
O ZİRVƏNİN İŞIĞI
10 MAY 2025 – ci il – XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ANADAN OLMASINDAN 102 İL ÖTÜR
AZƏRBAYCAN XALQININ ULU ÖNDƏRİ – HEYDƏR ƏLİYEV! – Bu gün xalqımızın hər bir nümayəndəsi bu adı qürurla səsləndirir. Öz xalqının qəlbində əbədi və sönməz məşələ çevrilmək, verdiyi örnək həyat və fəaliyyət təcrübəsi, vətən eşqi, xalq məhəbbəti ilə məşəqqətlərə tab gətirə bilmək, ağıl və bacarıqla çətinliklərdən qurtula bilmək verir bu yüksək adı şəxsiyyətə. O şəxsiyyət ki, gəncliyindən xalqının taleyüklü məsələləri üçün bir yol xəritəsi çözdü qəlbində – BU VƏTƏNİ AZƏRBAYCAN İDİ. Onun yolunda nəyin bahasına olursa – olsun yaşatmaq missiyasını yorulmadan icra etmək isə Azərbaycan oğlunun- sadə bir ailədə doğulan, tərbiyə alan, aldığı öyüdlə vətəninə bağlanan, tarixini öyrəndikcə sinəsində salnamələr oyanan, özünə bu yolda bir qətrə də olsun geri dayanmağa icazə verməyən, amalının böyüklüyündən, tarixinin mübarizliyindən güc alan, faciələrinin ağırlığında bərkiyən, bərkidikcə bu yolda dönməz qətiyyət sahibinə, söz sahibinə çevrilə bilən şəxsiyyət idi Heydər ƏLİYEV.
Onunla necə fəxr etməyəsən? O, bütün dünyanın həsədlə baxdığı, qiptə etdiyi, Azərbaycan ucalığının rəmzi – LİDER idi.
10 May – Azərbaycan tarixinin sevilən yaz səhəri. Bu səhər dünyaya göz açan neçə-neçə körpələrin içindən seçilmişdi O. Yaradanın ona bəxş etdiyi ÖNDƏRLİK missiyası həyatının son gününə qədər onu tərk etməyəcəkdir və özündən sonra da, daim nigaran olduğu xalqının taleyini “ONA ÖZÜM QƏDƏR İNANIRAM!”– deyə təqdim etdiyi əziz övladına, cənab prezident İlham Əliyevə həvalə edəcəkdir.
Bu uzaqgörənlik – heç şübhsiz ki, fitri istedad idi. İllər sonra baş verə biləcək hadisələri duya bilmək, yaşadığı dövrdə aldığı qərarlarda, imza etdiyi fərman və sərəncamlarda özündən 100 il əvvəlki tarixlə bağlantı quraraq – varislik prinsipini yaşadan, inkişaf etdirən, eyni zamanda nəticələrini düşünə bilən rəhbər olmaq – hər liderə nəsib ola biləcək nemət deyildir!
Bu əvəzsiz müsbət keyfiyyətlər – bizim xalqımızın, Azərbaycan torpağında doğulan, dilini də, yurdunu da varlığının qanı bilən ULU ÖNDƏR HEYDƏR ƏLİYEVDƏ, onun ruhunda toplanan ölməzlik nümunəsi idi.
Bəli, o zirvə idi, səbri, yaddaşı, əqidəsi, düşüncəsi, çözümü, tədqiqi ilə, o müəllim idi öyüdü, nəsihəti, seçimi ilə, o ata idi, baba idi sevgisi, məsuliyyəti ilə, O MEMAR idi – xalqının xilaskarı olaraq İŞIQLI GƏLƏCƏYƏ APARMAĞI İLƏ…
Ulu Öndərin həyatına hansı tərəfdən baxsaq da, bu həyatda bir möhtəşəmlik, ZİRVƏ görürük. O zirvənin banisi Heydər Əliyev şəxsiyyətinin bütövlüyü idi. Bir insanın təqdim edə biləcəyi ən gözəl səhnə – onun daxili dünyasından qaynaqlanmırsa – nəticəsiz olacaqdır. Heydər Əliyevin siması da, əməli, daxili dünyası da ifadə etdiyi sözü hər zaman təsdiq etmişdir. Budur yolun dönməzliyi, əbədiliyi! Budur odun hərarəti, illərin, əsirlərin, qərinələrin söndürə bilmiyəcəyi atəşi! Od diyarımızın üzərində sönməyən, hər gün əvvəlkindən daha artıq işıqlanan ULDUZU!
Biz onun bütün fəaliyyətini öyrənirik. Hər dəfə bu həyata, fəaliyyətə baxdıqca ondan bir yeni uslub, bir yeni örnək alırıq. Bu bütün şəraitlərdə dəyanətini itirməyən, seçdiyi yolun həqiqətlə cilalandığını ürəkdən, qəlbən duyan Heydər Əliyev yolu, məktəbidir, — öyrəndikcə öyrənirsən!
Bu il biz Ulu Öndəri bir daha yeni, ən parlaq üfüqdə yad edirik. Bu il cənab prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilib. 2025-ci ilin bu adla tariximizə yazılması bir ayrı uzaqgörənlikdir ki, bu il 30 ilə yaxın işğal altında min bir cinayətkarlığa, vandalizmə, təcavüzə məruz qalan torpaqlarımızda böyük, tarixi zəfərimizin 5-ci ildönümünü qeyd edirik. Bu 5 ildə Azərbaycan bir daha ölkəmizin hüquqi, unitar respublika, dövlət, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, min illik tarixi mənbələrimizlə sübuta yetirərək haqq yolumuzun işığını daha da artırdı. Bu yolda Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən, 1995-ci ildən bu günə qədər həyata keçirilən bütün qanunların qaynağı olan, əsasında dayanan Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyaının böyük əhəmiyyəti olmuşdur. Dövlətimizdə hüquq və qanunun aliliyi bütün demokratik prinsiblərə uyğun olaraq nizamlanmış və bu gün də müsbət nəticələrlə reallaşmaqdadır.
Bu gün biz Ulu Öndərin bu tarixi məqama çata bilməyimiz üçün keçdiyi dönəmləri bir daha yad edirik, xatırlayırıq… Azərbaycanın ən yeni tarixi – iki əsrdən artıq bir dönəmdə yazılmış ən parlaq dastandır ki, hər səhifəsi qürurla varaqlanır… Biz də bu müqəddəs yolun səhifələrinə baxırıq. Ulu öndər Heydər Əliyev məlum tarixdən – 1969-cu ildən Azərbaycana rəhbərlik etmişdir. Amma demək lazımdır ki, elə 69-cu ilə qədər də bu böyük insan öndə olmadan da Azərbaycan üçün çalışırdı, onun taleyini həll edən məsələlərin həllində, rəhbərlikdə “yadellilər” in çox olması isə – vətən üçün gediləcək yolun nə qədər məşəqqətli olacağını duyururdu.
O, gənclik illərindən siyasi mübarizənin içində idi. Bu illərin sınaq dövrünü neçə keçirmişdi, necə bərkimişdisə, sonralar Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə, bütün mərhələlərdə bu ilk yolun böyük əhəmiyyəti olmuşdur. Ulu Öndər hər zaman xalqına güvənmişdir, xalqın içində olmaqdan çəkinməmişdir!
Məqsəd xalqı qorumaq, dövləti yaşatmaq, dünya ölkələri içində varlığını təsdiq etmək idi. Bu böyük anlayış idi. Yolları mürəkkəb və təlatümlü idi. Bu yolu ürəklə, vicdan səsiylə addımlayan, sonda uğur qazanmaq istəyən Lider isə daha güclü və dəqiq olmalı idi. Xalqa arxalanaraq irəliləmək, dövlətin ali məqsədlərini qanunun aliliyi ilə təmin etmək hər şeydən vacib idi.
Bu illərdə Ulu Öndərin fəaliyyətini müxtəlif istiqamətlərdə görürük. Geridə qalmış ölkəni dirçəltmək, iqtisadiyyatı yüksəltmək, idarəetmədə bacarıqlı kadrların, xüsusilə milli kadrların fəaliyyətini artırmaq, xalqın rifahında, həyat təminatında maraq yaratmaq, elm, təhsil, mədəniyyət, səhiyyəni inkişaf etdirmək vacib amil idi, inamlı gələcəyin işığı idi. Bir xalqın mənəviyyatnın zənginləşdirilməsi ideyası var idi, milli-mənəvi sərvətin qorunub inkişaf etdirilməsi vacib amil idi. Məhz sadalanan istiqamətin önündə insanların hüquqlarının müdafiəsi, qanuna etimad, dövlət rəhbərinə inam da unudulmamalı, vacib amil olaraq nəzarətdə saxlanılmalı idi və Ulu Öndər bu sahədə xüsusilə həssas idi.
1969 – cu ilin 14 iyul tarixindən başlayaraq Azərbaycanda 13 il ən möhtəşəm yüksəliş illəri – bütün sahələrdə mümkün olan qədər həyata keçirilən inkişaf dinamikası – fəaliyyətin sonrakı illəri üçün baza olmuşdur. Bu illərin çətinliyi tarixi öyrənən hər kəsə aydındır. SSRİ – nin tərkibində yaşayan respublikalarda hər bir icra olunan qərarın icazəsi Moskvadan asılı idi, lakin biz xalqımızın liderini həmin illərdə daha aydın amalda izləyə bilirik. Belə ki, 1977-ci ildə qəbul edilən SSRİ Konstitusiyasına əsasən rus dilinin imkanları genişləndirilirdi. Milli dillər sıxışdırılan şəraitdə, milli dilini qorumaq istəyənlərə “millətçi” damğası vurulan bir zamanda yeganə respublika olmuşdur ki, Azərbaycan Respublikası məhz Heydər Əliyevin rəhbərliyi, qətiyyəti ilə 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-nın Konstitusiyasına dil haqqında xüsusi maddə salmaqla Azərbaycan dilini Azərbaycan SSR – nın dövlət dili elan etmişdir.
Bu böyük inqilab idi. Bu çağırış idi, qətiyyət idi. Həmin illərdə Ulu Öndər 1977- ci il SSRİ Konstitusiyasına münasibət bildirərək deyirdi: “… Hər birimiz Konstitusiyanın maddələrinə böyük hörmətlə yanaşmalıyıq. Konstitusiya vətəndaşlara təhsil hüququ verib. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur”.
Elə bu qətiyyətlə də 1978 – ci il Konstitusiyasının layihəsinə – “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsi daxil edildi və layihə qəbul edildi. Həmin tarixdən bizi 47 il ayırsa da dilimizə can verən, onu ucaltmaqla xalq yaddaşını oyadan Ulu Öndər cəsarətinin izi daha da ucalır.Heydər Əliyev heç kimdən qorxmadan, çəkinmədən ana dili haqqında demişdir: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
Bilik və bacarığı, istedadı, siyasi mövqeyi, qətiyyəti onun irəli çəkilməsini zəruri edirdi. Lakin tarixi şərait başqa idi. Mənfur düşmənlər Azərbaycanın parçalanması üçün bütün qüvvələrini səfərbər edirdilər. Ulu Öndərin Moskvaya getməsi,Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərdə də Azərbaycan üçün əhəmiyyətli illər olmuşdur. Çünki o böyük şəxsiyyət hər bir xeyirli imkanı vətəni üçün vacib bilərək reallaşdırılması üçün çalışırdı. Burda dövlətin yaşaması da var idi, xalqın qorunması da… Lakin mürtəce qüvvələr əlbəttə ki, bunu görürdü, heç bir formada bununla razılaşa bilmir, şər, böhtan, müxtəlif maneələrlə qarışıqlıq salırdılar. Həmin illərdə Azərbaycanda da millətlərarası toqquşmalar yaranmasına şərait yaradırdılar. Bu illərin ən ağrılı yaddaşını xatırlayarkən – Ulu Öndərin 20 yanvar faciəsi ilə əlaqədar olaraq Moskvadakı Azərbaycan Nümayəndəyiyinə gəlməsi, orada qətiyyətli vətəndaş, millətini sevən şəxsiyyt kimi etirazını yada salmaq vacibdir.
Biz qeyd etdiyimiz kimi, bu böyük insanı müxtəlif tarixi şəraitlərdə görürük. Dəyişən və dəyişməyən tərəflərlə. Dəyişən siyasi oyunlar, SSRİ hakimiyyətinin Azərbaycana, xidmətə xəyanəti olsa da, dəyişməyən bir LİDER var idi tarixdə. O, Moskvanın sərt qanunları altında olduqda da, vəzifədən, xidmətdən uzaqlaşdırılıb adı insan həyatı yaşadığı zamanda da bir mənalı mövqeyini bildirirdi. O – AZƏRBAYCANLI İDİ! Doğma torpağını sevən, onun üçün qurduğu işlərin xain əllərlə uçurulmasını izləyən, buna qarşı olan vətən övladı idi.
Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması, tarixi şəraitin Azərbaycan üçün fürsət verdiyi bir qızıl dövr idi. Çünki təcrübəsiz insanların, zamanın sınaqlarından dərs almayan, siyasət məktəbində “naşı” olan insanların Azərbaycana rəhbərliyə gəlməsi yenidən vətənin parçalanmaq təhlükəsini yaratmışdır. Parçalamaq Çar rusiyası siyasətinin ən təhlükəli tərəfi idi ki, zaman-zaman “parçala, hökm sür!” istəyi ilə “xalqlar həbsxanası” – SSRİ – ni yarada bilmişdilər. Bölünmək – heç bir zaman dövlət üçün faydalı olmamışdır!
1993-cü ildə yenidən xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər məhz bir daha Azərbaycanı yenidən xilas etdi, bu dəfə xarici ünsürlər olmasa da, onların irticaçı xisləri ilə yaranmış vətəndaş qarşıdurması Azərbaycanı sarsıdacaq ən ağır fəlakət olacaqdır ki, onun qarşısının alınması xilas yolumuzu qüvvətləndirməyə apardı.
Mən qeyd etmək istərdim ki, saymaqla bitməyən fədakar ömür yolunda Ulu Öndəri bir də Naxçıvanda yaşadığı dövrdə görürürük. Fəaliyyətinin əsasında tarixi prinsiplərə sədaqətini izləyirik. Və bu sədaqətli mövqe onun bütün həyat mərhələlərində ayrılmaz, öndə olduğunu görürük.
Olduqca çətin bir siyasi, iqtisadi dönəmdə, Muxtar Respublikanın blokada şəraitində olduğu zaman Heydər Əliyev 1991-ci il sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçilir.
Bu mərhələyə baxanda ilk olaraq burada milli dövlətçilik ənənələrinə sədaqət aydın şəkildə görünür. Müxtar Respublikanın dövlət rəmzlərinin bərpa edilməsi, milliləşdirmə siyasəti, Ali Məclisin ilk sessiyasında üçrəngli bayrağımızın ucaldılması, onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etməsi, ondan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan etməsi, daha sonra Türkiyə və İranla əlaqələrin qorunması istiqamətində 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması və s. görülən xidmətlər xalqın nəzərində böyük xidmətlər idi ki, 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalı Heydər Əliyevə müraciət etdi.
Bəli, Ümummilli lider Heydər Əliyevin ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubu bu günümüzün qalib partiyasının yaranmasının tarixi yolunun başlanğıcı oldu. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi.Və onun Vətən üçün xidmətləri bu partiyanın rəhbərliyi ilə davamlı olaraq yüksəldi, bu gün də cənab prezident İlham Əliyevin bacarıqlı liderliyi ilə davam edir.
Ulu Öndər deyirdi: “Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət qurumunu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, vətəndaşların rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq – bu vəzifələr mənim prezidentlik fəaliyyətimdə əsas istiqamətlər olacaqdır”.
Onu da demək vacibdir ki, yaxın illərdə ölkəmizdə saymaqla bitməyən ən böyük beynəlxalq tədbirlərin təşkili – Ulu Öndər Heydər Əliyevin müdrik və düşünülən AZƏRBAYCANÇILIQ yolunun, missiyasının təzahürüdür, nəticəsidir. Heç bir yol asan gedilmir. Lakin elə yollar var ki, onu hər kəs gedə bilmir, o yol daim öyrənilir, heç zaman əhəmiyyəti və işığı azalmır.
Ulu Öndər Heydər Əliyevin ömür yolu məhz öyrənilməsi bitməyən örnək ömür yoludur.
Ruhu şad olsun.
7 may 2025-ci il.

Müəllif: Bədirə Rza Həsənqızı Niftaliyeva,
Neftçala rayonu.