RƏFAİL TAĞIZADƏ – UZUNDƏRƏ ŞEİRİ

Ağdam Çörək Muzeyi…

İki gün öncə bir qrup Ağdama səfər etmişdi, bu gün də bir qrup gedir. Bir gün biz də həmin Uzundərədən keçib Ağdama həmişəlik gedəcəyik. Tarixlər yatan Uzundərədən…


UZUNDƏRƏ
Ağdamda Uzundərə deyilən bir yer var. “Uzundərə” oyun havası da həmin yerin adıyla bağlıdır. İşğal altında olan Uzundərədə ermənilər tez-tez hərbi təlimlər keçirirlər.

Bu nə toydu, Uzundərə-
tar-qavalın qırıq-qırıq,
çadırların cırıq-cırıq,
qəlblər ölü, sınıq-sınıq.
Havana tanklar oynayır,
toyunda mərmi partlayır,
bu nə toydu, Uzundərə?
Dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.


Gəlinlər getməz bu yolu,
gül bitirməz sağı-solu,
kim qaldırar burda qolu,
dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.

Nələr çəkər başın hələ,
bu dərd sığmaz göyə, yerə,
oynayırıq sənsiz yenə:
bir hava çal, “Uzundərə”
çal, kəsik qolum oynasın,
yox olan yolum oynasın,
boş qalan solum oynasın,
qoy durub ölüm oynasın.
Ürəksiz oğlun oynasın
ağrıları kürəyində,
qovruluram ürəyimdə,
dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.


Yolun hara-Şuşayamı,
sağın-solun şiş qayamı,
yaylağa köçlər daşıyan
karvanlar düşdü “hay”amı?
Mərmi dolu maşın gedir
faytonlar gedən yolları,
içində ölüm aparır,
toyların fəryad qoparır,
dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.

Ağdam – Uzundərə…

dərd ağlayar beləsinə,
sel yeriyər dərəsinə,
əlim çatmır bərəsinə,
qaralı-ağlı dərəmin,
sinəsi dağlı dərəmin,
yolları bağlı dərəmin


sevinci sönüb gedib,
gülüşü dönüb gedib,
durnası çönüb gedib,
qolları bağlı dərəmin


nə vaxtdı bağlıdı qolu,
sinəsi dərdlərlə dolu,
qoynuna aldığı yolu
mənsiz ağlayan dərəmin…
09.12.2012.

Rəfail Tağızadə – ictimai-siyasi xadim, şair.


Müəllif: Rəfail Tağızadə



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏR QİSMƏT – AĞDAM…

Azər Qismət Ağdamda.

İlk dəfə 6-cı sinifdə oxuyanda ağdamlı görmüşəm. Qaraşın adamlar idi. Ya günəş yandırmışdı, ya doğrudan da qaraşın doğulmuşdular, bilmirəm. Dayım Eldəniz onları nənəmgilə gətirmişdi. Nənəm Bikəxanım “xoş gəlmisiz” deyib mətbəxə keçdi ki, çay-çörək hazırlasın. Pıçıltı ilə dayımdan soruşdu ki, “bunlar kimdir”. Dayım dedi ki, “maşın ustalarıdır, gətirmişəm müştərilərim çoxalsın”.
O iki ağdamlı uzun müddət nənəmgildə qaldılar. Dayım proflaktoriya işlədirdi, özü də usta idi, əlinin qızıl olmasına görə rayonda ad çıxarmışdı. Görünür, gəlirini artırmaq istəyirmiş. Axşamlar yorğun gəlib “Ceyran” sobasının yanında çöküb qalardılar. Baməzə idilər, həm də çılğın danışırdılar. “Peredok” belə getdi, “filtr” elə gəldi, bir sözlə, danışdıqları maşından idi. Onlar gələndən dayımın gəliri artdı, pullarını da qəşəng verirdi ki, narazı qalmasınlar. Altı aydan sonra getdilər. Ya evdən çağırımışdılar, ya da gedib orda öz proflaktoriyalarını açacaqdılar. Getməzdən əvvəl verdiyim suala hələ də gülürəm. Soruşmuşdum ki, “sizdə bütün evlərin damı ağ rəngdə olur?” Cavab belə olmuşdu ki, “o adamların damı ağdır ki, ağ gündə yaşayırlar”. Hardan biləydilər ki, üstündən neçə il keçəndən sonra ağ həyatları qara rəngə boyanacaq. Bunu deyən uzunsov sifətli, ovurdları batmış ağdamlı idi. Sonra televizordan Qədir Rüstəmovu gördüm. Onun da ovurdları batmışdı. Və alt şüuruma belə fikir hakim kəsildi ki, bütün ağdamlıların ovurdları batıq olur. Universitetdəki Şən və Haızrcavablar Klubunda konsertlər verəndə orda bir ağdamlımız vardı, ya təsadüfən, ya nədənsə, onun da ovurdları batırdı, sifəti uzunsov idi. Bu yaşımacan harda elə sifət quruluşlu adam görürəmsə, düşünürəm ki, yüz faiz ağdamlıdır.
İkinci Ağdam barədə təəssüratım 1987-ci ildə yaranmışdı. Atam təsərrüfatlararası tikinti idarəsində baş mühəndis idi. Hansısa inşaat məsələsinə görə Ağdama yola düşdü, məni də apardı ki, “gedək, Ağdamı da görərsən”. Orda çay evində çay içdik. Yuxarıdan şəhəri seyr edirdim, atamla ağdamlı həmkarı tikintidən danışırdılar. O çay evində elə pürrəngi çay dəmləyərdilər ki… Neçə çaydan içdik, mixəkli, kəklikotulu, bir də sarı çiçəkli. O çaydan yalnız 20 il sonra Tovuzdakı dəmiryol idarəsinin yanındakı çayxanada içdim, amma Ağdamdakının yerini vermədi.
Mən ağdamlı deyiləm. Dişləmədən yaranan qaşıntıdan bir həftə özünə gəlmədiyin iri-iri ağcaqanadlar olan, ayaqqabındakı sarı palçığı ən sürətli axan çayın da yuyub aparmadığı Sabirabaddanam. Ağdam barədə ağdamlıdan bir çıqqan da gözəl yaza bilmərəm. Həm də ixtisasım telejurnalistika olduğundan qısa danışığa üstünlük verənin biriyəm. Yaxşı ki, neçə saatlıq yolda Vüsalə Mahirqızı, Elman Babayev və Elnur Məmmədli ilə yaxında əyləşmişdim. Ağdama qədər söhbət etdik. Ağdama çatanda daha söhbət edə bilmədik. Çünki fikrimiz şəhərin xarabaqlıqlarında qaldı. “Qaldı” desəm düz olmaz, gözümüz axdı o xarabalıqlara. Və ucsuz-bucaqsız xarabalıqlara baxdıqca dövlətimə ürəyim yandı ki, quruculuq işini hardan başlayıb harda qurtaracaq? Adam düşünürdü ki, bəlkə bu dağıntıların bir sonu olar, amma qurtarmaq bilmirdi. Gözüm azacıq doldu. Erməni azərbaycanlının mənəviyyatı, mənliyi ilə oynamışdı. Dünyanın ən güclü texnologiyası insan gözünün gördüyünü əks etdirə bilməz. Hər adam öz gözləri ilə görməlidir o xarabalıqları, bunu yaxından duymalıdır. Evlərin şiferlərini söküb aparıblar. Baxıblar ki, ev çay daşından tikilib, ona dəyməmişdilər, ancaq qəşəng mişar daşından olan evləri bünövrəsinə qədər say-seçmə edib daşımışdılar. Ağdamın digər rayonlardan fərqi həm də burdakı evlərin 2-3 mərtəbədən tikilməsi olub. İnşaat işlərində müasirliyə can atıblar. Yerli qoca danışırdı ki, burda bəzi imarətlərdə lift də quraşdırılıbmış. Təsəvvürə gətirmək çətindir ki, bütün bunlar sovet rejiminin qadağası içində baş verib.
Yol kənarında “Zaparojets”, “Jiquli” maşınlarının ancaq karkasını görmək olardı, içini tamamilə söküb aparmışdı ermənilər. Nar ağacları isə üstündəki çürümüş barla yetim qalmışdı. Ermənilər hər il burdan yeşiklərlə nar aparıblar. 44 günlük müharibə nar mövsümünə düşdüyündən, bu dəfə narları apara bilməmişdilər. Allahverdi Bağırovun qəbrini ziyarət edəndən sonra beş-altısını yığdım, ikisinin dadına baxdım. Çox yeri çürümüşdü, salamat yerindən daddım, yurdun narı da dadlı idi. Belə narı olan rayona qıymaq vallah olmazdı, billah olmazdı. Elə o narlardan avtobus tərəfə gələnlərə verdim ki, dadsınlar. Bəzən vətən torpağının dadını onun meyvəsində taparsan.
Cümə məscidinə gedən yolda qızıl dükanı, üzümçülər binasının xarabağlığının qarşısından keçəndə nəzərimi paslı avtomat telefon cəlb etdi. Neçə-neçə ağdamlı oğlan qızlara zəng edib, qəpik qurtaranda yoldan keçəndən istəyiblər ki, qəpiyiniz olmaz ki? Həmin xoşbəxt gənclərin həyatına barıt qoxusu yayıldı. O oğlanlardan neçəsi şəhid oldu, qızlar didərgin düşdü, saçları vaxtsız ağardı. Qəpiklərin qurtarmasından kəsilən telefon danışıqları həyatlarını da beləcə yarımçıq kəsmişdi. Ağdamlı qoca dedi ki, “o vaxtlar respublikada hər qızıl dükanının qarşısında belə avtomat telefon quraşdırardılar. Kimsə oğurluq qızıl gətirəndə satıcılar tez çıxıb milisə xəbər versinlər. Amma axşamlar qızıl dükanı bağlanardı, gedib istədiklərimizlə danışardıq. Bir də növbəti günün qürub çağını gözləyərdik ki, qaçaq avtomat telefona”. O qocanın gözləri dolmadı. Yəqin dolmağa başqa pis xatirələri çox idi. Pis xatirə təkcə qocanın gözlərinə yox, Cümə məscidinin divarına da hopmuşdu. Bu divar Xocalıdan gətirilən meyidləri görmüşdü, ağlayan doğmaların harayını çəkmişdi içinə. Yaşamışdı azdır, divarlarına hopmuşdu. İndi qələbədən sonra az qala divarında gizli güllər açmışdı sevindiyindən. Təkcə adamlar sevinmir ki…
Ağdamdan çıxanda bir ovuc torpaq götürüb selafona bükdüm. enli gödəkçəmin cibinə qoydum. Anama dedim ki, “Gəncəyə getməmişdim, Ağdamdan gəlirəm”. Əvvəldən deməmişdim ki, minadan partlayacağım üşəntisini yaşamasın. Torpağı çıxardım. Anam torpağa baxıb dedi ki, “nə qara torpaqdır, elə et ki, soxulcanları evə düşməsin”. Diqqətlə baxdıq, soxulcan yox idi. Anam dedi:
-Deyəsən ermənilər torpağın soxulcanını da çıxarıb aparıblar.
Fikrə getdim. 

Müəllif: Azər Qismət

İlkin mənbə: facebook.com


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XƏYALƏ ZƏRRABQIZI

Xəyalə ZƏRRABQIZI – filologiya üzrə fəlsəfə doktoru, yazar.

XƏYALƏ ZƏRRABQIZI HAQQINDA :

Xəyalə xanım və atası Zərrab müəllim.

==================================================

XƏYALƏ ZƏRRABQIZNIN BÜTÜN YAZILARI

VƏ BƏZİ MARAQLI NÜMUNƏLƏR:

Əbədiyyətdəki Doğuluşun mübarək, Yalçın Qardaşım!

Dünyanın mən baxan yerindən görünən İmdat Avşar…

Atam kimi Doğma Adam…

Xəyalə Zərrabqızı – Vaxtdan uca Adam…

Xəyalə ZƏRRABQIZI – PƏRVİNİN “LEYLA”SI…

Pərvinin «Hava limanı» Türkiyədə işıq üzü gördü

XƏYALƏ ZƏRRABQIZI – AĞDAMIN YOLU

İŞIQ ADAM – XƏYALƏ ZƏRRABQIZI YAZIR

XƏYALƏ ZƏRRABQIZI – İLKNURUN İLK ÇİÇƏKLƏRİ…

XƏYALƏ ZƏRRABQIZI – SEYRAN SƏXAVƏT MƏNİM…

BÖYÜK ÜRƏKLİ ANA – XƏYALƏ ZƏRRABQIZI

ARZU – XƏYALƏ ZƏRRABQIZI

VƏTƏNİ MƏCNUNTƏK SEVƏN OĞULLARIN LEYLALARINA…

XƏYALƏ ZƏRRABQIZI – GENERAL

MİN İLİN DOĞMASI – SEYRAN SƏXAVƏT

AĞAYANA SÖZ – SEYRAN SƏXAVƏT SÖZÜ

XOCALININ HAYFINI ALAN İGİD


==================================================



Tərtibçi:
 Zaur USTAC

YAZARLAR.AZ


==================================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Osloda həftəsonu məktəbinin şagirdləri Zahid Xəlil və Gülzar İbrahimova ilə görüşüb

Oslo həftəsonu məktəbində görüş.

Osloda həftəsonu məktəbinin şagirdləri Zahid Xəlil və Gülzar İbrahimova ilə görüşüb

Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbində «Ana dilimizi qoruyaq!» və “Vətən bizi çağırır!” rublikasında növbəti Zoom videogörüşü keçirilib. Budəfəki görüşünün mövzusu “Nizami Gəncəvi yaradıcılığının uşaqlar üçün tərbiyəvi əhəmiyyəti” olub.

Videogörüşün qonaqları professor, filologiya elmləri doktoru, uşaq yazıçısı Zahid Xəlil, “ Sehrli dünya” jurnalının baş redaktoru, uşaqların sevimlisi Gülzar İbrahimova və ibtidai sinif müəlliməsi İnarə Cəfərova olub. Zahid Xəlil və Gülzar İbrahimova yaradıcılıqlarından söhbət açaraq, dəyərli ədəbi nümunələrini uşaqlarla bölüşüblər.  

Eyni zamanda, görkəmli yazıçımız Zahid Xəlil videogörüş iştirakçılarına Azərbaycanda keçirilən “Nizami ili” haqqında ətraflı məlumat verib, dahi sənətkarın yaradıcılığının uşaqlar üçün əhəmiyyətindən danışıb və ədəbi irsindən nümunələr səsləndirib.

 Tələbələri ilə dost olduğunu deyən Z.Xəlil uşaqlarla bərabərhüquqlu davranışlara sahib olmağın vacibliyini vurğulayıb. Kitabda olan bilikləri heç nə əvəz edə bilməz deyən professor valideynləri uşaqlara maraqlı kitablar almağa və onların kitablarla mütəmadi təmasda olmağının vacib olduğunu bildirib

Uşaqları sehrli məxluq adlandıran, hər bir yazdığı nağılda uşaqlar üçün maraqlı bir dünya yaradan istedadlı yazıçımız Gülzar Ibrahimova vətəndən uzaqda  dilimizi uşaqlarımıza öyrətməyin  vacib olduğunu bildirib: “Azərbaycandan çox-çox uzaqlarda – Oslada dilimizi qorumaq və  yaşatmaq üçün yaradılmış məktəbin işini alqışlayıram və ümid edirəm ki, uzunömürlü olacaqdır.” “Xarıbülbül” rəsmini çəkən Səlim Abbaszadənin kiçik əsərinin, Sabina Luisa Hidayatinin pianoda ifa etdiyi  musiqinin böyük vətənpərvərlik hissindən xəbər verdiyini deyən, G.İbrahimova bu cür görüşlərin keçirilməsinin uşaqlar üçün önəmli olduğunu söyləyib.

Görüşümüzdə iştirak edən ibtidai sinif müəlliməsi İnarə Cəfərova Ana dilini öyrənməyin uşaqlar üçün vacib olduğunu vurğulayıb və öz təcrübəsini şagirdlərlə bölüşüb.

Uşaqlarımız və valideynlərimizin Z.Xəlil və  G.İbrahimova ilə  maraqlı ədəbi dialoqu olub , onların sevdikləri nağıl,tapmaca və şeirlər yazıçılar tərəfindən səsləndirilib.

Z.Xəlil və  G.İbrahimova ilə  maraqlı ədəbi dialoq

Yazıçılar şagirdlərin suallarını cavablandırıb və onların ifasında musiqi,şeir,mahnı dinləyib və çəkdikləri rəsmlər ilə tanış olublar.

Görüşdə fəallıq göstərən şagirdlər “Sehrli Dünya”jurnalının diplomları ilə təltif olunub.

“Sehrli Dünya”jurnalının diplomu


Müəllif: Günay ƏLİYEVA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru