Bugün ( 9 iyul 1975 – 4 yanvar 2015 ) gözəl insan, əsl ziyalı, tanınmış həkim Lənkəran Səfərovun anadan olduğu gündür…
QISA ARAYIŞ:
Səfərov Lənkəran İldırım oğlu 9 iyul 1975 – ci ildə Ağdam rayonu Yusifcanlı kəndində ziyalı ailəsində anadan olub. Ağdam rayon Yusifcanlı kənd orta məktəbində, daha sonra Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsində təhsilini davam etdirərək ürək – damar cərrahı ixtisasına yiyələnmişdi. Azərbaycan Ordusunun Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrində Tibb Xidməti bölməsində həkim-zabit kimi xidmət keçmiş, ehtiyatda olan tibb xidməti həkim-zabiti idi. Öz ixtisası üzrə həkim işləyirdi. 4 yanvar 2015 -ci ildə qəfil ürək tutmasından dünyasın dəyişib. Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin…
Qədim Yunanıstanda Sokrat müdrikliyə görə böyük şöhrətə malik idi. Bir gün bir nəfər böyük filosofu tapmağa gəlib ona dedi:
– Bilirsən, dostun haqqında nə eşitmişəm?
“Bir dəqiqə” deyə Sokrat cavab verdi. “Mənə deməzdən əvvəl mən onu üç ələklə yoxlamaq istərdim.”
“Üç ələk?”
– Bəli, – Sokrat davam etdi. “Başqaları haqqında danışmazdan əvvəl, nəyi nəzərdə tutduğunuzu süzgəcdən keçirməyə vaxt ayırmaq vacibdir. Mən bunu üç ələk sınağı adlandırıram. Birinci ələk HƏQİQƏTdir. Mənə deyəcəyiniz şeyin doğru olub-olmadığını yoxladınızmı? “
– Yox, indicə eşitmişəm.
“Çox yaxşı! Deməli, bunun doğru olub-olmadığını bilmirsən. Keçək ikinci ələyə, XEYİRLİYƏ. Dostum haqqında mənə demək istədiyin şey yaxşı bir şeydirmi?”
“Oh, yox! Əksinə.”
“Deməli,” deyə Sokrat soruşdu, “sən mənə onun haqqında mənfi bir şey söyləmək istəyirsən və bunun doğruluğuna belə əmin deyilsən? Bəlkə hələ də üçüncü ələkdən, FAYDALILIQ sınağından keçə bilərsən. Mənim üçün faydalıdırmı? Bu dost haqqında mənə nə deyəcəyinizi bilirsinizmi?
“Yox, əslində yox.”
“Ona görə də, – Sokrat yekunlaşdırdı, – sənin mənə deyəcəklərin nə doğru, nə yaxşı, nə də faydalıdır.
Bu günkü qəhrəmanım xeyli gəncdi. Amma çiynində min ilin yükü var– Söz yükü. Sözündə Vətən boyda, torpaq boydadı. Məsuliyyətli və dəqiqdi. Arxasında durandı sözünün- Hər mənada. Yaşına görə çox bilir. Elə çox da görüb məncə. Çətinliyin və ağrıların içindən keçib. Həyatda bişənlərdəndi. Ona görə də özünə arxayındı . Elə sözünə də. Aramızda bir fəsillik yol var. O bahardadı, mən payızda. Hərə öz pəncərəsindən baxır dünyaya. Əsas odu baxmağı bacarır. Hərdən sözü adama payızdan boylansa da əhvalına bağışlayırsan duyğularını. Hər məqamda özüdü. Ərklə sözünün qapısını açdığım gənc dostlardandı. Elə hər mənada arxalana biləcəyimiz gəncdi. Gözəl vətəndaşdı, gözəl oğuldu, gözəl atadı, gözəl yoldaşdı, gözəl dostdu. Bu gözəlliyin içində istedadlıdı həm də. Ürəklə “şairdi” deyə bildiklərimdəndi ən əsası:
Bu dünyaya mən dan yeri söküləndə gəlmişəm. Tanrının dərgahından bu bəxtəvər dünyanın Qapqara saçlarına İşıq rəngli ləl-cəvahir Töküləndə gəlmişəm –deyir bu günkü qəhrəmanım—Taleh Mansur. Mənsə –nə yaxşı ki, gəlmisən bu ağlı,qaralı dünyaya. Nə yaxşı sözün qulpundan yapışmısan . Nə yaxşı ki, sözə qahmar çıxanlardan olmusan –deyirəm. Qəlbiylə sözə sarılanlardan pislik gəlməz dünyaya. Safdılar. Qələm sözünə baxmayanda da sözə tutunmağın bir ayrı hikməti var. Hələ sözlə əl ələ verib bu dünyaya meydan oxumağın özü bir qəhrəmanlıqdı. Qəhrəman olmağın özü də bir igidlikdi. Talehin qələminə Tanrı sığal çəkib . Göy üzündən gələnlərdəndi. Bu çoxluğun içində özünü isbat etmək, seçilmək elə də asan deyil. Hərdən Talehdən daha ağır , daha dərin söz, fikir gözləyirəm. Sonra dönüb yaşına baxıram. Yaşına bağışlayıram o vaxt duyğularından asılan gənci. İçindəki atəşinə, oduna bağışlayıram. Yaşıdlarından tez böyüyən adına bağışlayıram . Mənə görə şairi sözündən tanıyırsansa , demək şairdi. Öz cığırı , öz yolu varsa , demək ,özünə sadiqdi . Talehdə də bir qəribə özünəmənsubluq var. Bu heç də özünü bəyənmə deyil, özünə inamdı, özünə güvəndi. Onun bircə şeiri də boğazdan yuxarı yazılmayıb. Kökü var. Havadan asılmayıb. Aydınlığında durulub paklana bilir oxucu. Dağa , daşa salmır adamı, düz yola çıxarır. Ruhunun yolçusudu Taleh. Sözün dalınca düşənlərdən deyil. Söz onun yaxasını buraxmır. Yaxşı mənada:
Şeir qəlbi şah tutasan, şah qala, Söz başını düz önündə əyəsən. Qoşulasan İlahi bir xəyala, Aradabir gedib ərşə dəyəsən.
Sözü İlahiyə ucaltmaq Eşqi duyulur bu misralarda . Bu baxımdan Talehdə özünə özündən baxmaq fəlsəfəsi güclüdü. Nə olursa olsun , ən əsası hər məqamda içindəki sevgini qoruyub saxlamağın bir adı da müdriklikdi . Taleh də gənc müdriklər siyahısındadı bu sarıdan. Bu da bir məsuliyyətdi. Hərdən bu yükün ağırlığından doğulan şeirlər gələr dünyaya. Sonra hamınınkı olar bu dərd. Dərdin böyüklüyünə sarılarsan. Özününkü edərsən. Deyərsən bax budu hər şeydən ucada dayanan Söz. Nə qədər gizlətsə də şairi sözündən tutarsan. Şair sözüylə ələ verər özünü. Elə Taleh Mansur kimi:
Göyün xəyalımdı, Yerin yuxumdu. Sən olan yuxular dərin yuxumdu…. …Bir də ki , sən özün yaxşı bilirsən Sənli yuxuların dayazı olmur, Yağış , qar töksə də ayazı olmur. Nə qışı, nə də ki , payızı olmur. Həsrətə bələnmiş sətirlər ruhuna hopur adamın. Bürünürsən şeirə. Hopur canına ayrılıq. Unudursan sətirlərin arasında bu günü. Dünənə qayıdırsan. Ordan sabahdakı özünə boylanırsan. İtib batırsan dünəndə. Bu günə dönməyə gücün qalmır. Şeir də bu deyilmi?
Döndü göz yaşına gülən sevdalar, Bir də doğularmı ölən sevdalar? Ay mənim başıma gələn sevdalar Başımdakı ürək deyil , ağıldı.
Bilə -bilə ki, sevdaların hamısı hisslərin məhsuludu , yenə də ağılla sevməyin tərəfdarıdı bu gənc həmkar.
..Vəcdə gəldim söz əlindən danışdım, Qəşəngindən, gözəlindən danışdım, Mən dünyanın əvvəlindən danışdım, Sonrasını bilirsən də, nağıldı.
Axıcı misralar duyğulara sığal çəkir. Fikirləşirsən ki, onsuz da hər şey nağıldı. Təki yaşamağı bacarasan. Taleh həm də sözündə özünü göstərənlərdəndi. Heç kimin fikirlərinə söykənmir . Özünə bağlıdı. Eqosu yoxdu. Tanrının çaldığı ilə oynayır. . Dayaz şeirlərin içində boy verir sözüylə. Cılızlıqdan qaçandı . Qəribə sadiqiyi var arzularına. Ümiddən yapışandı. Bir az da üsyankardı. Səbrsizliyi başına bəladı. Arxayınlaşmaz heç nəylə. Heç razılaşmaz da. Sözündən tanıyıram axı. Bir “Ulduz” sevdası da var onun. Ustadı Qulu Ağsəsin yükünə yoldaş olmaqdan da usanmaz . Sevə -sevə çəkər yükü. Quludan dərs alıb axı. Biz müəlliflərin də yazılarının nazını çəkmək var öhdəliklərində. Ərkimizin, görkümüzün yiyəsidilər həm də. Sözlərinin də. Elə Qulu Ağsəs də mənim kimi Talehdə başqalarından fərqli nəsə görüb ki, bu yaşda bu boyda məsuliyyəti onun boynuna yükləyib. Tanrı kömək olsun! Bizdənsə bu gənc dostumuza bolluca səbr, dözüm və uğur arzulamaq qalır. Sözü və yolu həmişə açıq olsun.
9 iyul yazıçı-publisist, geoloq, böyük yazıçımız Süleyman Rəhimovun oğlu Şamo Rəhimovun doğum günüdür. Xatırlayaq. Ruhu şad olsun.
O, 1931-ci ilin aprelində Xalq yazıçısı Süleyman Rəhimovun ailəsində anadan olmuşdu. Ömrü çox qısa olub – cəmi 34 il! Arzuları içində vulkan kimi püskürsə də, ömrü şeh kimi qısa oldu…
Flora XƏLİLZADƏ, Əməkdar jurnalist:
Orta məktəbdə oxuduğu illərdə şeirə maraq göstərər, ara-sıra ürəyindən keçənləri misraların dili ilə qələmə alardı. Amma atası sevimli oğlunun ədəbiyyat sahəsinə gəlməsini istəmirdi. Süleyman Rəhimov Şamonun fizika-riyaziyyat kimi dəqiq elmlərdə böyük qabiliyyəti olduğunu hiss etdiyindən, təbliğatını həmişə bu istiqamətə yönəldirdi. Şamo atasını eşitdi, amma ilhamına da biganə qalmadı. Hələ məktəbli vaxtlarından şeirlər yazan Şamo Rəhimov gəncliyində də bu sevimli vərdişini davam etdirib. Təqribən 2.000 misradan çox şeir yazmışdı. Bəzən də şeirlərini Kəskin təxəllüsü ilə qələmə alırmış. İndi ondan yadigar qalan şeir dəftərçələrini və vəfatından bir neçə il sonra çap edilmiş “Ayrılıq” adlı kitabını vərəqlədikcə, məni ən çox heyrətləndirən məktəbli gəncin ölüm barəsindəki düşüncələridir: “Ayrılıq nə vaxtdandır oxuyur nəğməsini”. “…Zamanın əsən küləyi ömür çəmənimi tapdayıb biçir” söyləyən xiffətli Şamonun 24 yaşında yazdığı şeirdən bir parçaya diqqət edək:
İstərəm qəlbimə səs verə-verə, Dilim öz halını desin bəşərə. Halım elə səda salsın hər yerə, Nəhrlər, dalğalar, sellər ağlasın, Tufanlar, ormanlar, göllər ağlasın!!.
Həyat eşqli, yaşamaq arzulu bir gəncin şeirlərindəki ölüm hökmünün addımları nədən belə tez görünüb, məni xeyli düşündürdü. Bu dərəcədə hər şeyi əvvəlcədən duymaq hansı hissin təsiridir? Şamonun şeirlərində həm də sevən bir gəncin duyğuları da dil açır, amma bütün sonluqlarda əbədi ayrılığın rüzgarı əsməkdədir:
Yer fırlanır, günəş batır, dayanmadan külək əsir, Kainatı dərk etməyə insan oğlu hey tələsir. Karvan gəlir, karvan gedir, təbiət şən, zaman yorğun, Əlvidalıq yeli əsir, insan isə ömrə vurğun.
Onun erkən yaşlarında yazdığı şeirlərdə zamanın, quruluşun gerçək sifəti də görünür. Çox güman ki, bu da ailə mühitindən, atasının söhbətlərindən, ətrafda olan müzakirələrdən yaranırmış. Cəmi 14 yaşında yazdığı misralara fikir verin: Xalqın mərd oğulları zindanlarda çürüyür, Ölüm vəhşi qurd kimi insanlığa yüyürür.
Məşhur alimlərin səhv etdiklərini aşkarladı Şamo Rəhimov orta məktəbi qızıl medalla bitirdikdən sonra Moskvada M.V. Lomonosov adına Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. Sonra SSRİ Elmlər Akademiyasının Fizika İnstitutunun seysmologiya üzrə aspiranturasına daxil olub. 1958-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb Onun haqqında çox mükəmməl bir məqalənin müəllifi olan profesdor Qulu Xəlilov yazırdı: “Hələ ali məktəbdə ikən öz parlaq istedadı və cəsarətli mühakimələri ilə fərqlənən Şamonu akademik Otto Yulyeviç Şmidt və professor Yevgeni Fyodoroviç Savaranski kimi görkəmli alimlər yüksək qiymətləndirmiş və xəbərdarlıq etmişlər ki, Qafqaz oğlu, böyük bir döyüşə atılırsan”.
Yer quruluşunun və qabığının öyrənilməsi sahəsində tədqiqatlar aparmaq üçün böyük ingilis fiziki Reley tərəfindən kəşf edilmiş metod uzun illər (80 ildən çox) əsas götürülürdü. Şamo Rəhimovun seysmologiya sahəsinə gətirdiyi yeniliklər nəticəsində isə bir çox məşhur alimlərin səhv etdikləri də aşkarlandı. Gənc seysmoloqun şöhrəti təkcə Qafqaza, Rusiyaya deyil, bütün dünyaya yayıldı. Şamo Rəhimov seysmologiyaya yeni anlayış- “qlobal dalğalar anlayışı” gətirmişdi. Bu qlobal dalğalar bu gün də bütün dünyanaın seysmik stansiyalarında qeyd edilir. Azərbaycan aliminin elmi kəşfi dünya alimlərinin diqqətini çəkirdi. Hətta onu Amerikaya da dəvət etmişdilər. Sovet hakimiyyətinin qadağaları nəticəsində Şamo Rəhimov okeanın o tayında keçirilən konfransa buraxılmadı… Doğrudur, Şamo Rəhimovun əsərləri xarici ölkələrdə çap olunurdu, məşhur alimlər tərəfindən yüksək qiymətləndirilirdi. Amerikalı professor Elvari Filin Şamoya yazırdı: ” Çox təəsüf ki, Sizin dili bilmirəm, Lakin mütləq öyrənəcəyəm. İstəyirəm Sizə doğma dilinizdə təşəkkür edəm. Tədqiqatlarınız gözəl nəticə vermişdir. Bundan sonra Yer qabığının quruluşunu daha asanlıqla öyrənmək olar.”
“AZƏRBAYCANIN SEYSMİK ULDUZU” Azərbaycan seysmoloji elminin banilərindən sayılan Şamo Rəhimovun bu istiqamətdəki axtarışları, tapıntıları barəsində dünya mətbuatında maraqlı məqalələr də dərc edilirdi. Hind mətbuatında Şamo Rəhimovu “Azərbaycanın seysmik ulduzu” adlandırırdılar. Onun 40-dan artıq elmi əsərinin şöhrəti sərhədləri çoxdan aşıb və müxtəlif dillərə tərcümə edilərək bu gün də qiymətli kəşf kimi istifadə olunur. Onun seysmologiya elmindəki kəşfləri ildırım sürətilə bütün dünyanı dolaşdı . Azərbaycanlı alimin kəşfindən sonra bir sıra xarici ölkə alimləri də istifadə etdikləri metodlara tənqidi yanaşmağa başladılar. Uzun illər bütün dünya tərəfindən qəbul olunmuş, ötən əsrin ortalarına qədər də tətbiq edilmiş və Amerika alimi M. Yunq tərəfindən irəli sürülmüş faza sürətlərinin təyinetmə metodundakı yanlışlıqları elmi dəlillərlə əsaslandıran Şamo Rəhimova ABŞ prezidentinin elmi katibi , professor Fyodr Press tərəfindən dəvətlər, məktublar gələrdi. Hətta öz kitablarını da Şamoya hədiyyə göndərərdi. Bundan başqa, seysmologiya ilə bağlı çap etdikləri bülletenləri də Azərbaycana – Şamo Rəhimova göndərərdi. Şamonun ölümündən sonra da bu ənənənə 11 il davam etmişdir. Amerikada elmi problemləri öyrənən cəmiyyətin orqanı “Nauka” jurnalının naşiri Filip Eybelsonun məktubundan: ” Əziz həmkar! Bizim jurnalımız… elmin və texnikanın, həmçinin elmi cəmiyyətlərin qarşılıqlı əlaqə və problemlərinin müzakirəsi üçün Beynəlxalq forum rolu oynayır. Sizi bu cəmiyyətin üzvü olmağa və bizim elmi səylərimizə kömək etməyə ürəkdən dəvət edirik. Əgər siz bizim jurnalın səhifələrində dünyanın bir sıra, eləcə də Amerika alimlərilə elmi əlaqə saxlasaydınız, çox şad olardıq.” Arxivində dünyanın bir çox ölkələrindən gəlmiş belə məktublar çoxdur.
“Şamo Rəhimov respublikanın geniş seysmostatistika məlumatına əsaslanaraq, Yer qabığını öyrənmək üçün yeni metod hazırlayıb tətbiq etmişdir. Yeni metod zəlzələnin əhatə etdiyi sahədə zəlzələ gücünün dəyişilməsi qanunauyğunluqlarını öyrənmək əsasında Yer qabığındakı yarıqları və eyni tipli sahələri ayırmağa imkan verir. Müəllif geologiyanın bir çox məsələlərini də tədqiq etmiş, yeni söz demişdir. O, qeyri-adi güclü zəlzələlərin nəticələrinə görə, ərazilərin seysmik mikrorayonlaşdırılması metodunu irəli sürmüşdür. Bu seysmik mikrorayonlaşdırma metodu seysmologiyada indi mövcud olan bütün metodlardan daha səmərəli və daha sərfəlidir. ” ( “Kommunist” qəzeti,21 iyul 1966).
Ermənilərin xisləti heç xoşuma gəlmədi Yer qatının xüsusiyyətlərini öyrənmək üçün Şamo Rəhimov Qafqazın bütün yaşayış sahələrində tədqiqatlar aparardı . Belə elmi araşdırmaların növbəti ünvanı İrəvan şəhəri olub. Oradan qayıtdıqdan sonra hansı elmi nəticəyə gəlib? Bu barədə elmi bülletenlərdə rəylər var. Diqqətimi çəkən Şamonun dəftərçəsinə yazdığı qeydləri oldu: “Ermənilərin xisləti heç xoşuma gəlmədi. Onlar əhalidən pul toplamaqla məşğuldurlar. Silahlanırlar. Ürəklərindən Dağlıq Qarabağ keçir. “Bizimdir” deyirlər…” Şamo Rəhimov tərəfindən bu xəbərdarlıq diqqət edin, görün nə vaxt -1960-cı ildə qələmə alınıb. Təəssüf ki, amansız əcəlin qara caynaqları Şamonun başının üstünü çox tez aldı. Neçə-neçə arzusu yarımçıq qaldı. Şamo ailə də qurmamışdı. Cəmi 34 il yaşadı. Bütün ömrünü elmə həsr edən bu istedadlı alim neçə kəşfini, yaradacaqlarını özü ilə apardı. Şamodan sonra nələr baş verdi?. Qardaşı adının əvvəlinə onun ismini yazaraq doğmasını bu şəkildə yaşatmağa çalışdı: Şamo Arif. Cild-cild romanların müəllifi Şamo Arif. Atası Süleyman Rəhimov ömrünün sonuna kimi “Şamo” epopeyasının üzərində işlədi. Yoxluğu onu tanıyanları yandırıb-yaxdı. Toy üstündə olan oğlunu itirən Aşıq Şəmşir görün Dədə Süleymana nə yazırdı:
Yanmalıdır yaralıya yaralı Ürəyim alışdı ürəyin kimi. Uzaq olsun qalanların canından, Dirəyim çəkildi dirəyin kimi.
“Biləyim sınıbdır biləyin kimi” deyən Şəmşirin şərikləri çox olub. Məmməd Rahim, Ramiz Heydər, Feyruz Məmmədov kimi şairlər məhz öz sarsıntılarını şeirlə dilə gətiriblər. Şamo Rəhimov Azərbaycanın seysmorayonlaşdırılmasının xəritəsini yaradan əsas müəlliflərdəndir. Şamo Rəhimov seysmologiyaya yeni anlayış “qlobal dalğalar” gətirməklə, bunun əsasında Yer quruluşunun bütünlüklə öyrənilməsinin son dərəcədə səmərəli üsulunu kəşf etmişdir. Mütəxəssislər dəfələrlə qeyd və etiraf edirlər ki, gənc Azərbaycan aliminin bu elmi kəşfi daha dəqiq və sabit elmi nəticələr çıxarmağa imkan yaratmış, Yer kürəsinin quruluşunu daha dərindən öyrənilməsi işinə təkan vermişdir. Onun gördüyü məhsuldar və faydalı işlər müasir seysmologiya elminin inkişafına səbəb olmuşdur. 2 aprel Şamo Rəhimovun doğum günüdür. Heykəltəraş Ömər Eldarovun böyük ustalıqla yaratdığı qəbirüstü abidə elə canlı və mükəmməldir ki…Bir qədər diqqətlə baxdıqda, sanki Şamonun öz səsini eşidirsən: Qəlblərdə sönməyən xatirə qoydum İndi xumar-xumar rahat uyuyum.