Aytac İbrahimin yeni şeirləri

Ana…

Ana, mən çarəsizəm,
Ürəyim dözmür daha.
Qızının gənc ömrünü,
Satdılar gündən baha.

Ana, ürəyim yanır,
Ana, ölürəm, inan.
Gəl, qurtar zülmdən,
Demə, qızım, döz, dayan.

Ana, qıymazdın heç sən,
Gözlərimdən yaş axa.
İndi güzgüdən mənə
Qalmışam baxa-baxa…

Ana, yolum ağırdır,
Ana, mən ki, gedəcəm.
Narahat olma ordan,
Səni xeyli görəcəm.

Qurban olum, ağlama,
Olan olub, bəxt budur.
Bəzən bircə işıgi,
Zülmət gecələr udur.

Dünya.

Mənim cavan canıma bir qəsdinmi var,
Mərdi namərdə qatıb, yatırsan, dünya!
Arabir gözün açıb guya baxırsan,
Dürüstü beş köpüyə satırsan, dünya!

Daşı daşıyıb çörək qazanır fağır,
O biri də hey vətənin pulun sağır,
Millətimin üstünə quzğunlar yağır,
Heç xəbərin varmı ki batırsan, dünya.

Qınamıram nə səni, nə də özümü,
Sənin ünvanında açmışam gözümü,
Adınla başlayıb, yazdım elə sözümü,
Bizi tifil tək yıxıb, atırsan, dünya.

Elə ki, şikayətləndik hər yamandan,
Axtardıq iynə kimi səni samandan,
Üzr istəyib su tək axan zamandan,
Suç atmaqçün imdada çatırsan, dünya.

Adsız şeir.

Günlərim yorğun keçir,
Azarlayıb qalıram,
Körpəliyin səsini,
Gəncliyimdə alıram.

Necə keçdi bu ömür,
Heç ozüm də bilmədim.
Nələr gördüm, oy nələr,
Bircə dəfə dinmədim.

Dost dedim, yağı oldu,
Çörəyimi yeyənlər.
Yazdığım ağı oldu,
Mənə “sevin” deyənlər!

Bu nə cür ədalətdir,
Adam dôzmür zillətə.
İstəyirəm günəşi,
Alıb atım zülmətə.

Nadanlar at oynadır,
Utanmırlar Allahdan.
Demirlər ki, eyibdır,
Bəla gələr Allahdan.

Yaman zayı çıxıbdır,
Bu qəribə zamanın.
İşi yağ kimi gedir,
Üzü gülür yamanın.

Tülkü lələ başdadır,
Yenə yalan vaxtıdır.
Rolu yaxşı oynayır,
Neçə vaxtdır, havaxtdır.

Yaxşılıq et, qadası,
Sənin qədrin bilənə.
Qanmazdır, qanmır axı,
İstəyir hey dilənə.

Qulaq vermə hər kəsə,
Eşitsən sən batarsan.
Səsin, küyün içində,
İşıq haqqı yatarsan.

Adsız şeir…

Hərdən kədər dolur gözümə mənim,
Bilmirəm, həyatda niyə var oldum.
Əl çalıb gülürlər sözümə mənim ,
Bu boyda dünyaya ôzüm dar oldum.

Yaşayıram ömrüm gedir beləcə,
Hiss etmədim, hansı dərdimlə doldum.
Kəndirlər uzanır, sıxır boynumu,
Gəlmişdim gün görəm, amma xar oldum.

Verdim bivəfaya sınıq könlümü,
Eşqin bağçasında ahuzar oldum.
Cəlladına aşiq bir millət kimi,
Öz əlimlə özgəsinə yar oldum.

Dinmirəm, olubdu, ötübdü daha,
Ağrının şənindən gül təki soldum.
Ağrıtdı gözümü axan göz yaşı,
Gecələr içində necə zar oldum.

Dedilər, əbəsdir, çəkmə dərd qəmi ,
Özümü danlayıb, saçımı yoldum.
Yaşımın ən gözəl, cavan çağında,
Başdan ayağacan tarimar oldum.

Dəyişdim…

Yarpağı qırılmış çiçəkdim sənsiz,
Ömrümə gəldiyin gündən dəyişdim.
Necədir həyatın de, indi mənsiz,
Silib duyğuları gendən dəyişdim…

Həvəsim olmadı güzgü önündə,
Simanı yaşadım dizgi yônündə,
Eşqdən yaratdığın cizgi sönəndə,
Dodağım üstdəki bəndən dəyişdim.

Bütün xəyallarım boşa çevrildi,
Bəxt üzüklərimiz qoşa devrildi,
Döndü, özüm boyda hoşa sivrildi,
Ağaran teldekı dəndən dəyişdim.

Dərdləri birlikdə tez çözək dedim,
Gənc ikən dünyanı bir sezək dedim,
İlanın başını gəl əzək dedim,
Getdin, bu qışdakı çəndən dəyişdim

Müəllif: Aytac İbrahim

Yazarların redaksiya heyəti üzvü, Qax təmsilçisi.

AYTAC İBRAHİMİN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir