XƏYALIMDASAN
Gizlədib qəlbimdə qəmi, qüssəni,
İstərdim ömründən bir gün qoparım.
Bu fani dünyadan ayırıb səni,
Dərin xəyallara qonaq aparım.
* * *
Ayrıl bu dünyanın dərdi- sərindən!
Son dəfə ah çəkib içdən,dərindən,
Göstər şücaəti, tut əllərimdən!
Gəl gedək mənimlə xəyallarıma…
* * *
Xəyallar şirindir, xəyallar gözəl,
Hər biri həzindir,hər biri özəl,
Orda çiçək açır tökülən xəzəl,
Gəl gedək mənimlə xəyallarıma…
* * *
Orda gecələrə qaranlıq dolmur,
Orda açan güllər saralıb solmur,
Orda tək vüsal var, intizar olmur ,
Gəl gedək mənimlə xəyallarıma…
* * *
Yox! Getmə! Qal,yaşa öz həyatını,
Göyün keçmək olmur yeddi qatını.
Fərqi nə ?Olasan, ya olmayasan,
Onsuz da həmişə xəyalımdasan.
Müəllif: Təranə MƏMMƏD
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru