Şuşada Vaqif Poeziya Günləri yekunlaşıb. Poeziya Günləri çərçivəsində Şuşanın bir sıra tarixi və mədəni məkanlarında müxtəlif tədbirlər baş tutub. Yaddaqalan anlar (fotolar):
CIDIR DÜZÜNDƏ (Sevimli şair dostum Qəşəm Nəcəfzadəyə) Şeir oxuyurdun Cıdır düzündə, Sovqatın eşq idi Şuşadan sənin. Hər misran bir nazlı simfoniyaydı, Sıxanda əlini Natəvan sənin.
Sevdası başqaydı çəkdiyin ahın, Nə qəfəs bülbülün,nə bu taxt şahın. Dönür “Durnalar”ı Molla Pənahın, Vəsfinə dayanıb Cabbar,Xan sənin.
Şuşada dağların o duman tülü, Yenə yaraşıqlı,yenə mürgülü. Bağrına basıbsan Xarıbülbülü, Şeir göyərtdiyin o meydan sənin.
Jan Jak Russonun “İctimai Müqavilə” və Tomas Hobbsun “Leviafan” əsərlərinin multikultural müqayisəli təhlili Siyasi fəlsəfə sahəsində Jan-Jak Russo və Tomas Hobbs əsərləri ictimai müqavilə və idarəçilik anlayışımızı əhəmiyyətli dərəcədə formalaşdıran nüfuzlu şəxsiyyətlər kimi seçilirlər. Russonun “İctimai Müqavilə” və Hobbsun “Leviafan” əsərlərində cəmiyyətin, avtoritetin və dövlətin təbiəti haqqında ziddiyyətli perspektivlər təqdim olunur. Bu nəzəriyyələrin multikulturalizmlə kəsişməsinin tədqiqi müxtəlif cəmiyyətlərin mürəkkəblikləri haqqında maraqlı fikirlər açır. Russonun “İctimai Müqavilə” və Hobbsun “Leviafanı” idarəçiliyin, cəmiyyətin və insan davranışının təbiəti haqqında əhəmiyyətli fikirlər verir. Jan-Jak Russo və Tomas Hobbs ictimai müqavilə və təbiətin vəziyyəti haqqında təzadlı fikirlər təqdim edirlər. Hər iki filosof cəmiyyətlərin formalaşması və hökumətlərin rolunu müzakirə edərkən, onların perspektivləri insan təbiəti, fərdi azadlıq və siyasi hakimiyyətin legitimliyi kimi əsas məsələlərdə fərqlidir. Russo fəlsəfəsi vətəndaşların kollektiv maraqlarını təmsil edən “ümumi iradə” ideyasını vurğulayır. O, iddia edir ki, ədalətli cəmiyyətdə fərdlər ümumi mənafe üçün ümumi iradəyə tabe olmalıdırlar. Russo hesab edirdi ki, multikulturalizm müxtəlif mədəni kimliklərə hörmət edildiyi və ümumi iradənin formalaşmasına töhfə verdiyi müddətcə ictimai müqavilə çərçivəsində yerləşə bilər. Onun fikrincə, dövlət müxtəlif mədəni qrupların özünəməxsus kimliklərini qoruyub saxlamaqla onların arasında harmonik birlik yaratmağı qarşısına məqsəd qoymalıdır. Russo nəzəriyyəsinin mərkəzində fərdi azadlıq və icma daxilində bərabərlik anlayışı dayanır. O, iddia edirdi ki, qanuni hökumət xalqın ümumi iradəsini əks etdirməli, qərarların imtiyazlı bir azlığın maraqlarına xidmət etməkdənsə, kollektivin xeyrinə olmasını təmin etməlidir. Russonun ümumi iradənin əhəmiyyətini və xalq suverenliyi anlayışını vurğulaması multikultural cəmiyyətlər üçün əhəmiyyətli təsirlərə malikdir. Belə kontekstlərdə problem ümumi iradənin cəmiyyətin birliyinə xələl gətirmədən müxtəlif mədəni, dini və ictimai dəyərlərə necə hörmət edəcəyini və onlara uyğunlaşa biləcəyini müəyyən etməkdən ibarətdir.
Bundan fərqli olaraq, Hobbsun “Leviafan” əsəri hökumətə və multikulturalizmə daha avtoritar baxışı təqdim edir. O iddia edir ki, təbiət vəziyyətində insanlar öz maraqları və güc istəyi ilə idarə olunur və bu, xaotik varlığa gətirib çıxarır. Hobbs təbiətin vəziyyətini həyatın “iyrənc, qəddar və qısa” olduğu əbədi müharibə və xaos şəraiti kimi təsvir edirdi. Bu vəziyyətdən xilas olmaq üçün fərdlər öz təbii hüquqlarından cəmiyyətdə nizam və təhlükəsizliyi təmin etmək səlahiyyətinə malik olan suveren hakimiyyətə – Leviafana – imtina edirlər. Hobbsun “Leviafan”ı cəmiyyətin dağılmasının qarşısını almaq və sülh və sabitliyi təmin etmək üçün vacib olan güclü mərkəzi hakimiyyəti simvollaşdırır. Onun nizam-intizamı qorumaq üçün güclü hökumətin zəruriliyinə diqqət yetirməsi ictimai birliyin və hakimiyyətə itaətin vacibliyini vurğulayır. Multikultural kontekstdə Hobbsun “Leviafan”ı müxtəlifliyin idarə olunmasında və fərqli mədəni inanc və təcrübələrdən irəli gələn potensial münaqişələrə vasitəçilikdə güclü mərkəzi hökumətin rolu ilə bağlı suallar qaldırır. “Leviafan”a bənzər bir hakimiyyət necə ola bilər? Asayişi qorumaq və münaqişənin qarşısını almaq üçün fərdlər öz azadlıqlarını suveren hakimiyyətə təhvil verməlidirlər. Çoxmədəniyyətli cəmiyyətdə Hobbs, sosial birliyi qorumaq və mədəni toqquşmaların qarşısını almaq üçün ümumi qanunlar və dəyərlər dəsti tətbiq edən güclü mərkəzləşdirilmiş gücü müdafiə edir.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Doxsan ikinci ilin payızında cəbhəyə yollandıq. Sinifdə oğlanlardan ancaq iki nəfər universitetdə oxumağı seçdi. Qalan hamı könüllü yazılmışdı, evdən xəbərsiz, gizlincə. Tez böyümüşdük, müharibə içimizdəki uşağı didərgin salmışdı… Çox vaxt evdəkilərlə əlaqəmiz olmurdu, bəzən ayın tarixini, həftənin gününü belə bilmirdik, daşın-qayanın üstündə yatıb, bir tikə çörək tapanda sevinirdik, ancaq uşaq kimi yox, nəsə başqa cür, qəribə sevinirdik… Yağış yağanda isə deyinirdik, sanki bütün günahlar yağışda imiş, o ki qar yağırdı, deyinməyin bir işə yaramadığını görüb, qar topu oynayırdıq, ancaq uşaq kimi yox, nəsə başqa cür, qəribə oynayırdıq…
O qədər ağrılı-acılı günlərimiz olub ki… Bəzən bir-birimizin gözünün içinə baxıb, sadəcə susurduq, baxışlarımız bizim əvəzimizə danışırdı. Məsələn, sinfimizin bir nömrəli yalançısı Farizin “şirin” yalanları burada keçmirdi, qızların sevimlisi, rok musiqisinin həvəskarı Yusifin saçı-başı ağarmışdı, hərdən aşıq mahnılarına qulaq asırdı, “Nikbin” təxəllüslü şairimiz Aydın axırıncı dəfə nə vaxt şeir yazdığını xatırlamırdı, güllə səslərinə qafiyə tuturdu… Ancaq bu qədər çətinlik içərisində sınmadıq. Hamının üzündə inam, gözlərində ümid var idi… Necə xoşbəxt idik, İlahi…!
Bir həftəlik təlimdən sonra müxtəlif hərbi birləşmələrdə döyüşlərə qatıldıq. İlk döyüş günüm uğurlu keçdi. Ağdərədə iki kəndi azad etmişdik. Kənddən qaçan ermənilər at fermasını yandırmışdılar. Atların kişnərtisi hələ də qulaqlarımdan getmir. Yanğını söndürə bilmədik, nə var idisə kül oldu, sonra yuxumda ağ atlar görürdüm, ağzı köpüklü həmin ağ atlar qəfil tüstülənib yox olurdular, ancaq kişnərtiləri uzaqdan eşidilirdi… İlk vaxtlar bütün gördüklərim qəribə gəlirdi mənə, ancaq getdikcə hər şey adiləşirdi. Əvvəlcə yaralıların səsinə, sonra da ölülərin sükutuna öyrəşdim… Ağ atlar isə bir daha yuxuma gəlmədi…
Noyabr ayıydı, havalar soyumağa başlamışdı. İki gün davam edən qızğın döyüşlərdən sonra düşməni geri çəkilməyə məcbur etmişdik. Növbəti qələbəmizi qazanmışdıq, həyəcanlı idik. Azad etdiyimiz kəndlərdən birinə daxil olurduq. Bir az ürkək, bir az da ehtiyatlı davranırdıq. Əldə olunan məlumata görə ətraf yüksəkliklər nəzarətimizdə idi. Qəribə və anlaşılmaz sakitçilik hökm sürürdü. Qəfil atəş açıldı. Məndən bir az aralıda dayanan Rəhmanı snayper vurmuşdu. Rəhman sinfimizin ən fağırı olsa da, tərsliyi ilə seçilirdi. Nə deyirdin, tərsinə eliyirdi. Həmin gün də ona arxamca gəlməyini tapşırdım, yenə də tərsliyi tutdu, düz qabağıma keçdi. Ancaq kəndə daxil olanda bir az kənara çəkildi. Elə bil nəsə hiss eləmişdi… Dərslərini yaxşı oxumasa da, əla futbol oynayırdı. Ona ləqəb də fikirləşmişdik. Axilles Rəhman. Mifi çox yaxşı bilirdi. Babasının böyük kitabxanası var idi. Həftə sonları Rəhman babasının kitabxanasında olurdu. Zarafatla bizə “Axillesin dabanı zəif nöqtəsidir, mənim isə zəif nöqtəm yoxdur” deyirdi.
Müdafiədə keçilməz oyunçuya çevrilmişdi. Müharibədə də Vətən sərhəddini keçilməz etmişdi. Bədəni dəmir kimi idi, adama elə gəlirdi ki, güllə ona heç nə eləməz… Yəni inanmışdıq Rəhmana. Elə bilirdik ki, Rəhmanın həqiqətən zəif nöqtəsi yoxdu. Ancaq güllə Rəhmanın düz alnından dəymişdi. Sən demə Rəhmanın “Axilles dabanı” elə alnı imiş…
Müharibədən qayıdandan sonra bir müddət müalicə olundum. Xəstəxanada məni yoxlayan tibb bacısını tanıyırdım. Eyni məktəbdə oxumuşduq. Hər dəfə hiss edirdim ki, mənə nəsə demək istəyir. Ancaq utanırdı. Bir gün özü açdı söhbəti:
– Sizin sinifdə Rəhman var idi e…
– Var idi..
– Məni sevirdi… Aynurun ala gözləri doldu. Aynur iki sinif bizdən aşağı oxuyurdu. Rəhman bu barədə heç kimə bir şey deməmişdi… Sonralar bu hadisəni xatırlayıb, içimdə Rəhmandan bir az incimişdim. Heç olmasa mənə deyərdin də, ay tərsin biri tərs…
Ölümündən bir gün qabaq axırıncı siqaretini yandırmaq üçün kibrit istəmişdi. Tərslikdən heç kimdə kibrit tapılmadı. Kefini pozmayıb, gülümsədi, xırıltılı səslə “kibrit tapanda çəkərəm”-deyib, siqareti cibinə qoydu. Meyidini yuyandan sonra cibindəki siqareti yadıma düşdü. Əlimi cibinə atanda gördüm ki, siqareti ortadan ikiyə bölünüb. İlk dəfə idi ki, içimdə ölən “uşaq” dirilmişdi, hönkür-hönkür ağladım. Rəhmanı qaldırmaq istədim, əllərim əsdi. Komandirə baxdım, nə deyəcəyimi bilmirdim, çarəsiz idim, komandir içini çəkib, kibritini mənə sarı uzatdı…
O an içimdə nəsə qırıldı elə bil. Səsini də eşitdim. İntəhası susdum. Yadıma Rəhmanın yıxılmağı düşdü: Bir dəfə məktəbin hasarından atlananda bərk əzilmişdi, deyəsən topuğu sınmışdı, həmin vaxt onu qaldıra bilmişdim…. Ən çox “Tarix” dərsindən qaçırdıq, ancaq bilmirdik ki, nə vaxtsa özümüz tarix yazacağıq…
Başımın üstündə uçan güllələr daşa-qayaya dəydikcə sərçə civiltisini xatırladırdı. İlk vaxtlar bu səs adamı dəli edirdi. Sonra vecimə olmadı. İki dəfə yaralandım. Birinci dəfə yüngül yaralandım. Tez sağaldım. İkinci dəfə isə ağır yaralandım. Ordudan tərxis olundum. Doxsan dördün axırı idi. Qəlpə sol ayağımı dizdən aşağı qoparmışdı. Bir ay hospitalda yatdım. Sinifdən on dörd nəfər müharibəyə getsək də, cəmi iki nəfər sağ qayıtdı: komandamızın kapitanı Fikrət və mən… Qalan hamı şəhid oldu, Flora müəllimənin oğlu Ülfətin nəşi tapılmadı. O qədər zarafatcıl, şən oğlan idi ki… Murovda itkin düşdü, Ülfətin qəfil itkisini əvvəlcə zarafat bildik, sonra isə… Flora müəllimə sinifdə oğlunu o biri uşaqlardan fərqləndirmirdi. Coğrafiyanı ən yaxşı oxuyan da elə Ülfət idi. Di gəl, anası güclə dörd yazırdı ona. Deyirdi ki, coğrafi məsələləri zəif həll edir. Ülfətin ən çox sevdiyi mövzu dağlarla bağlı idi. Hərdən mənə elə gəlir ki, Ülfət sağdı, Murovda bizi gözləyir, zarafat eləməyə də adam tapmır deyə dilxordu…
Müharibə çox şeyi aldı əlimdən. Əvvəlcə sinif yoldaşlarımı, sonra da özümü itirdim… Atam ölmüşdü, anam da xəstə idi, mən qayıdandan bir il sonra o da öldü, sevdiyim qızı başqasına vermişdilər, ayağım da belə…
Bütün bunlara baxmayaraq ümidimi üzmürdüm. Başa düşürdüm ki, həyat davam edir. Sənədlərimi universitetə verdim. İnşaat mühəndisliyi ixtisasında oxuyurdum. Universiteti bitirən kimi Rusiyada kibrit fabrikində işə düzəldim.Axşam növbəsində işləyirdim. İşimi sevirdim, bu kiçik qəsəbədə özümü yaxşı hiss edirdim, ayağımın ağrısı da azalmışdı…
Kibrit fabrikinin direktoru ilə görüşəndə məlum oldu ki, azərbaycanlıdı. Məni səmimi qarşıladı, ayağımı müharibədə itirdiyimi biləndə pis oldu, sonra özü haqqında danışdı. Dediyinə görə iyirmi ildən çoxdu bu qəsəbədə yaşayır, əsgərlikdən sonra bir daha geri qayıtmayıb, arvadı da rusdu, elə bu fabrikdə tanış olublar. Vətəndən uzaq olsa da, xoşbəxt olduğunu deyir, güzəranı da pis deyil…
Sağ olsun, məni tələbə yataqxanasına yerləşdirdi, ayrıca mətbəxi olan bir otaqlı mənzildə qalırdım. İlk vaxtlar direktordan ehtiyat edirdim, adam mənə qarşı çox diqqətli idi, bu da məni narahat edirdi. Bu cür diqqət qəribə gəlirdi…
Bir dəfə Novruz bayramında mənə əlavə maaş da yazmışdı. Tapşırmışdı ki, bu barədə heç kimə deməyim. Yoxsa, narazılıq olar. Həmin pulu küçədə gülsatan yaşlı bir qadına vermişdim.
Tez-tez sinif yoldaşım Fikrətlə əlaqə saxlayırdım. Evlənmişdi, bir qızı da olmuşdu. İşsizlikdən gileylənirdi, müharibədə ağır kontuziya almışdı, anidən əsəbiləşib, özündən çıxırdı, ona görə də çox işləyə bilmirdi. Müharibə kiminin canını, kiminin də ağlını almışdı…
Hərdən yuxuda sinif yoldaşlarımla məktəbdə futbol oynadığımı görürəm. “Zəfər” futbol klubumuz məğlubiyyət nədi bilmirdi. İki dəfə məktəblər arasında keçirilən çempionatın qalibi olmuşduq. Kubokun birini hələ də saxlayıram. Komandamızın adını özüm fikirləşmişdim. Kapitan Fikrət idi. Qapıda mən durardım. Boyum hündür olmasa da, cəld idim. Ancaq yuxuda qapıya gələn topları əlimlə yox, ayağımla çıxarırdım. Özü də olmayan sol ayağımla… Bilmirəm niyə, ancaq yuxuda ayaqlarım əllərimdən çox iş görürdü…
Axır vaxtlar təklikdən sıxılırdım. Səhər növbəni təhvil verib, yolüstü ərzaq dükanından pivə, kolbasa, çörək alıb, birbaşa yataqxanaya gedib, səhərə kimi içirdim. Bir-iki qızla da tanış tanış olmuşdum, ancaq yenə də darıxırdım…Bakıdan özümlə gətirdiyim köhnə foto alboma baxıb, bir az sakitləşirdim. Bu qısa müddətli sakitliyim də get-gedə yox olmağa başlamışdı…
– Sənə bir məşğuliyyət lazımdı-direktor dedi,-əgər başını qatacaq bir məşğuliyyət tapmasan, dəli olacaqsan!
– Nə məşğuliyyət?- özümdən çıxdım, anidən belə olanda burnumu qaşıyıram…
Eyvanda oturduq. Direktorun qanı qaralmışdı. Ancaq bu qanqaraçılığın nə ilə bağlı olduğunu soruşmaq istəmirdim…
– İxtisarlar başlayıb. Dünən iki nəfər ixtisara düşdü, bu gün də üç nəfəri ixtisar etməli oldum. Kibritə olan ehtiyac azalır. Bir azdan kibritdən demək olar ki, heç kim istifadə etməyəcək…
– Çay içirsən?-heç nə olmamış kimi soruşdum.
– Yox, sağ ol. Əgər…
– Narahat olma. Mən başımın çarəsinə baxaram. Qayıdaram Bakıya, vağzalda tanışlarım var, bir iş tapıb işləyərəm.
– Doğurdan, buna sevindim. Qalstukunu açıb, qollarını çirmədi-“bu başqa məsələ, gedim pivə alım, yanında nə olsun?”
– “Suxari, bir də balıq”,-dedim.
İstirahət günüm idi. Direktorla axşama kimi pivə içib, min ilin tanışı kimi dərdləşdik. Sonra arvadı zəng elədi, rus dilində nəsə deyinirdi, belə başa düşdüm ki, direktorun qohumlarını yada salırdı., direktor da özünü itirməyib arvadın ölülərini bizim dildə yada saldı. Axırıncı butulkanı da başına çəkib, ləngər vura-vura qapıya tərəf getdi. Direktoru yola salıb, yatdım.
Səhəri gün sonuncu iş günümün olduğunu öyrənəndə (kadrlardan bildiriş gəlmişdi) iri bir çuval tapıb, anbara düşdüm. Anbarın açarı bir məndə idi, bir də direktorda. Anbar köhnə və nəmli olduğuna görə kibrit qutularının çoxu yararsız vəziyyətə düşmüşdü. Çuvalı doldurub, yuxarı qalxdım.Növbəni təhvil verəndə qapıçı İqor əlimdəki çuvalı görüb, soruşdu:
– A şto eto?
– Niçeqo, spiçki-deyib, göz vurdum. İqor elə bildi zarafat edirəm, “nu tı dayoş” deyib, güldü.
Yataqxanaya çatan kimi direktor zəng elədi. İxtisar olunduğumu böyük ürək ağrısı ilə bildirdi. “Canın sağ olsun” deyib, onu bir gün Bakıda görmək istədiyimi söylədim. O da cavabında “Sağlıq olsun” dedi, sonra da mənə “gələcək həyatımda uğurlar arzu edib”, telefonu qapatdı.
Çuvalı yerə boşaldıb, kibrit qutularını səliqə ilə çamadana yığdım. İki saatdan sonra dəmiryol vağzalında idim. Qatar perrona yanaşırdı, Vətənə qayıdanların üzündə yorğunluq hiss olunurdu…
***
– Nofəl Rusiyadan qayıdıb, ixtisara düşüb, deyirlər. Özü ilə də bir çamadan kibrit gətirib… Zərifə xala gözlərini bərəldib, əsnədi.
– Ay qız, o boyda kibriti neynir görən? Bu müharibə hərəni bir cür dəli elədi də. Görüm müharibə çıxaranın evinə top düşsün..
– Amin ay Kifayət, amin!
On il ərzində şəhər çox dəyişmişdi. Müharibənin izləri qalsa da, adamların üzündəki ağrılar seyrəlib, yerini məişət qayğılarına vermişdi. Sinif yoldaşım Fikrətin öldüyünü biləndə ayağımın ağrısı tutdu. Axırıncı dəfə danışanda yaxşı idi. Gələndə qızına don almışdım, qırmızı don. Ancaq heç geyindiyini görmədim. Yaşıdlarından seçilirdi, atası kimi hündür idi, yəqin don balaca olub. Görünür, atasız uşaqlar tez böyüyür…
Qonşular mənim Rusiyadan bir çamadan dolu kibrit gətirməyimə xeyli təəccüblənmişdilər. Hətta qonşum Qabil dayı mənim dəli olduğumu düşünüb, bələdiyyə sədri İlqara məndən şikayət də eləmişdi. Guya mən gecələr onun qapısını döyürəm. Halbuki çox vaxt evdən çölə belə çıxmıram. İşim-gücüm qurtarıb, kiminsə qapısını niyə döyüm?!
Bütün günü kibritdən evlər düzəldirəm. Hələ balaca bir məktəb də düzəltmişəm . İtirdiyim adamları kibritdən düzəltdiyim evlərə qaytarıram. Məsələn, kibritdən hazırladığım məktəbə rəhmətlik sinif yoldaşım Rəhmanın adını vermişəm: “Qarabağ müharibəsi şəhidi Rəhman Salahov adına tam orta məktəb”… Hərdən öz-özümə fikiləşirəm ki, kaş Rəhmanın axırıncı siqaretini yandıra biləydim, kaş onda bircə dənə kibritim olaydı… İndi isə kibritdən evlər düzəldirəm…
Çoxları məni qınayır, amma mən kibritdən düzəltdiyim evlərdə sinif yoldaşlarımı xatırlayıram, futbol oynadığımız vaxtlara qayıdıram, yenidən xoşbəxt oluram… Axı bunu Qabil kimi bir adama necə başa salım? Axı onun sinif yoldaşlarının hamısı sağdı, axı o sol ayağın nə qədər lazımlı olduğunu anlamır, axı o bir dəfə də olsun qapıdan top çıxarmaq üçün ayağından istifadə etməyib…
***
– Oğlum, su iç, özünə gəl-Kamil müəllimin sözlərinə dik atıldım. Bu səs tarix müəllimimizin səsi idi.. Çox zəhimli müəllim idi. Başımın üstünü alan sinif yoldaşlarımı görüb, qışqırmaq istədim, onları qucaqlamaq, bağrıma basmaq istədim, ancaq boğazım düyünləndi, ayaqlarım tutuldu elə bil… Gözüm Rəhmanı axtardı, hanı Rəhman, Rəhman, ay Rəhman, bax nə qədər istəsən kibrit var məndə, eşidirsən məni, Rəhman?!
– Fikrət, bir də Nofəli qapıya qoyma. Görmürsən, nə hala düşür? Kamil müəllim əsəbi halda dilləndi…
Axır vaxtlar yuxuda sinif yoldaşlarımı tez-tez görürəm. Bəlkə kibrit çöplərindən qurduğum evlər, məktəb onların ruhunu narahat edir?! Bəlkə onlar mənim düşdüyüm bu vəziyyətə görə əzab çəkirlər…?! Bəlkə axırıncı siqaretini yandıra bilmədiyim üçün Rəhman məndən inciyib..?!
Səhəri bütün məhləni tüstü bürümüşdü. Göz-gözü görmürdü. Hamı çaş-baş qalmışdı. Nofəl düzəltdiyi kibrit evləri yandırmışdı. Sonra da heç nə olmamış kimi evdən çıxıb oxuduğu məktəbə tərəf getmişdi. Yanğınsöndürənlər alovun qarşısını vaxtında ala bilmişdilər…Qonşulardan heç kimin evinə ziyan dəyməmişdi…
***
Hava günəşli idi. Şəhid Rəhman Salahov adına məktəbin həyətində futbol oynayan uşaqlar qol vurandan sonra sevinclərini bölüşmək üçün oyunun yeganə azarkeşi Nofələ tərəf qaçırdılar… Nofəl isə əlində kibrit, hər dəfə uşaqlardan Rəhmanı görüb-görmədiklərini soruşurdu…
Rüfət Buzovnada dostları ilə yeyib-içib, indi dayanmışdı Zuğulba yarımstansiyası ilə üzbəüz avtobus dayanacağında. 171 nömrəli avtobusu gözləyirdi.
Əzizağa dostlarını Buzovnadakı bağına qonaq çağırmışdı. Gəlib kabab çəkmiş, həyətin mer-meyvəsindən dərib yemiş, doyunca spirtli içki içmişdilər.
Rüfətin qəribə xasiyyəti vardı. Arağı pivə ilə qarışdırıb içərdi. Dostları hay deyirdilər belə eləmə. Ya araq iç, ya pivə. İkisinin sərxoşluğa yaman olur. Əvvəl, yəni içəndə bilmirsən, sonra səni götürür, gəl görəsən. Kimə deyirsən? Rüfət bu xasiyyətindən əl götürmürdü.
Əzizağa yaxşı süfrə açmışdı. Əvvəlcə samovar çayı gətirildi. Cürbəcür bahalı şokolad və karamellər, çərəzlər, mürəbbələr, limon süfrəni bəzəyirdi. Kəklikotulu, mixəkli, zəfəranlı, nanəli çayniklər düzülmüşdü stol boyu. Xalis, təbii Astara çayından dəmlənmiş çay da vardı.
Manqal tüstülənməkdə, kabablar bişməkdə idi. Lülə, tikə kababından savayı, nərə balığından tikələr də şişlərə keçirilib düzülmüşdi manqalın üstünə. Əlqərəz yaxşı bir qonaqlıq alınmışdı. Bahalı araqlar, viski, çaxır, pivə…Hansından istəyirsən iç…
Məclis sona yetəndə ayıq sürücü çağırdılar. Toğrul, Tural, Tofiq qalxdılar. Rüfət yerindən tərpənmədi. Gözü içkilərdə qalmışdı.
-Siz gedin, mən özüm gələcəyəm, – deyə əlini yellədi. Bildirdi ki, onun hələ getmək fikri yoxdur. Əzizağa ilə söhbətləri var.
Dostlar çıxıb getdilər. Rüfət qədəhini araqla doldurub Əzizağaya:
-Sağ ol, brat, sənin, ailənin sağlığına, – deyib arağı başınaa çəkdi. Pivə ilə arağın acılığını görürdü. Üstündən də bir dilim qarpız yedi.
Açığı, Əzizağa çox yorulmuşdu. Əslində istəyirdi ki, Rüfət də o birilərinə qoşulub getsin. Amma o getmədi. İndi Əzizağa oturub onun nə zaman ayağa qalxacağını gözləyirdi. Rüfət rabitəsiz danışır, gah Əzizağanı tərifləyir, gah gedən dostlarının qeybətini edirdi.
Nəhayət, Rüfət ayağa qalxdı. Ləngər vururdu. Əzizağa oğlu Muradı çağırdı:
-Əmini dayanacağa qədər apar.
Murad maşını işə saldı. Rüfət Əzizağanı qucaqlayıb öpdü. “Di, salamat qal”, – deyib maşına əyləşdi. Avtodayanacağa çatanda düşdü. Murad dedi:
-Rüfət əmi, hava istidir, maşında əyləşin, avtobus gələndə düşüb minərsiniz, – deyə təklif etsə də, Rüfət qulaq asmadı. Əksinə Murada dedi ki, gözləməsin, getsin. Murad onun təkidlərindən sonra çar-naçar evlərinə döndü.
171 nömrəli avtobus “Koroğlu” metro stansiyasına gedirdi. Rüfət orada düşüb metronun “Nərimanov” stansiyasına gedəcəkdi. İşin tərsliyindən 171 nömrəli avtobus yenicə gəlib getmişdi. Rüfət gözləməkdə idi. Bu zaman bir minik maşını qarşısında dayandı.
Ayaq üstə Rüfəti yuxu basırdı. Sürücü hara getdiyini dedi. Rüfət də tez maşına əyləşdi. Rüfət sevincək olmuşdu: “Mersedes lap yerinə düşdü. Rahat gedəcəyəm. Avtobusda basa-bas olur. Çox vaxt əyləşməyə yer tapılmır. Cavanlar da dəyişiblər. Əvvəlki yeniyetmələrə bənzəmirlər. Durub yaşlılara yer vermirlər. Eybi yox, axır onlar da yaşa dolarlar. Onda günahlarını anlayarlar”.
Mersedes tərpəndi. Rüfət içəridəkilərlə salamlaşdı. Bir nəfər arxa oturacaqda, bir nəfər də sürücünün yanında əyləşmişdi. Kondisioner işləyirdi. Rüfət başını atıb yatdı.
Az keçdi, çox keçdi. Bilmirik. Maşın mənzil başına çatmışdı. O biri iki nəfər düşüb getmişdi. Rüfəti oyatmaq problemə dönmüşdü. Oyanmaq bilmirdi ki. Spirtli içkinin iyi maşının salonunu başına götürmüşdü. Nəhayət, Rüfət özünə gəldi. Maşından düşüb ətrafa boylandı. “Bura haradır?” Heç tanış gəlmirr.
Rüfət Sürücüyə müraciətlə:
-Qardaş, harada saxlamısan bu maşını? – deyə soruşdu. -Tapa bilmirəm haradayam.
Sürücü təəccüblə ona baxdı:
-Elə bil birinci dəfədir gəlirsən. Necə yəni haradır? Həmişə harada saxlayırıq, oradır da. Taksi dayanacağıdır. O da o biri taksilər.
Rüfət boylanmaqda davam edərək xəbər aldı:
-Metro hansı tərəfdədir?
Sürücü çiyinlərini çəkdi:
-Nə metro?
Onu gülmək tutmuşdu:
-Mən biləni, buraya metro yüz il sonra da çəkilməz.
Rüfət elə bildi ki, sürücü onu dolayır, ona görə özündən çıxdı:
-Al, manatını, özüm taparam.
Sürücü manatı onun üstünə atdı:
-200-250 kilometr yol gəlmisən, bir manat verirsən?
Bu dəfə Rüfət çiyinlərini çəkdi:
-200-250 kilometr haradan çıxdı? Vur-tut 30 kilometr yol gəlmisən. Adan dolayırsan?
Sürücü qəribə müştərinin danışığına, özünü aparmasına mat-məəttəl qalmışdı:
-A kişi, sənin ağlın üstündə deyil deyəsən. Boz araqdan vurmusan doyunca, ağlın başından çıxıb. Ona görə də ağlına gələni danışırsan.
Rüfət özündən çıxdı:
-Nə qədər istəyirsən, 2 manat? Lap ağ eləmisiniz. Əvvəllər metroya gəlmək üçün 4 nəfər götürüb adambaşına 1 manat alardınız …
Sürücü ilə Rüfətin mübahisəsini görüb bir neçə sürücü də onlara yaxınlaşmışdı. Bu mübahisənin nə ilə qurtaracağını gözləyirdilər:
-Ay kişi, nə metro, metro salmısan? Sən hara gedirdin?
Rüfət anlatdı:
-Buzovnadan metronun “Koroğlu” stansiyasına…
Sürücülərdən birisi dilləndi:
-Ay kişi, bura bilirsən haradır?
Rüfət:
-Hara? – deyə soruşdu.
Dedilər:
-Kürdəmirdir.
Rütəti gətirən sürücü:
-Bəli, Kürdəmidir. Əlin cibində olsun. 15 manat verəcəksən.
Rüfət lap cin atına mindi:
-Nə Kürdəmir? Mənim Kürdəmirdə nə işim?
Sürücü:
-Necə yəni nə işim?! – dedi. -Təqsir özündədir, məndə deyil. Maşını saxladım. Soruşdun ki, hara gedirsən? Dedim Kürdəmirə. Sən də tez oturdun. Oturan kimi də yatdın. Qırx ilin yuxusuzu kimi…
Rüfət sanki yatmışdı, ayıldı. Başını yelləyərəık dedi:
-Mən metronun “Koroğlu” stansiyası bilib əyləşmişəm.
Sürücü ona məsləhər gördü:
-Bu taksilərdən Bakıya gedəni var. Nə qədər gec deyil, əyləş, səni aparsınlar.
Sürücü Bunu deyib əlini qabağa uzatdı:
-Amma əvvəlcə mənim 15 manatımı ver.
Rüfət baxa-baxa qaldı. Əzizağanın qonaqlığı ona baha başa gəlmişdi.
Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində dövrün ən aktual və acınacaqlı hadisələrinin təsviri
(resenziya)
Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Haqvеrdiyеvin yaradıcılığında dram əsərləri ilə yanaşı hekayələri də mühüm yer tutur. Əbdürrəhim bəy Haqvеrdiyеv “Ata və оğul”, “Ayın şahidliyi”, “Xоrtdanın cəhənnəm məкtubları”, “Bоmba”, “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər”, “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı”, “Qəndil”, “Çeşməк”, “İt оyunu”, “Diş ağrısı”, “Qоca tarzən”, “Haqq Mövcud” və s. Azərbaycan ədəbiyyatı üçün qiymətli olan hekayələr yazmışdır. Ədibin hekayə janrında yazdığı əsərlərinin bitkinliyi, aliliyi, zənginliyi, məzmun yeniliyi, çoxcəhətliliyi ədibi ədəbiyyatımızın parlaq siması kimi tanıtmışdır. Korifey yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi teatr xadimi olan Əbdürrəhim bəy Haqverdiyevin “Qəndil”, “Çeşməк”, “İt оyunu” hekayələrində yazıçı dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrir və eyni zamanda cəhalət, nadanlıq və köhnə еtiqadlara etirazını bildirir, xalqın maariflənməyinə çağırış edirdi. Ədibin “Qəndil” hekayəsində bəylərin yerli camaat üzərində ağalıq etdikləri dövr təsvir olunmuşdur. Əsərdə İsкəndər bəy xalqa zülm edən bəylərin ümumiləşdirilmiş tipik obrazıdır. Varlı təbəqəyə mənsub olan İsкəndər bəyin igidliкdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yоx idi. Atı, qaramalı saysız idi. Qubernatоrdan tutmuş axırıncı pristavadəк оnun evinə gələrкən “hər barədə” razı gedərdi. Heç kim İsкəndər bəyin əlindən höкumətə şiкayət etməyə cürət etməzdi. Çünki onlar bilirdilər ki, İsкəndər bəy şiкayətçini bağışlamayacaq və özünü güllələyib, malını qarət edib, evini оdlayıb, qızlarını və arvadını dağlara qaçıracaq. Xalqa zülm edən İsкəndər bəy dağlarda padşahlıq edirdi. Belə ki, üç yüz evdən ibarət оlan кəndin camaatı оnun əlində əsir idi. O, sıldırım bir qayanın başında laçın yuvasına bənzər, ağ daşdan tikilmiş ikimərtəbəli sarayı kimi evdə yaşayırdı. Əsərdə İsкəndər bəyin xalqa etdiyi zülmlər belə təsvir olunmuşdur. “Xalqın malının, canının, кülfətinin ixtiyarı özündə deyildi. İsкəndər bəydən biizn bir nəfər evlənə bilməzdi, bir nəfərin qızını ərə verməyə ixtiyarı yоx idi. Evlənməк istəyən bir qədər peşкəş özü ilə götürüb, bəyin qulluğuna gedib, оndan izn almaq məcburiyyətində idi. Bəy razı оlmasa, evlənməк mümкün deyildi. Əmrdən bоyun qaçıran özünü ölmüş bilməli idi. Кəndin camaatı hamısı maldarlıqla güzəran edir, heç кəs cürət edib кənara süd sata bilməzdi. Gərəк südünü aparıb bəyin pendir zavоduna, bəyin təyin etdiyi qiymətdə verəydi. Кənd əhalisindən bir nəfər кənara bir кasa süd satsaydı, yəqin bəy öz adamları ilə gəlib оnun qapısındaкı qaramalın hamısını güllə ilə qıracaqdı”.
Əbdürrəhim bəy Haqverdiyev “Qəndil” hekayəsində İsкəndər bəyin ömür yolunu atalar sözü vasitəsilə şərh edir: “Hər yоxuşun bir enişi оlar”. Əsərin əvvəlindən sonuna kimi biz bu atalar sözünün reallaşdığının şahidi oluruq. Ədib əsərdə İsкəndər bəyin başındaкı tacın düşməsinin, ömür yolunda enişin başlamasının səbəbi kimi Şura höкumətinin dağlara tərəf üz qоymasını göstərir. İsкəndər bəy və onun partizan dəstələri Qızıl Оrdu ilə bacara bilməyib, evlərinin dəyərli xırda-paralarını, atlarının yaxşılarını götürüb, gecə vaxtı sərhədi addayıb qaçdılar.
Ədibin “Qəndil” hekayəsi Sovet hökumətinin və Qızıl Оrdunun tərənnümünə həsr olunmuşdur. Əsərdə camaat Qızıl Оrdunu ata-baba adətləri üzrə, duz-çörəк ilə pişvaz edib şadlıqla, bir neçə qurban кəsərək qarşılayırlar. Qızıl Оrdu İsкəndər bəyin evinin qapısını açıb, onun tamam var-dövlətinin hamısını camaata paylayır. Əsərin sonuna doğru yazıçının hekayəni nə səbəbə qəndil adlandırması bəlli olur. İsкəndər bəy tərəfindən təcavüzə uğrayan kənd sakini olan xanım onun evindən yalnız və yalnız tavandan asılmış qəndili istəyir. Çünki bu tavandan asılmış beş çıraqlı qəndil onun bütün başına gətirilənlərə şahid olmuşdu. Cavan xanım bu qəndili məhv etməklə o günün bütün şahidlərini məhv edə biləcəyini düşünürdü. Ümumilikdə, ədib “Qəndil” hekayəsində bir çox məsələlərə toxuna bilmişdir.
Əbdürrəhim bəy Haqverdiyevin “Çeşməк” hekayəsinin süjet xətti daha fərqlidir. Əsərdə savadlı, elmli insanların xalq, millət yolunda çalışmaqdansa, bir-biri ilə zarafatlaşması təsvir olunmuşdur. Vəkil olan Mahmud bəy əhli-кef və əhli-damaq bir şəxs idi. Onun mənzilində lətifələr danışıb gülməкdən başqa bir işi оlmazdı. Ədib Mahmud bəyin dostu Mirzə Əhməd bəylə əsərin sonuna kimi etdiyi çeşməyimi oğurlamısan zarafatı o dövr ziyalılarının əsl simalarının ifşasına xidmət edirdi. Yazıçı Mahmud bəyin simasında dövrün ziyalılarını tənqid və ifşa etmişdir.
Ədibin digər bir hekayəsidə “Haqq Mövcud” əsəridir. Əsərdə dedi-qodu, söz-söhbət, şayiə pislənmişdir. Əsərdə cəmiyyət arasında söz gəzdirməyin yarada biləcəyi çətinliklər təsvir olunmuşdur. Yazıçının “Haqq Mövcud” əsərinin baş qəhrəmanı qara saçları çiyninə töкülmüş, başında qara кəndirlə sarınmış teyləsan, qara, uzun, qurşağınadəк saqqal, qara, böyüк sürməyi gözləri, bоynunda bir pud gələn zəncir, arxasında bir ceyran dərisi olan, heç кəslə danışmayan, heç кəsin sualına cavab verməyən, ancaq dediyi söz “Haqq Mövcud” olan bir şəxs idi. Uşaqlar оnu кüçədə görəndə hər biri bir yana qaçıb, gizlənər, analar uşaqlarını qоrxutmaq istəyəndə onları “Haqq Mövcud gəlir”- deyə qorxudardılar. Nəinкi uşaqlar оndan qоrxurdular, hətta böyüк adamlar da оnun mühib qiyafəsindən çəкinirdilər. Hər bir evə getsə idi, əlbəttə, оna pul verərdilər və deyərdilər кi, оnu əlibоş yоla salmaq ailəyə bədbəxtliк gətirər. Camaat arasında ona “Haqq mövcud!” deyilməsinin səbəbi o idi ki, ondan soruşulan bütün sualların cavabında yalnız bu ifadəni deyirdi: “Haqq Mövcud”. Yerli camaat onu qeyri-adi qüvvəyə sahib olan şəxs hesab edirdi. Belə ki, onu кəramət sahibi оlan şəxs, cadugər, кimyagər və s. hesab edirdilər. Ədib əsərdə şər, böhtan atmağı pisləyir. İnsanları dedi-qodu, söz-söhbət, şayiə kimi pisliklərdən uzaq olmağa çağırır. Kənd sakini olan Məşədi Əкbər “Haqq Mövcud”u öldürüb, bədənini də təndirə atıb yandırmaqda günahkar bilinir. Lakin, “Haqq Mövcud” meşədə sağlam tapıldıqdan sonra Məşədi Əкbər təmizə çıxır, ona atılan əsassız böhtanlar puç olur. Ədib “Haqq Mövcud” əsəri vasitəsilə dövrün həqiqətlərini ifşa edir.
Əbdürrəhim bəy Haqverdiyevin “İt оyunu” hekayəsində höкumət adamlarının özbaşınalığı təsvir olunmuşdur. Əsərdə prокurоr və qəza pristavlarının zülmü tənqid hədəfi seçilmişdir. Ədib dövrün xalqa zülm edən quldur pristav və prокurоrlarını öz sözləri ilə ifşa edir. “Qılıncımın dalı da кəsirdi, qabağı da. Bir gün adam döydürməsə idim, gecə yata bilmirdim. Əvvələn, bu yerin camaatına qılınc müsəlmanları deyərlər. Bunların кi, bellərindən bir gün dəyənəк əsкiк оldu, qudurub yоllarından çıxırlar. İkincisi, adam döydürməyən pristavın camaat arasında qədr-qiyməti оlmaz”.
Ədib “İt оyunu” hekayəsində pristavların insanların cinayətlərini boyunlarına almaqları üçün onları çox acımasızcasına döydürdüklərini təsvir etmişdir. Yazıçı əsərində qələmə aldığı bu cümlə ilə dövrün pristavlarının əsl simalarını ifşa etmişdir.“Pristav оlub adam döydürməməкdənsə, gedib əкinçiliк eləməк yaxşıdır”. Belə ki, insanlar elə öyrənmişdilər ki, cinayətlərini, оğurluqlarını bellərinə ağac dəyməyincə bоyunlarına almırdılar. Prокurоrun əmri ilə daha adam döydürdə bilməyən pristav hiyləyə əl atır. Prокurоrun оv tulasını оğurlatdırıb gizlətdirir. Prокurоr bir gün, iki gün iti axtartdırır, lakin tapa bilmir. Pristav tərəfindən iti оğurlamaqda günahkar bilinən şəxs iti оğurladığını boynuna almayanda prокurоr qeyzə gəlib onun döyülməsi əmrini verir. “Belə, bas о кafir оğlu кafiri ağacın altına! О qədər vur, birqat qabığı getsin! Оnda bоynuna götürər”.
Əbdürrəhim bəy Haqverdiyevin “İt оyunu” hekayəsi dolğun və yumоrist-satirik məzmunu ilə xüsusi seçilir. Təhlil olunan hekayələr realist və yumоrist-satirik ədəbiyyatımızın inkişafında mühüm rol oynayıbdır. Ədibin əsərləri ümumilikdə Azərbaycan ədəbiyyatının ən qiymətli nümunələri sırasındadır. Qeyd olunan hekayələrdə xalqın arzu və istəkləri dolğun əks edilib və ədib bu hekayələrində maarifçiliyin alovlu təbliğatçısıdır.
Şuşada Vaqif Poeziya Günləri davam edir . Poeziya Günləri çərçivəsində Şuşanın bir sıra tarixi və mədəni məkanlarında müxtəlif tədbirlər baş tutub. Fotolar:
Lev Tolstoyun “İvan İliçin ölümü” romanında 19-cu əsrdə Rusiyada yüksək məhkəmə hakimi olan qəhrəmanın həyatı və ölümü vasitəsilə ekzistensialist mövzuları araşdırılmışdır. İvan İliç nümunəvi hesab etdiyi, cəmiyyətin gözləntilərinə uyğun, sosial nərdivanları yüksələn və peşəkar uğur qazanan bir həyat yaşayır. Ancaq ölümcül xəstəliyə düçar olanda həyatı dramatik şəkildə dəyişir.Vəziyyəti pisləşdikcə İvan varlığının səthiliyi ilə üzləşir.Bir vaxtlar statusunda və maddi var-dövlətində tapdığı rahatlıq dağılır və onu ölümünün açıq reallığı ilə üz-üzə qoyur. Tolstoyun İvanın ekzistensial böhranını təsviri insan vəziyyətini dərindən araşdırır. İvanın xəstəliyi onu həyatının mənasını və etdiyi seçimləri şübhə altına almağa məcbur edir. O, anlayır ki, cəmiyyət tərəfindən bəyənilmək və maddi sərvət əldə etmək ardınca getməsi onu həqiqi xoşbəxtlikdən və xoşbəxtlikdən yayındırıb. Bu reallaşma ekzistensial fəlsəfədə əsas mövzu ilə səsləşir: əsl məna xarici təsdiqdə deyil, şəxsi həqiqilik və özünüdərkdə tapılır. Ömrünün son anlarında İvan köklü dəyişikliklərə məruz qalır. O, ümidsizlikdən qəbula və maariflənməyə keçir, ölüm qarşısında belə məna tapmaqda mövcud olan inamın simvolu olur. İvanın hekayəsi, ölümlə üzləşməyin daha həqiqi və mənalı bir varlığa səbəb ola biləcəyinə dair ekzistensialist fikri təsvir edir. İvan İliçin ölümü həyatın son suallarını dərindən və dürüst araşdırdığına görə Tolstoyun insan varlığının dərinliklərinə varmaq, oxucuları öz həyatları haqqında düşünməyə və həqiqi məna axtarışına çağırmaq bacarığı misilsizdir,