
ANAM
(Kifayət xanımın əziz ruhuna ithafən)
Elə bilirdim, insan əbədidir.
Əbədi ayrılıq qapımı çaldı…
Götürdü saçları günəş anamı,
Birdəfəlik torpağın qoynuna saldı.
* * *
Əlim çatmır, ünüm yetmir, qınama
Yuxularıma az-az gəlir nazənin anam.
Adam anadan yetim qalar da, a fələk
Çağırsam bir günlük gələrmi anam?
* * *
Bax olsam da dünyanın lap xoşbəxti,
Boynumu bükübdür ana həsrəti.
Nigaran körpəsi qalıb bu tayda,
Mən özüm burdayam, gör özü harda.
* * *
Yıxıbdır çiynimi bu ağır dərdim,
“Ana” deyib döyünüb yaralı qəlbim.
İndi yaman naçar, naxoş qalmışam
Barışmır, ay ana, ruhum, bədənim.
* * *
Sən özün hamıya həyan olmusan,
Kiçiklə, böyüyü bilən olmusan.
Axı, bu həyatdan nə tez doymusan,
Sınanır dost-tanış sənsiz, ay ana.
* * *
Bir gülüşün min ömrə də bədəl idi,
Bir sığalın saçlarıma çiçək idi.
Əllərin də isti idi, sanki yuva idi,
Getdin, üşüyürəm o yuvasız, ay ana.
* * *
Şad günlərim keçir eləcə sənsiz,
Gizli-gizli ağlayıram mən bəxtsiz.
Kaş olaydı bircə quru tək nəfəsin,
Ciyərlərim qoxun duyardı, ay ana…
19.09.2021.
YERİM
Düşdü ömrümün sarayından bir kərpic,
Qəlib salıb, qurutduğum dirənc yerim.
Belə dünyada olmur birdən diriliş,
Elə o gündən sınıb, bitib dirənc yerim.
* * *
Özümə söz keçirəmmirəm, qaldı ki ürək,
Acizanə, fağır, yetim bir az da ürkək.
Heç şikayət etmirəm, ömürdür sürək,
Çarəsiz bəndəyə tək Allahdır dirək…
* * *
Bilirəm yalnız o eşidir, əlbət, səsimi,
Ağlayıb incəltdiyim xəlvət səsimi.
Gündüzlər deyib, gülüb, danışdığım,
Gecələr sıxıb örtdüyüm kövrək səsimi.
* * *
Belədir əzəldən də bu dünyanın işi,
Atıb, tutub, saxlayacaq sona səni.
Bir də gördün qocalmısan yük çiyində
Aparıb qoyacaq öz əli ilə məzarə səni.
* * *
Düşünmə çox, olan olub keçəcək,
Unudacaqlar cəmi bir ayda səni.
Yeyəcəklər ehsanından doya-doya,
Verəcəklər düz bir qarış torpağə səni.
* * *
Umma belə dövrandan vəfa, ay şair,
Əhdə vəfa bu dövranə qalmayıb.
Yıxılmaz viranə qalan yerdə qəm evin,
Onsuz bu dünyada daha səfa qalmayıb.
TƏNHAYAM
Özümü bir anda tənha görürəm,
Deyəsən, ətrafım buza dönübdür.
Mən onlarçün rəngarəng çiçək açarkən,
Çiçəklər bir anda ləçək tökübdür.
* * *
İstəmirəm heç kəsin varın-dövlətin,
Mənim öz varlığım özümə bəsdir.
Göydə Allah durub, arxamda dağlar
Çəkilməz sədd kimi ətrafa dərsdir.
* * *
Demirəm ay kimi ucayam uca,
Allahdan ucası varmı ki, zalım?!
Sən indi məni də görmürsən demək,
Allahdır görənim, bilənim, zalım.
* * *
Yazıram şeirimi, qələmim möhkəm,
Onlardır ruhuma dar anda məlhəm.
A dünya, dayan bir az, doludur sinəm
Könlümün quru sözü, sənə də bəsdir.
03.02.2022.
Müəllif: Aytac İBRAHİM
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru