
SƏN YALANDAN GÜLURSƏN
Haqsızlıq içrə sən ey, lal olub susan qadın,
Qərib tənhalığında öfkəsin qucan qadın,
Səbri dar ağac edib, özünü asan qadın,
Üzün pak, gözün gülür, hər an təbəssümlüsən,
And ola o Allaha, sən yalandan gülursən!
Günah mənimdir deyib, özünü qinayırsan,
Yaşadığın hər günü qara günün sayırsan,
Susqun durub, bəlkə də, hər kəsi sınayırsan,
Gecələr yatır, ölür, sübh səhər dirilirsən,
And ola o Allaha, sən yalandan gülürsən.
Yuvasinda bir qərib qaranquşa bənzədin,
Baharin ortasinda soyuq qışa bənzədin,
Sərtləsdi əl-ayağın qaya, daşa bənzədin,
Kipriyin kölgəsində sığınıb, gizlənmisən,
And ola o Allaha sən yalandan gülürsən.
O nakam arzuları yada salırsan hərdən,
Qırılan ümidlərə düyün vurursan hərdən,
Ucurub xəyalları, gah da qurursan hərdən,
Sən cənnətin qızısan, buluddan süzülmüsən
And ola o Allaha sən yalandan gülursən!!!….
AĞLAYAN XATİRƏLƏR
Qəlbim göylər kimi aydın olsa da,
Gecələr gecətək qaralmağım var.
Hər bahar ruhumda güllər açsa da,
Payızda yarpaqtək saralmağım var.
Dağların qarıtək soyuyub sinəm,
Donmuşam bir daha çətin isinəm .
Elə bil bulud da ,yağış da mənəm,
Çayların suyutək durulmağım var.
Həyatım küləyə,yelə bənzəyir,
Dağlardan kükrəyən selə bənzəyir,
Qönçəsi çatlamış gülə bənzəyir,
Taleyə, qədərə qırılmağım var.
Eşqim uca idi hər şeydən uca,
Sevgimi qorudum ömür boyunca.
Sarıla bilmədim ona doyunca,
Təkcə xatirəyə sarılmağım var.
Bilmirəm həyatda yoxam ya varam ,
Baxdıqca geriyə sızlayır yaram.
Özümü heç bir vaxt bağışlamaram ,
Ən çox da özümə daralmağım var.
ÇALIŞ
Hər işin bəhrəsini əğər görmək istəsən,
Öncə o işini sən, gərək içdən sevəsən.
Əziyyətin əlində qalmayacaq o zaman,
Arzuya gec -tez çatar çalışan hər bir insan.
Gələcək planını kimsəyə açıb tökmə,
Hər insanı özüntək saf ürəkli zənn etmə.
Qısqananlar olacaq, həyatında hər zaman,
Pis niyyətli insandan, hər zaman uzaq dayan.
Yaxın sanma heç kimi, yaraların göstərmə,
Kimsədən mədət umma, heç bir şey də gözləmə,
Hərənin öz dərdi var, öz dərdini gizlin çək,
Heç nə əbədi deyil, dərd də, qəm də bitəcək.
Dost kimi görünənlər guya sənin yanında,
İlan kimi sancarlar,ən sevincli anında,
Nankörə yaxşılıq et, gör sənə nələr edər.
Etdiyin yaxşılığı bir anda alt-üst edər.
Məsafə saxla hər dəm yaxın ,uzaq fərq etməz
“İnsandan” qorx həmişə heyvanlar zərər verməz.
Qırmızı xəttlərini keçənlərə söz vermə.
Yaxşısı budur ki sən, arsıza heç üz vermə!
SƏN QATACAĞAM
(bu şeirə mahnı bəstələnib)
Mus: Farahim Sadiq
Xalq artisti Nazpəri Dostəliyeva və Rövşən Məmmədov ifa edib
Sənsiz heç bir şeyin dadı qalmadı,
Sənsizliyi silib mən atacağam.
Udduğum havaya, içdiyim suya,
Bir az da özümə “sən” qatacağam.
Yaşıl yamaclarda şehin səthinə
Çiçəyin ətrinə, gülün ətrinə,
Mənə yaşatdığın sevgi xətrinə,
Sazıma, sözümə “sən ” qatacağam.
Dəli küləklərə,əsən yellərə
Yağan yağışlara, axan sellərə ,
Sənsiz yaşadığım ötən günlərə
Acıya, dözümə, “sən” qatacağam.
Son ümid, son arzu, son istəyimə,
Bu günə,sabaha, gələcəyimə,
Sənsiz mən ağlayıb güləcəyimə,
Bir az da gözümə “sən “qatacağam.
Ruhumun özünə “sən “qatacağam.
DÜNYADA ƏDALƏT HAQQ QURAN ELİM
(mahnı bəstələnib)
Mus: Sevinc Tofiq qızı
Xalq artisti Sevinc İbrahimova ifa edib
Sən qədim yurdumsan, Azərbaycanım!!!
Poladlar qanıyla tarixlər yazır.
Mübariz qeyrətli iğid oğullar
Vətəni yolunda ölümə hazır.
Başını uca tut Qarabağ ,Şuşam,
Hər Vətən övladın, sənə min əsgər.
Sənin dayağındır Türkün ulusu,
Bir yanın Dərbənddir,bir yanın Kəngər!!!
Zəfərdən- zəfərə adlayan,keçən,
Dayanma, dayanma, irəli ordum!!!
Zirvəyə daşıdıq məşəlimizi,
Zülməti nur ilə boyadıq, yurdum!!!
Günbatan ,gündoğan oylağın olmuş!!!
Birləşib yumruq ol, ey Turan elim…
İlhamla Ərdoğan bayrağın olmuş,
Dünyada ədalət ,haqq quran elim!!
SORUŞURSUZ NECƏYƏM!?
Soruşursuz, necəyəm?…
İndi nə cavab verim.
Mən susum saatlarla,
Cavab versin şeirim.
Yarım köçəndən bəri,
Qurumuş çay olmuşam.
Nə gündüzəm, nə gecə
Yatmayan Ay olmuşam.
Otağım da darıxır
Bomboş görünür hər yan.
Bu dörd ayda olanlar,
Ağlımdan çıxmır bir an.
Pəncərəmizin gözü
Gözüm kimi nəmlənib.
Əşyaları hər yerdə
Evim yasa bələnib.
Bişirdiyim yeməkdə
Yoxdur əvvəlki tam, dad.
Heç nəyə həvəs yoxdur,
Ev-eşik gözümdə yad.
Elə göynəyir sinəm
Yarama duz basıram.
Dərdimin dəryasında
Hər gün bir az batıram.
Gah xatirə odunda
diri-diri yanıram.
Gah da yayın ortası
tir-tir əsib donuram.
Elə çox darıxıram
Əlim çatmır yarıma.
Dualarla ovunub,
Sığınmışam Tanrıma.
Necəsən deyənlərə
Cavab verə bilmirəm.
Qəhəri uda-uda
Səssizcə kövrəlirəm.
HƏSRƏTİN PIÇILTISI
Bir sükut bürüyüb gündüz-gecəmi,
Susan duyğularda alışıram mən,
Eləbil biçilib həsrət boyuma,
Hansı yalnızlıqdan danışıram mən?…
Ümid adlı dostum günün sonunda,
Mürgü vurur ayın ışıltısında.
O an qulağıma ilişir səsin,
Gecənin yalnızlıq pıçıltısında.
Yanımda elə çox yerin görünür
Gözümdə kövrəlir arzular yenə.
Elə çox göynəyir, burnumun ucu
Sadəcə gəlirsən yuxumda mənə.
Özümü tanıya bilmirəm daha,
Nəsə pıçıldayır dilim, dodağım,
Yaxşı ki, zamanın ayaqları var.
İllərcə amansız oldu sınağım.
Kaş həsrətin ömrü qısa olaydı.
Yaşanmadı sənsiz keçən bu günlər.
Çarəsiz olmağım yorsa da məni,
Səbrimi qoruyur görünməz güclər.
Əllərin dəyməyən saçı neynirəm
Süslərdim saçımı çiçək tacıyla,
Sən yoxsan yanımda, tacı neynirəm.
Kəsdim saçlarımı,sənin yolunda
Əllərin dəyməyən saçı neynirəm.
ÖMÜR KİTABIM
Gündəlik yazmışam ömür yolundan,
Hərdən vərəqlərə nəzər salıram.
Hər vərəq xatirə,hər vərəq yaddaş,
Hər vərəq sonunda donub qalıram.
İlk vərəq ömrümün gənclik çağından,
Bircə o vərəği boş saxlamışam.
Olmayan bir şeydən nə yazım axı?
Gözümdən bir damla yaş saxlamışam.
Ömür kitabımın hər, vərəğində,
Sevinclə kədəri qoşa yazmışam.
İçimdə boğulub qalan kəlmələr,
Onu suya deyib, daşa yazmışam.
Beləcə ağacdan düşən yarpaqtək,
Hər vərəq bir yarpaq olub, saralmış.
Asılıb qalmışam xatirələrdən,
Xatirə qəlbimdə əcəb yer almış.
GÖZƏL DEYİLMİŞ
Uşaqkən, böyümək istədim hər gün,
Qəlbimdə min arzu, min dilək, ana.
Böyüdüm dərdim də böyüdü mənlə,
Heç gözəl deyilmiş böyümək ana.
Hər gün gözləyirdim doğum günümü,
Olmazdı kədərim, olmazdı qəmim.
Hopardı zehnimə o gözəl anlar,
Kiçik oyuncağı dünya bilərdim.
Kaş yenə oynayıb uşaq oynumu,
Dərdin atəşindən uzaq olaydım.
Qaçıb gizlənərdim qanlı fələkdən,
Dünyadan doyunca ləzzət alaydım.
Gülərüz qız idim,dərdsizdim, ana.
Bilməzdim xoşbextlik çox az sürəcək.
Vüsal dəryasında üzdüyüm zaman,
Mən hardan biləydim hicran gələcək.
Elə bilirdim ki,böyümək gözəl,
Bilməzdim nə imiş qəlb sarsıntısı.
Sanmışdım hər zaman sevinəcəyəm,
Nə qədər ağırmış dərd sıxıntısı.
Uşaqkən yaralar tez sağalardı,
Yeməzdi içindən yara heç kəsi.
Yaranın bircəcik məlhəmi vardı,
O da ana eşqi, ana sevgisi.
Üşaqkən böyümək istədim elə,
Qəlbimdə min arzu, min dilək ana.
Böyüdüm dərdim də böyüdü mənlə,
Heç gözəl deyilmiş böyümək ana.
YORGUN ÜRƏYİMİN YUXUSU GƏLİR
Səyahət edirəm bezən qəlbimə,
Ağacı qırılmış bağlar görürəm.
Uzaqdan qəlbimə nəzər salanda,
Kədərdən ucalan dağlar görürəm.
Bəzən oralara yaz erkən gəlir,
Açır addımbaşı tər bənövşələr.
Mənim gözlərimdə bulaq qaynayır,
Dağlar gözyaşımdan xəbərsizdilər.
Sahilsiz dəniz var sinəmdə sanki,
Dəryadan dərindir o dəniz məndə.
Məni əzizləyir, məni oxşayır,
Sanki lay lay çalır ləpələrində.
Ömrün unudulmaz anları vardır,
Unuda bilməzsən keçsə də zaman .
Necə qəribədir həyat, ilahi…
Ağrı-acıya da alışır insan.
Həsrət adasında qalan sevgimin,
Şirin xatirədən qoxusu gəlir.
Öz eşqim, öz əqlim çox yorub məni,
Yorğun ürəyimin yuxusu gəlir.
BOŞ ÇƏRCİVƏ
Gələndə özüylə nə gətirdisə
Gedəndə hər şeyi aldı əlimdən.
Qəlbimə çəkdiyim portretini,
Artıq çıxarmışam çərçivəsindən.
Silmişəm, adı yox xatirələrdə,
Çəkdiyim acilar gəlməz günaha,
Qəlbimdən asılmış boş çərcivəyə,
Yenidən şəklini qoymaram daha.
Bəlkə də eşqimin gözü tutulub,
Bəlkə də qocalıb, əsada gəzir,
Üz tutdum yalvardım, sordum Rəbbimə,
Dedi ruhun ölüb, burda nə gəzir?!
A bəxtim, burnumun ucu göynəyir,
Səni harda gəzim, harda axtarım,
Səni gəzmədiyim bircə yer qalıb,
Son evim, son yuvam , o son məzarim.
Ulu öndərimiz
(Mahnı yazılıb)
Mus: İlhamə Adilqızı
İfa: Rövşən Məmmədov
Qədimdir tarixi Azərbaycanın
Ən böyük şəxsiyyətlər sırasından,
“İstiqlal savaşın “müdrik qalibi,
Ulu ondərimiz xalq arasından.
Vətənin səsinə dərhal səs verən,
Elin ağrısını , dərdini çəkən,
Dar gündə vətənin hayına yetən,
Ulu öndərimiz xalqın mərd oğlu.
Azərbaycan mənim həyatım dedi,
Uzağı hamıdan o yaxın gördü,
Parlaq gələcəyi bizlərə verdi,
Ulu öndərimiz xalqın mərd oğlu.
Xarici, daxili siyasətiylə ,
Nəbzini tutmuşdu ağır zamanın.
Ədalət carçısı, haqqın yolcusu
Düşünən beyniydi Azərbaycanın.
Layiqli varisi qalib sərkərdə,
Heydər yolu ilə inamla getdi.
Zəfərdən -zəfərə imzalar atıb,
Ölməz atamızın ruhun şad etdi.
Bir başqa sevgiydi vətənə eşqi,
Yanında olurdu xalqın, millətin
Danılmaz vətənçün elədikləri,
Fədakar liderin böyük xidməti.
Onun sayəsində odlar diyarı,
Addım-addım çatdı hürriyətinə.
Borcluyuq müstəqil Azərbaycanı,
Ürəklər fəth edən Ulu öndərə.
YANIQLI BİR BAYATIYAM
Gecə yumub gözlərini
ulduzları sürükləyir.
Yuxum da bir himə bəndmiş,
o da məni silkələyir.
Ayrılığın vahiməsi
ləpələnir düşüncəmdə.
Ümidlərim çox titrəyib,
buz bağlayıb hər gecəmdə.
Təpikləyir addımbaşı
xatirələr yaddaşımı.
Sükut səsimə səs verir
İtirəndə mən başımı.
Qürurun qol-qanadını
bəzən qırmaq istəmişəm.
Vicdansız olan fələyin
saçın yolmaq istəmişəm.
Bəlkələrin tüstüsüylə
həsrət qoxubdur otağım.
Sənsiz qalan günlərimdə
şeir olur dərd ortağım.
İndi qərib ürəyimin
İçində qərib dünyayam.
Saz ruhunda zilə qalxan
yanıqlı bir bayatıyam.
ÖMÜR
Zaman qopub düşür yarpaqlar kimi,
Təqvimdən vərəqlər tökülür bir- bir.
Köksümə sığınıb ağlayır payız,
Ürəkdən ümidlər sökülür bir-bir…
Haçansa qəlbimə ilk bahar gəlir,
Tələsik özünü yetirir payız.
Saralan duyğular xəzələ dönür,
Özüylə qar, yağış gətirir payız.
Yenə vüsal yolu sisli, dumanlı
Fələk yollarıma çəkib sədləri.
Qəlbimin o dərin məzarlığında
Neçə arzuların ayaq izləri .
İçimdə dəfn etdim xəyallarımı,
Sevgimin cücərən şirin çağında.
Hansı birisini söyləyim indi,
Hələ də qalmışam hicran dağında.
YALAN DÜNYADA
Uyma tərifə ey qadın ,inanma , yalan dünyada .
Baxışın od silahındır, unutma, yaman dünyada,
Günəş kimi ləkəsiz ol, parla ,işıq saç,heç sönmə,
Məsafəni qalxan eylə ,günahla dolan dünyada.
Hər üzünə güləni sən, sanma ki aşiqdir deyə,
Kar ol şirin, xoş sözlərə, kəməndə salan dünyada.
Açma könül qapısını, hər qapını döyənə sən,
Sevgini qumar ediblər, oyunbaz olan dünyada,
Aşiq o kəslər olar ki ,niyyəti safdır, təmizdir,
Bax, belə sevgi sağlamdır, saralıb solan dünyada.
Səadət gördükcə sən də, bu dünyanın hər üzünü,
Qəm edirsən, dərd edirsən, sevgisiz qalan dünyada.
Müəllif: SƏADƏT QƏRİB
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru