Aşıq Ələsgərin Güləndamı

Fotoda görkəmli el aşığı Aşıq Ələsgərin gənclik illərində görüb bəyəndiyi, gözəlliyinə şeirlər, qoşmalar, gəraylılar ifa etdiyi Güləndam nənəni görürsünüz. Uşaqlıq və gənclik illəri Kəlbəcər dağlarında keçən Güləndam nənə nə az, nə çox, düz 140 ildən artıq (153 il) ömür sürüb. Adı Ginnesin Rekordlar Kitabındakı uzunömürlülər siyahısına düşüb. O, 1843 – cü ildə Kəlbəcər rayonunun Qaragüney kəndində anadan olub. Uşaqlıq illəri çətinliklərlə, maddi sıxıntılarla keçib. Dövrünün bir çox qızları kimi o da təhsil ala bilməyib. Görkəmli el aşığı Aşıq Ələsgər Güləndam nənəni iyirmili yaşlarında görüb bəyənmişdi, onun gözəlliyi Dədə Ələsgəri özünə heyran etmişdi. Aşıq Ələsgərin dillər əzbəri olan “Güləndam” qoşması da bu gözəlliyin qarşısında meydana çıxmışdı. Bu qoşma Güləndam nənənin gənclik gözəlliyinin sözə çevrilmiş halı idi.

Səni gördüm, əl götürdüm dünyadan,
Ala gözlü, qələm qaşlı Güləndam!
Alma yanağını, ay qabağını
Görən kimi ağlım çaşdı, Güləndam!

Güləndam nənənin sizə təqdim etdiyimiz hər iki fotosunun maraqlı çəkilmə tarixi vardır. Sənətşünas Telman İbrahimovun verdiyi məlumata görə, xalçaşünas Kübra xanım Əliyeva 1979-cu ildə, Güləndam nənənin 140 illik yubileyində Kəlbəcərdə olmuş və Güləndam nənənin fotosunu özünün toxuduğu xalça qarşısında, eləcə də at belində dayanarkən çəkmişdir. Kübra xanım bu görüş barədə təəssüratlarını Moskvada nəşr olunan məşhur «Декоративное искусство» jurnalında nəşr etdiyi bir məqalədə işıqlandırmışdır.

 Hеç dеmirsən, Ələsgərim hardadı?
 Səbəb nədi, gülün mеyli xardadı?!
 Mənim gözüm sənin kimi yardadı,
 Hər cəfası mana xoşdu, Güləndam!

Bir əsrdən artıq ömür yaşayan Aşıq Ələsgərin məhəbbət yolunda çox cəfa çəkib. İlk dəfə Səhnəbanu adında bir qıza aşiq olub. Ancaq onu Aşıq Ələsgərə verməyiblər. Qızın əmisi oğlu pullu Məhəmmədə veriblər. Bu hadisə Ələsgərin ürəyinə dağ çəkib. Gənc yaşlarından onu həyata, sevgiyə küsdürüb. Yaşı 40-a çatandan sonra Anaxanım adında hər şeyə deyinən – deyingən bir arvad alıb. Günü ah-vayla, qovğayla keçib. Deyilənə görə, Aşıq Ələsgərin el gözəllərinə tərif yazması, onların hüsnünə qoşmalar, gəraylılar ifa etməsi Anaxanımı özündən çıxarırmış. Bir gün dözə bilməyib əri Aşıq Ələsgərə deyir:
– Ələsgər, gəzmədiyin yеr qalmadı, tərif dеmədiyin də gözəl. Nə olar, mənə də bir tərif dеyəsən!
Aşıq Ələsgər zarafatla dеdi:
– Anaxanım, tərif dеdiyim gözəllər mənə xələt vеrir; sənə tərif dеsəm, mənə nə vеrərsən?
– Еvində nə var, ondan.
– Onda dur, bir ballı qayğanaq bişir yеyim, huşum cəmləşsin, dеyim.
Aşıq Ələsgər bеlə dеyən kimi Anaxanım yеrindən durdu, ocağı qaladı, bir tava
qayğanaq bişirdi, dəridən bеçə balı çıxartdı, qayğanağın üstünə tökdü, külfətlikcə yеdilər. Çay gətirdi, içdilər, sonra sazı Aşıq Ələsgərə vеrdi. Aşıq Ələsgər sazı aldı, zilini zil, bəmini bəm, sinəsində müstəkəm еlədi, görək arvadını nеcə təriflədi:
Ala gözlü, nazlı dilbər,
Еlindən xəbərin varmı?
Dörd bir yanın bağça, söyüd,
Gülündən xəbərin varmı?
Еlə ki, Aşıq Ələsgər sözün bu bəndini oxudu, Anaxanım iki dəfə “sağ ol!” dеdi.
Aşıq Ələsgər gülümsündü:
– Arvad, bu da olsun sənin tərifin.
– A kişi, sözü yarımçıq qoymayacaqsan, ha! Hələ nə dеyibsən ki?! Qalanını dе!
Aşıq Ələsgər gördü Anaxanım əl çəkmir, götürdü o biri bəndini:
O zaman ki, gəldim sizə,
Mayıl oldum qaşa, gözə,
Zibilin çıxıbdı dizə,
Külündən xəbərin varmı?
– A kişi, dеyəsən axı, burasını yaxşı dеmədin? Zibil nə idi ortalığa qatdın?!
– Arvad, söz düz gəlmirdi, ona görə еlə dеdim.
– A kişi, sən Allah, sabah onun orasını düzəlt. Еl içinə çıxası dеyil…
– Baş üstə! Sabah bir qayğanaq da bişirərsən, düzəldərəm. Ancaq gəlsənə daha dеmiyəm. Huşum yaxşı gətirmir, qorxuram yaxşı dеyə bilməyəm.
– A kişi, qorxma dе. Amma bu dəfə yaxşı dе!
Aşıq Ələsgər aldı o biri bəndini:
O vədə ki gəlin oldun,
Qabırğası qalın oldun,
Qaynanana zalım oldun,
Dilindən xəbərin varmı?
Bu bəndi dеyəndə Anaxanımdan başqa hamı gülüşdü. Aşıq Ələsgər götürdü o biri bəndini:
Daha düşübsən hənəkdən,
Suyun qurtarıb sənəkdən,
Məmən çıxıbdı köynəkdən,
Tulundan xəbərin varmı?
Bu bəndi dеyəndə yеnə bərk gülüşdülər. Anaxanım lap pərt oldu. Üst-başına baxanda gördü ki, uşağı əmizdirdikdən sonra köynəyinin yaxası açıq qalıb. Yaxasını düymələyəndən sonra acıqlı-acıqlı dilləndi:
– Daha mən bu еvdə dura bilmərəm; kağızımı vеr (kəbin kağızını nəzərdə tutur), çıxıb gеdəcəm! Otuz ildir,
sənə еv düzəldirəm, uşaq saxlayıram; Bu da mənim еvliliyimin əvəzi!.. Еvindən bir şеy də aparmaram; dədəm еvindən gətirdiyimi sabah bir ulağın bеlinə qoy, məni yola sal, gеdəcəm! Aşıq Ələsgər Anaxanımın xətrinə dəydiyini bilirdi. Amma onun bu sözlərini gеrçək hеsab еləmədi, aldı o biri bəndini:
Ələsgərlə çəkmə dava,
Ariflər baxsın hеsaba;
Cеhizindir qırıq tava,
Malından xəbərin varmı?!
Sazını bir tərəfə qoyanda, Aşıq Ələsgər gördü ki, Anaxanımın halı hal dеyil. Dеdi:
– Arvad, mən sənə dеdim ki, huşum gətirmir, razılaşmadın. Anaxanım dinib
cavab da vеrmədi. Səhərisi küsüb dədəsi evinə getdi. Bir də aylar sonra qayıtdı.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÜLEYMAN ABDULLA – ƏLLƏRİM

ƏLLƏRİM

Bir ovuc duadır su damlaları,
Göylərə açılıb əsər əllərim.
Vətən deyiləndə qopur fırtına,
Coşur dalğa-dalğa Xəzər əllərim.

Bu ağır havada çəkməyədir ah,
Gah sinə qabardar, köks ötürər gah…
Duman içindədir açılan sabah,
Susqun üfüqləri bəzər əllərim.

Qızılı şüalar səpilir zər-zər,
Havası mis kimi, şehi təzə-tər.
Deyəsən özünü unudub ülkər,
Salır dan yerinə nəzər əllərim.

Bağda barına bax, dağda qarına,
Başqa çəm aramaq gəlməz arına.
Əl çalar dünyanın yaxşılarına,
Edər pislərindən həzər əllərim.

Adamın kölgəsi batar çiçəyə,
Şəhər yuxusunu qatar çiçəyə.
Sənə dost deyəni tutar çiçəyə,
Amma kəm baxanı əzər əllərim.

Sən su misalısan durudan duru,
Çoşqun şəlalədir şüanın guru.
Gündüzlər deyərəm gözümün nuru,
Gecələr yuxuda gəzər əllərim.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hacı Mirbağır Mirheydərzadə – Naxçıvan tarixşünaslığının unudulmaz siması

Hacı Mirbağır Mirheydərzadə – Naxçıvan tarixşünaslığının unudulmaz siması
Təəssüf ki, Azərbaycan tarixində böyük xidmətləri olan fədakar ölkəşünas Hacı Mirbağır Mirheydərzadə haqqında çox az məlumata sahibik. Halbuki o, Naxçıvanda ilk dövlət muzeyinin yaradılmasında mühüm rol oynamış, ziyalı və vətənpərvər bir şəxsiyyət kimi tariximizdə iz qoymuşdur.
Mirbağır Mirheydərzadə 1877-ci ildə Ordubad rayonunun Nürgüt kəndində anadan olmuşdur. 1887-1896-cı illərdə Naxçıvan şəhər mədrəsəsində ilkin təhsilini almış, daha sonra 1899-cu ildə Təbriz ruhani məktəbində təhsilini uğurla başa vurmuşdur. Gənclik illəri çətin şəraitdə keçən Mirheydərzadə təhsilini başa vurduqdan sonra Naxçıvana qayıtsa da, uyğun iş tapa bilmədiyindən Tiflisə üz tutmuşdur. Burada o, inqilabi düşüncəli şəxslərlə tanış olmuş və onlarla daim ünsiyyətdə olmuşdur.
1917-1921-ci illərdə o, Naxçıvanda Eynəli bəy Sultanov, Hüseyn Cavid, Əziz Şərif, Behbud Şahtaxtinski, Əli Səbri Qasımov və başqa görkəmli ziyalılarla birgə fəaliyyət göstərmişdir. 1918-ci ildə erməni silahlı dəstələrinin Andronikin başçılığı ilə İrəvan-Naxçıvan-Culfa istiqamətində irəlilədiyi dövrdə, Xorazyants adlı şəxs Tiflisdən Naxçıvana göndərilmişdi. Onun məqsədi Culfa cəbbəxanasının silahlarını ələ keçirərək, silahlı qruplar formalaşdırmaq və Andronikin hücumlarını gücləndirmək idi. Bu arada Naxçıvanda yaradılan Erməni Milli Komitəsinin də əsas məqsədi yerli idarəetməni zəbt etmək və əhali arasında qorxu yaratmaq idi.
Belə gərgin bir vaxtda, Mirbağır Mirheydərzadə yerli mübarizə yoldaşları ilə birlikdə dağınıq qüvvələri bir araya gətirərək ortaq düşmənə qarşı müqavimət təşkil etmişdir. Əgər bu cəhdlər olmasaydı, bölgənin taleyi daha faciəvi ola bilərdi. O dövrdə onun rəhbərlik etdiyi “Mücəddin” siyasi dərnəyi ziyalılar arasında böyük nüfuz qazanmışdı. Bu təşkilat Naxçıvanın gələcəyini Rusiyadan çox Türkiyə ilə birgə görürdü.
Mirbağır Mirheydərzadə maarifçilik və mədəniyyət sahəsində fəal olmuş, tariximizin aydınlaşdırılması işinə ömrünün sonuna qədər töhfə vermişdir. O, Naxçıvanın tarixi abidələrinin, yer adlarının, arxeoloji tapıntıların və folklor nümunələrinin toplanması və araşdırılması ilə məşğul olmuşdur. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsində elmi katib kimi çalışmış, akademik Meşşaninov (1926), professor A. Müller (1927), Ə.Ələkbərov və Osman Həbibullayevin arxeoloji qazıntılarında fəal iştirak etmişdir. Əlyazmaları AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılır.
1924-cü ildə təsis edilən Naxçıvan Dövlət Tarix Muzeyinin zənginləşməsində böyük rol oynayan “Tədqiq və Tətəbbö Cəmiyyəti” 1925-ci ildə yaradılmışdı. Cəmiyyətin sədri kimi Mirbağır Mirheydərzadə muzeyin inkişafına böyük əmək sərf etmişdir. Ağa Məhəmməd (Ərbab), Lətif Hüseynzadə, Z. Seyidov (Seyid Səbri), Hüseyn Cavidin böyük qardaşı Məhəmməd Rasizadə və başqaları da bu işdə fəallıq göstərmişlər. Muzeyin əsas fəaliyyəti 1926-1930-cu illərdə eksponat toplamaqdan ibarət olmuşdur. 1930-cu ildə Mirheydərzadə Naxçıvan MSSR Xalq Maarif Komissarlığının əmri ilə muzeyin direktoru təyin edilmişdir. Həmin dövrdə muzeyin adı “Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi”ndən “Naxçıvan Tarix-Diyarşünaslıq Muzeyi”nə dəyişdirilmişdir. O, 1944-cü ilə qədər bu vəzifədə çalışmışdır.
Mirbağır Mirheydərzadənin ən mühüm işlərindən biri də epiqrafik abidələrin öyrənilməsi olmuşdur. 1928-ci ildə Qarabağlar türbəsindəki qoşa minarəli başdağın kitabəsində ərəb dilində yazılmış “Allahın bu nişanəsi türkman Quti xatındır” sözlərini oxumuşdur. Müsəlman kitabələri ilə bağlı çoxsaylı tədqiqatlar aparmışdır. O, həmçinin Şərq ədəbiyyatı, sufilik, təsəvvüf və hürufilik kimi mövzularla da dərindən maraqlanmış, milli folklorun ilk toplayıcılarından biri olmuşdur. Dil, elm və ictimai quruluşla bağlı yazıları da maraqlı araşdırmalar sırasındadır. Muzey direktoru kimi çalışdığı illərdə ədəbiyyat, mədəniyyət və tarix sahəsində mühüm tədbirlərin təşkilatçısı olmuşdur.
Hacı Mirbağır Mirheydərzadə 80 illik ömründə xalqına və elmə xidmət etmiş, 10 yanvar 1956-cı ildə vəfat etmişdir. Onun haqqında ilk geniş məlumatları professor İbrahim Mollayev vermiş, daha sonra “Nuh yurdu” qəzetində alimin nəticəsi, tarixçi Şəhla Əliyeva maraqlı yazılar dərc etdirmişdir.
Diqqətinizə çatdıraq ki, Mirheydərzadələr nəslinin kökü doqquzuncu məsum, yeddinci imam Museyi-Kazıma qədər gedib çıxır. Bu nəslin peyğəmbər soyuna mənsub olduğu 1890-cı ildə Qafqaz Şeyxülislamlığının rəsmi möhürü ilə təsdiq olunmuşdur…
Qeyd: Məqalənin hazırlanmasında filologiya elmləri doktoru, dosent Fərman Xəlilovun “Fədakar ölkəşünas: Hacı Mirbağır Mirheydərzadə” adlı əsərindəki məlumatlardan istifadə olunmuşdur.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Göytəpə şəhərinin ilk şəhidi

Göytəpə şəhərinin ilk şəhidi

“Torpaq uğrunda ölən varsa, Vətən var”. Bəli, bu gün biz azad bir ölkədə rahat yaşayırıqsa, bunu şəhidlərimizə borcluyuq. Borcunu heç zaman ödəyə bilməyəcəyimiz insanlardan biri də Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya göz açan şəhidimiz Vüqar Mürsəlov Mirəzbər oğludur.
O, 1993-cü il mart ayının 10-da ziyalı ailəsində anadan olmuşdur. Ailənin ikinci övladı idi Vüqar. İkinci olmasına baxmayaraq, hər zaman öz böyüklüyünü göstərirdi . Daxilən çox səmimi, mərd, ailəcanlı idi . Bütün müsbət keyfiyyətləri ilə sevilirdi. Vüqar Mürsəlov Göytəpə şəhərində 1 saylı orta məktəbə gedir. 1980-ci ildə həmin məktəbi bitirib, 67 saylı Bakı texniki peşə məktəbində təhsilini davam etdirir. Daha sonra isə Bakı Politexnik texnikumuna daxil olaraq əla qiymətlərlə təhsilini başa vurur. Artıq hərbi xidmətə yola düşmək zamanı gəlir. O, öz xidmətinə Belarusiyanın Brest şəhərində başlayır. Hərbi xidmətdə olduğu zaman da öz mərdliyi, cəldliyi və şücaətiylə seçilir. 1984 -cü ildə Vüqar Ordudan Qvardiya Baş Çavuşu və tankçı olaraq geri dönür. Və Göytəpə şəhərində ” Göytəpə Təmiri Zavodunda öz peşəsi üzrə işləməyə başlayır.
Qara yellər əsməyə başlayırdı Vətənimizin üstündə. Torpaq sevgisi çəkib aparırdı oğulları cəbhəyə. Vüqar da dözə bilmirdi torpaqlarımızın işğal olunmasına. 1991-ci ildə Xüsusi Təyinatlı Polis dəstəsinə qəbul edilir və cəbhəyə yola salınır. Füzuli, Ağdam, Xanlar, Laçın, Şuşa , Ağdərə rayonlarının işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşür. Düşmən ordusuna ciddi itkilər verir .1992-ci Tərtər rayonunun Cəmilli kəndi ərazisində düşmənlə qızğın mübarizə gedir. Bu döyüşlərin birində ölümü deyil, yurdu sevgisini gözünə almış Vüqar qəhrəmancasına şəhid olur.
Azərbaycan Respublikasının Prezidenti 1994-cü ildə Vüqar Mürsəlova ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adını verir . Vüqar Mürsəlov Göytəpə şəhərinin ilk şəhidi idi . Qəhrəmanlıq nümunəsi idi gələcək nəsillərə.
Tərtər rayonunda və Cəlilabad rayonunda adına küçə salınıb. Eləcə də təhsil aldığı 1 saylı orta məktəb də şahid Mürsəlov Vüqarın adınadır.

Müəllif: ATLAZ RZAYİ

ATLAZ RZAYİNİN YAZILARI

İSTANBUL, DARIXMIŞAM..

İSTANBUL, DARIXMIŞAM..

Səhərini günəşlə birgə açırdım,
İşıqlarını bağrıma basırdım hər gecə,
Üzüaşağı, uzüyuxarı ölçürdüm
səni bina -bina , küçə -küçə.
Sokakların udurdu addım səsimi,
bir də kirpiklərimin kölğəsini.
Yağışında islanırdı ,
küləyində sığallanırdı saçlarım,
Dadını çıxarırdım bəxtəvərliyin.
Havası qəhvə qoxulu,
Səması qağayı sevdalı şəhər.
İpək donlu,
Yaşıl yaxalı ,
Dili dualı şəhər,
Ürkək qız tək utancaq,
Abırlı-həyalı şəhər .
İstanbul!
Səni dalğa -dalğa, ləpə -ləpə sevirəm,
Dalanlarını , küçələrini ,
dağlarını , ormanlarını
gözümə təpə -təpə sevirəm.
Heç nədən yox,
bircə unudulmaqdan qorxan şəhər,
Çiynini qala divarlarına söykəyən,
Tarixin qarşısına alnıaçıq , üzüağ çıxan şəhər.
Bütün dünyanı başına yığan şəhər..
Səni Boğazdan seyr etmək var hələ ..
Sularınla pıçıldaşmaq , dalaşmaq,
Dalğalarla gözüdoyunca sevişmək ,
Dənizlə qucaqlaşmaq ..
Bir də hay -küylü Taksimdə yorulunca dolaşmaq ,
Dolaşdıqca bütün dünyanı unutmaq,
Unutduqca tanımadığın insanlara ürəkdolusu “Mərhaba” demək eşqi..
Sonra pay -piyada Eminönünə düşmək ,
Sərinləmək ..
Balıq qoxan sahildə dayanıb gedən gəmilərə əl sallamaq həvəsi ,
Sonra növbə gözləmək ,
Sonra əlindəki smiti martılarla bölüşmək,
Bölüşdükcə yüngülləşmək ,
Yüngülləşdikcə uçmaq, uçmaq..
Sonra da ..
Sonra da yenə ayrılıq,
Yenə xəyallar,
Yenə təyyarə səsi,
Yenə Xəzərin sahilində səninçün darıxmaq, darıxmaq..

******

Dağından qopan qartalın
Qıyına yazığım gəlir.
Naləsinə , harayına,
Hayına yazığım gəlir.

Sevgiyə həsrət acların
Vüsal daramaz saçların.
Kökü çürük ağacların
Boyuna yazığım gəlir.

Söz ürəyi deşə gərək,
Söz yerinə düşə gərək,
Adam eşqdə bişə gərək,
Çiyinə yazığım gəlir.

Ruhudu payız xəzəlin,
Payız xəzəllə bəzənir.
Ürəksiz köçən gözəlin
Toyuna yazığım gəlir.

Gedirik düzlə , yoxuşla,
Yarı bəxt, yarı naxışla,
İlahi , məni bağışla,
Göyünə yazığım gəlir.

******

Gözlərindən eşq damırdı payıza,
Qızınırdı sevdasında xəzəllər.
Elə gözəl oxşayırdı könlümü
O baxışlar , o sığallar , o əllər —
Oyandım.

Heç bilmədim hara tutum üzümü,
Hara getsəm həsrət məni izlədi.
Baş götürüb nağıllara yol aldım,
Gedəmmədim axıracan, dözmədim ,
Dayandım.

Var -gəl etdim payızla qış arası,
Məni yordu bu kaşkilər , bəlkələr.
Xəyallarım göy üzünə tələsdi,
Bir mən oldum, bir də.. bir də kölgələr,
Yubandım.

Tutammadım bir ümidin əlindən,
Çiçək açmaq bu payıza yad imiş.
Burda hər şey aldadırmış adamı,
Burda hər şey ayrılığa ad imiş–
İnandım.

******

Bu dolaşıq ömrümdə
Yarımçıqdı nəyim var,
(bircə göz yaşını çıx)
–Kəsik -kəsik arzular,
Qırıq-qırıq xəyallar,
Dərə -təpə sevgilər,
Dağ kimi ayrılıqlar.
Vüsallar da natamam,
Görüşlər də yarımçıq.
Könlümün qapıları
Bircə həsrətə açıq..
Ruhumda dəli sükut,
Başımda qasırğalar,
Çöldə ölüm havası..
..Bu gün də gəlib keçdi,
İçində payız rəngi,
Bir də şənbə duası..
Bir ümid də yıxıldı
Qaşla gözün arası..

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YAZIÇI VƏ ŞAİRLƏR — CƏMİYYƏTİN HƏKİMLƏRİDİR

YAZIÇI VƏ ŞAİRLƏR — CƏMİYYƏTİN HƏKİMLƏRİDİR

Müsahibimiz — Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, “Dostluq” ordeni sahibi, tanınmış şairə, yazıçı dramaturq və tərcüməçi Farida Afruzdur.

— Sizcə, indiki dövrdə özbək yaradıcılarının əsas problemləri, çatışmazlıqları və imkanları nələrdir?

— İndiki dövr yaradıcılarının əsas problemləri, çatışmazlıqları və imkanları barədə danışsam — bu, çox geniş sualdır. Ümumiləşdirmək çətindir, çünki bu gün yaradıcıları təhdid edən, onların yaradıcılığına mane olan böyük ümumi təhlükələr yoxdur! Yaradıcı ürəyi alovlanan şəxslər üçün demək olar ki, hər cür şərait mövcuddur.
Məsələn, Özbəkistan Yazıçılar Birliyi yaradıcılar üçün böyük imkanlar və sərbəst yaradıcılıq üçün əlverişli şərait yaradıb.
Mən qətiyyətlə deyə bilərəm ki, “Dörmon” yaradıcılıq evi buna misaldır; burada gecə-gündüz, münasib qiymətlərlə, rahat şəraitdə yaradıcılar üçün təmiz və rahat otaqlar mövcuddur və yüksək səviyyəli xidmət göstərilir.
Qonşu Qazaxıstan və Tacikistandan gələn yaradıcıların sözlərinə qulaq asanda, onların yalnız Özbəkistanda belə şəraitin olduğunu eşidib sevindiklərini görmüşəm.
Qazax və Tacik yaradıcı dostlarımız: “Bizdə də belə yaradıcılıq evləri olsaydı,” — deyə bizə həqiqətən heyran qaldıqlarını çox görmüşəm. Bundan əlavə, 2022-ci ildə Parkent rayonunun gözəl “Zarkent” kəndində tikilərək istifadəyə verilmiş “Parkent” yaradıcılıq evi və “Çorvoq” dağlarındakı böyük ədəbiyyatşünas Ozod Şarafuddinov adına “Çorvoq” yaradıcılıq evləri kimi yerlər də yaradıcıları ilhamlandırmaq üçün çox yaxşı şəraitdir. İndi isə problemlər və çatışmazlıqlar məsələsinə gəlincə, bu, hər kəsin şəxsi vəziyyətindən asılıdır. Çünki xalq deyir: “Axtaran imkanını tapar,” yəni əgər yaradıcı həqiqətən yaradıcıq istəyirsə, hər şəraitdə yaradıcılıq etmək imkanını tapar.
Problemlərə və çatışmazlıqlara baxmayaraq, qələmini səbir və istəklə işlədərək, ruhunu alovlandıraraq yaradıcılıq etməyə davam edər.
Bu gün ölkə rəhbərliyinin yaradıcılar, mənəviyyat, incəsənət və mədəniyyətə göstərdiyi diqqət isə həqiqətən heyrətamizdir.

— Yazıçı və şairlər üçün bu gün ən ağrılı nöqtələr nədir, sizcə?…

— İndiki dövr yaradıcıları — yazıçı və şairlər, ümumiyyətlə ruhani dünyada yaşayan insanlar üçün ən ağrılı, ən sarsıdıcı nöqtə dəyərlərin çökməsidir. Uzun əsrlər boyu insanlığı mənəvi işıqlandıran yaxşılıq, ruhani köklər, müqəddəs duyğular bu günkü qlobal informasiya axını və istehlakçılıq təzyiqi altında yavaş-yavaş unudulur. “İnsanın könlü, əgər mənəviyyatdan kəsilərsə, qurumuş bədənə bənzəyir; xarici gözəllik olsa da, daxili həyat söndürülür.”
Bu gün biz məhz belə vəziyyəti görürük.
İnsan müasirlik maskası altında özünü zəngin sayır, amma ruhən kasıbdır. İnformasiya çoxdur, amma anlayış yetərsizdir.
Azadlıq var, amma mənəvi yük ağırdır.
Xarici dünya gözəldir, amma daxili dünya boşdur.
Şairin qəlbi bu prosesə laqeyd qala bilməz — o sözlə ağrını ifadə edir, tonla qəlbi oyandırır, fikir ilə ruhu xəbərdar edir.
Yazıçı və şair — bu zamana ruhi həkim, ağrılı dövrə sözlə dərman vuran müqəddəs şəxslərdir.
Onlar unudulan dəyərləri xatırladır, mənəviyyatı yüksəldir, nur istəyən qəlblərə işıq saçırlar.
Beləliklə, yaradıcılar həmişə ruhən ayıq olmalıdır.

— Bu günkü özbək ədəbiyyatında sizin fikrinizcə dünya ədəbiyyatı səviyyəsində əsərlər yaradılırmı?

— Özbək ədəbiyyatı — qədim və fasiləsiz inkişaf edən mənəvi zənginlik mənbəyidir. Onun kökləri “Örxun-Enəsay” yazılı abidələrinə gedib çıxır.
Bu mənbələr yalnız türk xalqları üçün deyil, bütün insanlıq mənəviyyatı üçün böyük önəm daşıyır.
Özbək ədəbiyyatı əsrlər boyunca İslam mədəniyyəti, Turan sivilizasiyası və yerli xalqın şifahi ədəbiyyatı ilə bağlı olaraq formalaşıb və təkmilləşib.
Bu gün də bu ədəbiyyat canlıdır: milli ruh, tarixi yaddaş və müasir dünya görüşü ilə birləşərək gözəl şeirlər, hikmətli əsərlər yaradılır. Onlar dünya ədəbiyyatı səviyyəsində öz yerini tapır.
Müasir özbək yazıçı və şairləri yalnız keçmiş mirasa söykənmir, onu tənqidi şəkildə təhlil edir və yeni bədii ton və üslublarla zənginləşdirirlər. Bu — ədəbiyyatımızın davamlı inkişafı və potensialını göstərir.

— Əvvəllər şair və yazıçıların çap olunmuş kitabları müzakirə olunub, təhlil edilirdi, səhvlər açılırdı, uğurlar tanınırdı.
Məncə ədəbi tənqid zəifləyib…

— Hal-hazırda mən Özbəkistan Yazıçılar Birliyində yaradıcı və təşkilati fəaliyyətimdə əsas diqqəti ədəbi tənqidi canlandırmağa, nüfuzunu bərpa etməyə və müasir ədəbi prosesdə təsir gücünü artırmağa yönəldirəm.
Bu istiqamətdə ilham mənbəyim və yol göstərənim 1980-ci illərin ədəbi mühiti, həmin dövrün tənqidi düşüncə və əhvalıdır. Çünki o illərin ədəbi tənqidi təkcə yaradıcıları yüksək səviyyədə qiymətləndirmirdi, həm də milli ədəbiyyatın inkişafında böyük rol oynayırdı.
bu sahədə tanınmış sahə mütəxəssisləri, akademik səviyyəli ədəbiyyatşünas alimlər, ustadlar və ədəbiyyata biganə olmayan gənc yaradıcılarla aktiv dialoq və əməkdaşlıq aparırıq.
Onlardan alınan fikirlər, praktik təkliflər və uzunmüddətli planlar bizə yalnız istiqamət deyil, həm də mənəvi dəstək, elmi və bədii əsas verir. Fikirlər müxtəlifdir: bəziləri tənqidə akademik əsasların möhkəmləndirilməsini, bəziləri yeni media vasitələri ilə müasir təhlil formalarının yaradılmasını təklif edir. Digərləri isə ədəbi tənqidi yalnız yaradıcıya deyil, həm də cəmiyyətə təsir edən mənəvi vasitəyə çevirmək zərurətini vurğulayır. Bu müxtəlif fikir və mülahizələr əsasında biz ədəbi tənqidin canlı qüdrətini bərpa etməyə, onu oxucu və yaradıcı arasında canlı dialoq vasitəsinə çevirməyə çalışırıq. Bu prosesdə tənqid yalnız ədəbi deyil, fəlsəfi, ruhani, mədəni və sosial ölçülərini də nəzərə alaraq onun elmi əsaslarını gücləndirmək, qiymətləndirmə meyarlarını yenidən gözdən keçirmək, həmçinin gənc tənqidçiləri yetişdirmək və elmi əsaslarla dəstəkləməyə xüsusi diqqət ayırırıq.

—Sizcə, dramaturgiya digər janrlardan nə ilə fərqlənir?
Sizi nə cəlb edir?

— Dramaturgiya mənim qəlbimin təsviridir.
Dramaturgiya səhnə dili vasitəsilə insan ruhunu, cəmiyyətin dərdlərini, qəlb ağrılarını dərin ifadə etmə sənətidir.
Bu, insan duyğularının ən incə tellərinə toxunur, sözü hərəkətə, fikri səhnə ifadəsinə çevirir.
Qeyd etmək istəyirəm ki, “Oloy malıkəsi Qurbancan dodxon” kimi tarixi-sosial məzmunlu əsəri mən dramadan başqa heç bir janrda tam ifadə edə bilməzdim.
Bu obraz səhnənin nəfəsini, həyati hərəkət və mübarizəni, cəsarət və fədakarlığı tələb edirdi.
Onun daxili dramı, xarici mübarizəsi və xalq dərdi ilə yaşaması ancaq dram vasitəsilə həqiqi qüvvəyə malik olur.
Dramaturgiya mənim üçün təkcə yaradıcılıq istiqaməti deyil — fikrin hərəkətə, duyğunun təsirə çevrilmə prosesidir.
Bu mənə insan qəlbinə təsir etmək, keçmişlə bu günü körpüləmək, milli tarix və ruhu müasir nəfəs ilə ahəngləşdirmək imkanı verdi.
Drama vasitəsilə mən həyatın ağrısını da, ümidini də, insan dəyərini də daha dərindən hiss etməyə başladım.

— Tərcüməçi kimi müxtəlif ədəbiyyatların qarşılıqlı əlaqəsi və təsiri barədə fikriniz nədir?
Hansı əsərləri tərcümə edib oxucuya çatdırmaq lazımdır?

— Tərcümə xalqları xalqlara, dilləri dillərə bağlayan qızıl körpüdür.
Bu körpünün möhkəmliyi və davamlılığı daim diqqət və qayğı tələb edir.
Buna görə də daim yeni-yeni tərcümələrlə zənginləşdirmək vacibdir.
Ona görə də qardaş xalqların milli və ümumbəşəri ruhda olan əsərlərini keyfiyyətli, bədii və elmi cəhətdən tam tərcümə edib, onları özbək oxucusuna çatdırmaq təkcə mədəni vəzifə deyil, həm də beynəlxalq dostluq və həmrəyliyə xidmət edən şərəfli missiyadır.

— Şair və nəsrçi kimi nələrdən ilham alırsınız, təsirlənirsiniz?

— İlhamımı həmişə varlığın saf nəfəsindən, təbiətin misilsiz gözəlliklərindən almışam.
Qəlbimdəkı hər duyğu, fikir və obraz təbiət mənzərələri ilə söhbətdən, həyatın səmimi notlarını dinləməkdən doğulub.
Təbiət mənim üçün gözəllik, heyranlıq və ilham mənbəyidir.
Şeirlərimdə də təbiətin nəfəsi, varlığın gözəlliyi ilə insanın daxili aləmini, hisslərini ifadə etməyə çalışmışam.
İlham mənbəyim həyatın özüdür, onun saflığı və sadəliyidir.

— Yaradıcı prosesdə gündəlik həyat və yazı vaxtı arasında necə tarazlıq saxlayırsınız?

— Həmişə gündəlik, məişət qayğılarımdan yaradıcılığı, yazmaq arzusunu üstün tutmuşam.
Lakin anayam, qadınam, ailəm və onun iç mühitinin bütövlüyünü qorumağa məsul olduğum üçün hər ikisinə bərabər vaxt ayırmışam.
Allahın köməyi ilə bu zəhmətimin bəhrəsi böyükdür — əmin-aman ailəm, uşaqlarım, nəvələrim var ki, ruhuma rahatlıq verir, sağlam və gözəl həyat yaşayırlar.
Yaradıcı işlərimə gəldikdə, nələrə nail olduğumu və ya yazdıqlarımın səviyyəsini mən yox, mütəxəssislər qiymətləndirməlidir; özüm haqqında bu barədə analiz aparmaq çətindir.

— Müasir ədəbiyyatın köhnə ənənələrdən fərqi nədir?
Gənc nəslə münasibətiniz necədir?

— Müasirlik öz adından da göründüyü kimi — yenilikdir.
Fərqi məhz bu yenilikdədir!
Gənc nəsil ruhu və yaradıcılığına münasibətimə gəldikdə, hazırda gənclərlə işlədiyim üçün qeyd etmək istəyirəm ki, gənclərdəki minnatsızlıq halı mənə uyğun deyil, çoxunun yaradıcılığındakı narazılıq, fasiləsiz narazılıq əhval-ruhiyyəsi yaxşı hal deyil.
Ömrünün çoxunu yaşamış, dünyanın yüksəliş və enişlərini görmüş, həyatın isti-soyuq günlərini ürəyindən keçirmiş böyük bir nəsil nümayəndəsi kimi gəncləri izləyərkən bu minnatsızlıq ruhunun onlar üçün təhlükəli olduğunu düşünürəm.

— Yaradıcı araşdırmalarda, obrazların daxili dünyasına daxil olmaq üçün hansı metodlardan istifadə edirsiniz? Şəxsi araşdırmalarınız necə təsir edir?

— Yaradıcılıq proses həqiqətən, daim hərəkətdə olan, canlı bir orqanizm kimi içimizdə yaşayır; yaradıcı ağladıqda ruhu da ağlayır, güləndə gülsün, ağrıyanda ağrısını çəkir, sevindikdə sevinir.
Və əlbəttə ki, şeiri qəhrəmanı, yəni liriki mən də bu yaradıcıdan uzaq bir insan deyiləm, mən yaradıcı özüməm!
Obrazların daxili dünyasına gəlincə, hər yaradıcı dünyaya öz yaradıcılıq pəncərəsindən baxır və əlbəttə orada əks olunanları təsvir edir.

Söhbətləşdi: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Azerbaycan Jurnalistlar birliyinin üzvü.