Xalq şairi Səməd Vurğunun dəfni

Xalq şairi Səməd Vurğunun dəfni. 1956-cı il. 30 may. Həmin gün paytaxt Bakının küçələri insanlarla dolu idi. Şəhərdə çox böyük bir izdiham var idi. Hər kəs şairlə vidalaşmaq və onu son mənzilə uğurlamaq üçün Birinci Fəxri xiyabana doğru axışırdı…
1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir. 1956 – cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın SSR Xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-sində opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı nümayəndə heyətlərinin, xarici qonaqların və Azərbaycan xalqının böyük bir izdihamı ilə Bakıda I Fəxri xiyabanda dəfn edilir…
Bu gün Azərbaycan SSR ilk Xalq şairi Səməd Vurğunun anım günüdür!

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səməd Vurğun Məmməd Arazın lacivərd poeziya üfüqündə

Səməd Vurğun Məmməd Arazın lacivərd poeziya üfüqündə

“Səməd Vurğunla söhbət” şerində vaxtilə güclü mənəvi keyfiyyətlər qazanmış ədəbi mühitdə baş verən əxlaqi-mənəvi mürəkkəblik, ziddiyyət, deqredasiya, təbəddülat bütün reallığı ilə əksini tapır, təsirli və ibrətamiz mahiyyət kəsb edir:

Alqış, alqış! Az qaldı ki, tavan sına!
Sən gəlmədin bu axşama, səsin gəldi;
Səsin əvvəl qulağıma həzin gəldi.
Sonra bir az nəfəsinə qüvvət gəldi.
ÇOX XƏBİSLƏR elə bildi, Səməd gəldi:
ÖN SIRADA TİTRƏDİLƏR,
ÖN SIRADA BÜDRƏDİLƏR,
Lent qurtardı, nəfəs dərib, “ox” –
dedilər…
Çox vəfalı dostların da
O gecədə yoxdu ancaq;
Bilirdilər Səməd bir də
Məruzəçi olmayacaq…
…Səndən sonra səni bir az silkələdik,
Çox aradıq, çox çevirdik, çox ələdik.
Böyüklərin faciəsi böyük olur…
Səndən sonra
…Görüşlərin hərarəti sənsizləşib,
Kürsülərin cəsarəti sənsizləşib.
Ağsaqqallar səxavəti sənsizləşib…
…Cavanlara vədlər artıb;
Vədlərin iki misli sədlər artıb…

Səməd Vurğunun vəfatından sonrakı dövrdə Azərbaycan ədəbiyyatında yeri, zənginliyi, milli şöhrəti, qüvvətli humanizmi, fəlsəfi dərinliyi və yetkinliyi, intellektual dolğunluğu bu şeirdə bir daha təqdir və təsdiq olunurdu… Burada Səməd Vurğunun şəxsində poeziyamızın müqtədir, korifey bir sənətkarının lirik qəhrəmana çevrilmiş mübariz, aparıcı, öncül xarakteri boya-boy görsənir…
Məmməd Arazın “Şair vüqarı” şerində də bu motivi davam etdirmiş vüqarı, qüruru, əyilməzliyi (“Əyilməz vicdanın böyük heykəli” misrasını xatırla) şairə xas olan əsas və gözəl xüsusiyyətlərdən biri kimi qeyd etmişdir:

Vüqarla yaşamış söz babaları,
Onu yaşatmasın şerimiz niyə?
Əyilmək bilməyən şair vüqarı
Yalnız baş əyibdir əyilməzliyə.

Əyilə-əyilə yaşayanlar, “tabelər”, “müti məhəbbətlər”, “həlim təbiətlər” şair şəxsiyyətinə uyğun gəlmədiyindən Məmməd Arazın şair qəlbini yaralayır, onların hökmranlar qarşısında qatlanmış dizlərini, əyilmiş bellərini düzəltmək istəyi ilə yazır bu şeiri və kişi vüqarı ilə təmiz, məğrur yaşamaq, şair-insan ömrünün ən qiymətli tarixi və əzəli səhifələridir, – deyilir bu şeirdə…

“Söz babalarına” xas mənəvi keyfiyyətləri, prinsipiallığı və vüqarı qorumağı və inkişaf etdirməyi umur qələmdaşlardan Məmməd Araz və sənətkar şəxsiyyətinin bütövlüyünü də bunda görür, yazıda-pozuda bir cür, həyatda, məişətdə başqa cür olan “qələm tutanları” mənəvi bütövlüyə çağırır… Əslində, yaradıcı şəxsiyyət yaradıcılığındakı iddiyaya uyğun bir şəxsiyyət olmalıdır…
O, öz fikrini demək üçün “ Səməd Vurğunla söhbət”dən ədəbi priyom kimi istifadə etmişdir. Söhbət mahiyyət etibarilə Səməd Vurğundan getmir. Şair xəbisləri, paxılları, dili ilə ürəyi bir olmayan, dırnaqarası “vəfalı dostları”, cəsarətsizliyi, hərarətsizliyi, Səməd Vurğunu bədxah niyyətlə “silkələmək” təşəbbüsündə olanları tənqid etmişdir. Səməd Vurğun olmasın, qeyrisi olsun, şair, ümumiyyətlə, ədəbi mühitdə müşahidə etdiyi haqsızlığa qarşı çıxır. Xəbisləri, paxılları, öz şöhrəti üçün başqalarını ləkələməyə çalışanları tənqid etmək lazımdır ki, bu hal davam etməsin, ədəbi mühitdə daha sağlam, daha mehriban münasibətlər yaransın. Xəbislər bilsinlər ki, onların haqsızlığı çoxlarının etirazına səbəb olur və unudulmur…
Bu şeirin üzərində ona görə belə dayandıq ki, şeir vaxtilə ədəbi mühitdə də mübahisə və müzakirə doğurmuşdu… Beləliklə, Məmməd Araz lirikası ardıcıl bir şəkildə dövrün yaradıcı pafosunu, fəlsəfi axtarışlarını əks etdirdiyindən ürəklərə asanlıqla yol tapır, öz hərarəti ilə qəlbləri isindirir, orada özünə yuva salır. “

Mənə elə gəlir ki, bu ilin ortalarında Səməd Vurğun şəxsiyyəti və irsi ilə bağlı baş verən insidentə böyük Məmməd Araz ən tutarlı cavabını vermiş, mən də bunu görüb 20 il bundan qabaq təqdir etmişəm…

QURBAN BAYRAMOV
Ədəbiyyatşünas- tənqidçi, dosent
03.10.2013.

Yazar Etibar Həsənzadənin “Vətən uğrunda” kitabı ÇOSKF Genel Başkanına hədiyyə edildi

22-25 may tarixlərində İstanbulda Atatürk Hava Limanında Dünya Etnospor Birliyi tərəfindən təşkil edilən 7-ci Etnospor Kültür Festivalı keçirilmişdir. Etnospor Kültür Festivalı ənənəvi idman və mədəniyyət miraslarımızı keçmişimizdən bu günümüzə daşıyan və gələcəyimizə ötürən beynəlxalq idman və mədəniyyət tədbiridir. Bu festivalda 35 ölkədən nümayəndələr iştirak edirdi. Hər bir ölkə öz mədəniyyətini tanıdırdı. Türkiyənin Cumhur Başkanı Rəcəb Tayyib Ərdoğan festivalı ziyarət etmişdir. O, Qarabağdan gələn qrupun akrobatik at göstərisi zamanı Türk və Azərbaycan bayraqlarını açdığı anları ayaqda alqışlamışdır.
Festivalın 4-cü günü Türkiyədə könül elçim olan İmanlı Vatan Evladı dərnəyinin başkanı hörmətli Mustafa Nazilli bəy “Vətən Uğrunda” adlı kitabımı Uşaq Oyunları və İdman Klubları Federasiyasının Başqanı, Altın İnsan ödülünə layiq görülmüş Burutay Burak Mutluya və qrup dostlarına çadırlarının önündə mənim adımdan hədiyyə etmişdir. Qeyd edim ki, kitab 44 günlük Vətən Müharibəsindəki şəhid və qazilərimizin döyüş yollarından bəhs edir.

Nəzərinizə çatdırım ki, əvvəlki illərdə Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının qurucu başkanı mərhum Mehmet Mutlu (Burak Mutlunun atası) Azərbaycana gəlmiş, şəhid və qazi ailələrimizin uşaqlarına hədiyyələr vermişdi. Hörmətli Mustafa Nazilli bəy bizə Burak Mutlu bəyin salamlarını söylədi və bizi Türkiyəyə dəvət etdilər. Bu dəvətə çox sevindik və qürur hissi keçirdik. Biz də öz salam və sevgilərimizi, təşəkkürlərimizi bildiririk. Federasiya Azərbaycana gəldiyində, Burak Mutlu bəy məni də şərəf qonağı olaraq dəvət edəcəyini bildirdi. Allah hamınızdan razı olsun, görüşmək üzərə.

Mənə zərbə vurdu qol olduqlarım

Görəsən insanlar niyə belədir?
Əyriyə uyanda düzü məhv edir.
Bu dünya fırlanıb de hara gedir?
Yolumu dəyişdi yol olduqlarım.

Ağrını gizlədib gülən mən idim,
Gəl, söylə, indi mən kimə güvənim?
Dürüstlük, sədaqət tapıb gətirdim,
Dostluğu itirdi dost olduqlarım.

Susanda içimdə göynədi yaram,
Güvəndiyim dağa yağan o qaram.
Mən bu məmləkətdə yer də tapmıram,
Mənə zərbə vurdu qol olduqlarım.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru