ƏLİQULU QƏMKÜSAR – ƏDƏBİYYAT ŞEİRİ

Əliqulu Qəmküsar – şair.

ƏDƏBİYYAT

Bir hökumət tazə çıxmış, ismi Azərbaycan.

Şəkli cümhuri, idarə üzvü yeksər bəylə xan.

Heç görübsüzmü ki, olsun kəlləyə qurtdan çoban?

Bir nəfər xalis rəiyyət kabinədə yoxdur, inan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Hər şəhərdə xandır, əyandır keçib iş başına,

Hər cəhətdən üz görür öz qövmu, öz qardaşına.

Get dolan kənd-kəsəyi, bax bir axan göz yaşına,

Hər tərəfdə kamirandır bəy, əkinçi bağrı qan.

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Get Qazaxdan keç, Tovuzdan keç, özün ver Gəncəyə,

Gör necə vermiş rəiyyət bəylə pəncə-pəncəyə,

Kəndliyə, rəncbərlərə bax bir olan işkəncəyə.

Bax nə cür bu zülmdən qan ağlayırlar hər zaman,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Nəql edim bir-bir sənə mən hər yerin əhvalını,

Kəndlinin, rəncbər, əkinçi, fəhlənin bil halını,

Bax, düşün, gör onların idbarını, iqbalını,

Qalma qəflət uyqusunda, dur, gözün aç, bir oyan!

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Xoylu xan bir müddət etdi tək idarə milləti,

Kabinə təşkil eylədi, hər yerdə çıxdı şöhrəti,

Çünki böhran oldu, dəyişdi vizarət heyəti,

Hər tərəfdən toplanıb məbus açıldı parlaman,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Bəh, nə məbuslar ki, tanrı bədnəzərdən saxlasın,

Qıymasın canlarına, hər şur-şərdən saxlasın,

Qəlblərin sinsitməsin, qəmdən, kədərdən saxlasın,

Çünki millət onlara mərhuni-minnətdir hər an,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Var o cür məbus əsla anlamaz bəsət nədir,

Parlaman nə, üzv nə, bu vəz, bu halət nədir,

Kimdi millət, kimdi dövlət, bu qədər bidət nədir,

Çünki  onda nə fərasət var, nə təqriri-bəyan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Get soruş öyrən, gör, aya, bunları kimlər seçib,

Onların kim qəddinə bu xələti ölçüb-biçib,

Hər biri yüz min fırıldaq işlədib,zorən keçib,

Ayda on min donluq alsın, müftə olsun kamiran,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Böylə getsə binəvalər büsbütün pamal olur,

Bu fəlakətdən, yəqin, axırda izmehlal olur,

Kim bu bəylərdən səvay bu vəzidən xoşhal olur,

Hər tərəfdən ərşə qalxıbdır bütün ahu fəğan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Vardı min dinsiz, imansız hər biri milyon yeyib,

Beş gün əqdəm lüt gəzərkən indi xəz paltun geyib,

Doğrudur həqqən, keçənlər mətləbin lübbün deyib,

İndi bülbüllər yerində qarğalar tutmuş məkan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Qan töküldü, can verildi, oldu hürriyyət pədid,

Köhnə istibdad düşdü, parladı tərzi-cədid,

Şahidi-məqsud göstərdi üzün, verdi nəvid,

İxtiyar olmuş könüllər oldular yeksər cavan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Leyk, heyf olsun, üzü bir binəvanın gülmədi,

Milləti-cahil bu feyzin qürb-qədrin bilmədi,

Fəhlənin bir kəs üzündən əşki-alın silmədi

Canəvərlər əl-qol  açdı oldu zalımlar əyan

Əlaman bu  müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

İndi getsən hər mahala hər yetən dad eyləyir,

Dövreyi-mənhusi-istibdadı dəryad eyləyir,

Bəs ki xanlar, bəs ki bəylər zülmü bidad eyləyir,

Qalmayıbdır rəncbərlərdə dəxi tabu təvan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

İndi lazımdır ki, millət huşunu cəm eyləsin,

Hər cür olsa haq danışsın, haq desin, haq söyləsin,

Yoxsa bizlərə təpər yoxsa, buna kim neyləsin?

Qalmaz axırda bu cür bivayə millətdən nişan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Çünki bu millət susayıb bir-birinin qanına,

İndi firsətdir, düşüb qardaş qardaş canına ,

Gözləri qızmış, qudurmuş, getmək olmaz yanına,

Ol səbəbdəndir olur gündən-günə işlər yaman,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

Müəllif: Əliqulu QƏMKÜSAR

“Hürriyyət”,

4 oktyabr 1919, N: 17

Mənbə: Əliqulu Qəmküsar “Seçilmiş Əsərləri” AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI Bakı – 1959, səh. 97 – 99. Kitab şair-publisist Zaur Ustacın şəxsi kitabxanasında QF – N 0001(Qızıl Fond) qorunur.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“XOCALI” – FOTO

“Əsir XOCALILAR” – Fotoqraf: Viktoriya İvleyeva.

Bu foto 1992-ci ildə Xocalıda çəkilib. Erməni əsgərləri meşədə gizlənməyə cəhd edən AZƏRBAYCANLI qadın və uşaqları əsir götürüb. Daha sonra İşgəcə veriləcək və aqibətləri məchul olacaq.

Fotonun müəllifi: Viktoriya İvleyevadır, @golosmorya .


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏBRİK, “TƏZADLAR”!

“TƏZADLAR” QƏZETİ

Bu gün “Təzadlar” qəzetinin 28 yaşı tamam olur. Bu münasibətlə redaksiyanın öz rəsmi açıqlamasını sizlərə təqdim edirik:

“1993-cü ildən “Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!” diləyi ilə ölkənin qəzet ailəsinə daxil olan “Təzadlar” 28 ildir nəşrini davam etdirir. Rastımıza çıxan, bizi 28 ildir qaralayan təhdid və təzyiqlərə, qısqanclıqlara… baxmayaraq biz 28 illik Azərbaycan adlı yolu başı uca, alnı açıq gəldik və gedirik. Ünvanımıza çoxsaylı çamurlar atıldı-dözdük, yolumuza kötüklər diyirləndirildi-tab gətirdik, qarşımızı kəsdilər-itiləndik və irəliyə itələndik! Çünki Azərbaycanda həm də haqqı sevənlər, həqiqəti dəstəkləyənlər nəinki çoxdur, lap çoxdur! Var olsun Azərbaycanı ki, Qarabağı xilas etdi, deməli, Allah da onu hər zaman ən böyük çətinliklərdən xilas edəcək!
Təbii ki, məsuliyyətli günləri yaşayırıq, yaşamaqdayıq. Biz özümüzə və dövlətimizə, Prezidentimizə güvəndik. Xalq Qarabağ məsələsində potensial gücünə və səbrsizliyinə güvənən kimi. Səbrsizliyimiz 30 illik erməni işğalına son qoydu. “Təzadlar” cəmiyyətin tərkib hissəsi olaraq bu yolda əlindən gələni etdi, ürəyinə gələni yazdı, dünyaya 44 günlük müharibədə haqqın-Azərbaycanın səsini çatdırdı.
Bu gün 28 ildir ayağının altı qazılan, badalaq vurulan və bu inadkarlığına görə iki əməkdaşı Avropa Parlamentinə üzv ölkələrin media camiəsinə akreditə vəsiqəsini alan qəzet Azərbaycan mediasında ilkə imza atdı.
Bu gün adı Türkiyənin nüfuzlu media quruluşlarında təmsil olunan və göydə Allaha, yerdə xalqa və Prezidentə güvənli qəzetin baş redaktoru Dünya Türk Qəzetçilər Birliyinin vitse-Prezidenti seçilib (Daha bir əməkdaşımız isə bu nüfuzlu quruma üzvülük vəsiqəsi alıb).
28 yaşını tamamlayan bu qəzetin bir əməkdaşının oğlu 44 günlük Zəfər qələbəmizdə 2 medala layiq görülübsə, bundan niyə qürurlanmayaq!
Bu qəzetin baş redaktoru Trtajans Media Holdinqinin sədr müavini seçilibsə, bundan niyə də ikiqat sevinməyək!
Qısası, biz 28 ildir təkcə yol gəlmirik, həm də yol gedirik! Bu yolda bizə dəstək olan külli Azərbayna, Azərbaycanın dəyərli və ədalətli insanlarına, haqqı sevən ziyalılarına dərin minnətdarlığımızı çatdırmağı özümüzə borc bildik.
Və nəhayət, Azərbaycanı Qarabağlı, Şüşalı, Laçınlı, Ağdamlı, Cəbrayıllı, Kəlbəcərli… edən Azərbaycanın Ali Baş Komandanına, müzəffər Ordumuza borcluyuq! Tanrı Türkiyəmizi-Azərbaycanımızı qorusun ki, biz də bu gücdən güc alıb söz meydanında özümüzün sözümüzü deyə bilək, Azərbaycanın söz haqqını dünya mediasında qoruya bilək!”

“Təzadlar” redaksiyası

Biz də “Yazarlar” olaraq, başda Asif müəllim olmaqla “Təzadlar”ın bütün yaradıcı heyətini bu münasibətlə təbrik edir, yeni-yeni uğurlar arzu edirk! Uğurlarınız bol olsun!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru