24 DEKABR – AZƏRBAYCAN PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVİN DOĞUM GÜNÜDÜR!!!


İLHAM ƏLİYEV VƏ AZƏRBAYCAN TƏHSİLİ
Müstəqil Azərbaycanımızın memarı, Ümummilli liderimiz Heydər Əliyev zirvəsi! Bu zirvədən baxanda Ulu öndərin saldığı və gələcəyə böyük inamın təntənəsi olan yollarda mətin addımlarla irəliləyən və millət atasının arzularını uğurla gerçəkləşdirən möhtərəm prezidentimiz İlham Əliyevi görürük!
Hakimiyyətdə olduğu illərdə o, Azərbaycanımızın şan-şöhrətini bütün dünyaya yayıb, iqtisadiyyatımızı dirçəldib və misli görünməmiş qüdrətə çatdırıb, ordumuzu gücləndirib, sənayemizi inkişaf etdirib.
İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanın dövlət büdcəsi dəfələrlə artmışdır və artmaqda davam edir. Dövlətlərin Azərbaycana böyük maraqları var, bir-birinin ardınca neçə-neçə ölkə rəhbəri, iş adamı respublikamıza gəlib müxtəlif sazişlər, müqavilələr imzalayır, diplomatik əlaqələr yaradırlar. Hər dəfə bu böyük şəxsiyyətin – İlham Əliyevin müxtəlif səviyyəli tədbirlərdə, ayrı-ayrı dövlət başçıları ilə görüşlərində məruzə, çıxış və nitqlərini dinləyəndə, məntiqli, aram-aram, təmkinlə, mahir diplomat və uzaqgörən siyasətçi kimi söhbətlərini, mülahizə və mühakimələrini eşidəndə heyran qalır, Azərbaycan vətəndaşı olmağımıza görə iftixar və qürur duyuruq.
Azərbaycan regionda lider dövlətdir. Bu xüsusda cənab İlham Əliyev deyir: “Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir… İndi Azərbaycan bütün sahələrdə bir ölkə kimi nümunə olubdur… Bizim iştirakımız olmadan regionda heç bir məsələ həllini tapa bilməz. Nə iqtisadi, nə nəqliyyat, nə enerji, nə də siyasi məsələ”.
Həmin sözlərdə dərin həqiqət vardır.
Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə digər sahələrdə olduğu kimi, təhsilimizin inkişafına, onun dünya təhsil sisteminə inteqrasiya olunmasına da xüsusi diqqət və qayğı göstərmiş və hazırda da diqqət və qayğısını əsirgəmir.
İnsan elm və təhsil sahəsində kamilləşir, onun dünyagörüşü genişlənir, cəmiyyətin həyatında yaxından iştirak edir, hörmət və nüfuz sahibi olur. Ölkəmizi savadlı, elmli adamlar irəlilədir, dünyanın qabaqcıl, inkişaf etmiş ölkələri sırasına çıxarır. İlham Əliyev insanın, cəmiyyətin həyatında təhsilin rolunu həmişə görmüş və yüksək qiymətləndirmişdir. Hələ 2000-ci ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində işləyərkən, millət vəkili kimi Bakı Dövlət Universiteti tələbələri ilə görüşündə demişdir: “Tələbəlik illərindən çox səmərəli istifadə etmək lazımdır. Çünki müasir həyatda hər şeyi bilik və təcrübə həll edir. Əgər 20-30 il bundan qabaq əsas məsələ – deyə bilmərəm ki, hamı üçün, amma bir qrup adamlar üçün – əsas məqsəd diplom almaq idisə, indi sənin lap 5-10 diplomun olsa da, biliyin, savadın yoxdursa o diplomlar sadəcə kağıza çevrilir. İlk növbədə bilik, təcrübə və həvəs olmalıdır – əsas amillər bunlardır”.
Ona görə də cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan təhsilinin inkişafını diqqət mərkəzində saxlamaqdadır. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin artırılması, pedaqoji kadrların hazırlanması işinin təkmilləşdirilməsi, şagird və tələbələrlə təlim və tərbiyə işlərinin səviyyəsinin və keyfiyyətinin yaxşılaşdırıması, istedadlı uşaqlara qayğı və onların qabiliyyətlərinin qiymətləndirilməsi, tədris ocaqlarının inşası və əsaslı təmiri və s. deyilənlərə əyani sübutdur.
Möhtərəm Prezident cəmiyyətin həyatında, ölkəmizin inkişafında və tərəqqisində, xalqın yüksəlişində, maariflənməsində təhsilin böyük imkanlarını görmək və qeyd etməklə kifayətlənmir, bu istiqamətdə konkret tədbirlər görür və əhalinin geniş təbəqəsinin, aidiyyəti şəxslərin və təşkilatların təhsilin təşkili və idarə olunmasındakı məsuliyyətini nəzərə çatdırır. Cənab Prezident göstərir: “Bütün işlər məhz məktəbdən başlayır və məktəbdə təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”.
İlham Əliyev təhsilimizin inkişafında dünya təcrübəsindən bəhrələnməyi lazım bilir, müxtəlif ölkələrin ali məktəbləri ilə dostluq və əməkdaşlığın gücləndirilməsini vacib hesab edir və bu sahədə fəal təşəbbüs göstərir. Onun bu səyini xarici ölkələrin səlahiyyətli nümayəndələri də etiraf edirlər. Belə ki, Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, akademik Leonid Quberski İlham Əliyevə universitetin fəxri doktoru diplomu təqdim edərkən demişdir: “Azərbaycan Prezidentinin fəal dəstəyi sayəsində Azərbaycan və Ukrayna ali məktəbləri arasında dostluq əlaqələri və əməkdaşlıq genişlənmiş və dərinləşmişdir”.
Belə dostluq və birgə əməkdaşlığın bariz nümunəsini Prezidentimizin Bakı şəhərində M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması haqqında 15 yanvar 2008-ci ildə imzaladığı sərəncamda görmək mümkündür. Sərəncamda deyilir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə təhsil sahəsində genişmiqyaslı islahatlar proqramı həyata keçirilir, özəl sektor formalaşır, respublikanın beynəlxalq təhsil məkanına inteqrasiya prosesi sürətlənir. Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasının nüfuzlu ali məktəblərində təhsil almaq istəyi respublikada yüksək səviyyədə tədris həyata keçirən mötəbər bir universitetin filialının açılmasına zərurət yaratmışdır”.
Möhtərəm Prezidentimizin bu kimi xeyirxah, uzaqgörən və faydalı təşəbbüsləri xalqımızın, uşaq, yeniyetmə və gənclərin təhsilə yaxından bağlanmasına şərait yaratmaqla yanaşı, xarici dövlətlər tərəfindən də təqdir edilir və yüksək dəyərləndirilir. İlham Əliyev M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral, 2008), İordaniya Universitetinin (29 iyul, 2007), Macarıstanın nüfuzlu Korvinus Universitetinin (18 fevral, 2008), T. Şevçenko adına Kiyev Milli Universitetinin (2008) və başqa universitetlərin fəxri doktoru seçilmişdir.
İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkəmizin iqtisadi uğurlarından sosial məsələlərin, təhsilin problemlərinin və s. həllində səmərəli istifadə olunur. Bu, təsadüfi deyildir, çünki “bizim gələcəyimiz təhsillə bağlıdır, bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir. Azərbaycanda təhsilin səviyyəsi artır və biz buna çox sevinirik. … Təhsil inkişaf perspektivlərimizi müəyyən edən başlıca sahədir” (İlham Əliyev).
Möhtərəm Prezidentimiz şagirdlərə məktəbdə tədris olunan bütün fənləri yaxşı öyrənməyi tövsiyə edir, Azərbaycan dili və ədəbiyyatın rolunu xüsusi qeyd edir. Cənab İlham Əliyevin sözləridir: “Azərbaycan dili və ədəbiyyat kabineti uşaqların ana dilini mükəmməl öyrənməsi işində böyük rol oynayır. Bizim ədəbiyyatımız, ana dilimiz müstəqil Azərbaycan Respublikasının inkişafında çox böyük əhəmiyyət kəsb edir. Arzu edirəm ki, uşaqlar ədəbiyyatımızı yaxşı oxusunlar, yaxşı tərbiyə alsınlar, yaxşı vətəndaş olsunlar”.
Cənab İlham Əliyev ölkənin inkişafında elmi-texniki tərəqqinin, texnologiyaların əhəmiyyətini xüsusi vurğulayır. Prezidentimiz bu barədə deyir: “Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”. Odur ki, cənab Prezident ümumtəhsil məktəblərinin siniflərin kompüterləşdirilməsinə ciddi əhəmiyyət verir. Bu barədə deyir: “Bilikli, savadlı uşaqlar, gənclər gələcəkdə Azərbaycanı idarə edəcəklər. Məktəblərdə kompüter sinifləri yaradılır və internetə qoşulur ki, uşaqlar bunu öyrənsinlər və dünyada gedən proseslərdən xəbərdar olsunlar”.
Möhtərəm Prezidentimiz xarici dillərin öyrənilməsinə xüsusi diqqət yetirir (“Hər bir gənc xarici dilləri bilməlidir”). Cənab İlham Əliyev özü də xarici dilləri dərindən bilir, yüksək kürsülərdə, mötəbər məclislərdə, nüfuzlu görüşlərdə ingilis, türk və rus dillərində heyrət doğuracaq aydınlıqla, sərbəst, təmkinlə danışır, fikrini sərrast, məntiqli ifadə edir.
Cənab Prezident müəllim şəxsiyyətinə böyük qiymət verir, onların şərəfli və yorulmaz, eyni zamanda çətin əməyini yüksək dəyərləndirir. Bu xüsusda deyir: “Müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Vaxtilə mənim də müəllimlik fəaliyyətim olub və həyatımın bu dövrü mənə çox əzizdir… Gələcək nəslin yetişdirilməsi, onların tərbiyə olunması, Azərbaycana bacarıqlı kadrların hazırlanması çox böyük vəzifədir və ölkəmizin inkişafı məhz bu bilik səviyyəsindən asılı olacaqdır”.
Qabaqcıl məktəblərin; nəzəri və metodik hazırlığa, pedaqoji ustalığa pedaqoji ustalığa malik olan, şagirdlər və valideynlər, pedaqoji ictimaiyyət arasında dərin hörmət və nüfuz qazanmış müəllimlərin fəaliyyətini qiymətləndirmək cənab Prezidentin xüsusi diqqət mərkəzində olan məsələlərdəndir.
İlham Əliyev istedadlı uşaqları xüsusilə diqqət mərkəzində saxlayır, onların yaradıcı qabiliyyətlərini, istedad və bacarıqlarının hər vəchlə inkişaf etdirilməsinə qayğı göstərməyi və bunun üçün əlverişli şərait yaradılmasını vacib hesab edir, onların ruhlandırılması, həvəsləndirlməsi ilə bağlı tədbirlər görür.
Ölkə Prezidenti məktəb tikintisinə də ciddi fikir verir və bu sahədə “Heydər Əliyev Fondu”nun səmərəli fəaliyyətini də xüsusi vurğulayır: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla icra olunur. Fondun xətti ilə 200-ə qədər yeni məktəb tikilibdir. Yəni bu, ümumi işimizdir, deyə bilərəm ki, ümumxalq işidir”.
İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamızda yüzlərlə yeni məktəblər tikilmişdir. Görülmüş işlərin faydasından danışarkən cənab Prezident göstərir: “Bu böyük nailiyyətdir və davam etməkdədir. Çünki hələ yararsız vəziyyətdə olan məktəblərin sayı kifayət qədərdir. Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər”.
Cənab Prezident şagirdləri və tələbələri yaxşı oxumağa çağırır və göstərir ki, tələbə üçün əsas stimul oxumaq olmalıdır. Eyni zamanda qeyd edir: “Bilirsiniz, mən başa düşürəm ki, bəzi hallarda təqaüd çatmır. Mən özüm də tələbə olmuşam, mən də ayda 45 manat təqaüd alırdım və təqaüdlə yaşamağın nə demək olduğunu yaxşı bilirəm. Ancaq eyni zamanda təqaüdü əsas amil kimi götürmək, məncə, düzgün olmazdı. Siz həyatda ilk addımlarınızı atırsınız. Sizin əsas stimulunuz bu olmalıdır ki, yaxşı oxuyasınız, yaxşı bilik alasınız və gələcəkdə yüksək maaşlar alasınız”.
Bu gün Azərbaycanımız dünya dövlətləri arasında şərəfli və öncül yer tutur. Respublikamız bütün sahələrdə sürətlə inkişaf edir. Elm, təhsil, mədəniyyət və incəsənətimiz də, sənayemiz, nəqliyyat, iqtisadiyyatımız da, hərbi qüdrətimiz də fərəh doğurur. Şəhərlərimiz, rayonlarımız abadlaşır, gözəlləşir.
Bütün bu uğurlarımızın çoxuna möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə nail olmuşuq!
30 ilə yaxın bir dövr idi ki, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan erməni faşist işğalçılarının tapdağı altında idi. Dünya dövlətləri susurdu. ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) tərəfgördülük edir, ermənilərin mövqeyini müdafiə edirdilər. BMT-nin erməni işğalçılarının, erməni ordusunun qeydsiz-şərtsiz Azərbaycan ərazisindən çıxmasını tələb edən 4 qərarı yerinə yetirilmirdi.
Azərbaycan Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu hərəkətə gəldi. Ermənilərin 6 il ərzində işğal etdiyi torpaqlarımız cəmi 44 gün ərzində işğaldan azad olundu.
Buna görə cənab İlham Əliyevə minnətdarıq! İndi həmin şəhər, rayon və kəndlərimizdə quruculuq işləri həyata keçirilir.
Cənab İlham Heydər oğlu Əliyevin 61 yaşı tamam olur. Biz möhtərəm Prezidentimizi 61 illik yubileyi münasibətilə təbrik edir, Azərbaycanın müstəqilliyi, suverenliyi, tərəqqisi, xalqımızın rifahı və təhlükəsizliyi yollarındakı səmərəli fəaliyyətinə görə ona uğurlar diləyir, uzun ömür, cansağlığı arzulayırıq!!!
Cənab Prezidentimiz həmişə var olsun!!!

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir