1927-ci ildə görkəmli bəstəkarlarımız Üzeyir bəy Hacıbəyov və Müslüm bəy Maqomayev ilk dəfə olaraq “Azərbaycan türk el nəğmələri” kitabını cap etdirirlər. 33 xalq mahnısından ibarət topluda xalq mahnılarını Üzeyir bəy və Müslüm bəy nota almlşlar. Kitab Müslüm bəy Maqomayevin ümumi redaktorluğu ilə çap olunub. Bu nadir kitabın əldə olunmasında göstərdiyi əvəzsiz xidmətlərinə görə araşdırmaçı – jurnalist Dilqəm Əhmədə təşəkkür edirik!
Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri elan olunub
Etibar Babayev adına Qax şəhər 4 nömrəli tam orta ümumitəhsil məktəbi adından böyük sevinc hissi ilə bildiririk ki, məktəbimizin iki dəyərli müəllimi müsabiqənin qalibi olublar!
Şahin Abdurrahmanov “Əmanətlərin sağlam gələcəyinin keşiyində” layihəsi və Nurlanə Əzimova “Rəqəmlərin dünyasında addımla” layihəsi fərqlənib.
Əmink ki, bu layihələrin uğurlu icrası, təhsilin inkişafına əhəmiyyətli dərəcədə töhfə verəcəkdir.
Dəyərli müəllimlərimiz, sizinlə fəxr edir, uğurlarınızın davamını arzulayırıq!
Yüksək mədəniyyət, mehriban davranış, xeyirxahlıq kübarlıqdan irəli gəlir. Kübarlıq isə zadəganlıq əlamətidir, əsilzadələrə xas olur. Sadə, təvazökar, işgüzar və zəhmətkeş xanımdır. Yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur. Ərsəyə gətirdiyi əsərlərin hər biri insanlığa, mənəviyyata xidmət edir. Ünsiyyətdə nəzakətli və iltifatlıdır. Məhz elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayıb…
Gözəl adı var- Zemfira. Adının mənası ciddi, şanslı, aktiv və diqqətli deməkdir. Bir vaxtlar işğal altında olan torpaqlarımız uğrunda döyüşən fədakar qadınlar haqqında ərsəyə gətirdiyi “Qarabağ müharibəsi: zərif talelər” kitabı bəlkə də, bu mövzuda qələmə alınan ən gözəl publisist yazılar toplusudur. İndiyədək on beşə yaxın kitabı işıq üzü görüb. Onların əksəriyyətində məhz Qarabağdan söhbət açılır. Bu xanıma hakim kəsilən milli qeyrət, düşmənə nifrət yazdığı əsərlərdə də öz əksini tapıb. Bu da onun böyük vətənpərvər olduğunun təzahürüdür…
Deyir ki:- “Mən Qarabağ Veteran Qadınlar Təşkilatının fəxri üzvüyəm. İllər öncə, ilk təsis konfranslarında mənə üzvlük biletini təqdim etdilər. “Haqqımızda yazan, bizi tanıdan sizsiniz”,-deyirdilər. Bu sözlər mənim üçün qürurverici idi. Bayramlarda, həyatımın hansısa əlamətdar günündə, bəzən isə çətinlikləri olanda zəng edirlər. Kömək edə biləndə sevinirəm. Bizim üçün xüsusi bir gün var. 8 Mart Qadınlar Bayramı günü biz şənlik keçirmirik. Bir qucaq al qərənfillə Şəhidlər Xiyabanına gedir, bu müqəddəs məkanda uyuyan şəhid qızlarımızı yad edirik…”
1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edir. Dəfələrlə “qaynar” nöqtələrdə olaraq Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları hazırlayaraq dərc etdirib. 2010-cu ildə “Tərəqqi” medalına, 2018-ci ildə AYB-nin Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. 2018-2019-cu illərdə IX və X “The first” ödülləri ilə mükafatlandırılıb. Prezident mükafatçısıdır. 2003-cü ildə elmi iş müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Müəllifi olduğu bir sıra publisistik və bədii əsərləri ana dili ilə yanaşı rus, ingilis və türk dillərində çap olunub…
“Səmimi etiraf edim ki, ədəbi yaradıcılığımda bir telefon zəngi mühüm rol oynayıb. “Bakı” qəzetində işlədiyim zaman xalq şairi Hüseyn Abbaszadə mənə zəng etdi. 1997-ci ilin aprel ayı idi. Dedi ki, qızım mən sizin telefonunuzu xalq şairi Qabildən almışam. Onun əlində mənim ”Döyüşə qızlar gedir” kitabımı görübmüş. Sonradan bu kitabdakı sənədli hekayələrimi oxuyub və bəyənib. Böyük Vətən Müharibəsinin odlu yollarından keçən, sonradan “General” və “Qayıdanlardan biri” romanlarını qələmə alan yazıçımız məsləhət gördü ki, bədii yaradıcılığa başlayım. İnanın, məni əmin elədi ki, sizdə gözəl alınacaq. Ondan sonra bədii yaradıcılıqla məşğul olmağa başladım. “Ulduz”, “Azərbaycan”,”Yazıçı qadınlar” jurnallarında, “Söz”dərgisındə,”Ədəbiyyat”, “525-ci qəzet”, “Kaspi” və “Mir literaturı” qəzetlərində yazılarım dərc edilirdi.”- söyləyir.
Sadə, təvazökar, zəhmətsevər, işgüzar xanımdır. Məhsuldar işləməyi bacarır. Ərsəyə gətirdiyi əsərlərin hər biri mühüm tarixi hadisədir- insanlığa, mənəviyyata xidmət edir. Məhz, elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayır. Bir sözlə, yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur…
Deyir ki:- “Bəzən gənclərin “hüquqşünas olmaq istəyirdim, balım çatmadı, jurnalist oldum” kimi fikirlərinə rast gəlirik. Bu, günümüzün həqiqətləridir. Indiki Bakı Dövlətt Universitetinə qəbul olunduğumuz 1973-cü ili göz önünə gətirirəm. 50 yer uğrunda 1000-dən çox abituriyent mübarizə aparırdı. O vaxtlar test üsulu yox idi. 4 imtahanın hər birindən 4 qiymət alan neçə gənc bu fakültəyə qəbul oluna bilmədi. Bu müsabiqəyə qanı-canı ilə jurnalist olmaq istəyənlər qatılmışdı. Fəxr edirəm ki, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Qulu Xəlilli, Nurəddin Babayev, Nəriman Zeynalov, Famil Mehdi, Yalçın Əlizadə, Cahangir Məmmədli kimi müəllimlərdən dərs almışam. Qeyd edim ki, bu gün jurnalistikamızda ümid verən gənclər çoxdur. Bütün bunlara baxmayaraq, problemlər də qalmaqdadır. O zaman baş redaktorumuz Nəsir İmanquliyevin yaxşı bir sözü var idi. Deyirdi ki, yazını gərək elə yazasan ki, sim kimi cingildəsin. İndi isə dil qaydalarının pozulması yaralı yerimizdir. Özüm təmiz üslubun tərəfdarı olduğumdan bəsit, cılız, qrammatik qaydalara riayət edilməyən yazılara düşmənəm. Bu xüsusiyyətimə görə də inanın ki, bütün yazılarıma divan tuturam…”
Çox gözəl xanımdır. Onun yardımsevər, həssas, nəcib və incə olması bu gözəlliyə xüsusi rəng qatır. Bundan əlavə başqalarının qayğısına qalmaq və yaxşılıq etmək onun üçün əsl həyat nümunəsidir. Odur ki, xoş duyğularla yaşayan insanlara qarşı nəzakətli və mehribandır. İşlərini elə qurur ki, uğur yolunda gərəksiz maneələrlə üzləşmir. Problemsiz bir həyat onun ən böyük arzusudur. Xaraktercə zərif və cəlbedicidir. Cazibədarlığından necə istifadə etməyi bilən bu insanda uşaq səmimiyyəti var. Yalan danışmağı, bayağılığı, fiziki gərginliyi sevmir. Düşüncələrində müstəqil, fəaliyyətində azaddır. Bir sözlə, haqqında söhbət açdığım yazıçı-publisist Zemfira Məhərrəmli necə deyərlər, istiqanlı, insanpərvər xanımdır…
Tezliklə Azərbaycan xanımına xas olan ən gözəl xüsusiyyətləri özündə birləşdirən Zemfira xanımın 70 yaşı tamam olur. Onu yubileyi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.
Bu gün görkəmli şərqşünas alim Aida İmanquliyevanın anım günüdür
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın anası, görkəmli şərqşünas alim və tərcüməçi, ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın anım günüdür. Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqələrini sistemli şəkildə araşdıran, Şərqlə Qərb mədəniyyətlərinin bir-birinə təsirini elmi cəhətdən əsaslandıran ilk azərbaycanlı qadın alimdir.
Sevgi dolu ürəyə, incə və həssas qəlbə malik Aida xanımın xatirəsi bu gün də yaddaşlarda yaşayır, əsərləri müasir dövrümüzdə Azərbaycanla ərəb ölkələri arasında ədəbi-elmi körpü rolunu oynayır. Onun təkrar-təkrar oxunan, təhlil və tədqiq edilən, müxtəlif dillərə tərcümə olunan əsərləri, elmi monoqrafiyaları dövrümüzdə də aktuallığını qoruyub saxlayır.
Aida İmanquliyeva 1992-ci ilin 19 sentyabrında vəfat edib.
Çoxşaxəli yaradıcılıq və ictimai fəaliyyətinə baxmayaraq, Aida xanım Şərq qadınına xas olan incə ruhunu qoruyub saxlayan görkəmli şərqşünas alim, istedadlı pedaqoq olmaqla yanaşı, səmimi, mehriban, nəcib insan, gözəl övlad və həyat yoldaşı, fədakar ana idi. Qısa, lakin mənalı ömründə həm elmin zirvəsini fəth edə bildi, həm də əhatəsində olduğu insanların əbədi sevgisini qazandı. Bu gün onun həyatını övladları və nəvələri davam etdirir. Xatirəsi isə şəxsiyyətini və elmi irsini yüksək dəyərləndirən insanların qəlbində yaşayır.
Yazını hazırladı, Aynurə Əliyeva, ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.
Əfqanıstanın Qızılbaş icması üzvündən gözəl əl işi
Kabildə fəaliyyət göstərən Əfşar Ulduzu Tədris Mərkəzinin Azərbaycan bölməsi şagirdi (solda) Həyatullah Əfşar Azərbaycan bayrağının təsvir olunduğu gözəl bir xalça toxuyub. Əməyi incəsənətə çevirən soydaşımıza təşəkkürlər.
Qeyd edək ki, 2004-cü ildə qəbul edilmiş Əfqanıstan Konstitusiyasında Qızılbaşlar ölkədə ayrıca bir Xalq kimi tanınır və bu etnik birlik daxilində ‘Əfşar’, ‘Bayat’, ‘Cavanşir’ kimi tayfaları birləşdirir. 2006–2021-ci illər arası Əfqanıstan Dövlət Himnində Qızılbaşların adı da çəkilirdi. Araşdırmalara görə, Əfqanıstan əhalisinin təxminən 1%-ni Qızılbaşlar təşkil edir.
Üzünün qırışlarında min ilin ağrıları, Baxışlarında min ilin təəssüfü var. Arada gülümsəyirsən əzabların üzünə, Ancaq mən gülüşünün altından axan göz yaşlarını yaxşı görürəm, şair. həsrətə təşnəsən deyə gülümsədikcə bir az da susuzlayırsan, Ciyərin yanır ayrılıqdan sarı. Sən susadıqca təptəzə Söz doğulur ayrılıq rəngdə. Danışdıqca bir az da böyüyürsən həqiqətin gözündə, Susduqca bir az da … Bilirəm, nigaransan dünyadan,adamlardan, ağaclardan, ağaclara daş atan uşaqlardan, Qar altında dən axtaran quşlardan, qarışqalardan – Hər şeydən, hər kəsdən nigaransan, Elə özündən də Əllərin cibindən, cibin sərçələrdən utananda göy üzünə yağış ismarlayırsan arada, Bilirsən ki, səmada bizə ən yaxın buludlardı, buludlar. Sən kədəri qədəh-qədəh başına çəkdikcə hardasa bir ümidin üstünə qapqara kölgə düşür, Hər gün bir qədəh ümidsizləşirsən beləcə. Hələ əzablara, həsrətə, tənhalığa qədəh-qədəh meydan oxumağını demirəm, Mən çox şeyi gizlədirəm səndən, Çox şeyi demirəm, şair. Eh, nöqtələr, suallar, nidalar!!
“Üzeyir Hacıbəyov — 140”: Zaur Ustacın xatirə-monoqrafiyasına bir baxış
Sentyabrın 18-i Azərbaycanın musiqi və mədəniyyət təqvimində həm də xatirə günüdür: Şuşanın dərin musiqi-əxlaqi atmosferindən çıxmış, milli professional musiqi və operanın banisi, tanınmış ictimai xadim, jurnalist, yazıçı Üzeyir bəy Hacıbəyov 1885-ci ildə təqvimin bu günündə dünyaya gəlib. Bu il — 2025 — Üzeyir bəyin 140 illik yubileyi ilə üst-üstə düşür və bu yubileyə həsr olunmuş nəşrlərdən biri də şair-yazıçı və tədqiqatçı Zaur Ustacın “Üzeyir Hacıbəyov -140” monoqrafiyasıdır. Bu kiçik, lakin məzmunlu kitab həm yubileyi qeyd etməyi, həm də Üzeyir bəyin irsini daha canlı, daha müasir oxucuya çatdırmağı hədəfləyir. Zaur Ustac, müasir ədəbi mühitdə şair, redaktor və bəzən elmi-populyar mətnlərin müəllifi kimi tanınır. Onun nəşrləri arasında həm şeirlər, həm redaktə işləri, həm də ön sözlər, tərtibatçılıq fəaliyyətləri diqqət çəkir; bu da Ustacın yalnız ədəbi deyil, eyni zamanda tədqiqatçı və publisist köklü bir yazar olduğunu göstərir. Belə bir müəllifin Üzeyir bəy Hacıbəyli mövzusuna müraciəti gözlənilən bir addımdır — çünki “Üzeyir Hacıbəyov” mövzusu həm mədəniyyət tarixi, həm də müəllifin poetik-estetik duyumu üçün zəngin material təqdim edir. “Üzeyir Hacıbəyov -140” oxucuya dahi bəstəkarın həyatı və yaradıcılığını təkcə bioqrafik faktlar kimi təqdim etmir; həmin illərin mədəni-iqtisadi kontekstində Üzeyir bəyin rolunu musiqiçi – bəstəkardan daha çox yazıçı – publisist kimi qabardır. Zaur Ustacın bu kitabı Üzeyir bəy Hacıbəylini jurnalist, publisist, yazıçı, satirik, dramaturq kimi təqdim etmək baxımından böyük əhəmiyyət kəsb edir. Əsəri əhəmiyyətli edən vacib məqamlardan biri də Zaur Ustacın 10 fəsildən ibarət olan monoqrafiya boyunca daim mötəbər mənbələrə istinad etməsidir. Mətn monoqrafik formatın sərhədlərindən çıxaraq, publisistik ton və təhlilçi baxışla oxucunu həm tarixi faktlarla, həm də estetik refleksiyalarla qarşı-qarşıya qoyur. Ustacın monoqrafiyasında diqqət çəkən məqam mətnin dili və strukturu arasındakı balansdır. O, müxtəlif mövzulu fəsilləri ustalıqla vahid süjet xətti kimi seçdiyi Üzeyir bəy Hacıbəylini “böyük ədib” kimi təqdim etmək ideyası ətrafında cəmləyə bilmişdir. Bu baxımdan kitab vahid mövzulu əsər təsiri bağışlayır. Zaur Ustac Üzeyir bəyin bəzi məqamlarda indiki dövrdə mürəkkəb görünə biləcək ifadə tərzini müasir oxucuya sadə, aydın və bəzən poetik ifadələrlə çatdırır. Bu yanaşma çox vaxt akademik mətnlərdə itən insani və emosional əlaqəni bərpa edir: oxucu Üzeyir bəyə təkcə tarixi şəxsiyyət kimi deyil, canlı yaradıcı kimi yaxınlaşır. Eyni zamanda Ustac faktları, tarixi hadisə-silsilələrini, müəllifin yaradıcılıq məkanını qısa, amma yığcam şəkildə təqdim etməyi bacarır ki, bu da monoqrafiyanı həm geniş oxucu, həm də araşdırmaçılar üçün əlçatan edir. Monoqrafiyanın əsas yükünü təşkil edən arqument — Üzeyir bəy Hacıbəylinin yalnız bəstəkar yox, eyni zamanda pedaqoq, publisist və milli mədəni islahatçı kimi görünməsidir. Ustac bu arqumenti tarixdən gətirilən nümunələrlə, bəstəkarın pedaqoji və publisistik fəaliyyətinə işıq salan istinadlarla möhkəmləndirir. Oxucu üçün faydalı olan başqa bir məqam monoqrafiyada verilən xatirə, sənəd və faktların vacib hissələrinin vurğulanmasıdır; belə elementlər Üzeyir bəyin çoxşaxəli fəaliyyətinin daha aydın görünməsinə xidmət edir. Hər bir yubiley-monoqrafiya kimi, “Üzeyir Hacıbəyov -140” da həm tərifə, həm də müəyyən tənqidi fikirlərə açıqdır. Bir tərəfdən, Ustacın publisist üslubu mətnə canlılıq qatır; digər tərəfdən, ciddi araşdırmaçı oxucu daha dərin arxiv işləri və istinadların genişliyini gözləyə bilər. Buna görə də monoqrafiyanı ideal şəkildə kontekstləşdirmək üçün oxucu mətnə əlavə olaraq elmi məqalələr, arxiv materialları və ədibin əsərlərinin təhlilinə yönəlmiş daha geniş tədqiqatlarla birlikdə müraciət etməlidir. Bununla belə, Ustacın işi “Üzeyir Hacıbəyov” mövzusunu geniş oxucu kütləsinə çatdırmaq baxımından əhəmiyyətlidir və yubiley çərçivəsində vacib bir pay sahibidir. Zaur Ustac özü də monoqrafiya boyunca müxtəlif başlıqlı məqalələrində tez-tez bu məqamı vurğulayır ki, onun əsas məqsədi yada salmaqdan, xatırlatmaqdan – təbliğat işindən ibarətdir. “Üzeyir Hacıbəyov -140” həm yubiley xatirəçiliyi, həm də publisistik yanaşma ilə hazırlanmış bir monoqrafiyadır. O, Üzeyir bəy Hacıbəylinin irsini yenidən oxumağa, onun yaradıcılığının müasir oxucu üçün nə demək olduğunu yenidən düşünməyə çağırır. Monoqrafiya xüsusi olaraq tədqiqatçıların ixtiyarında olan mürəkkəb mətnləri sadələşdirir və geniş oxucu kütləsinə Üzeyir bəy Hacıbəylini daha yaxın, daha insani bir obraz kimi təqdim edir. Bu səbəbdən kitabı həm yubiley münasibətilə, həm də “Üzeyir Hacıbəyov” mövzusuna giriş kimi tövsiyə etmək olar.
Ədəbiyyat tarixə münasibətdə yalnız xatirə rolunu oynamır, həm də gələcəyə işıq tutan mayak kimi çıxış edir. Müasir Azərbaycan ədəbiyyatında fərdi üslubu ilə seçilən yazıçı-şair Zaur Ustacın “Üzeyir Hacıbəyov – 140” adlı monoqrafiyası da belə əsərlərdən biridir. Bu kitabda müəllif sadəcə hadisələri xatırlatmır, zamanın fəlsəfəsini çözür, oxucunu milli yaddaşla üz-üzə qoyur.
Monoqrafiyanın başlıca ideyası – Azərbaycanın tarixi inkişaf yolunu yüz illik zaman çərçivəsində dəyərləndirməkdir. Ustac göstərir ki, yüz il əvvəl milli mübarizədə arzulanan ideallar bu gün reallığa çevrilib. Dövlətçilik, müstəqillik, milli kimliyin qorunması – bütün bunlar indi həyatımızın gerçək faktlarıdır. Müəllif oxucuya sadə bir həqiqəti çatdırır: “Biz indi onlardan 100 il qabaqdayıq”. Yəni bizdən əvvəlki nəsillərin ümid etdiyi gələcək artıq bizim bu günümüzdür.
Kitabda diqqət çəkən əsas xətt – milli yaddaşa bağlılıqdır. Müəllif hesab edir ki, hər bir xalqın zaman qarşısında mövqeyi onun irsinə münasibəti ilə ölçülür. Dilini, ədəbiyyatını, mədəniyyətini qoruyan xalq zamanın fövqündə dayanır. Bu baxımdan monoqrafiya həm tarixi təhlil, həm də milli kimliyin dəyərinə çağırış xarakteri daşıyır.
Zaur Ustac bu əsərində sırf akademik üslubdan qaçaraq, publisistik təhkiyə ilə oxucuya müraciət edir. Tarixi faktlar canlı emosiyalarla təqdim olunur, analitik yanaşma bədii ifadələrlə zənginləşdirilir. Bu isə monoqrafiyanı həm elmi dairələr, həm də geniş oxucu kütləsi üçün maraqlı edir.
Zaur Ustac bu əsərdə sadəcə tarixdən bəhs etmir, həm də gələcəyə baxış təqdim edir. Onun fikrincə, xalqın qüdrəti zamanın nəbzini tutmaq bacarığında, yəni həm tarixi dərk etməkdə, həm də gələcəyi qabaqlamaqda gizlidir. “Üzeyir Hacıbəyov -140” adlı monoqrafiyanı vahid bir əsər kimi götürdükdə “Biz indi onlardan 100 il qabaqdayıq” fikrinin ana xətt kimi keçdiyini görürük. Bu ifadə həm də bir xəbərdarlıqdır: əgər biz milli dəyərlərimizi unutsaq, yüz il sonra gələcək nəsillər bizdən geri qala bilər.
“Üzeyir Hacıbəyov -140” monoqrafiyası Azərbaycan publisistikası və ədəbiyyatında mühüm hadisədir. Əsər oxucunu həm düşünməyə, həm də tarixdən nəticə çıxarmağa çağırır. Zaur Ustac bu kitabı ilə bir daha sübut edir ki, ədəbiyyat yalnız sözün gözəlliyi deyil, həm də milli düşüncənin, ictimai mövqenin ifadəsidir.