Səyyad Əhmədli (Göyçəli)nin şeirləri

Səyyad Əhmədli (Göyçəli)nin şeirləri

Dəli könül
Dəli könül nə atlanıb, düşürsən,
Tale sənə nə veribdi barış, get.
Qədərin,qismətin nə isə götür,
Çalış doğru yolçulara qarış ,get.

İnsanı ucaldan namusdu,ardı,
Əfsanə seylərdi, puldu, ya vardı
Çəkmə çox xiffətin, o, bir azardı,
Şükr elə, bəsindi qəpik-quruş , get.

Arxaya boylanıb alışma, yanma,
Namərdin yanında əyilmə, sınma,
Səni tərk edəni düşünmə ,anma,
Fələklə əbəsdi, bil ki, yarış, get.

Var-dövlət fanidi,boşdu, bil onu
Aqillər cox yaxşı bilirlər bunu,
Beşcə arşın ağdı həyatın sonu,
Arxanca gələnə ver ismarış, get.

Səyyad, bu işlərdə gəl olma naşı
Varmadın fərqinə, öturdün yaşı
Əgər ki, istəsən ağrımaz başı,
Uzaqlaş bu işdən, qarış- qarış , get.

      

Gələk

Ay aran gözəli gedək mənimlə,
Ulu Göyçəmizi dolanıb gələk.
Bənzəri olmayan dağlarımızda,
Bitən gül-çiçəyə bulanıb gələk.

Qoyaq izimizi hər bərəsində,
Uyuyaq qartalın qıylı səsində,
Üç daşlar, Yelli yurd,Şıx dərəsində,
Buzlu bulaqlarda sulanıb gələk.

Uşaq vaxtı bir az kənar gəzdiyim,
Qorxa-qorxa yarpağını üzdüyüm,
İncidəndə hərdən dodaq büzdüyüm,
Gicitkən kolunda dalanıb gələk.

Səyyadın saralmış-solmuş kəndinin,
Yağı tapdağında qalmış kəndinin,
Dilinin əzbəri olmuş kəndinin,
Birlikdə oduna qalanıb gələk.

         

Anadı

Bu dünyaya,gələn gündən, biləsən,
Həyatında, xanimanın, Anadı.
Aldığın nəfəsdi,gözünün nuru,
Çox sevdiyin şirin canın,Anadı.

Qüssədən, kədərdən sozalsan da sən,
Dilində əzbərdi,qocalsan da sən,
Hansı zirvələrə ucalsan da sən,
Şan-şöhrətin,adın-sanın ,Anadı.

Qaşqabaq sallayıb, olma acıdil,
Məhşərdə yanarsan, onu yəqin bil,
Rəftarın xoş olsun,qucaqla, de-gül,
Dost-tanışın, dördbiryanın, Anadı.

Məndən şeir uman ,a özbək qardaş,
Qulaq as, söyləyim,heç qalma çaş-baş,
Namus da,qeyrət də…həm də ki, sirdaş,
And içdiyin saf vicdanın ,Anadı.

Kəlməsi,hikmətdi, əməl et, Səyyad,
Onun göstərdiyi yolla get, Səyyad,
Peyğəmbər (s)söylədi,sırğa et,Səyyad,
Həm cənnətin, din-imanın, Anadı.

 

Sən bir şəmsən

Sən bir şəmsən, mən pərvanə,
Hey başına dolanaram,
Aşkar, gizli, atəşinə,
Alışaram, qalanaram.

Sən çiçək ol, mən də bağban,
Sığal çəkim ləçəyinə,
Xoş ətirin məlhəm olsun,
Bağbanının ürəyinə.

Bəd nəzərdən uzaq olub,
Biz yaşayaq ömrümüzü,
Kədər-qüssədən aralı,
Şən keçirək günümüzü.

lhamımı səndən alıb,
Cəh-cəh vurum bülbül kimi,
Aləmə bəyan eləyim,
Sənə olan saf eşqimi.

Boş verək hər deyilənə,
Sanki küləklər aparmış
Desinlər Səyyadın qəlbin,
Cananı kökdən qoparmış.

        

Yazım

Şeir istəyirsən məndən a dostum,
Kədərdənmi yazım, dəmdənmi yazım
Sazım köklənibdi qəmin üstünə,
Dindirim zildənmi, bəmdənmi , yazım.

Şuxluq kənar gəzir xanimanımdan,
Hansı xoş günümdən,bir xoş anımdan,
Əlimi üzdüyüm sağlam canımdan,
Saçıma tökülən dəndənmi yazım.

Özünü yalançı bəy seçənlərdən,
Süfrəmdə əyləşib yan keçənlərdən,
Sərəfə söyləyib, mey içənlərdən,
Yalançı dostlardan, səndənmi yazım.

Dəyməsin xətrinə Səyyadın sözü,
Qalmayıb heç kimin varında gözü,
Söz verə bilmirəm,söyləyim düzü,
Qabında kif tutmuş dəmdənmi yazım.

      

Heyif

Bacarasan yaşamağı,gözəldi,
Hər şeyi dərd edib çəkənə heyif.
Ömür karvanını vaxtsız, vədəsiz,
Tərk edib dünyadan köçənə, heyif.

Biganə ol, unut dünya qəmini,
Möhkəm saxla həyatının himini,
Sızıldadıb ömrün sarı simini,
Gözündən leysanlar tökənə, heyif.

Allahdan doğru yol dilə sən Səyyad,
Onun dərgahında köləsən Səyyad,
Var-dövlət fanidir,biləsən Səyyad,
Altundan saraylar tikənə, heyif.

Müəllif: Səyyad Əhmədli (Göyçəli)

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vasif Ayan Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub.

Xan Şuşinskiyə – Xan əmiyə hər konsertdən çıxanda deyərmişlər ki:
-“Maşallah, əla oxuduğunuz, Xan əmi”
Xanəndənin cavabı belə olarmış:
-“İndi görən Allahyara (Xan əminin qardaşı, tarzən) bir ad verərlər? Qardaşının ad almağını elə çox arzularmış Xan əmi.


Mənə də hər dəfə deyəndə ki, “Yazıçılar Birliyinə üzv ol” birinci deyirdim ki, görən Vasif nə vaxt üzv olacaq?
Bu gün ağabəyin (atamın təbiri ilə onu belə çağırıram, hərçənd həmşərilər böyük qardaşa “dadaş” deyərlər) Yazıçılar Birliyinə üzv olması məni sevindirdi. Onun şöhrətə can atmasını, iddialı olmasını, bir qədər də dünyagir olmasını tam təbii sayıram.Canındakı şöhrət damarını torpaq ünsürünü daşıması, ayağını Yerə bərk dayaması, Qız bürcündən olması ilə izah edərdim.Elə təxəllüsü də bircəcik qızı – Ayanın şərəfinədir. Olsun! Böyük fransız yazarı
Lui – Ferdinand Detuş da sevimli nənəsinin adı – Selin təxəllüsü ilə tanınırdı. “Gecənin sonuna səyahət”, “Cəsədlər məktəbi” , “Ölüm və borc” əsərləri ilə fransız nəsrinə böyük qatqılarda bulunan (baxmayaraq ki, nasizim dəstəkçisi idi) Selin xalqının çatışmazlığını gözəl tənqid edirdi, nəinki tənqid, hətta cəmiyyətə həqarətlər yağdırar, yeri gələndə isə söyərdi.Amma orijinal söyərdi, gözəl söyərdi, sevdiyindən, dərdinə yandığından elə söyərdi ki, fransızların dəymişi qala-qala, kalı tökülərdi. Vasifin də qələminin Selin kimi püxtələşməyini arzu edirəm, çünki Vasif Ayan da cəmiyyət naqisliyini, nöqsanlarını geninə-boluna tənqid etməkdə pərgardır. Mənfi hallarla üzləşəndə əsəbiləşir, özündən tez çıxır, hətta üsyan edir.
Bu, həm də onun sərbəstliyini, daxili azadlığını, bəzən komplekssiz olmasını şərtləndirir.Onun sakit görünüşünün arxasında həmşəri tərsliyini, inadkarlığını sezmək çətin deyil.
Haqsızlığa əsla biganə qalmır, bu da onun yurddaş kimi mövqeyindən irəli gəlir.Ortabab yazarları, bəzən “3” qiymətində olan sənət adamlarını “əfsanə”, “dahi” adlandırması millətini böyük görmək istəyinin göstəricisidir.Tində dondurma, ya tum satacaq səviyyədə olan kino, televiziya işçilərini, sənət adamlarını “fenomen” çağırmasını insanlığa aşırı mərhəməti, dolu sevgisi ilə izah edirəm.
Bəlkə dadaş Rəsul Rzanın “insanda insanı oyadın!” misrasını məndən daha tez əzbərləyibmiş, deyə bilmərəm.


Bir şeyi deyə bilərəm ki, Göyçay ədəbi məktəbi – Həbibi, Rəsul Rza, Ənvər Məmmədxanlı, Əli Kərim, İsgəndər Coşqun, Əli Səmədli, İbrahim Göyçaylı, Əkbər Əlioğlu bulağı indi də çağlamaqda davam edir.Bu vəsiqəyə atılan Anar imzasının bir Göyçaylının başqa bir Göyçay mühitində yetişən yazara deyil, bütün yurddaş, vətəndaş yazarların gələcək uğurlarına atılan imzası olacaq!
08.07.2024.

SEVGİLƏRLƏ: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BİR YAZI YAZMAQ İSTƏYİRƏM…

BİR YAZI YAZMAQ İSTƏYİRƏM..
Bir yazı yazmaq istəyirəm… Səmalarda qərar tutsun, heç enməsin yerə, yerdən baxmasın göyə… Torpaqda ilişib qalmasın, üst-başı tozlanmasın…
Böyük dar ağacı, görünsün dünyanın hər yerindən… Bir günahkar asılsın hərfindən, hər sözündən…
Bir yazı yazmaq istəyirəm, ocaq olsun, yığışsınlar istisinə… Kasıblara yaxın olsun. Elə ocaq ki, qızışdırsın arzuları, xəyalları. Üfürənlər kor olmasın minnətinə, nazına, buruq- buruq tüstüsünə…
Biri məndən soruşur: – Nəsrəddini tanıyırsan? Deyirəm, xeyir! Əşşi, necə naxçıvanlısan ki, tanımırsan? O da yerlindi, sizinkidir, bizimkidir… Pomprokurordur, dekan, ya da rektordur… Bir yazı yazmaq istəyirəm, deyim qardaş, heyifdir sənə o boyda baş.. Mən ağacları, canlıları tanıyıram.. Vəzifə, gəvəzəliklə maraqlanmıram, Günəş altında işıq- İnsan axtarıram.
Mən tək Naxçıvan deyiləm, Şuşayam, İrəvanam əsirlikdəyəm, Xocalıyam canımdan asılmışam göylərdən, qan damızdırıram vicdanlara, üşüyürəm baxanda insanlara, zəqqum dadızdırıram milli qeyrətlərə, heyrət göstərirəm süni heyrətlərə.. Borçalıyam,Təbrizəm, Dərbəndəm qəribdəyəm, Əlincə boyda azadlıqdayam, qələm ucunda işıq, qılınc ucunda qanam, böyük Azərbaycanam!!
Bir yazı yazmaq istəyirəm, deyim-hacı sənin gözlərinə eynək lazım, yaxını görmür… Daha İbrahim kəbələr hörmür… Kəbənin daşları səpələnib yer üzünə, hər səfil bir pay götürüb özünə… Niyə yaxın kəbələri ziyarət etmirsiz, doğma anan evinə illərlə getmirsiz? Bir uşağın gözündəki sevinc, bilirsiz nədir? Sizi ərşə apara biləcək zərif gücdədir… Mələklər uçuşur kasıb süfrəsinin cənnət səmalarında… Qismətdir, olasan yanlarında. Soğan, lavaş, pendir- çox sadə, hörməti var yeddi qat göydə…
Hələ demirəm ki, həcc pulu haralıdır, kimlərdəndir, onlarla təhsil haqqı yetərindədir…
Bəsdir Haci, özünü bicliyə qoyma, özün- öz imanının qabığını soyma…
Xarici görürlər, ürək gedir, yorğa yeriş, ürkək gedir… Ya bir deputat, nazir görürlər, pərvanəyə dönürlər… Bir yazı yazmaq istəyirəm, deyim- yoldaş, ən uca qürur dağı, mənəviyyatın gülüstani- irəm bağı, insanlığın ulduzları bizdədir, böyüklüyümüz özümüzdədir, Azərbaycandadır, sərvətimiz qandadır… Hazıra, nazirə pərvanə olmayın, oz kölgən, sənindir, ən böyük qiymətin, ləyaqətindir… Elə bilirsən dağla şəkil çəkdirəndə dağ olursan? Bəlkə o fonda daha solğun, qarışmış rəngdə, gözlərə dolursan..
Baxıram yazılara, oxumuram. Baxıram danışırlar, siyasətçilər, əyalətçilər, şohrət atı minməyə çalışanlar, su içində quru qalıb, alışanlar… Qulaq asmıram. Çatmır mənə nə deyirlər, yalan yeyib, gop içirlər.. Bir yazı yazmaq istəyirəm deyim- vətəndaş, bu xalqın gözü tərəzidir, sözü tərəzi daşı. Dovşana şir, tülküyə pələng deməz, çörəyi qulağına yeməz.. İtirməz yaxşılığı, pisliyi, əbədidir qan yaddaşı.. Əbəs yerə rola girmə, camaatı bezdirmə,qulaqları dəng etmə… Şöhrət atı özündən aparar səni, bir səhrada yovşan üstə yıxar səni..
Dünyaya baxıram, bir böyük qazan… Nələr qaynamır içində, odu özündən, közü sözündən.. Çölü bumbuz, içi qaynar, varlısı donar, kasıbı yanar… Bir yazı yazmaq istəyirəm deyim: – İnsan, yuxulu- yuxulu hara gedirsən, haqqı kal- kal üzürsən.. Bu dünyada oturub o dünyanın zəri ilə oynayırsan, ocaq özün, odun özün, öz günahınla qaynayırsan…
Bir yazı yazmaq istəyirəm, asım səmalardan hər kəs görsün… Bəlkə haqqa, düzə dönsün. Kim istəsə bir sözündən asılsın, günahları yellənərək, mənə qalsın…
19.05.2020

Müəllif: Sadıq QARAYEV

SDIQ QARAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zeynəb Cəmaləddin – Qayıtdı.

QAYITDI

Namərd oxla perik düşən durnalar,
Şükür olsun, yazımıza qayıtdı.
Bizsiz qalan bu dərələr, bu dağlar,
Nə yaxşı ki özümüzə qayıtdı.

Boş qalmışdı bozqırlarda qurd yeri,
Dağılmışdı ocaq yeri, yurd yeri.
Babalardan miras qalan od yeri,
Odumuza, közümüzə qayıtdı.

Nakəslərin fərq etməz ki, halına,
Hər nə qədər bal töksən də yalına.
Şərəfimiz, vüqarımız alına,
Qüvvətimiz dizimizə qayıtdı.

Dünki çağa gəldi igid yaşına,
Qartal kimi qondu qaya qaşına.
Yumruq olub endi düşmən başına,
Kəsərimiz sözümüzə qayıtdı.

Ölüm, itim, vəhşət görən hər çağa,
Nə yazasan, yerləşməz min varağa…
Babaların uyuduğu torpağa,
Köhnə yurda, izimizə qayıtdı.

Aman, aman, asta gəzin bu yerdə,
Müqəddəsdi, şəhid izi bu yerdə.
Hər bulud bir şəhid gözü bu yerdə,
Dağımıza, düzümüzə qayıtdı…

Nə söyləsin Zeynəb, a dərd yazanlar,
Gün görməsin bizə quyu qazanlar.
Uzaq dursun, burda ritmi pozanlar,
Gül Qarabağ bizə, bizə qayıtdı…

08.07.2024.

Müəllif: Zeynəb Cəmaləddin

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İlyas TAPDIQ – SƏMİMİ SÖHBƏT

RAFİQ YUSİFOĞLU HAQQINDA

SƏMİMİ SÖHBƏT

Təzə uşaq kitabının çıxması dünyaya təzə uşaq gəlməsi kimi fərəhli hadisədir. Ayaq açanda ilk yerişi ilə doğmaları sevindirən, qəribə hərəkətləri ilə yadda qalan uşağın özü kimi uşaqlar üçün yazılmış kitabın da maraqlı, təzə səhifələri yadda qalmalıdır. Mən Rafiq Yusifoğlunun uşaqlar üçün yazdığı “Ətirli düymələr” kitabını belə bir maraqla oxudum.
Kitabda toplanan şeirlərin əsas qisminin mövzusu uşaqları müşahidədən, onların aləminə yaxınlıqdan alınmışdır. Səmimi ifadəsi ilə seçilən şeirlər təzə qol-budaq atan ağacın yaşıl yarpaqları arasından görünən çiçəklər kimi kitabın müxtəlif səhifələrinə səpələnmişdir.
Şeirlər kitabda dörd bölmədə – “Çəmən çiçəyi ilə, insan əməyi ilə”, “Ukraynada keçən günlər”, “Ağacın kökü torpaqda, insanın kökü eldədi”, “Hamısı göyçək balalar, kəlməsi çiçək balalar” başlıqları altında toplanmışdır. Başlıqlar özü müəllifin məqsədini, uşaqlara hansı mətləblərdən söz açacağını bildirir. Torpağa məhəbbət, uşaqlara qayğı, dostluq, balacaların hazırcavablığı, əyləncəli şən dünyası Rafiqin şeirlərinin qayəsidir. O öz fikirlərini əsasən uşaqların dilindən verməyə çalışmış, onların maraqlı müşahidələrini şeirlərinin obyektinə çevirmişdir. Biz uşaqların özünü də bu şeirlərdə görürük. Həmin uşaqlar bəzən çox fərəsətli və bacarıqlı, bəzən də sadəlövh görünürlər.
“Araba”, “Antena”, “Sevincimdən uçuram” şeirlərindəki uşaqlar həm müşahidələrini söyləyirlər. Həm də diribaş uşaqlardır. “Araba” şeirini misal gətirirəm:
Qızınırıq qışda biz
Ağacların oduna.
Ay araba, araba,
Get meşəyə oduna!

Tez elə, uşaqların
Yerə salma sözünü.
Əgər əliboş dönsən,
Yandırarıq özünü…

“Qəfəsdə tək qalan bülbül” şeirində də uşaq fərasətlidir. Tayı ölüb qəfəsdə tək qalan bülbül darıxmasın deyə uşaq qəfəsə güzgü qoyub. Bülbül qəfəsdəki güzgüdə öz əksini görüb, elə bilir taylıdır. Mahnı oxuyur. Uşaq da öz əməlinə sevinir. Çünki qoçaqdır, ağıllıdır.
Rafiq Yusifoğlunun “Usta külək”, “Buldozer”, “Balığın pulu” şeirlərindəki müşahidələr də maraqlıdır.


Rafiq Yusifoğlunun “Ətirli düymələr” kitabı əsasən həssas müşahidələrin məhsuludur. “Bizim dağlar”, “Yaşıl körpü”, “Şirin yağış”, “Pənsərədən baxan güllər”, “Saat”, “Dəniz neftçiləri”, “Araz üstündə körpü”, “İşığın yolu”, “Güllər sakitlik sevir” şeirləri idraki əhəmiyyətli, sadə və aydın şeirlərdir.
Dil və ifadə, sözləri mənalandırmaq cəhətdən “Saat”, “Sokirnoda səhər”, “Küknar meşəsində yağış”, “Mavi küçə”, “Su”, “Alaq və balaq” kitabdakı uğurlu şeirlərdəndir. “Alaq və balaq” həm də şən şeirdir, oxuyana təbəssüm bəxş edir:

Bostanın ortasına
Buraxmışam balağı,
Mənə kömək eləsin,
Gedib yesin alağı.

Babam deyir: – Ay dəsəl,
Korlamısan aləmi.
Alaq qalıb kənarda,
Balaq yeyib kələmi…

Rafiq Yusifoğlunun “Saat” şeiri də uğurludur. Yığcam, mənalı, axıcıdır. Uşaq şeirindən də tələb olunan birinci bu xüsusiyyətdir.

Gecə-gündüz işləyir,
Bu nə yaxşı saatdı.
Əqrəblərin hərəsi
Elə bil köhlən atdı.

Irəliyə can atır,
Gedir səs sala-sala.
Minib əqrəb atlara
Zaman çapır dördnala…

Bu kitab göstərir ki, Rafiqin “Ətirli düymələr”i təravətlidir, ətirlidir. Uşaq aləminə səmimiyyətlə yanaşan, ona mülayim və xeyirxah bələdçi olan gənc qələm dostuma arzum budur ki, gələcək uşaq kitablarında açılmayan düymələr qalmasın, hamısı xoş ətri ilə bizi və balasa oxucuları sevindirsin.

İlyas TAPDIQ
“Ədəbiyyat və incəsənət” qəzeti, 15 avqust 1986-cı il.

RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Simurq” kitabxanasına yeni kitablar hədiyyə olunub.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yazarlar” və “Carçı” jurnallarının əməkdaşı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyyətinin sədri, yazıçı-publisist Nəzakət Əhmədova (Eminqızı), DAMM-nin Birinci vitse-prezidenti Ruhiyyə Poladova, DAMM-nin Vitse- prezidenti Ramil Məlikov, “Carçı” jurnalının təsisçi və baş redaktoru Gülnarə Əmirquliyeva “Simurq” kitabxanasında qonaq olmuş, kitab bağışlama çərçivəsində kitabxanaya kitablar və jurnallar hədiyyə ediblər. Onlara və təşəbbüskar Zaur Ustaca təşəkkür edirik. Fotolar:

Mənbə: Laçın Simurq Kitabxanası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məhəmməd Kərimov – Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsi

ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ

………………………………….MÜQƏDDİMƏ………………………………

Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsi

Bəs kosmosun qədəri üçün necə bir nəzəriyyə lazımdır? İlk dönəmlərdəki qalaktikaların varlığı nəyə işarət etməkdədir? Yaradılış və yox oluş ssenarisi necə izah olunmalı?

Qalaktikalar arası fəzanın genişlənmə səbəbi də, atomların təkamül edərək saylarının artması və indiki kainat maddəsini yaratması da məhz bu səbəbdən olmaqdadır. İzah üçün gərəkli olan Böyük partlama nəzəriyyəsini Astrobios ilə əvəzləməkdir. Partlayış əvəzinə dağılım fikri önə çıxmalıdır.

I Hissə

Qara maddə, Qara enerji və kainat təkümülünün izahı

  Kosmosun izahı üçün insanlığın lap başlanğıcından etibarən müxtəlif fikirlər söylənmiş, zamanın yaşamış alimləri bir çox nəzəriyyələr yaratmışlar. Lakin, dövr-dövr bəzi alimlər özlərindən əvvəlki nəzəriyyələrdəki yanlışlara diqqət çəkmiş və yeni, fərqli tərzdə öz nəzəriyyə fikirlərini irəli sürmüşlər. İsaak Nyutonun mövcud olan və 200 ilə yaxın öz gücünü saxlayan fikrinin yanlışlığını isbat edən Albert E. kosmosa özünün nəzəriyyə düşüncəsini tətbiq edərək yeni bilgi axınının öncüsü olmuşdur. Bu günə qədər Albert E. düşüncəsi öz doğruluğunu saxlamaqda idi, ta ki kosmosa buraxılan yeni James Webb teleskopundan məlumatlar gələnədək.

James Webb teleskopunun göndərdiyi məlumatlara əsasən Edvin Habbl tərəfindən müşahidələr nəticəsində irəli sürülən Big-Bang partlayış nəzəriyyəsinin yanlışlığı səhnə önünə çıxmışdır. Big-Bang nəzəriyyəsinə əsasən kainatın yaradılışı sonsuz sıxlığa sahib olan sıfır həcmin partlaması ilə olmuşdur. Nəzəriyyəyə əsasən kainatın ilk dönəmlərində indiki super qalaktikaların mövcudluğu mümkünsüz sayılmaqdadır. Lakin, James Webb teleskopu isə həmin ilk dönəmlərdə olan super qalaktikaların varlığını müşahidə etmiş və Yerə bu barədə məlumat göndərmişdir. Əldə olunmuş bu bilgilər açıq-açıq Böyük Partlama nəzəriyyəsinin yanlışlığını gözlər önünə qoymaqdadır.

Kosmosun yaradılışını və yaradılış öncəsi yaratım təcilinin haradan gəlməsini izah etmək üçün ilk olaraq ən təməllərə enməli və analiz etməliyik. Maddənin tərkibinin atomdan, atomun təməlinin Proton, Neytron və Elektron zərrəciklərindən, Protonun (və ya Neytron) tərkibinin isə Kvark adlı daha təməl zərrəciklərə və onlar arası Qlüon rabitələrinə dayandığını və sonunda Kvarkların isə Sim adı verilən ən təmələ gəldiyini artıq bilirik. Simlər daima titrəyən enerji sahələridir. Bəs simlər ən təməldirmi? Görünüşə görə xeyr, çünki ən təməl olsaydı, bütün yaradılış izah olunmuş olardı.

Bəs ən təməl amil nədir? Bu barədə bir çox fikirlər var, lakin ən doğrusunu söyləmək üçün ən təmələ, yəni enerjinin var olduğu sahələrə enmək lazımdır. Bəli, enerji belə nədənsə var olur və onun da təməl mənbəyi vardır.

Enerji titrəşən sahələrdən ibarətdir. Bu titrəşim halı iki sahə arasında gedən bilgi transferi nəticəsində olmaqdadır. Enerji onu yaradan sahələr arasında getməkdə olan bilgi transferinin məhsuludur. Sahələr arasında titrəşimin ola bilməsindən ötrü, gərək sahələr qüvvə cəhətdən bir-birilərinə əks xassəli olsunlar. (Sahələr dedikdə bizim kainat ölçüsündən kənarda, üst ölçü fəzadan söz edilməkdədir). Düşünsək, fəzada maddə yaradılışı müsbət və mənfi qütblərin mütəşəkkil birliyi nəticəsində var olmaqdadır. Bunu ətraflı anlamaq üçün maddənin təməli olan atomu analiz edə bilərik.

Atom mərkəzi, yəni nüvəsi müsbət yüklü, nüvə ətrafında var olan elektron buludu isə mənfi yüklü olması ilə bilinməkdədir. Atom məhz bu əks qütblülük sayəsində varlığını saxlamaqdadır. Bilinməkdə olan bilgiyə əsasən, yüksək kütləli cisimlər cazibəsi səbəbindən öz ətraf fazalarında yer alan özlərindən kiçik kütləli cisimləri özlərinə cəzb etməkdədir. Cazibə qüvvəsinin izahı fərqli tərz olunmalıdır. Çünki, bu izah sistemi düzgün açıqlamır. Böyük Partlama nəzəriyyəsini  bilinən qravitasiya anlayışı bir çox cavabsız suallar qarşısında qoymaqdadır. Qəribə hal isə burasındadır ki, cavabsız suallara cavab axtara bilmək üçün heç kim qravitasiya anlayışına düzəliş etməməkdədir. Sanki, qravitasiya tanrıdır, ona toxunmaq olmaz…

Fəqət, bu halı düzəltməli və qravitasiya anlayışına düzgün izahat verərək kosmosun cavabsız suallarını izah etmək lazımdır. İndiki qravitasiya anlayışının kosmosu qoyduğu cavabsız suallardan ən önəmlisi kainat fəzasının genişlənməsidir. Əgər indiki dövrdə kainatda olan Qara enerji adı verilən genişlənmə qüvvəsi meqa-gücdəki cazibə sahəli qalaktikaları bir-birindən uzaqlaşdıra bilməkdədirsə, o zaman bu halı kainatın ilk anlarına tətbiq etsək, mükəmməl paradoks yaranır. Paradoks halı ondan ibarətdir ki, indiki cazibə qüvvələrini üstələyən fəzanın genişlənmə qüvvəsi, kainatın ilk anlarında indiki gücünə nisbətdə milyard qat çox olması gərəklidir. Belə olduğu təqdirdə, bəs atom quruluşu necə var olmuşdur? Çünki, belə olduğu halda kainatın ilk anlarında Qara enerji hər şeyi dəf etməli və atom zərrələrinin bir araya gəlməsinə şərait yaratmamalı idi. Hal-hazırda buradayıqsa, bəs bu yaranma halı necə baş vermişdir?

Kainat haqqında bildiklərimizin və istinad edərək aparılan hesabatların böyük hissəsinin yanlış olma kimi yüksək ehtimalı vardır. Kosmosda var olan bir çox amilin düzgün izahı, yaradılışın ilk anlarının strukturunun doğru izahından asılıdır. İlk anlara, yəni maddənin ən təməli olan sahələrə qayıdaq. Fəzanı tamam fərqli tərz ələ alaraq  başdan formalaşdıraq, sonra isə bilgilərin doğruluğunu, yəni reallıqla uyğun olub-olmamasını analiz edək.

Mövzunun Astrobios izahı

Kosmosda təkamül prosesi üçün bilgi transferinə ehtiyac vardır. Enerji də məhz bu transferin nəticəsidir. Fəza müsbət və mənfi sahələrdən təşkil olunmuş meqa-sistemdir. (Söhbət üst fəza ölçüsündən getməkdədir). Sahələrin hər birinin özünə xas olan xassələri vardır.

Müsbət sahə özündən sahə enerjisi verməyə, mənfi sahə isə özünə sahə enerjisi qəbul etməyə meyillidir. Sahə enerjisi maddə enerjisinin ibtidai halıdır. (Maddə enerjisi artıq bizim kainat ölçüsünə xasdır). Sahələr ayrılıqda heç bir özəl əhəmiyyətə sahib olmamaqdadırlar. Sahələr birlikdə olduqda, onlar arasında gedən bilgi transferi nəticəsində sahə enerjisi maddə enerjisinə çevrilməkdədir. Faza daxilində müsbət sahə öz sahə enerjisini mənfi sahəyə doğru ötürməkdə, mənfi sahə isə ona yönələn sahə enerjini qəbul etməkdədir. Bu aldı-verdi tarazlığı nəticəsində müsbət sahə azlığa, mənfi sahə isə çoxluğa doğru irəliləyərək xassə cəhətdən bir-biriləri ilə yerlərini dəyişməkdədirlər. Sahələri elektrik mənbəyinin müsbət və mənfi fazaları kimi düşünməliyik, çünki məhz elədir. Müsbət və mənfi sahələrin birləşərək qapanması  nəticəsində sahə enerjisinin bir sahədən digərinə axması maddə enerjisinə çevrilməyinə səbəbiyyət yaradır. Sahə enerjisini müsbət sahə yaydıqda və mənfi sahə qəbul etdikdə sahələr arasında elektrik mənbəyində olduğu kimi dalğalanma, yəni enerji axması halı baş verir və beləcə, maddə zərrəcikləri formalaşır. Sahələrin bir-birilə olan əlaqəsi onların kəsişməsi ilə mümkündür.

Mikro-dünya çəhətdən:

İlk öncə sahələri mikro-kainat ilə, yəni atomik səviyyə ilə uyğunluğunu analiz edək. Atom mərkəzi müsbət nüvədən və ətrafı isə mənfi elektron buludundan ibarətdir. Atom mərkəzinin müsbət sahənin mənfi sahə ilə kəsişmə zonası olaraq qəbul edək. Müsbət sahə mərkəzdə yerləşərək özünün sahə enerjisini ətrafında olan mənfi sahəyə ötürməkdədir. Mənfi sahə isə öz növbəsində ötürülən sahə enerjisini qəbul edir. Nüvə ətrafındakı elektron bulududa məhz mənfi sahənin müsbət sahədən gələn sahə enerjisini qəbul etməsi nəticəsində var olmaqdadır. Elektronlar maddə enerjisinin yarandığı mikro-zərrəciklərdir. Mənfi yüklü olmaqları isə mənfi sahəyə daha çox meyilli olan zonada yerləşdiklərinə görədir. Mənfi sahənin varlığı atomların bir-birilə toqquşmaması halını da rahatca izah etməkdədir. Elektronlar bilinən bilgiyə əsasən  mənfi yüklü olduqları üçün bir-birindən uzaqlaşmaqdadır. Realda hər şey vahiddir, ayrı deyildir. Elektron buludu müsbət sahənin mənfi sahəyə nüfuz edərək sahə enerjisini yayması ilə yaranmaqdadır. Mənfi sahə bilgi transferinin qəbulu prosesində baş verən sahələr təkamülü sayəsində artmaqda və nəticədə də genişlənmə meyilli olmaqdadır. Müsbət sahənin mənfi sahə ilə kəsişmə zonalarında atom nüvələri var olmaqdadır. Sahə enerjisini yaymaq prosesi nəticəsində mənfi sahənin balansı yüksələrək getdikcə müsbətləşmək yönündə davam etməkdədir. Mənfi sahədə yerləşən elektron buludları mənfi sahənin enerji qəbulu məntəqələri kimidir.

Prosesin gedişatında mənfi sahə qəbul etdiyi sahə enerjisi ilə özünü yüksəltməkdə və tədricən müsbət sahəyə çevrilməkdədir. Müsbətləşmə bir necə atomun elektron buludlarının mərkəzi fazasında daha çox olmaqdadır. Bu hal müsbət sahənin hansı ki, sahə enerjisi azalaraq mənfiləşmək meyilli olduğu həmin zonada olmaqdadır. Yəni, mənfi sahənin hansı ki, mərkəzi fazası daha çox müsbətə meyil etməkdə idi, həmin zonanın kəsişməsi ehtimalı olan müsbət sahənin eyni ünvanlı mənfiləşmə meyilli olan zonası ilə əlaqəsi yaranır. Elektrik cərəyanı kimi fazalar birləşir və əks tərəfdə yenidən maddə yaradılışı olur. Beləcə, kainat fəzasında mikro-ölçüdə yaradılış davam etməkdədir.

Makro-dünya çəhətdən:

İkinci olaraq, sahələr bilgisini makro-dünyaya uyğun olaraq analiz edək. Bu zaman qarşımızda milyardlarca ulduz sahibləri qalaktikalar və onlar arasındakı meqa boşluqlar dayanmaqdadır. Qalaktikların müşahidəsi zamanı onlar sahib olmalı olduqlarından daha çox kütləyə sahib olmaları təsirini verməkdədirlər. Qalaktikalardakı əlavə kütlə təsirinə Qara maddə adı verilib. Və qalaktikaları bir-birindən uzaqlaşdıran Qara enerjimiz var. Bu sistemi doğru anlamaq üçün sahələri qalaktikalara tətbiq etmək lazımdır. Atom sistemində olduğu kimi qalaktikalar sistemidə müsbət sahənin mənfi sahə ilə kəsişməsi nəticəsində var olmaqdadır. Eyni sistem üzrədir və hətta bir-birinin gedişatıdır. Qalaktikaları meqa-atomlar olaraq düşündükdə daha aydın izah olunur.

Qalaktikalar arası fəza mənfi sahədir və qalaktikalar isə müsbət sahənin mənfi sahəyə nüfuzu nəticəsində var olmaqdadır. Müsbət sahə mənfi sahəyə nüfuz edərək ona, mənfi sahəyə sahə enerjisi yaymaqda və mənfi sahədə həmin verilən enerjini qəbul etməkdədir. Bu gedişatda makro-dünyanın elemetləri kimi ulduz və planet sistemləri yaranmaqdadır. Kainatın qalaktikalar arası fəzasının genişlənməsinə səbəb isə mənfi sahənin mikro-ölçüdə olduğu kimi, burada da bir qrup qalaktikaların ümumi mərkəzi zonasında müsbətləşməsi ilə həmin zonanın müsbət sahənin eyni (mənfiləşmiş) zonası ilə əlaqəsinin yaranmasına görə baş verməkdədir. Yaranmış əlaqə nəticəsində fəzanın əks yöndə də qalaktikalar sistemi var olmaqdadır.

Lakin, son suala, yəni qalaktikalar arası genişlənməyə tam cavab verilmədi. Buna tam cavabı verə bilmək üçün təkamülün gedişatında bilgi artımının nəyin sayəsində olmasını aşkarlamaq gərəklidir. Sahələr sistemi mikro və makro dünyaları izah etdi, lakin kainatdakı genişlənməni izah edə bilmədi. Demək ki, ən təməl  sahələr belə deyil. Əgər ən təməl olsaydı, izah edə bilmədiyi amil olmamalı idi.

Bilgi transferi zamanı bilgi artımını izah edə bilmək üçün, sahələrin özlərinin hansı təməldən yaranmasını açıqlamaq gərəklidir. Sahələr izah olunduğu kimi bir-birilə enerji transferləri edərək yaradılışı formalaşmaqdadır. Belə bir sual verək: Nə üçün müsbət sahə özündən enerji vermək yönündə, mənfi sahə isə özünə enerji cəlb etmə yönündə davam edir?Fikir verilərsə, müsbət sahə azalmaq istəməkdə, mənfi sahə isə artmaq yönündə davam etmək meylindədir. Bunun səbəbi, ancaq Neytrallıq ola bilər.

Neytral fəza:

Müsbət və mənfi sahələrin hər ikisi neytrallığın dağılması sayəsində yaranmış iki əks yönlü sahələrdir. Fəza hər şeydən öncə neytrallıq hakimiyyəti altında olmaqdadır. Əvvəl yoxluq olmaq məcburiyyətindədir. Zamanın yaşamış filosoflarından biri olan Aristotel isə təbiətdə boşluğun yaşaya bilməməsinə diqqət çəkərək neytrallığa işarə etmişdir. Çünki, taməmilə boşluq halı neytrallıq halıdır. Və Aristotel öz fikrini belə ifadə etmişdir: “Təbiət boşluğa dözmür”.

İlk olaraq neytrallıq var idi, amma davamsız olması səbəbindən dağılıma məruz qalaraq müsbət və mənfi sahələrə ayrıldı. Prosesin davamı az öncə izah etdiyim ki, müsbət və mənfi sahənin qarşılıqlı təsirləri ilə davam etməkdədir. Fəqət kiçik bir əlavə olmalıdır.

Əlavə ondan ibarətdir ki, sahələrin qarşılıqlı təsirləri zamanı müsbət sahənin azalma yönündə, mənfi sahənin isə artma yönündə təkamül edərək, neytrallıq sərhəddinə gəldiklərində neytral sahə yenidən yaranmaqda və yenidən iki əks sahəyə bölünmə yönündə davam etməkdədir. Beləcə təkamül prosesi və sahələrə əlavələr edilmək sürəti ilə yaradılış davam etməkdədir. Qalaktikalar arası fəzanın genişlənmə səbəbi də, atomların təkamül edərək saylarının artması və indiki kainat maddəsini yaratmasıda məhz bu səbəbdən olmaqdadır.

Neytral sahə hər zaman var olmaqda və təkamülə artımlar etməkdədir. Nəzəriyyənin adının “Astrobios” olmasının səbəbi də məhz buna görədir. Kainat eynilə hüceyrə kimi artım, çoxalma sayəsində davam etməkdədir. Bu prosesi Astrobios nəzəriyyəsi izah edərək mikro-dünya ilə makro-dünyanı birləşdirən nəzəriyyə olmalıdır. Çünki, hər iki dünyanı eyni düşüncə tərzi izah etmiş oldu. Mən isə Məhəmməd olaraq Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsini hazır edərək, bu yolda təməli atmış sayılıram.

Kainat Böyük Partlama nəzəriyyəsi ilə deyil, Astrobios nəzəriyyəsi ilə var olmaqdadır. Bu səbəbdəndir ki, James Webb teleskopu bilinən yaradılışın ilk dönəmlərinə dair görüntülərdə də qalaktikaların indiki inkişaf səviyyəsinə aid olan görüntülərini aşkarlamışdır. Yaradılış Astrobios nəzəriyyəsinə əsasən neytrallıq dağılımı və sahələrin qarşılıqlı təsiri nəticəsində var olmuşdur. Qeyd edilməli əsas məqam var ki, yaradılış partlayış ilə deyil, dağılım ilə olmuşdur. Neytrallıq dağılımı ilə yaranmışdır.

Vacib qeyd: Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsinin “Neytrallıq nəzəriyyəsi” adı altında 25.06.2021-ci il qeydiyyat tarixinə mənsub olan 04/C-11859-21 qeydiyyat nömrəsi ilə Məhəmməd Kərimov adına alınmış müəllif hüququ da vardır.

ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Musa Rəhim oğlu Quliyevin yeni elmi kitabı nəşr olunb.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, əsl tədqiqatçı-tarixçi, tarix üzrə fəlsəfə doktoru Musa Rəhim oğlu Quliyev in “İrəvan xanlarının məktublar külliyyatı (XVIII əsrin sonları)” (rus dilində) adlı kitabı artıq işıq üzü gördü. Rəyçiləri hörmətli alimlərimiz akademik İsmayıl Hacıyev və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa olan 336 səhifəlik bu dəyərli “xəzinə” Naxçıvanda “Əcəmi” nəşriyyatında (2024) çap olunub. Kitabın ön sözü və əlavənin müəllifi də hörmətli Musa müəllimdir.

Kitabda İrəvan xanlıığının qonşu xaqlarla və Kartli-Kaxetiya çarlığı ilə apardığı diplomatik münasibətlərin təsvir edildiyi məktublardan bəhs olunur.

Axtarışlar Gürcüstan Respublikasının Milli Əlyazmalar Mərkəzində, rus qafqazşünası K.N.Smirnovun şəxsi fondunda aparılmış və XVIII yüzillikdə İrəvan xanlarından Hüseynəli xana və onun oğlanları Qulaməli xana, həmçinin Məhəmməd xana məxsus 268 məktublar külliyyatı və İrəvan xanlarının qonşu xalqlarla yazışmalarına aid 116 məktub da tapılmış və Naxçıvana gətirilmişdir. Bu tapılan sənədlər İrəvan xanlığının tarixi, eləcə də qonşu xanlıqların tarixi və digər Azərbaycan xanlıqlarının tarixi haqqında əsaslı materiallar verir. Tapılan məktublar nəinki İrəvan xanlığının Türkiyə ilə, hətta digər Azərbaycan xanlıqlarının da Türkiyə ilə diplomatik münasibətlərinin öyrənilməsində əhəmiyyətli rol oynayır.

Kitab İrəvan xanlığının tədqiqi ilə məşğul olan tədqiqatçılar, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Mən tarixçi olmasam da, düşünürəm ki, Musa müəllimin gərgin əməyi sayəsində ərsəyə gələn bu kitab elmi araşdırıcılar üçün əvəzolunmaz bir qaynaqdır.

Tarixin qaranlıq səhifələrinin işıq üzünə çıxarılmasında çox qiymətli mənbə sayıla biləcək bu kitabın hazırda ölkəmiz üçün həssas siyasi proseslərin yaşanıldığı bir dövrdə tədqiqatçı alimlərin tezliklə diqqət mərkəzinə düşəcəyinə əminəm.

Elmimizə verdiyiniz bu qiymətli töhfə üçün sağ olun, var olun, Musa müəllim.

MUSA RƏHİM OĞLU QULİYEVİN YAZILARI

YUNİS XƏLİLOVUN DİGƏR YAZILARI

Müəllif: Yunis XƏLİLOV ,
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi

YUNİS XƏLİLOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru