ZAUR USTAC – “DAĞLAR” SEVDASI və ya BİZ HƏLƏ YAŞAMALIYIQ

Zaur Ustac – şair, publisisit.

“DAĞLAR” SEVDASI  

                          və  ya  

          BİZ HƏLƏ YAŞAMALIYIQ

İYİRMİNCİ  YAZI

Salam olsun, çox dəyərli oxucum. Dədə Ələsgərin anadan olmasının 200 illik yubiley tədbirləri çərçivəsində nəşr olunacaq “DAĞLAR” adlı poeziya antologiyası şəklində nəzərdə tutulmuş almanaxın giriş məqalələrindən biri kimi, baş redaktor sözü olaraq qələmə aldığım bu yazı eyni zamanda “Yaradanla baş-başa” adlı kitabıma daxil olan iyirminci yazıdır. Bir daha hamınızı salamlayır  və dağların cəzbində yaranmış sirli-sehrli  söz dünyasına səyahətə dəvət edirəm.

Mənim böyüyüb, boya – başa çatdığım coğrafi ərazi olduqca mülayim iqlimə malik, dağətəyi (Ağdam rayonu, Yusifcanlı kəndi) bölgə olub. Dünyaya gözümü açandan  Günəşin düzənlikdən (Qarqar çayının aşağı axınında, yulğunluqlara qarışıb, qamışlıqlarda itdiyi yerdə,  Ağ göl ərazisində)  al-qırmızı doğub, haramı çöllərinin üzərindən qövs çızaraq keçməklə ilin fəsillərinə görə gah Kirsin, gah Qırxqızın, gah da Murovun arxasında yenə al-qırmızı rəngə boyanıb, batmasını seyr etməklə keçib… Hava çox təmiz və açıq olanda Murovdan sonra daim başı qarlı şiş zirvə görsənirdi.  Bu dağa Ağrı dağı deyirdilər… Kənd ağsaqqallarının dilində Ağrı dağı ilə bağlı belə bir deyim var idi: – “qar Ağrıya düşdüsə, üçcə günə burdadı…” Lap körpəlikdən dağları Günəşin, Ayın evi bilmişəm… Dünyaya sahiblik – ağalıq edən qüdrətli Günəşin, o, olmayanda onu əvəz edən  sirli Ayın evi… İndi Siz dağların əzəmətini təsəvvür edin, bir uşaq düşüncəsində… Dağlar Gecənin gizləndiyi, Gündüzün dincəldiyi müqəddəs bir məkan olub mənim üçün… Dağların yaddaşımda belə dərin iz qoymasının ilk əsas səbəblərindən biri, bəlkə də birincisi – kənd uşaqları bunu yaxşı bilər – qoyun-quzunu axşamüstü örüşdən gətirmək üçün hər axşam  Günəşin batmasını gözlədiyimdən gözlərimin sürəkli dağlarda olmasının və mütəmadi olaraq hər gün eyni mənzərənin təkrar olunmasının da rolu az olmayıb. Əlbəttə, o vaxtlar uzaqda olan dağlar sirli bir qala kimi görsənirdi və uşaqlarla həmişə mübahisə edərdik ora neçə günə gedib çıxmaq olar… Sonra tale elə gətirdi ki, bu sirli –sehrli dağlara sirdaş oldum… Hərbi xidmətimin çox hissəsini 2500 metrdən yüksək olan dağlarda  keçirdim və anladım ki, dağlara uzaqdan, aşağıdan yuxarı baxmaq nə qədər sirli görünürdüsə, indi bu əzəmətli qalaların qoynunda olub, düzlərə yuxarıdan aşağı baxmaq o qədər, bəlkə də ondan min qat dah artıq, zövqverici, eyni zamanda ibrətamizdir… Xüsusi ilə hərdən olur ki, sən zirvədə olanda düzlərlə, yəni aşağıdakılarla sənin arana dümağ lopa-lopa buludlar girir və sən qalırsan buludların üzərində… Aşağıdakılar buludlara aşağıdan yuxarı baxıb orda Göyün – dünyanın  bitiyini sandıqları halda sən o buludların üzərində olub, kaş dünya elə bu buludlarda bitəydi, hal-hazırda onun məndən gizlədiyi, buludların altında qalan bütün günü boş-boş şeylər üstündə didişən, söyüşən, bir-birinin ətini yeyib, qanını içən insanların varlığından  heç xəbərim olmayaydı… Dünya elə bu buludlardan yuxarıdakılardan ibarət olaydı – deyə düşünürsən… Olduğum ən hündür zirvə Qapıcıqdır. Bundan əlavə Murovun, Baba dağın ətəklərində, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxının və digər adını qeyd etmədiyim bölgələrin istər boz, istər yaşıl dağlarında yayda da, qışda da çox olmuşam… Batabatda, Cıdırdüzündə olmuşam… Onu qeyd edim ki, sakit havalı (çovğunsuz) qarlı dağlar heç də yazdakı güllü-çiçəkli dağlardan az cəlbedici olmur, şəxsən mənim üçün daha gözəldir… Bunu söz xatirinə deyil, bir neçə mövsüm ard-arda Batabat yaylağında yaz-yay, payız-qış keşirmiş təcrübəli səyyah kimi qeyd edirəm. Tək Batabat deyil, Salvartısı, Dağdağanı, Əyriqarı, Sisqatarı, Küküdağı (Qogi), Ciciyurdu, Qanlı gölü, Göy gölü və digərləri hamısı bir-birindən səfalı olur, yayda da, qışda da… Mətləbdən uzaqlaşmayaq, bunlar hələ çox sonralar olacaq hadisələr idi və əlbəttə ki, mən də bunlardan xəbərsiz… 1987-ci ilin yayında yenə ailəvi olaraq Qalaya- Şuşaya getmişdik. İsabulağında, Cıdırdüzündə olduq… Bu bizim Cıdırdüzü ilə son görüşümüz oldu və bir daha dərədə gurhagurla, şırhaşırla,  qıjhaqıjla axan Qarqara yuxarıdan aşağı, amiranə, könül fərahlığı ilə baxa bilmədik…  (Deyirəm, tək Cıdırdüzü deyil, sonralar bunu digər dağlarda da hiss etmişəm. Təmiz dağ havasını sinəyə çəkdikdə qəlbi qəribə fərahlıq hissi, ruhu coşğunluq çuğlayır… Bu hissi dağ olmayan yalnız bircə ərazidə hiss etmişəm Azərbaycanın Rusiya ilə sərhəddində Xaçmazın sonuncu kəndi var, Xanoba – Zeyxuroba. Bir tərəfi meşə, bir tərəfi dəniz çox gözəl havası var, lap dağ havası kimi…) Olsa – olsa bir neçə dəfə körpüdən baxıb, sonra da çevrilib çiynimiz üstündən gözdən itənə qədər arxamızca boylanıb baxa bildik vəssalam… (…və bir də indi təzə-təzə peykdən baxıb, köks ötürmək öyrənmişik…) Bu səfərdən sonra sentyabrda dərs açılanda “Dağlar” –a aid şeir axtarmağa başladım. Əlbəttə, o vaxtlar  indiki kimi hər şeyə maraqlı şagirdlərin sevimli dostu olan, nə lazım olsa bir anın içində tapıb ovcunun içinə qoyan (uşaq və gənclər bu nemətin dəyərini anlamalı və bacardıqca çox faydalanmalıdırlar…) “Google” kimi dostumuz olmadığına görə bu proses bir qədər çəkdi və nəhayət doqquzuncu siniflərin birindən onların gündəlik işlətmədikləri bir kitab – “ IX sinif  Ədəbiyyat Müntəxəbatı ” kitabı tapdım. Bu kitabın Aşıq Ələsgərə aid bölümündə ayrı-ayrı parçalar şəklində müxtəlif nümunələr var idi:

Bahar fəsli yaz ayları gələndə

Süsənli sünbüllü lalalı dağlar

Yoxsulu ərbabı şahı gədanı

Tutmaz bir-birindən “aralı” dağlar

*    *     *

Həsənnənə, Həsənbaba qoşadı,

“Xaç” bulaq yaylağı xoş tamaşadı.

Arsız aşıq elsiz niyə yaşadı,

Ölsün Ələsgərtək qulların, dağlar!

Bu iki bəndi elə ilk oxunuşda əzbərlədim desəm, yalan olmaz. Sonralar Ədəbiyyat müəllim Həsən müəllimdən (Allah rəhmət eləsin) bu “aralı”-nın əslində alalı – fərqli , “Xaç” bulaq – ın isə Xoş bulaq olduğunu öyrəndim… Və o gündən bu günə sanki, namaz sözləri kimi gün ərzində – hər gün özümdən asılı olmayaraq dəfələrlə təkrar edirəm… Əgər, bu sətirləri nə vaxtsa məni yaxından tanıyan, yol yoldaşı, otaq yoldaşı olmuş şəxslrdən kimsə oxusa bunu əminliklə təsdiq edəcəklər. Bununla bağlı kiçik bir haşiyəyə çıxmaq istəyirəm:

HAŞİYƏ

Hərbi xidmətdə olanların  “kazarma” – əsgər yataqxanası -haqqında yəqin ki, təsəvvürləri var. Olmayanlar üçün qeyd edim ki, 100- 200 nəfərin birlikdə yaşadığı, hərənin öz çarpayısı (ehtiyac olduqda iki mərtəbəli də olur), dolabı, kətili olan, ayrı-ayrı hissələrdən ibarət, hər iki başında tualet (ayaqyolu və yuyunmaq üçün yer) və digər yardımçı otaqlar nəzərdə tutulmuş böyük bir ev. Ev və sözün əsl mənasında ev. Öz evlərində doğmaca ailə üzvləri ilə yola getməyənlər bu evdə elə yaxşı yola gedirlər ki… İndi deyəcəksiz bütün bunların məsələyə nə dəxli… Əlbəttə, dəxli var. Bu hal digər xidmət yerlərində də olub. Ancaq, BABKM –da oxuduğum vaxt uzun müddət olduğu üçün bu “kazarma”-nı misal çəkmək istədim. Deməli, düz dörd il boyunca sərasər hər gün səhər idmanından sonra (yay, qış fərq etmir) “kazarma”-nın o başından yuyunub, qurulana-qurulana öz çarpayımın yanına gələnədək – o başdan, bu başa –

“Bahar fəsli yaz ayları gələndə

Süsənli sünbüllü lalalı dağlar

Yoxsulu ərbabı şahı gədanı

Tutmaz bir-birindən “aralı” dağlar”

bu bəndi o qədər  demişdim ki, artıq mən :

“Bahar fəsli yaz ayları gələndə…” – deyən kimi, bir-iki nəfər, –  “…şair yenə başladı…”- deyənləri çıxmaq şərti ilə “kazarma”-da olub öz işləri ilə məşğul olan (üzün qırxan, yaxalıq tikən, daranan)  uşaqların böyük əksəriyyəti  bir ağızdan:  “Süsənli sünbüllü lalalı dağlar” – deyə səsimə səs verirdilər…

Bu vərdişim günü bu gün də dəyişməyib, elə bil əlimə su dəyəndə, dağlar, buz bulaqlar yadıma düşür və sövq-təbii Dədə Ələsgəri, “Dağlar” – ı xatırlayıram və qeyri-ixtiyarı “Bahar fəsli yaz ayları gələndə…” qopur dilimdən… Onu qeyd edim ki, Tuncay bu layihədə fəal iştirak etsə də, “…şair yenə başladı…”- deyənlərdəndir…  Baxmayaraq ki, o da “İbtidada Əlif  Allah”- ı tam əzbər bilir və tez-tez deməyi xoşlayır. Uşaqlıqdan sadəcə Günəşin, Ayın, Gecənin, Gündüzün evi bildiyim Dağların böyüdükcə daha geniş anlam kəsb etdiyini anlamağa başladım. Azərbaycanı qarış-qarış gəzdikcə, dünya haqqında məlumatım artdıqca ölkəmizdə də, dünyanın digər yerlərində də insanların olduqca müxtəlif səbəblərdən, müxtəlif dağları müqəddəs bilib, ziyarətə getdiklərini, qurbanlar kəsdiklərini öyrəndim… Bir vaxtlar qeyri-ixtiyarı, sadəcə nəyə görəsə xoşuma gəldiyi, bir doğmalıq, istilik hiss etdiyim üçün, bəlkə də başqa bir səbəbdən əzbərlədiyim misralar, sonralar oxuduğum və bu gün də yenilərini oxumaqda davam etdiyim dağlar haqqında nümunələr,  daim fikrimi məşğul edir.  Almanaxla tanış olduqca burada toplanmış  fərqli zamanlarda, müxtəlif  statuslu, müxtəlif  yaş qruplarına aid, müxtəlif  nəsillərin nümayəndələri tərəfindən dağlara xitabən qələmə alınmış nümunələri oxuduqca Siz də  bu barədə düşünə bilərsiz… “Dağlar” bizi bir məfhum kimi cəlb edir, yoxsa əksəriyyərin şüuraltı bilincində Tanrının Göydə olması anlayışı yer tutduğundan, dağların da Göyə, Tanrıya daha yaxın olması səbəbi ilə onu qutlaşdırır, Yer üzərində Tanrının təcəllisi səviyyəsinə qədər yüksəldib, tapınağa çevirirk. Yaxud da, gözəgörünməzlik, zatda varolma anlayışlarını qəbul edib, etməməsindən  asılı olmayaraq, insan yardım istəmək, şikayət etmək, tərifləmək istədiyi  yaradanı, güc-qüdrət sahibini görmək istəyir və Yer üzündə görüb, tanıdıqlarından yalnız dağı, dağları bu mərtəbəyə layib bilib onunla eyniləşdirir. Öz yaradanının daim gözünün  önündə- məchul deyi, əlçatan olmasını arzu edir və bu istəyin gücü ilə Tanrını dağların timsalında bir məbud kimi görərək onun varlığın “Dağlar” obrazında reallaşdırır. Bu xüsusda yenə Dədə Ələsgərdən bir misal gətirmək istəyirəm:

“Yoxsulu ərbabı şahı gədanı

Tutmaz bir-birindən alalı dağlar”

Misaldan  göründüyü kimi, bəşər övladına bu günə qədər məlum olan bütün məlumat qaynaqlarının hamısı nəzərə alınmaqla, yalnız və yalnız  Böyük Allaha məxsus olan, onun “Adil” adının hökmlərindən irəli gələn, “ədalətlilik” ,“bərabərlik” prinsiplərini, yəni qarşısındakıları, yaratdıqlarını, bütün mövcudatı bərabər görmək, onları bir-birindən fərqləndirməmək sifətini əsl Haqq Aşığı, xalqımızın mütəfəkkir  oğlu “Dağlar”  obrazının üzərinə proyeksiya edir. Məhz bu xüsusiyyətinə görə Dədə Ələsgərin yaratdığı “Dağlar” obrazı yeganədir və özündən əvvəlkilərdən və sonrakılardan seçilir. Dahi söz ustadının yaratdığı “Dağlar” Adil Allah kimi heç kimi, heç bir xüsusiyyətinə görə bir-birindən fərqləndimir, ayrıseçkilik etmir… Bu minvalla almanaxda da yer almış, bizə məlum olan Miskin Abdala məxsus “Dağlar” adlı ilk nümunədən üzü bəri bu gün də yazılan nümunələrdə  kefimiz kök olanda dağları vəsf edir, şəninə təriflər yağdırır, ələmə qurşananda isə,  özümüz özümüzdən dağlara şikayət edir, dərd-sərimizə onlardan mədət umuruq… Bunu da qeyd etməsəm olmaz… Son vaxtlar nədənsə, dilimdən daha çox:

Həsənnənə, Həsənbaba qoşadı,

“Xaç” bulaq yaylağı xoş tamaşadı.

Arsız aşıq elsiz niyə yaşadı,

Ölsün Ələsgərtək qulların, dağlar!

bu bənd qopur və Dədə Ələsgərin dilindən, özüm üçün dəfələrlə,  dönə-dönə, təkrar edirəm:

“Arsız aşıq elsiz niyə yaşadı,

Ölsün Ələsgərtək qulların, dağlar!”

Otuz ildən artıq bir müddətə yuxarıda qeyd etdiyim kimi, gün ərzində dəfələrlə səbəbini bilmədən, qeyri-ixtiyari təkrarladığım misraları indi, Dədə Ələsgərin nələr hiss etdiyini, nələr çəkdiyini bir köynək daha yaxından anlayaraq, xüsusi ilə təklikdə qalanda dönə-dönə, düşünə-düşünə təkrar edirəm:

“Arsız aşıq elsiz niyə yaşadı,

Ölsün Ələsgərtək qulların, dağlar!”

Ancaq, neyləmək olar… Ölmək də olmur… Bu dünyanı yaşamaq, çözmək məcburiyyətindəyik… Bu fikir məni o qədər məşğul edir ki,  yenə dağlar qoynunda – Şamıxıda –  olduğum vaxtlarda ölüm haqqında belə kiçik, ancaq, ölümün tam tərifi kimi alınmış bir şeir yazmışam:

ÖLÜM  NƏDİR?

Ölüm, ən şirin nemət,

Ən sonuncu diləkdir….

Ölüm, sonuncu fürsət,

Ümidsizə ümiddir….

07.01.2014.   Şamaxı.

Çalışın ölümdən uzaq olun, həyatdan zövq almağa çalışın… Nə olur, olsun yaşamaq gözəldir… Heç bir səbəb onu bilərəkdən sonlandırmağa əsas ola bilməz. Sənin çıxılmaz zənn etdiyin bütün vəziyyətlərin  çıxış qapısı var ki, əslində bu yer həyatını yaxşıya döğru dəyişəcəkb bir dönüş nöqtəsidir…

Odur ki, mən də şalışıram tək qalmayım:

“Arsız aşıq elsiz niyə yaşadı,

Ölsün Ələsgərtək qulların, dağlar!”

deməyim.

Tuncay mənə  nə qədər  “…şair yenə başladı…”- desə də, mən elə: “Bahar fəsli yaz ayları gələndə…”- deməyə davam edim… Allah sənə qəni-qəni rəhmət eləsin, Dədə Ələsgər… Ruhun şad olsun…

Qeyd:

Hal-hazırda mən bu sətirləri yazarkən xəbər yayıldı ki, Dədə Ələsgərin nəvəsi – Ələsgər Ələsgərov vəfat edib. Bu münasibətlə mərhumun yaxınlarına dərin hüzünlə baş sağlığı verir, uca Yaradandan səbr diləyirik. Allah rəhmət eləsin. Ruhu şad olsun…

17.04.2019. Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında İYİRMİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda “Zaur Ustac dağlar haqqında”, “Ədalət”,07.09.2019, say: 146 (5610), s.14. “Zaur Ustac dağlar haqqında”, “Təzadlar”,10.09.2019, say: 42 (2227),s,14, dərc olunub.


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ÖMRÜMDƏ ƏBƏDİYAŞAR ARİF – AYƏTXAN ZİYAD

Dəmirov Arif İmanbala oğlu 1959-cu ilin 10 noyabrında doğulub.

ÖMRÜMDƏ ƏBƏDİYAŞAR ARİF

Ömrümdə bir Arif var olub: mənim üçün süd qardaşım, həyat yoldaşım üçün öz böyük övladı dərəcəsində qəbul olunmuş kiçik qayın, Sevdamın “snikers” əmisi, Babəkimin hər uğuruna öz qələbəsi qədərində qürurlanan əmisi.

Atamla anam onu (həmçinin digər üç qardaşını da) öz övladı qismində böyüdüblər. 1960-cı ilin yayında (həmin il məndən bir neçə ay böyük xalam öğlu Yasəf birinci sinifə gedəsiydi) təzəyin içində evə gətirilən və körpələrini çimizdirmək üçün yandırılan odun peçində partlayan bombadan xalamın qılçası qırıldı. Allahın möcüzəsinə bax, onda Arif xalamın qucağında olub. Arifin başı qoyulan diz bombanın zərbindən qırıldı, xalamın (anamdan kiçik bacının) qılçası müalicə məqsədi ilə səkkiz ay mildə qaldı. Atam baldızını da, onun uşaqlarını da yığışdırıb Pirsaat kəndindən Hacı­qabula gətirdi, həyətinin sağ tərəfində palçıqdan kəsilmiş kərpicdən beş kubik daş üzərində birotaqlı ev tikib baldızının ailəsini ora yığdı.

Anam Qızxanımın sözlərindən yaddaşımda qalan budur ki, xalam xəstəxanada qılçasından müalicədə olduğu 8 ay ərzində ana südündən ötəri özünü yeyib-tökən çağanın (Arifin) ağlamağının qabağını almaq üçün anam döşünü uşağa verirmiş. Təsəvvür edirsinizmi? Beş ildir sinəsi süd görməyən qadının döşlərinə süd gəlmişdi (məndən kişik qardaşım Rəfayıl 10 sentyabr 1954-cü il təvəllüdlüdür, Arif isə 1959-cu ilin 10 noyabrında doğulub). Bu üzdən mən həmişə Arifi “süd qardaşımdı” deyib təqdim etmişəm, o isə mənə “Ayad” deyə müraciət edib. Məqamı ikən qeyd edim ki, mənim üçün qədərsiz əziz olan bu müraciət mənə üç nəfər tərəfindən ünvanlanıb: anam, ömür-gün yoldaşım və Arif tərəfindən.

Tez-tez deyərdi, “sən mənə “süd qardaşımsan” deyirsən, mənsə səni həmişə öz idealım bilmişəm, Ayad. “Addımlarını” mənim­sə­dim, həyata baxışlarını mənimsədim. Hamının idealı arzula­rında olur, hamı öz idealını kitablarda axtarır, mənimsə idealım canlıdı, həyatdadı, gözlərimin önündədi. Başım az çəkməyib. Həmişə də hamıdan öncə, özümdən böyük üç qardaşımdan da, bir dayımdan da qabaq yanımda səni gördüm. Hər hansı prob­lemlə üzləşəndə özüm-özümdən soruşuram: “görən bu məqamda Ayad neyləyərdi”. Və gəldiyim qənaətə uyğun addım atıram. Həm də artıq sənə gənəşmədən. Çünki düşünürəm ki, əgər sən belə edərdinsə, deməli, yanlış addım atmış olmaram.

…Haqqımda söhbət gedən istənilən ünvanda deyirmiş ki, tanıyanlardan kimsə qələt edib deməsin ki Ayad kiməsə heç olmazsa bircə dəfə də olsa yardımçı olmayıb.

Anası Lalaxanım bir dəfə atama müraciətlə demişdi: – Dadaş, onsuz da Arifi Siz saxlayırsınız, birdəfəlik rəsmiləşdirib keçirin öz ayağınıza, Sizin də üç oğlunuz olsun, mənim də.

Mənə ilk dəfə “baba” deyib müraciət edən də Arifin övladları olub. Qapını açıb otağa daxil olanda, hələ bircə kəlmə danışıq bilməyən Yanar mənə baxıb-baxıb və qəflətən, kimsənin gözləmədiyi məqamda, “baba” deyib qucağıma çırpınıb.

Sonra Yanarə dünyaya gəldi. O da elə.

Bu gün də belədir.

…Kiminlə ailə qurmasının da səbəbkarı həyat yoldaşımla mən olmuşuq.

Bu da Allahın işidi. Təsadüfən atam da kənddə (Şamaxının Kürdəmic kəndində) idi. Yoldaşım mənimlə xısınlaşdı: “Yaxşı fürsətdi, atan da burdadı. Mən nənəni (bacım Çimnazın qayınanasını nəzərdə tuturdu. Çox hökmlü qadın idi rəhmətlik. Onun “hə” dediyi sözün qabağında kimsə dayana bilməzdi) razı salım, sən get qızın atasını bir dilnən gətir evə, xala qızı ilə xala oğlunun izdivacını həll edək…”.

…Nənənin xeyir-duası qabağında kimsə dayana bilmədi.

Həmin axşam Ariflə Zeynəbin “şirnisi” içildi…

***

Göz açıb böyüyə-böyüyə məndən bunları görmüşdü:

– Dərsdən yayınmışdı, Novruzqabağı yumurta döyüşdürənlərin “tamaşasın­dan” ayırıb məktəbə aparıb müəllimindən onu cəzalandırmasını tələb etmişdim;

– Sahə müvəkkilinin onu cana doydurmasından xəbər tutub sahə müvəkkilindən yaxasını qurtarmışdım;

– 1990-cı ilin hadisələri də həmçinin. Hər ikimiz xalq hərəka­tının içində idik. Meydan hərəkatı, xalqın kükrəyən dalğası… Onda Bakının Əhmədli rayonunda, V.İ.Lenin adına toxuculuq kombinatının yaxınlığındakı qəbiristana bitişik gecəqondulardan aldığım evdə yaşayırdım. Arif də məhəllənin ayağındakı həyət evlərindən birində kirayədə olurdu. Hər səhər həyət darvazasını açıb “sabahınız xeyir” söyləyib işə yollanar, işdən qayıdanda “axşamınız xeyir” söyləyib evinə dönərdi. Xalq hərəkatının dalğalandığı həmin axşamların birində işdən qayıdanda mənim adətən Meydan hərəkatına yollandığım günlərdə geyindiyim cins şalvarı və kürkü əynimdə görüb soruşdu:

– “Hara belə?

– “Ruporla elan verdilər ki, Əzizbəyov (indi “Koroğlu”) metro stansiyasının yanına yığışmaq lazımdı. Deyəsən, nə isə qarışıqlıq olacaq. Qalmaq olmaz”.

– “Bir az ləngi, mən də paltarımı dəyişib gəlirəm”.

Az keçməmiş Arif içəri daxil oldu, onun da ardınca qarabasma xalam Lalaxanım (anası).

– “Özü atasız böyüdü, hara aparırsan bunu. Gedib bu da öləcək, balalarını yetim qoyacaq”.

Nə illah etdim, Arif məndən ayrılmadı: “Sən gedirsənsə, mən də gedirəm” deyib, “nırx”, inadından dönmədi. Xalamın hayqıran göz yaşları, Arifin ayağını geri götürməməsi… Qalmağa məcbur oldum. Həmin geçə – 1990-ci il yanvarın 19-dan 20-nə keçən geçə Bakıda qan töküldü…

Dəmirov Arif və Ayətxan Ziyad – 1990 cı il.

…Sonuncu şəhidin 40-ı çıxana qədər mənimlə Arif də “QIRX” saxladıq, düz 52 gün (o günlərin xatirəsi olan foto bu gün də qorunur).

İndi ağrınıram ki, Birinci Qarabağ müharibəsinin odları-alovları içərisindən onu iki dəfə qoruyub qaçıra bildim (Tərtər döyüşləri­nin iştirakçısı olub), sakit həyatda dadına yetişə bilmədim.

Yaddaşımda ağrı ilə yaşanacaq

2021-ci ilin Novruz axşamı idi, mənə evə telefon açdı. Həmişə belə etməzdi. Ailəsini də götürüb gələrdi. Bu dəfə telefon etdi: – Nə var, necəsən? Kim gəlib sizinlə bayramlaşmağa?

– Kim olacaq?! Bir Rəfayıldı (Rəfayıl məndən kiçik qardaşımdı), xəstədi, çox yeriyə, ayaq üstdə çox dura bilmir. Bir Babəklə Sevdamdı (oğlumla qızım), bir də sən. Sizlərdən başqa kimim var ki… Hamı da öz evində, ailəsinin üstündə.

Telefon dəstəyinin o başındakı səs dondu. Özümün də hiss etmədən “vurduğum sillə” bərk dəymişdi. Gərginliyi sındırmaq üçün sükutu mən pozdum: “Uşaqların bayramını təbrik elərsən. Bayramın mübarək!” Və dəstəyi asdım.

…Axır vaxtlar dalğın dolandığından şübhəli idim. Elə bil həyat gözündə sönmüşdü, gərəksizləşmişdi. Hamıdan qaçırdı elə bil. Bir yandan da mənim özümü cilovlaya bilməyib incikliyimi ifadə edən küskün cavabım.

Mart ayının sonlarındakı başqa bir telefon danışığımızda, ailədə hansı isə narahatlığın dolaşdığından xoflanmışdım (ailə böyü­dük­cə, həlliqaçılmaz problemlər də çoxalır). Oğul nəvəsi – 20 gün yaşayıb elə xəstəxanadaca dünyasını dəyişən, hələ yaş kağızı (doğum haqqında şəhadətnamə) yazılmağa macal tapılmamış Damla (21.09.2021-10.10.2021) tələf olandan sonra ailədə nə isə dolaşıqlıq yarandığı hiss olunurdu. Elə deyirdim bu gün-sabah gedib maraq­­­lanaram, günü-günə sata-sata qaldım, “macal” edə bilmə­dim.

Sonda Arif özü bizləri tərk edib getdi. Dalğınlığının mənə qaranlıq ünvanını da özü ilə apardı. Kimsəyə bildirmədən, kimsəyə bircə kəlmə aydınlatmadan.

Ömründə bircə dəfə həkim “üzü görməyən”, “xəstələndim” kəlməsini dilinə gətirməyən Arifin xəstəxanaya düşməsi də qəfil olub. Novruz axşamı telefon danışığımızdan sonra, aprel ayının 1-də gəlini telefon açdı: – Baba, ata iki gündü operasiya olunub, Mərkəzi Klinikadadı. Hələ reanimasiyadadı, yanına kimsəni buraxmırlar.

Həkiminin telefonunu əldə edib, görüş üçün icazə aldım. Yanında bir-iki dəqiqə olmaq imkanı verimişdi, reanimasiyadı axı.

Dincəlirdi. Səsimi eşidəndə gözlərini açdı. Səhhətinin yaxşı olduğunu, ya sabah, ya da biri gün palataya dəyişiləcəyini, elə həmin gün də evə yazılacağını söylədi. Zarafatlaşdıq da: “Eşitmişəm, şıltaqlıq edirsən, buranın yeməyini bəyənmirsən. Mənə söz verirsənmi ki, yemək yeyəcəksən”. Gülümsündü. Baxışları ilə “hə” cavabını verdi. Tibb bacısı vaxtın daraldığını mənə xatırladanda, sağollaşıb palatanı tərk etdim.

***

Bu gün bu iki “görüş” mənim üçün təsəlli ünvanıdı: 1 – Arifin Novruz axşamı mənə telefon açması, 2 – Mərkəzi klinikada olan vida görüşümüz (nə yaxşı ki, bu telefon zəngi ilə xəstəxanadakı görüşümüz baş tutan olub).

***

Sabah Arifsiz yaşadığımızın 7-ci günüdür. Uşaqların anası dedi ki, Babək (oğlum) Arifin cümə axşamlarından birini öz öhdəsinə götürür. Xatirimə dəfn günü gəldi. Hamı qəbiristandan aralan­mışdı. Ən birinci elə mənim özüm. Mərasimdə olanların mənim hansı halda olduğumu görməmələri üçün. Babək isə təkcənə məzar yerində qalmışdı. Ariflə nə pıçıldaşmışdı, nə danışməşdı, Allah bilr… Bizlərə qoşulanda rəngi üstündə deyildi.

***

Həmişə deyirdim ki, mənim həyatda üç itkim olub: bir – 1977-ci il təvəllüdlü, hələ döğum haqqında şəhadətnaməsi alınmamış dörd ayında ikən öz qollarım üstündə canını tapşırmış kiçik qızım Xanım (bu haqda ətraflı “Kişilər ağlamaz, ağlayanda da…” hekayəsində (“Məndən sonra…” kitabı, Bakı- Ulu- 2010)); 2 – atam İsgəndərov Ziyatxan Dədəqulu oğlu (1926 – 1998); 3 – anam Səmədova Qızxanım Sahab qızı (1919 – 2006).

Süd qardaşım Arif (Dəmirov Arif İmanbala oğlu) dördüncü sağalmaz yaram oldu həyatımda (10 noyabr 1959 – 3 aprel 2021).

…Ömrümdə daim yaşayacaq bir Arif ünvanı var: yorğun, ağrılı baxışları daim düşüncəli, sabaha inamlı ümiddə, oğlunun haçansa ona bəxş edəcəyi nəvə şirinliyini dadacağı günə təşnə.

…Arif bu sadaladıqlarımda, 70 yaşlı ömrümün çiskinli günlərilə birlikdə yaşayacaq.

Amma 2021-ci ilin 3 aprel günlərindən sonrakı ömür yolumu mən Arifsiz addımlayacağam.

Nə qədər, hansı boşluqda?.. 

8 aprel 2021-ci il.

Müəllif: Ayətxan Ziyad (İsgəndərov)

Azərbaycan Yazıçılar

və Jurnalistlər birliklərinin üzvü,

yazıçı-jurnalist, tədqiqatçı.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru