Avropasayağı gənclik – Hüseyn İsaoğlu.

Avropasayağı gənclik
(Hekayə)
Neçə illərdi işə 96 saylı marşrutla gedib-gəlirik. Bu illər ərzində gözlərimiz, qulaqlarımız çox hadisələr görüb, eşidib. Avtobus və metroda hər yaş həddində sərnişin olur. Yaşlı nəslin nümayəndələri hey gileylənirlər ki, görəsən bu gənclərin aqibəti necə olacaq?! Özüm də şahidi olduğum üçün gileylərin haqlı giley olduğunu bilir və deyinənlərə haqq qazandırıram. Elə ki, avtobusa minirsən, görürsən ki, iki gənc oturacaqda əyləşir, dərhal da ciblərindən telefon çıxarır, başlayırlar oyun oynamağa, ya da nə iləsə məşğul olmağa. Gənclərdən biri arada gözucu ətrafına baxır, yanında oturana telefondan nə isə göstərir və gülür. Başının üstündə kölgə kimi dayanan yaşlı insanı sanki görmür, üstəlik şit hərəkətləri ilə ona açıq verir.
Bir dəfə avtobusda eynən belə bir hadisə baş verdi, yaşlı qadın dözə bilmədi, əsəbi halda dedi:

  • A bala, sizin bəyənmədiyiniz sovetlərin vaxtında böyüyə-kiçiyə hörmət vardı. Məktəbdə müəlllimlər, evdə valideynlər uşaqları başa salırdı ki, özünüzdən böyük insanlara ehtiram göstərin. İndi nə olub, tərbiyə verən yoxdu? – Qadın – eh, – deyib başını buladı. Gözlərini pəncərəyə yapışdırılmış reklam lövhəsinə zillədi.
    Başqa bir qadın dedi:
  • Mən də çox narahatam, buların gələcəyi necə olacaq? – Üzünü yaşlı insanlara məhəl qoymayan gənclərə tutdu: – Sizdə nə böyüyə, nə də kiçiyə hörmət var. Görünür, heç evdə də öz ata-ananıza hörmət qoymursuz…
    Ayaq üstə dayanan yaşlı kişi qadının sözünə qatılaraq dedi:
  • Mənim 65 yaşım var. Mən bu yaşımda da qadın görəndə durur, ona yer verirəm. Ancaq indiki gənclər heç yerlərindən belə tərpənmək istəmirlər. Allah bu Avropanı ölkəmizə gətirib çıxaranlara lənət eləsin. – Gözlərini bayaq deyinən qadına zillədi: – Ay bacı, daha abır-həyamız da gedib. Bax, səhərdən danışıram, gör biri yerində tərpənir? Elə bil bu sözləri daşa-dəmirə deyirsən.
    Deyinənlərin sayı artandan sonra yalnız gənclərdən biri başını qaldırıb yanında ayaq üstə dayanan yaşlı xanıma tərs-tərs baxdı və dedi:
  • Qoca arvadsan, otur evində. Şəhərdən qulağımın dibində deyinirsən. Biz beləyik, başqa sözün var?
    Qadının matı-mutu qurudu, dedi:
  • Yox, a bala, başqa sözüm yoxdur.
    Qadın susdu, bu dəfə avtobusda olan orta nəslin nümayəndələri gəncləri qınadı. Onlar da hirsli-hirsli sürücüyə yaxınlaşıb avtobusu saxlamasını tələb etdilər. Sürücü bildirdi ki, avtobusu dayanacaqlardan kənarda saxlaya bilmərik. Qabaqda saxlayacam, düşərsiz.
    Avtobus dayanacağa çatana qədər sərnişinlər bu gənclərə anlatmağa çalışdılar ki, özünüzdən böyüyə və kiçiyə qayğı göstərin ki, siz də yaşlananda qayğı, hörmət göstərən olsun…
    Müəllif: Hüseyn İsaoğlu (Məmmədov),
    AYB-nin və AJB-nin üzvü, yazıçı-publisist.

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahlar GÖYTÜRK – Azərbaycan bayrağı.

Azərbaycan bayrağı

Kökün çox dərindədir, ucalarda dalğalan,
Güvən öz qüdrətinə, sən özünə arxalan.
Ulu Cümhuriyyətdən ən qiymətli ərmağan
Göy üzünün növrağı Azərbaycan bayrağı!

Göy üzündən don biçib, uzaqgörən babalar,
Al boyadan, yaşıldan çələng hörən babalar,
Qoy rahat uyusunlar müdrik, ərən babalar
Kor olsun düşmən, yağı, Azərbaycan bayrağı!

Parlayan ulduzuna, hilalına vurğunam,
Saf, ləkəsiz, bəmbəyaz halalına vurğunam,
Bizə birlik bəxş edən kamalına vurğunam,
Sönməz bu türk ocağı, Azərbaycan bayrağı!

Yeni nəfəs gətirdin türklük hissiyyatına
Qatdın öz inancını islam etiqadına.
Sən azadlıq gətirdin qız-gəlinə, qadına,
Həya, ismət duvağı, Azərbaycan bayrağı!

Sən Vətəndən uzaqda bu vətənin simgəsi,
Ruha elə hopmusan, neyləyəcək özgəsi?!
Sən bizi birləşdirən millətimin haqq səsi
Sevgi, məhəbbət bağı, Azərbaycan bayrağı!

Səni yasaq etdilər, könüllərdə ucaldın,
Səhidlik məktəbindən, bir ilahi güc aldın.
Qiyamətə qoymadın, düşmənindən öc aldın,
Bitdi Tanrı sınağı, Azərbaycan bayrağı!

Elə gur dalğalan ki uzü Təbrizə sarı,
Kölgən düşsün hər yerə, çin elə xəyalları.
Bütöv Azərbaycanın eşqi, andı, vüqarı
Sən ey zəfər sancağı, Azərbaycan bayrağı!

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hüseyn İsaoğlu – Papiros “dağı”

Papiros “dağı”
(Hekayə)
Uşaq idim, hələ məktəbə getmirdim. Onda əmim Vilayət səkkizinci sinifdə oxuyurdu. Məcid babam arı saxladığı üçün məhlənin bir hissəsində tütün əkmisdi. Həmin tütünlərin yarpaqlarını sapa düzüb qurudurdu ki, yaz-yay aylarında arı yeşiklərinə rahat baxa bilsin. O, tütünün bir giləsini köhnə əskiyə büküb körüyün içinə qoyur, tüstü verirdi ki, arılar onu sancmasın. Vilayət əmim tütünün qurumuş yarpaqlarından papiros düzəldib çəkirdi. Artıq Nazilə ana hiss etmişdi ki, evdən papiros iyi gəlir. Ancaq bilmirdi otaqda papiros çəkən kimdir. Bir dəfə Vilayət əmim tütün yarpağından iki ədəd büküm düzəltdi, yandırdı, birini mənə verdi, birini isə özü yavaş-yavaş sümürməyə başladı. Arada mənə papirosu barmaqların arasında necə tutmağı da başa salırdı. Birdən Nazilə ana otağa gəldi. Dərhal da çöhrəsinə acı baxışlar doldurub dedi:

  • Bu nədir, otaq papiros tüstüsü ilə dolub…
    Söz anamın ağzından qurtarmamış Vilayət əmim özünü cəld pəncərədən çölə atdı. Mən isə barmaqlarımın arasında papiros donub qalmışdım. Anam papirosu barmaqlarımın arasından götürüb Vilayətin arxasınca deyindi:
  • Gör, körpə uşağa nə öyrədir. – Barmağını silkələdi: – Axşam qardaşın gəlsin, deyəcəm. – Sonra bütün hirsini məndən çıxdı, papirosu barmaqlarımın arasından götürüb dodağıma basdı, qolumdan tutub eyvana çıxartdı, yaxşıca danladı.
    Mən dodağımın ağrısına dözə bilmirdim. Sızıldaya-sızıldaya ucadan qışqırırdım ki, bir də çəkməyəcəm. Səsimə Nazdı nənəm gəldi, otağın qapısını bərkdən örtüb dedi:
  • A gəlin, o uşağı səhər tezdən oyadıb niyə ağladırsan?
  • Bəs nə edim, ay bibi, qoşulub Vilayət əmisinə papiros çəkir, daha demirlər ki, evi-eşiyi yandırarlar.
  • A gəlin, vallah, bu uşaqda bir günah yoxdur, günahkar Vilayətdir.
    Qəfildən nənəmin gözləri yanmış dodağıma sataşdı, soruşdu:
  • Uşağın dodağına nə olub?
  • Papirosu basdım.
  • Səndə insaf yoxdu, vallah. – Nənəm başımı tumarlıb məni sakitləşdirməyə çalışdı, sonra dedi: – Bugündən bir daha əlinə papiros götürmə. O, pis şeydir. Görürsən, nə baban, nə də ki, atan papiros çəkmir. Cana da ziyandır, cibə də. Sən də çəkmə, ağıllı balam.
    Vilayət əmim atasının, həm də böyük qardaşı İsanın qorxusundan evə gəlmədi, bir neçə gün qonşu kənddə yaşayan bacısının evinə getdi.
    Atam kolxozda birqadir işləyirdi. Axşamlar evə bir az gec gəlirdi. Evə gələn kimi birinci Nazdı ana ilə görüşür, sonra məni qucağına alıb oxşayır, olandan-keçəndən söhbət edirdi. Ancaq bu dəfə mən atamdan gizlənmək üçün yatmışdım. Birdən atamın gur səsini eşitdim:
  • Ay ana, bəs Vilayət hanı?
    Nənəm dedi:
  • Ay oğul, bilmirəm, səhər tezdən çıxıb gedəndir. Əlbət bacılarının evinə gedib.
  • Bəs gedəndə demədi hara gedir?
  • Yox demədi.
  • Burda bir iş var… De görüm nə edib ki?
  • Heç nə, a bala. Səhər tezdən gəlin gedib görüb ki, atanın əkdiyi tütündən papiros büküb çəkirlər.
  • Kiminlə?
  • Hüseynlə. Uşaqda günah yoxdur. Məcbur birini büküb verib ona. Vilayət işin üstünün açıldığını görən kimi qaçıb, gəlin də papirosu uşağın əlindən alıb dodağına basıb.
  • Deyirəm axı, o, elə-belə getməz harasa.
    Bu ani dialoqdan sonra atam məni yanına çağırdı, alnımdan öpdü, sonra da soruşdu:
  • Düzünü desən, sənə heçnə etməyəcəm. Siqareti haradan aldınız?
  • Ata, heç hardan almadıq, əmim babamın tütünündən büküm düzəldib çəkirdi. Birini də mənə verdi, dedi, çək, kimsə bilməz.
    Atam qaşlarını çatdı, hiss etdim ki, əsəbiləşdi:
  • Ay oğul, papiros pis şeydir, onu çəkmək olmaz. Bir daha eşitsəm ki, yenə papiros çəkirsən, dodağınla bərabər, barmaqlarını da yandıracam.
    Mən qorxu basmış gözlərimi yerə dikdim, ancaq başımın işarəsi ilə sanki atama kişi sözü verdim. O da məni bağrına basdı, qabar bağlamış barmaqları ilə saçlarımı qarışdırdı…
    Vilayət əmim bir neçə gün bacısıgildə qaldı, sonra bacısı onu evə gətirdi. Məcid babam Vilayəti danladı. Pis vərdişlərdən uzaq durmağı tapşırdı. O gündən sonra Vilayət əmim bir daha papiros cəkmədi…
    Vaxt çatdı, mən məktəbə getdim, aylar, illər bir-birini əvəzlədi. Orta məktəbi bitirdim. Bu müddətdə papirosdan tamamilə uzaq durdum. Hərbi xidmətə gedəndə bəzi yoldaşlar dedilər ki, onsuz da əsgərlikdə çəkəcəksən. Ora elə bir yerdir ki, çəkməmək mümkün deyil. Ancaq mən bütün iradəmi toplayıb bir daha əlimə siqaret almadım.
    Əsgərlikdən sonra da papirosla əlaqəm olmadı.
    Həmişə anama təşəkkür edir, əllərindən öpürdüm ki, əgər o vaxtlar dodağımı yandırmasaydın, bu gün siqaretdən əl çəkə bilməzdim.
    Hüseyn İsaoğlu (Məmmədov),
    AYB-nin və AJB-nin üzvü, yazıçı-publisist.


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cahan usaq baxcasinda “Vətən məndən başlayır“ adı altında yarışma təşkil olunub.

Odur, yanır dan yeri…

Addımla günəşlə tən.

Torpaqdan başlanmır, yox,

İnsan qanındakı qeyrət selindən,

Səndən başlanır Vətən.

Məndən başlanır Vətən!

Hazırda ilkin həyati bacarıqların təməlinin qoyulması, vətənpərvərlik hisslərinin aşılanması -ümumilikdə, uşaq şəxsiyyətinin formalaşması məktəbəqədər təhsil müəssisəsindən qaynaqlanır. Bu barədə Cahan usaq baxcasinda “Vətən məndən başlayır“ adı altında yarışma təşkil olunub. Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət gimnaziyasının “Balaca yazarlar” dərnəyinin rəhbəri Aysel Fikrət, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və İbtidai Təhsil” jurnalının baş redaktoru Böyükağa Mikayıllı, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, İlhamə Axundova və bir neçə təhsil eksperti iştirak ediblər.

Mənbə:

https://kristaltv.net/news/veten-menden-baslayir-cahan-korpeler-evi-usaq-bagcasi?

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu günə o günlərdən keçib gəldik – yazarlar ötən illərdə

MƏNIM XALQIM

Dili sənə dost deyənin əli gizlicə
Əsrlərlə ayağının qazıb altını.
Sən bu ağır günlərində məğrursan necə,
Mənim xalqım, uca saxla təmiz adını!

Başımızın üstündədir yenə duman, çən,
Yolumuzu seçməliyik biz bəri başdan.
Ümidin var, heç bilmirəm nə gözləyirsən
”Dovşana qaç, tazıya tut” – deyən qardaşdan?

Ədalətdən hey dəm vuran dostun səsində
Bu günəcən bir zərrə də haqq görməmişəm.
Səndən başqa xəyanətin məngənəsində
Sıxılsa da, ”uf” deməyən xalq görməmişəm.

Dost demisən qismətini basıb yeyənə,
Bəsdir daha, həqiqətin gözlərinə bax!
Neyləyəsən, bəs qatığa qara deyənə
Açıq-aşkar haqq verirsə güvəndiyin dağ?

Canavarla həvirləşib hiyləgər köpək,
Üzdə mənim tərəfimi saxlamasın o.
Dəysin özcə təpəsinə etdiyi kömək,
Təki vuran qolumuzu bağlamasın o.

Azadlığı verməyəcək sənə kimsə pay,
Ayağa dur, öz oduna, közünə güvən.
Mənim xalqım, bir kimsədən gözləmə haray,
Ağır sınaq günlərində özünə güvən…

 1990

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

RAFİQ YUSİFOĞLUNUN YARADICILIĞINDA ÇOCUK ŞEİRLƏRİ

RAFİQ YUSİFOĞLUNUN YARADICILIĞINDA ÇOCUK ŞEİRLƏRİ
(“Nağıl qapısı” kitabı və “Kötük” şeiri əsasında)

Özət. Makale, şair, edebiyat eleştirmeni, profesör, Azerbaycan Cumhuriyeti Şerefli Sanat İşçisi, “Güvercin” dergisinin genel yayın yönetmeni Rafik Yusifoğlu’nun çocuk edebiyatına yönelik “Masallar Kapısı” adlı kitabında yer alan bazı şiirler ve “Kütük şiiri” incelenmiştir.

Açar sözler: şair, sanat İşçisi, edebiyat eleştirmeni, “Güvercin” dergisi,

Summary. In the article is studied some poems and the poem “Stub” included in the book “The Door of the Tale” dedicated to children’s literature, by Honored Art Worker of the Republic of Azerbaijan, editor-in-chief of the journal “Pigeon”, poet, literary critic, professor Rafig Yusifoglu.
Keywords: poet, art worker, literary critic, “Pigeon” magazine

XX əsr Azərbaycan uşaq şeri bir tərəfdən şifahi ədəbiyyat xəzinəsindən, digər tərəfdən ölməz sənətkarların hikmətlə dolu nəsihətamiz əsərlərindən bəhrələnmiş, nəhayət, əsrin demokratik məzmunlu ədəbi irsi zəminindən yeni inkisaf mərhələsinə daxil olmusdur.
Azərbaycan uşaq ədəbiyyatının ilk kamil nümunələrini M.Ə.Sabir, A.Səhhət və A.Şaiq kimi görkəmli sənətkarlar yaratmışlar.
Əsrin əvvəllərindən başlayaraq A.Şaiq uşaq ədəbiyyatı ilə ardıcıl məşğul olmuş, uşaq ədəbiyyatının təməlini qoymuşdur. Onun yeni mündəricəli poetik yaradıcılığında gənc nəslin nəcib mənəvi keyfiyyətləri, ana vətənə sədaqət, əməyin qüdrəti bədii əksini tapmışdır.
Gənc müasir şairlər uşaq ədəbiyyatı nümunələri yaradarkən A.Şaiqin açdığı cığırla irəliləyirlər. M.Müşfıq, S.Rüstəm, S.Vurğun, R.Rza, M.Seyidzadə, H.Əlizadə, M.Dilbazi, O.Sarıvəlli, N.Rəfibəyli, M.Rzaquluzadə,Ə.Abbasov, Ə.Cəmil kimi şairlərin yeni uşaq şerinin yaranmasında misilsiz xidmətləri olmuşdur.
M.Dilbazinin uşaqlar üçün yazdığı bir şeiri xüsusi qeyd etmək istərdik:
…Laylasında anam mənə
Belə demiş dönə-dənə;
– Bir anan mən, biri Vətən,
Yadda saxla bunları sən.
Şairə uşaqlara ana və Vətənin önəmliliyini, eyni mahiyyət daşıdığını sevgi dolu həssaslıqla şeirinə gətirmişdir.
Doğma vətəni uşaqlara sevdirmək hissi özünü M.Rzaquluzadə, Ə.Abbasov, Z.Cabbarzadə, B.Azəroğlu, B.Vahabzadə, İ.Səfərli, N.Xəzri, H.Hüseynzadə, H.Abbaszadə, A.Babayev, M.Gülgün, Ə.Kərim və b. şairlərin şeir və poemalarında da öz əksini tapıb.
Bədii ədəbiyyatın üzvi tərkib hissəsi olan uşaq ədəbiyyatını dövrlər üzrə araşdırsaq, bu ədəbiyyatın, əsasən zamanın, ictimai-siyasi durumun çağırışına bağlılığının da şahidi olarıq. Bu anlamda 60-cı illər uşaq poeziyası, 50-ci illərin eyniadlı ədəbiyyatından fərqlənir. Belə ki, ənənəvi mövzular, qəhrəmanlıq – şücaətlə bağlı mövzularla yanaşı, qlobal hadisələr, zamanın yeni hadisə və tələbləri, kosmosun fəthi, ümumdünya hadisələri də uşaq təfəkkürünə, yaşına uyğun tərzdə ədəbiyyata sirayət edir. Beləliklə də, XXI əsr öz tələbləri, öz mövzuları çərçivəsində yeni uşaq şair və yazarlarını yetişdirir. Yetişən bu nəsil içərisində uşaq ədəbiyyatına qəlbən bağlılığı ilə seçilən Rafiq Yusifoğlunu xüsusi qeyd etmək istərdim.
Şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu müasir Azərbaycan uşaq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. O, “Qızıl kəlmə”, “İlin ən yaxşı kitabı”, “Vətən”, “Qızıl qələm”, “Araz” və s. ədəbi mükafatların laureatıdır. 2016-cı ildə Təhsil Nazirliyinin uşaq ədəbiyyatı üzrə elan etdiyi müsabiqədə poeziya üzrə birinci mükafata layiq görülmüşdür. Rafiq Yusifoğlunun indiyədək orta məktəb dərsliklərinə düşən əasərlərinin biblioqrafik göstəricisi dörd yüzə yaxındır. Onun əsərləri bir sıra dillərə tərcümə olunmuş, şeirlərinə xeyli sayda mahnılar bəstələnmişdir. Şairin “Yurdum-yuvam”, “Ətirli düymələr”, “Aylı cığır”, “Çiçək yağışı”, “Böyük arzuya gedən yol”, “Söz çəməni”, “Yollar”, “Daha uşaq deyiləm”, “Quşlar dünyası”, “Zamanın qatarı”, “Sabahın sorağında”, “Qızılı məktublar”,“Bulud fayton”, “Yaddaş kitabı” və sair kitablarında toplanan şeirlər, poemalarAzərbaycan uşaq ədəbiyyatının ən gözəl nümunələri sırasındadır. Bu il şairin “Nağıl qapısı” kitabı “Qızıl kəlmə” mükafatına layiq görülüb.
Zahid Xəlilin təklifi ilə uşaq ədəbiyyatı ilə məşğul olan şairin uşaq şeirləri haqqında ilk sözü isə Tofiq Mahmud yazmışdır. O, “Niyyəti saf, arzuları təmiz” adlı məqaləsində yazır: “Gənc şair Rafiq Yusifoğlunun şeirlərini oxuduqda duydum ki, uşaq ədəbiyyatına maraqlı və istedadlı bir şair gəlir… Rafiq Yusifoğlu ədəbiyyata həvəslə, məhəbbətlə, xeyirxahlıqla gəlmişdir… Kimin ki, məqsədi aydındır, ədəbiyyata gözəl arzularla gəlir, onun yolu uğurlu və mənalı olacaqdır”.
Uşaq ədəbiyyatı sahəsində Rafiq Yusifoğlunun əməyinə verilən qiymət, söylənilən xoş fikir və yazılan təəssüratlar çoxdur. Bu, ayrı bir tədqiqat mövzusudur. Biz, müəllifin şeir, poema, nağıl və həmçinin “Aylı cığır” və “Zamanın qatarı” kitablarındakı əsərləri özündə cəmləşdirmiş “Nağıl qapısı” kitabı və “Kötük” şeiri haqqında söz açmaq istərdik.
“Uşaq dünyası – işıq dünyası” yarımbaşlığı ilə başlayan bu kitabın ilk şeiri “Bərəkət bayrağı” adlanır. Dövlətimizin rəmzi əlaməti olan bayrağımızla qürur duyan şair göyqurşağının belə Lələtəpə dağına endiyini qeyd edir və bunu sual üstündə qurmaqla Vətənimizin bayrağının möhtəşəmliyinə nəzər-diqqəti artırır. Kitabın məhz bayraqla bağlı şeirlə başlaması uşaq təfəkküründə, yaddaşında Vətən torpağına olan sevgini gücləndirmək məqsədi daşıyır:
Hamı fərəhlə baxır
Yurdumun bayrağına…
Göyqurşağı enibdir
Lələtəpə dağına?
Torpağımızın bərəkətli, ruzili olduğunu şeirində /Sevindi torpaq ana, Taxıl çıxdı qurşağa, Sarı-sarı sünbüllər Döndü nura, işığa/…, – yazan şair dalğalanan zəmilər və eyni zamanda dalğalanan bayraq arasında paralel aparır. Bərəkətli vətən torpağı ilə onun rəmzi olan bayraq arasında vəhdət yaradaraq Vətənimizi tərənnüm edir.
Kitabın növbəti şeirlərindən biri, Vətən mövzusunun ayrılmaz tərkib hissəsi olan analara həsr olunmuş “Ana şəkli” şeiridir.
Düşünürəm ki, hər kəsin uşaq vaxtı rəngli qələm və ya təbaşirlə çəkdiyi ana şəkli yadındadır. Hələ uşaq və ata-ananın əl-ələ tutduğu şəkli demirəm… Təbaşirlə anasının şəklini çəkən və həmin şəklə sığınan bir uşağın xəyalına həsr olunmuş bu şeir bizim də hər zaman ehtiyacda olduğumuz ana-övlad sevgisinin tərənnümünə həsr olunub:
Mən asfaltın üstündə
Bir qadın şəkli çəkdim.
Eynən mənim anamdı,
Görün necə qəşəngdi?!
Uşağın dili ilə şəkli danışdıran şair anaları hər kəsdən fərqləndirən şirin-şəkər layladan söz açır. Bəlkə elə o an Rafiq Yusifoğlunun qulağında anasının oxuduğu layla səslənir, bəlkə də o, həmin laylanı sakit səslə zümzümə edərək aşağıdakı bəndini yazır:
Şirin layla səslənir
Elə bil dodağında…
Ta mənə zaval yoxdu
Anamın qucağında…
Bu fəsildə təbiətə, heyvanat aləminə sevgiyə də önəmli yer verilir. Uşaqlar heyvana qayğı göstərməklə qayğıkeş olmağı öyrənirlər. “Küçük” adlı şeir bu anlamda marağımıza səbəb oldu. Ağlayan uşağa yaxınlaşan itə uşaq bir parça çörək verir. Heyvanların ən sadiqi olan küçük ona belə deyir:
…Bir tapşırıq ver mənə
Sənin üçün işləyim.
Kim dəyibsə xətrinə
Gedib onu dişləyim.
Bu kitabın maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, yarımbaşlıqlar – 1. Uşaq dünyası – işıq dünyası. 2. Tariximizdən gələn səslər, mənə doğma olan kəslər.3. Şuşa nəğmələri. 4. Havam, suyum, torpağım, otum, gülüm, yarpağım. 5. Fəsillər və nəsillər. 6. Sizdən hərəkət, bizdən bərəkət. 7. Qazaxıstan nəğmələri. 8. Sehrli aləm. 9. Poemalar-nağıllar. 10. Gül və bülbül. 11. Bacadan yağan qızıl. 12. Zamanın qatarı və s. bu sayaq şeirlər üstündə yazılaraq, mərhələ-mərhələ uşaq zəkasına aşılanır.
Növbəti şeir ana-övlad sevgisinin tərənnümünə, isti ana nəvazişinə həsr olunub. “Anamın sözü” adlanan bu dərin mənalı, lakin sadədilli şeir əvvəl qeyd etdiyimiz mövzuların mabədi kimi çıxış edir və ana-övlad sevgisinin mənzərəsinə tamlıq gətirir:
Nə var anaya
Övladdan əziz?
Körpə balama
Sevgim bir dəniz.
Ümumiyyətlə, Rafiq Yusifoğlunun uşaqlara həsr etdiyi şeirlərin ana axarında Vətən, ana sevgisi önəmli yer tutur.
Həyatımızın ən ağrılı-acılı səhifəsi – Şuşanın işğalı, doğma torpaqlarımızın yadların ayağı altında qalmasıdır. Qarabağ – Azərbaycandır! Buna heç bir şübhə ola bilməz… Tarixin yaddaşına qanlı hərflərlə həkk olunan baş vermiş bütün hadisələr, uşaqlara da, onlara xas bir dildə, aşılanmalıdır. Haqq, ədalət, ərazi bütövlüyü, Vətənə sevgi, uşaqların yaşları nəzərə alınmaqla, ədəbiyyatda hər zaman öz əksini tapmalıdır:
…Deyirəm, təbiət necə
Əlvan çələng toxuyurmuş?!
Şuşada bitən çiçək də
Bülbül olub oxuyurmuş.
Və ya
Əlçatmaz zirvə olub
Cıdır düzü yadlar üçün.
Ancaq bu gün qəribsəyib,
Şahə qalxan atlar üçün.
“Zamanın qatarı” başlığı altında şair təbiəti, dörd fəsli özünəməxsus və eyni zamanda doğal şəkildə təsvir edir. Sanki şair hər misraya öz uşaqlıq illərinin xatirəsini də əlavə edir. Onun “Təbiətin dörd keşikçisi” adlı şeiri bu cəhətdən çox maraqlıdır:
…Ay qış, hara gedirsən? –
Soruşub köks ötürdüm.
Gedirəm bahar gəlsin,
Mən növbəmi bitirdim…
Bahar, Yay, Payız və Qış –
Biz dörd qardaş, dörd fəsil,
Keşiyini çəkirik
Təbiətin müddəsil.
Uşaqlarla yanaşı, gənc nəslin tərbiyəsi də ədəbiyyatın əsas mövzularındandır. Bu baxımdan hər bir tarixi dönəmdə, o cümlədən klassik ədəbiyyatda gəncliyin sağlam ruhda yetişməsinə böyük yer verilib.
Qayəsi nəsihət-ibrət və tövsiyələrin məcmusu kimi çıxış edən bu mövzulara Sədi Şirazinin “Oğul tərbiyəsi”, Nizami Gəncəvinin “Oğlum Məhəmmədə nəsihət” və b. klassiklərin yaradıcılığında da rast gəlirik. Şairlər öz yaşadığı mühitdən narazılıqlarını oğullarına müraciətən yazsalar da, əslində öz notlarını cəmiyyətin bütün gənclərinə illətirlər.
Gəncliyin əməli-saleh böyüməsində Rafiq Yusifoğlunun “Kötük” şeiri bir neçə yöndən nəzər-diqqətimizi cəlb etdi. Şeirə nəzər salsaq, ilk öncə bu şeir cocuqlar üçün təbiətin – ağacın təsviri, baba və nənələrə mütəşabeh tutulan simvolik rəmzdirsə, digər tərəfdən gəncliyə aşılanan ailə bütövlüyü, ailə şəcərəsinin tərənnümüdür. Cəmiyyətin əsasını məhz sağlam ailə təşkil edir:
Elə düşünmə ki, qocadır kötük,
İstəsən, sən ondan dəyanət istə.
Alçaq boyuyla da ucadır kötük,
Neçə şiv doğranar bir kötük üstə.

Ömrünün o ötən, itən çağını
Necə ki, lazımdır, yaşayıbdır o.
Bir ağac ömrünün ağırlığını
Bir zaman çiynində daşıyıbdır o.
Kiçik zoğlar çıxıb hər tərəfindən,
Bürüyüb ətrafı yaşıl bir örtük.
Elə bil babadır, nəvələrini
Toplayıb başına qocaman kötük…

Haqqa doğru gedən karvanın yolçusu olmaq üçün kamillik zirvəsinə ucalmaq lazımdır. Əməli-salehliyin ilk təməli isə cocuqluq dövründə qoyular.
Bu anlamda Rafiq Yusifoğlunun cocuq şeirləri qayəsi baxımından düşünürəm ki, ədəbiyyatımıza qiymətli bir töhfədir.

Müəllif: M.H.Quliyeva
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Erkən yeni dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru.

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏCİDİN YAZILARI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəşad Məcid – Bayrağım

Bayrağım

Səni ən çətin
günlərimdə qorudum,
beynimə həkk edib
ürəyimə sarıdım.
Mahnımda,
nəğməmdə gizlədim.
Aya baxıb xatırladım,
ulduzunu sevdim.
Üç rənginə öyrəndim,
hər üzünü sevdim.
Hücumdan, həmlədən qorudum,
küləkdən, tufandan keçirdim,
Bir gün qaldırdım başımın üstünə,
Saxladım,
əymədim.
Zaval yox indən belə,
başımın üstündən
qoymaram yerə.
Sənə təşnəyəm, acam –
əlim-qolum yorulsa,
dişimlə saxlayacam.
Gücü çatmaz
daha nəsə tərpədə,
kimsə əyə…
Dalğalan,
əs,
açıl yelkən kimi
gedək gələcəyə!

Müəllif: Rəşad MƏCİD

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏCİDİN YAZILARI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Qardaşım

Qardaşım
(Əlinin doğum gününə)
Ay bacılar, biz başına dolanaq,
Yatan evin oyağıdır qardaşım.
Ocaq olaq qarasına qalanaq,
Dərd dərmanı, göz yağıdır qardaşım.

Hər bacıya qismət olmaz neməti,
O, bacının adı-sanı, qiyməti,
Anamızın dizlərinin taqəti,
Dünyasının boyağıdır qardaşım.

Gözüm açıb onu arxa görmüşəm,
Müxənnəti çəkib çarxa görmüşəm.
Yaşamayıb baxtabaxta görmüşəm,
Qismətinin ayağıdır qardaşım.

Böyük-kiçik, hörmətdə yaş biləndi,
Təmizliyi dünyada baş biləndi.
Dostlarını doğma qardaş biləndi,
Belə ağa sayağıdır qardaşım.

Nahidətək üzüyünün qaşı var,
Üç balası- balaların başı var.
Uca dağdır, zirvəsi var, başı var,
Nəvələrin oylağıdır qardaşım.

Haqq-ədalət qalaçası, səngəri,
Düz yoludur- taleyinin misgəri,
Millətinin rəhbərinin əsgəri,
Adın- sanın layiqidir qardaşım.

Nazlı nənə, Tanrı onun köməyi,
Kimlər üçün keçməyibdir əməyi?
Ay Mahirə, Həsən Mirzə deməyi,
El- obanın dayağıdır qardaşım.
8 noyabr 2015- ci il.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BAYRAQ AZƏRBAYCAN – ƏLİ BƏY AZƏRİ YAZIR

ZAUR USTACIN YAZILARI

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ
“BB” – Zaur Ustacın ən çox səs salan hekayəsidir, bəlkə də ədəbiyyat aləmində böyük rezanans yaradan on hekayədən biridir. Kriminal aləmin qloballaşan dünyada adi həyat tərzini qat-qat üstələdiyindən bu başlıq ilk görünüşdə “Bas bayıra” kimi anlaşıla bilər. Yaxud, hələ də bir çox hallarda milli mental dəyərlərimizi qoruyub saxlamağa üstünlük verdiyimiz Azərbaycanımızda onu bizə daha yaxın başqa adlarla da əvəzləyə bilərik. Məsələn: “Böyük Bakı”, “Bizim Bakı”, “Babamın babası”, “Balamın balası” və bu stildə adları daha da uzada bilərik. Lakin bizdən fərqli olaraq Zaur Ustac bu adı yenə də qloballaşan dünyanın başqa – bəlkə də daha vacib bir sahəsinə – bazar iqtisadiyyatının şah damarı sayılan ticarət sahəsinə yönəldə bilmiş və son otuz ildə baş verənlərdən bir qisminin mənzərəsini təsvir etməklə maraqlı süjet xətti üzərində gözəl nəsr nümunəsi yaratmışdır.
Hekayə nəsrin kiçik növlərindən biridir. Ya birinci şəxsin dili ilə söylənilir, ya da üçüncü şəxsin təsəvvüründə canlandırılır. Oxucu ilə arada daha tez səmimiyyət yaransın deyə bir çox qələm sahibləri avtobioqrafiq təsir bağışlayacaq tərzdə əhvalatı birinci şəxsin dili ilə nəql etməyə üstünlük verirlər. Zaur Ustac bəzi sələflərinin yolu ilə gedərək, hətta Qərb ədəbiyyat nümunələrindən bəhrələnərək adıçəkilən hekayədə məhz, bu üsulu seçmişdir. Nəsrin digər sahələrində olduğu kimi hekayədə də zaman və məkan anlayışı əsasən mücərrəd olur, lakin konkret göstəricilər də qadağan deyildir.
“20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9.00, mən artıq işdəyəm” – hekayə bu cümlə ilə başlayır. Texnikanın inkişafı nəticəsində müasir insan dünyanın istənilən məkanında baş verən hadisə barədə tez bir zamanda xəbər tuta bilir. İndi həyatda elə hadisələr baş verir ki, onlar bədii əsərlərdə təsvir olunanlardan daha maraqlı təsir bağışlayır. Oxucunun diqqətini ilk cümlədə cəlb etmək lazımdır ki, sonra nəql edəcəyin istənilən hadisəni ona maraqla dinlətdirə biləsən. Zaur Ustac ilk cümləsi ilə oxucunun diqqətini özünə cəmləşdirməyi bacarmışdır.
“Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı”. Bununla da o, həm öz iş yerindəki vəziyyəti təsvir edir, həm də oxucunu ona danışacağı hansısa qəribə əhvalatı dinləməyə hazırlayır.
Beləliklə, ofisin telefonlarından biri zəng çalır. Dəstəyi xadimə qaldıraraq cavablandırır və əsərin əsas personajına ötürür. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim özünü təqdim edir və zəng vuran xanımın məqsədini öyrənməyə çalışır. Təqdimatın qeyri-adi uzun şəkildə görünməsi heç də oxucunu dolaşığa salmaq məqsədi daşımır, sadəcə, hürriyyətçilik dövründə belə kolantay vəzifə bölgülərini nəzərə çarpdırmaqla Zaur Ustac planlı dövrdən müstəqillik zamanına keçidin bəzi əndazədən çıxma hallarını təsvir etmiş olur. Həm də oxucuya şərait yaradır ki, qırışığı açılsın, özünü cəmləşdirsin, fikrini hekayədə nəql olunacaq əhvalata yönəltsin, çünki indi onun üçün gözlənilməz bir hadisədən söhbət açılacaq.
“BB” şirkətinin nümayəndəsi İlahə xanım telefonda Əli Mülayimin nəzərinə çatdırır ki, qarşıdan yubileylər gəlir, özü də ikisi birdən; həm şirkətin yaranmasının ildönümüdür, həm də şirkətin rəhbəri Bəy Bala müəllimin ad günü olacaq. Bu münasibətlə bos müsahibə vermək istəyir, ona görə ofisə dəvət olunur. Dəvəti məmnuniyyətlə qəbul edir, çünki onların işi elə müsahibələr hazırlamaq, maraqlı əhvalatları yazmaqdır.
Beləliklə, “BB” şirkəti ofisinin yerləşdiyi ünvanını dəqiqləşdirən Əli Mülayim dərhal jurnalistin şans alətləri hesab olunan qələm, bloknot, diktafon və fotoaparatı çantasına qoyaraq, necə deyərlər, tədarükünü görüb üz tutur deyilən ünvana.
Zaur Ustac müsahibə götürüləcək adamın ofisini – işgüzar şəraitini belə təsvir edir: “T şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan noutbuk və sonsuz sayda kağız-kuğuz… Bu mənzərəni insan öz gözü ilə görməsə, sözlə ifadə etmək çox çətindir”, – deyir. Bundan sonra o, salamlaşma və təqdimolunma səhnəsini təsvir edir:
“-Əli Mülayim.
-Çox gözəl, Əli müəllim. Vallah, indi elə zəmanədə yaşayırıq ki, mülayim olmayıb neyləyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun!”
Bu, kiçikdən kiçik dialoq-tanışlıq vasitəsilə Zaur Ustac oxucuya, bəlkə də cəmiyyətə böyük mətləblərin sirrini açır. Sanki ölkəmizdə mövcud olan jurnalist-məmur faktoru bu iki-üç kəlmədə öz əksini tapıb. Harın, rüşvətxor, təpədən dırnağadək korrupsiyaya qurşanıb qudurmuş bəzi məmurların qarşısında heç bir sosial müdafiəsi olmayan, hüquqları yalnız kağız üzərində qorunan jurnalistin mövcudluğunu qorumaq, elementar yaşayış tələbatını ödəmək üçün mülayim olmaqdan başqa çıxış yolu qalırmı? Qalırsa da, bu yol mübarizlik yolu deyil, sonda onu həbsə aparacaq əzilmək, sındırılmaq, şərlənmək, ölkədən didərgin salınmaq yoludur. Bu yol itki yoludu, gedər-gəlməz yoldu, çox adam gedib, hələ geri qayıdan olmayıb. Bir nəfər yarı yoldan – Türkiyədən qayıtmışdı, o da dərhal həbsə atıldı.
Burda elə görünə bilər ki, əsərin zirvəsinə yaxınlaşma prosesi gedir. Ya elə bir hadisə baş verəcək ki, kulminasiya hesab olunacaq, ya da Bəy Bala müəllimlə Əli Mülayim hansısa sözə görə anlaşmayacaq, bununla da müsahibə alınmayacaq. Əslində, əsəri maraqlı edən elə bu cür süjetlərdir, dirənişdir, personajlar arasında yaşanan dramatiklikdir. Zaur Ustac burda belə görüntü yaratsa da başqa yol seçib. Axı onun personajı hansısa Vulkan, İldırım, Şimşək ləqəbli birisi deyil, sadəcə Mülayimdir. Bəy Bala müəllim onu anlayacaq birisini tapdığına görə uşaq kimi sevinir və dərhal niyyətini açıqlayır. Özünün 55, şirkətin yaranmasının 20 illiyini müsahibinin diqqətinə çatdırır. Amma özünü elə göstərir ki, onun buna ehtiyacı yoxdur, elə-belə, sözgəlişi “mətbuatda, televiziyada bu barədə məlumat getsin”, deyir.
Əsərin bu yerində Bəy Bala müəllim gözlənilmədən bir eyham vurur:
“Bir də xahiş edirəm o maskanı çıxardasınız. Burada kim var ki? İnanın səmimiyyətimə, bunlar hamısı boş şeydir. Can verən də, alan da, bax, o kişidir!”
Burda Zaur Ustac üstüörtülü olsa da diqqəti iki məqama yönəldib. Birincisi, dünyanı ağuşuna götürmüş Koronavirus pandemiyası nisbətən səngisə də, qapalı məkanlarda maskasız gəzmək qadağası tam olaraq aradan qaldırılmamışdı. Bəy Bala müəllim öz iş otağında maskasız əyləşsə də qonağının maskada oturmağı onu narahat edirdi, tıncıxdırırdı. İkinci məsələ isə bunun məcazi mənasından gedir. Bir də görürsən məmur hansısa jurnalistin səmimiyyətinə inanır, ağzın qoyur Allah yolunda, nə istəyir, danışır. Danışığı xəlvətcə lentə alan jurnalist cənabları bir müddət sonra bunu üzə çıxardaraq yayır və aləm bir-birinə qarışır. Ya da əksinə olur, məmur jurnalisti dilə tutub danışdırır, onun səsini yazır, rəhbərlərinə qarşı istifadə edir. Maskalanmış insanlardan cəmiyyətdə hər nə desən gözləmək olar.
Zaur Ustac məharətlə bu eyhamı vurub tez də üstündən adlayıb keçir. Mirzə Ələkbər Sabir demişkən: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın!”
“Dedi (Söhbət Bəy Bala müəllimdən gedir – Ə.A) və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı”.
Beləliklə, Əli Mülayim Bəy Bala müəllimdən müsahibə götürür. Bəy Bala müəllim uşaqlığından başlayaraq həyatında baş verən bütün hadisələri xırdalığınadək incələyib danışır. Böyük ölkənin necə kiçik dövlətlərə parçalandığından, oxuya-oxuya alverə qurşandığından, xırda ticarətini inkişaf etdirərək ailə biznesi yaratdığından tutmuş ailədaxili baş verən kiçik detallaradək hər nə baş veribsə, hamısını açıqlayır. Burda yazıçı məharəti dərhal özünü büruzə verir. Zaur Ustac Bəy Bala müəllimin dili ilə Sovetlər ölkəsinin dağılması ilə müstəqillik əldə etmiş dövlətimizin hansı daxili fəsadlarla üzləşdiyindən, o vaxtkı insan təfəkkürünün bir andaca əriyib getməsindən və yeni yaranmış münbit bazar-ticarət əlaqələrinin sürətlə inkişafından və başqa mətləblərdən söhbət açır. Ən nəhayət, hər şeyi yerli-yataqlı danışıb rahatlıq tapandan sonra Bəy Bala müəllim soruşur:
“-İndi bu yazının adını nə qoyacaqsınız?
Fikrimdən “Bit Biznesi” keçsə də “Böyük Biznes” dedim.
-Bəlkə bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız. Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq”.
Dahilərdən hansısa deyib ki, “bütün xoşbəxtliklər eynidir, bədbəxtliklər isə müxtəlif cür olur”. Zaur Ustacın baş qəhrəmanı da özünü “Böyük Bədbəxt” hesab edir. Baxmayaraq ki, evli-eşikli, qohumlu-əqrəbalı birisidir. Biznesi də özünün dediyi kimi Bakıdan vurub Dubaydan çıxan, Dubaydan vurub İstanbuldan fırlanaraq yenidən Bakıya gələn böyük şəhərlərdə adam sıxlığından istifadə edərək sürətlə artıb çoxalan nadir biznes sahəsidir. Bununla belə o, özünü böyük bədbəxt hesab edir. Deməli, xoşbəxlik var-dövlətdə, ailə-uşaqda, qohumlar və dostlar arasında ayın-şayın yaşamaqda deyil, səni anlayacaq birinin yanında olmaqdır. Bəy Bala müəllim məhz o gün – müsahibə verdiyi gün onu anlayacaq birini tapdığına sevinir və özünü xoşbəxt sanır.
“-Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil”, – deyir Bəy Bala müəllim. Bu qədər qohum-əqrəba, dost-tanış, biznesində istifadə etdiyi adamlar arasında onu anlayacaq bircə nəfər də olsun tapıb ürəyini boşalda bilməyən “Böyük Biznes” sahibi Bəy Bala müəllim…
Zaur Ustacın “BB” hekayəsini uğurlu nəsr əsərlərindən hesab etmək olar. Ən azından otuz illik bir qərinənin gözəçarpmayacaq panoraması canlandırılır bu hekayədə… Bilmədiyimiz, bəlkə də varlığına fikir vermədən adi hal kimi baxıb, yanından ötüb keçdiyimiz ciddi sahələr işıqlandırılıb bu əsərdə…
Yazıçının missiyası qələmə aldığı əhvalatı təkcə bədii mətnə çevirib cəmiyyətə təqdim etməkdən ibarət deyil, həm də sətiraltı olsa belə cəmiyyətə ideya verib hekayəsini hərtərəfli mənalandırmağı bacarmaqdır. Düşünürəm ki, Zaur Ustac burda qarşıya qoyulmuş tapşırıqların hər ikisinin öhdəsindən məharətlə gəlib.
“BB” hekayəsində təkcə şirkət qurub bizneslə məşğul olmaq deyil, çalışqan insan üçün götürüb inkişaf etdirəsi müxtəlif istiqamət və yollar mövcuddur. Ən əsası isə dövrün bir çox böyük sahələri bu kiçik həcmli əsərdə öz mənzərəsini əks etdirib.
20 noyabr 2022, Xırdalan şəhəri.

Müəllif: Əli bəy AZƏRİ 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahlar Göytürk – Şəhid atası.

ŞƏHİD ATASI

Ziyarət elədim şəhid evini,
Heç kimin ovqatı, kefi yox idi..
O köhnə daxmada, balaca evdə
Nə qədər adam var, gözütox idi.

Axdı çeşmə kimi yaş yanağımdan,
Baxıb qürurlandım, şəhid oğlutək.
Utandım əlimdə apardığımdan,
Düşündüm, gedəydim əliboş gərək.

İlahi, kim kimə diləyir səbir
Döndü o daxmada ürəyim dağa.
Şəhid ailəsində qürura bax bir,
Təsəlli verirlər gələn qonağa…

Hiss etdim özümü Məkkədə, pirdə,
Çox yorma özünü yadda qalmasam.
Gələsi deyiləm bu evə bir də
Əlindən öpməyə layiq olmasam,

Bilirəm, çox şey var sənə çatası,
Onsuz da yanında əliboşam mən.
Səni kasıb sandım, Şəhid atası,
Bağışla, sənindir bu boyda Vətən.

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru