Günay Əliyeva – Osloda Çingiz Abdullayevlə görüş olub

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev.

Osloda Çingiz Abdullayevlə görüş olub

«Mənim dilim -Ana dilim» layihəsinin bu dəfəki qonağı xalq yazıçısı Çingiz Abdullayev olub. Dedektiv janrda yazan Ç. Abdullayevin əsərləri Azərbaycanla yanaşı,dünyanın bir sıra ölkələrində xaric dillərə tərcümə edilərək, geniş bir oxucu sevgisi qazanıb.  Belə ki, Ç. Abdullayevin əsərləri Norveçdə də  oxucuların rəğbətini qazanıb  və  sevilib. İki dəfə Norveçə səfər edən Ç. Abdullayev Osla və Bergen şəhərlərində oxucularla görüş keçirib və imzalı kitablarını onlara təqdim edib. Yazıçının dediyinə görə Skandinaviya ölkələri  əsərlərinin çox oxunduğu ölkələr sırasındadır.

 Bu dəfə  isə Ç. Abdullayevin Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin  şagirdləri ilə zoom  görüşü olub.  Qeyd edək ki, bu görüş  Novruz bayramı günü məktəbin şagirdlərinə və valideynlərə dəyərli və gözəl bir hədiyyə olub. Ç.Abdullayev Osloda dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan həftəsonu məktəbində ana dilinin tədris edilməsini müsbət qiymətləndirib və bilirib ki, ana dilini uzaq Skandinav ölkəsində uşaqlara öyrədilməsi, onlarda ana dilinə olan  sevginin artmasına səbəb olacaqdır. Ç.Abdullayev müasir dövrdə dünyaya çıxmaq ,müəyyən bir mövqey və status əldə etmək üçün uşaqların ana dili ilə yanaşı,  bir neçə xarici dil bilməsinin vacib olduğunu söyləyib. Kitabların uşaqlar üçün zəngin bir bilik mənbəyi olduğunu deyən yazıçı,anacq kitabların köməyi ilə uşaqların lazımi bilikləri  əldə edə biləcəyini qeyd edib. Bu gün artıq Avropa ölkələrində olduğu kimi Azərbaycanda da  müasir  kitab evlərinin olduğunu deyən Ç. Abdullayev  valideynləri uşaqları bu cür məkanlara tez-tez aparmağa  və kitabları onlara kiçik yaşlarından  sevdirməyə səsləyib.

Ç.Abdullayev  ölkəmizdə Vətən Müharibəsi getdiyi bir vaxtda Rusiyanın müxtəlif telekanallarında dəfələrlə çıxışlar edib,Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb və  erməni yalanlarını ifşa edib.

Görüşdə vətənpərvərlik mövzusuna da toxunan Ç.Abdullayev ölkəmizin 44 günlük Vətən Müharibəsində sonra qazandığı böyük qələbənin  xalqımızın tükənməz vətən sevgisinin,fədakarlığının və əzimkarlığının nəticəsi olduğunu   bildirib. Yazıçı qeyd edib ki, Azərbaycandan kənarda yaşayan uşaqlarımızla  yazıçı və şairlərimizin görüşünün təşkili onlarda vətnpərvərlik hissinin və Vətən sevgisinin güclənməsi üçün əsas  vasitə və zəmin  ola bilər.

Aysel  İsazadə Ç. Abdullayevin portretini çəkib.

Görüşdə iştirak edən  Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin  və Yevlax rayonu Nizami Gəncəvi adına  Malbinəsi tam orta məktəbinin şagirdləri söylədikləri, şeir, mahnı və çəkdikləri rəsmləri  ilə görüşə xüsusi bir rəng qatıb  və onların çıxışları  maraqla qarşılanıb.Beşinci sinif şagirdi Aysel  İsazadə Ç. Abdullayevin portretini çəkib və görüşdə yazıçıya təqdim edib.  Və  digər beşinci sinif şagirdi Nuran Həsənzadə ifa etdiyi “ Bayram axşamları”  mahnısı ilə görüşə xoş əhval-ruhiyyə qatıb. Milli geyim  ilə görüşümüzə qatılmış birinci sinif şagirdi İnci Əliyeva geyimi və söylədiyi şeiri ilə həftəsonu məktəbinin şagirdlərinin marağına səbəb olub. Aylan Süleymanlı,Rəhimli Miran,Əli Vəlizadə və digər uşaqlarda görüşdə maraqlı çıxışları ilə yadda qalıblar. TƏDBİRDƏN FOTOLAR:



Müəllif: Günay ƏLİYEVA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xəyalə Zərrabqızı – Pərvinin «Hava limanı» Türkiyədə işıq üzü gördü

Pərvin Nuraliyeva – yazıçı-dramaturq.

Pərvinin «Hava limanı» Türkiyədə işıq üzü gördü

Bu günlərdə yazıçı-dramaturq Pərvinin “Hava limanı” kitabı Türkiyədə işıq üzü görüb. Türk Ədəbiyyatı Vəqfinin dəstəyi ilə Turay yayın evində ərsəyə gələn kitabda müəllifin “Xalis xilas”,  “Dəniz aptek”, “Ala qarğa”, “Yollar yorğunu”, “Serpantin”, “Hava limanı”, “Xəyanət”, “Kəfən pulu”, “Piqmalion”, “Avara bağı”, “Çarəsiz yalan” hekayələri və “Mən öləndə ağlama” monopyesi yer alıb. Sözügedən hekayələri və pyesi türkcəyə çevirib Türkiyədə geniş oxucu auditoriyasına təqdim edən Azərbaycan ədəbiyyatının yorulmaz və fədakar təbliğatçısı, istedadlı qələm adamı İmdat Avşardır.

Pərvinin “Hava limanı” kitabı

Qeyd edək ki, müəllifin “Mən öləndə ağlama” lirik monotamaşası 2019-cu ilin payızında Türk dünyasının mədəniyyət paytaxtı, Qırğızıstanın Oş şəhərində keçirilən “Art – Ordo” VII Beynəlxalq Teatr Festivalında mükafata layiq görülüb, eyni zamanda 2020-ci ilin fevralında Türkiyədə Diyarbakır Mordem Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Solo Beynəlxalq Teatr festivalında böyük pərəstiş və alqışla qarşılanıb. Geniş oxucu kütləsinin və izləyicilərin rəğbətini qazanmış əsərə gənc rejissor Ayla Bəhramqızı Gənc Tamaşaçılar Teatrının səhnəsində quruluş verib, pyesdəki Leyla obrazını isə istedadlı aktrisa Səbinə Məmmədova canlandırıb. Həmçinin ötən il Diyarbakırda Mordem Sənət Mərkəzinin yaradıcıları Savaş və Barış İşıq qardaşlarının təşəbbüsü ilə Pərvinin “Qadın” kitabının imza günü də baş tutub.

Azərbaycan mənəviyyatının başkəndi sayılan Şuşaya həsr olunmuş “Çarəsiz yalan”, müəllifin yaşam səbəbi olan yeganə övladının xilaskar missiyasından bəhs edən “Xalis Xilas”, qədim yunan  əsatirini əks etdirən “Piqmalion”, Qarabağ qazisinin yaşantılarının ən incə cizgilərinə qədər xatirəyəbənzər söhbət şəklində oxucuya təqdim edən “Yollar yorğunu” və digər hekayələrin Türkiyəli oxucular tərəfindən maraqla qarşılanacağına inanırıq.

Xatırladaq ki, “Hava limanı” Pərvinin  “Anar dünyası”, “Balerin”, “Sevdim səni” və “Qadın” kitablarından sonra Türkiyədə işıq üzü görən beşinci kitabıdır.



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – YAZARLAR VƏ YAZILAR və ya MÜASİR ROMANÇILIQ NECƏ OLMALIDIR???

Zaur Ustac – şair, publisist.

ON BEŞİNCİ YAZI

Salam olsun sənə ,ey dəyərli oxucum. Dünya kitabxanalarındakı kitabların, yazıların, o yazılardakı sözlərin, sözlərdəki hərflərin sayının min misli qədər uca Yaradana şükürlər olsun ki, daha bir bəhanə ilə görüşmək qismət olub bizlərə… Xoş gördük sizləri…
Söhbətimizin mövzusu iki kitabda cəmlənmiş bu iyirmi üç yazıdan ən vacibi kimi də qəbul edilə bilər… Beləki, sayı ilə on beşinci adlandırdığım bu yazıda iki əsas məsələni müzakirə edəcəyik. Birinci məsələdə bizə qədər olanlara nəzər salıb fikir (əlbəttə, subyektiv) bildirəcək, ikincidə isə giley-güzarla dolu zəmanəmizdə müasir romançılıq necə olmalıdır? – sualına cavab tapmağa çalışacağıq. Bu iki ciddi məsələyə toxunmağa nə dərəcədə haqqım çatır, arqumentlərim nə qədər tutarlı ola bilər, ümumiyyətlə bu yazını qəbul etmək olarmı, əgər olarsa, bu hansı səviyyədə mümkündür? Oxucuda yarana biləcək bu qəbildən olan digər suallara öncədən cavab vermək üçün qısa bir haşiyəyə çıxmaq istəyirəm:

HAŞİYƏ
Bütün digər yaradılmışlar kimi insan da özü anlayandan sonra ətraf aləmi anlamağa çalışır. Bu çabalar içində demək olar ki, bir körpə başqa bir canlının balasından elə də çox fərqlənmir. Ətraf aləmi hissə-hissə, çox kiçik parçalarla, fraqmentlərlə dişimizlə, dırnağımızla, gözümüzlə, hiss edib, dadıb, görüb tanıyır, yadda saxlayırıq. Dünyadan – ətraf aləmdən yadımda qalan ilk fraqment atla bağlıdır; bu ilk olaraq özümün çəhrayı rəngli oyuncaq atım – üstünə minilə biləcək möhkəm plastmasdan olan təkərli at, qonşu oğlanın həmişə balkonlarında olan yaşıl şar atı (Bakıda) və ən dəqiq, net mənzərə bir axşamçağı (Ağdam rayonu, Yusifcanlı kəndində) mal-qaranı örüşdən gətirən babamın qabağına – qarşılamağa – çıxdıqda məni öz tünd qəhvəyi rəngə çalan qızlı “yava” Qarabağ cinsindən olan atının tərkinə alıb doqqazdan evin qarşısına – həyətə qədər 60 – 70 addımlıq yolu (bu bir neçə dəfə təkrar olunub) gətirməsidir. At anladığım, yadımda qalan oyuncaq olsa da minə bilmədiyim, çünki, ondan tutub duranda mən boyda idi… Əsl at da həmçinin qardaşlardan ən kiçiyi olan Hafiz əmimin məni qaldırıb Müseyib babam minən atının tərkinə oturdanda (o kiçik oğul, mənsə böyük nəvə idim – təbii estafet məsələsi) arxadan babamın belindən necə bərk-bərk yapışdığım hələ də yadımdadır… Beləliklə sanki, at əl dəysə də əlçatmaz bir varlıq olaraq qaldı mənim üçün… Ancaq, yadda qalan ilklərdən həyatım boyu həmişə birinci olan ikinci bir varlıq da var. Bu kitabdır, kitab… Ətrafdakı canlı və cansızları tanımağa başlayanda dişimə vurub yoxladığım varlıqlardan biri də yadımda qalan birincisi orta qalınlıqlı,tünd göy rəngli kitabdır – “mikrobiologiya” kitabı… Yəqin ki, ağ yerlərini yazdığım, nəyəsə əsəbləşib ağlayanda vərəqlərini dartıb qopardığım kitab da elə bu “göy kitab” olub… Səhv etmirəmsə bu sualları bir müsahibədə cavablandırmışam, odur ki, təkrar olsa bağışlamanızı rica edirəm. Kənd uşaqlarının çoxu kimi əlifbadakı gözəl buzov rəsminin altında iri böyük hərflərlə yazılmış “DANA” sözünü hərfləyib “BUZOY” deyə-deyə əlifbanı öyrəndikdən sonra ilk oxuduğum kitab “Qızıl şamdan” uşaq nağıl kitabı olub –bu təxminən 1981 –ci ilin okyabr ayı idi. Oxuduğum ilk iri həcimli kitab göy rəngli, qalın, üstündə qalxan şəkli olan “Koroğlu dastanı”, xarici ədəbiyyat nümunəsi “Kapitan Qrantın uşaqları”, çox cildli isə “Min bir gecə” dastanları olub. 80-ci illərdən etibarən üç dildə ana dilimizdə (hal-hazırda Türk dili adlandırdığımız dili mən xaric dil hesab etmirəm), rus dilində, ingilis dilində və üç əsas qrafikada; kiril, latın, ərəb əlifbaları ilə sərbəst mütaliə vərdişlərim var. Təxminən 1987-ci ilin yayından etibarən ətrafda nələrin baş verməsindən asılı olmayaraq saatlarla sadəcə oturduğum taxta stulu yellədə – yellədə qalxmadan bəzən gündüz axşama kimi, bəzən gecə səhərə kimi kitbdan ayrılmadan oxumaq kimi bir bacarığa yiyələnmişdim… Təəssüf ki, indi belə vaxt yoxdur. Maraqlı kitab olanda ya uzaq yol gedəndə çatana qədər maşında, ya da qonaq və istirahətdə olduqda belə uzun müddətli – ayrılmadan – mütaliə etmək imkanı olur. Bu minvalla o zamanın əksər gənci kimi mən də əvvəl məktəb kitabxanasının, ardınca kənd kitabxanasının axırına çıxdıqdan sonra rast gəldiyim, adını eşitdiyim kitabları alıb oxumağa başladım. Bütün bunlar bu yazını oxuyanların əksəriyyəti kimi mənim də sovetlər birliyində yaşadığımız nisbətən məhdud bir dövrə aid olan məlumatlar idi. 90-cı illərdən sonra əvvəllər bizim üçün əlçatmaz olan bütün kitablar da, müəlliflər də əlçatan oldu. Yeni əsrdə internet deyilən məhdudiyyətsiz bir aləm ərmağan oldu bizə və bununla da inandırım sizi ki, dünyada limit deyilən anlayış öz qüvvəsini itirdi…
Bütün təfsilatı ilə belə bir girş verməyə ehtiyac var idimi? – Haqlı sual çıxa bilər ortaya. Əvvəlcədən deyim ki, bəli var idi. Çünki, yazının buradan sonra oxuyacağınız hissələrində elə məqamlar ola bilər ki, “bunun heç filankəsin filan romanından xəbəri yoxdur, və ya bəs niyə heç filankəsin adını qeyd etməyib və s.” Qarşıda belə problemlərlə üzləşməmək üçün nəzərinizə bir daha çatdırıram ki, yuxarıda qeyd olunan tarixdən üzübəri Respublikamızda əlçatan olan və günümüzdə internetdən oxuya biləcəyimiz sizə məlum olan nümunələr və müəlliflər mənə də məlumdur. Sadəcə bu yazının öz məqsədi var. Mən bu məqsədə uyğun davranacaq və ancaq, faydalı bildiyim məqamlara toxunacam. Yəni, kimin və ya hansı əsərin adının çəkilməməsi onun olmaması anlamına gəlmir. Onlar da var. Sadəcə mənim subyektiv fikrimə görə hal-hazırda bizə, bizim gəncliyə bu yazıda adı hallanan müəlliflər, qeyd olunan əsərlər haqqında olan məlumat və biliklər daha faydalı ola bilər. Yəni, yazının məqsədi bu müəllif və nümunələri bilənlərə xatırlatmaq, bilməyənlərə isə tanıtmaqdan ibarətdir.
XATIRLATMA 
İndi işlədəcəyim “MƏNCƏ” ifadəsi bundan sonra sıralanacaq bütün fikirlərə aiddir. Və beləliklə, məncə, bəşər tarixi yarandığı gündən müasir dövrümüzədək – insan oğlu əlinə qələm alıb yazmağa başlayandan bəri ən dəyərli yazılar ortaya qoymuş yazar çoxumuzun uşaqlıqdan tanıdığı Lev Nikolayeviç Tolstoydur. Bəs, tanıdığımız digər yazrlardan onu belə kəskin dərəcədə fərqləndirən nədir? Və bunu real, həyati səbəbləri nə olub? Onu nəyə, hansı səbəblərə nümunə götürüləcək birinci şəxs hesab edirik və ya etməliyik? Axı onun qədər tanıdığımız digər Dostoyevski, Ernest Heminquey, Viktor Hüqo, Cek London, Sent-Ekzüperi, Vasiliy Yan, Tarle kimi məşhur yazarlar da olub. Sözsüz ki, indi kimsə bu sətirləri oxuyub tam fərqli adını qeyd etmədiyimiz bir müəllifi xatırlaya və onu öz kriteriyalarına – meyarlarına görə Tolstoydan üstün hesab edə bilər. Bu onun təbii haqqıdır. Ancaq , burda bir məsələni mütləq qeyd etməliyəm, Tolstoy yaradıcılığının əsasında hansı səbəb və məqamlar durmasından asılı olmayaraq mən yuxarıda misal üçün adını çəkdiyim və bu an sizin fikrinizdə olan digər müəllifdən seçilir. Yuxarıda nisbət üçün elə yazarları seçmişəm ki, bu yazını oxuyan şəxslər mütləq onları da oxuyublar və yaradıcılıqları ilə tanış olduqlarına əminəm. Dostoyevski, Ernest Heminquey, Viktor Hüqo, Cek London, Sent-Ekzüperi, kimi yazrlar nə qədər cəlbedici yazsalar da bütün yaratdıqları nümünələrdə çatışmamazlıq, natamamlıq hiss olunur. Bu məsələ bəlkə də inam məsələsi ilə bağlıdır. Beləki, bu müəlliflər nə qədər maraqlı süjet xətti üzərində işləsələr də, hadisələr nə qədər qızışıb, səngisə də sonda bir nəticəyə gəlib çıxa bilmirlər. Bu özü-özlüyündə müəlliflərin bütün problemləri hansı dil, üslub, bənzətmə vasitələrindən istifadə etmələrinə baxmayaraq insanın üzərinə yükləməsindən və insan oğlunun isə nə qədər faili-muxtar olmasına baxmayaraq bir Yaradan tərəfindən yaradılmış omasını ya qəbul etməmələrindən, ya da unutduqlarından qaynaqlanır deyə düşünməkdəyəm. (fikir dəyişə bilər, hərəkət varsa, dəyişiklik labüddür). Bəs, belə natamamlıq Tolstoyda yoxdurmu, əlbəttə , var məsələn, “Hacı Murad”-da. Ümumiyyətlə, mən özüm üçün Tolstoyun əsərlərini nümunə götürülə biləcək baxımdan belə sıralayıram: I – “ETİRAF”, II – “SERGEY ATA” və “İVAN İLİÇİN ÖLÜMÜ”, III – “HƏRB VƏ SÜLH”….. sonuncu “HACI MURAD”. Vasiliy Yan, Tarle barədə ayrıca onu qeyd etmək istəyirəm ki, bu müəlliflər haqqında On yeddinci yazı – “Hərb mövzulu yazılar” – da nisbətən ətraflı söhbət açacam. Nəticə olaraq nə qeyd etmək istəyirəm Tolstoy istər özündən əvvəlki, istərsə də günümüzə qədər – sonrakı yazrlardan fərqləndirən məqam və keyfiyyət onun şəxsiyyətinin və nümunələrinin tamlığı, mükəmməlliyi və ya mükkəməl kimi qəbul etdiyimiz əlbətdə, nisbi olan anlayışa daha yaxın olması ilə seçilir. Bunu kökündə uca Yaradana inancın, onun uzun, keşməkeşli ömrünün, sağlam ruhunun – həyat yolu – fəaliyyətinin, özünəməxsus yaşam tərzi və təlatümlü ailə həyatının dayandığını hesab edirəm. Bu məqamda yenidən kiçik bir haşiyəyə çıxmaq istəyirəm.

HAŞİYƏ
Yəqin bu deyimi eşitmisiz? Əgər, eşitməmisizsə onda indi xəbəriniz olsun ki, belə bir deyim var: – “Batmaqda olan gəmidə bir nəfər də olsun allahsız tapa bilməzsən” Əfsuslar olsun ki, məsləyindən asılı olmayaraq çoxumuz əslində böyük bir, hər an batmaq təhlükəsi ilə üzləşə biləcək, müdhiş dalğalar qoynunda atıla-düşə üzən gəminin sakinləri – sərnişinləri olduğumuzu unudur, bunu ancaq gəmimiz ləngər verəndə hiss edirik. Bu baxımdan Xalid Hüseyninin “Çərpələng Uçuran” romanında iki maraqlı məqam var. Bu arada onu qeyd etmək istəyirəm ki, Xalid Hüseyni və əsərləri nümunə ola biləcək müasirlərimizdir. Əgər hələ tanış olmamısınızsa, bu andan sonra boşa gedən vaxt əsl itki kimi hesab oluna bilər. Məsələn, bu tanışlıq elə “Çərpələng Uçuran” – la başlaya bilər. Çox maraqlı və yuxarıda nümunə kimi qeyd etdiyimiz meyarlara tam uyğun gələn bir əsərdir. Tamdır. Əlavə edim ki, “Çərpələng Uçuran”-ı həm ingilis dilində orijinalda, həm də Xədicə İsmayılın tərcüməsində doğma, şipşirin ana dilimizdə oxumuşam. Tərcümə indiki tərcümələrin əksəriyyətindən fərqli olaraq çox gözəl alınıb. Hadisələrin bir qisminin bizim mədəniyyətə yaxın Şərq mühitində baş verməsi də onun ana dilimizə rahat uyum sağlamasına, daha asan qavranmasına yardımçı olur. Bu tərcümə ana dilimizdə bizim üçün orijinal hesab oluna bilər. Tərcümədə heç nə itməmişdir. Əksinə daha da zənginləşmiş, romanın cod dili bir az yumşalmış, daha rahat anlaşılan olmuşdur. Mətləbdən uzaqlaşmayaq, deməli, romanın qəhrəmanı Əmir heç də inanclı biri sayıla bilməz. Ancaq, onun şüuraltı bilincində belə bir qüvvənin varlığı barədə məlumat olduğundan əsər boyu iki dəfə ən kritik məqmda bu özünü büruzə verir. Birinci dəfə atası xəstə olanda, ikinci dəfə isə doğmaca qardaşının balası və eyni zamanda artıq, onların – Babanın nəslinin yeganə davamçısı Zöhrab xəstəxanada can çəkişəndə… 
Məncə, ordan-burdan nala-mıxa vurmaq bu qədər kifayətdir. İndi gələk, ümumilikdə əsas məsələyə bəs bizim özümüzün nümunə ola biləcək kimlərimiz, nələrimiz var. Əlbəttə, bu misallar elə seçilməlidir ki, ən azından bu yazını oxuyan şəxs onları da tanımış olsun. Bu məqamda şübhəsiz ki, yenə hansısa keçid mövqeyində dayanan nümunələr olmalıdır. Belə şəxslərə Abbasqulu ağa Bakıxanovu, Həsən bəy Zərdabini, Əhməd bəy Ağaoğlunu, Əbdürrəhim bəy Haqverdiyevi, Məmməd Səid Ordubadini, Vintsas Kreveni, Üzeyir Hacıbəylini, Yusif Vəzir Çəmənzəminlini, İlyas Əfəndiyevi, Bayram Bayramovu, İsmayıl Şıxlını və onların düşüncələrini, yazıb-yaratdıqlarını misal göstərə bilərik. Bu keçid şəxslərdən sonra Bəxtiyar Vahabzadə, Cəmil Əlibəyov, Xudu Məmmədov, İsa Hüseynov (Muğanna), Nəriman Həsənzadə, Əlibala Hacızadə, Anar, Elçin, Hamlet İsaxanlı, Kamal Abdulla, Akif Əli, Elçin Hüseynbəyli (Qaraçuxa), Orxan Fikrətoğlu, Əsəd Cahangir, Sadıq Qarayev, İlqar Fəhmi, Rövşən Abdullaoğlu kimi şəxsiyyətindən, həyat yolundan, fikirlərindən, yazıb-yaratdıqlarından, müasirlərimiz olanların söhbətlərindən faydalana biləcəyimiz kiçik, çox da zəngin olmayan bir siyahı tərtib etmək olar. Ancaq, biz daha konkret olub və heç olmasa üç gedişə ortaya konkret nəticə qoymalı olsaq, mən bunu belə edərdim. Vintsas Kreve “Azəristan ölkəsi”, Makulu “Səttarxan”, Müəllifi mübahisəli olsa da əsl milli nümunə “Əli və Nino”.
Əgər, hələ də Vintsas Kreve ilə tanış deyilsizsə, mütləq tanış olun. Tanışlığa “ATV kitab seriyasından olan” doğma, şipşirin ana dilimizdə nəşr olunmuş – sağ olsun Səlim Babullaoğlu – Vintsas Kreve “ Azəristan ölkəsi” kitabından başlaya bilərsiz. “Səttarxan ” və “Əli və Nino”, biz müasir mili romançılığın standartı, (müasir roman necə olmalıdır ki, oxunaqlı, faydalı və gəlirli – satıla bilən – olsun) üzərində düşünürüksə, bu iki əsərə diqqətlə baxıb, özümüz üçün yığcam araşdırma aparıb müəyyən nəticəyə gələ bilərik. İlk öncə müəlliflərə baxaq, Makulu o qədər də məşhur imza olmasa da, “Səttarxan” iri həcimli çox ətraflı, zəngin məlumat mənbəyi olan, faydalı romandır. Müəllifi dəqiq bilinməyən – imza yoxdur – “Əli və Nino” əsl nümunədir. Məncə, “Əli və Nino” bütün parametrlərdə standarta daha yaxındır. Bu iki əsər əlavə heç bir təsir dairəsinə düşmədən hər ikisi nümunə ola biləcək səviyyədədir. Ancaq, “Əli və Nino” “Səttarxanı” həcm məsələsində qabaqlayır və üstünlük əldə edir. “Əli və Nino” hadisələrin zənginliyi, məlumatlılıq və həcm baxımından müasir Azərbaycan oxucusu üçün əsl nümunə – çağdaş romançılığın standartı sayıla biləcək bir əsərdir. Ümumiyyətlə yeni yaranacaq romanlar 80 – 100 səhifə həcmində olsa daha cəlbedici və faydalı olar deyə düşünməkdəyəm…
Uca Yaradanın insan oğluna bəxş etdiyi ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa həsr etdiyiniz üçün qarşınızda baş əyir, sonsuz sayğılarımı bildirirəm. Hörmətlə: Zaur Ustac.
QEYD
Yazarlar ancaq, (əyləncə və ya mənfəət xatirinə yazanlar xaric) yazarlar. Şübhəsiz ki, söz Uca Yaradana məxsusdur. Biz sadəcə qələm tutan qullarıq… Yox əgər, kimsə bunu inkar edib, ancaq yenə oturub saatlarla kiminsə pıçıltılarını qələmə alırsa, onda bağışlayın məni, belə çıxır ki, onun yazdıqları şeytan vəsvəsəsindən başqa bir şey deyildir…

24.05.2018. Bakı.



QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON BEŞİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru




İLDIRIM ƏKBƏROĞLU – QARABAĞ AZƏRBAYCANDIR!

İldırım Əkbəroğlu – şair, MYK sədri.

AZƏRBAYCAN  TORPAĞIDIR  QARABAĞ!

(“Qarabağ Azərbaycandır və nida işarəsi” İlham ƏIiyev.)

Yalalnların dönüb qurumuş arxa,
Yad torpaqda yaşarsan qorxa-qorxa.
Tarix olsun söykəndiyin güc-arxa,
Gör, nə ətir saçır burda baxça-bağ
Azərbaycan torpağıdır Qarabağ!

Sən işğalçı, mən sahibəm, unutma,
Bağa girib bağbanına daş atma.
Ulağını cən atıma tay tutma,
Böhtanınla, öz-özünə çəkmə dağ,
Azərbaycan torpağıdır Qarabağ !

Bir daş göstər.adı dilində olsun.
Bir gül göstər, orda, elində olsun.
Elə şər de faktı əlində olsun,
Cıdır düzü mərd meydanı, etmə ağ,
Azərbaycan torpağıdır Qarabağ!

Gözdən olub özgə yurda göz tikən,
Vurub-tutan babaların qan tökən.
Sən dağıdan,parçalayan, mən tikən,
Aşkar olur gələn dövran, gələn çağ,
Azərbaycan torpağıdır Qarabağ!

Əlin qanlı,get əlinin qanın yu,
Haqlı danış, böhtan demə, dinc uyu.
Yolun sərtdir, son uçurum, son quyu,
Fərəhlənmə öndə görüb zirvə-dağ ,
Azərbaycan tirpağıdır Qarabağ!

Ay İldırım, dünya bilir haqq sənin,
Gözəlliyi gül-çiçəkdir çəmənin,
Özgə yurdda gor evində kömənin,
Yurdu itər, ruhu çəkər zülüm,ah,
Azərbaycan torpağıdır Qarabağ!


Müəllif:İldırım ƏKBƏROĞLU

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYƏTXAN ZİYAD – II QARABAĞ MÜHARİBƏSİNİN SALNAMƏSİNİ YAZANLAR – FAİL İSGƏNDƏROV

Qarabağ qazisi Kərbəlayi Fail İsgəndərov

II QARABAĞ MÜHARİBƏSİNİN SALNAMƏSİNİ YAZANLAR:

                      Qarabağ qazisi Kərbəlayi Fail İsgəndərov

Tarixin

yaddaşından

Son bir qərinədə Azərbaycanın öz torpaqları uğrunda mücadilə tarixini  iki qanlı dövrə bölmək olar: Birinci Qarabağ Müharibəsi (20 fevral 1988 – 12 may 1994-cü il) və İkinci Qarabağ Müharibəsi (27 sentyabr – 10 noyabr 2020-ci il).

Birinci Qarabağ Müharibəsinin

nəticələri

Atəşkəs əldə olunması ilə qan tökülməsinin durdurulması (may 1994 27 sentyabr 2020-ci il). Münaqişənin sülh yolu ilə həlli məqsədilə ATƏT-in prinsipləri əsasın­da  Minsk qrupunun yaradılması. Uzun illər ərzində Azərbaycan tərəfinin səbr və təmkin göstərərək danışıqlar aparması. Məsələnin sülh yolu ilə qansız həllinə çalışmaq cəhdi.

İkinci Qarabağ Müharibəsinin

nəticələri

XXI əsrin ilk iki onilliyiAzərbaycan üçünyaddaqalandır. Mütəxəssislər tərəfindən sınaq döyüşləri kimi qiymətləndirilən aprel döyüşləri (1-5 aprel 2016-cı il) və 2020-ci ilin44 günlük Zəfər döyüşü (27 sentyabr – 10 noyabr 2020 – ci il).

Qürurla qeyd etməliyik ki, 28 il çözülməsi mümkünsüz olan problem Azərbaycan Prezidenti İlham Əliyevin qətiy­yəti, silahlı qüvvələrimizin cəsarətli döyüş əzmi sayəsində 44 günə həllini tapmış oldu.

*** 

İkinci Qarabağ Müharibəsinin salnaməsini

yazanlardan biri:

İsgəndərov Fail Rəfayıl oğlu

1994-cü ildə Hacıqabul şəhərində anadan olub.  2011-ci ildə Hacıqabul şəhər 2 saylı orta məktəbin bitirib. 2012-2016-cı illərdə Şirvan şəhər Humanitar kollecində təhsil alıb. 2016-2018-ci illərdə hərbi xidmətdə olub. 2018-ci ilin sentyabrından ailəlidir. Zeynəb adında 2019-cu il (16.06.2019)təvəllüdlü bir övladı var. Bir neçə dəfə Məşhəd, Kərbəla ziyarətində olub. “Qarabağ qazisi Kərbəlayi Fail” adı ilə tanınır…

2020-ci il iyulun 14-də Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı general-mayor Polad Həşimovun şəhid olmasın­dan ciddi təsirlənən Fail Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə müraciət edib. Müraciəti ilə əlaqədar Ali Baş Komandan İlham Əliyevin qismən səfərbərlik haqqında sərəncamından sonra yuxarıda adı çəkilən qurum tərəfindən səfərbərliyə alınaraq cəbhəyə göndərilib.

Əvvəlcə artilleriya bölməsində  kəşfiyyatçı kimi təlimlərə qatılsa da, döyüşlərin başlandığı elə ilk günlərdəcə öz xahişi ilə  minaatan  batareyasından ayrılaraq piyada  bölüyünə qoşulub.

F.İsgəndərovun döyüş yolu haqqında

qısa xronoloji anlatma                                            

1. Sentyabrın 27-də müharibə başlayanda Füzuli şəhərindən hücum əmri alıb Alıxanlıya kimi gediblər;

Qarabağ qazisi Kərbəlayi Fail İsgəndərov

2. Oktyabrın 10-da Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılmış minaatan mərmilərindən  biri Cəlilabad­­­dan olan Əkbərov İbarət Faiq oğlunun üstünə düşüb. İ.Əkbərov şəhid olub, Fail isə sol çiynindən və burnundan ciddi qəlpə yarası alıb: “Düşmən minaatanlardan mərmini dolu kimi yağdırırdı. Pis və­ziy­yətə düşmüşdük. Ayağımızın altına, yan-yörəmizə minaatan mərmiləri düşür, snayperlə yağan güllə yağışı göz açmağa imkan vermirdi.  Kömək gələnə qədər o cür güclü hücuma necə tab gətirdiyimizi təsəvvür edirsinizmi? Bu vaxta qədər belə şeyləri ancaq Böyük Vətən Müharibəsindən bəhs edən filmlərdə görmüşdüm…

Burunla gicgah arasında nə qədər məsafə var? Ölüm gözlə qaş arasında olub. “Allah qoruyub” bunun kimi hallar üçün deyilib. Bunabənzər hallarla isə hər gün-hər saat göz-gözə idik…

Əvvəl-əvvəl elə bildim qəlpə burnumu tamam aparıb, burnum daha yoxdur. Ancaq sən demə qəlpə bir tərəfdən girib o biri tərəfdən çıxıbmış. Burunda nə qədər qan olarmış! Hospitalda da qanı kəsməkdə çətinlik çəkirdilər”.

Sutka yarım Füzulidə hospitalda, doqquz gün Zərdab rayon xəstəxanasında, qısa bir müddət də alayın tibb məntəqəsində müalicə alandan sonra yenidən döyüş əməliyyatlarına qoşulub.

“Çiyindəki yaramın vəziyyəti yaxşıdır. Burnumdakı yaranın fəsadları isə bu gün də qalıb. Qəlpənin yeri zaman-zaman şişməkdə davam edir. Bu fəsad səsimdə də dəyişiklik əmələ gətirib. Əvvəlki ilə müqayisədə səsim boğulmuş vəziyyətdə çıxır, elə bil yolunu nə isə tutub”.

Atasının səhhətində narahatlıq olduğundan, günaşırı, iki gündənbir ailə ilə telefon əlaqəsi saxlayırmış. Əlaqənin qəflətən 10 gündən artıq müddətə kəsilməsi valideynlərində əndişə yaratsa da, digər ailə üzvləri onları inandırmağa çalışıb ki, komandiri ilə maraqlanıblar, heç bir narahatlıq yoxdur, sadəcə telefon rabitəsi mümkün deyil.

3. Müalicədən sonra da Füzulinin və kəndlərinin düşməndən azad olunmasında və müdafiəsində iştirak edib.

4. Sonra üç gün Qubadlının müdafiəsində olublar;

5. Zərurət üzündən müəyyən taktiki əməliyyatların icraası məqsədilə bölük yenidən Hadruta üz tutub, bir gün şəhərin yaxınlığındakı yüksəkliyin müdafiəsində olub;

6. Briqada Tuğda cəmləşdiriləndən sonra tabor min zülmlə Topxana meşəsinə qədər hərbi yürüş edib;

7. Daha ağır döyüşlərdən biri Daşaltı istiqamətində olub: “Noyabrın ilk günləri idi. Minamyot atəşləri, iri çaplı silahlardan atılan güllə yağışı altında Topxana meşəsindən Daşaltı kəndinə irəlilədik. Burada çox ölüm oldu, çox yaralanan oldu”;

8. Noyabrın 8-də Şuşa şəhərinə giriblər: “Noyabın 9-u da daxil olmaqla gecə saat 3-4-ə kimi ermənilər səhəri atəşə tuturdular. Atəş səslərindən qulaq tutulurdu. Noyabrın 10-na keçən gecə Atəşkəs imzalansa da, təqribən bir saat sonra və dəfələrlə atışma yenidən qızışdı. Şuşanın onlardan alınmasilə ermənilər heç cür barışa bilmirdilər”;

Qarabağ qazisi Kərbəlayi Fail İsgəndərov

9. Şuşa alınandan sonra Failgilin bölüyü Şuşaətrafı kəndləri düşməndən təmizləyə-təmizləyə Xankəndiyə istiqamət götürüb. Son olaraq bölük musiqi məktəbinin binasında yerləşib;

Xankəndi yaxınlığında “erməni xaçı” deyilən bir təpə var. Ermənilər iri bir təpə üzərində dəmirdən xaç vurmuşdular, ona görə belə deyilirdi”. Həmin gündən ordudan tərxis olunana qədər – dekabrın 15-dək adı çəkilən ərazinin düşməndən qorunmasında fəallıq göstərib. Deyir, bizim gücümüz də, qüvvətimiz də var idi ki axıra qədər gedək. İkicə saat vaxt lazım idi, Xankəndini götürəcəkdik. Bəzən eşidirəm deyirlər ki, ermənilər özləri təslim olublar. Bu heç də belə deyil, erməni məcbur olub təslim olub. Düşmən yaxşı bilirdi ki, Azərbaycan ordusu ondan qat-qat güclüdür. Təslim olmasaydılar, hamısı qırılacaqdı… Ordudan tərxis olunana qədər həmin ərazinin müdafiəsində iştirak etmişəm”.

Qaziliyi ilə ailəsinə, elinə-obasına başucalığı gətirən F.İsgəndərov üçün 44 günlük Zəfər döyüşü 86 günə tamamlanıb. Müharibədə göstərdiyi qəhrəmanlıq nümunəsi döyüşçünün hərbi biletində də əksini tapır. Belə ki, F.İsgəndərovun hərbi biletində dö­yüş qabiliyyətinin göstəricisi olan aşa­ğı­dakı kəlmələr qeyd olunub: “Fü­zu­li və Şuşa istiqa­mətində gedən dö­yüş əmə­liy­yat­la­rın­da iştirak et­miş­dir”.

  Döyüş qabiliyyəti Füzulinin və Qubadlının alınmasına görə medalları ilə dəyərləndirilib.    

 Cəbhədən döndüyü ilk günlər Faillə çox görüşlə­­rimiz olub. Yaddaş pərakəndəliyi hiss olunurdu. Söhbətdən yayınmağa çalışır, danışı­lanlara aludə olurdusa da, bir an sonra bəhs etdiyi hadisə ilə əlaqədar sual verəndə duruxur, dəqiqləşdirmə apar­maq­­da şətinlik çəkirdi.

Döyüşçü yoldaşlarının, tanışlarının tez-tez onun görüşünə gəlməkləri, dindar dostlarının ziyarətləri, cəbhə yoldaşları ilə telefon danışıqları və yazışmaları  zaman-zaman yaddaşının bərpasına yardımçı oldu. “MTV Azərbaycan”  kanalının  “10-da görüşərik” adlı verilişində söhbətlərinin lazımi mizan-tərəzidə olduğunu görəndə telefon açdım ki, səninlə ilk görüşlərimiz zamanı özün bilərəkdən danışmaq istəmirdin, yoxsa… “Elə demə, əmi, o zaman həqiqətən olanları xatırlamaqda çətinlik çəkirdim, sonra yavaş-yavaş yaddaşım aydınlaşdı”, – dedi.

Verilişin aparıcının aşağıdakı düşüncələrinə diqqət yetirək: “Döyüşçü yoldaşlarına daim yüksək əhval-ruhiyyə bəxş edən bu qəhrəmanlar (verilişə F.İsgəndərovla eyni taborda döyüşmüş Hacıqabullu Nurlan Şükürov da dəvətli idi) bu gün olduqca məmnundurlar. Aldıqları yaralar, bədənlərindəki qəlpələr onların bugünkü məmnunluqlarına mane olmur. Əksinə, başlarına gələnlərdən bir şey olmamış kimi söhbət açır, erməniyə acıq verirmiş kimi təbəssümlə, məmnunluqla bəhs edirlər”.

II Qarabağ Müharibəsi əsl müharibənin nə və necə olduğunu bizlərə başa saldı. Dərk etdik ki, filmlərdə gördüklərimiz həqiqətən kinodur. Müharibə tamam özgə bir nəsnədir. Sözün müstəqim mənasında “müharibə” döyüşçü üçün bir yandan əgər düşmənə nifrət və intiqam kəlmələri ilə qoşalaşırsa, digər tərəfdən həm də ölümlə üzləşmək, müəyyən taktiki döyüş əməliyyatları zamanı bu kimi hallarla üzləşməmək üçün ayıq-sayıq olmaq, qarlı-şaxtalı, sazaqlı, soyuq cəbhə həyatı deməkdir, – deyir Fail, –  Döyüşdə olduğum müddət ərzində bu dediklərimlə hər gün, hər saat üz-üzə, göz-gözə idik. Bildiyiniz kimi, Füzuli, Daşaltı, adı dünya döyüş salnaməsinə düşmüş Şuşa döyüşləri ən qanlı döyüşlər sırasındadır. Rembodan bəhs edən döyüş filmləri bunun yanında heç nədir. Mərmi başımıza yağış kimi yağırdı. Biz də ki… Elə bil ki, minaatan mərmilərinə  qucaq açırdıq. Güllələr yan-yörəmzə, ayağımızın altına tökülür, biz isə olanlara məhəl qoymadan, zərrə qədər də qorxu hiss etmədən verilən əmrin yerinə yetirilməsi üçün irəli şığıyırdıq. Hamıda İlahidən ifadəsi mümkün olmayan bir qüvvət var idi. Elə bir ruh yüksəkliyi ki… Bu hisslərin sözlə ifadəsi mümkün deyil.

Xankəndini başlanğıcında Xaçaltı deyilən bir yer var, ermənilərlə 30 metr məsafədəydik. Orada mən Azan vermişəm. “Allahü-Əkbər” sədaları dağlara-daşlara yayılanda… Bu ermənilərə qıcıq verirdi, əsəbiləşirdilər, amma qorxularından cınqırlarını çıxara bimirdilər. Özlərində buna cəsarət tapa bilmirdilər.

 “Ölümdən qorxmurdunuz?” sualıma cavabından: “II Qarabağ müharibəsində mənim ən güclü silahım 28 il “azan” səsinə həsrət qalmış Qarabağın şəhər və kəndlərində, adsız yüksəkliklərində səsləndirdiyim “Allahü-əkbər” sədaları olub. Ayağım dəyən elə bir yaşayış məskəni, dağ-dərə, orman olmayıb ki, orada mənim səsimdə azan səslənməsin.    

Başına yağış kimi yağan güllədən kim qorxmaz ki, ölümdən hamı qorxur. Amma bu hissi içindən qovmağın yolları var. Hücum başlayanda öz-özümə tez-tez təkrarlayırdım ki, “mən heş nədən qorxmuram”. Bunu döyüşçü yoldaşlarıma da təlqin etmişdm. Düzü, onlar həmişə mənim ehkamlarıma ehtiramla yanaşıblar. Bu, bəlkə dinə, Allaha sıx bağlılığımla əlaqədar idi, deyə bilmərəm. Kəlmeyi-şəhadət öyrətdiyim uşaqlar da olub. Baxırdılar ki, mən kəlmeyi-şəhadətimi oxuyub döyüşə girirəm. Və Allahı çağırıb döyüşə girəndə mənə heç nə olmur, onlar mənə necə inanmaya bilərdilər.

Düşməndən intiqam almaq hissi ruhumuzu oda-alova döndərmişdi. Düşüncəmizə bir duyğu hakim kəsilmişdi: torpaqlarımızı düşməndən xilas etmək! Vətən müharibəsində şəhid olanların qisasını almaq! Öhdəmizə düşüən vəzifəni ləyaqətlə yerinə yetirmək! Gələcək nəsillər deməsin ki, öhdələrinə düşən vəzifəni yerinə yetirə bilmədilər, öz babaları kimi onlar da olanları bizim üçün qoyub getdilər. Qürur duyuram ki, borcumuz olanı, öhdəmizə düşəni layiqincə və ləyaqətlə yerinə yetirə bilmişik. Bu kimi hislərlə yaşayan insan da ölüm haqda düşünərmi? Odu, ölümdən qorxmaq  kimi hisslər düşüncəmizə yaxın düşə bilmirdi. Bir də ki, düşünürdüm, olsa-olsa şəhid ola bilərəm, bu da ki, döyüşçü üçün ən yüksək zirvədir”. 

Ölümlə göz-gözə durduqları az olmayıb. Ancaq dediyi kimi, onları Allah saxlayıb: “Bir hadisə danışım. Neçə gün idi ki, yeməyimiz, suyumuz qurtarmışdı. Aclığa dözmək mümkündür, susuzluq çətindir. Döyüş də göz açmağa macal vermirdi. Azacıq başını qaldırsaydın, hədəfdə idin. Bunu hamımız yaxşı bilirdik. Az aralıda erməniləri qovub çıxartdığılmız yer var idi, uşaqlardan ikisinə dedim ki, əyninizi soyunun, hiss edib bizi hədəfə götürə bilməsinlər. Adama bir-iki kisə də götürüb səngərin içi ilə var gücümüzlə bəllədiyim yerə yüyürdük. Mineral sular, konserv, çörək… yan-yörə ərzaqla dolu idi. Kisənin birini mineral sularla doldurub kürəyimə almaq istədim. Kisə ağır, mən də zəif adam. Uşaqlara dedim ki, köməkləşib qaldırın kürəyimə. Qaldırdılar. Səngərlə qaça-qaça suyu gətirib döyüşçü yoldaşlara çatdırdım… Belə günlərimiz az olmayıb…

Başqa bir hadisəni xatırlayır: “Məktəb binası bildiyim üstü panellə örtülü, sığınacaq üçün yaxşı bir yer var idi. Mərmidən daldalanmaq üçün ora üz tutduq. Axırıncı adam “sığınacağa” girəndə gəldiyimiz yolu vurdular. Dörd mərmi düşdü. Üç-dörd dəqiqə geçiksəydik, hamımız qırılacadıq”.

Cəbhədə olduğu günlərdə həm dini, həm də oxuduğu xalq mahnıları, səsini mobil telefona yazan döyüşçü yoldaşları tərəfindən internet vacitəsi ilə  müxtəlif sayt və kanallarda yayımlanırdı.

Qarabağ qazisi Kərbəlayi Fail İsgəndərov

Deyir ki, qarabağlı sənət adamlarının bu torpaq haqqında söylədiklərində haqq varmış. Havada qəribə oksigen var. Zilə qalxdıqca səs açılır, oxuduqca yorulmaq bimirsən. Özüm də təəccüb qalırdım, inana bilmirdim ki, o soyuğun, şaxtanın qabağında (mən soyuqdan qorxan adamam) bu səs hardan gəlir. Elə xırdalıqlar edirsən ki… Aran bölgəsində bu, mümkün deyil”.

***

Qarabağ qazisi Kərbəlayi Faildən döyüş yolu haqqında qəlpə-qəlpə öyrənə bildiklərimiz hələlik ancaq bu. Zaman keçsin, II Qarabağ Müharibəsinin salnaməsini yazan Fail və döyüşçü yoldaşlarının Zəfər yolu haqqında daha ətraflı bəhs etmək borcumuz olsun.

***

…28 il töhmət dolu ömür yaşayan Azərbaycan insanı, nəhayət ki, başda Ali Baş Komandan İlham Əliyev olmaqla özünü toparlayıb Vətən torpaqlarının bütövlüyünü bərpa etdi.

Yalnız 28 illik ömürmü? Heç də yox.

Azərbaycan xalqı bu qələbə əzmi ilə 207  illik (12 oktyabr 1813-cü il, Gülüstan sülh müqaviləsi) ilhaqa son qoyub. Qələm sahibləri bu iradənin nəticəsini “Dəmir Yumruq” adı ilə əbədiləşdirdilər, bəstəkarlar “Dəmir Yumruq” sahibinin şəninə nəğmə qoşdular.

O anlatdı Yer üzünə

Məğlub nədi, zəfər nədi.

O adı bir yumruq deyil,

Nağıldakı əfsanədi.

…Haqqı nahaqq etmişdilər.

O qaldırdı haqq səsini.

Onun polad iradəsi

Titrətdi Yer kürəsini

yazdı Zahid Xəlil. 

II Qarabağ Müharibəsində qazanılan qələbə Azərbaycan insanının sarsılmaz milli birliyinin təntənəsi, 10 noyabr 2020-ci il təqvim tarixi Azərbaycanın erməni faşizmi üzərində tarixi qələbəsi, xalqımızın həyatında Yeni Tarixin başlandığının göstərici­sidir.

Müəllif: Ayətxan ZİYAD (İsgəndərov)

Azərbaycan Yazıçılar və

Jurnalistlər birliklərinin üzvü,

yazıçı-jurnalist, tədqiqatçı.

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru