Sevda Əlibəylinin şanlı Zəfərimizi süsləyən ən səmimi duyğuları

Şuşanın dağları başı bayraqlı!..

Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü!
Hüseyn Cavid

İnsanın ürəyində elə hisslər, elə duyğular var ki, sözlə izhar olunmur. Noyabrın 8-dən – Azərbaycanın incisi Şuşanın qayıdışından sonra həmin ovqatda, həmin vəziyyətdəyəm…
İllərdi 8 rəqəmi ağrıya dönmüşdü ürəyimdə. Şuşadan başladı bu ağrı – 1992-ci ilin 8 mayından. 2001-ci ilin 8 sentyabrında qayınanam bu dünyayla vidalaşdı. 2011-ci ilin 8 avqustu qardaşım Yusifi ayırdı bizdən.
8 noyabr ömrümüzə elə gəldi, sevinci yazılara, kitablara sığmaz…

Televiziyanın bütün kanallarında yayımlanan Ali Baş Komandanın Şəhidlər Xiyabanında üçrəngli bayrağımızın qarşısında əsgər formasında çıxışı, sinəsində “ŞUŞA İŞĞALDAN AZAD EDİLDİ” sözləri… Nə hala düşdüyümü xatırlaya bilmirəm. Hönkürdümmü, qışqırdımmı – bilmirəm. Bildiyim odur ki, Xan Şuşinskinin məşhur “Şuşanın dağları” şərqisini “Şuşanın dağları başı bayraqlı” kimi oxumağa başladım.
Diqqətim yenə televizora yönəldi. Ali Baş Komandanın Ulu Öndərin məzarı önündə hesabat verirmiş kimi söylədiyi “MƏN XOŞBƏXT ADAMAM Kİ, ATAMIN VƏSİYYƏTİNİ YERİNƏ YETİRDİM” kəlmələri.


Demə, həmin gün Heydər Əliyevlə Zərifə xanımın toy günü imiş.
Ata-anaya bundan böyük hədiyyə nə ola bilər?! – Qarabağın şah tacı Şuşamızın azadlığı xəbəri…
Heydər Əliyevin də tam əminliklə söylədikləri öz həllini tapdı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ananın südü, atanın nəsihəti halal olsun Sizə Ali Baş Komandan!
Başqa nə deyə bilərəm?!


İLHAM ƏLİYEV – Qarabağ boyda problemin QARABAĞ adlı zəfər müjdəli Qələbənin memarı, müəllifi, adı tariximizə qızıl hərflərlə düşəcək şanlı sərkərdə! “İlk gündən söz vermişdim ki, düşməni sonacan qovacağıq. Dedim və elədim. Biz tarixi ədaləti bərpa edirik. Bizim işimiz haqq işidir. Biz qalib gələcəyik.” deyən Kişi oğlu Kişi.
Ali Baş Komandan savaş başlayan gündən – sentyabrın 27-dən yeni tarix yazırdı. Hər gün ordumuzun qələbə xəbərilə bizi müjdələyirdi. Mən isə həmin gündən hər günün uğurlarını qeyd edərək bir növ gündəlik yazırdım. Son nöqtəni Şuşa işğaldan azad olunan gün, tam qələbə günü qoyacağıma söz vermişdim. Nə edim ki, əhdimə hələ əməl edə bilmirəm. Şiddətlə vuran ürəyim sanki ovcumun içindədir. Hələ ki, həyəcandan sevincin böyüklüyünü qədərincə həzm edə bilmirəm.
Tanıyanlar bilir ki, nə pafoslu danışmağı sevirəm, nə də yazmağı. Amma indi ən təmtəraqlı sözlərlə yazıb ürəyimi boşaltmaq istəyirəm. Etiraf edirəm ki, bacarmıram. Yazı-pozu adamları sevdiyin insan barədə söz deməyin çətinliyini yaxşı bilirlər. Həmin çətinlik qarşısında qalmışam.
Sevgim, sevincim – QƏLƏBƏ! Bu QƏLƏBƏni bizə yaşadan fateh sərkərdə İLHAM ƏLİYEV və rəşadətli, müzəffər AZƏRBAYCAN ORDUSU!
Deyirlər, əsl məhəbbət şərh olunmur. Elə bu səbəbdəndir ki, fikirlərimin şərhini verə bilmirəm… Amma bir kitab yazacaq qədər doluyam.
200 ildi Azərbaycan xalqı torpaq verirdi. Bu müddətdə ilk dəfə öz tarixi yerlərini geri aldı. 30 ildi bu günü gözləyirdik. I Qarabağ müharibəsində şəhid olanların qisasını elə onların öz övladları aldılar. Həmin illərdə doğulanların əksəriyyəti oğlan uşaqları idi.
Məlumdur ki, böyük qələbənin önündə Ali Baş Komandan gedirdi. 44 günlük savaş günlərində Azərbaycan xalqı rəhbərini sanki kəşf etdi, yenidən tanıdı. Ölkə başçısı Azərbaycan tarixini necə dərindən bilirmiş. Hərtərəfli intellekt səviyyəyə malik, mükəmməl diplomatik savada, məntiqi düşüncəyə malik müdrik şəxsiyyət.
Dünyanın aparıcı telekanallarının, media nümayəndələrinin qərəzli suallarına rus, ingilis, türk dillərində səlis, sərrast, cəsarətli cavabları adamı heyrətləndirirdi.
Lider-xalq sevgisi, birliyi olmasaydı, qələbə də bizdən uzaq olardı.
“Hər bir insan olduğu yerdə əsgərdir” deyən sərkərdə öz haqqı uğrunda döyüşən ölkənin, rəşadətli ordunun baş əsgəri idi. Düşünürəm, 44 gündə normal yuxuya getdiyi oldumu? Qələbə çalacağını dünyaya bəyan etmək əlbəttə, asan məsələ deyildi. Şükür, Allah-təala haqq işimizdə sərkərdəmizə və xalqımıza yardımçı oldu.
Bilmirəm, fikir vermisiniz, ya yox – tanıdığım ölkə başçıları arasında ən ucaboylu bizim Prezidentdir. Nə xoş ki, haqq işində qalib gəlməklə başı da uca oldu.


“Hər kəs bizim gücümüzü gördü. Həm döyüş meydanında, həm siyasət müstəvisində. Yumruğum yalnız düşmənin bağrını yarmaq üçün deyil. Yumruğum birliyimizdir. Alınmaz qala sayılan mədəniyyət beşiyi Şuşanı qısa müddətdə və az itkiylə almaq yalnız rəşadətli ordumuzun fədakarlığı sayəsində oldu”.
Fikirlərimi yazarkən müxtəlif telekanallar fateh sərkərdəmizin müdrik fikirlərini təkrar-təkrar səsləndirir.
Vətənə sevgi bu insanın ən böyük məziyyətlərindəndir və qətiyyətlə deyirəm ki, onun bu məziyyəti qanla, südlə gəlmədir.
Kadrları dəyişir. Ulu Öndərlə bağlı süjetlər göstərilir. “Azərbaycanın möcüzəli gözəli Şuşanın işğal altında qalması mənim üçün əzabverici haldır. Azərbaycan tarixinin ən parlaq qələbəsi Qarabağımıza qayıtmaq olacaqdır”.


Bu sözləri Ulu Öndər çox böyük ağrıyla söyləyir.
Bu vəsiyyəti təkcə övlad yox, siyasi varis kimi yetirməsi İlham Əliyev yerinə yetirəcəkmiş. Nə xoş!!!
Sonra qədim Şuşanın bəxtəvər günlərindən süjetlər… Vaqifin məqbərəsi açılır. Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət adamları Ulu Öndərin ətrafında tarixi bir gün yaşayırlar… Xalq şairi Nəriman Həsənzadə şeir oxuyur… Şuşaya qar yağır… Yaxşı ki, lent yazılarının ömrü insan ömründən etibarlıdır.
Dünənə qədər o süjetə baxanda ürəyimə qar yağırdı. İndi isə… bəxtəvər günlərin qabaqdadır, Şuşam mənim!
Ayın 8-dəki yaşantılarımı indi nisbətən ayıq başla çözələyirəm. Əməkdar həkim Sevda Nəsrullayeva, şair-publisist Zakirə Allahverdiyeva, tələbə yoldaşlarım – Borçalıdan Yetər Əsgərova, Beyləqandan Ramella Orucova, Qəbələdən Bibixanım İsayeva, Kürdəmirdən Yaqut Bahadurqızı, Lənkərandan bacım Aliyə, gəlinimiz Aytən, qardaşım Yusifin tələbə oğlanları Bəhram və Mehdi… dedikləri yadımda deyil. Çünki üzümdə göz yaşları, ürəyimdə həyəcanlı döyüntülər…
İradə bacım İstanbulda qələbə şərəfinə açdığı süfrəyə bütün türkdilli xalqların nümayəndələrini dəvət etmişdi. Videolentdə qonaqlarının xoş təəssüratlarını göndərmişdi. Qazaxıstandan dayım qızı Məlahət Səfərovanın sevinc həyəcanı isə məni də üstələmişdi. Elə bilirəm qürbətdə yaşayan soydaşlarımızın Vətənə sevgisi bir ayrı cürdür… 1991-ci il noyabrın 2-dən 12-dək orda olduğumdan bunun canlı şahidiyəm. Məlahət Lənkərandan Cambul vilayətinin Çu şəhərinə gəlin köçdü. Mən də, bacısı Gülnaz da onunla bərabər toyuna getdik. Orda yaşayan azərbaycanlıların əksəriyyətilə görüşdüm. Qayıdandan sonra görüş təəssüratlarımı yazıb, müxtəlif mətbu orqanlarda dərc etdirdim. Sonra kitabıma saldım. Telefon danışığımızdan sonra kitabımı götürüb vərəqlədim…
Biz Qazaxıstanda olanda 20 Yanvar hadisələrindən 2 ilə yaxın vaxt keçmişdi. Soydaşlarımız Vətəndən ötrü çox nigaran və narahat idilər. Bunu yazıdakı başlıqlardan da aydın görmək olar: “Qanlı Yanvarın uzaq sədası”, “Qarabağ həsrəti, Qarabağ dərdi”, “Qəribə talelər, oxşar talelər”, “Bizim ellər yerindəmi?”, “Mirxan babanın qəmli hekayəti”, Cümşüd kişinin “Segah” yanğısı” və s.
Məlahət sevincək bildirdi ki, 1991-ci ilin 9 noyabrı – toy günüm təqvimin adi günlərindən biri idi. Sonralar isə müstəqil Azərbaycanın Bayraq günü oldu. 8-dən sonra isə Bayraq günü əsl bayrama çevrildi. Məlahət sonbeşik qızı Esmiranın milli paltarda, nəvəsi Ramazanın üçrəngli bayraqlı şəkillərini göndərdi.
30-32 il öncə yaxın tarixdir. Mən də, həyat yoldaşım da həmin ağrılı günlərin canlı şahidləriyik. 20 Yanvar qırğınının deyərdim ki, iştirakçılarıyıq. Yəqin ki, yaşamaq qismətimiz, bu günlərin sevinclərini görmək qismətimiz olduğundan sağ qalmışıq. Arzularımızın çin olacağı günləri görəcəyimizə görə Tanrıya şükürlüyük.
Rəfiqələrim hər zaman yarıciddi-yarızarafat deyirdilər ki, sən əvvəllər qarabağlı olduğunu bunca bəyan etmirdin. Söyləyirdim ki, nə qədər Qarabağsızıq, hamımız QARABAĞlı olmalıyıq.


Həmin gündən – sentyabrın 27-dən 50 milyonluq azərbaycanlının hamısı QARABAĞlı, QARABAĞçı idi.
Dünya gözəli Şuşa azadlığa çıxan gündən, Qələbə xəbərini eşidən gündən dünyanın bütün azərbaycanlıları zəfər yürüşünə çıxdılar. Gecə-gündüz bilmədən ölçüyəgəlməz sevinci ayaqüstə alqışladılar.
Jurnalist həmkarım İltifat Əhmədov Moskvada yaşayan qızı Məhəbbətin uşaqlarının şəkillərilə məni təbrik etdi. Ailədə milli ruh hakimdir, islami dəyərlər hifz olunur. İltifat müəllim nəvələri Kərbəlayi Məhəmmədəli Hacı Pərvin oğlunun və Rüqəyya Mehdiyevanın bayraqlı şəkillərilə məni sevindirdi.
Var ol, Ali Baş Komandan!
Var ol, Azərbaycan Ordusu!
Ruhunuz şad olsun, qanı yerdə qalmayan əbədiyaşar şəhidlərimiz! Biz sizin hamınızı tanımırıq. Amma hər birinizə bütün ömümüz boyu borcluyuq. Hər birinizin qəhrəmanlığı bir həyat hekayətidir. Bu qəhrəmanlıqlar yazılıb gələcək nəsillərə çatdırılmalıdır.
Şəhid anaları, analıq haqqınızı bizə halal edin.
Qələbə sevincini bizə yaşadan cəsur əsgər! Sənin şücaətin Qərb mətbuatının nümayəndələrini də heyrətləndirib: “Belə döyüş, belə dövlət, belə Vətən sevgisi görən olubmu – demək çətindir. Dağ yuxarı şəhid olmuş yoldaşı çiynində, döyüşə-döyüşə, qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Nəfəs almadan Şuşaya çatdılar…”
Şuşaya belə nail olduq – qan bahasına!
Azərbaycan əsgərisə dünyaya bəyan edir: “BİZ AZƏRBAYCANLIYIQ! BİZ QARABAĞLIYIQ! BİZ BÜTÖVLÜKLƏ TÜRKÜK! KİŞİLİK ALNIMIZA YAZILIB”.
İzaha ehtiyacı olmayan min faizli həqiqət!


Mehriban xanım! Dünyamızın “Qızıl ürək”li, Xoşməramlı səfiri, ölkəmizin I Vitse Prezidenti! İlham Əliyevin hərtərəfli sirdaşı və mənəvi silahdaşı. Qoşa qanadınız xalqımızın üstündən əskik olmasın. Humanistliyinizin sorağı dünyanı dolaşır.
A qızım,
Millət də mehribanlaşır,
Mehriban dedikcə sənin adına.
N.Həsənzadə

(Amma Paşinyanın arvadı özü kimi quldurbaşıları ətrafına yığıb onlara insan öldürməyi məşq elətdirir.)
Ötən həftə Azərbaycan Radiosunun “Gəl səhərim” verilişinin canlı bağlantısındakı müsahibədə söylədim ki, bu gün Azərbaycan xalqı bütövlükdə bir ordudur – cavanlı-qocalı, kişili-qadınlı… Sərkərdəsi – Ali Baş Komandan – İlham Əliyev! Lənkəranda doğulsam da, ata babam şuşalıdır. Talış xanlığının dəvətilə Lənkərana gələn Sadiq bəy Mehmandarovdan sonra babamgil – iki qardaş Lənkərana köçüb. Tarixi saxtalaşdıra bilmərəm – qohum olublar, dost olublar, deyə bilmərəm. Ümumiyyətlə, Mehmandarovların Lənkərana gedişindən sonra xeyli şuşalı ora köçüb. Mətləbdən çox uzaqlaşdım.

Mehmandarovların soyadını təsadüfən çəkmədim. I Dünya müharibəsinin komandanı, artilleriyanın atası adlandırılan, müstəqil Azərbaycanın ilk Hərbi naziri Səməd bəy Mehmandarov Lənkəranda dünyaya göz açıb. Ümumiyyətlə, Cənub bölgəsi tarixən hərb xadimlərilə məşhur olub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov! Amma bu şəxs ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı almasının sevincini yaşaya bilməyib. Kimdi səbəbkarı? – xain ermənilər tarix boyu xalqımızın düşməni olub. Nə xoş ki, Azərbaycan əsgəri bütün bunların da qisasını alıb…
Deyirlər, aslan olan yerdə çaqqal qaçıb gizlənər. Amma öz millətinin düşməni olanlar çaqqal qədər də deyil. Ordusu ordumuzla deyil, mülki əhali ilə döyüşür.
Amma bizim Prezidentin reytinqi bu gün yüz faizdir. İnanmıram, dünyanın hansı ölkəsindəsə bunca lider-xalq birliyi ola. Prezident xalqın ən sevimli insanıdır. O bəxtəvər tarixi günü adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq sərkərdə gözlədiyimizdən də tez yaşatdı bizə. Əlbəttə, müdrikliyi sayəsində, qətiyyəti sayəsində, diplomatik savadı, ən başlıcası sağlamlığı bahasına.

Bütün dünya qarşısında qələbə çalacağını bəyan etmişdi. Sözünü kişi kimi dedi və nail oldu. çünki nəfəsi haqqdan gəlirdi.
2019-cu ilin oktyabr ayında cənab Prezident Soçi şəhərindəki Valday beynəlxalq diskussiya klubundakı iclasda çox böyük inamla “Qarabağ Azərbaycandır! Nida!” söyləmişdi. Böyük inamla söylənilən bu sözləri həmin ayda çapa imzaladığım “Söz” jurnalının manşetinə çıxardım.


Gümanımda yanılmadım. İnamım çin oldu. İndisə uca səslə deyirəm – Zəfərin mübarək, Azərbaycan! Nida!!!

Müəllif: Sevda ƏLİBƏYLİ

SEVDA ƏLİBƏYLİNİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

8 Noyabr Zəfər Günü münasibəti ilə Osloda tədbir

8 Noyabr Zəfər Günü münasibəti ilə Osloda fəaliyyət göstərən N.Gəncəvi adına həftəsonu ana dili məktəbinin şagirdləri və Ə.Mahmudov adına 220-saylı məktəb liseyin şagirdlərinin birgə layihəsi baş tutub. Tədbirin təşkilatçıları Oslodan Günay Əliyevaya, Bakıdan Xanım Qasımovaya təşəkkürümüzü bildiririk. Zəfər Bayramınız mübarək olsun!!!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Misir yazıçısının əsəri Azərbaycan dilində

Qədim tarixi və məşhur ehramları ilə dünyaya səs salan Misirdə heç vaxt olmamışam. Bu ölkədə adi turist kimi olmaq da mənə nəsib olmayıb. Lakin qəribədir ki, həyatımda bir neçə dəfə Misirlə əlaqəli hadisələr olub. Bəlkə də bu, həmin ölkənin qeyri-adi cazibə qüvvəsi ilə əlaqədardır.
1985 ci ildə Moskvada keçirilən Tələbə və Gənclərin Beynəlxalq Festivalında 96 nəfərdən ibarət Misir nümayəndələrini müşayət etmək məhz mənə tapşırılmışdı. Misir ədəbiyyatı ilə ilk tanışlığım da elə oradan başladı. 
Tədbirlərin birində məşhur Misir yazıçısı Samir Abdu-l- Baqi mənə öz kuitablarını bağışladı. Qeyd edim ki, Samir Abdu-l Baqi əsasən uşaqlar üçün yazır. Onun balacalar üçün yazdığı kiçik hekayələr, nağıllar diqqətimi cəlb etdi və mən onları yazıçının özünün razılığı ilə Azərbaycan dilinə tərcümə edib “Göyərçin” jurnalında çap elətdirdim. 
Uzun illərdən sonra tanınmış rus yazıçısı Eldar Əhədovun Misir yazıçısı Əşrəf Əbu- əl -Yəzidin əsərlərinə müraciət etməsi məni yenə Misirlə əlaqələndirdi. Belə ki, Eldar müəllimin kitab təqdimatında Misirli yazıçı ilə şəxsən tanış oldum, çoxdan işlətmədiyim Misir dialektində onunla xeyli söhbət etdim və söz verdim ki, onun “Qahirədə bir küçə” şeirlər , daha doğrusu, düşüncələr toplusunu Azərbaycan dilinə tərcümə edəcəm. Bu işi çöx həvəslə görsəm də tez başa gəlmədi. Tərcümə zamanı Eldar Əhədovun kitabından, mətnin ingilis və ərəb dilində olan nüsxələrindən istifadə etməli oldum. Nəticədə bu yaxınlarda kitabın elektron variantını müəllifə göndərdim. Əşrəf Əbu- əl -Yəzid kitabı çox dərin təşəkkür hissi ilə qəbul edib onun Misirdə çap ediləcəyinə söz verdi.
Kitabın müəllifi haqda Azərbaycan oxucularına qısa məlumat vermək istərdim.
Əşrəf Əbu Əl-Yəzid Yazıçı, şair, jurnalist və səyahət ədəbiyyatı yazıçısıdır. O, 30 ildən artıqdır ki, mədəniyyət jurnalistikasında çalışır. 2014-cü ildə Ədəbiyyat üzrə Manhee mükafatına (Cənubi Koreya); 2015-ci ildə Mədəniyyət üzrə Ərəb Jurnalistikası Mükafatına (Birləşmiş Ərəb Əmirlikləri); 2021-ci ildə İstanbul Avrasiya Ədəbiyyat Festivalında Qızıl medala, 2022-ci ildə Afrika Yazıçılar Birliyinin Ədəbiyyatın Ən Görkəmli Havadarlarına görə Medalına və 2013-cü ildə Uşaq Ədəbiyyatı üzrə Sawiris Mədəniyyət Mükafatına layiq görülüb. Misir Yazıçılar Birliyinin üzvü, Asiya Jurnalistlər Assosiasiyasının prezidenti və “Asia Inn” jurnalının ərəb bölməsinin baş redaktorudur. O, İpək Yolu Yaradıcılıq Seriyasının baş redaktoru və Beynəlxalq Poeziya Hərəkatının Misirdə koordinatorudur. Əşrəf Əbu Əl-Yəzid 44 bədii kitabın müəllifidir. Onun bəzi poetik və bədii əsərləri Hindistanda ingilis, alman, ispan, türk, rus, serb, koreya, fars, sindhi və malayalam dillərində nəşr olunub.
Onu da qeyd edim ki, Əşrəf Əbu Əl-Yəzid Azərbaycanda olarkən bir çox bölgələrimizdə olub , ölkəsinə qayıdandan sonra Azərbaycan haqda çəkdiyi videoçarx Misir televiziyası ilə nümayiş edilib.
Əşrəf Əbu Əl-Yəzidin  “Qahirədə bir küçə” kitabının Azərbaycan dilinə tərcüməsi haqdaməlumat Misir dövrü mətbuatında  ərəb və ingilis dilində yer aldığına çox sevindim. Bu münasibətlə həm müəllifi,həm özümü təbrik edir və qismətin məni Misir və misirlilərlə yenidən görüşdürəcəyinə ümid edirəm.
 

Müəllif: Təranə MƏMMƏD

yazıçı, şair, tərcüməçi. AYB üzvü.

TƏRANƏ MƏMMƏDİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

UŞAQLAR ÜÇÜN HEKAYƏLƏR

Çörək tikələri

   Ayçilin anası və atası bir müddətlik başqa şəhərə getmişdilər. Və qızlarını qohumlarıgilə qoymuşdular. Ayçil bütün yay tətilini onlarda keçirməli idi. Evin sahibəsi göygöz xala bir az qəribə idi, çox az danışırdı, danışanda da ancaq irad bildirirdi. Qadının özü kimi göygöz bir qızı da vardı. Ayçil nə qədər istəsə də, onunla dost olsun, söhbətləşsin, qız ona gözünün ucu ilə də baxmırdı, çənəsini yuxarı tutub gəzirdi. Bir dəfə Ayçil həyətdəki pişiyi mətbəxə gətirib incə barmaqlarıyla onun boynunu qıdıqlayanda göygöz qız qışqırıb anasını çağırmışdı. Ana da Ayçilə tez gedib çimməyi və bir daha pişiyə toxunmamağı əmr etmişdi. Qızcığazın almacıqları qızılgül kimi qızarmışdı.

  Ayçil bu xalanı və onun  qızını xoşlamırdı, hər gün Allaha yalvarırdı ki, valideynləri tez gəlsinlər. Ancaq xəbər çıxdı ki, böyük pandemiya dövrüdür və dünya öz sərhədlərini bağlayacaq. Heç kim ölkəni tərk edə, sərhədləri keçə bilməzmiş.

 Bundan sonra qızcığazın qara günləri başladı. Əgər o, həyətdəki dibçəkləri sulayarkən sudan bir damcı yerə tökülsə, göygöz xala həmin gün yeməyi kəsirdi. Bəzən ana- bala səbəbsiz yerə ona otaqdan çıxmamağı əmr edir və cəzalı olduğunu deyirdilər. Qızcığaz isə onu nədə günahlandırdıqlarını anlamırdı. Tez – tez ana- bala qonşunu çağırıb mətbəxdə çay süfrəsi açır, deyib – gülürdülər. Ayçilin otağına isə yalnız çörək göndərirdilər. Ayçil yavan çörək yeməyə öyrəşmədiyindən eyvavına sallanan  alma ağacının bərəkətli budağından alma dərib çörəklə yeyirdi. Ağacla dərtləşirdi, elə bilirdi ki, bu dünyada onu anlayan kəs yalnız bu ağacdır.

  Yay qurtardı, payız başladı. Qızcığaz isə evi və ailəsi üçün çox darıxırdı, tez- tez valideynləri yuxusuna girirdilər. Bir dəfə o, qonaq otağının güzgülü bufetindən bir kitab götürdü, kitabda çoxlu şəkillər vardı. Hər gecə yatanda Ayçil şəkilli kitabı oxuyurdu, belə zamanlarda onun  darıxmağı da keçib gedirdi. Ancaq bir səhər yerindən qalxanda gördü ki, kitab yoxdur.

   Bağda şüyüdləri sulayanda göygöz qız ona yaxınlaşıb dedi:

-Mənim kitablarımı qarışdırma, icazə də almamısan götürəndə.

-Axı sən mənim əşyalarımı, istədiyin zaman götürürsən , – dedi Ayçil.

-Mənə olar, çünki sən bizim evdə qalırsan.

 Ayçil küsdü, su şlanqını torpağa atıb , otağına qaçdı. Onları dinləyən Göygöz xala isə  dodağının altından güldü.

  Axşam Ayçil üzünü yastığa tutub o qədər ağlamışdı ki, yastığın ortasında gölməçə yaranmışdı. Onu heç axşam yeməyinə də çağırmamışdılar.  Gecənin bir yarısı Ayçilin qulağına su şırıltısının səsi gəldi. O ayağa qalxıb aynabəndə yaxınlaşdı, alma ağacı almalarını tökmüşdü. Ağacın budaqları sınmışdı. Pəncərəyə düşən fənərlərin işıqları yanıb  – sönürdü. Çöldən səs- küy gəlirdi. Sən demə, gecənin bir aləmi tökməyə başlayan güclü leysan və külək evin damını uçurmuşdu. Ayçil üşüyürdü, qumral saçları da yaş olmuşdu. Gecə otağına damdan yağış tökülübmüş, hər kəs həyətdəki mətbəxə gedibmiş.  Ayçili isə  oyandıran olmayıb. O, üşüyə- üşüyə islanmış gecə paltarında qapıya tərəf  gəldi. Bu zaman  yuxarıdan – aralanmış tirlərin arasından qızın başına iki siçan balası düşdü, o, bu balaları götürüb,-islanmısınız ki, indi sizi peçin yanına aparıb isidərəm , – dedi. Siçan balaları sevincdən ciyildədilər. Onların bədənlərinə yapışmış tükləri sobanın yanında yavaş- yavaş ipək kimi açılırdı.

  Xala birdən bunu görüb qışqırdı:

-Sənə neçə kərə demişik, heyvanlara toxunma! Nə oynayırsan burada,  hər yeri su basıb durub kömək etsənə.

-Xala mənim paltarım islanıb, mənə dəyişməyə paltar verərsiniz?

-İş görsən,  quruyarsan. Canın möhkəmdir, sənə heç nə olmaz. Əlinə əsgi al və döşəməni qurut, sonra da yorğan- döşəyi çölə çıxart.

 Ayçili ağlamaq tutdu, ancaq cavab qaytarmağın əbəs olduğunu bilirdi. Kaş anam tez gələrdi, məni evimizə aparardı, – ürəyi sızıldadı. Onun qəmlənməyinə  siçanlar da pis oldular. Onlar qızın islanmış  paltarından darta – darta onu çölə çıxarıb dedilər: “Mehriban qız, qarşıdakı dumanlı dağa qalx, orada bizim başçımız Qızıl siçan yaşayır, o səni arzuna çatdırar.

  Ayçil qapıdan asılmış saçaqlı şalını çiyninə salıb arxaya baxmadan dağa doğru qaçdı, yamaca qalxanda yorulub bir kolun dibində oturdu, bu vaxt əlinə tikan batdı, çevriləndə gördü ki, ətraf çiyələk çəmənliyidir. Acmış qızcığaz o qədər dağ çiyələyi yedi ki, yanaqları çiyələyə döndü. Ayağa durmaq istəyəndə  ciy – ciy səsi eşitdi.

   -Ah , siçan balaları siz burda nə edirsiniz?

 -Sənin ləpirlərini izlədik, fikirləşdik ki, birdən qarşına qonur ayı çıxar, qorxarsan. Gəl səni başçımızın yanına aparaq.

– Qız əllərilə üzünü tutub ağladı, axı siz mənim kimi işə yaramaz birinə niyə kömək edirsiniz?- dedi.

 –  Xeyirxah insan olduğundan özünün də xəbərin yoxdur, mehriban qız. Biz sənin gecələr ağlamağını taxtaları arasından eşidirdik, eyvanın məhəccərinə quşlar üçün qoyduğun çörək tikələrilə sayəndə biz də bütün qışı ac qalmadıq. Ancaq göygöz xala və qızının mərhəmətsiz olduğunu çoxdan bilirik. Başçımız Qızıl siçan onu heç sevmir.

– Niyə sevmir?

– Bir dəfə o qız dostlarıyla birgə başçının balasını tutmuşdu. Sonra da yavru siçanın balaca quyruğunu yandırmışdı. Anası gəlib onları qorxutmasaydı, yəqin ki, daha çox zülm görəcəkdi yavrusu. Gəl, çiyələk qız, səni aparaq onun yanına.

   Ayçil Günəş kimi işıq saçırdı, çünki Qızıl siçan onu çox yaxşı qarşılamışdı. O keşikçi siçana əmr etdi ki, qızı qayığa mindirib yeraltı kəhrizlə anasının olduğu şəhərə aparsınlar. Ayçilin uçmağa qanadı yox idi indi. Ağlına gəlməzdi ki, hər axşam məhəccərin üstünə qoyduğu çörək tikələri bir gün onu arzusuna çatdıracaq.

                      Kasadakı dələ

  Fıstıqları yeyə – yeyə nağıllarımı yazıram. Ağzım işləməyəndə beynim də çalışmır sanki. Dişlərim fıstıqları qırdıqca  ağlıma maraqlı fikirlər gəlir. Amma dünən baş verən hadisə lap qəribə idi; yenə yanıma bir kasa fıstıq qoymuşdum. “Uçan dələ” adlı nağıl yazmağa başlamışdım. Nağılın ortasında əlimi kasaya atdım, ancaq ovcuma heç nə gəlmədi, oturduğum divandan boynumu ağ kasanın içinə salladım: “ bu nədir, kasa bomboşdur ki”… Bir az da onun içinə əyildim, yenə heç nə görmədim. Hirslənib hoppandım kasanın içinə. Gördüm ki, bir dələ fıstıqlarımı qoynuna və ovurdlarına yığıb meşəyə doğru qaçır. Mən də tənbəllik eləməyib götürüldüm dələnin dalınca. Bu dələ başına döndüyüm necə sürətli imiş, qaçmaqdan  təngnəfəs olub lap əldən düşdüm. Dələ isə bir şam ağacının başına çıxıb, oradan qozları təpəmə atmağa başladı. Mən ona aşağıdan  nə qədər barmaq silkələsəm də, xeyri olmadı. Başımı tutub qaçmağa başladım, bu dəfə isə dələ məni qovurdu, arxamca da qozalardan atırdı. Çayı keçdim, sal aşdım, körpü keçib , təpəyə dırmaşdım, gördüm yox e, bu dələ indi də yarasa kimi qollarını açıb, quyruğunu da paraşüt edib başımın üstü ilə uçur. Uzaqdan təpənin ətəyində bir koma gördüm, tez özümü ora yetirdim, içəri keçib qoz qabığından olan qapısını bağladım. Elə bu vaxt komanın yiyəsi küpəgirən :

-Xoş gəlmisən, evim – eşiyim, həmişə sən gələsən,- dedi.

 Onun tülkü gözlərindən qığılcımlar saçılıb ürəyimi deşdi sanki. Qorxumdan çardaqdakı qış armudu kimi sapsarı saraldım.

 Qarı məni birayaqlı kətildə oturdub,-  indi sənə nahar verəcəyəm,-  deyib, bir qab qovrulmuş fıstığı qabağıma qoydu. Fıstıq gözümdən düşdü. Ancaq qayıq kimi yellənən kətildə əllərim əsə-əsə qorxumdan bir ovuc fıstıq götürüb ağzıma atdım və qarıya təşəkkür edib, – nənə can, daha mən gedim,- demişdim ki, qarı cin atına mindi.

   -Nənə sənin nənəndi, mənim kimi göyçək qıza nənə deyirsən?! İndi payını alarsan…

    Mən kətildən yıxıldım. Küpəgirən necə sehr etdisə, birdən- birə bütün aləm qara örtüyə büründü. Durub qapını açıb çölə çıxmaq istəyəndə ayaqlarımın altındam alovlar püskürməyə başladı, anladım ki, buradan heç yerə qaça bilməyəcəm. Beləcə qarının istəklərini yerinə yetirməyə başladım;  hər gün iki kisə fıstıq təmizləyirdim, o da aparıb bazarda satırdı.

   Bir gün ona dedim:

   -Ay qarı, ey, çaşdım, ay göyçək qız, bəs bu qədər fıstığı satıb pullarını nə edirsən, oğul- uşağın da  yoxdur ki, sən ölüb gedəndən sonra ona qala.

  Qarı burnunun ucundakı qoz boyda ziyili uzun əyri dırnağı ilə qaşıya- qaşıya gülməyə başladı.

  -Ha, ha, ha!  Ay, tutun mənim qarnımı,  gülməkdən cırılacaq … bu zaman qarının paslanmış çəngəl kimi seyrək və upuzun dişləri görsəndi.

  -Nəyə gülürsən, ay qarı?

  -Doğrudan elə bilirsən, mən öləcəyəm, ay yazıçı? Mən səninçün nağıl – mağılam ki, axırda küpəgirənləri öldürəsiz, ha, ha! Sən hələ də anlamamısan ki, küpəgirənlər ölümsüz olur. Axmaq! Mən ancaq özüm istəyəndə ölə bilərəm.

     Mənim lap qanım qaraldı, ancaq  qəlbimin dərinliyində inanırdım ki, bir gün buradan çıxmağın yolunu tapacağam. Axı qəlbin dərinlikləri təmiz və güclü olur. Küpəgirən özünü ölümsüz göstərib məni ruhdan sala bilməzdi.

-Yaxşı, ay küpəgirən, ölmürsən, ölmə. Amma sən əvvəllər, deyəsən, küpəgirən olmamısan, yəqin ki, sənin də gözəl həyatın olub, qəşəng paltarların, çoxlu dostların olub.

Qarı elə ah çəkdi ki, tikan kimi dik duran saçları sallandı. O, xəyala daldı,  ancaq birdən nəsə yadına düşdü və uçan tozsoranını götürüb dedi:

    -Bura bax, sən öz şirin dilinlə məni yoldan çıxarıb sirr ala bilməzsən, bu saat səni toza çevirib sonra da tozsoranla sovuraram, və un kimi göyə səpələyərəm, bu dünyaya bir də milyon işıq ilindən sonra ya qayıdarsan, ya qayıtmazsan!

    -Yaxşı da. Əsəbiləşmə, nə dedim axı. Torbaları ver, gedim meşədən fıstıq yığım.

    Mən fikirli – fikirli qaranlıq cığırla gedirdim. Böyük bir fıstıq ağacına çatanda torbaları yerə qoydum ki, nəfəsimi dərəm. Bu zaman başıma bir qoza düşdü. Qozanı götürüb kənara atdım. Sonra biri də düşdü, başımı qaldırıb göyə baxanda dələni gördüm. -Ay səni mərdimazar , dələ! – deyib qışqırdım üstünə. Sənə görə fıstıq kasasının içinə düşdüm, indi bu dərin girdabdan neçə fəsildir ki, çıxammıram, ilin günün hansı vaxtıdır, onu da bilmirəm heç. Çıx get buradan.

   Dələ isə aşağıya hoppanıb önlüyümdən tutub dartışdırmağa başladı.

    -Yox, məni aldada bilməzsən, daha sənin dalınca qaçan deyiləm,- dedim,- allah bilir, indi məni hansı girdaba yuvarlayarsan.

    Dələ nə qədər sağıma, soluma keçsə də, nə qədər ətəyimi dartışdırsa da, xeyri olmadı, kisələrimi fıstıqla doldurub çiynimdən aşırıb , komaya tələsdim.

   Axşamlar kisələrinin üstündə yatırdım, qarı fıstıqları siçanlardan qoruyum deyə məni burada yatırdırdı. Gecənin bir vaxtı qarnımın altında nəsə tərpəndi, ayılıb kisənin ağzını açdım, dələni görüb məəttəl qaldım. İstədim ki, onu tutub, qarıya verəm. Ancaq qarının  mərhəmətsiz olduğunu xatırlayıb dələyə sakitcə, – təbiətə qayıt,- dedim. Dələ bu dəfə kisənin üstündə oturub yetişmiş zeytun kimi qapqara, mənalı gözləri ilə mənə diqqətlə baxmağa başladı. Fikirləşdim ki, bu işin içində bir iş var, bu dələ bura qədər gəlibsə, mənə nəsə demək istəyir , onun sözünə qulaq asıb arxasınca düşdüm. Sən demə, bu heyvancıq komanın sirli yerlərini bilirmiş. O məni illərlə qalanmayan ocağın içindən keçirib düzənliyə çıxartdı.  Biz təpəni aşıb çəhrayı rəngli bir gölə çatdıq. Dələ gölün içinə düşəndə, – boğularsan,-  deyib mane olmaq istədim, lakin o, sözə baxmadı , gölün ortasında hoppanıb – düşməyə başladı. Sən demə, bu çəhrayı göl çox duzlu olduğundan burada batmırlarmış. Mən onun yanına getdim , bu zaman dələnin ayağının altında  böyük bir duz parçası olduğunu gördüm. Dələ onu dartmağa başladı, onun işarəsini anlayıb böyük duz parçasını çiynimə aldım. Dələnin izi ilə səhərə yaxın komaya çatdım. Dələ onu küpəgirənin heç vaxt yanıb – alışmayan ocağına atmağımı işarə etdi. Mən də onun istəyini yerinə yetirdim. Dərindən nəfəs almışdım ki,  koma dəyişilib mənim evim oldu. Qarı isə əvvəlcə bir damla suya çevrildi, sonra o sudan dalğa saçlı, gözəllikdə tayı- bərabəri olmayan bir qız yarandı. O mənə əlini uzadıb fıstıq təklif etdi. Mən də ona şeir qoşdum. Dələ də uçub getdi.

Şlyapalı dayanacaq                                                      

Günlərin bir günü, ayların şən ayı, illərin xoş ili, həftənin ilk səhəri İşığın nənəsi yuxudan ayılıb gördü ki, masanın üstündə yaşıl almalarla dolu meyvə qabına söykədilmiş bir məktub var. Nənə ipək şalını çiyninə salıb, eynəyini gözünə taxıb taxdı və məktubu oxumağa başladı…

“Nənəcan, sabahın xeyir!

Mən sənin nağıllarda danışdığın Xoşbəxtlər şəhərini axtarmağa gedirəm. Oranı tapan kimi qayıdacağam və səni də özümlə ora aparacağam. Mən qayıdanacan balkondakı pomidor şitillərimizə yaxşı bax. Öpüb bağrıma basıram səni”.

Nənə məktubu qatlayıb yastığının altında gizlətdi.

Boğçalı-axçalı İşıq hamar-nahamar yollarla xoşbəxtliyin izinə düşdü. O, çəhrayı şlyapası olan bir dayanacağa çatdı. Bir xeyli onun şlyapasına baxdı. Axı indiyənəcən belə bir dayanacaq görməmişdi. Dayanacaq bu təəccüblü baxışın sahibini çox gözlətməyib gülümsəyərək dedi:

  • Mən insanları yağışdan və küləkdən qorumaq üçün bu şlyapanı taxıram. Adi bir dayanacaq olsam da, insanları məmnun etməkdən zövq alıram.

İşıq:

– Sən xeyirxah sayılırsan?

– Bilmirəm. Səncə?

– Mən də bilmirəm. Ancaq Xoşbəxtlər şəhərinə gedən avtobusun nə vaxt buradan keçdiyini desən, sənə minnətdar olaram.

– Hm, deməli, sən Xoşbəxtlər şəhərinə gedən avtobusu gözləyirsən… O, həmişə gec gəlir…

– Eybi yox, mən gözlərəm. Hava da yaman istidi.

İşıq boynundakı sarı gülləri olan bəyaz ləçəyini dayanacaqdakı skamyaya qoydu, oturanda isə onun ayaqları azca yerdən üzülmüşdü.

Dayanacaq dilləndi:

– Nə deyirəm ki, səbrin çatırsa, gözlə. Mən də tək darıxıram. Bura adamlar gec-gec gəlir. Gələndə də çox gözləməyə səbrləri çatmır və geri qayıdırlar. Ona görə də həmişə Xoşbəxtlər diyarına gedən avtobus bu dayanacaqdan adam yığmamış gedir.

– Mənsə gözləyəcəyəm, o gələnə kimi gözləyəcəyəm. Nənəmə də məktub qoyub gəlmişəm. Yəqin, indidən başlayıb mənim üçün darıxmağa.

– Hə, qocalar darıxan olur. Elə mən də qocalmışam. Şlyapam da daha dik durmur, sola əyilib. Elə bilirdim, daha bu dayanacağa heç kim gəlməz. Amma sən gəldin, mən yenə xoşbəxtəm.

İşıq gülümsədi, başını qaldırdı və doğrudan da, dayanacağın bir az sol tərəfə əyilmiş olduğunu gördü. Birdən yastıq kimi dolmuş boz buludlara gözü sataşdı.

– Buludlar üstümüzə gəlir ,- dedi,- İşıq.

– Hə, yaxşısı budur, gəl sol tərəfdə dayan, onda heç islanmayacaqsan,  indi leysan tökəcək.

– Axı mən islanmaq istəyirəm, həyatımda heç vaxt yağışda islanmamışam.

Dayanacaq güldü, bu zaman onun şlyapasının ucları yuxarı qalxdı.Və buludlar düyü uzunluğundakı damlaları tökməyə başladı.

İşıq yerdə yaranmış gölməçədə ayaqlarını şappıldadır və suyu onsuz da divarlarından su süzülən dayanacağın içinə sıçradırdı. Yağış damcıları qızın saçlarında, çənəsində parıldayırdı. O, birdən əllərini qaldırıb dayanacağın ətrafında dövrə vurmağa başladı. O qədər dayanacağın başına fırlandı ki, axırda yorulub oturdu. Dayanacağın da başgicəllənməsi dayandı. Buludlar da ağarırdı yavaş-yavaş. Dayanacaq güllü ləçəyi ilə yanaqlarını silən qıza dedi:

– Nə oldu, necə idi yağışla güləşmək?

– Mən sevincliyəm, nə yaxşı ki, yağış var, bax, sən də tərtəmiz olmusan, şlyapan par-par parıldayır.

– Onda sən bir az da səbirli ol və diqqətlə göy üzünə bax, çünki indicə göyqurşağı çıxacaq.

– Mən heç görməmişəm onu. Nənəmin nağıllarından bilirəm ki, sehrli şamanın çıxdığı körpüdür o. Nənəm deyir ki, bir gün bütün uşaqlar göyqurşağından tutub göyün yeddinci qatına çıxa biləcəklər.

Dayanacaq:

  • Əlbəttə… onu izləməyi qaçırmaq olmaz. Günəşin upuzun telləri su damlalarını yaracaq və biz möcüzəvi yeddi rəngə tamaşa edəcəyik.

Bu vaxt uzaqdakı yolayrıcında iki dairəvi işıq yanıb-söndü. Sonra bu dairələr böyüdü və sürətlə yaxınlaşdı. Xoşbəxtlər ölkəsinə gedən avtobus onlara tərəf gəlirdi. İşıq tərəddüd içində idi, o bilmirdi ki, göyqurşağını izləsin, yoxsa avtobusa minib xəyalının dalınca getsin. Sizcə, o, indi hansı qərarı versin, uşaqlar?

Dayanacaq isə lal olmuşdu, bayaqdan danışan dayanacaq indi İşığın nə hislər keçirdiyini duymurdu, elə bil. Bəlkə, elə bu soyuqqanlı xasiyyətinə görə illərlə burada beləcə dayanıb ötən zamanı təmkinlə izləyirdi. Bu vaxt göy əlvan rəngə çaldı. Qızın başının üstündə yeddi rəng bərq vurmağa başladı. İşıq ağzıaçıq bu gözəlliyi izləyirdi. Çox az davam edən bu möcüzə qurtaranda İşıq başını sola-sağa çevirdi və avtobusu görmədi. Axı o, avtobusu necə qaçıra bilərdi…

  • Ey, hara getdi axı bu avtobus, indicə yaxınlaşırdı…

Dayanacaq dedi:

– Sən onu qaçırdın.

– Bəs niyə ona demədin ki, gözləsin? Bayaq demirdin ki, dostumsan?

– Axı sən onda heç vaxt görmədiyin göyqurşağını yenə görməyəcəkdin.

– Mən onu Xoşbəxtlər şəhərində də görə bilərdim… sən hər şeyi bilirdin, ancaq mənə kömək etmədin.

– Balaca, bəlkə də, o şəhərdə heç başını qaldırıb göydəki gözəllikləri görməyə imkanın olmayacaqdı. Ancaq sən yağışda çiməndə, göyqurşağını izləyəndə o qədər xoşbəxt görsənirdin ki, mən səni bu gözəlliklərdən ayırmaq istəmədim. Sən bura yenə gələcəksən və o zaman da qərarı özün verəcəksən. Sənin xoşbəxtliyinə heç kəs mane ola bilməz.

İşıq başını qaldırıb yenə səmaya baxdı və nənəsi üçün çox darıxdı. Dayanacaqla sağollaşıb yola düşdü. O, axşam pomidor ştillərini sulayanda nənəsinə həyəcanla  öz hekayəsini – şlyapalı dayanacaqda başına gələnləri danışırdı.

Müəllif: Nurlana İŞIQ

NURLANA İŞIQ – UŞAQLAR ÜÇÜN


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru