
BİRDİ
O da dağ, bu da dağ, ayrı-ayrıdı,
Çayını aparan dərəsi birdi.
Yalında gözləyə, yan-yörəsində,
Yüz ovçu dayana, bərəsi birdi.
Kimdi ox olanı, kimdi yay çəkir,
Kimdi qazan asan, kimdi pay çəkir.
Neçə min ildir ki, ərlər hay çəkir,
Dərdləri cürbəcür, nərəsi birdi.
Nədi istədiyin, gəzdiyin nədi,
Əlin uzatdığın, üzdüyün nədi?
Dərman axtarmaqdan bezdiyin nədi,
Yüz dərdin dərmanı, çarəsi birdi.
Müxənnət olanın bəhanəsi çox,
Mərdin haqdan savay istədiyi yox.
Hal əhli olanın gözü-könlü tox,
Yolunun hər yanı, yörəsi birdi.
Kimdi baş açanı qoca dünyanın,
Sirri özündən də uca dünyanın.
Mahirə, bu fani, becə dünyanın
O üzü, bu üzü -hərəsi birdi.
Mahirə NAĞIQIZI,
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru,
QAİ İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor.