Kəmalə Abiyeva ilə səmimi söhbət

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Kəmaləa Abiyeva ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı tanınmış pedaqoq, şair, publisist KƏMALƏ ABİYEVAdır.

“Səmimi söhbət” yenə sizinlədir. Qonağımın xüsusi təqdimata ehtiyacı olmasa da deyim ki, bu maraqlı insan tanınmış şair, bir çox mahnıların söz dünyasını yaradan Kəmalə Abiyevadır.
Kamalə Aydın qızı Abiyeva Astarada dünyaya gəlib. Bakıya köçəndə 4 yaşı olub. Birinci sinfə Bakıdakı 14 nömrəli məktəbdə başlayıb. Yasamal rayon 52 nömrəli məktəbin məzunudu.Məktəbi fərqlənmə ilə bitirib. İndiki APU-nin fizika fakultəsində təhsil alıb. Pedaqoq, publisist,şair, AYB-nin üzvüdür.
Kəmalə xanım, səmimi söhbətin ənənəvi ilk sualını yəqin ki, bilirsiniz. Kəmalə Abiyeva kimdir?
Özünə məsuliyyətlə, özünə və başqalarına hörmətlə yanaşan, həqiqəti qoruyan, ədaləti sevən biridi- İnsandı. Xalqını sevən vətəndaşdı.
Mənə elə gəlir ki, siz təbiətcə çox sakit adamsınız. Sizi özünüzdən nə çıxara bilər?
Sakit olmuşam. Sinif, tələbə yoldaşlarım həmişə belə deyib ”çox səbrli, təmkinlisən.Qonum-qonşu “sakit” deyib. İş yoldaşlarım “ tamam fərqlisiz, sizin kimi olmaq çətindi ”, məzunlarım “sizin kimi kimsə ola bilməz, idealsız” və s. deyirlər. Başqalarının münasibətini görəndə nöqsansız kimi görünürəm. Çoxu üçün ciddi adamam. Boşuna vaxt keçirməyi sevmirəm. Belələrinə heyrət edirəm. Haqsızlıq, yalan özümdən çıxara bilər.
Demək siz də dünyaya yalan dünya deyirsiniz? Ümumiyyətlə yalan nədir?
Girir ömrümüzə rahatca yalan,yalanla doludur böyür-başımız.
Yalandı həmişə bizimlə olan, elə həqiqətdi axtardığımız,- belə demişəm.

Həyat boyu özümüzü aldadırıq, aldanırıq böyük mənada.
Yalan mənim üçün bağışlanmazdır. Bəzən kimisə qıra biləcək həqiqəti gizlətmək üçün yalan danışırıq. Bir də var yalançılar-ən qorxulu adamlar. Başqalarının həyatına yalanla soxulan, öz həyatını yalanlarla yaşayan…Hətta öz yalanını sənə qəbul etdirmək istəyənlər də var.
Siz dünyanı nağıl bilməyi təklif etmisiniz. “Bu dünyanı nağıl bilək”. Bu şeirinizi də, ona bəstələnmiş musiqini də çox sevirəm. Dünyanı nağıl bilsək yaşamaq asan olardı, yoxsa…?
Nağıllar təsadüf deyil ki. Sadəcə dünyanı nağıl bilmək hissi dəyişir.Nağıllar gerçəkliyi göstərir: gözəlliyi əsir alan təpəgözlər, divlər, mərdlərin qarşısını kəsən əjdahalar, xeyirin gözünü çıxaran namərdlər. Nağıllardakı kimi həmişə qələbə olmur sonda. Kaş “bu dünyanı nağıl bilək”. Çoxdan yazdığım “Mənə nağıl danış” şeirim var:
Mənə nağıl danış, inanım sənə
qorxmayım, ay ana, təpəgözlərdən.
İnanım xeyirin qələbəsinə,
bilim qurtaracaq dünyanı şərdən…
Mənə nağıl danış, ay ana, de ki,
ötən günlərimiz nağıldı elə.
Sonu yaxşı olur hər bir nağılın
nə qədər qorxulu olsa da belə….
Gözəlliyin, xeyirin, ədalətin qalib olduğu yerdə yaşamaq asan olar.

Sizin şeirləriniz sanki insanın ruhuna sığal çəkir. Bu sizin həyat tərzinizdir, yoxsa yalnız yazılarınız bu qədər xəfifdir?
Belədirsə, xoş halıma. Məncə həyat tərzimdir. Qarşılıqlı münasibətdə, ünsiyyətdə ehtiyatlı davranıram. Kimisə sındırmaq, duyğularına toxunmaq mənlik deyil. Kimsənin şəxsiyyətinə toxunacaq, qəlbini yaralayacaq hərəkət etmərəm, sevmədiyim olsa belə.
Məncə siz bağışlamağı bacarırsınız Bağışlamaq asandır?
Bağışlayanam. Yadlardan inciyəndə unuduram. Yaxın, doğma bildiklərimi bağışlayıram. Hətta irad tutanlar olur ki, kinin yoxdu, hər şeyi bağışlayırsan. Daha doğrusu susuram, güzəştə gedirəm. O qədər susuram ki, arada nəsə deyəndə, inciyirlər. Öyrəşməyiblər. Həmişə asan deyil. Özün inciyirsən. Sevgim daha güclüdü, bağışlayır.
Şeirlərinizdə ayrılıq o qədər gözəl səslənir ki, hərdən düşümürəm, bəlkə heç vüsala ehtiyac yoxdur Siz necə düşünürsünüz?
“Əgər sevə bilmirsənsə, ayrılıq daha gözəldi. Sevilmədiyindən getmək özü də bir gözəllikdir”-deyirəm. Belə deyil? Alınmadısa, alınmadı. Həmişə ah-zar etmək nəyə gərək? Orda da təmkinliyəm yəni. Hər gördüyündə”səhv etməmişəm”düşündüyün birinin vüsalına ehtiyac var. O yoxdusa-yoxdu demək ki.
Nə gözəl müdrük cavab verdiniz. Məncə bu cavab bir dərsdir. Eləsə deyin, siz həyatı nə rəngdə görürsünüz?
İstənilən rəngdə. Məncə həyat ağ rəngdədi. Fizikada öyrənirik ki, ağ rəng mürəkkəbdi. 7 rəngə bölünür. Göyqurşağı, spektr deyirik. Hansı cisim hansı rəngi qaytarırsa, o rəngdə görünür. Qara bütün rəngləri udur. Təki bundan uzaq olaq. İşığı udmayaq.
Dostluğa,sevgiyə çox etibarlı olan Kəmalə xanım heç dostdan, yaxınlardan zərbə alıbmı?
Nə deyim, haqlısız. Etibarlıyam. Həyat göstərir ki, daha çox, incidildiyi zaman belə susan, güzəştə gedən daha çox zərbə alır. Mən də almışam. Yad biri, tanış, qonşu nə zərbə vurar ki? Bu incitməz. Güvəndiyin, illərlə birlikdə olduğunun, doğma bildiyinin zərbəsi ağır olar. Çox təəssüf ki, bağışlamağım bəzən ağrı yaşadır. Vaxtında deyilməyən söz, həqiqət mənasını itirir.
Zaman ötür, hər şey dəyişir və siz deyirsiniz ki, bir də o yağışdan yağmayacaq ki… Ötən günlərdən nəyi qaytarmaq istəyərdiniz?
Zaman ötür, hər şey dəyişir həqiqətən. Kimi müdrikləşir, kimi cılızlaşır. O yağış bir də yağmır.
Həyatımda çox şeyi dəyişərdim. Uşaqlığımı, gəncliyimi qaytarmaq istərdim təbiiki. Zaman və sağlamlıq əvəzsizdir. Kimə və nəyə sərf etdiyinə diqqət etməlisən ki, təəssüfün az olsun.

“Bağışlama məni” deyirsiniz. Niyə? Axı hamı bağışla deyir.
Bağışlama deməyi də bacarmalısan. Özün elədiyin yanlışa “bağışlama” deməlisən. Hələ bir özün özünü bağışla, gör bacarırsan? “Özün günahkarsan” da demişəm…
Bəli. Onu da demisiniz və bu şeir mahniya çevrildikdə ürəkləri , ruhları titrədib. Məncə bu mahnını sevməyən yoxdur. Bəs özünüz necə, onu sevirsinizmi?
Əlbəttə sevirəm. O mahnıdan sonra onlarla qadın zəng vurub, minlərlə qadın özünü görüb.Təəssüf ki, qadınlarımız bunu yaşayır, amma mahnı möhtəşəmdi. Cəsarətli mahnı deyirlər sözlərin yaşantıları ifadəsinə görə. Musiqini, şeiri çox sevirəm.
Sizcə qadın üçün xoşbəxtlik nədir?
Tək qadın üçün yox, insan üçün rahatlıq xoşbəxtlikdir. Ən çox özümüzlə danışırıq. Elədiklərimiz narahatlıq yaratmırsa, yanındakının səni anladığından əminsənsə, gördüyün işdən razısansa, kaşkilər yoxdusa və s. rahatsan, yəni xoşbəxtsən.
Sizi hamı sevir. Çünki siz ürəkdən sevməyi bacarırsınız Hamınımı? İnsanlarda nəyi daha çox dəyərləndirirsiniz?
Nə deyim? Özündən razılıq kimi alınır. Amma siz də belə düşünürsüz. Az ünsiyyətdə olduğum adamların belə o qədər sevgisini, sayğısını görürəm ki. Sevildiyini yaşamaq duyğusu möhtəşəmdi. İstedadlı cavan şairimiz Elçin Məmmədov status paylaşmışdı ki, yer üzündə o boyda sevgi tapasan ki, bu adamın haqq etdiyi sevgini verə biləsən. Bilirsiz, çox xoşdu. Əslində mən insanları sevirəm. Və sevgi dolu insanları dəyərləndirirəm. Təkrar alınır, amma münasibətlərdə həqiqi sevgi varsa, sən cılızlaşa bilmirsən. Adam var ki, 10, 20 il öncə deyilən sözü unutmur, həmişə xoşagəlməz nəsə tapır. Onların sevgisi olmur. Sevdiyiklərindən vaz keçmək asan deyil. Bunu yaxınlarım bilir, bəziləri bundan sui-istifadə də edir. Təəssüf edirsən… Münasibətlərdə dürüst, sabit, sevginin, sayğının dəyərini bilənlər dəyərlidir. Bacarmırsa, heç olmasın, onu itirmək istəməsən belə.
Siz yaxşını, gözəlliyi görüb dəyərləndirə bilirsiniz.Niyə hamı bunu bacarmır? Paxılıq adətən kimə məxsus olur?
Hamı bacarmır. Həqiqi sevgi hissi yoxdu onlarda, sadəcə onlara elə gəlir. Sevgi olsa, yaxşıya yaxşı deyə bilərlər. Bilirsiz, görürsən, yaxın adamdı, yanında sənə diqqət göstərəndə, qısqanclıq yaranır, əsəbləşir… Paxıllıq özünəgüvənsizlikdən yaranır, belələri həmişə “mən,mən” deyir, əslində boşdular. İnsan daxilən o qədər zəngin olmalıdır ki, cılız duyğular yaşamasın.
Siz müəllimsiniz. Maraqlıdır ki, məhz sizin yazdığınız şeirə bəstələnmiş mahnı məktəblilərin məzun himninə çevrilib. Üç insanın Kəmalə Abiyeva, Aygün Səmədzadə və Lalə Məmmədovanın əməyinin məhsulu olan bu gözəl mahnı necə yaranıb?
Şeir özündənrazı, amma həyatı alınmayan məktəb yoldaşımı görəndən sonra yarandı. Şagird olanda hamının necə xoşbəxt, qayğısız olduğunu düşündüm. Çox təsirləndim. Aygün xanım “mahnı yazıram” deyəndə, “kədərlidir” dedim. “Gör necə mahnı olacaq, artıq müsiqini eşidirəm” dedi. Aygün xanımın yaratdıqları bir-birindən gözəldi. Bu mahnı ilk səslənmədən məşhur oldu. Son illərdə ilk dəfə səslənməklə bu qədər uğur qazanan mahnı olmayıb.
Xatirələrlə yaşayırsınız yoxsa arzularla?
Hamı kimi – xatirələr, arzularla.
Şəhid analarıyla görüşəndə hansı hissləri yaşayırsınız?
Şəhidlərdən yazıram. Ailələrlə əlaqə yaratmalı oluram. Qələbəni illərlə gözləmişik. İtgilər olacağını bilirdik. Amma çox ağırdı. Analar bir yana, atalar var ki, göz yaşına, üzündəki ağırlığa dözmək olmur. Düzü təsəlli verə bilmirəm. Hamımızın təsəllisi Qələbədir- Vətənin bütövlüyüdür.
Sizinlə ilk dəfə belə səmimi söhbət edirəm. Yormadım ki sizi?
Sevilməyimdən söz açdınız. Hər kəs bunu deməzdi. Özünüz də sevimlisiz. Maraqlı, yaradıcı insansız. Pandemiyanın həyatımızı sıxdığı bir zamanda darıxmağa qoymursuz. Bu da sevgidir. Sevgi dolu insanlar riyakarlıqdan uzaq olur-səmimi olur. Onlardan yorulmaq olmur. Əksinə rahatlıq tapırsan.
Təşəkkür edirəm, Kəmalə xanım, ən çox sevdiyiniz şeirinizi mənə və “Səmimi söhbət”in oxucularına hədiyyə edərmisiniz?
Nağıllardan danışdıq. Bu duyğuyla yazdığım şeir olsun.
Nələri anlatdı bizə nağıllar,
bildik ki, həmişə bağlı qapı var.
Bağlı qapıları açmaq istəsək,
açıq qapıları bağlayaq gərək.
Bir az da aldatdı bizi nağıllar,
Ağ atlı oğlanlar gəlib çıxmadı.
Xeyirxah pərilər görünmədi heç,
Yetimin üzünə kimsə baxmadı.
Anladıb aldatdı bizi nağıllar
divlər, təpəgözlər öləcək deyə.
Bir az da ağlatdı bizi nağıllar
göylərdən üç alma düşəcək deyə.

Bu gözəl insanla söhbətdən zövq aldım. Bu zövqü siz də yaşaya bildinizsə demək söhbətimiz alınıb. Bizimlə bərabər olduğunuz üçün hər birinizə təşəkkür edir və yenidən görüşmək arzusuyla ayrılıram. Təki ömür möhlət versin…

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

KƏMALƏ ABİYEVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir