
Ey fikrimi ram etmiş könlüm bürüyən kaşlar,
Qopduqca qiyamətlər tənimdə, əcəl başlar.
Hissimdən olar bariz gözlərdən axan yaşlar,
Qəlb içrə fəğan eylər ruhum kimi qəllaşlar.
Etmiş sinəmi zindan, eşqin acı həsrətdir,
Sönmüş ürəyin nuru, gör bir necə zülmətdir.
Yoxdur ürəyə çarəm, hər çəkdiyi zillətdir,
Bitməz bu acı həsrət, gör ki necə illətdir?
Onsuz qaralır dünyam, zülmət bürüyür aləm,
Yox məndə dözüm əfsus, aləmdə bütün naləm.
Qopsun xəyalım başdan, qalmış yuxusuz didəm,
Tənha bu məhəbbətdən hər gün doğular bir qəm.
Ey ömrü xəzan qılmış həsrət dolu dildarım,
Hüsnümdən olan vaqif ruhumdakı əsrarım.
Gəlməz baharım neyçün, açmaz gülü gülzarım,
Donmuş əbədi əfsus qəlbimdəki ah-zarım.
Ey Mehri, sığın qəlbən, eşqin evi azaddır,
Dünyadakı hər zərrə eşq ünvanına yaddır.
***
Atdın məni ey dilbər, səssizcə çıxıb getdin,
Öldürdüyün insanə fəxr ilə baxıb getdin.
Arxanca gözüm yaşlı, görməzcə dönərkən sən,
Rəftarın ilə qəlbi bir anda yaxıb getdin.
Neyçün eləyib peşman qəlbimdəki sevdamı,
İllərcə olan eşqi bir gündə yıxıb getdin.
Mən dağ kimi eşqimlə qarşında sipər oldum,
Dəryasayağı məndən leysantək axıb getdin.
Əfsus ki inanmışdım ömrüm sənə bağlanmış,
Sənsə bu geniş ömrü dərd ilə sıxıb getdin.
Qürrənlə baş aldın sən, divanəliyin tutdu,
Bildim ki bu yol ilə əfsus karıxıb getdin.
Ayrıldı Vüsaləndən həqqin üfürən ruhu,
Dünyanı görüb tənha, sən də darıxıb getdin.
***
Gəl, yığışdır bu könül içrə toz olmuş qəmimi,
Necə öldürmüsən insafsız, ürək həmdəmimi?
Mən yıxıldıqca tutan olmadı, əfsus, biri sən,
Necə sevdin ki məzar içrəyəm, ancaq dirisən…
Bir xəyal ilə coşan qəlbimi dindirməlisən,
Mən can üstündə, gedən ruhumu döndərməlisən…
Mən ki hicrindən ölüm pəncəsinə həbs oldum,
Bir gül idim, sənin eşqinlə saraldım, soldum.
Bunca ah-naləmə səssiz necə dözdün, getdin?
Bir ümid var idi, məndən onu üzdün getdin…
Sən səfa vermədin, ancaq ki cəfa çəkdirdin,
Min sitəm içrə sevən qəlbə bəla çəkdirdin.
Al, bu cismimdə sönən ruhuma məş’əl yandır,
Gəl, bu sevda ilə öz könlünü qandır, qandır.
Mehri ölməz demə, gəl son günü qəbrim üstə,
Ağla, göz yaşın ilə qoy gülü qəbrim üstə.
***
Könül, beyhudə sevdadan nədən əl çəkməz oldun sən?
Fərağın daddığın gündən vüsalın seçməz oldun sən…
Əzablar içrə qıvrıldın, vəfasız oldun əlbət sən,
Məhəbbət şərbətin əfsus bu yüzdən içməz oldun sən.
Alıb əğyar(i)lər sevdanı səndən, gəl sitəm etmə,
Nədən yarın xəyalından bir anlıq keçməz oldun sən?
Həqiqət bağına girdin, o aşiqdən nişangah yox,
Nübarın görmək üçün bağda bir gül əkməz oldun sən.
Qəmi-dünyaya meyl etdin, qədəhindən süzən damla,
Qan oldu göz yaşıntək, Mehri dərdin çəkməz oldun sən.
***
Məni ağladıb, kənarda gülə bildiyin qədər gül,
Daha varlığın önəmsiz, ölə bildiyin qədər öl.
Məni tənha qoyduğun gün elə ayrı düşdü yollar,
Nə qədər uzaq da olsan, gələ bildiyin qədər gəl.
Gözümün yaşın uzaqdan görə bilməsən də ey yar,
Toxunub xəyalın içrə silə bildiyin qədər sil.
Sənə sevgim, eşqim azdır deyə zənn edərdin əvvəl,
Necə zənn edərdin, indi elə bildiyin qədər bil.
Daha Mehri öldü, getdi, ya uzaq-yaxın nə fərqi?
Qalan ömrünü biriylə bölə bildiyin qədər böl.
***
Kim deyir yarın cəfasın çəkməsəm qəm bilməzəm?
Qəmlər içrə ahu-zaram, qəlbə mərhəm bilməzəm.
Mən ki yarın hər bəlasından sitəmlər çəkmişəm,
Hər sitəmdən min sitəm doğmuş ki, xoş dəm bilməzəm.
Qoymuşam mən dəmbədəm həm hicri-aləmdən qədəm,
Vəslə yetməkdir muradım, özgə bir qəm bilməzəm.
Keçdi ömrüm daği-hicriylə fəğan etməklə çün,
Bu səbəbdən işrətü eyş içrə aləm bilməzəm.
Gərçi mehrabımdır ol qəlbimdə tutmuşdur qərar,
Mən bu sevda ilə Mehri, qəlbə məhrəm bilməzəm.
***
Ey mənim sineyi-əhzanıma məlhəm, tez gəl,
Ey vüqarım, bu sevən könlümə həmdəm, tez gəl.
Ey mənim cilveyi-ruzim və səadət rəmzim,
Ey mənim ruhuma, həm cismimə məhrəm, tez gəl.
Sən mənim eşq baharım, ilk nübarım, yarım,
Ol mənim eşqdə hər dərdimə çarəm, tez gəl.
Nə ola hüsnünü faş et, ki bu çöhrəm gülsün,
Ey mənim Badi-Səbam, aləmi-Rövzəm, tez gəl.
Qeyb olub qəm dodağımdan, nədi busəndəki vəcd?
Ey ləbindən süzülən atəşi-zəmzəm, tez gəl.
Bitməmiş rö’yamın əfsanəsi, istər Mehri,
Ey bu dünyadakı bir tək bəni-Adəm, tez gəl.
***
Hiss eylədi könlüm düşəcək ayrı qəfəsdən,
Can getdi, əsər qalmadı heç məndə nəfəsdən.
Hicran sararaq ruhumu məhv eylədi, əfsus,
Yox bir xəbərim canıma can olmuş o kəsdən.
Etməzmi vəfa eşqimə bir ləhzə vəfasız?
Adətmi edib bunca cəfa verməyə qəsdən?
Gülzarımı xar etməyə and içdi o sanki,
Biçarə könül ömr eləyir böylə əbəsdən.
Ta ki, susacaq eşqə yetən anda bu Mehri,
Vəsf etməyə taqət diləməz düşsə həvəsdən.
***
Yoxdu çarəm ey könül, əlbət bu gündən içmişəm,
Aşiqəm, meyxanədən xəlvət bu gündən içmişəm.
Çün nigarım yox, könül gülşəndə bülbül binəva,
Hali rüsvayəm, edib işrət bu gündən içmişəm.
Saqiya, meydir bu badəm içrə, ya şərbətmidir?
Süzdügün dəmdən dilim şərbət bu gündən içmişəm.
“Mərifətdən nəsnə qıl” söylər Nəsimi adəta,
Əl-həzər ondan, edib adət bu gündən içmişəm.
Olmuşam nəfsə məlaib, ey cəmaət, siz məni,
Nola zəhm ilə edin töhmət bu gündən içmişəm.
Gərçi bu söhbətlə iman əhlini mən çaş edib,
Söylərəm bunca yalan söhbət “bu gündən içmişəm.”
Mehriyəm, yox xanədanımda şərabxor kəs olan,
İçdigim eşqdir, olun rahət bu gündən içmişəm.
***
Kaş ki bilsən gözlərim eşq ilə giryan, xəstədir,
Eşq ilə yanmaqda ol sineyi-büryan xəstədir.
Mən ki, hüsnündən cüda, eşqindən ayru, xəstəyəm,
Eşqtəki vəcahətdən könlüm də üryan xəstədir.
Mən ki hicran bilməz idim, neyçün hicran içrəyəm?
Ol dəva göstər, ürək çəkməkdə hicran, xəstədir.
Görmədim aləmdə hüsnündən, cəmalından vəfa,
Ruhum eşqin xəstəsi, ol dərdi pünhan, xəstədir.
Gəl bu illətdən xilas eylə, əlacım səndədir,
Bil ki eşqindən uzaq qaldıqca bu can xəstədir.
Mehri dərdin ərz edibdir bil həqiqi aşiqə,
Onsuz olmaz könlünə çarə, nə dərman, xəstədir.
Müəllif: Vüsalə Vətənxan (Mehri)
Vüsalə Vətənxan (Mehri)nin yazıları
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru