SƏNİ UNUTMAQ OLMUR

SƏNİ UNUTMAQ OLMUR
23 avqust sənin doğum günündür. Yaşasaydın, 79 yaşın tamam olacaqdı. Amma əcəl “Göyçək Fatmaya” heç 50-ci ildönümünü də qeyd etməyə imkan vermədi. Amansız xəstəlik onu caynaqlarına alıb apardı…

Atamız Oqtay müəllim cəmi-cümlətanı 47 il yaşadı. Sevgi ağacının ilk meyvəsi, övlad nübarı olan Fatması ilə bağlı o qədər arzuları vardı ki! Yaşamadı, görmədi, sərin yaylaqlarından, buz kimi bulaqlarından, elindən, obasından ayrılalı Mil düzündə çox yaşaya bilmədi. Ağır keçirdiyi ürək xəstəliyi onu bu düzəngahda yarı ilə tikdiyi yuvasından qamarlayıb apardı…

Ailəmizin ilki, mavi gözlü, gül çöhrəli, şirin təbəssümlü, saf, məsum təbiətli bacım, qapqara ölümün acısını ikinci dəfə bizə sən yaşatdın…

Heç bilmirəm, vəfatından 30 il sonra səni necə vəsv edim, həyatının hansı məqamını yada salım ki, bu ağrıyan ürəyimə toxdaqlıq gəlsin…
Heyf ki, haqqında ancaq vəfatından sonra nələrsə yazdım. Səni itirdiyimiz o iyul gecəsinin qəlbimizi qarsan kədərini göz yaşı içində yazıya gətirdim. Sağlığında bir dəfə sıxıla-sıxıla, utancaq bir tərzdə dedin ki, haqqımda mətbuatda çox yazılıb, amma həmişə ürəyimdən keçirmişəm ki, beş-üç kəlmə sən yazasan. Dedim, bacının öz bacısı haqqında yazması yaxşı səslənməz…

Amma yoxluğundan sonra peşmançılıq hissi qəlbimi didib dağıtdı. Axı, yazılası o qədər uğurların, təhsildə qazandığın müvəffəqiyyətlər, fəxri adlar, medallar, digər təltiflərin vardı ki! O zamanlar zəhmətinin müqabilində ömrünə nəqşlər salacaq rənglərə azacıq işıq çiləsəydim, dünya qopmazdı ki!

Gərək, elə səni itirdiyimiz o günlərin acısını gecələr göz yaşı içində çəkdiyim vaxtlardamı qələmə sarılaydım… Bir gecə yatağımda qovrulduğum anda qəfl səsinə oyandığım zaman qalxıb gözlərimi ovuşduraraq acılar içində yazı masama çökəndə bildinmi nələr yaşadım, gecənin içində söz-söz necə əriyib kiçildim?..

Yadıma düşəndə o halımı bu gün də kədərlə xatırlayıram. Yazırdım: “…Acı fikirlərin göynərtisi içində nə vaxt yuxuya getdiyimi bilmədiyim anda qulağıma qəfl çatan azan səsinə diksindim. Hələ hovu-həniri çəkilməmiş qarabasmaların içində key, donuq halda dolabın üstündəki saata baxdım. Obaşdan beş tamamdı. O bəzəkli gözlərindən vücuduna nur çiləyən baxışlarınla üzbəsurət dayanmışdıq. Elə bil səsini də eşitdim: Nə yatırsan, oyan, dilləndir məni, məzar evim buz kimi soyuqdu, üşüdürəm, titrədirəm axı… ” Beləcə deməyinlə çəkilib qeyb olduğunu gördüm…”

Acı, isti kədərin içində yanğımın alov rəngində çəkdiyim şəklini də xatırlayıram: “Ailəmizin ilki, nazlı mələyi bir quş olub göylərə çəkildi. Gözü yaşlı ana, tablaş görüm bu yoxluğa!

Qardaş, başının tacı bacın karvanını sürüb getdi. Necə dözəcəksən bu ağrıya?! Dəsti pozulmuş Sevil, Şəfəq, Təranə bacıları, dizimizə ha döyək, səfimizi təzədən düzə bilərikmi!”

Ondan sonra hər dəfə metrodan çıxıb, iş yerimə sarı yol gedəndə Fatmanın sanki arxadan iki köz təki kürəyimə sancılan gözləri ağrıdırdı məni. Az qalırdım ona sarı çevrilib qışqıram, haray çəkib deyəm ki, məndən nə istəyirsən bacı, ürəyim deşildi axı! Qayıt axirətdəki evinə. Gec-tez mən də yanına gələcəm…

Onun ruhu uzun zaman məndən əl çəkmədi. Elə hey arxamca gəzdi. Öz-özümə deyirdim, sağlığında layiq olduğun beş-on kəlməni yazsaydım, bəlkə də indi ruhun məni azad buraxardı…

Beyləqan rayon 1 saylı orta məktəbdə rus dili və ədəbiyyatı fənnini tədris etdiyin vaxtlarda dövri mətbuatda (“Təşviqatçı”, “Azərbaycan məktəbi”, “Kənd həyatı”, “Azərbaycan müəllimi”, “Xalq qəzeti”…) pedaqoji görüşlərin, metodiki tövsiyələrin, iş təcrübəndən bəhs edən 100-dən çox məqalənin dərcini, respublika elmi-praktik konfranslarda, seminar və müşavirələrdə rus dilinin tədrisi ilə bağlı səsləndirirdiyin dəyərli fikirləri, televiziyadakı çıxışlarını yazıya gətirsəydim elə sevinərdin ki…

Bəs, Azərbaycan müəllimlərinin VII qurultayına, eləcə də Ümumittifaq müəllimlər qurultayına nümayəndə seçilməyin, oradakı çıxışında səsləndirdiyin gözəl fikirlərin, təkliflərin, qurultaydan sonra Moskva mətbuatının haqqında dərc etdiyi yazılar barəndə qələmə alacağım bir yazıya rövnəq verməzdimi…

Zaman-zaman əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi, Fəxri fərmanlarla təltif olunmağın, sosializm yarışlarının qalibi, metodist müəllim, Qabaqcıl Maarif Xadimi, adlarına layiq görülməyini, 1987-ci ildə “Əməkdar müəllim” fəxri adı ilə mükafatlandırılmağını bir mükəmməl yazının mövzusu etsəydim… bilirəm, kövrələcəkdin. Etmədim, dodaqlarından qopacaq “sağ ol, bacı”, “mükafatından” özüm özümü məhrum etdim…

Eh, bacı, təhsilimizin inkişafına töhfə verəcəyin nə qədər arzular yarımçıq qaldı…

Yaşasaydın övladlarının həyat yollarının axarından xəbərdar olacaqdın. Bizə əmanət olan üç balanın uğurlarından qanadlanacaqdın…

Yaxşı ki, ailəndə sənətinin davamçıları yetişdi. Qızın Nərgiz, üzünü belə görmədiyin nəvən Nəcibə də Bakı Slavyan Universitetini bitirərək müəllim sənətini şərəflə davam etdirirlər. Böyük oğlun Ceyhun həmin Universiteti bitirsə də polis sistemində fəaliyyət göstərir. Uşaq vaxtı şirin səsli mahnılarla qəlbini sevindirən sonbeşiyin, gözəl səsli Dəyanətin Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Musiqi Akademiyasının Vokal şöbəsini bitirdi…

Yaşasaydın, üzdəniraq, qaniçən erməni qəsbkarları tərəfindən işğal olunmuş Qarabağımızın Müzəffər Ali Baş Konandan Prezident İlham Əliyevin rəhbərliyi altında döyüşən Şanlı Ordumuzun əsgər və zabitləri tərəfindən azad olunduğunu görər, sevincin gül açar, gülüstanlıq yaradardı. Arzusunda olduğun azad Şuşaya sarı qanadlanardın…

Yaşasaydın, vaxtilə dərs dediyin şagirdlərindən bu gün çoxlu sayda davamçılarının uğuruna fərəhlənərdin.

Yaşasaydın, Azərbaycan təhsilində müqtədir müəllimlərin sırasında adının çəkildiyini eşidincə, qədirbilən el-obanın, Beyləqan camaatının sənə olan sonsuz sevgisindən, minnətdarlığından qəlbin rahatlıq tapardı…

Ancaq həyatın belə bir düsturu var: gələn qalmaz, gedən dönməz. Bir də kimlərinsə yaşamından bir iz belə, qalmır, onçun da tez bir vaxtda unudulur. Kimlərin də həyatda çəkdiyi zəhmət, elmə, təhsilə, mədəniyyətə verdiyi töhfələr, mənəvi dəyərlər yaddaşlarda zəmi kimi dalğalanır.

Azərbaycanın Əməkdar müəllimi, Fatma Oqtay qızı Məmmədova, sən ikinci həyatını xatirələrdə yaşayırsan.
Axirətdə mövludin mübarək, bacı!

Ehtiramla: Şəfəq NASİR

Filologiya üzrə fəlsəfə doktoru

Könül Bünyadzadənin yazıları

Şəfəq Nasiirin digər yazıları

Məmməd Məmmədlinin yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir