Yarpaq-yarpaq düşmüsən

Gizlən-qaçın yeriydi?
Etmisən uşaq məni.
İndi hansı küçənin
Tinində gəzim səni?

Nə yaşım həminkidi,
Nə qəlbim səninkidi.
Yoluna gül düzdüyüm
Yoluma tikan əkdi.

Yarpaq-yarpaq düşmüsən,
Gözümdən, əzim səni?
Gizlənmisən, çıxma day,
Görməsin gözüm səni.

Ovuc-ovuc qucmusan,
Əlini açım sənin?
Xəyalımdan uçmusan,
Ağlından qaçım sənin?

Artıq nə oyunum var,
Nə gizlənim, nə qaçım…
Açığı qalmayıb da,
Ümidim və inancım.

****

Sən gedəni bu evin,
İşıqları da yanmır.
Sən gedəni qəlbimə,
Daha sevgi yol almır.

Sən gedəni saat da,
Həminki vaxtda qalıb.
Hava duman, göy qara,
Sanki yağış da yağıb.

Yağışın qoxusu da
Otağıma yayılıb.
Arabir külək belə
Əsir… dəlidir nədir?!

Sən gedəni külək də,
Qapımı döyəcləmir.
Sən gedəni hər sözün,
Qulağımda səslənir.

Narahat olma məndən,
Necə varam — eləyəm.
Bəlkə əsən küləktək,
Ağlım gedib, dəliyəm…

Sən gedəni, büründü,
Zülmətə otağım da…
Buz bağladım hər fəsil,
İsinmədim yayda da.

Sən gedəni yadından
Çıxmışam Allahın da.
Sən gedəni qapım da,
Döyülmür, qadan alım…

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir