Çağdaş qələm adamları içərisində yaradıcılığı özünəməxsus çalarları ilə seçilən yazarlarımızdan biri də Mahirə Nağıqızıdır. Onun xalq yaradıcılığına, folklora bağlılığı, vətənpərvərliyi, milli təəssübkeşliyi oxucuları və qələmdaşları tərəfindən ən çox sevilən, rəğbətlə qarşılanan xüsusiyyətlərindəndir.
QISA ARAYIŞ
Mahirə Nağıqızı (Hüseynova) 1960-cı il 4 noyabrda Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək rayonunun) Sust kəndində anadan olub.
Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçən Mahirə Nağıqızı 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbini bitirmiş, 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. 1984-cü ildə İnstitutu fərqlənmə diplomu ilə başa vurmuş, elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. İşlədiyi müddətdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafefedrasının müəllimidir.
Mahirə Nağıqızı 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2015-ci ilin may ayında Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə, həmin ilin dekabr ayında isə Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2013-cü ildən “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış Mahirə Nağıqızı 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Tanınmış alim-şairə, pofessor Mahirə Nağıqızı (Hüseynova) hazırda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Mahirə Nağıqızı pedaqoji fəaliyyətlə yanaşı elmi, ədəbi yaradıcılığı ilə də müntəzəm olaraq elmi və dövri mətbuatda çıxış edir. Mahirə Nağıqızının bir neçə şeirini sizlərə təqdim edirik:
VƏTƏN
Bitər sərhədlərin bu yer üzündə,
Qəlbimdə sərhədin nədən bitmədi?
Gəmisən, üzürsən eşq dənizində,
Sənə məhəbbətim, Vətən, bitmədi.
* * *
Əlimin qabarı, alnımın təri,
Köksünə atdığım bircə dən olsun.
Canımı verərəm səndən ötəri,
Ruhum sağlığınnan xətircəm olsun.
* * *
Qan axan yarana gözüm yaşını
Dərman əvəziydi, səpələdim mən.
Bu da bir sınaqdı, əymə başını,
Sınıq əhvalına dözə bilmirəm.
* * *
Ana harayımı eşidir hamı,
Qadınlar, qızlar da bir ərə dönər.
Oğullar seçəcək dost-düşmanını,
Hər biri uğrunda səngərə donər.
* * *
Düşmən tapdağında qalmaz bir qarış,
Onlarsız yaşamaq olar dan bizə.
Danış, ötənlərdən bizə sən danış,
Əmrini verəcək Komandan bizə!
DÜNYANIN
Mənzil istəyəni karvana qoşar,
Uzundur, qısadır yolu dünyanın.
Bilməzsən qaynayar, duymazsan daşar,
Görünməz qəhəti, bolu dünyanın.
* * *
Yazılıb uğruna hansı vaxt düşər
Kimə künc verilər, kimə taxt düşər.
Nə düşsə bilirəm, baxtabaxt düşər
Dolanar boynuna qolu dünyanın.
* * *
Nagahan anlamaz nə qeylü-qaldı,
Dərmanı zəhərdi, zəhəri baldı.
Bilən də özünnən apardı, qaldı,
Sinəsi sirr ilə dolu dünyanın.
* * *
Nəzər sal, göz gəzdir ha dönə-dönə,
Yol onun yoludur, yol seç min dənə.
Qisməti qolundan tutub gedənə
Fərq etməz nə sağı,solu dünyanın.
* * *
Açıqdır, gizlidir – yüz davası var,
Xəncər davası var, söz davası var.
Hərənin içində öz davası var,
Tərpənməz bir tükü ulu dünyanın.
* * *
Nə toyu boy vermir, nə yası olmur,
Hər cəfa çəkənin səfası olmur.
Mahirə, dünyanın ağası olmur,
Gələn də, gedən də qulu dünyanın.
AY VƏTƏN
Ay vətən, bir səndən savayı, vallah,
Baş qoyub yatmağa bina görmədim.
Havasın udduğum ,ay qərib ellər,
Vətən havasını,qına, görmədim.
* * *
Ağaclar heyrətdi, nazlıdı kollar,
Deyərsən, Allahdı yaradıb nə var.
Möcüzə körpülər, möcüzə yollar,
Ürəyim harasa qona, görmədim.
* * *
Cənnətdə olsam da çəkdiyim sitəm,
Balaca kol olub bağrında bitəm.
Dərdimi kimlərə desəm də, Vətən,
Sənintək halıma yana, görmədim.
* * *
Dörd yanım zər-ziba, gövhər olsa da,
Sıxıldım düz-dünya ənbər olsa da.
Daddığım tikələr cövhər olsa da,
Hopa ürəyimə, cana görmədim.
* * *
Mahirə, dərdlərin yad eldə dinsə,
Onu bir də sayma, azar mindisə.
Dünya qu tükündən yastığa dönsə,
Sənin dizlərindən, ana, görmədim.
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru