
Gedişimizdə Ağdam “Dram Teatrı” nın qalığının önündə bir xatirə şəkli çəkdirdik. Bildiyimiz kimi doxsan ikinci illərdə başlanan müharibədə Ağdam sona qədər döyüşdü. Ən çox şəhid verən rayonlarımızdan birincisi indi xarabalıqları ilə ürək dağlayır. Hansı səmtinə baxırsan tikilinin didilib, uçulmuş formasını görürsən. Əlacları olsa, daşı da qazana basıb yeyərmiş hay çətələri.

Yolda şəhidlərimizə dua edərək, bərpa işləri aparılan yollara zümzümə də elədik. “Küçələrə su səpmişəm, yar gələndə toz olmasın”. İri maşınlar toz qaldırmasın deyə “vadovoz”lar yolları sərinlətmişdi. Təbiət öz axarında davam edirdi. Axşam biz hava qaralmadan geri dönəndə gün yandırmış heyətləri də xarabalıqların içində gördük. İş saatları bitmiş, əl-ayaqlarını toparlayırdılar.” Böyük Qayıdış” a əmək verən insanların baxışlarında həm kədər, həm də ümid görmək olurdu. Biz keçib gəldik onlar əmək verməyə davam edəcəkdi. Axşama dostumuz Savadsız Arzuman yığdı. Bəs, mən də ordaydım dedi. Əgər bilsəydim on dəqiqəlik salam verib keçərdik dedim. Ağdama yazdığım şeir ilk kitabımda nəşr olunmuşdu. Onu xatırlamağa çalışdım. Və nəhayət üzünü görmədiyim heç vaxt ayağım dəyməyən bu torpağı gəzmək fürsətim olduğuna görə çox şükür etdim. Dünya gözü ilə görmək, sevmək başqa bir nemətdir.

Əsgəran qalasında dayanıb sağa, sola nəzər saldıq. Haylar Əsgəranı işğal edilməklə Ağdamın əlaqəsini Xocalıdan və bütöv Qarabağdan kəsiblər. Deməli, planlı şəkildə şəhərlərimiz məs Əsgəran vasitəsi ilə hasara alınıb. Bu Qala, Qarabağın strateji baxımdan canı hesab olunur. Qala, çay daşından on səkkizinci əsrdə, 1751-ci ildə Pənahəli xan tərəfindən inşa edilib. Bir hissəsini dağıdıblar, bir hissəsi qalır. Yolumuz buradan keçdiyinə görə çox sevincli idim. Mənim işğal altına düşmüş qərib şəhərimin daşları, divarları öz sakinlərində idi. Biz orda olanda çoxlu sayda insanlarımız qalanın başına çıxırdı. Yolumuzun uzaqlığına görə, aşağıda qalanı gözümüzlə oxşayıb yolumuza davam elədik. Yolumuz Xocalıdan keçirdi. Daşı daş üstündə, başı baş üstündə qalmayan başı bəlalı şəhər. Bu şəhər öz sakinləri ilə yerin dibinə gömülüb, qətl olunmuşdu…
Hər şey qürurvericiydi. Postlarda gənc polislərimizi görüncə, gələcəyə ümid daha çox artır. Bu şəkildə azad olmuş torpaqlarımız nəzarət altına alınıb qorunur. Yaxın gələcəkdə hər kəs öz obasına köçəcək…
Xankəndinin mərkəzi

Şofer Arzuman bəy polisdən yol soruşur:
-Biz Şuşaya gedirik, düzdürmü?
-Yox, əlini uzadır, o biri yolla gedəcəksiniz. Bu yol Xankəndinə gedir.
-Olarmı baxaq qayıdaq? Polis yol göstərir.
-Buyurun. Biz şəhərə daxil oluruq. Azca irəlidə möhtərəm şəhər qol açır, öpür doğmalarını. Və acizanə heyrətliklə irəli yeriyirsən “bu nə gözəllik?”.
O qədər gözəldir ki, Xankəndi, mən təkcə bu şəhər üçün ölərdim. Lap uzun il əvvəllər şəhərin yoxluğu ciyərimi fərqli yöndən qovururdu. Həmin doğmalıq canıma hopdu. Həyat öz axar-baxarında davam edir, bir tərəfdə Gəncə təndiri, yol qırağında çayxana, yerə tökülmüş xəzəllər, ox, yer üzünün cənnəti…
Digər tərəfdə göy hərflərlə yazılmış tablo “Qarabağ Azərbaycandır!” Dəmir Yumruq” simvolu – tablo danışır.
Azərbaycanın ən böyük şəhərlərindən biri olan bu füsunkar şəhər yenidən özünə qayıdıb. Kuruqdan təxmini üç yüz metr aralıda “Qarabağ Universiteti” yerləşir. Bakı seriyası maşınları şütüyən görəndə fərəhlənirsən. Üzündə bir təbəssüm, gözündə bir sevinc hissi yaranır. Ta oralara qədər döyüşüb geri çəkilən igidlərimiz yada düşür. Şəhərin qəribə qoxusu var. Burada canına çökmüş çirkabdan azad olan döşəmə yollar ayağına sərilir. Ala buludlar göy üzünə daraşıb yol gedir. Xısın yarpaqlar ağac dibində ayaq tappıltısı gözləyir. Və təkəmseyrək adamların keçişi yaşıl ağaclara can verir. Həyat bu şəhərdə dirilir. Mənim qısa dəqiqələrdə bunu yaşamağım da ayrıca bir lütvdür. Piramida tikililər diqqət çəkir.

Və bir də o möhtərəmi yeddi dolamadan seyr edəndə kiçik evlər ulduz kimi səliqəli görünür. Yolçu yolunda gərək, bir daha şirin təbəssüm edib ayrılırsan. Sevilməli və içində yaşayıb var olmalı şəhərim, hələlik deyib davam etdikcə daha da əzəməti insanı basır. Bax bu!..
Ardı var.
Müəllif: GÜLNARƏ İSRAFİL
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru












