Leyla Yaşar – “Üşüyən“ ocaq

Leyla YAŞAR

“ÜŞÜYƏN“ OCAQ
Qapı açılıb örtüldükcə küləyin özüylə bərabər gətirdiyi buz kimi soyuq hava evi soyutmuşdu. Sobanın içindəki közərən od sönmək üzrə idi. Alovlanmağa can atan köz, yorulur, kömürə dönürdü.
– Fevralın qarlı, şaxtalı günündə bu evin sahibləri hara yoxa çıxdı, görəsən?- Bu nədi belə, stolun üstündə mürəbbə, çörək, yağ, pendir, soyulmuş yumurta? Nələr oldu bu evdə?

– Hər səhər yuxudan durub ocağı alışdıran, o əli qabarlı ata, ona kömək edən məktəbli, qaraşın oğlan hardadılar görəsən?

– Anasına kömək edən, o uzun saçlı, nazlı qəmzəli qızcığaz hanı bəs?

– Xəmir yoğurub, üstünü bağlayıb isti sobanın yanına qoyan, hərdən gəlib, xəmirin gəlib-gəlməməsini yoxlayan o xanım haradadı bəs?
Bunlar hara getdi birdən-birə? Lap darıxdım.

– Çöldəki nə səsidi elə? Nə qəribə qoxu var havada?
Ocaq yavaş – yavaş sönürdü. Közərən ağacın içindən sanki göz yaşları süzülür, onu sönməsini tezləşdirirdi.
Üstündən bir neçə gün keçdi .
Deyəsən gələn var idi.
-Aha deyəsən qayıtdılar .
Yanılmışdı .
Həsrərlə qapıya boylandı. Burnuna tanış olmayan qoxu gəldi .
Budur evə yeni sakinlər gəldi .

– Ay aman, bunlar kimdi belə?
Nə səliqəsizdilər. Nə yaman bərkdən danışırlar. Deyəsən bayramlarıdı. İlahi, bu nədi belə?
Yaxınlaşıb sobanın içinə deyinə – deyinə baxan saqqallı gedib bir yaş odun gətirdi. Nə qədər etsədə ocağı yandıra bilmədi. Hirslə sobaya bir təpik vurub, öz dilində nəsə deyib, onu yerli dibli götürüb həyətə tulladı. Hikkəsi soyumadığından zirzəmini açıb, onu zibil kimi ora necə atdısa, dəmir soba bir neçə yerdən zədələndi .

– O günlər harda qaldı? Yayda səliqə ilə çıxarılıb zirzəmiyə qoyulan, qışda nadir tapıntı kimi əzizlənib ordan çıxarıldığı günlər?
Atayla oğul onu ordan ehtiyyatla götürüb, həyətin ortasında rəngləyərdilər, içinə quru odun yıgıb bir-iki gün oradaca yandırardılar . Sonra ananın köməyilə yerinə səliqə ilə yerləşdirər, ilk ocaqlarını çatardılar. Başına yığışıb istisinə qızınardılar. Çox doğma idilər ona. Harda qaldı o günlər?
Zirzəmidə illərlə qalmağa məcbur oldu. Hərdən sevmədiyi zəhirmar yağan sifətlər gəlib zərblə qapını açar, nələrsə yıgıb gedərdilər . Tər-təmiz zirzəmini də zibilliyə çevirmişdi bu yeni sakinlər. Zirzəmidə ona xoş olmayan qoxular bir – birinə qarışmışdı .
Həmişə yayda evin xanımı buradan gəlib bankaları çıxardıb, içərisini səliqə ilə doldurub gətirib yerinə yığardı.
Qışda onun başına yığışıb, o bankaları açıb elə ləzzətlə yeyərdilər ki…
İndi… Bu nədi, qıcqırmış şərab iyi, qapağı atılmış bankalardan az qala yerə töküləcək şorabaların iyi bir- birinə qarışıb zirzəmiyə xüsusi bir “iy” verirdi.
İllərdi bu acını “yaşayan” dəmir soba artıq dözə bilmirdi.
İçində ocaq çatılmayan soba darıxmağa başlamışdı. Köhnə sakinlərin bir gün dönəcəyi günü həsrətlə gözləyirdi. Zirzəmidə mürgü vura-vura illəri bir-birinə calayırdı. Bir neçə gündü çöldə eşidilən, yeri silkələyən səslər yavaş- yavaş azalırdı. Evin sakinlərinin səsi küyü kəsilmişdi. Yoxa çıxmışdılar deyəsən.
Axrıncı dəfə gəlib qıcqırmış şorabalarını, şərablarını elə acıgözlüklə çölə daşıyırdılar ki, zirzəmidə nə vardısa hamısını çölə yığmışdılar. Bir tək ona əl vurmadılar. Nə yaxşı ki, onu götürmədilər.
Və bir gün, həmın gün zirzəmin qapısı yavaşca açıldı. İçəri girən iki oğlan onu qucaqlarına götürüb, doğma yerinə aparıb qoydular.
Yox bunlar köhnə sakinlər deyildi. Amma danışıq səsləri ona o qədər doğma gəlirdi ki… Evin səliqəsi geri dönmüşdü.

– Aha, bu qaraşın oğlan. Ocağı alışdırmağa çalışan qaragöz oğlan. Həmən məktəbli, nə yaman dəyişib, əynindəki nədi belə? Bunlar hamısı eyni geyinib?
Ocağı sevgi ilə qalayıb, əvvəl sobanı, sonra otagı qızdıran əsgərlər yaman sevincli idilər. Hər şeyə sevgiylə, ehtiyyatla toxunurdular.
Əsgərlər ocağın ətrafına yığışıb əvvəl əllərini qızdırdılar, sonra qazan asdılar. Yeməyin gözəl ərti evi bürüdü. Evə qayıdan doğmalıq, ev sahiblərindən 30 ildi ayrı düşən “üşüyən” ocağı isitməyə başladı. Beləcə sönən ocaq illər sonra yenidən alovlanıb, bir evi, bir eli isitdi. Alovun rəqs edə-edə yanıb, şölə saçdığı o işıltı evə gözəl nəşə gətirdi.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir