
Gənc yazar İlkin İmambaxışov 2002-ci il, iyul ayının 28-də Bakının Hökməli kəndində anadan olmuşdur.Hökməli tam orta məktəbini bitirib, peşə məktəbinə daxil olmuşdur.Ədəbiyyata marağı kiçik yaşlarından olan İlkinin yazdığı şeir və qəzəllər öz dərin mənası ilə oxucuların, ustad şairlərin diqqəti cəlb etmişdir.
Sıxıb öz qəlbini gündə, dayanıb güzgü önündə,
Saçı həsrətdən ağarmış qıza baxdıqca baxarsan,
Darıxarsan…
Ölərəm bir gün, əzizim, bəzəyər dövrəmi güllər,
Saçına qəbrimin üstdən götürüb lalə taxarsan
darıxarsan…
Bir məzartək sıxar hər dəfə divarlar səni evdə,
Gah qaçarsan çölə, gah eyvana səssizcə çıxarsan,
Darıxarsan…
Necə ki, qəlbimi həsrətlə sıxardın, o şəkildə,
Gözünü ağlamamüaqçün ya yumarsan, ya sıxarsan,
Darıxarsan…
Gecə bir isti yataqda üşüdər ruhunu heçlik,
Payızın boynuna aciz kimi hər dərdi yıxarsan,
Darıxarsan…
Dedin; ölsən də səninçün bu qadın bir də darıxmaz,
O darıxmaq düzələn şeydi, darxıma,
darıxarsan…
darıxarsan…
O qədər gözəl gedib, kaş, qayıdıb gedəydi bir də,
Bir ümid verəydi, sonra məni tərk edəydi bir də.
Boğub öldürəydi quştək son ümidimi əlində,
Ölüsün də basdıraydı ürəyində – ən dərində.
Yuxuya gedib yatanda, gecələr gəlib xəyalı,
Məni qorxudaydı hər gün qarabasmalar misalı.
Gözümə düşəndə əksi, gözümü sıxıb, yumaydım,
Onu göz qapaqlarımla bir ömür qucaqlayaydım..
Bir öpüş də istəyəydim məni qorxudan bu qızdan,
Saçını fikirlərimtək dağınıq tutan bu qızdan.
29 avqust, 2023.
Mən təkliyin zirvəsinə çatmışam,
Əli çatmaz, səsi çatmaz bu zirvəyə kimsənin…
Heç xəbərin var sənin? –
Bu zirvəyə çıxmaq üçün bütün ağır hisslərimi atmışam…
Darıxıram… məni bura çox yorub…
Gecə-gündüz bu zirvədə oturub,
Gəlib-keçən küləklərə bir ümidlə toxunuram;
bəlkə, sənin saçlarına məndən sığal apardı…
Neyləyim e, sevgilim? – mən də belə ovunuram.
Burda sənə toxunmayan əzalarım üşüyür…
Tutmadığın əllərimi buz tutur,
Öpmədiyin dodaqlarım çatlayır.
Sənsizlik at oynadır içimdə,
Ürəyimi tapdayır…
Bu zirvəyə çıxmaq mənim illərimi aparıb.
İndi isə burdan düşə bilmirəm.
Ən pisi də odur ki, siqaretim qurtarıb…
2 Dekabr 2023.
Müəllif: İlkin İmambaxışov
Təqdim etdi: Aytac İBRAHİM
Aşıq Qurban: – Pərdəli gəzməyən
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru