Zeynəb Cəmaləddin – Olmaz, olmaz.

OLMAZ, OLMAZ

Hər sönən ocaqdan alov gözləmə,
Hər külün altında nar(1) olmaz, olmaz.
Uca zirvələrə yağar hər zaman,
Alçaq təpələrdə qar olmaz, olmaz.

Can qədri bilənə can qurban eylə,
Yolunu aydınlat, çıraqban eylə.
Qədir bilməyənə min ehsan eylə,
Namərddən, nankordan yar olmaz, olmaz.

Çətinə düşəndə qoyacaq yolda,
“Qanını içəcək” hər bir macalda.
Lap on barmağından süzülsə bal da
Narsistin(2) gözündə fər olmaz, olmaz.

Ürəyi xəbisə nə edəsən, nə?
Min yol əlini tut, danacaq yenə.
Xeyirli əməli ha çevir dənə,
Korlanmış zəmində bar olmaz, olmaz.

Qəlbə çapıq düşsə, izləri itməz,
Dünyanın qovğası bitmədi, bitməz.
Hər insan yaşlansa, kamala yetməz,
Hər saçı ağaran pir olmaz, olmaz.

Əslini gizlədər yaşılda, alda,
Nakəs süslənəndə qumaşda, şalda.
Ruhunu kirlətsə bir kirli yolda,
Yenə də gözlərdə xor olmaz, olmaz.

Birinin nəsibi “çarıqsa, çulsa”(3),
Qəlbində şəfəqdən güllər açılsa,
Dilindən ləl düşsə, inci saçılsa,
Bir toyda, məclisdə yer olmaz, olmaz.

Adəm övladının ümid, pənahı,
Haraya yazırsan, Tanrı, günahı?
Məzlum insanların naləsi, ahı,
Sağır qulaqlara car olmaz, olmaz.

Səması günəşdən nura bələnsə,
Gecələr ulduzla, ayla süslənsə,
Sevgiylə, şəfqətlə, sülhlə bəslənsə
Dünya insanlara dar olmaz, olmaz.

Atmosfer, təbiət can verir hər gün,
Zibil adaları(4) artır günbəgün.
Dolaşmış yumaq tək çözülmür düyün,
Dünya bu minvalla var olmaz, olmaz.

Zeynəb, üzün gülər şər olmadıqca,
Şeytan insanlara yar olmadıqca.
Bəşərin məramı bir olmadıqca,
Dünyanın min dərdi bir olmaz, olmaz.
04.07.2023


İzahatlar:
1.Nar –atəş od
2.Narsistlər başqa insanları istismar etmə mövzusunda da qabaqcıldırlar. Öz mənfəətləri üçün hərkəsi çeynəyib keçə bilərlər. Hər şərtlər altında önəmli olan özləridir. Onların gözündə digər insanların heç bir önəmi yoxdur Öz mənfəətlərinin dalınca gedir və bundan da ən kiçik bir üzüntü və peşmanlıq duymazlar. (İnternetdən)

  1. Kasıblıq mənasında
  2. Okeanda zibil adaları – bu adalardan birinin sahəsi 15 mln kv.km-ə yaxın olan stasionar törəmədir. Müqayisə üçün – Rusiyanın sahəsi 17 mln kv. km-dir. (Məlumat internetden götürülüb)

Müəllif: Zeynəb Cəmaləddin

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru