Azərbaycan Yazıçılar Birliyindəki keçirilən görüş hamımızı təəccübləndirdi.Tanınmış şair və yazıçımızın 40 -a yaxın kitabı Türkiyədə tərcümə edilərək burada nümayiş etdirilirdi.Görüşü açan “Qobustan” jurnalınıın baş redaktoru Pərvin xanım türkiyəli yazıçı- tərcuman ,AYB- nin Türkiyə bölməsinin rəhbəri İmdat Avşarın tərcümə etdiyi kitablarla iştirakçıları tanış etdi.AYB- nin sədri, Xalq yazıçısı Anar kitabların düzülüşünü görərkən heyrətini gizlətmədi.Bu gərgin əməyin nəticəsi göz qabagında idi! Əlbəttə, İmdat Avşarın zəhməti danılmaz idi. Pərvin xanım tərcüməçinin ədəbi fəaliyyətindən geniş məlumat verdikdən sonra sözü ona verdi.İmdat Avşar tərcümə etdiyi kitablar barədə danışdıqca,həmin kitabların müəllifləri də öz çıxışlarında ona dərin minnətdarlıqlarını bildirirdilər.Çıxış edən yazıçı və şairlərimizdən Sabir Rüstəmxanlı,Əkbər Qoşalı,Qəşəm İsabəyli Nəzakət Məmmədova,bu günlərdə elə burada təqdimatı keçirilmiş “Zafer yolçuları” kitabının müəllifi Zemfira Məhərrəmli ,AYB- nin Moskva təmsilçisi Abuzər müəllim,Aysel Xanlarqızı və digər müəlliflər kitablların tərcüməsinin yüksək səviyyədə oldugunu xüsusilə qeyd etdilər.Görüşə gələn APU – nin tələbələrinin ifasında şairin şeirləri səsləndirildi.İmdat bəy onlara təşəkkürünü bildirdi və onları maraqlandıran sualları cavablandırdı. Sonra Azərbaycanın mədəniyyəti və ədəbi mühitinin inkişafında xüsusi xidmətlərinə görə DAMM- nın Fəxri Diplomunu ona DAMM- nin EŞ – nın sədri,AJB – nın,” və “Xan Qızı Natəvan”DAQ İB – nin üzvü, “Yazarlar”jurnalının əməkdaşı Nəzakət Eminqızı, “və Milli Dəyərlər üzrə Maarifləndirmə” İB- nın sədri Gülşən xanım nəfis hazırlanmış hədiyyəsini ona təqdim etdilər.
“Cabir Novruz Mədəniyyət Fondu”-nun əməkdaşı,”Günaz.az saytının redaktoru ,bədii qiraət ustası Rəsmiyyə Heybətagaqızı B.Vahabzadənin”Azərbaycan-Türkiyə” şerini obrazlı şəkildə ifa etdi.Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşərdi ki, Rəsmiyyə xanım səmərəli ədəbi- bədii fəaliyyətinə görə bu günlərdə ümummilli liderimiz “Heydər Əliyev-100 illliyi” media medalına layiq görülmüşdür.
İmdat Avşarla görüşdə fəal iştirak edən tələbələrə kitab toplusu hədiyyə edildi. Sonda xatirə şəkilləri çəkildi.
Çağdaş şairlər sırasında bir şair var: NAMİQ ZAMAN. Özü cəhd göstərməsə də, antologiyalardan, jurnal və qəzetlərdən, saytlardan, sosial şəbəkələrdən ara-sıra boylanan şeirləri imzasının varlığını vurğulayır, “mən də varam” deyir. Namiq Zaman oğlu Zamanov Laçın elinin Zağaltı kəndində 1971-ci ildə dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsini bitirməmiş ermənilər Laçını işğal edib. Namiq də həmyerliləri kimi elindən, obasından ayrı düşmək məcburiyyətində qalıb. Mehrini təyinatla göndərildiyi Ağdaş rayonuna salıb. Bu gün də orda öz ixtisası üzrə müəllim işləyir. Yeniyetmə yaşlarından qələm işlətsə, fikirlərini nəzmə çəksə də, buna çox da cəhd göstərməyib. Təbini aldada-aldada illəri yola verib. Nəhayət, qəlbindəkiləri boğub saxlamağa daha “gücü” çatmayıb. Ara-sıra yazdıqlarını cəmləşdirib, qəlbində yığılıb qalanları tələm-tələsik ağ vərəqlər üzərinə həkk edib və bir yerə toplayıb. Beləliklə, ictimaiyyət NAMİQ ZAMAN imzalı şairin 2020-ci ildə “SƏNİ DÜŞÜNÜRƏM” adlı ilk kitabı ilə tanış olub. Elə mən də o vaxt həmin kitabla tanış oldum. Şairi tanımaq üçün bəzən bir şeir də bəs edir. Ancaq əhatəli tanımaq üçün bir şeir yetərli olmur. İstənilən şairin yaradıcılığı çoxşaxəlidir; orda sevgi də var, nifrət də… Namiq Zamanın kitabına toplanmış şeirlər nədənsə, ruhumu yerindən oynatmadı, vulkan püskürməsi, ildırım çaxması kimi məni həyəcanlandırmadı. Bəlkə peşə fəaliyyətimlə bağlı yüzlərlə müxtəlif şairin yaradıcılığı ilə vaxtaşırı iş apardığımdan bu mənə belə göründü? Bilmirəm! Hər halda, o vaxt mən onu tanıdığım onlarla şairdən ayıra, seçə bilmədim. Gerçəkdən, indi Azərbaycan ədəbiyyatının çiçəklənən dövrüdür. Əllidən çox imza göstərmək mümkündür ki, gözəl nəzm nümunələri ilə vaxtaşırı ədəbi dərgilərin səhifələrini bəzəyirlər. Ancaq bunu da etiraf etməliyəm ki, Namiq Zamanın şeirlərində iki vacib cəhət diqqətimi çəkdi; sözdən qənaətlə istifadə etmək və yetkin fikir ifadə etmək, yaxud ifadə etməyə cəhd göstərmək. Namiq Zaman yaza-yaza püxtələşdi, mükəmməlləşdi, müdrikləşdi, boy atdı, böyüdü və bu gün ikinci şeir kitabı ilə görüşümüzə gəldi. Birinci kitabına toplanmış şeirlərində ayırd edə bilmədiyim doğmalığı mən onun ikinci kitabında tapdım, özü də kitabı açan kimi… Namiq Zamanın ikinci kitabı “RUHUM ONU SORAQLAR” adlanır, “Azəri” nəşriyyatı tərəfindən nəfis tərtibatla nəşr olunub. Kitabın redaktoru və ön sözün müəllifi şair Elşən Əzimdir.
Dayanma, elə ki keçib-gedirsən, Haqqı söyləyən dil kiriyə bilməz. Sən elə bir yolu keçib gedirsən, Bu yolu hər adam yeriyə bilməz.
El deyimlərindən istifadə etmək bütün yaradıcı insanlara xarakterikdir. Baxır onu necə işlədirsən! Min illərin sınağından çıxmış atalar sözünü təhrif edərsənsə, heç nə, yox, əgər öz deyiminə çevirib qüvvətləndirərsənsə, gözəl poetik bir mənzərə yaradarsan.
Od üçün də, su üçün də ağladım, Heç bilmədim nə biçimdə ağladım. Ömür boyu öz içimdə ağladım, Gülə-gülə yaşamadım bu ömrü.
“Şairlər zamanın yükünü çiyinlərində çəkirlər”, deyiblər. Eyni zamanda, dövrün hadisələrini nəzmə çəkib gələcək nəsillərə ötürmək də yaradıcı insanların missiyasıdır, mənəvi borcudur. Namiq Zamanın 20 yaşından üzübəri millətin yaşadığı məşəqqətlər göz önündə deyilmi? Elin şairi bunları görə-görə necə gülə-gülə yaşaya bilər?
Sən ey şəhid anası, Sil gözünün yaşını! Sən ey şəhid atası, Sən də dik tut başını!
Yurdunun dar günündə, Dada yetən oğulun, Şığıyıb düşmən üstə. Öndə gedən oğulun Nə anası ağlayar, Nə atası yas tutar!
Bu, bəlkə də kiməsə bir təskinlik kimi görünər. Olsun! Son otuz ildə zorən sürükləndiyimiz müharibədə ölkənin heç şəhidsiz günü oldumu? Şəhidlərə həsr olunmuş yüzlərlə şeirlər yazılıb, onların içində möhtəşəmləri, hətta dillər əzbərinə çevrilmişləri də az deyil. Məncə, Namiq Zamanın bənzətməsi yeni olmasa da özünəməxsusluğu ilə orijinal hesab edilə bilər.
Sevincə qərq edən bəşəriyyəti – O dahi qəhrəman özüm olaram. Qırıb əsarəti, yarıb zilləti, Zülmət beyinlərə işıq salaram.
Nümunə üçün axtarmadan, qarşıma çıxan hər vərəqdən bir tel götürdüm. Seçmədim, incələmədim, daha yaxşısı olsun deyə dönə-dönə oxumadım. Özünüz də görürsünüz ki, şeirlər məğrur bir adamın – lirik qəhrəmanın cəmiyyətə mübariz çağırışıdır, harayıdır. Az sözlə çox fikir ifadə etmək bacarığı Namiq Zaman yaradıcılığının baş qayəsidir. Bunu mən əvvəlki şeirlərində də duymuşdum. Orda lirika ilə bərabər sarkazm, ironiya, tənbeh də var.
Yazı gördüm qapıda – “Sakit! İmtahan gedir!” Mat qalıbdı qapı da: İçəridə eşşəklər atı imtahan edir.
Az sözlə çox fikir ifadə etmək bacarığı Namiq Zaman yaradıcılığında yüksələn xətt göstəricisidir. Burda şair yüz söz arasından üç-dördünü seçməklə təkcə tənbeh etmir, müdrik fikir ifadə etməyə çalışır.
İnsanlar görmüşəm – çiyinlərində Dünyanın yükünü daşıyır hələ. Bir belə şeytanın, şərin içində Yaxşı ki, yaxşılar yaşayır hələ.
Bir ozan baxışı sərgiləyir Namiq Zaman. İnsanı bədbinliyə sürükləmir, qamçılayıb küsdürmür, əksinə, yaxşılar sırasında olmağa çağırır. Kiçik bir yazıda şair qəlbini incələmək, onun poeziyasına ayna tutmaq mümkünsüzdür. Yuxarıdan aşağıya sadaladığım fikirlərdə, gətirdiyim nümunələrdə aydın görünür ki, Namiq Zaman yaradığılığının mənbəyi eldir, el deyimləridir. Hətta bir az da qabağa gedib deyərdim ki, onun yaradıcılığı üzərində ustad Sarı Aşığın ruhu dolaşır. Namiq Zamanın Sarı Aşıq yaradıcılığını nə qədər dərindən öyrəndiyini, ona necə bələd olduğunu deyə bilmərəm. Bəlkə də onların bir bölgədə doğulub boya-başa çatdığından, hər ikisinin eyni eldən yaradıcılıq enerjisi aldığından poeziyalarında oxşarlıq, bənzərlik müşahidə olunur? Nə bilim! Bəlkə də…
İnsanlıq yolunda can qoyanları Daim yanan gördüm, alışan gördüm. “Allahın evi”ndə allahsızları – riyakar, hiyləgər dələduzları, Allahın adından danışan gördüm.
Namiq Zamanın yeni kitabının çapdan çıxması ərəfəsində daha bir şad xəbər eşitdik. Azərbaycan Yazıçılar Birliyi onun yaradıcılığını yüksək qiymətləndirmiş və şairi üzvlüyə qəbul etmişdir. Hər iki xoş xəbər münasibətilə Namiq Zamanı səmimi qəlbdən təbrik edir, ona xoş günlər, bol-bol yaradıcılıq uğurları arzulayırıq. Ümidvarıq ki, Birliyin etimadını doğruldacaq, yeni yaradıcılıq nümunələri ilə ətrafa səs salacaq. Böyük hörmət və ehtiramla: Əli BƏY AZƏRİ “Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru
Qənirə xanımla 20 ilə yaxındır şəxsən tanışdıq, yaradıcı əməkdaşlıq edirdik. Son üç il boyunca bilavasitə bir yerdə çalışırdıq – o, Milli Məclisin Mədəniyyət Komitəsnə sədr seçildikdən bir qədər sonra məni Komitənin eksperti vəzifəsinə dəvət etdi və o gündən sonra, demək olar, ailə üzvlərimizdən çox bir-birimizi görürdük. Qənirə xanımın başçılıq etdiyi balaca kollektiv və özünün təbirincə desək, könül dostları qrupu faktiki olaraq, durmadan çalışırdı… Təsəvvür edin pandemiya məhdudiyyətləri, II Qarabağ Müharibəsi, müharibədən sonrakı məsuliyyətli sürəc və Qənirə xanımın yüksək iş temposu… – biz son 3 ilin necə gəlib-keçdiyini hiss etmədik… O, insanların həyatına xeyirxahlıqla və sürətlə toxundu, zəngin xatirələr yaratdı və sürətlə də – vaxtsız-vədəsiz bizdən əbədi ayrıldı…
Qənirə xanım komaya düşən gündən şəxsən mənim telefonuma gələn zənglər, ismarıclar saysız-hesabsız idi… Yalnız yaxınlar, doğmalar, ortaq dostlar deyil, respublikamızın həmən-həmən hər guşəsindən, Türk dünyasının hər ölkə və topluluğundan yazır, zəng edir, maraqlanırdılar… Çoxuna da vaxtlı-vaxtında cavab verə bilmədim… Nə gizlədim, biz Qənirə xanımın itkisinə qətiyyən hazır deyildik. İlk günlər özəlliklə dözülməzdi… İş yoldaşmız çox haqlı olaraq, deyirdi, “elə bil vakkuma düşmüşük”… Hələ indicə yavaş-yavaş toparlanmağa çalışırq. Toparlanıb, onun yarımçıq qalan işlərini tamamlamaq istəyirik. Özəlliklə, bir neçə kitabı gün üzü görməsini gözləyir – əhdə vəfa olaraq, o işləri görməliyik. Sağ olsun, naşir dostlar, xeyirxah insanlar, vəfalı qardaşlar kitabların nəşrini üstəndiyini bildiriblər. Necə deyərlər, həyat davam edir…
Xalq yazıçısı ANARın 2014-cü ilin avqustunda – rəhmətlik Arif Əmrahoğlunun “40”ı ərəfəsində yazdığı “Arif Əmrahoğlunun şəkli” yazısını xatırlayıram:
“…Qırx gün bundan qabaq Arifin dəfnində çıxış edə bilmədim. Yaxın adamların matəmində danışmaq mənimçün çətin olur.
Arifin xəstəliyi elə sürətli keçdi, elə qısa müddətdə təsəllisiz sonluqla tamamlandı ki, kədərlə gözlənilsə də gözlənilməz ölümünə də bir söz yaza bilmədim. İndi vəfatından qırx gün sonra on yeddi il çiyin-çiyinə işlədiyim, etibarını, sədaqətini hər an duyduğum mənə çox yaxın, çox munis bir insan haqqında bir neçə kəlmə yazmağa ehtiyac hiss edirəm.
…Qırx gündür hər səhər işə gələndə ağrı və təəssüflə Arifin şəklinə baxıram. Fikirlidir, elə bil görüb bitirə bilmədiyi işlərin, ailəsinin fikrini çəkir. Ağıllı və müdrik insandı, amma bəzən uşaq kimi sadəlövh, məsum olurdu. Şəklinə baxıram, bilmirəm bəlkə mənə elə gəlir, sifətində bir az günahkar ifadə də var. Sanki dünyada şərin, pisliyin, bəd əməllərin tar-mar edilməsi üçün edə biləcəyini etmədiyi üçün özünü günahkar sayır. Əzizim Arif, sənin heç bir günahın yoxdur, bütün varlığınla xalqımızın, onun ədəbiyyatının, elminin, təhsilinin, dilinin inkişafı üçün əlindən gələni səxavətlə, fədakarlıqla, təmənnasız və iddiasız elədin. Səhhətinə, xəstəliklərinə məhəl qoymadan elədin.
Şəklinin qarşısında, masa üstündəki güllər solacaq, qırxından sonra şəklini masanın üsündən götürüb iş otağının divarında asacayıq. Və bura gələn hər kəsi o saf, təmiz çöhrənlə qarşılayacaqsan. Xatirən qəlbimizdə heç zaman solmayacaq”…
Ustad yazıçının rəhmətlik Arif Əmrahoğlu haqqındakı bu təsirli yazısındakı duyğuları, düşüncələri mən eyni dərəcə ilə Qənirə xanıma, onun şəklinə baxarkən özümün keçirdiyim hisslərə şamil edərdim. Deyərlər, ağlın yolu birdir, məgər duyğunun, düşüncənin də yolu eyniymiş… Doğmanı əbədi itirincə keçirilən hisslər çox oxşarmış… Yəqin bu cümlələr sadəlöhv təsir bağışlayır – olsun… Bilirsiz, biz ailə üzvlərimizi, qohumluq-əqrabalıq xətti ilə doğmalarımızı itirəndə çox sarsılırıq, əlbəttə– bu təbiidir. Ancaq ailə üzvün olmayan, sonradan tanıdığın, doğmalaşdığın bir insanın itkisi səni dərindən sarsıdırsa – bu, artıq fərqli hadisədir, bir dəyərdir. – Onun əbədi ayrıldığına sarsılmağın, axıtdığın göz yaşları bir başqa dəyərin ifadəsidir. Bu, həm işıqlı dünyaya gözlərini əbədi yuman insanın həm də göz yaşı axıdan, sarsılan insanın dəyəridir. “Soyuq məzara zinnət insan”çün axıdılan göz yaşları dəyər yağmurudur…
Qənirə xanımın son günlərini xatırlayıram… Son iki gün işə erkəndən gəldi, beynəlxalq tədbirlər, çoxsaylı xarici qonaqlar vardı, onlarla planlaşdırılmış görüşlərdə iştirak etdi. Qatıldığı, çıxış etdiyi ən son tədbir Milli Kitabxanada Qazaxıstandan gəlmiş aydınların iştirakı ilə kitab təqdimatı oldu… Çıxış etdi, sonra köməkçisi mənə yaxınlaşıb, “xanım getmək istəyir, bir az narahatdır” dedi; mən təqdimat törəninin aparıcısı Nizami müəllimə (Akd. Nizami Cəfərov) yaxınlaşıb, Qənirə xanımın Sərdarlı ailəsi ilə birgə Qazax nümayəndə heyətinə qiymətli hədiyyəsi olduğunu, mümkünsə, bunu bir an öncə gerçəkləşdirmək lazım olduğunu söylədim. Nizami müəllim dərhal Qənirə xanımı və Sərdarlı ailəsini dəvət etdi, onlar mili ornamentli hədiyyəni təqdim etdilər və tədbir də az sonra yekunlaşdı… Nə biləydik, bu, onu son görüşümüzdür… Nə biləydik?.. Bəlkə bir az dərdləşər, bir az söhbətləşər yaxud evinə bərabər gedərdik… Ona ölüm ha yaraşdırmırdıq… Səhər o başdan bildik ki, gecə halı pisləşib və gecəykən Mərkəzi Klinikaya aparılıb… Klinikanın önünə getdik, ortaq dostlar, ailəü zvləri hər gün yığışdıq, dərdləşdik, söhbətləşdik, dağılışdıq… – Nə edə bilərdik ki? Ortaq dostumuz Elşad Eyvazlının həyəcanlı səsi yadımdadır: “Qardaş, bircə təsəvvür elə ki, orda yatan bizik, bizim yerimizdə Qənirə xanım… O, heç dinc durardımı? Aləmi bura tökərdi. Biz heç nə edə bilmirik”… Biz nə edə bilərdik ki? – Dua edirdik, alxış söyləyirdik, ağxalatlı görər-görməz üstünə cumur, sual yağışına tuturduq… İndi də dua edirik, yaxşı əməllərini xatırlayırıq, yarımçıq qalmış işlərini (kitablarını) düşünürük… Getdiyimiz bir ünvan daha artıb: indi yalnız evinə getmirik, II Fəxri Xiyabanda qəbrini ziyarətə gedirik…
SƏN BU XALQIN DAYAĞI (Ulu Öndər Heydər Əliyevə) Sən bu xalqın dayağı, Sən tarix yazan insan. Qəmi taleyimizdən Əbədi pozan insan. * * * Millətə hami oldun, Qorudun dilimizi. Adımızı dünyaya Tanıtdı sənin izin. * * * Sahib çıxdın bu elin Aliminə, elminə. Cavid ruhu sevindi Cavid məqbərəsinə. * * * Duymusan hər şairin Şeirinin qüdrətini. Göstərmisən Müşfiqin, Sabirin hikmətini. * * * Sən bu xalqa qaytardın Türkçülüyün ruhunu, Qüdrətini, əzmini, Azadlıq – göz nurunu. * * * Cənnət oldu bu vətən, Çiçək açdı hər qaya. Şahinin ucalığı Dərd yaşatdı qarğaya. * * * Bayrağımız göründü Bayraqlar sırasında. Sözün dağı da yardı Liderlər masasında. * * * Üç tərəfdə quzğunlar Yandı alovumuzdan. Kimsə ötə bilmədi Yel olub yanımızdan. * * * Biz özgüvən qazandıq, Sənsə Ata adını. Kama çatdırdın xalqın Eşqini, muradını. * * * Dərin siyasətinlə Məhv oldu yad tapdağı. Sənin əsərin oldu Azərbaycan torpağı.
Mahirə NAĞIQIZI 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir
1984-cü ildən təyinatla Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə pedaqoji fəaliyyətə başlayan Mahirəxanım bu gün də şərəfli peşəsini ən yüksək səviyyədə layiqincə davam etdirir.
Mahirə NAĞIQIZI2017-ci ildən filologiya üzrə elmlər doktorudur. 2018-2021-ci illərdə ADPU-nun Filologiya fakültəsinin dekanı olmuşdur. Təhsil nazirinin müvafiq əmri ilə 2021-ci ilin aprelindən etibarən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub
YAZARLAR cameəsi adından Mahirəxanımı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!