DAĞLAR OY…
Zirvələrin ağ örpəklə şallanır,
Ətəklərin al geyinir, allanır,
Ruhum çıxıb, gözlərimdən sallanır,
Ürəyimə nur çiləyən dağlar oy,
Ulduzlara əl eləyən dağlar oy.
Min illərdi gördün yaxşı yamanı,
Qarşıladın, yola saldın zamanı.
Geyib, gümüş xalat kimi dumanı,
Yaxasını düymələyən dağlar oy,
Ulduzlara əl eləyən dağlar oy.
Zirvədə qar ağ şalındı kim bilir,
Ağ saçındı,saqqalındı kim bilir,
Qırışlanmış, ağ alındı kim bilir,
Dünyagörmüş pir, biləyən dağlar oy
Ulduzlara əl eləyən dağlar oy.
Cəngavər tək yarında, yarağında,
Növbə çəkir ayın nur çırağında.
Axşamüstü günün qürub çağında,
Təpəsində od qalayan dağlar oy,
Ulduzlara əl eləyən dağlar oy.
Zirehlənib, dəmir, polad atında,
Bir azmandı, çıxıb yerin çatından
Bünövrəsi yerin yeddi qatında,
Hiddətlənsə, daş ələyən dağlar, oy
Ulduzlara əl eləyən dağlar oy.
Qucaq açdı yamacları, yalları,
Eyni tutdu həm şahları, qulları.
Tarixlərdən iz qoparan yolları,
Belə kəmər tək dolayan dağlar oy,
Ulduzlara əl eləyən dağlar oy.
Dərd göndərər dərdli, çəkəndə ahı,
Həm zülümü, səvabı həm, günahı.
Başı göydə, çağıranda Allahı,
Bu dünyaya nur diləyən dağlar oy,
Ulduzlara əl eləyən dağlar oy.
25.03.2024
Müəllif: Zeynəb Cəmaləddin
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru