Əbdürrəhim bəy Haqverdiyev – “Diş ağrısı” hekayəsi

“Diş ağrısı”

(hekayə)

Hacı Rüstəm Təzəşəhərdə mötəbər və möhtərəm bir tacir idi. Onun həmişə şüarı bu idi: “Fürsət fövt eyləməz aqil, məgər nadan ola”. Ticarətə yeni qədəm qoyanlara nəsihəti bu idi: “Oğlum, qazancın azı, çoxu olmaz. Bir yerdə ki, qazanc yeri gördün, özünü at oraya. Deyirlər şərab alış-verişi haramdır. Boş sözdür. Bu hədisi ermənilər çıxarıblar ki, şərab alış-verişini öz əllərində saxlasınlar. Vaxta ki, şərab alış-verişində qazanc gördün, al sat! Mən özüm qoca kişi, Məkkəni, Mədinəni ziyarət etmiş və üzümü həcərüləsvədə sürtmüşəm. Vaxta ki, mən deyirəm, qəbul edin!”

Hacı Rüstəm heç vaxt ömründə fürsəti fövt etməmiş. Odur ki, Təzəşəhərdə üç böyük evi, iki meyvə bağı və bir topdağıtmaz dükanı var. Bununla belə, heç bir işdə danışıb kəsişməsə, əlini cibinə salmaz. Məlumdur ki, xəzinədən gələn vergi elanının müqabilində danışıq olmaz. Hacı Rüstəm burada da çalışırdı ki, bir neçə şahı, heç olmasa bir neçə qəpik saldırsın. Görəndə ki, danışıq yeri yoxdur, kağızı verərdi oğluna:

– Ay bala, çötkəni götür, hesabla gör burada səhv yoxdur ki.

Taks-maks bilməzdi. Bazara gündə yüz taks qoysunlar, danışıb kəsişməsə idi, yarım girvənkə soğan da almazdı.

Oğluna düşəndə deyərdi:

– Bu əyyamın cavanları hər biri ildə neçə yüz manat “eh neyləyim”ə verir. Məsələn: gedir bazardan çit ya meyvə alır, gəlir evə, hesablayanda görür iki şahı artıq veribdir. O saat deyir: “Eh, neyləyim, cəhənnəmə! Durub iki şahıdan ötrü bir də dükançı ilə çənə-boğaza çıxmayacağam ki?!” Çənə-boğaza da çıxaram, dükançının atasına da od vuraram. Faytona minirlər. Taksi beş şahıdır. Düşəndə baxır ki, cibində xırda pul ancaq altı şahıdır, görürsən hamısını atdı faytonçunun üstünə. Soruşsan ki, niyə faytonçudan bir şahını almadın, deyəcək: “Eh, neyləyim, atasının əti olsun”. Bu, axmaq işdir. Qoyma bir qəpiyin nahaq yerə getsin.

Vaxtından, mövqedən istifadəni həmişə cavanlara məsləhət görürdü.

Burada bir balaca haşiyə çıxıb yenə də mətləb üstə qayıdaq.

Bir nəfər maraldan nağıl edirdilər. Ələhdəhü ələlravi-vəbalı nağıl edənin boynuna, yalan-doğruluğuna zəmanət etmirəm. Yalan olsa da “əz gil saxtənd, xub saxtənd” (Palçıqdan qayırmışlar, yaxşı qayırmışlar). Bəli, bir nəfər maraldan nağıl edirdilər ki, o da fürsəti fövt eləməzdi. İranda çox bikar gəzəndən sonra baxır, görür ki, siğəxanalar sahiblərinə çoxlu mənfəət verirlər. Ancaq onu dayandıran bir məsələ idi. Baxırdı hər siğəxanada bir nəfər müəllim, axund əyləşib, gələnlərə siğə oxuyur. Maral molla da deyildi. Sonra görür ki, burada mollalıq artıq gərək deyil. Tək bunu bilmək kifayətdir: “Müttətuhü nəfsi binəfsikə, – qəbiltu!” (Ruhanilər kəbin və siğə etdikləri zaman bu duanı oxuyardılar) Vəssalam. Bu sözlər deyiləndən sonra qız olur siğə eləməyə gələnin halal malı.

Maral savadlı idi. Təbi-şeri də vardı.

Çox fikirdən sonra mənzil kirə edib neçə nəfər küçələrdə dolanan arvadlardan oraya doldurub başına bir karlı əmmamə sarıyıb əyləşdi yuxarı başda və məşğul oldu ticarətə.

“Müttətuhü nəfəsi binəfsikə, – qəbiltu!”

Bunun nəticəsi olaraq, küçələr yetimlərlə dolacaq, Cəhənnəmə dolsun. Yetimə nə var? Dəyirmanın navından salarsan, donquzluğundan diri çıxar. Yetimin üzü daşdan bərk olar. Burnunun fırtdığını yeyib böyüyəcək.

Bir neçə müddət maral bu işə məşğul oldu. Axırda İran polis adamlarının dəqiqədə bir yol gələnlərinin, “müftə” istifadə edənlərinin əllərindən təngə gəlib, siğəxananı bağlayıb, ağ əmmaməni ala-bəzək əmmaməyə döndərib mərsiyəxan sifəti ilə Qafqaza gəlir. Neçə il kəmali-müvəffəqiyyətlə rövzəxanlıq eləyir. Axırda doqquz yüz beşinci ilin inqilabı düşür. Hər yerdə mətbuat işləri başlayır genişlənməyə. Camaatın təvəccöhü yavaş-yavaş mollalardan dönür. Maral o saat bunun gələcəyini görür. Əmmaməni yerə qoyub ziyalılarla yaxınlaşıb əl qoyur qəzetlərə, zamanaya müvafiq əşar yazmağa. Bununla hüsnü-rəğbət və şöhrət qazanır. Bir az keçir. İran inqilabı başlanır. Səttar xan, Bağır xan, Yefrəm xan, nəmənə xan, nəstə xan… Maral başlayır patron-tüfəng ticarətinə. Söz yox ki, burada da filan qədər para qazanır. Axır hökumət bunu tutub sürgün edir. Maral sürgündə da bikar durmur. Bir dənə baqqal dükanı açıb əyləşir.

On yeddinci ilin inqilabında vətənə qayıdıb hamını inandırır ki, o əsla ticarət etmirdi. Onun çalışmağı ancaq İran inqilabçılarına müavinət göstərmək idi. İrana göndərdiyi əslihə təşkilat malı idi və bunun üstündə də sürgün edilmişdi. Beləliklə, özünü menşeviklər partiyasına soxur. Sonra kələyinin üstü açılıb partiyadan qovurlar. Qafqazda qala bilməyib. Biri maralı Xorasanda görmüşdü. Deyirdi ki, bu saat orada siğə dəllalığı edir. Karvansaraları dolanıb zəvvarlara siğə təklif edir:

– Məşədi, siğə nə mixabi? (Məşədi, siğə istəmirsən?)

Çox təcrübə etdikdən sonra hər yerin adamları nə növ arvad xoşladıqlarını gözəl bilir. Məsələn, Bakıdan gələnlər…

Kifayətdir, təfsil başlasaq, axırda cəncələ düşərik.

Bəli, Hacı Rüstəmdən danışaq.

Hacı Rüstəmin atası baqqal idi. Hər il yay fəslində yaylağa motal, yağ almağa gedərdi. Xırman zamanı da gedib kənbəkənd gəzib nisyə yığardı. Çox vaxt oğlunu da özü ilə aparardı. Hacı Rüstəm baxıb atasının pul qazanmaq yolunda çəkdiyi zəhməti görürdü. Bir yandan da baxardı ki, İrandan keçmiş bir seyid, iki quruş mayası yox, “ya cədda!” deyib xırmanları dolanır, axşamadək bir at yükü taxıl cəm eləyir, aparır, bazarda satır, yenə düşür kəndlərə. Hacı Rüstəmin cavanlıqdan gözləri açıq idi. Baxdı ki, baqqalıqdan seyidlik xeyirlidir, nə səriştə, şecərə istəyən var, nə bir sorğu-sual edən.

Atası öləndən sonra dükanı bağlayıb başına bir yaşıl əmmamə sarıyıb başladı seyid sifəti ilə gəzməyə. Həqiqətdə pul başladı başından yağmağa.

Bir dəfə yolu, yaylağa gedən elata düşdü. Köç mənzil eləyib, heyvanları düzə buraxmışdı. Hacı Rüstəm gəlib “cəddinin payını” istədi. Köç əhli etina eləmədi. Atının yedəyindən tutub, alaçıqları bir-bir gəzdi. Bir şey olmadı. Labüdd qalıb birdən qışqırdı:

– Camaat, mənim cəddimin payını verməsəniz, sizin südünüzü qana döndərəcəyəm!

Bu sözlə dırnağının arası qırmızı cövhərlə dolu barmağını “ya cədda!” deyib bir qazan təzə sağılmış südün içinə salıb buladı. Fövrən südün rəngi qızardı.

Bu “möcüz”ü ağadan görən köç əhli, onun ayağına düşüb üzr istəyib torba dağarcığını doldurdular. Atını burnunadək yükləyib gəldi evinə.

Bir az zamanda Hacı Rüstəm atasının iki-üç dövlətincə dövlət qazandı.

Günlərin bir günündə xəbər gəldi ki, hökumət Təzəşəhər binası qoyur. Xahiş edənə pulsuz ev və bağ yeri verib, on iki il də hər bir xəracatdan azad edirlər.

Bu xəbəri eşidib Hacı Rüstəm evi böyük oğluna tapşırıb birbaş Təzəşəhərə üz qoydu. Yetişib gördü ki, hər yerdən ev yeri almaq üçün adam gəlib. Ətraf tamam avamstan. Bu yerdə yaxşı dövlət qayırmaq olar.

Ərizə verib həm ev yeri, həm bağ yeri alıb qayıtdı vətənə. Burada satmalını satıb aparmalını götürüb, köç-külfətini yığışdırıb köçdü, Təzəşəhərə. O vaxtdan orada sakindir; yaxşı dövlət qazanıb Məkkəyə gedib.

Mən görəndə yaşı həştadı addamışdı. Camaat arasında da böyük etibar sahibi idi.

Onun öz işlərində sərhesab olduğundan bir şey yenə nağıl edim.

Bir gün Hacı Rüstəmin dükan qonşusu, usta Həsən papaqçı gördü: budur hacı, başı-gözü sarıqlı yaman bir halda gəlir.

– Ay hacı, olmasın azar, sifətini niyə sarımısan?

– Usta Həsən, ölürəm! Bu gecə səhərədək ulamışam.

– Nə olub? De görüm!

– Nə olacaq, dişim məni öldürür.

– Mən də dedim görəsən nə var. Diş ağrısının bircə əlacı var: kəlbətin. Hətta bu xüsusda atalar da deyiblər:

Qonşun pisdir, köç qurtar.

Dişin pisdir, çək qurtar.

Arvadın pisdir, boşa qurtar.

Canın pisdir, öl qurtar.

– Rəhmətlik oğlu, sənin də içini zarafat almışdır. Mən deyirəm ölürəm, bu da oturub mənə qurt-quran açır.

– Axır mən nə eləyim?

– Get çəkdir qurtarsın!

– Elə mən də ona gəlmişəm. deyirlər, burada bir yaxşı ləzgi dəlləyi var. Amandır, harada olsa, gör onu tapdıra bilərsənmi?

– Ay hacı, dəllək nədir? Çağıracaqsan, gəlib bir at kəlbətininin salacaq dişinə, dartıb əngini də dişinin üstündə çəkəcək. Burada gözəl diş həkimi var. Səni aparım onun yanına. Bir dəqiqədə dişini çəkib səni rahat eləsin.

– O, mənim bir dişimi çəkməyə məndən neçə alacaq?

– Necə neçə alacaq? Nə istər, verərsən.

– Yox, qardaş, mən tacir adamam, mənim hər bir haqq-hesabım gərək aydın olsun.

– On şahı verərsən, qurtarar gedər.

– On şahı nədir, kişi? On şahıya mən on dənə diş çəkdirərəm. Bircə qulaq as, sənə başıma gələndən bir keyfiyyət nağıl eləyim. Cavan vaxtımda… Uf!.. uf… uf!.. Aman, aman, öldüm. Qurbanınız olum. Cavan vaxtımda (hələ buraya köçməmişdim) sağ tərəfdən, üst dişlərimdən biri bərk ağrıdı. Üstünə sağlıq, usta Həsən! Bir ağrı tutdu ki, dizin-dizin sürünüb əlimlə ot yoldum. Adam göndərdim, bazardan dəllək Məşədi Teymur vardı, onu çağırtdım. Uf… uf… uf!.. Yenə nə yaman ağrısı tutdu bu zəhrimarın! Məşədi Teymur gəldi baxdı dedi ki: “Çəkməkdən sivay əlacı yoxdur”. Dedim: “Nə bilirsən, elə!” Kəlbətini ilişdirdi dişimə, gücü gəldikcə dartdı. Diş çıxmır ki, çıxmır… Yazıq məşədinin alnından tər tökülür. Hərdənbir deyir: “Ağa Rüstəm, bərk dur!” (O vaxt hacı deyildim). Deyirəm: “Durmuşam”. Xülasə… Uf… uf… uf!.. Aman allah… Aman allah.. Elə ki gördü gücü çatmır, dedi: “Dur ayağa”. Qalxdım ayağa. Kəlbətini bir də ilişdirdi. Bir də baxdım məşədi ayaqlarını yerdən üzüb dişimdən asılıb. Daha dişim davam eləməyib bir köklü ağac kimi yerindən qopdu. Yazıq Məşədi Teymur yerə dəyib çul kimi sərildi. Yalan olmasın, yarım saat o halətdə qaldı. Bir belə zəhmətdən sonra ona mən iki şahı qara pul verdim. Hər qəpiyinə bir dəfə “allah kisənə bərəkət versin!” dedi. İndi mən aparım matışkanın birinə on şahı verim? Nədi-nədi, bir az “şto-mişto” oxuyub? Bacarmayacağam.

– Ay kişi, bunun əli təmiz, ayağı təmiz, çiçək kimi. Məşədi Teymur hara, bu hara!

– Necə! Məşədi Teymurun əlindən onun əli təmizdir? Məşədi Teymur gündə üç dəfə dəstəmaz alır, amma sənin matışkan təharət nə olduğunu bilmir… Aman!.. aman… aman… Başım çatladı!

– Danışma, dur düş qabağıma, gedək. Sən dişini çəkdirərsən, mən də bir az şirə çəkərəm. Onu görəndə deyəcəksən: dişimin otuz ikisini də buna çəkdirim.

Usta Həsən Hacı Rüstəmi apardı diş həkiminin yanına.

Həkim, təmtəraqlı bir xanım, hacını əyləşdirdi kürsünün üstündə.

– Ağrıyan dişinizi göstərin!

Hacı dedi:

– Xanım, mən tacirəm; qabaqca buyur, görək nə alacaqsan?

– Dişçəkmənin taksası on şahıdır.

– Mən heç bir girvəngə kələmi taksa ilə almıram. Taksa ilə diş çəkdirəcəyəm? Sənə bircə abbası verəcəyəm, dişimi çəkəcəksən, vəssalam!

– Bura sənin dükanın deyil, çənə bazarına çıxasan. Xahiş eləmirsən, gedə bilərsən.

Hacı dayanıb fikrə getdi. Bir azdan sonra dedi:

– Eybi yoxdur, çək! Ağrıyan dişim budur.

Həkim dişi çəkib qoydu yerə.

Hacı üzünü usta Həsənə tutub dedi:

– Usta Həsən! Allah sənin evini bərbad eləsin, məni yaxşı həkim yanına gətirdin. Bu ki, baytardır. Belə də həkim olar? Allah bunun evini yıxsın!

Həkim soruşdu:

– Nə olub?

– Nə olacaq? Allah sənin bəlanı versin. Ağrıyan dişimi qoyub salamat dişimi çəkdin!

Həkim hərçi inandırdı ki:

– Özün göstərdiyin dişi çəkimişəm.

Hacı söyüb-söylənib dedi:

– Di gəl, evi yıxılmışın qızı, bax ağrıyan dişim budur.

Həkim onu da çəkib yerə qoydu.

Hacı ilan çalmış tək yerindən qalxdı:

– Ay sənin adını həkim qoyub bura göndərənin atası it olsun! Ay sənə dərs verənin atası görbagör olsun! Gərək dəlləkliyini bizim başımızda öyrənəsən? Səni həkim yazanın qələmi sınsın. Yenə salamat dişimi çəkdi. Ağrıyan dişim bax budur, bu!

Həkim nə qədər and içdi isə, yenə hacı sakit olmadı.

– Adını diş həkim qoyunca, gedib özün üçün bir yüngül peşə tapa idin. Bax, zalımın qızı, ağrıyan dişim budur!

Bu dəfə həkim hacının ağrıyan dişini çəkdi. Hacı on şahı verib söylənə-söylənə çıxdı çölə və çöldə usta Həsənə dedi:

– Usta Həsən! Gördün, analar necə oğul doğub! Bax əsil ticarət buna deyərlər. Dişimi bir abbasıya çəkməyə razı olmadı, mən dişin birisini ona on yeddi qəpiyə çəkdirdim. Bundan sonra qiyamətədək Hacı Rüstəm onun yadından çıxmaz.


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zərövşən Babayeva – TƏHSİLDƏ STEAM METODUNUN TƏTBİQİ PERSPEKTİVLƏRİ

Zərövşən Babayeva, Naxçıvan Dövlət Universitetinin dosenti, dr.zarifbabayeva@yahoo.com

TƏHSİLDƏ STEAM METODUNUN TƏTBİQİ PERSPEKTİVLƏRİ

Rəqəmsal həyat tərzinin üstünlük təşkil etdiyi bu günlərdə artıq baza bilikləri ilə dünyaya çıxa bilmərik. Həyatın bütün sahələrində işlər: maddi-texniki baza, banklar, təhsil sahəsi, tibbi qurumlar, iqtisadi münasibətlərdə yeni dünya düzəninə uyğun qurulmalıdır. Bunun üçün əsas yük orta və ali məktəblərin üzərinə düşür. Çünki cəmiyyəti idarə edənlər və edəcək insan potensialı, mütəxəssis kadrları məhz təhsil sahəsinin nailiyyətləri kimi qiymətləndirilməlidir. Son illər yaşadığımız gözlənilməz hadisələr, fəlakətlər insan və cəmiyyət həyatında uzaqgörən dəyişikliklər edilməsini zərurətə çevirmişdir.

Yeni dövr artıq hazır bilikləri əzbərləməklə inkişafa nail olmağın qeyri-mümkünlüyünü göstərir. İndi cəmiyyət –

  • coğrafi xəritədə ölkələrin əhali sayını bilən, yerləşməsini göstərən;
  • bioloji bilikləri, canlıların anatomik-morfoloji quruluşunu sadəcə öyrənən;
  • ədəbiyyatdan yazıçı, şairlərin həyatını, əsərlərini oxuyan gəncliklə: şagird, tələbə, magistr, doktorantla yeni həyata ayaq uydura bilməyəcək.

XXI əsr yaradıcı-məntiqi düşünən, tənqidi təfəkkürü yüksək inkişaf etmiş, öyrəndiyi biliklər bazasından istifadə edərək yeni biliklərin kəşfinə yönəlmiş, analiz-sintez qabiliyyəti, fərqli fəaliyyət potensialına sahib olan, xəyal qurmağı bacaran və ona çatmağa çalışan mütəxəssislərlə ciddi rəqabətə davam gətirərək Ayda və Marsda yeni həyat qurmağı düşünürlər. Lakin bütün səviyyələrdə istənilən inkişafı təmin etmək üçün təkcə ən müasir, yeni texnologiyaların tətbiqi kifayət etmir. Təhsildə, cəmiyyətdə keyfiyyət dəyişikliyinə nail olmaq üçün İnsan amilini yüksək qiymətləndirmək, təhsil taksonomiyalarından düzgün istifadə etmək vacibdir. Təhsil işçilərinə, öyrədənlərə sərbəst fəaliyyət imkanlarının verilməsi, lazımi maddi-texniki bazanın təmin edilməsi də nəzərdən qaçırılmamamlıdır.

 Əsas məsələlərdən biri bütün sahələrdən olan aparıcı mütəxəssislərin işini qiymətləndirmək, gənc nəsli daha yaradıcı olmağa istiqamətləndirmək, bunun üçün münbit şərait yaratmaq, öyrənənlərin öyrəndiklərinə tənqidi yanaşma bacarığı formalaşdırmaqdır. Bu işdə öyrədən-öyrənən münasibətlərindən çox şey asılıdır. Müəllim öz peşəsini sevərək, gələcəyin yaradıcı insanını yetişdirməyə maraqlı olmalıdır. Analitik düşünməli, idrak fəallığını artırmaq üçün bütün yollardan istifadə etməlidir. Bilik dediyimiz məfhum sorğulanarsa inkişaf edəcəkdir. Belə olmasaydı qədim dövrlərdən əsası qoyulan biologiya elmi günümüzdəki inkişafına çata bilməz, həmçinin tibb elmi özünün pik səviyyəsinə çatmaz, qədim, orta və intibah dövrlərində müxtəlif bioloq və həkimlərin əməyi boşa çıxardı. Təkcə insan orqanizminin anatomik-morfoloji quruluşunun öyrənilməsi, daxili orqanlarının həcmi və formasının öyrənilməsi üçün biologiya elmi ən çətin, qanlı, keşməkeşli yollardan keçmişdir. Vaxtilə bu sahəyə maraq göstərən o zamankı araşdırmaçılar həyatları bahasına biologiya elminə, tibb sahəsinə möhtəşəm töhfələr vermişlər. Qan köçürmənin tarixi isə özünəməxsus çətinliklərlə, etaplarla indiki 4 qan qrupunun kəşfinə qədər uzun yol keçmişdir. Ölməkdə olan insana quzu qanı köçürüb ölümdən xilas edən də, sonrakı cəhdlərin uğursuz alınmasına görə qanköçürməni qanunla qadağan edən də indi sahib olduğimuz dünyanın o zamankı hər şeyə maraqlı, xəyalpərəst, tənqidi-yaradıcı düşünən insanları olmuşdur. Məlumdur ki, bütün elm sahələrində müxtəlif maraqlı faktlar vardır. Bu faktlar İnsan oğlunun bitib tükənməyən marağının qarşısında durula bilinməyəcəyini göstərir.

Son illər həyatımızda, bütün fəaliyyət sahəsində baş verən yeniliklər (texnologiyalar, müasir metodlar və s.) həyatın sirlərini öyrənməklə məhdudlaşmayıb, öyrənməni daha cazib hala gətirmişdir. Bu layihələrdən biri də STEAM layihəsidir. STEM ingilis dilində Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyat (Math) sözlərinin qısaltmasıdır. Termin ilk dəfə ABŞ Milli Elm Qurumu (U.S. National Science Foundation) tərəfindən 2001-ci ildə SMET olaraq bir neçə fənn və bacarığın inteqrasiyasından ibarət olan peşələri ifadə etmək üçün istifadə olunub. Daha sonra bioloq Cudit Ramili (Judith Ramaley) tərəfindən STEM olaraq dəyişdirilib (Hallinen, 2016). Qısaltmaya daha sonra incəsənət/sənət ənasına gələn “Art”-da əlavə olundu (STEAM və ya STEM+A). STEM və STEAM arasındakı əsas fərq, STEM elmi anlayışlara daha çox diqqət yetirir. STEAM -də elmi anlayışları araşdırır, lakin bunu yaradıcılıq prosesində istifadə edilən sorğu və problemə-həll etməyə əsaslanan təlim metodları vasitəsilə edir (Wade-Leeuwen, 2018).

STEM tədris metodu ad olaraq yeni olsa da, təhsil sahəsində yeni bir yanaşma deyil və tədris-təlim məşğələlərinə yaradıcı yanaşan yenilikçi metodistlər tərəfindən  müxtəlif platformalarda təbliğ edilmiş, hazırda təkmilləşdirmə mərhələsindədir. İnteqrasiyalı təhsil yüksək peşəkarlıq tələb etdiyindən yalnız  XX əsrin 80-ci illərində qabaqcıl ölkələrdə tətbiq edilməyə başlandı. STEM-i əsas populyarlaşdıran isə 2009-cu ildə ABŞ-ın STEM təhsil formasını strategiya kimi qəbul edib bu sahəyə böyük investisiya qoyması ilə başladı. Nəticədə qeyd olunan sahə üzrə elmi tətqiqatların və məhsulların sayı artdı və böyük kütlələr üçün əlçatan oldu. Əksər peşələr birdən artıq fənn/sahə üzrə bilik tələb etdiyindən orta əsrlərdən etibarən ali təhsil verən müəssisələrdə fənlər əlaqəli olaraq tədris edilməyə çalışılırdı. 2000-ci illərin başlanğıcından Naxçıvan Dövlət Universitetində elmi tədqiqatlarımızın bu istiqamətdə  – biologiyanın tədrisində fənlərarası, fənndaxili, nəntiqi-tənqidi təfəkkürün inkişafı, yaradıcı tətbiqetməyə üstünlük verilmişdir (Babayeva Z). 2017-ci ildə Fəlsəfə doktorluğu, 2017-ci ildə elmlər doktorluğu dissertasiyasında bioloji təhsildə, ümumiyyətlə təhsil sahəsində baş verən keyfiyyət dəyişikliklərinin düzgün istiqamətdə tətbiqi imkanlarını işləyib hazırlamış, dərslik, dərs vəsaiti, monoqrafiyalar hazırlamışıq. Bu illər ərzində Naxçıvan Dövlət Universitetində yaradılmış yüksək keyfiyyətli təhsil təminatı sayəsində əvvəllər çətinlik çəkdiyimiz sahələrdə geniş imkanlar qazanaraq XXI əsr təhsil sferasına uyğun fəaliyyət planına sahib olmuşuq.

STEAM metodu – Layihə əsaslı öyrənmə – PBL (Project Based Learning), Fənlərarası inteqrasiya və fənlərararası öyrənmə (Interdisciplinary&Cross-dissplinary), Araşdırma əsaslı öyrənmə (Inquiry Based Learning),  Oyun əsaslı öyrənmə (Gamification), Analogiyaya əsaslanan öyrənmə (Learning by Analogies), Mobil əsaslı öyrənmə (Mobile learning), Tinkering- kiçik dəyişikliklər etməklə, düzəltməyə əsaslanan öyrənmə metodları ilə təhsil sahəsində öyrətmə-öyrənmə prosesini durğunluqdan çıxarıb yaradıcılıq fəaliyyətinə çevirməyə xidmət göstərir. 2019-2020-ci tədris ilinin əvvəlindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə tətbiqinə başlanılan “STEAM” layihəsinin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşüncə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir: “STEAM metadologiyalarının əsasında duran Layihə əsaslı öyrənmə (PBL), təhsilalanların müasir cəmiyyətin problemlərini araşdıraraq müxtəlif  həll yollarını müəyyənləşdirmək xüsusiyyətini artırır.

Artıq Yeni Dünya Düzənində baza təhsili ilə gözlənilməz sürprizlərdən sığortalanmaq üçün cəmiyyətlərə hər vəziyyətdən çıxma yollarını düşünüb tapa bilən, aldığı nəzəri bilikləri düzgün, insanlıq naminə tətbiq edə bilən mütəxəssislər hazırlamağa məhkumuq. Dünyada baş verən son hadisələr bunu sübut edir.

Hazırkı təhsil sistemində STEAM fənlərin ayrı-ayrılıqda deyil, inteqrasiyalı tədrisini nəzərdə tutan təhsil sisteminə/metoduna verilən addır. STEAM təhsil metodu 5 əsas meyarın birgə təşkilidir: Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyat (Math). STEAM məhz bu meyarların birgə və inteqrasiya olunmuş formada tədrisi ideyası üzərində qurulub.

            STEM təhsil metodunun müsbət cəhətləri – STEM təhsil metodu/sistemi düşünülənin əksinə şagirdlərdə sadəcə akademik bacarıqları möhkəmləndirmir, onların hərtərəfli inkişafına kömək edir:

  • Toxunaraq öyrənmə – STEM tədris metodunda məlumatlar  vizual, audio üsulla yanaşı, kinestatik (toxunaraq öyrənmə) və sosial öyrənmə vasitələri ilə də ötürülür (Leite, Walter L.; Svinicki, Marilla; Shi, Yuying (April 2010).
  • Yaradıcılıq – «Biz övladlarımıza onlardan daha ağıllı olan maşınlarla (robot) rəqabət aparmağı öyrədə bilmərik, biz övladlarımıza onları maşınlardan fərqləndirəcək nəsə öyrətməliyik. Yalnız bu üsulla onların 30 il sonra mövcud olma, sağ qalma şansları olacaq» (Whiting, 2019). Yaradıcılıq insanı digər canlılardan fərqləndirən ən asas bacarıq hesab edilir və STEM təhsil modeli tədris zamanı şagirdlərdə yaradıcılıq bacarığını inkişaf etdirməyə şərait yaradır.
  • Səhvlərdən öyrənmə – Tədris zamanı şagirdlərin kiçik miqyaslı təcrübələr zamanı əldə edilən nəticələri müşahidə edib, ortaya çıxan səhvləri araşdırma və təcrübələrin düzgün aparılmasına şərait yaranır.
  • Tənqidi təfəkkür – STEM tədrisi zamanı dərslər qruplar formasında müzakirə üzərinə qurulduğundan şagirdlər komanda yoldaşlarının işinə münasibət bildirir, öz arqumentlərini əsaslandırırlar. Bundan başqa, öyrəndikləri bilikləri müzakirə, analiz-sintez etmə imkanı qazanırlar.
  • Ünsiyyət bacarığı – Dərslər adətən eksperimentin və ya layihənin nəticəsi ilə bağlı hesabat və ya prezentasiya (təqdimat) ilə yekunlaşır.
  • Liderlik – STEM dərsləri daha çox layihə əsaslı və qrup işləri formatında təşkil edildiyindən qrup üzvləri liderlik funksiyasını da yerinə yetirir, qrupa/layihəyə rəhbərlik edir, qərarlar alırlar. Nəticədə şagirdlərdə liderlik bacarıqları inkişaf edir.
  • İş mühitinə hazırlıq – STEM təhsil metodunun əsas məqsədi şagirdləri gələcək iş mühitinə hazırlamaqdır. Yuxarıda qeyd edilən bütün bacarıqlar şagirləri səmərəli insan resursu olaraq tutacaqları mövqelərə hazırlamış olur.

Hər sahədə olduğu kimi, təhsil sahəsinə gətiirilən yeniliklərin tətbiqi də müəyyən problemlərlə üzləşir. STEAM metodunun təhsil sahəsində tətbiqinin aşmalı olduğu baryerlər də vardır:

  • Sahə üzrə önə çıxan çətinliklərdən, əsasən, maddi resursların baha olması və insan resursu çatışmazlığını qeyd etmək olar.
  • STEM dərslərinin tədrisi yüksək araşdırma, müşahidə, sinif idarəsi bacarığına sahib peşəkarlar tələb edir. Təəssüf ki, nəinki Azərbaycanda, hətta bir çox qabaqcıl ölkələrdə belə qeyd olunan problem var. Nəticədə STEM tədris metodunu bütün yaş qrupları üzrə tədris proqramına cəlb edən dövlət yoxdur.

Əlavə olaraq, STEM tədris metodu şagirlərlə yanaşı, valideyinlərin də prosesə aktiv iştirakını tələb edir. Dərslər sinif otaqlarında yekunlaşmır. Məsələn, valideynin şagirdin evdə tapşırıq olaraq həyata keçirdiyi müşahidə və ya təcrübəyə qoşulması, onunla müzakirə aparması tələb oluna bilir. Valideyn olaraq təhsil və iş sahəsində baş verən IV sənaye inqilabına biganə qalmaq olmaz. Şagirdlərin, xüsusi ilə də, azyaşlıların qazanacağı bacarıqlar onlara iş həyatında daha sağlam mövqe tutmağa imkan verəcək. Bəs valideynlər bu istiqamətdə hansı işləri görməli:

  1. peşəkar STEM dərsləri tədris edən müəssisələrdən dəstək ala bilər;
  2. sahə ilə bağlı araşdırmalar edib müəyyən qədər övladı ilə fərdi məşğul ola bilər.

Müasir dövrdə məktəb-ailə işbirliyi qaçılmaz olmuşdur. Dəyişən Dünya düzəninə ayaq uydurmaq üçün məktəblə şagird arasındakı ünsiyyət azlıq edir, bu zəncirə ailəni, ətraf mühiti də əlavə etməklə kompleks yaradıcı əlaqə əldə etməliyik. Bunun üçün də hərtərəfli bilik-bacarığa, yaradıcılığa malik insan potensialının yetişdirilməsi üçün hər gün dəyişən texnologiyaları, metod və üsulları tətbiq edə bilən mütəxəssislər hazırlanmalıdır. STEAM təhsili də bütün bunları özündə cəmləyərək təhsilə interaktiv təlimlə gətirilən canlılığı, yaradıcılığa, kreatif fəaliyyətə, məntiqi-tənqidi düşüncənin inkişafına yönəltmişdir.

Artıq öyrənilən hər hansı bilik, bacarıq və metoda etalon kimi baxılmamalıdır – deyə düşünür və daim audi­to­­­riyalarda təkrarlayıram. Hər bir var olana məntiqi-tənqidi yanaşma bacarığı həm öyrəni­lə­nin mahiyyətinə varmağa, həm də yaradıcı tətbiqetməyə imkan yaradacaqdır. Həm­çinin təlim fəaliyyət prosesi olduğu üçün bu prosesdə öyrədən və öyrənən arasında xü­susi ünsiyyət modelləri yaranmalıdır. Buraya 3 A texnikasını aid etmək olar:

  •  Anlamaq; Anlatmaq; Anlaşmaq.

Yəni hər bir fəaliyyət prosesində anlaşmaq üçün ilk növbədə anlatmaq istədiklərimizi özümüzün anlaması əsas şərtdir. Bunun üçün  -Təhsil; Tərbiyə – nəticədir; İnkişaf.

Yəni – təlim – təhsil – tərbiyə = inkişafdır.

Konfusinin fikrinə görə: “oxumaq, oxumaq və tərəddüd etmədən təkrar etmək” daha verimli təlim hesab edilirdi. Hazırda isə o təlim səmərəli hesab olunur ki, nəinki elmi bilikləri öyrənmək, həmçinin öyrədilənlərin yaradıcı tətbiqi vacib sayılır. Müasir dövr öyrənənləri biliklərin saxlanıldığı papka formatından çıxarıb tədris prosesinin fəal iştirakçılarına çevirmək, biliklərin həyata tətbiqində perspektivli hesab edilir. Xüsusilə də “Canlı müşahidədən mücərrd təfəkkürə, sonra təcrübədə tətbiqetmə” biologiyanın tədrisində xüsusi əhəmiyyət kəsb edir. Təhsilalma və təhsilvermə elə bir prosesdir ki, burada bir neçə komponent bir­lik­də iştirak etməlidir: bilik, bacarıq, vərdiş. Bunların bir-biri ilə əlaqəsi isə nəti­cə­də arzuolunan təhsili formalaşdırır.

        STEAM təhsili 2021-2022-ci tədris ilində ölkə üzrə 302 ümumtəhsil məktəbi və  15 STEAM Mərkəzindən ümumilikdə 100 minə yaxın şagirdi əhatə edəcəkdir: “Qeyd olunan ümumtəhsil məktəblərindən 6-cı siniflər üzrə 37087, 7-ci siniflər üzrə 18468, 8-ci siniflər üzrə 6995 şagird olmaqla ümumilikdə 62550 şagird “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş  aparatları (tədris dronları)” üçün hazırlanmış kurikulum üzrə STEAM dərslərinin tədrisinə cəlb olunacaqlar.

            STEAM metodunun geniş yayılıb səmərəliliyinin artırılması üçün beynəlxalq və respublikadaxili treyninqlərin keçirilməsi, müəllimlərin bu layihədə iştirakı həm təcrübə mübadiləsi üçün şərait yaradır, həm də dünyagörüşün zənginləşməsi, təhsil müəssisələri işçilərinin müzakirələrdə fikirlərinin alınması təhsil sahəsinə öz töhfəsini verir. Bu sahədə işlər davam etməkdədir. Perspektiv plan kimi “STEAM Mərkəzlərinin yerləşdiyi ərazi, həmçinin ətraf regionlarda sıxlıq nəzərə alınmaqla hər bir mərkəz üzrə 1000-3000, ümumilikdə il ərzində 34000 şagirdin prosesə cəlbi nəzərdə tutulmuşdur. Ümimilikdə, STEAM tədris prosesinə cəlb olunmuş müəllim və şagird fəaliyyətinin izlənməsi, tədris materiallarının həmçinin bu istiqamətdə istifadə edilə bilinəcək müxtəlif resursların toplandığı Vahid Elektron Sistem (VES) vasitəsilə həyata keçiriləcəkdir. STEAM layihəsinin fəaliyyəti steam.edu.az portalı, eləcədə layihənin rəsmi  sosial şəbəkə səhifələri vasitəsilə izləyicilərlə əlaqə yaradır.

            Naxçıvan Dövlət Universiteti ilklərə imza atması ilə, yeniliklərə hər zaman açıq olması ilə hər zaman fərqlənmiş, bu sahədə işlərini davam etdirir. Bu ildən STEAM metodu seçmə fənn kimi tədris yükünə daxil edilmiş, universitetdə STARTAP, ENACTUS kimi layihələrin davamı olaraq sınaqdan keçirilərək tələbələrin böyük marağına səbəb olmuşdur. STEAM metodunun ali məktəbdə tədrisi, düşünürük ki, istər müəllimlik ixtisası tələbələri, istərsə də digər ixtisasda təhsil alanlar üçün gələcək işlərində yeni layihələr üzərində işləmək üçün stimul, motivasiya rolunu oynayacaq. Universitetin nəzdində dövlətimizin xüsusi qayğısı ilə STEAM mərkəzinin tikilişi və bu sahədə aparılan işlər, universitet rəhbərliyinin universitetdəki yenidənqurma, təhsil-tədris prosesinin keyfiyyətinin qaldırılmasındakı səyləri də xüsusi qeyd edilməlidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 7 iyun tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu tədris metodunun məqsədi şagirdlərin bacarıqlarını düzgün istiqamətə yönəltmək, fənlər arasındakı fərqi aradan qaldırmaq və bu təhsil yanaşması ilə araşdırma, istehsal və ixtiraçı nəsil yetişdirməkdən ibarətdir. Dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilən STEAM təlim metodu 2020-2021-ci tədris ilindən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində də tətbiq olunur. Bu məqsədlə STEAM kabinələri yaradılır, müəllimlər STEAM təlimlərinə cəlb olunur. Təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb və mərkəzin təqdimatı keçirilib.

Mərkəz müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, 10 ədəd kompüter, 1 ədəd 3D printer və müxtəlif rəngdə çap materialı, Makeblock, mBot, Arduino BT robotlar, Mindstorms və education lego dəstləri, 3D qələmlər, Arduino və BBC Micro:bit proqramlama və inkişaf dəstləri, servo mühərriklər, LCD ekranlar, micro idarəetmə modulları, RGB led və naqillər, müxtəlif ölçüdə mikro mexanizmlər, kiçik elektronik komponentlər, təlim dəstləri, müxtəlif fiqurların hazırlanması üçün lazım olan alətlər, tədris üçün ofis ləvazimatları və digər materiallarla tam təmin olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalayıb, NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrini genişləndirilərək dünyanın 130-dan çox universiteti ilə həmçinin, Türkiyənin 80-dək ali təhsil ocağı ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaradılmışdır. Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlığın təşkili öz müsbət bəhrələrini verir. Naxçıvan Dövlət Universitetində yeniliklərdən biri də ingilis dilində İqtisadiyyat ixtisasının tədrisi uğurla nəticələnmiş, ingilis dilində yeni yaradılacaq Tibb ixtisası üçün də ikili diplom proqramının təşkil edilməsi isə müzakirə olunan məsələlərdəndir.

Naxçıvan Dövlət Universitetinin bu yaxınlarda dünyanın ən yaxşı universitetləri sırasında yer alması da təsadüfi deyildir. Azərbaycan Respublikası rəhbərliyinin, Naxçıvan Ali Məclisi Sədrinin birbaşa qayğısını öz üzərində daim hiss edən universitet kollektivi Qarabağ Zəfərimizin 1-ci ildönümündə öz işlərini bundan sonra da layiqincə yerinə yetirmək əzmindədir. Yaxın gələcəkdə Şuşada, Ağdamda konfranslarda, simposimlarda yeni layihələrlə iştirak etmək üçün dünya standartları səviyyəsində təhsil mühiti yaratmağa çalışan Naxçıvan ziyalıları gündən-günə inkişaf edən Azərbaycanın cənnət diyarında hələ Azərbaycan elminə, təhsilinə, dövlətçiliyinə çox töhfələr verəcəkdir.

Müəllif: Zərövşən BABAYEVA

ZƏRÖVŞƏN BABAYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru