü,MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laueratıdır. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü.

Şahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. Bu kənddə orta məktəb təhsili alan Şahinin sonrakı taleyi isə qısa fasilələrlə Bakı şəhəri ilə bağlanıb.1980-86-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb institutunda (indiki ATU) təhsili alan Ş.Musaoğlu müalicə-profilaktika fakültəsini bitirərək həkim kimi fəaliyyətə başlayır. İlk təyinatı isə Biləsuvar rayonuna olur. 4 il burada həkim kimi çalışdıqdan sonra paytaxta dönür. 1990-cı ildə Qədirli adına Xəzər Dəniz Hövzə Xəstəxanasında işə düzələn Ş.Musaoğlu o zaman çox da geniş yayılmayan bir sahə — USM üzrə öz həkimlik ixtisasını artırmağa başlayır. Müasir texnoloji biliklərə əsaslanan tibbin bu modern sahəsində əldə etdiyi təcrübəsi sonradan onu bu işin ən yaxşı mütəxəssislərindən birinə çevirir.

Ş.Musaoğlunun Bakıdakı həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürürdü. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında Şahin Musaoğlu Müdafiə Nazirliyi Tibb İdarəsi, HET idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradır.1992-ci ildə, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur “Əsgər marşı”ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş bu mahnı-“İgid Əsgər, Möhkəm Dayan! “ ilk dəfə televiziya ekranında səslənir. Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra Şahin növbəti savaş türkülərini yazır. 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunmuş “Qərib Karvan” , Milli Ordunun ilk batalyonu haqda yazılan “Birinci Batalyon” , “Cənab Leytenant” və.s bu kimi bir-birinin ardınca Şahinin bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırır. Ş.Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzusunda yaradıcılıq fəaliyyətini davam etdirir. Sözləri böyük şairimiz Bəxtiyar Vahabzadəyə məxsus “Bay yurdum” , həmişəyaşar istiqlal nəğməkarı Əhməd Cavadın sözlərinə yazdığı “Bismillah”, yaşadığımız dünyanın ən böyük söz adamlarından biri olan Ramiz Rövşənin şeri əsasında bəstələdiyi “Yalquzaq” poeziyamıza Bozqurd harayı gətirmiş Rüstəm Behrudinin məşhur “Salam Dar ağacı” şeirinin sözlərinə bəstələdiyi eyni adlı mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verir.

KİTABLARI: 

1.”İgid Əsgər Möhkəm Dayan” ,

2. “Yaşamaq gözəldir,Yaşatmaq sonsuz” ,

3. “Ağ Ümid” ,

4. “Cəng əsgəri – ييجيت سولدير الوقوف ثابتة”.

və onlarla bədii ,elmi məqalələrin müəllifi olan Ş.Musaoğlunun yaradıcılıq işi nəticəsində üç audio kasset- “İgid əsgər, möhkəm dayan” , “Vətən çağırır” və “Bozqurd harayı” (sonuncu Almaniyada istehsal olunub) həmçinin “Öncə Vətəndir”, “İgid əsgər möhkəm dayan”,”Cənab Leytenant”, “Şahin Musaoğlunun müəllif mahnıları” adlı kompakt diskləri dinləyicilərinin ixtiyarına verilib.

Indiyədək bəstələdiyi 30-dan çox mahnının əksər sözlərinin də müəllifi olan Ş. Musaoğlunun şeirləri müxtəlif şeir toplularında və mətbuat orqanlarında, o cümlədən xarici ölkələrin (İran,Türkiyə,Küveyt,Rusiya) populyar dərgi,qəzet və internet saytlarında işıq üzü görüb.

Hal hazırda Medservis özəl tibb mərkəzinin poliklinika müdiri və MedEra Hospital klinikasının dioqnostika şöbəsinin müdiri vəzifəsində çalışır.

Ailəlidir, iki oğlu var.

Şahin Musaoğlunun əsərləri və bəstələri 

  1. “İgid Əsgər Möhkəm Dayan”
  2. “Çağırır Vətən”
  3. “Vətən Əmanəti”
  4. “Öncə Vətəndir”
  5. “İstiqlal marşı”
  6. “And İçirik”
  7. “Cənab Leytenant”
  8. “Ağ Ümid”
  9. “Birinci Batalyon”
  10. “Səma Şahinləri”
  11. “Səfərbərlik Marşı”
  12. “Yurd həsrəti”
  13. “Azadlıq yanğısı”
  14. “Qəlbin Payızı”
  15. “Bismillah”
  16. “Yalquzaq”
  17. “Torpaq”
  18. “Salam,dar ağacı”
  19. “Yollar Yordumu Səni”
  20. “Bay Yurdum”
  21. “Türkün bayrağına”
  22. “Veteran marşı”
  23. “Çağırışçı marşı”
  24. “Elegiya”
  25. “Tanrımı apardı,özünmü getdin?”
  26. “Daha Ayrılmarıq”
  27. “Rəqqas insan”

Şahin Musaoğlunun esseləri 

  1. On altı ilin savaş hekayəsi 
  2. Bir əsrlik yaşam marşı və ya 100-cü doğum gününə iki ay qalmış susan ürəyin hekayəsi.
  3. Adları əbədi yaşayacaqdır” və ya “Yalnız Tanrı bilir
  4. Herkes ona “Bey” derdi
  5. Nizami Gencevi
  6. Adsız Qəhrəmanlar 
  7. Əmir Teymurun qılıncı.

TƏDBİRDƏN FOTOLAR:


Təqdim etdi:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>