
SON UÇUŞ
(hekayə)
Göy həmin səhər qəribə dərəcədə sakit idi.
Sanki müharibənin səsini udmuşdu.
Su-25-in kabinəsində Polkovnik Zaur Nudirəliyev səssizliyə qulaq asırdı. Radiodan gələn xırıltılı səslər, mühərrikin titrəyişi, alətlərin solğun işığı – hamısı tanış idi. Bu, onun dünyası idi. Yer üzü isə indi aşağıda, tüstü və alov içində qalmışdı.
— Hədəf qabaqdadır… — dedi öz-özünə.
Raket zərbəsi qəfil gəldi. Təyyarə silkələndi, metal sanki inildədi. İdarə panelində qırmızı işıqlar yandı. Sağ mühərrik sıradan çıxmışdı. Kabinədə yanıq qoxusu yayıldı.
Komandanın səsi radioda eşidildi:
— “Zaur, geri qayıt! Təyyarəni tərk et!”
O, cavab vermədi.
Aşağıda düşmənin canlı qüvvəsi cəmləşmişdi. Bu hədəf keçilsəydi, torpaq üzərində döyüşən yüzlərlə əsgərin həyatı təhlükəyə düşəcəkdi. O bunu bilirdi. Hərbi xəritələrdən yox, vicdanından oxuyurdu bunu.
Təyyarə artıq uçmurdu — mübarizə aparırdı.
Zaur sükanı daha möhkəm sıxdı. Gözləri önündən Vətən keçdi:
uşaq vaxtı baxdığı səma,
uçmağı öyrəndiyi aerodrom,
şəhid xəbərləri ilə böyüyən bir xalq…
Paraşüt düyməsi əlçatan idi.
Amma barmağı ora getmədi.
— Hələ bitməyib… — pıçıldadı.
Hündürlük sürətlə azalırdı. Su-25 artıq yaralı quş idi. Amma o quşun iradəsi vardı. Zaur təyyarəni düşmən mövqeyinə doğru yönəltdi. Son saniyələrdə nə qorxu vardı, nə tərəddüd. Gözünün önündə bütün gəncliyi – kursant həyatı, geniş, işıqlı və səsli-küylü auditoriyalar, qulaqlarında isə taktika müəlliminin səsi vardı: “Hərbi təyyarəçinin sonuncu və ən güclü silahı onun təyarəsidir!” Əlbəttə, bəli! Nə qədər ki, iradəm özündədir, nə qədər ki, təyyarə səmadadır, hələ döyüş bilməyib. “Hə şahın gözlüm, indi ən güclü silah bizik: sən və mən! Biz düşmənin başına dəmir yumruq kimi dəyəcək sonuncu mərmiyik!” – var gücü ilə sükandan yapışaraq sanki yaralı Su-25-in yarasına su səpdi. Bu son qərar idi. İkisi birlikdə qəbul etmisdilər bu qərarı: “Anca bərabər, kanca bərabər” pıçıldadı və sinəsini var gücü ilə sükana sıxdı. Su-25 yaralı quş kimi çırpınsa da sözünü tutdu, sona qədər davam gətirdi. “Sonuncu yanar mərmi” od-alov saç-saça vahiməli səslə düşmənin canlı qüvvəsinin cəmləşdiyi mövqeyə doğru şığıyırdı. Zaur son sözünü dedi: “Qaçın dovşanlar, qaçın! Qaçın görüm, kim şahinimin gözündən yayına bilər!?”
Göy alovlandı. Yer silkələndi.
Bir anlıq hər şey susdu.
Sonra…
sükut.
Cəbrayıl istiqamətində düşmənin cəmləşdiyi mövqe yox oldu. Orada olan təhlükə də, plan da, nəfəs də bitdi. Amma Azərbaycan səmasında yeni bir ad yazıldı.
Zaur Nudirəliyev.
O, geri dönmədi.
Amma uçuşu bitmədi.
Çünki bəzi pilotlar təyyarəni endirmir —
tarixin içinə həkk edirlər.
Və bəziləri var ki, Vətəni qorumaq üçün
səmadan torpağa deyil, əbədiyyətə enirlər.
25.01.2025. Bakı.
Müəllif: Zaur USTAC
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında