
BİR ANANIN ÖVLADLARI
Təbiətin tərs üzüylə sınandın,
Dar günündə bir can oldu aullar.
İgidlər çiyin-çiyinə dayandı,
Yetişdilər harayına oğullar.
Əcdadlardan miras qalan vüqarla,
And içdilər doğma yalçın dağlara.
Ata-baba əhdinə etibarla
Oğulların çalışdı xoş çağlara.
Əqidəmiz, inancımız Dağıstan,
Qədim, doğma ocağımız, yurdumuz.
Bir ananın övladıyıq, birdi qan,
Sənin dərdin bizim ortaq dərdimiz.
Bu günlər də yaşanacaq, keçəcək,
Al günəşdən güc alacaq Dağıstan.
Doğma yurdu quracağıq yenidən,
Küllərindən ucalacaq Dağıstan.
03.10.2026
DANIŞ
“Qartallara yurd olar uca dağların başı”,
Əcdadların sözləri məsəllərdə daşınır.
Unçukatlım, qəmimin, ümidimin sirdaşı,
Ürəyim tək səninlə həmdəm olub danışır.
Sən müqəddəs ruhusan bu sonsuz Kainatın,
Arzuların məkanı, ümidlərin məskəni.
Kənddə pərvəriş tapan igidlərindən söz aç,
Danış, nələrdən keçib uca qıldılar səni?
Danış, kimi ucaldıb bu dağlar öz belində,
Danış, kimi bəsləyib, kimi doğub bu dağlar?
Danış, kim isinibdir səxavətli əlində,
Kimi əsir alıbdır sinəndəki o dağlar¹.
08.09.2026
¹ dağlar – burada: ağır dərdlər, faciələr
ƏZİZ BAKI
Sənə külli canımla, Bakım, baş əyirəm mən,
Sən ey mənim mehriban, günəşüzlü şəhərim.
Səni doğmalarımla bölüşür, hifz edirəm
Sənə olan eşqimi – həm əbədi, həm dərin.
Gözlərində gördüyüm – yer üzündəki cənnət,
Saxlamışam sinəndə dünyəvi xəyalları.
Sənin ovuclarında pöhrələnib çiçəktək
Gəncliyimin günləri, həyəcan, göz yaşları.
Kainatın cənnəti, ey əziz Bakım mənim!
Çiçək açan bağların, Abşeronun neməti,
Qız qalası – bir inci, qoruyur qəlbim, tənim,
Ey aləmin cənnəti, türfə tacı, sərvəti!
07.09.2026
CAVAB VERƏ BİLƏRSƏN?
Lacivərd gecələri verərdinmi sən geri,
Ya da bulaq səsiylə çağlayan gülüşləri?
Gözümdəki yaşları qurutmağın hədərdi,
Geri dönərmi eşqim? Ah, bu nə qəm-kədərdi!
Mən özüməm sahibi, sanırdım öz bəxtimin,
Qəlbimi isidirdim öz məhəbbətimlə mən.
Biganəlikdir adın, mən haradan biləydim,
Taleyimin üstünə qaranlıq idin enən.
Oğurlamaq istədin o gizli sevincimi,
Məhəbbətin atəşi alışdı, söndü böylə.
Buludların örtdüyü arzu da ölmüş indi,
Qırılmış xəyallara can verəcək nə, söylə?
Hisslərimin külləri? Gözlərim bulaq, əlbət.
De, saxlaya bilərsən gizli axan çayları?
Vida dedim eşqimə, eşqimə rəğmən fəqət,
Ah, kədərli sonluğa kimdir səbəb, de barı?
09.09.2026
SƏNİN YANINDA
Ürəyimi sıxanda qəm-kədərin əlləri,
Ruhum sənə can atır, ah, biixtiyar, ana.
Sən nəfəsim olursan, həyəcan sarır məni,
Hər görüşdə qəm itib, ürək toxtayar, ana.
Nə var, nə yox evimdə, bəs necədir uşaqlar?
Sığallayır başımı əllərin yavaş-yavaş.
Doğma ovuclarında, gör nə qədər hüzur var,
Ağrılarım yox olur. Bu əfsunda qalım kaş.
Kövrəlirəm bir az da, zaman su tək axanda,
Saçlarıma dən düşür, qocalıram özüm də.
Amma, ana, sən məni öz bağrına sıxanda,
Dönüb uşaq oluram, payız itir gözümdə.
07.09.2026
OĞLUMA
Yerdəki sultanların şöhrətini, varını,
Ərşin təxt rəvanını, yeddi mülk açarını,
Göy tağına qaldıran nurlu qanadlarımı,
Heç gözümü qırpmadan sənə verərdim, oğlum.
Günəşin ilk zər teli, dan yeri – al, qırmızı,
Ulduzların sayrışı, əks olunan nur tozu,
Gülüstani-İrəm də, həyatda aydın yazı,
Heç gözümü qırpmadan sənə verərdim, oğlum.
Soy-kökümüzdən gələn – vicdan ilə şərəf-şan,
Ana ürəyindəki – məhəbbət, xeyir-duan,
Ataların Torpağı – təməl, dayaqdır hər an,
Heç gözümü qırpmadan sənə verərdim, oğlum.
11.09.2026
DAĞLAR QIZI
Sən ey dağ laləsi, dağ qızılgülü,
Çobanyastığının bəyaz dənizi.
Uca Dağıstanın fərəhi, nazı,
Sən şimal bağının ən gözəl gülü.
Sən şehli çəməndə tər bənövşəsən,
Füsunkar surətin incidən incə.
Heç külək dəyməsin ləçəklərinə,
Qoru saf adını ləyaqətlə sən.
Ey mənim kamallı, mətin dağ qızım,
Taleyin işıqlı, xoş olsun hər an.
Həyat əsdirərsə təlatüm, tufan,
Parlayıb qorusun qoy bəxt ulduzun.
Adınla ucalsın xalqının səsi,
Sən ey Dağıstanın dağ bənövşəsi.
26.08.2026
BİLMİRDİM
Bilmirdim sevginin sonu var imiş,
Mümkünmüş aləmi çaşdıra bilmək.
Vəfalı qonaq tək gələn sevginin
Ömrünü xəyanət bitirir, demək.
Gecələr çiməndə Ay işığında,
Nə bilək, qaplayar Ayı buludlar.
Odlu dodağıyla yel öpən anda,
Kim deyə bilərdi ürək buz olar?!
Bizi qucaqlayan ülvi məhəbbət,
Çəkilib yox olar, itər beləcə.
Bənövşə ətirli sevgi gülşəni
Qışın gəlməsiylə tanınmaz, necə.
07.05.2026
Müəllif: Patimat Ştançayeva
Tərcümə: Zeynəb Cəmaləddin
Patimat Ştançayevanın yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında