
Keçmişdən gələcəyə
(Hekayə real hadisə əsasında yazılıb)
Tələbələri bu sadə, həmişə gülərüz, sözündə, hərəkətində çox ciddi olan adama professor deyə müraciət edirlər. O, Bakıda ziyalı ailəsində anadan olub, bu möhtəşəm şəhərdə boya-başa çatsa da uzun illərdir ki, ata-babasının yurdu olan Qarabağ həsrətilə yaşayırdı. Bu insan ömrünün çox hissəsini təhsil almağa, elmə yiyələnməyə həsr edib, respublikanın universitetlərində dərs deyib, bir çox xarici ölkələrdə mühazirələr oxuyub,bilik və bacarığını sevimli tələbələri ilə bölüşüb. Neman müəllimi tələbələrinə və ümumiyyətlə onu tanıyanlara sevdirən ən vaçib cəhət onun Azərbaycanı canından artıq sevməsidir. Bu vətənpərvərlik hissi ona rəhmətlik atasından keçib. Belə ki, hələ Sovet İttifaqı dövründə Nemanın atası Azərbaycanı mətbuatda, xarici ölkələrdə layiqincə təmsil edib.
Neman bir neçə xarici dildə sərbəst danışır, tədris etdiyi fənni tələbələrə xüsusi həvəs və bacarıqla çatdıra bilir. O, çox danışmağı sevmir, danışdıqları isə atalar sözü kimi həmsöhbətlərinin və tələbələrinin yaddaşına həkk olunur.
Son zamanlar Neman müəllimin əhvalı-ruhiyyəsinin yaxşı olmasının səbəbi hamıya məlum idi. Hiss olunurdu ki, kişinin gülüşü də dəyişib. Əgər əvvəllər gözlərinin dərinliyində gizli bir kədər sezilirdisə, indi gülüşü ürəkdən gəlir və gözlərinin nuru, işığı ətrafa Günəş işığı kimi yayılırdı.
Axərbaycan xalqı 30 ilə yaxın həsrətində olduğu Qarabağa qovuşmaq imkanı əldə etmişdi artıq. Hər bir azərbaycanlı kimi Neman da Vətən Müharuibəsində əldə edilən möhtəşəm qələbəmizə çox sevinir, tezliklə ata babasının vətəni olan Qarabağa qovuşmaq arzusuyla yaşayır. Övladları qələbəmizi xarici ölkələrdə qeyd etsələr də, orada Azərbaycanın Zəfərindənn gürurla danışır, qələbəmizə həsr edilmiş bütün forumlarda iştirak edirlər.
Deyirlər, hər uğurlu kişinin arxasında ağıllı bir qadın olması vacibdir. Bəlkə də belə olmasaydı Neman bu qədər uğurlu olmazdı. Həyatının bölünməz bir parcası olan Səhər xanın həqiqətən ərinin ən yaxın sirdaşıdır. Səhər xanım çox səviyyəli, savadlı, xanım-xatın bir qadındır. Evləndikləri ilk gündən ailənin qayğıları, şirri, acısı və şirini bu iki insanın birgə müzakirəsi nəticəsində yaşanır.
Nemanın öz evini, ocağını, ailəsini çox sevməsinin, hər gün işdən evə tələsməsinin əsas səbəbi də məhz həmişə ərini gülərüzlə qarşılayan Səhər xanımdır.
Bakının baharı çox gözəl olur. Ağaclar artıq çıçəklərini töküb dümyaşıl don geyinib və onsuz da gözəl Bakımıza xüsusi bir gözəllik qatır. Bu gözəl bahar günündə Neman müəllim evə tələsir. Bilir ki, Səhər xanım əvvəl ləziz yeməklərlə sonra da pürrəngi çayla qarşılayacaq onu.
Bu dəfə Səhər xanım ərini əvvəl çayla qarşıladı.Neman müəllim içəri girib salamlaşdıqdan sonra Səhər ərinə və özünə armudu stəkanda pürrəngi çay gətirib əyləşdi.
- Deyəsən mənə deyiləsi sözün var?- deyə Neman gülümsəyərək soruşdu.
- Nə bildin?- deyə Səhər də gülümsədi
- Nə bildim? Səni neçə ildir tanıyıram? Bilirəm ki, çay gətirib yanımda əyləşirsənsə, demək nəsə sözün var. De görüm, nə işdir.
- Neman, bilirsən kim zəng etmişdi bu gün mənə?
- Kim?
- Gülzar.
- Gülzar? Yadıma sala bilmədim
- O tutulan oğlanın bacısı.
- Səhər xanım, açıq de görüm kimdir zəng edən. Tutulan oğlan kimdir?
- Neman! Sən onu heç unuda bilməzdin. Nə olub sənə? Uşağa konfet verən oğlan.
- Həə! Nüsrət! Sən Allah? Nə deyir, Səhər? Necədirlər? Nə əcəb uzun illərdən sonra zəng edib.
- Çox danışdıq. Deyir, zəng edib Neman müəllimi Qarabağda zəfərimiz münasibəti ilə təbrik etmək istəyiridim, gözlədim ki, oğlum cəbhədən qayıtsın sonra zəng edim.
- Oğlu elə böyüyüb onun?
- Bəs necə. Gör neçə il keçib aradan.
- Qayıdıbmı oğlu? Sağ salamatdırmı?
- Hə. Şükür sağ salamat qayıdıb. Elə sevinirdi ki, Gülzar.
- Lap yaxşı. Ehh, Səhər xanım, nələr yaşamışıq e gör biz.
Səhər bilirdi ki, bu gün ərinə verdiyi xəbər onu mütləq xəyalən çox uzaqlara aparacaq və mütləq o vaxt baş verənləri xəyanında bir daha canlandıracaq. Ona görə də qadın mətbəxə keçib ərini otaqda tək qoydu.
Neman bir qutu siqaret görürüb eyvana cıxdı. Hava yavaş-yavaş qaralırdı. Sərin yaz havası idi. Neman dərindən nəfəs alıb siqaret yandırdı, siqaretin tüstüsünü içinə çəkdi və gözlərini uzaq bir nöqtəyə zilləyib o vaxtlar baş vermiş hadisəni təfsilatı ilə yada saldı.
2003-cü ilin son ayları idi.Deyirlər söz vaxtına çəkər. Elə o axşam da hava yavaş-yavaş qaralırdı.
Nemanın oğlu Turalın dərsədən qayıdan vaxtı idi. Səhərlə Neman evdə oturub konservatoriyanın birinci kursunda oxuyan Turalı gözləyirdilər.
Qapının zənginin səsini eşidən kimi Səhər bildi ki, gələn oğludur. O, qapını açıb oğlunu salamladı və dərhal hiss etdi ki, uşağın rəngi qaçıb. - Nə olub oğlum? Niyə birtəhərsən? Xəstələnmisən?
- Yox. Ata hanı ?- deyə Tuaral cavab verdi.
Neman oğlunun qolundan tutub: - Nəsə olub?- deyə soruşdu.
Türalın əlləri əsirdi. Uşağın rəngi sapsarı idi. O, əlində bir konfeti elə bərk sıxıb saxlamışdı ki, konfet əzik-əzik olmuşdu. - Bu nədi, Tural? Niyə belə bərk-bərk saxlamısan bunu, oğlum?
Tural əvvəl atasına baxıb susdu sonra birdən danışmağa başladı. - Ata. Bir kişi məni öldürmək istəyirdi. Üstümə bıçaq çəkdi.
- Nə?!- deyə Neman oğluna bir az da yaxınlaşdı
- Danış, danış görüm!
Səhər tez mətbəxdən bir stəkan su gətirib oğluna içizdirdi. Uşaq bir qədər özünə gəlib davam etdi: - Əvvəl dedi ki, qonşu blokdan bir ağır şey götürməliyəm, mənə kömək edərsən? Mən də razılaşdım. Elə bloka girən kimi dedi ki, mobil telefonunu ver mənə. Mən vermək istəmədim. O, bıçağı boğazıma dirəyib telefonumu aldı.
Bu sözləri dedikdə uşaq kövrəldi sonra konfetə baxıb dedi: - Bunu da mənə verib dedi ki, al konfeti, heç kimə demə nə baş verdiyini.
Səhər sual baxışlı gözlərini ərinə dikdi. Bir saniyə tərəddüddən sonra Neman telefonla polis bölməsinə zəng edib baş vermiş hadisəni danışdı.
Ertəsi gün Neman polis idarəsinə gəlib yenidən dünənki məsələylə maraqlandı və ona dedilər ki, həmin adamın kim olduğu təxminən bəllidir. İki günndən sonra polis bölməsində həmin adamı Turala göstərdilər və o, təstiq etdi ki, üstünə baçaq çəkən adam odur.
Neman çox təkidlə polis rəisindən həmin adamla görüşüb söhbət etməyə icazə verməsini xahiş etdi. Neman Nüsrət adlı bu çinayətkarla görüşdü. - Niyə məhz mənim oğlumu seçmisən?- deyə Neman soruşdu
- Telefonu bahalı idi. Mənə pul lazımdır.
- İşləmirsən?
- Yox e . Mən şikəst adamam nə iş?
- Necə yəni şikəst? Nə olub ki?
- Müəllim, danışdırma məni, nə olar, bir qələtdir eləmişəm. Sənin oğlunun telefonunu heç satmamışam da. Qaytararlar sizə. Mən bədbəxt nə edəcəm bilmirəm.Bacım kiçik oğlu ilə bizdə yaşayır. Ərindən boşanıb. Qardaşım məktəbi bu il bitirəcək. Anam bir ildir ki, ölub. Mən özüm özümü bədbəxt etmişəm.Atamı şəhərdə çox adam tanıyırdı. Yaxşı dolanırdıq. Mən bu zəhrimar nəşəyə qurşanandan həm özümü, həm ailəmi bədbəxt etdim.Anam mənim dərdimdən öldü. Vicdan əzabı çəkirəm, amma neyləyim…
Nüsrət kövrəlmişdi. Gözləri dolmuşdu. Hiss edilirdi ki, o həqiqətən anasının ölümündə özünü günahlandırırdı. - Anam həmişə uşaqlara konfet paylayardı. Həyətin uşaqları ona “konfet xala” deyərdilər. İndi mənım cibimdə həmişə konfet olur. O konfetləri payladıqca elə bilirəm ki, anamı yaşadıram,- deyə o əlləriylə gözlərini silə-silə davam etdi.
Neman hiss edirdi ki, havası çatmır. Bu yazıq insanı necə xilas edə biləcəyi haqda düşünsə də bir qərara gələ bilmirdi. - Əldə etdiyin pullara nəşə alırsan?- deyə Neman soruşdu.
- Mən şikəstəm. Cəbhədə ağır yaralandım. Güllə ağzımdan girib böynumdan çıxmışdı. Amma ölmədim.
- Sən müharibə iştirakçısısan?! Vuruşmusan?!- deyə Neman ayağa qalxdı.
- Bəs necə? Vuruşmaya bilərdimmi?
- Bəs?…
- Narazı deyiləm, bax bu çənəm protezdi. Özümün deyil.
Bunu dedikdə o, çənəsini əliylə çıxardıb Nemana göstərdi. Yaxşı müalicə etdilər məni. Qoymadılar ölməyə. Amma nə xeyri. Bu zəhrimar nəşəyə qurşanandan itirdim özümü.
Bayaqdan kənardan Nüsrəti dinləyən Neman özünü saxlaya bilməyib hönkürdü. - Necə olur axı bu, ay qardaş? Axı, belə olmamalıdır! Sən axı vətən yolunda vuruşmusan! Axı, sənin şərəfli adın var… Qazisən sən..
- Ehhh, müəllim nə şərəf, nə ad? Mənim indi heç nəyim yoxdur. Canlı meyidəm mən. Sən də şikayətini etmisən yaxşı eləmisən. Mən də olsam edərdim. İncimirəm səndən. Özü də heç kövrəlmə, nə etmişəmsə özüm özümə etmişəm.
Neman otaqdan çıxıb bir başa polis rəisinin yanına getdi və ərizəsini geri götürmək istədiyini bildirdi. Rəis bunun mümkün olmadığını dedi, çünki artıq iş sənədləşdirilmişdir .
Nemanın məcbur olub bir neçə yüksək vəzifəli insanalra müraciət etdi. Onun şikayət ərizəsi geri götürülsə də Nüsrət cəzadan qurtula bilmədi, çünki Nemandan savayı daha bir neçə şikayətçi var idi. Heç demə şəhərdə eyni üsulla bir neçə adamadan telefon əldə edib satırmış Nüsrət.
O günlər Nemanla Səhər bu məsələni çox müzakirə edirdilər evdə. Hətta bir dəfə Tural o qədər Nüsrətin həbs edildiyindən məyus olmuşdu ki, atasıyla anası bu haqda danışanda “Ata, o yazıq mənə konfet də vermişdi …,” deyərək urəyində Nüsrətin cinayətini bağışladığını bildirmişdi.
Neman polisdən Nüsrətin ünvanını dəqiq öyrənib həyat yoldaşı Səhərlə onun yaşadığı evə getməyi qərara aldı.
Ev “Sovetski” deyilən küçədən bir qədər yuxarıda yerləşirid. Neman bir mərtəbəli kasıbyana evin qapısını döydü. Qapını cavan bir qadın açdı.
Səhər qadını görüb irəli keçdi və: - Bura Nüsrətgilin evidir?- deyə soruşdu
- Bəli, amma Nüsrət indi…
- Bilirəm, bacım. İcazə ver içəri keçək sizinlə söhbətimiz var
- Buyurun,- deyə qadın arxaya çəkilib Nemanla Səhəri içəri dəvət etdi.
Ev çox baxımsız olsa da səliqəli idi. Bəzi yerlərdə divarın kağızları qopmuş, tavanda bir neçə yerdə köhnəlmiş təmirin izi görünürdü.
Səhər istər-istəməz evə göz gəzdirib söhbətə başladı. - Bacı, adını da bilmirəm…
- Gülzardır adım.
- Çox yaxşı, Gülzar, burda tək yaşayırsan?
- Xeyr, kiçik qardaşım və balaca oğlum var. İndi həyətə düşüblər.
- Gülzar,qardaşın Nüsrət bizim uşağın mobil telefonunu…
- Mən neyləməliyəm ki? Mən almamışam ki o telefonu uşağın əlindən ? Niyə axı bir adam da soruşmur ki, bu adam niyə oğurluq edir!? Axı, heç kimi vurmur, öldürmür. Nüsrət oğru da deyi heç,– deyə qadın kövrəldi.
- Gülzar, biz bura səndən nəsə istəməyə gəlməmişik,- deyə Səhər qadını sakitləşdirməyə çalışdı.
- Bəs niyə gəlmisiniz?
- Düşündük ki, indi ev başsız qalıb, bəlkə nəyəsə ehtiyacınız var.
- Nə? Siz? Heç inana bilmirəm. Siz onu tutduranlardan biri deyilsinizmi?
- Yox, bacı,- deyə Neman dilləndi. Mən ərizəmi geri götürmüşəm. Heasb edirəm ki, vətən yolunda əlil olmuş insan türmədə yatmamalıdır və mən çalışdım ki, bu iş dayandırılsın, lakin qanun var. Qardaşınız oğurluq edib. Kaş ki, etməyəydi…
-Kaş ki… – deyə qadın yenə kövrəldi. - Nüsrət çox qeyrətli oğlandir. Müharibəyə könüllü getmişdi. Elə gedəndən bir müddət sonra yaralanıb qayıtdı. Sağ olsun həkimlər əllərindən gələni etdilər, qoymadılar ölsün.Xəstəxanadan çıxandan sonra uzun müddət heç yerə çıxmırdı.Sonra qonşuluqda bir adlı sanlı müğənni yaşayırdı, onunla dostlaşdı. Bir gün gördük ki, özündə deyil. Anam ağladı, özünü öldürdü ki, o oğlanla görüşmə, hamı bilir ki, o narkomandır. Ammma gec idi. Elə hər şey ondan başladı. Anam bu dərdə dözməyib öldü. Atam olsaydı belə olmazdı. Atamdan çəkinirdi.
Bax belə… sonu da ki, bu, – qadın dərindən ah çəkib susdu.
Səhər də, Neman da pərişan idilər. - Qardaşınız yaxşı insandır. Sadəcə yolunu azıb. O bizim uşağın əlindən telefonu alanda ona bir konfet də verib,- deyə Neman qadına qardaşının insanı cəhətini bir daha qəsdən açıqlamaq istədi.
“Anam da hamıya konfet paylayardı. Demək o həqiqətən anama görə vicdan əzabı çəkirmiş…”- deyə düşündü Gülzar. - Başım söhbətə qarışdı sizə çay da təklif etmədim,- deyə Gülzar ayağa durdu.
- Yox. Lazım deyil. Biz getməliyik, – deyə Səhər də ayağa qalxdı.
- Bu bir qədər puldur. Bunu götür. Evə nə lazımdırsa al. Nüsrətin yanına gedəndə de, Neman bazarlıq etsin.
- Yox. Siz nə danışırsınız. Götürə bilmərəm .
- Götür, Gülzar! Biz hər şeyi anlayırıq.
O gündən sonra Neman həftədə, ayda bir dəfə Gülzara bazarlıq edib aparır və yaxud Səhər onu evə çağırıb pul verirdi. Beləcə bir il keçdi.
Bir gün televiziyada amnistiyaya düşənlərin siyahisinda Nüsrətin də adını eşidən Neman çox sevincək Gülzara zəng vurub təbrik etdi.
Sonra Nüsrət işə düzəlib ailəsini dolandırırdı. Bir müddətdən sonra Gülzar da yaxşı bir insanla ailə qurdu. Kiçik qardaşları məktəbi bitirib işləyirdi. Ailə artıq sabit dolana bilirdi. Heman arxayın idi ki, Nüsrətin ailəsində hər şey öz yerini alıb.
Sonralar Səhər də Gülzar da ailə, məişət qayğılarıyla məşğul olduqlarından bir- birinə yalnız bayramdan bayrama zəng edirdilər. Nüsrət isə cəmi bir dəfə Nemanla görüşüb“Sən nə qədər gözəl insanmışsan, müəllim. Oğlunu o axşam qorxutduğuma görə özümü heç vaxt bağışlamayacam,”- deyib ayrılmışdı.
Bu gün Səhər xanım Gülzarın zəng etdiyini dedikdə Neman müəllimin yadına düşənlər adi xatirə deyildi, bu bir insanın həyatının qara səhifəsi idi.
Neman sonuncu siqareti çəkib otağa keçdi Səhər sakitcə divanda oturub albomdakı köhnə şəkillərə baxırdı. - Sən də keçmişi varaqlayırsan?- deyə Neman müəllim arvadının çiyinlərini qucaqladı.
- Neman, bilirəm ki, sən də bayaqdan eyvanda keçmişi varaqlayırsan və sənə bir təklifim var.
- Buyur, sənin təkliflərin həmişə ağıllı və yerində olur.
- Bəlkə gedək Gülzar gilə. Oğlu Şuşadan qayıdıb. Vallah, o uşağı gedib görmək savabdır. Gedəkmi?
- Gedək də. Nüsrətdən də çoxdandır xəbərim yoxdur.
- Soruşdum Nüsrəti də. Deyir, yaman qocalıb, amma qələbədən sonra dirçəlib. Bacısı oğluyla da fəxr edir. Deyir, hamımızın qisasın aldı baçıoğlu.
Neman diqqətlə Səhərə baxdı sonra onun saçlarını əliylə arxaya darayıb alnından öpdü. - Səhər, bu həyatı həmişə dürüst yaşadıq, qızlarımıza alı təhsil verdik. Tural xaricdə oxudu. Var dövlətimiz başımızdan aşmasa da açından da ölmədik. De görüm, sən mənimlə xoşbəxtsən?
Səhər ərinin gözlərinə baxıb sakitcə dedi: - Səninlə xoşbəxt olmamaq olarmı?
- Səhər, incimə amma əsil xoşbəxtliyi mən bilirsən nə vaxt tam hiss etdim?
- Bilirəm və incimirəm. Çünki elə mən də məhz o gün, Şuşanın ermənilərdən azad edildiyi günü xoşbəxtliyin nə olduğunu dərk etdim.İndi mən qalib ölkənin professorunun arvadıyam.
- Mən isə Qarabağlı Azərbaycanın qocaman professoruyam.
Bax budur əsl xoşbəxtlik! Elədir! Düz deyirsən, Səhər, sabah mütləq o igid əsgəri görməyə gedək. Biz ona və onun kimi minlərlə əsgərlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin. Amin! - Amin!
I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru