RƏNA TƏBƏSSÜM (İMANOVA) Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Bu barədə xanım yazıçı öz sosial şəbəkə hesabında paylaşım edib:
“Bu payızın ilk ayı mənim həyatımda silinməz iz qoyub. Məni yaradıcılığıma dəyər verib öz sıralarına – Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edən birliyin sədri Anar müəllim, sədr müavini Rəşad Məcid, katib, Qəbul Komissiyasının sədri Səlim Babullaoğlu, komissiyanın katibi Məlahət xanım Qənbərovaya dərin minnətdarlığımı bildirirəm. Məni ilk təbrik edən sədrin baş müşaviri Rauf Aslanov, tanınmış yazıçı Seyran Səxavət, birliyin şöbə müdiri, şair Dayandur Sevgin, birliyin multikultural məsələlər üzrə məsul şəxsi Xatirə Fərəcli, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsə və başqalarına təşəkkür edirəm. Sevincimə şərik olan hər kəsə, var olun, deyirəm!”
Rəna Təbəssüm (İmanova)nı bu münasibətlə təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Rəna xanım!
Sevgi də (lirik) hissdir. O hissi dərin qatlara endirə bilmək (isə) eşqanə vəcddir. Bu halı yaxşı qavrayanlar üçün həyat hər gün təzədir. Deməli, insanı yanğıda qovuran hissin adı eşqdirsə, həyatı insana yük edən də məhz bu yanğıdır… Eşq həyat səltənətidir; onda zaman-zaman ibrətamiz hislər təlatüm edib. Bu duyğunu təmiz məqsəd hesab edənlər heç vaxt yanlış təfərrüatlara düşməyiblər. İstər ruhi dəyərlərdə, istərsə də maddi proseslərdə eşq zəruri oblastdır, insan onun əhatəsində sadəcə, bir müşahidəçidir… Belə deyək, istedadlı şair Rəfail Tağızadənin “Gecə xəyalları” kitabında da eşq (sevgi) bir həyat səciyyəsi kimi qabarıq diqqət çəkir. Maraqlıdır ki, şair bu hissi (başqalarına nisbətən) çığırtı kimi deyil, həzin pıçıltı kimi verir, onu ürəyə, gözə və qəlbə məhkum edən zərurətləri mədəni tərzdə cilalayır, duyğuları çırpıntıya məruz qoyur və s. “Gecə xəyalları”ndakı lirik təcəssümü oxuculara təqdim edək:
Bir badə şərabtək içildi getdi, Mən belə sevgini neynim, İlahi?
Demək ki, yanlış məzmunda ibadətkarlıq məhz yanlış da tərz formalaşdırır. “Bir badə şərabtək içilən sevgi” doğru səmt deyil; şairi təəssüf hissində boğan insanların eşqə sadəcə bir yanğı kimi məna vermələridir. Yanğı bir anlıqdır, sevgi isə əbədi. Əbədi olanı bir ana qurban verənləri şair iki sətirlə ciddi məzəmmət (və hətta) tənbeh edir…
Neynirdim iki əli, ayağı, İki gözü, qulağı, Bu qədər barmağı neynirdim? Mənə iki ürək verəydin, Allah…
Şair “Mənə iki ürək verəydin, Allah…” deməklə sevə bilməyənlərin də yerinə sevmək məsuliyyətini üzərinə götürür, əslində isə eşqin İlahi bir təşnə olduğuna diqqət çəkir.
Süzüb ayaqdan başacan, Baxıb dodaqdan qaşacan, Səni gözlərimə yedizdirəcəyəm. Sonra da oturub ayna qabağında Könlümə köçürəcəyəm.
Bəzən elə yeni ifadələrə rast gəlirik ki, heyranlığımızı gizlədə bilmirik. Rəfail Tağızadənin “Səni gözlərimə yedizdirəcəyəm” fikri də bu tərz yeni ifadələrdəndir. Diqqət edək; şair demir ki, səni özümə öyrədəcəyəm, yaxud səni semək iqtidarındayam, tamamilə başqa rakursda fikir ifadə edir, dərin-sətiraltı məna qurur, gözlərin “yemək” cəhdini əldə etmək, mənimsəmək kimi xarakterizə edir.
Bu gecə sevdiyin hər şey sənin, Səmanı verim sənə, Bir də aylı gecəni… Söykənib arzulara Doyunca baxım sənə.
Əllərində bir dəniz, Gözlərində bir röya, Yanağın bir ay kimi… Necə də gözəl həyat, Sığın bu sinəmə, yat.
Tənhalıq girdabında çabalayanlar üçün ən rahat yer sinədir; orada tüğyan edən sabit təcəssümlərdir. Şair bu baxımdan “Sığın bu sinəmə, yat” deyir. Başqaları bu sətirdə zina pərdələri axtarırsa, biz daxili hissi həyata doğru sövq edən məna axtarırıq.
Daha bu sevginin əlindən tutub Hara gedəcəyəm bu gündən belə? Olan gümanlar da bura qədərmiş, İtirdik illəri biz bilə-bilə.
Təzə öyrəşirdik bir-birimizə, Duyğular yenicə baş qaldırırdı…
Nəmli dodaqlarında xəfif təbəssüm Bir qız boylanır aylı gecənin pəncərəsindən…
Bu sətirlərdə (də) darıxan qəlblərin sevda təlatümləri var; biz hər sətirdə müəllifin sevgini hansı elmlə xarakterizə etdiyinin fərqinə varmağa çalışır, onun cəhdlərini alqışlayırıq… “Təzə öyrəşirdik bir-birimizə, Duyğular yenicə baş qaldırırdı…” fikrində sevginin hansısa bir təsirdən deformasiyaya uğradığını sezir, ayrılıq nəğməsinin çalındığını eşidirik. Demək ki, yanlış sevmək tərzi ayrılıqla üz-üzə durmaq məqamıdır, ani bir inciklik bu prosesi sürətləndirir… Məhz Rəfail müəllim də bunu təlqin edir ki, eşq yanğı sxemi deyil, o, qəlbin sınmaz təməlidir, sadəcə onu bu şəkildə qavramaq lazımdır.
Nə sən varsan, Nə dərdimi deməyə bir kimsə… Gəl, çıxart məni sənsizliyindən.
Yad et məni; Bir cüt gül, İki damla göz yaşıyla.
Sevgi tənhalıqla “qohumdur”, doğru olmayan düşüncə onu adi bir hiss kimi mənalandırır. Sevən insan həm də dərin bir qəriblik hissi yaşayır. Qərib adamın sevgisi tənha adada kölgə uman bir quri ağac kimidir və s. Bu mənada, Rəfail müəllim mümkün olanı mümkünsüzə çevirənlərə hayqırır, onlara qəlbi dolaşıq hislərdən uzaq tutmağı məsləhət görür… Və nəticə etibarilə, sevgidəki məqamın bitmə dövrü “Bir cüt gül, İki damla göz yaşıyla” tamamlanır. Bununla, insan həyat necə başlamışdısa, eləcə də (bir) vida marşı çalır, özünü geridəki məsamələrə atır, yolunu-rizini itirir… Əsl sevginin nə olduğunu anlamaq istəyənlərə Rəfail Tağızadənin “Gecə xəyalları” kitabını oxumağı məsləhət görürük…
Yağışlı bir gecədə adımı söylədim Kürə. Sağ-soluma baxdım gördüm heç kəs eşitmədi. Yağış dəli, Kür dəli. Qoşulub dəli sulara şeir dedim mən dəli… Əlisəmid Kürün ömür kitabının möhürünü vuran şeiri, məncə, bu misralarıdır. Müəllifin öz səsiylə deyil, bəzən yad, bəzən tamamən oğurluq səslə kağıza köçürdükləri ilə, içinə gömsə də, hayqırışa dönüb pıçıltıyla yazıya çevrilən kəlmələri arasındakı fərqdir şeir. Bu şeirdə (əksər digər şeirlərindəki kimi) sanki müəllifin səsini duyursan – təmkinli, amma həm də üsyankar… Bəzən deyirlər, şeir obyektiv, T.Eliotun təbirincə desək, şəxssiz, “depersonalaşmış” olmalıdır. Əlisəmid Kürün subyekti qabarıq büruzə verən şeirlərində müəllifin əzablarını, həm də yalnız şəxsi deyil, hər kəsin iztirabını öz yaşantısıymış kimi yansıdan acılarını, xatirələrini, təəssüfünü görməkdəyik. Onun şeirlərindən qıfılı içində gəzdirməyən, sözünə kilid vurmayan adamın gerçəkləri süzülür. Bu misralarda cəmiyyət həyatının ağrıları Kentavr-adamın çiynindəki yük qədər ağır, ad gününə ipək kəndir gətirilmiş məhkumun əzabları qədər dərindir; fəqət hamısı şeirdir – əvvəldən sona sözdən başqa bir hədəf aramayan, sözlə başlayıb sözdə bitən fikirdir. Cəmiyyət ağrılarını sözlərə yansıdan şeirlərin belə, ən önəmli tərəfi ictimai motiv, daşıdığı məzmun yükü deyil, şeirə köklənmiş oxucunu həmin məna qarışıq çəkib misraların, sözlərin içinə aparmasıdır. Bu şeirləri oxuyanda bir an sənə elə gəlir ki, hər şey əksinədir, şeir səni oxuyur – səni səndən yaxşı tanıyır və səni deyir. Gecələri yatmadığım günlər artır – Sözlərim bir yandan. Hansı misram oyaq deyilsə, Yatır mənim əvəzimə.
Üstü açıq yatır narahat sözlər, Səksənib ayılsan Üstünü örtərsən misralarımın…
Gecələr sən yatandan sonra Öpürəm alnından, Keçirəm yan otağa – Bir ağ varağa yoldaş olmağa. Çağdaş şeirdə aforizmləşməyə meyil hiss olunmaqdadır – mütləq şeirlərində dillərə düşəcək, xatirə dəftərlərini bəzəyəcək, sosial şəbəkələrdə “(c)” qeydi ilə status əvəzi işlənəcək qoşa misraların, bəndlərin olmasına xüsusi diqqət yetirirlər. Bu zaman müəllifin fəlsəfə açmaq iddiası bir az da şeiri öldürür, ən yaxşı halda, ikinci plana salır. Əlisəmid Kürün isə əksər şeirləri elə qurulur ki, nə “döşəməsi”ni, nə “tavanı”nı laxlatmaq olur – misraları bənddən, ya bütünlüklə şeirdən çıxaranda kontekstdən ayırmış olursan. Yaddaş – bizi yaşadığımız zamandan qoparıb bir an üçün olsa belə, keçmişdə qalanla qovuşduran və eyni zamanda, keçmişi indiyə daşıyan – zamanı əbədiləşdirəndir. Nə qədər ki xatırlayan var, xatirəyə dönən nəsnələr diridir, yaşayır. Bu zamansızlıq içindəki zaman yaddaş sayəsində var olur. Ən çox xatırlayan, ən çox nostalji duyan keçmişə əbədiyyət qazandırmaq arzusunda olan söz adamlarıdır yəqin – zamana süni nəfəs verməklə. Xatirə – dirilik suyudur, gənclik iksiridir. Əlisəmid Kürün bir çox şeirlərində zaman və yaddaş məhfumu bütün fəlsəfi, poetik ağırlığı ilə ehtiva edir. Hamını yadıma saldım bir gün ata ocağında. Bir anda yüz il yaşadım, Bir anda yüz il qocaldım həsrətin künc-bucağında. Titrədi atamın baş daşı, ürpəndi anamın əlləri. İndicə qırılıb dağılacaq baxdığın güzgü – Titrəyir yanağında göz yaşları – titrəyir qızımın telləri.
Ata ocağında xatirələrin bircə anda oyanması yatmış gözəlin yanağına toxunan öpüşdür. Ölçüyə gəlməyən zamandan fərqli olaraq an bir parçadır, kəsimdir və bu anı xatırlayan insanla o anın içinə sığışan insan ömrünü eyni anda izləyirik. Fəqət o an yaşananların, xatırlananların sayəsində an keçmişdə qalmış zamanla indiki, davam etməkdə olan zamanın arasında yaşamaqdadır və beləcə, ani, ötəri olaraq qalmır, davamlılıq, əbədilik qazanır. Xatirələrin özü kimi, xatırlanan an da həmişəyaşar olur. O an zaman dayanmır, əksinə, ananın titrək əllərindən saat kəfgirində – zamanın yelləncəyində yellənən qızına qədər sürətlə ötüb keçir. Heç gözlənilmədən insanı yaxalayan xatırlama anı nə əvvəli, nə də sonu olan zamanı ikiyə bölür. Bu ikisinin ortasında dayanıb xatırlayan isə o anı əbədiyyət kimi yaşayır. Keçmişi xatırlamaq – insanın öz içinə dalması, dünəndən bu günə yaşananları göz önünə gətirərək, ağlında tutaraq özüylə qarşı-qarşıya durmasıdır. “Güzgüdə özünə baxıb göz vuran \ o şux, o kür adam” gün gələr uzaqdan çəkilib baxar özünə. Üzləşməkdən qorxar özü ilə, üz-üzə qalmaqdan ürpənər, “cürəti” yalnız kənardan izləməyə çatar özünü. Şeir bu anındır, fəqət həm də keçmişin insandan aldıqlarını geri qaytara bilən bir parçasıdır. Şeir (ədəbiyyat) bu sonsuz zaman axışının içindəki həmin ana möhürünü vurur, rəsmini çəkir. Bununla belə, Əlisəmid Kürün zamanla bağlantısı olan şeirlərində keçmişin həsrəti, sentimentallıqla süslənmiş o günlərə dönmək yanğısı, arzusu duyulmur; sadəcə zaman yüklü bir indidən keçmişə boylanıldığını görürük. Əlisəmid Kür şeirində əksi özündə saxlaya bilən, “yaddaş kartı” misallı metaforalardan daha çox işlənəni güzgü və gözlərdir. Xatırlamaq üçün bəzən bir musiqi, bir əşya, bir məkan da vasitə ola bilər. Söz, səs yaddaşın şəklidir. …2400 kilometrlik həsrətin içində Qatar keçdi deyəsən. Bir zahı bulud Silkələdi telefon xətlərini. Yüz saniyəlik sükutun arxasına Sığdı bir insan ömrü. -Alo! Alo!! -A-ta! A-ta! …Üzün yadımdan çıxır, İlğım axır dalğa-dalğa Yaddaşımın dörd olmuş gözündən. Yuxu da yalanmış, fotoşəkil də yalan… -Alo! Alo! -Ata, məni eşidirsən? -Al-lo, mən səni görürəm, qızım…
Gözlərimdə düzüm-düzüm hər anın tənhalıq şəkli…
Nə baxırsan əlləri üzündə gözləri barmaqlarının ucunda Adaşım balabançı kor Əlisəmid.
“Bir adaşım yaşayır Kürdəmirdə” misrası ilə başlayıb “Adaşım balabançı kor Əlisəmid” sözləri ilə bitən şeir əslində, elə ilk misrasından bəhs olunan obrazla müəllif arasına paralellik qoyur. Görmədən “baxan”ın barmaqları ucundakı gözlərlə bu dünyaya heyrətidir kor Əlisəmidin musiqisi – barmaqlarının yaddaşıyla dilləndirir balabanı – sözlərlə dünyanın rəsmini çəkən şair kimi…
Qəfil nəfəs verdi balabana, Sığalladı asta-asta, bala-bala. Asta çaldı balabanı. Tələsdi yavaş-yavaş, bala-bala. Dağı arana daşıdı, aranı dağa. Anasının balasını ağlatdı, balasının anasını ağlatdı. Qəribi çağırdı qürbətdən, həsrətdən yolu-yolağa. Əlisəmid Kürün şeirlərində qum saatından qum əvəzinə, qan damır, divar saatında kəfkir əvəzinə yelləncəklər yellənir. Zaman yaşantılara uyğun axıb gedir, bəzən qan-qadalı, bəzən əyləncəli-yelləncəkli… Ucsuz-bucaqsız zamanın ardınca sürüklənmək gücü olmayan insan da vaxtı keçən hər şey kimi “bircə istifadəlik”dir – yalnız ona ayrılmış zaman kəsimində “işə yararlı”dır. Zamanın yetişdirdiyi, mükəmməlləşdirdiyi hər şey zamanı gəlincə, əslində isə vaxtı bitincə lazımsız olur, ya bir tərəfə atılır qırx illik çaxır çəlləyi kimi, unudulur; ya da satılır – büllur külqabı kimi.
Bu da qırxillik çaxır çəlləyi – tapılmayan qızıl küpü… indicə qoparacaqlar ağzını, daraşacaqlar canına; qanını içəcəklər köpük-köpük, paylayacaqlar qədəh-qədəh, boşaldacaqlar qəpik-qəpik. Bir atəşfəşanlıq fışqıracaq beyinlərə, – köpü yatacaq meyxoşların… Sonra da – onu fırlada-fırlada, diyirlədə-diyirlədə aparıb atacaqlar bir küncə…
Əlisəmid Kürün şeirlərində şəkillənən zaman ötüb keçdikcə izini qoyan, əbədiləşdirən, xatırladan; amma gah da unutduran, satdıran, yoxluğa yuvarladan və bütün bu xüsusiyyətləri ilə insana bağlı, onu, həyatını yönləndirən nəsnədir. İnsan zamanın ondan asılı olmayan bu axışına heç bir şəkildə təsir göstərmək gücündə deyil. Bu şeirlərdə zamanın irəliyə deyil, “geriyə axdığını” daha çox izləmək mümkündür – çünki xatirələrin üz tutdurduğu zaman keçmişdir. Zaman üçün onun hansı kəsimində olduğunun fərqi yoxdur – onun hansı dövrə aid olması insana aiddir – xatirələrdə keçmişdir, yaşandıqca indidir, xəyal qurduqca gələcək… A.Berqsonun təbirincə desək, sadəcə, müddətdir (durée) – parçalanmayan zaman – dünəndən bu günə, bu gündən gələcəyə keçən.
Müəllif: Mətanət VAHİD, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın aparıcı elmi işçisi.
Şuşa Dövlət Musiqili Dram Teatrında yazıçı Narıngül Nadirin “Yuva” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib. Tamaşanın quruluşçu rejissoru Kəmalə Səlim Müslümqızıdır. Rolları: Elnur Soltanov (Telman) ,.Cavid Quliyev (Elçin), Ceyran Baxışova (Zərrin), Gülnaz Hacıyeva ( Səmra) və Mədinə Hüseynova (Gənc qız) ifa ediblər. Xronometrajı 120 dəqiqə olan səhnə əsərinin mövzusu gündəlik rastlaşdığımız aktual məişət məsələləri, sevgi və xəyanətdir. Tamaşanın əsas ideyası cəmiyyətə ailələrin dağılması və intihara son qoyulması mesajını ötürməkdir. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Ekzistensializm və absurdizmin qüdrətli siması olan Albert Kamyu öz əsərlərində azadlıq, absurdluq və insan vəziyyəti kimi mürəkkəb mövzuları araşdırıb. Onun diqqətəlayiq pyeslərindən biri olan “Kaliqula” qüdrət, məna və varlığın təbiəti ilə bağlı dərin fəlsəfi araşdırmanı təqdim edərək, məhşur Roma İmperatorunun psixikasını dərindən araşdırır. 1938-ci ildə yazılmış “Kaliqula” sadəcə tarixi dram deyil; o, Camusun ekzistensial mövzuları araşdırdığı bir obyektiv rolunu oynayır. Əsər Roma İmperiyası fonunda qoyulsa da, onun aktuallığı zamandan ötrü, fərdin cəmiyyətin zülmkar qüvvələrinə və absurdlara qarşı mübarizəsini əks etdirir. Kaliqula kimi tanınan Gaius Julius Caesar Augustus Germanicus, eramızın 37-41-ci illəri arasında Roma İmperiyasını idarə etdi və qəddarlığı, pozğunluğu və qeyri-sabit davranışı ilə yadda qaldı. Kamyunun pyesində Kaliqula absurd qəhrəmanın – kainatın laqeydliyinə və həyatın mənasızlığına qarşı üsyan edən insanın simvoluna çevrilir. Kaliqula, sevimli bacısı Drusillanın ölümündən sonra nihilizmi simvoluna çevrilir. Kədəri onu mütləq azadlıq axtarışına sövq edir və onu həddindən artıq qəddarlıq hərəkətlərinə sürükləyir. Bu səyahət Kamyu üçün güc və məna arasındakı əlaqəni araşdırmaq üçün bir vasitə rolunu oynayır. Kamyunun “Kaliqula” əsərindəki fəlsəfəsinin kökündə azadlıq anlayışı dayanır. Kaliqulanın “tanrıya çevriləcəyini” bəyan etməsi onun ölümün məhdudiyyətlərindən xilas olmaq və xaotik dünyada məna tapmaq arzusunu ortaya qoyur. Lakin bu azadlıq axtarışı son nəticədə absurdluğa gətirib çıxarır. Kamyu göstərir ki, insan əxlaqi məhdudiyyətlər olmadan mütləq gücə can atdıqda, o, təcrid və məhvlə nəticələnir. Kaliqulanın hərəkətləri, azadlıq axtarışından irəli gəlsə də, insan vəziyyətinə xas ziddiyyətləri ortaya qoyur. Onun tiran hakimiyyəti, gücün məna verə bilməyəcəyini dərk etməsi ilə əlamətdardır. Nə qədər çox nəzarət etsə, bir o qədər özünü ekzistensial ümidsizlik torunun içində tapır. Kamyu özünün fəlsəfi çərçivəsinin obyektivindən bədnam Roma İmperatoru Kaliqula obrazı vasitəsilə insan vəziyyətinin mürəkkəbliklərinə soyuqqanlı, lakin maarifləndirici baxış təqdim edir. Kamyu fəlsəfəsinin əsasını absurd anlayışı, bəşəriyyətin rasionallıq istəyi ilə cavab verməyən laqeyd kainat arasında xas olan toqquşma təşkil edir. Kaliqula bu absurdluğu hakimiyyət axtarışında, ənənəvi etikaya məhəl qoymamaqla və mənasız gördüyü dünyada həzz almaq üçün amansız axtarışında təcəssüm etdirir. Kamyu hesab edir ki, məna axtarışı insan təcrübəsinin daxili tərəfidir. “Kaliqula”da imperator varlığın mənasızlığı ilə mübarizə aparır. Onun “Mən tanrı olmaq istəyirəm” kimi bədnam bəyanatı sadəcə güc səfəri deyil; həyatın absurdluğunu aşmaq üçün onun dərin ehtiyacını əks etdirir. Bununla belə, o, tiranlığa daha da qərq olduqca, mənasız bir dünyaya məna yükləmə cəhdinin yalnız daha çox məyusluğa səbəb olduğu aydın olur. Kaliqula nihilizmi mütləq ideologiyaların və onların yaratdığı təhlükələrin tənqidi rolunu oynayır. Onun hakimiyyəti nəzarətsiz ambisiyaların və mövcudluğun xaosunu fəth etməyə cəhd etdikdə yaranan boşluğun nəticələri haqqında xəbərdarlıqedici bir hekayəyə çevrilir. Kaliqula obrazı sadəcə tarixi şəxsiyyət deyil, heç bir xas məqsəd təqdim etməyən dünyanın məhdudiyyətlərinə qarşı ekzistensial ehtirasın və üsyanın təmsilidir. Çox vaxt ağıl və əxlaqa meydan oxuyan hərəkətləri, kökündən irrasional olaraq qəbul etdiyi bir kainatda öz azadlığını müdafiə etmək istəyindən irəli gəlir. Absurd bir qəhrəman rolunu mənimsəməklə, Kaliqula ictimai normaları və gözləntiləri pozur, tamaşaçıları insan təbiəti və gücün təbiəti haqqında narahat həqiqətlərlə üzləşməyə çağırır. Kaliqulanın tiranlığı və qəddarlığı onun azadlıq axtarışının paradoksal təzahürü kimi xidmət edir. Mütləq gücə can ataraq, fani varlığın məhdudiyyətlərini aşmağa və laqeyd və mənasız hesab etdiyi bir kainat üzərində öz iradəsini təsdiq etməyə çalışır. Bununla belə, amansız nəzarət axtarışında Kaliqula öz istəkləri və etibarsızlıqlarının əsarətinə çevrilir və nəticədə onun özünə aparır. “Kaliqula” əsərində Albert Kamyu azadlıq və absurdluq arasındakı gərginliyi təsvir edərək, ekzistensial mövzuların güclü tədqiqini təqdim edir. Kaliqula obrazı vasitəsilə Kamyu tamaşaçını gücün təbiəti, məna axtarışı və etik məhdudiyyətlərdən məhrum həyatın nəticələri haqqında düşünməyə dəvət edir. Oyun insan vəziyyətinin mürəkkəbliklərini və laqeyd bir kainatda əhəmiyyət tapmaq üçün çoxillik mübarizəni xatırladan bir xatırlatma olaraq qalır. Kamyunun fikirləri bu gün rezonans doğurur və bizi tez-tez xaotik və məqsədsiz hiss olunan bir dünyada məna axtarışlarımızda naviqasiya edərkən həyatın absurdluğu ilə üzləşməyə çağırır.
Nazim Teymuroğlu (Sayılov Nazim Teymur oğlu) 1953-cü ildə Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində doğulub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Filiologiya fakultəsini bitirib. Bədii yaradıcılığa orta məktəb illərində başlayaıb. Şeirləri müxtəlif dövrü mətbuatda, ədəbi orqanlarda, almanaxlarda dərc olunub. “Gözün aydın Azərbaycan” adlı bir şeirlər kitabı capdan çıxıb.
Hal-hazırda Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində yaşayır.