Şəfəq Vilayətqızı – Yeni şeirlər

ŞAİR

Sözdən saray qurar, qala qurar o,
Könüllər mülkünə sultandır şair.
Gah ilhama gələr, gah fikrə gedər
Nağıl, əfsanədir, dastandır şair.

Haqqın yollarında sərkərdan gəzər,
İntizar, qəm, qüssə, qəlbini üzər,
Dərdi inci sanar, sədəfə düzər,
Heç zaman susmayan vicdandır şair.

Bulud kimi dolar, şimşək tək çaxar,
Hicran öz odunda yandırar, yaxar,
Gözünün yaşıyla misraya axar,
Dəftərə, vərəqə dərmandır şair.

Qələmi süngüdür, son ana qədər,
Qəlbinin qanını mürəkkəb edər
Haqqın, həqiqətin yoluyla gedər
Doğruya, dürüstə ünvandır şair.

Kükrəyər, çağlayar sevda dənizi,
Qalar yaddaşlarda qələmin izi,
Hər sətri ovudar ürəyimizi
Sevən könüllərə loğmandır şair.

ƏZİZİM

Dünya bir pəncərə, boylananı biz
Gözünə görünən nədir, əzizim?
Biz qayıq, biz gəmi, zamansa dəniz
Ömrümüz su kimi gedir əzizim.

Ruhumuz əbədi, cismimiz yalan,
Dünyadan doymadı dünyada qalan,
İnsanı insanın gözündən salan-
“Şubhə” ürəkləri didir əzizim

Üzməsin qəlbini nə qəm, nə kədər,
Vəfasız dünyadı, hər gələn gedər,
Yaşanan bir ömür sonunda hədər,
Hər insan bir başqa sirdir əzizim

Dünən xatirədir, sabahsa güman,
Bu günün içində qeyb olur zaman,
Son anda fələkdən bir imdad uman,
Hər canlı bir üsyan edir əzizim.

Haqqı axtarırsan özünə boylan.
Bir damla içində gizlənər ümman…
Yaşamaq bir fərman, ölmək bir fərman,
Bu dünyanın sirri birdir əzizim…

Müəllif: Şəfəq Vilayətqızı

Şəfəq Vilayətqızının yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir