MESAJ
Adi adam, sadə adam, lütf edirəmsə,
Bu lütfümdən yararlanıb, ağ etməyin siz!
Mən, fağırın əhvalını yazan adamam,
Lütfən, məni padşahlara tağ etməyin siz!
* * *
Öz dərdimi mən özümə yazdım hər zaman,
Bir kimsənin üzərinə kədər saçmadım.
Dörd padşaha məktub yazdım və heç birində
Özüm haqda bircə kəlmə söhbət açmadım.
* * *
Tanrı mənə lütf etmədi bu yaşımadək –
Nə Qaliyə gedə bildim, nə də Ağdama.
Millətimlə Dövlətimə Sınıq körpüyəm –
Nə o ələ sığınmışam, nə də bu dama!
* * *
Lütfən, məni padşahlara tağ etməyin siz,
Nə məqbərə, nə monastır, nə də tağam mən!
Bəlkə Quruca Davidə, ya Şirvanşaha
Süvari qoşun yaradan bir qıpçağam mən!?
* * *
O hörülən divarlarda bir doğma daşam,
Nə yabançı kərpiciyəm, nə yad daşıyam.
Həm Qoderzi Çoxelinin yurdda yurddaşı,
Həm də şair Vaqiflərin öz yaddaşıyam.
* * *
Millətimlə Dövlətimə Sınıq körpüyəm,
Zəhmi, yükü çox ağırdır şair andırın.
İllah, qurban lazımdırsa, gələn Novruzda,
Öz qaladığım tonqalda məni yandırın!
* * *
Ya yandırın, ya da mənim yanıq ruhuma
O tərəfli-bu tərəfli sayğı göstərin!
Hördüyünüz divarların daş-kərpici biz,
Siz o daşa, o kərpicə qayğı göstərin!..
21.04.2021 .
Müəllif: Rafiq HÜMMƏT
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru