Bu dünyaya gəlmədən bir ssenari canlanır, Hərənin taleyinə bir hekayə yazılır. Zamanın əlindəki çarx astaca fırlanır , Yazılan hər insanın öz çiynində daşınır.
Həyatın səhnəsində hər insan bir rol alır, Kimi uzun ömürlü öz obrazın yaradır, Kiminin hekayədə ömrü yarımçıq qalır, Hekayə davamına səmadan asta baxır.
Bu fani səhnəninsə baş rolunda bizlərik, Yaxşı oynayanı da, pisi də var burada. Bu ağlı-qaralı geniş dünyada, Müxtəlif obrazlar oynayır burda.
Əvvəldən bir tale yazılsa belə, Şəxsiyyət seçimi bəndəyə qalar. İstəsə nur saçar zülmət gecəyə, İstəsə ömrünü zülmətə salar.
Müsbət obrazsan sən, yoxsa bir mənfi? Bu sənin ağlının dərin seçimi. Həyat səhnəsində itirmə sərfi, Gözəl yaz və bitir öz hekayəni. 18.06.2026
Qızlar oxusun!
Ey atalar, analar! Qızlar Tanrıdan gələn müqəddəs əmanətdir. Onların bu həyatda böyük bir amalı var. Məsələn, həkim, müəllim, ya da mühəndis olmaq, Elm oxuyub şərəflə parlaq gələcək qurmaq.
Gəlin dəstək olaq biz, onların addımına, Arxa duraq, güc verək müqəddəs arzusuna. Cəmiyyət güclü olar, savadlı qızlar ilə, İşıqlı sabahları daşıyaq gələcəyə.
Bu gün yüzlərlə qızın həyatına toxunaq, Bu şərəfli yolda biz onlarla addımlayaq. Uğur hekayəsinin içində biz də olaq, “Qızlar oxusun!” deyib, birlikdə imza ataq.
Kainata məktub (Kainat bu şeirdə həyatın və sonsuzluğun poetik rəmzidir)
İyulun on beşi… Günəş zirvədə, Kainat ruhuma sanki məlhəmdir. Əlli altı yaşın ağ rənglərində, Həyatın bu günü mənə həmdəmdir.
Əlvida deyirəm keçmiş günlərə, Gedirəm uğurlu xoş gələcəyə. Hər yeni sətiri öz düşüncəmlə, Yazaram daha da min bir həvəslə.
Ey sonsuz kainat, eşit sən məni… Açıram qapımı bir möcüzəylə. Sağlığı, hüzuru,sevgi selini, Dəvət eləyirəm bu yeni ilə!
Bundan sonrası da işıq, bərəkət, Hər doğan səhərim bir şans, bir paydır. Gülürəm, kainat, sən də mənə gül, Mənim əlli altı yaşım gözəl bir çağdır!
Məmmədov Oqtay Şükür oğlu, Xocalı batalyonunu döyüşçüsü. Təvəllüdü: 19 iyun 1957-ci il. Oqtayın qardaşı Vaqif ailəsi ilə- həyat yoldaşı Afilə, oğlanları Azər, Ceyhun və Niyaməddinlə birlikdə o gecənin qurbanı olmuşlar.
-Oqtay bir hərbçi idi
Xankəndi şəhərində.
Gözəl təlimçi idi,
Pərgardı işlərində.
Xoşbəxt bir ailəydik,
Uzaq qəmdən, kədərdən.
Axı, hardan biləydik,
Dövran dönəcək birdən?!
Orda baş verir nələr?-
Xəbərsizdik xəbərdən…
Xəyanətlər, fitnələr
Başlananda Oqtayı
Çıxartdılar işindən.
“Bu sənətdən savayı
Sevmirəm bir peşə mən”-
Oqtay belə deyirdi.
O, heç düşünməyirdi,
Öyrətdiyi əsgərlər
Ona düşmən kəsilər,
Zamanın bir anında
Onun öz silahından
Atəş açarlar ona,
Susayarlar qanına…
…Xocalı batalyonu yaradıldı nəhayət-
Oqtay üçün açıldı yeni, özəl bir həyat.
İndi o, Xocalının durmuşdu keşiyində,
Heç nədən çəkinmirdi, möhkəm idi işində.
Düşmən həmlələrini məhv edirdi dəstəsi,
Yorulmurdu, qorxmurdu, tükənmirdi qüvvəsi…
…Həmin o qanlı gecə
Öz kiçik dəstəsiylə
Çəkildi meşələrə.
O, bütün qüvvəsiylə
Güc gəlib həmlələrə,
Üç gün meşədə qaldı.
Çiynindən yara aldı,
Güllə, sursat qurtardı,
Mühasirə daraldı.
Əsir alıb onları
Erməni dığaları
Pircamalda saldılar
Bir donuz pəyəsinə.
Ələ salıb güldülər,
Çörək, su əvəzinə
Işgəncələr verdilər,
Söz deyib dillənənə
Şallaq, təpik vurdular.
Oqtayı tanıdılar:
Yanıqlıydılar ondan,
Odlanıb yanırdılar
Zəhmli baxışından.
Coşur, xoşlanırdılar
Ona əzab verərkən.
Səhəri gün, lap erkən,
Oqtayın qollarını
Bağlayıb möhkəm-möhkəm
Həyətə çıxartdılar,
Qar üstə uzatdılar.
Sallaqdodaq bir dığa
Yeriyrək qabağa,
Hırıldayıb ürəkdən,
Soruşdu ötkəm-ötkəm:
-De, kimindi Qarabağ?
-Torpaq bizimdir, ancaq,
Ötən əsrin önündə,
Dünya sizdən dönəndə
Qonaq saxladıq sizi.
Yeyib çörəyimizi,
Zəbt edib evimizi,
Dönük çıxdınız bizə,
Susadız qanımıza.
Sizlər vətənsizlərsiz,
Kişiliyə düşmənsiz!..
-Kəsin bunun dilini!
Qırın bunun belini!-
Çığırdı həmən dığa,
Tutdu onu şallağa.
Qıvrılıb qalxdı Oqtay,
Dığaya baxdı Oqtay:
-İndi ixtiyarsınız,
Ancaq nə qayırsanız,
Mənim iradəmi siz
Heç vaxt qıra bilməzsiz!
Bizimkidir Qarabağ,
Bizim olub qalacaq!..
…Üçüncü gün ermənilər əsirləri həyətə çıxaranda,
Oqtay fürsət əldə edib, göz qırpımı bir anda
Yaxaladı bir dığanı, silahını aldı ondan.
Çəkilib dalda yerə
Od yağdırdı düşmənlərə-
Üç dığanı sərdi yerə.
Döyüşdü son nəfəsədək,
Şəhid oldu bir əsgərtək…
…İndi ömür Oqtaysız
Bir əzabdır-mənasız.
Böyüklər başa düşür,
Ancaq 5 yaşlı Şükür…
Görməyib ata üzünü,
Bəs necə deyim düzünü?!..
Söhbətin bu yerində Oqtayın can yoldaşı
Ağladı hönkür-hönkür, yaddaşı qan yoldaşı.
Onu sakit etməyə çatmadı cəsarətim,
Axırdı gözlərindən yanağına həsrəti.
Nə qədər çətin idi yaşamaq bu anları,
Zaman unudacaqmı haqsız axan qanları?..
Məmmədov Arif İbad oğlu, Xocalı batalyonun döyüşçüsü. Təvəllüdü: 26 fevral 1956-cı il. Arifin anası Səltənət və 5 nəfər ailə üzvləri: Şövkət, Lətifə, Samir, Səbuhi və Səlim itkin düşmüşlər.
…Şelliyə az qalırdı,
Geri dönmək olardı.
Vidalaşıb Məlahətlə
Öpdü bərk-bərk Fidanını, Fuadını.
O, yanıqlı bir həsrətlə
Süzdü ömür yoldaşını,
Sanki içdi son andını:
-Qayıdıram, təmin edim
Camaatın xilasını,
Qayıdıram, almaq üçün
Xocalının qisasını.
Uşaqlardan muğayat ol,
Gedin, Allah amanında!
Arif getdi əks tərəfə,
Itdi meşə dumanında.
O, bir daha görünmədi-
Qaldı ömrün o anında…
Həkk olundu yaddaşına
Fuadın da, Fidanın da.
Gözləyirlər, duman səkə,
Ataları dönüb gələ…
Məlahətin göz yaşları
Yanağından gilə-gilə
Axır hər gün, yaddaşından
O dumanı silmək üçün,
Ağlayır o, için-için,
Balaları gülmək üçün:
-Qayıdacaqdır atanız,
Düşmənlərlə döyüşdədir,
Siz ona layiq böyüyün,
O, ən şərəfli işdədir…
Arif tərk etdi dünyanı
Bu dünyaya gələn günü,
Həmin günü doğulmuşdu-
Yaddaşlara
Xəyal olub dönən günü…
Xocalı sakini, 1931-ci il təvəllüdlü Zeynalov Aslan Bəhrəm oğlunun qan ağlayan yaddaşından:
-Böyük bir ailə idik,
Nə dərd vardı, nə nisgillik.
Övladlarım, ev-eşiyim, qayğı bilməz balalarım,
Xocalıya birdən gəldi yüz illərin bəlaları…
Həmin o qanlı gecədə əsir düşdü Tofiq oğlum,
Yeddi yaşlı Aynur nəvəm, mənim şəkərim, noğulum
Öldü yağı gülləsindən anasının kürəyində,
Anası, Tovuz gəlinim, yaralandı biləyindən.
Eldar balam döyüşərək şəhid oldu Xocalıda,
Səkkiz yaşlı qızı Leyla güllələndi gecə yolda.
Nadir oğlum subay idi, yetməmişdi kama hələ,
Meşədə son nəfəsədək döyüşdü o, düşmən ilə,
Nadir xilas etdi bizi, meyiti meşədə qaldı…
Aslan kişi qəhərləndi, udqundu, xəyala daldı.
Maddım-maddım baxdım ona, heyrətləndim dözümünə,
Aslan kişi bir ah çəkdi, döndü yenə üzü mənə:
-Kürəkənim Ramiz isə, şəhid olub Goranboyda,
Həyat yoldaşı Validə, o, başı bəlalı qızım,
Naxçıvannik meşəsində qaçha-qaçda, qalma-qıyda,
Yaralandı, qucağında körpə nəvəm, dan ulduzum.
Validəni oğlum Elxanla axtarıb tapa bildik,
Qan içində, huşsuz halda Şelli kəndinə gətirdik.
Ancaq, itirdik nəvəmi, qundaq körpə qaldı orda.
Onu mərhum Çingiz* tapıb, xilas edib bizi dardan-
qurtarıbdır intizardan.
(*-mərhum tele-jurnalist, AR Milli Qəhrəmanı Çingiz Mustafayev.)
Ailəmizin aynası,
Uşaqlarımın anası
Cabbar qızı Sayalıdır,
Düz, o vaxtdan yaralıdır.
Ombasını dələn güllə
Şikəst edibdir yazığı…
Bu ağrıyla, bu nisgillə,
Qəlbdə neçə övlad dağı,
Qalxdı, getdi Aslan kişi.
Qan ağlayan yaddaşında
Qanlı-qadalı keçmişi,
Qalxdı, getdi Aslan kişi.
Ölüm-dirim savaşında
Onları xilas eləmiş,
Şəhid olmuş gənc yaşında
Əlifi də yad elədi,
Şellidən imdada gəlmiş
Xosrovu da yad elədi.
Qalxdı, getdi Aslan kişi,
Şəhidlərin ruhlarını duasıyla şad elədi.
Ağı dedi ölənlərə, yağılardan dad elədi,
Qarğıyaraq dönükləri, dövrandan fəryad elədi.
Qalxdı, getdi Aslan kişi,
Xatirələr qaldı mənlə,
Bir də yazıq dəftərimlə,
qələmimlə…
9…
…Yaşayıb bu mövzu ilə
Mən ayları verdim yelə.
Araşdırdım yaddaşımı-
Şahidlərin göz yaşını
Ürəyimə yığa-yığa,
Başlıq tapmadım yazmağa.
Qovluğumda qan qoxulu rəvayətlər,
O günlərdən yadda qalan hekayətlər,
Şahidlərin gördükləri iztirablar, işgəncələr-
Nə ad qoyum mən onlara?.. zaman bilər.
Cavabını zaman verər.
Inanıram, gün gələcək,
Zaman qoyacaq adını
Bu dəhşətli əməllərin.
Xocalının fəryadını
Zaman qandıracaq! Yəqin!
Xar dünyaya qandıracaq,
Dünya olacaq müttəhim-
Zaman onu yandıracaq.
Erməni adlı bəlanın
Öz oduyla odlanacaq
Onda astarı dünyanın.
Qulaqları açılacaq,
Gedəcək koru dünyanın.
Heyhat! Ancaq gec olacaq!
Solacaq barı dünyanın…
Fəqət, hələ əlindədir
Öz ixtiyarı dünyanın,
Hələ ki, imkan dəmidir,
Tam yoluxmayıb hələ ki,
Dünya vəhşi xəstəliyə-
Ad qoysun bu əmələ ki,
Dərs olsun hər millətçiyə.
Erməni millətçiləri
Vaxtında çəkilsin dara!
Görərsə bu tədbirləri,
Dünya canını qurtarar
Birdəfəlik məhv olmaqdan-
Hələ ki var buna məqam…
…Bu arzuyla, bu amalla
Boş saxlayıb sərlövhəni,
Başlayıram bu minvalla,
Olduğu tək hər lövhəni
Həkk etməyə dəftərimə,
Qayıdıram dərdlərimə…
Ağdam rayonunun Şelli kənd sakini Xosrov Bilal oğlu Məmmədov xocalıları mühasirədən qurtaraq qəhrəmancasın şəhid olmuşdur.
Qanlı gecə səhərisi,
Qaçqınların bir dəstəsi
Yol gedərək bütün gecə,
Təhlükələr keçə-keçə,
Yaxınlaşarkən Şelliyə
Məruz qaldılar həmləyə.
Şellinin mərd oğulları
Darda qoymadı onları.
Ağır itki verib düşmən
Bu yoldan çəikldi həmən.
Yenə neçə ölən oldu,
Neçə yaralanan oldu.
Şellidən gələn cavanı,
Xosrov adlı pəhləvanı
Belə xatırlayır hamı:
“O, mərdliklə qurban verib canını,
El yolunda axıtdı öz qanını…”
Xocalı sakini Səttar Ağayevin başına gətirilən müsibətlər.