Şahlar GÖYTÜRK – Azərbaycan bayrağı.

Azərbaycan bayrağı

Kökün çox dərindədir, ucalarda dalğalan,
Güvən öz qüdrətinə, sən özünə arxalan.
Ulu Cümhuriyyətdən ən qiymətli ərmağan
Göy üzünün növrağı Azərbaycan bayrağı!

Göy üzündən don biçib, uzaqgörən babalar,
Al boyadan, yaşıldan çələng hörən babalar,
Qoy rahat uyusunlar müdrik, ərən babalar
Kor olsun düşmən, yağı, Azərbaycan bayrağı!

Parlayan ulduzuna, hilalına vurğunam,
Saf, ləkəsiz, bəmbəyaz halalına vurğunam,
Bizə birlik bəxş edən kamalına vurğunam,
Sönməz bu türk ocağı, Azərbaycan bayrağı!

Yeni nəfəs gətirdin türklük hissiyyatına
Qatdın öz inancını islam etiqadına.
Sən azadlıq gətirdin qız-gəlinə, qadına,
Həya, ismət duvağı, Azərbaycan bayrağı!

Sən Vətəndən uzaqda bu vətənin simgəsi,
Ruha elə hopmusan, neyləyəcək özgəsi?!
Sən bizi birləşdirən millətimin haqq səsi
Sevgi, məhəbbət bağı, Azərbaycan bayrağı!

Səni yasaq etdilər, könüllərdə ucaldın,
Səhidlik məktəbindən, bir ilahi güc aldın.
Qiyamətə qoymadın, düşmənindən öc aldın,
Bitdi Tanrı sınağı, Azərbaycan bayrağı!

Elə gur dalğalan ki uzü Təbrizə sarı,
Kölgən düşsün hər yerə, çin elə xəyalları.
Bütöv Azərbaycanın eşqi, andı, vüqarı
Sən ey zəfər sancağı, Azərbaycan bayrağı!

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir