
SƏNSİZLİK
Bəxtimlə saçımın rənginin yeri,
Baxıb görürsənmi necə dəyişib.
Saçlarım ağarıb, qarlı dağ kimi,
Bəxtimin üstünə kömür çəkilib.
Gözünün çəkdiyi yollarda səni,
Gözləyib,gözləyib axır qocaldım.
Şeir bağçasında bitən gülləri,
Kökündən pozaraq qırıb,qopardım.
Bir ayaq saxlayıb, misramı dinlə,
Görginən dərdindən necə ah çəkir.
Hər gecə barmağım sətir bağına,
Ayrılıq gülünü qələmlə əkir.
Yuxumun gözünün önündən heç vaxt,
Kənara çəkilib dayanmadın,sən
Yuxumda tutduğum zərif əlləri,
Bu gözəl həyatda tutanmadım,mən
TANIŞ OLDUĞUMUZ GÜN
“Siz” ilə başlayır ilkin tanışlıq
Sonra fırlanıb “sən”ə çevrilir.
Bir neçə mehriban söhbətdən sonra
Baxıb görürsən ki,qəlbin sevinir.
Daha sonra gülüm deyə xitab edirsən,
“Ömrüm”, “çiçəyim”‘,”sevgilim deyirsən”,
Saatın əqrəbləri ötüşdükcə sən,
Baxıb görürsən ki,onu sevirsən.
İstəmirsən zaman tez gəlib keçsin
Tez əriyib sönən şama bənzəsin
İstəyirsən zamanı saxlayasan
Möhkəm bir səslə üstünə qışqırasan!
Hara qaçıb gedirsən ay zaman,
İzin ver sevgilimin üzünə
Doya doya mən baxam.
Zaman öz səhvini başa düşəndə
Saatın əqrəbin dala fırlayır.
Bir anlıq gedirsən uzaq keçmişə.
Baxıb görürsən ki,bir gözəl
uzaqdan sənə baxır.
İlk görüş öncəsi fikirləşirsən,
Sözlərin üstündə sən məşq edirsən.
Cümlələr növbələşir
onun tərifini vermək üçün.
Ürəyin hazırlaşır
onun ürəyini sevmək üçün.
Amma onu görən vaxtı,
sanki ağzına qıfıl vurulur.
Əllərin əsir,dizin titrəyir,
Baxıb görürsən ki,dilin tutulur.
Sanki bir müqavilə imzalanıb aranızda,
Hər görüşəndə qarşılıqlı susacağınıza aid.
Sanki bir müqavilə imzalanıb aranızda,
Lal olub bir-birinizə baxacağınıza aid…
HARDASAN?
Bilmirəm mən səni harada tapım
Güllərin arasındasanmı?
Yoxsa mələklər kimi qeyb olmusanmı?
Bəlkə göylərə qalxmısan?
Axı ulduzların arasına da baxdım
Oralarda yoxsan
Bəlkə yerin altına enmisən?
Axı ağac kötüyü olub torpağa batdım
Yenə də səni tapmadım.
Bəlkə qəlbimin bir küncündə yatmısan
Oyandırmaq istəmədim səni amma,
Narahat idim.
Qəlbimin hər tin-bucağına baxdım
Yenə səni tapammadım.
Bəlkə də dəryalara qərq olmusan,
Hər dalğanı qaldırıb altına baxdım,
Səni tapmadım ki,tapmadım.
Getdiyin hər yerə nişanə qoyursan,
Amma,yenə heç yerdə yoxsan.
Bəlkə keçmişdə ilişib qalmısan,
Şəkillərimizin canlı olduğu vaxtlarda
Bəlkə gələcək günlərə gedib çıxmısan,
Bəlkə sən mənim daxilimdən mənə baxırsan,
Bəlkə xaricimdə durub,məni qoruyan qaraçuxamsan?
Bəlkə tanış olduğumuz gündəsən
Qarşılıqlı susduğumuz zamandasan
Tapa bilmirəm sən hardasan
Ola bilsin gözümün önündəsən
Səni görə bilmirəm
O qədər işıq paylayırsan ki,
Səni yalın gözlə seçə bilmirəm.
SEVGİ
Sevginin əvvəli:
Lalə yanağından ötrü ölürəm
Xoş ətir paylayan çiçəksən sanki.
Hara baxıramsa səni görürəm,
Burnumda oturan eynəksən sanki.
Sevginin sonu:
İndi o eynəyi çıxarmağın vaxtıdır
İndi o gülləri qoparmağın vaxtıdır.
Daha mən gedirəm başqasını sevməyə,
Bəlkə də indi ayrılmağın vaxtıdır.
Bəlkə bir ilham idim,gəldim ağlına
Sonra yaddan çıxıb,ayrılıb getdim.
Bəlkə bir əbrəşdim qondum çiyninə
Son dəfə qanad çalıb,çırpınıb getdim
Bəlkə bir səhv idim gəldim həyatına
Boş ümidlərlə səni ,çaşdırıb getdim.
Bəlkə bir həqiqət idi səni tanımağım,
Sənin timsalında eşqi ,tanıyıb getdim
Daha neynirsən məni?
Səni səndən çox istəyənin var.
Daha neynirsən sən məni?
Sənin Allah kimi bir sevgilin var.
İstəyirsən unut istəyirsən unutma
Mən səndən heçvaxt incimərəm amma
Unutmaq nədir ki? ayrılığın yanında
Guya nolacaq ki,adam unudar da unudular da
AYRILIQ
Gecələr eşqindən yata bilmirəm,
Hər ötən gecəmi əhya etmisən.
Gah ümid vermisən,gah ağlatmısan.
Qəlbimi oyuncaq əşya etmisən
Ayrılıb gedəndən,o gündən bəri,
Şeirdən alıram sənin ətrini,
Misrada ah çəkib, fəryad edirəm
Oxuyub duymursan mənim səsimi.
Səni heç sevməyən biganəni sən,
Xosrov Pərviz kimi sultan edərsən.
Sənə aşiq olan divanəni sən,
Bəxbəxt Fərhad kimi viran edərsən
SƏNİ TANIMADIM
Elə zənn etmə ki,bekar insanam,
Dərdini çəkməklə yaman məşğulam.
Bir sual vardı ki,cavabsız qalıb,
Bilmirəm mən sənə niyə vurğunam?!
Sənin mənə qarşı olan hislərin,
Həllin bilmədiyim misaldı sanki.
Soyuq məhəbbətin,soyuq ürəyin,
Buzlaqlar diyarı şimaldı sanki.
Məni yarı yolda atıb getməyin,
Sanki batil olmuş oruc kimidi.
Səni hər zaman arzu etməyim,
Allaha açılan ovuc kimidi.
Artıq sənin mənə geri dönməyin,
Tərsinə yozduğum yuxuya bənzər.
Gah səmimiyyətin,gah bədbinliyin,
Əhvalın dəyişən buluda bənzər.
HƏYATIM
İndi bir taksiyə minib gedirəm
Düz üç il əvvələ məni aparır.
Tanış olduğmuz ilə,həmin dəyqəyə,
Sənə vurulduğum günə qaytarır.
Müqəddəs sevginin nəhəng dəryasın,
Sən mənə həmişə qram etmisən.
Allahın müstəhəb etdiyi eşqi,
Sən mənə əbədi haram etmisən.
Dəniz gözlərinin buzlu baxışı,
Məhəbbətlə yanan qəlbi dondurur.
Soyumuş qəlbimin isti fəryadı,
Gözləri qızardıb, yaşla doldurur.
VAR
Ey bülbüli-yar fəxr eləmə ki, çəmənin var.
Fəxr eylə ki,sən qəlbdə uca vətənin var.
Səhra mehi düta edər ol qəddi-nihalı,
Təzim edərəm mən, sənə bil baş əyənin var.
Bir qətrə nur üçün gecə, ay həsrəti çəkdi,
İşraqi-cəmalın üçün ol qəm çəkənin var.
Qafil ki, məni boğdu məlamət dənizində,
Ol tənələr içrə səni qəlbən sevənin var.
Xəttat dedi yar,ölmək üçün sərfəliyəm mən
Şükr eylə gülüm bax sənin üçün ölənin var.
Müəllif: TANRIVERDİ ƏLİYEV
Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru