Tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın Üzeyir bəy Hacıbəylinin 140 illiyi münasibətilə “Üzeyir Hacıbəyov -140” adlı yeni kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitab nəfis tərtibatla dahi bəstəkarın yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim edilib.
“Yazarlar” jurnalının həyata keçirdiyi “Üzeyir Hacıbəyov -140” layihəsinin uğurlu nəticəsi kimi ərsəyə gələn kitabın məsləhətçisi tanınmış şair Dayandur Sevgin, redaktoru Hacıxanım Aida, naşiri isə Tuncay Şəhrilidir.
Birincisi “Giriş”, sonuncusu “Yekun” olmaqla 10 fəsildən ibarət olan kitabda Zaur Ustacın böyük ədib Üzeyir bəy Hacıbəylinin məqalələri, miniatürləri, səhnəcikləri, satirik hekayələri, komediyaları, felyetonları, resenziyaları, açıq məktubları haqqında yazdığı şərh və təbliğat xarakterli monoqrafik məqalələri toplanmışdır. Xatirə-monoqrafiya şəklində tərtib olunmuş kitabda toplanmış məqalələr dahi Üzeyir bəyin yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.
Kitab ölkənin əsas kitabxanalarının kitab fondlarına hədiyyə olunmaqla yanaşı, müxtəlif sabit internet platformalar üzərindən elektron kitab formatında da pulsuz olaraq yayımlanır.
“Səhnəmizin və Ruhumuzun Dastanı: Üzeyir Hacıbəyli”
Nə qədər ki dünyanın görən,duyan ürək var,-
Ürəklərdə çağlayan bir ümmandır Üzeyir.
Üzeyir Hacıbəyli bəstkar idi, Odur ki onun dünyası musiqi idi…. Musiqi ilə bağlı hər şey ona məxsus idi…
Üzeyir Hacıbəyli öz sənətinin ustası idi, odur şərq ilk opera onun adı ilə bağlı idi…..
Üzeyir Hacıbəyli pedaqoq idi, odur ki bu günümüzə qədər gəlib çatan musiqi nəsili onun məktəbini görmüşdü….
Üzeyir Hacıbəyli şəxsiyyət idi, həssas , qayğıkeş vətənpərvər idi . Odur ki Azərbaycan Respublikasının Himni onun adı ilə bağlı idi….
Və Nəhayət Üzeyir Hacıbəyli o şəxsiyyət idi ki onun adı Azərbaycan mədəniyyətinində bir fenomen idi.
Azərbaycan teatrının zəngin tarixində elə şəxsiyyətlər var ki, onların adı bir sənət məktəbinə, bir dönəmə çevrilib. Bu böyük sənətkarların ən öncüllərindən biri isə, şübhəsiz, Üzeyir Hacıbəyli olmuşdur. O, təkcə musiqimizin deyil, həm də teatrımızın yaddaşına silinməz izlər buraxmış, teatr səhnəsini musiqi ilə yoğuraraq yeni bir düşüncə tərzini formalaşdırmışdır.
Üzeyir bəyin teatr sənətindəki rolu sadəcə bir bəstəkar olaraq yazdığı musiqi ilə ölçülmür. O, Azərbaycan səhnəsinə milli operanı, musiqili dramı gətirən, xalqın gündəlik yaşamını səhnəyə daşıyan, eyni zamanda onu estetik bir forma ilə təqdim edən ilk sənətkar idi. “Leyli və Məcnun” operası ilə başlayan bu yol, həm milli teatrın, həm də milli musiqinin inkişafında əsl bir inqilab idi.
Üzeyir Hacıbəyliyə 1895ci ildə Şuşada anadan olub.
Təhsil həyatına 1890-1904-cü illərəd Qori Müəllimlər seminariyasında davam edib. Seminariyanı bitirdikdən sonra Ü.Hacıbəyli bir il Hadrud kəndində (Cəbrayıl bölgəsi) müəllimlik etmişdir. Ü.Hacıbəyli 1905-ci ildə Bakıya köçmüşdür. Bakıya qayıdan Hacıbəyov ilk böyük musiqi əsərini, yəni “Leyli və Məcnun” əsərini yaratmağa qərar verir. Bəstəkar “Rüstəm və Zöhrə”, “Şah Abbas və Xurşudbanu”, “Harun və Leyla” və digər operalarını yaradıb. Onun əsərində qərb və şərq musiqi üslubları birləşir.
Onun yaratdığı musiqili əsərlər – “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi operettalar – həm gülüş, həm düşüncə, həm də incə sosial tənqidlə zəngindir. Bu əsərlərdə Üzeyir bəyin teatr düşüncəsi aydın şəkildə hiss olunur: o, sadəcə bir hadisəni təqdim etməklə kifayətlənmir, tamaşaçı ilə dialoq qurur, onu düşündürür, dəyişməyə təşviq edir. Üzeyir Hacıbəyli fenomeni təkcə onun yazdığı əsərlərlə yox, həm də yaratdığı məktəblə yaşayır. O, həm musiqidə, həm də teatrda milli ənənəni müasir forma ilə birləşdirərək, gələcək nəsillərə bir yol göstərdi. Teatr onun üçün bir təbliğat aləti deyil, xalqın aynası idi.
Üzeyir Hacıbəyliyə böyük uğur gətirən əsərlərdən biridə “Arşın Mal Alan” operettası olmuşdur.
1913-cü ildə bütün dünyaya səs salan “Arşın mal alan” əsəri yazılır. Bu əsər bəstəkara böyük şöhrət gətirir. Operetta demək olar ki, bütün dillərə çap edilib, böyük səhnələrdə səhnələşdirilib. 1945-ci ildə “Arşın mal alan” əsərinin filmi çəkilir.
Lakin Üzeyir bəyin teatrda yaratdığı fenomeni yalnız onun yazdığı əsərlərlə ölçmək olmaz. Onun şəxsiyyəti özü də bir məktəb idi. Sadə, təvazökar, lakin möhtəşəm bir daxili aləmə sahib olan bu insan, həyatını xalqına, millətinə və sənətə xidmətə həsr etmişdi. O deyirdi: “İnsan hər şeydən əvvəl vicdanla yaşamalıdır.” Bu fikirlər onun sənətə və sənətkara münasibətinin təməlini təşkil edirdi.
Bu gün biz Üzeyir Hacıbəylinin yaradıcılığında danışırıqsa bu yaradıcılığın arxasında Üzeyir bəyin böyük şəxsiyyəti onun humanizmi durur.
Süleyman Ələsgərov o xatirələrinim birində belə yazır “O əsil insanlıq nümunəsi idi” Üzeyir bəy son dərəcə xeyirxah bir insan idi. O yaxşılıq etməyi özünə borc bilirdi. Çünki həmişə deyir di, insan gərək ancaq özünü düşünməsin, bəli Üzeyir bəydən belə edirdi. Yaxşı yadımdadır,qış ayı idi. Hava da çox soyuq idi. Mən dərsə pencəklə gəlmişdim. Sinifə daxil olanda Üzeyir bəy mənə xüsusi nəzərlə süzüb dedi “Cavan oğlan sənə belə soyuq deyil” mən heç bir söz demədim sadəcə gülümsünüb yerimdə əyləşdim. Daha sonra Üzeyir bəyin xaişə onların evinə getdim xanımın mənə verdiyi bağlamanı ona gətərdim. O bağlamanı açıb poltanı çıxarıb mənə verdi ki bu sənindir. Buyur dedi. Üzeyir bəydən qalan belə insanı dəyərlər çoxdur. Daha sonra belə bir xatirədə vardır ki onlarda Üzeyir bəyin insanlığının şahidi oluruq. Bəstəkar Məmməd Cavadov yazır ki, bizim bir tələbə dostumuz var idi, bir gün Üzeyir bəy onu diqqətlə süzüb ayaqqabısına fikri verib daha sonra onu otağına çağırıb öz ayaqbasını çıxarıb ona vermişdi. ( S.Təhmirazqızı. Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində. 2016ci il. Cild 1. Səhvə 30).
Üzeyir Hacıbəyli həm də böyük bir pedaqoq idi. Onun yetişdiryi bir çox bəstəkarlar Azərbaycan musiqisinin inkişafında müstəsna xidmətləri olmuşdur.
“Üzeyir Hacıbəyli XX əsrin böyük pedaqoqu , maarifçisi ictimai xadimdir. Azərbaycan musiqiçilərinə neçə- neçə nəsli – onun zamanında təhsil alanlar, onun xeyir-duası ilə musiqi aləminə gələnlər, indiki gənc nəsil də Üzeyir məktəbinin yetirmələridir. Biz hamımız bu məktəbin fundamenti üzərində ərsəyə gəlmişik və bizdən sonra gələnlər də, bu böyük bəstəkarın ənənələrini yaşadan nəsillər də fəxrlə “biz Üzeyir bəyin məktəbinin yetirmələriyik” deyəcəklər. (S.Təhmirazqızı Üzeyir Hacıbəyli müasirlərinin düşüncəsində. İl 2016 cild 1. Səhvə 87)
1995- ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 ilik yubileyi ərəfəsində 18 sentyabr “Milli Musiqi Günü” kimi qeyd olunması qərarı alınıb. O gündən etibarən hər il 18 sentyabr “Milli Musiqi Günü” kimi qeyd olunur.
Bu il həmdə Görkəmli Bəstəkarın 140 illiyi qeyd olunur. Ölkə başçısı İlham Əliyev cənabları Üzeyir Hacıbəylinin 140 illiyi keçirilməsi haqqında qərar qəbul etmişdir.
Mən əcəldən qorxmuram,
O nə edəcək mənə?!
Mən öləndən sonra da
Yaşayacağam yenə.
Valeh Ağayev ADMİU teatrşünaslıq kafedrasının IV kurs tələbəsi
ANAMA MƏKTUB (avtoportret) Ana, sənə məktubu ön cəbhədən yazıram, Başım çox qarışıqdı, hər gün səngər qazıram… Bilirəm, göynədikcə əllərimin qabarı, Səni də çox incidir ürəyinin qübarı… Gecələr yuxunda da oğlunu gözləyirsən, Günəşdən erkən çıxıb yolumu gözləyirsən. Fikrində bir mən varam, bir də geri dönüşüm, Ana, bitmir savaşım, bitmir mənim döyüşüm!.. Dörd yandan qəvi düşmən elə durub qəsdimə, Mərmilər dolu kimi yağır hər gün üstümə!.. Ürəyimə tuşlanıb qəlbsizlərin qəlpəsi, Ana, mənim ömrümün yoxdu arxa cəbhəsi!.. Məni belə doğmusan, bu adda, bu biçimdə, Ömrüm keçir atəşin, od-alovun içində əsgər arzularımla səngərdə yaşamaqdan, yaralı ümidləri sabaha daşımaqdan!.. Hər ümid bir təsəlli, hər savaş bir sınağdı, Hələ döyüş bitməyib, hələ oğlun da sağdı! Sağdı! Daşlı-kəsəkli yolum – açdığım cığır, Elə darısqaldı ki, öz çəkməm ancaq sığır… Burda ölmək asandı! Burda ölməyə nə var! Ölüb sənin qapına burdan gəlməyə nə var, ya çaxan ildırımla, ya da yağan yağışla!.. Ana, məni getdiyim yola-izə bağışla… Mən özümdən keçirəm, düşmən gülləsi məndən!.. Elə utanıram ki, saçlarındakı dəndən, Gözlərindəki nəmdən, qurban olum, ağlama! Geriyə bir qarış da yoxdu yolum, ağlama!..
Kim nə ilə öyünürsə, öyündüyü obyektdən onda nəyin çatışmadığı bilinir. Kim nədən xoşu gəlmədiyini dönə-dönə təkrar edirsə, deməli, ən çox arzuladığı həmin şeydir. Doğulduğu bölgədən utananların, həmin rayonun adını dilinə gətirməyənlərin, hətta gizlədənlərin hansı çatışmazlığı olduğunu təhlil etmək əməlli-başlı müşahidə tələb edir.
Bölgə seçkinliyi, məncə, adamlarda natamamlıq kompleksindən gəlir. Adam doğulub boya-başa çatdığı yurdundan utanırsa, əminliklə deyə bilərik, onda sağlam mənəviyyat, normal təfəkkür formalaşmayıb. Bəlkə, bu cür adamlarda psixoloji travmaları var? Xarakter kimi qiymətləndirilsə, çürük, ucuz şöhrətpərsətlik hesab edilə bilər. Adam yurduna niyə xor baxsın ki? Görəsən, nədən əziyyət çəkirlər ki, doğulduqları rayon, yaxud qəsəbə onları utandırır? Niyə öz əməlindən, xasiyyətindən, ədalətsizliyindən utanmayanlar rayonundan utanır? Hansısa bir xainə görə müəyyən bir bölgəyə xor baxmağı da anlamaq olmur. Müəyyən bir bölgədən bir nəfər paxıl, mərdimazar çıxıbsa, bu nə həmin bölgənin havasındandır, nə də oranın digər sakinlərinin günahıdır. Bu həm də o bölgənin hamısının pis olması fikrini təsdiqləmir. Bəzilərində daha bir “xəstəlik” də mövcuddur: sanballı kökdən törəmək iddiası. Özü də yalançılıqla. Adam nəslini zorla aparıb bəy nəslinə calamağa çalışırsa, demək, bunu hamıdan aşağı olduğunu bildiyindən edir. Hiss edir ki, heç kəsə lazım deyil, sevilmir, ona elə gəlir, bəy nəslindən olduğunu desə, adamlar ona hörmətlə yanaşacaqlar. Belələri ölkəmizin o qədər də böyük olmadığını gərək unutmasınlar. Bir-birimizin harda, necə böyüdüyünü eşidib-bilirik. Bir də ki kimin necə böyüdüyü də eyib sayılan mövzulara aid deyil. Eyib olan xasiyyətinin ucbatından adamları özündən iyrəndirib, hörmət qazanmağı uydurma məlumatlarda axtarmaqdır. Özlərini gözdən salmağa hər cür rəftarları olduğu halda nifrəti niyə vətənə, yurda, el-obaya yuxarıdan-aşağı baxmaqla qazanırlar? Azərbaycanda yaşayanlardan üstünsənsə, onun bölgələrinə şəbədə edirsənsə, doğulduğun rayonun adını gizlədib özünü başqa bir sevilən bölgədən gəlmiş kimi qələmə verirsənsə, köç bu ölkədən. Köçə bilmirsən, çünki qabiliyyətin yoxdur. Tamahın böyük olsa da imkanın kiçikdir. Bu da onu göstərir ki, hərənin öz vətəni, öz yaşayışı olur. Biz də bizik, buralarda doğulmuşuq. Mən Gədəbəydə, sən Kürdəmirdə, o Qazaxda, digəri Ağdamda və s. Adları çəkilən və çəkilməyən rayonların hamısı mənə əzizdir, Azərbaycanımındır. Bir namərdə görə bütöv bir rayonu ələ salmaq həmin namərdin tayı olmaq deməkdir. Davam elə, adam, davam elə. Özünün rəzil olduğunu bir az da göstər. Adamın özünün özünü ifşa eləməsi yaxşıdır, yaramazlığını başqasının deməyinə ehtiyac qalmır.
Nəhayət, kitab ünvanına yetişdi. Bu toplunun ərsəyə gəlməsində ən çox əməyi olan ZƏNGƏZUR cəmiyyətinin sədri dəyərli ziyalı HACI NƏRİMANOĞLUna dərin təşəkkürümü bildirirəm. Toplu 44 günlük Vətən müharibəsində zəfərimizin beş illiyinə həsr olunub. Eyni zamanda bu il Zəngəzur cəmiyyətinin yaradılmasının 33 ili tamam olur. Hər ikisi əlamətdar hadisədir. Bu münasibətlə məxsusi olaraq zəngəzurluları təbrik edir, bütövlükdə cəmi azərbaycanlılara gözaydınlığı verirəm. 412 səhifəlik TOPLU “Fiyuzat” nəşriyyatı tərəfindən bu ilin iyun ayında çap olunub. Təqdimatı keçirilib və məhdud sayda çıxdığından əsasən ölkə kitabxanalarına paylanıb. Topluya Zəngilan, Qubadlı, Cəbrayıl, Qafan, Meğri, Gorus, Sisian, Laçın və Kəlbəcər də daxil olmaqla doqquz rayondan olan qələm əhlinin yazı nümunələri, Zəngəzur haqda vacib məlumatlar salınmışdır. Zəngilanlı qələm əhlindən aşağıda adları qeyd olunan imza sahiblərinin yazı nümunələri topluya daxil edilmişdir. Mahir Cavadlı, Pənah Azəri, Xosrov Natil, Asya Əhmədova, Salam Cavadlı, Lalə İsmayıl, Vaqif Qüdrət, Aysel Nəsirzadə, Sona Əli, Bərxudar Səlimoğlu, Ruslan Bəhmənoğlu, Səadət Salmanqızı, Elvin Əlizadə, Ceyran Qurbanova, Elşad Hacıyev, Həsən Orucoğlu, Adil Həsənoğlu, Azad Qaradərəli, Ayaz İmranoğlu, Zəhra Səfəralıqızı, Tarverdi Abbasov, Çərkəz Nəsirli, Vüsalə Cəfərova, Vahid Məhərrəmov, Şəcahan Gün, Əli bəy Azəri, Nəsiman Yaqublu, Bayram Məmmədov, Lətif Babayev… cəmi 29 nəfər… Kitabla M.F.Axundov adına Mərkəzi Kitabxanada və rayon kitabxanalarında tanış ola bilərsiniz.
Həkimliyi və şairliyi ilə insanların qəlbinə boylanan Zakir Ağdamlı
Türk Ağsaqqallar İctima Birliyinin rəsmi saytı olan “Agsaqqallar.com” saytının start verdiyi “TAİB-in aydınları” rubrikasının növbəti qonağı İdarə Heyətinin üzvü, tanınmış həkim-şair Zakir Ağdamlıdır.
Əbu Türxan deyir ki, adətən adamlar özündə olanı başqasına bağışlayır; müdriklər isə səndə olanı sənə ərməğan edir. Hər gün yeni bir inci tapmağın yolu öz içindəki hikmət xəzinəsinə baş vurmaqdır. Bəzi insanlar yalnız özləri üçün yaşarkən, bəzi insanlar da fədakarcasına xalqı, vətəni üçün yaşayır, millətinə, dövlətinə layiqli vətəndaş olmağa çalışır. Belə insanlar həm duyğulu, həm məsuliyyətli, həm də bütün işlərdə fəal olurlar. Zakir Agdamlı kimi tanınan Zakir Hüseyn oğlu Əliyev 1946-cı ildə Ağdam rayonunun Papravənd kandində anadan olmuşdur. Gözəl Qarabağın cənnət guşəsi olan Ağdamın təmiz havasında, mehriban, ziyalı və sənətkar insanları arasında böyüyən balaca Zakir də hami kimi yurduna bağlı, vətənpərvər böyüyürdü. Onun ədəbiyyata olan marağı da məktəb illərindən başlayır. Tanınmış bir ailənin övladı olan Zakir Əliyevin ailəsində hər kəs təhsilə böyük önəm verir, elmin insan həyatında böyük əhəmiyyət kəsb etdiyini yaxşı bilirdilər. Ona görə də bu ailənin övladları bir müddət sonra Azərbaycanın ziyalıları arasında özlərinə məxsusi yer tuta bilirlər. Qardaşı Həmzə Əliyev Ağdam rayonunda məsul vəzifəyə təyin olunur. Azərbaycan Ali Sovetinin deputatlığına kimi yüksəlir. Ağdamın sayılan-seçilən ağsaqqalları cərgəsinə qoşulur. Özü isə həkimlik sənətinə yiyələnir, ömrünü insan sağlamlığına həsr etməklə yanaşı, ədəbi mühitdə də sınayır. Ölkənin ictimai-siyasi həyatında baş verən bütün hadisələrdə fəal ictimaiyyətçi olaraq cəmiyyətdə sevilir, əxlaqi keyfiyyətləri, dürüstlüyü, səbri və təmkinliliyi, işgüzarlığı ilə özünə olan ehtiramı artırır. Zakir Əliyevin ailəsinin daha bir üzvü də alimlik dərəcəsinə yüksəlir. Qardaşı oğlu Bəxtiyar Əliyev də tanınmış psixoloq-alim kimi yetişir, elmlər doktoru, professor, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri kimi məsul vəzifələrə sahib olur. Dəyərli ziyalımız keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alimlərdən biri kimi tarixə düşür. Zakir Əliyev 1972-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirir. Dövlət xəstəxanalarının birində işə başlayır. Şairliyindən və ictimai fəaliyyətindən də geri qalmır. 1966-ci ildən ədəbi yaradıcılığa başlayan şairin şeirləri dövri mətbuatda çap olunmağa başlayır. Görkəmli xalq şairimiz Məmməd Arazın xeyir-duası ilə ədəbiyyat üfüqlərini fəth etməyə başlayır. Xalq şairi Məmməd Araz onun haqqında fikirlərində deyir: “Zakir Ağdamlı həkimdir. Həkim sənəti insana poeziya sənəti qədər yaxındır. Həkim də insan qəlbinə “boylanır”, şair də. Poetik söz də dərman olur, qeyri- poetik həkim məsləhəti də. Zakir Ağdamlının, necə deyərlər, avazı xoşuma gəlir” Bir çox qəzet və jurnallarda şeirləri çap olunan şair Azərbaycan Yazıçılar Birliyinin üzvü olur. Daima ədəbi məclislərə qatılan şair iki şeir kitabının müəllifidir. Onu tanıyan hər kəs haqqında ehtiramla, məmunluq hissi ilə danışır. Dirili Qurbani Məclisinin rəhbəri Yusif Dirili onun haqqında belə deyir: ”Zakir Ağdamlı! Bu imzanı çətin ki, ədəbi mühitdə tanımayan olsun. … Bir şair olaraq poeziyasındakı fərqli məziyyətləri, şeirlərinin səmimliyi, ürəyəyatımlığı, yaxşı mənada çevrəsindəki insanlara sevgi aşılamaq eşqi nəyə desən dəyər şair Zakir Ağdamlının.” Bir insan haqqında xoş sözlər eşitmək müsahibin də xoşuna gələn nüansdı. Həyatda insanlar müxtəlif olduğu kimi, xarakterlər də müxtəlifdi. Eqonun yüksək olduğu bir cəmiyyətdə əxlaq nizamını, davranış mədəniyyətini qorumaq böyük səbr tələb edir. Mən Əbu Türxanı çox sevirəm. Onun kəlamlarındakı hikmətin ruhən yaxınlığı yaradıcılığıma böyük stimul verir. Onun daha bir gözəl kəlamı var. Deyir ki, səbr insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır. Kimlərsə yaşadığı yeri gözəlləşdirmək üçün tər tökür, kimlərsə sadəcə gözəl yerə köçür. Bizim Zakir Əliyev də cəmiyyəti gözəlləşdirmək üçün tər tökənlərdəndir. 80 yaşının bir addımlığında olan dəyərli el ağsaqqalı bu gün də bütün tədbirlərdə, səfərlərdə, konfranslarda fəal iştirak edir. O, deyir ki, gənclərlə işləmək, onlara yol göstərmək mənə xoş təsir bağışlayır:” Özümü onlarla eyni yaşda hiss edirəm. Təmsil olunduğum bu təşkilatdakı gənclərin hamısı fəallıqları ilə yanaşı, həm də yenilik axtarışında olaraq, bayram, bazar günləri də çalışan gənclərdi. Onların ən böyük məziyyətləri ağsaqqal məsləhəti ilə hərəkət etmələridir. Türk Ağsaqqalları Birliyinin Gənclər Təşkilatında türk ölkələrindən də xeyli sayda gənclər var. Onlar da təşkilatın rəhbərliyində təmsil olunan müdrik ağsaqqallarımızla sıx əlaqədədirlər, özlərini ata ocağındakı kimi hiss edir, onlardan məsləhət alırlar. Bu nəsillərin dialoqu olmaqla, ağsaqqal-gənclik birliyinin göstərgəsidir”. Zakir Əliyev təşkilat yarandığı gündən bütün işlərdə fəal iştirak edir, kollektivdə hamı tərəfindən sevilir. Onun doğma yurdu Ağdamın işğalından sonra nisgilə bürünmüş, heç zaman gülməyən gözləri Zəfər tariximizdən sonra gülməyə başlayır. İndi o, daha böyük həvəslə, qolunu çırmayıb təşkilatın bütün işlərində ön sıralardadır.
Fransız filosofu Dekart deyir ki, insan haqqında onun istedadına görə yox, bu istedaddan necə faydalandığına görə mühakimə yürütmək olar. Faydalılıq əmsalı yüksək olan Zakir Əliyev kimi insanlar son nəfəslərinə qədər cəmiyyət içində yararlı olmağa çalışırlar. Onlar öz şəxsi mənafelərini, öz rahatlığını deyil, el üçün faydalı olmağı düşünürlər. Bir zamanlar şeirlərində hayqıraraq, Allaha əl açan, ey Ulu Yaradan, qanad ver mənə, sərhəd dirəklərin keçim, qayıdım, cənnət Qarabağın havasın udum, onu dərman kimi içim qayıdım,- deyən şair indi yurd vüsalından yazır. Doğma Qarabağın çiçəklənməsindən yazır. Bu vüsalın ona verdiyi böyük həvəs, böyük sevinc ilə də təmsil olunduğu təşkilatın mərkəzi ofisini tez-tez ziyarət edir, bütün işlərdə fəal iştirak etməyə çalışır. Biz də dəyərli üzvümüzə, elimizin dəyərli, duyarlı ağsaqqalına uzun ömür və fəaliyyətində bol-bol uğurlar arzulayırıq… Elimizdən azan səsi, ozan səsi və ağsaqqal səsi əskik olmasın!
Milli Kitabxanada “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
18 sentyabr – Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Milli Musiqi Günü dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyliyə borcludur.
1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.
Milli Kitabxanada bu münasibətlə “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim olunur.
Ənənəvi sərgidə isə Milli Kitabxananın və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” layihəsi çərçivəsində nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələri və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi biblioqrafiyalar, Azərbaycan musiqi sənətinin təşəkkülü və inkişafı tarixi, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin zəngin irsi, Milli musiqimizin görkəmli xadimlərinin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti, Azərbaycanın milli musiqi alətləri və s. haqqında Azərbaycan və xarici dillərdə müxtəlif ədəbiyyatlar nümayiş olunur.
1993-cü ildə Cəbrayıl rayonu Hovuslu kəndində daşnaklar tərəfindən tar-mar olunmuş ATA YURDUM… Bir zamanlar bu görkəmdə idin… Hazırkı görkəmin isə ürəyimi param-parça edir… Hələ də göz yaşları ilə yaşayırıq… Ata-Anam yurdum deyə deyə köçdü həyatdan… De nələrini, kimlərini itirmədik… Kənardan baxana çox asn gəlir… Məcburi köçkünlərə, Qaçqınlar heç nəyiniz olmayıb deyənlərə bu şəkili göndərirəm. Yaxşı-yaxşı baxın qaçqıların, məcburi köçkünlərin işğal altında qalan bu cür şəkildə gördüyünüz evlərinə və onların 30 ildə çadır şəhərciklərində, yarımçıq tikililərdə, yataqxanalarda çürütdükləri silinməz iz buraxan qara bəxtli talelərinə! Allah bütün Şəhidlərimizə Rəhmət eləsin. Müharibə Veteranlarımızı, Qazilərimizi, bir sözlə Ordumuzu Allah qorusun. Bir zamanlar yazmışdım… “MƏNƏ QAÇQIN DEDİ DOSTUM” şeirimi 2017-ci ildə çap olunmuş “İÇİMİZDƏ YURD ADLI YARAMIZ VAR” şeirlər kitabından oxuyun…
Mənə qaçqın dedi dostum, Huşsuz oldum, lap pis oldum. Dedim “dostum” yaxına gəl, Boş-boşuna danışma “bəy”…
Ardını şeir kitabımdan oxuyun (Bir çox kitabxanalarda kitablarım var)… Oxuyduqdan sonra hər şeyi biləcəksiniz… Tanrı Dünyamızı qorusun. Dünyanın malı, var-dövləti Dünyada qalacaq… SAKİTLƏŞİN! SAKİTLƏŞİN! SAKİTLƏŞİN!
11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ – REGİONUN ƏN BÖYÜK KİTAB BAYRAMINA SİZ DƏ QOŞULUN
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçiriləcək.
“Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş builki sərgidə hazırda iştirak üçün 18 ölkədən 41 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib.
Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Sərgi müddətində müxtəlif formatda 250-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər və digər ölkələrin görkəmli yazarları, elm adamları sərgidə təmsil olunacaq.
Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcəkdir.
Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.
Sərgiyə giriş ödənişsizdir.
Sərgidə iştirakla bağlı qeydiyyat sənədləri ən son 2025-ci il sentyabrın 25-dək Təşkilat Komitəsinə təqdim edilməlidir.