Rəsul Rza – 115

Rəsul Rza – 115
Dama-dama papaqlı, zolaq-zolaq köynəkli

Dama-dama papaqlı, zolaq-zolaq köynəkli…
Öncə söz vardı…
28-ci hissə
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr eidrəm)

Mayın 19-da Azərbaycanın Xalq şairi, şeirləri ilə çağdaş poeziyamıza böyük töhfələr bəxş edən Rəsul Rzanın doğum günüdür.Rəsul Rza şeirlərinin oxucusu, onun yenilikçi düşüncəsinə, özünəməxsus deyim tərzlərinə, zəngin poeziyasına bələd olduğumu söyləyə bilərəm. Şadam ki, müəllifi olduğum “Sətirlər” verilişinin bir buraxılışını vaxtilə
məhz Rəsul Rzaya həsr etmiş, şairin
“Qızılgül olmayaydı” poemasının motivləri əsasında
bədii-sənədli film üçün ssenari də yazmışam.Şairin
“Mən torpağam”, “ Məndə ixtiyar olsa”, “Dünyanın dərdi”, “Vətən”, “Rənglər” silsiləsi, “Çinar” kimi şeirləri poeziyamızın incisi sayılır. Rəsul Rzaya doğum günü münasibətilə həsr etdiyim “Dama-dama papaqlı, zolaq-zolaq köynəkli…” essemi məmnuniyyətlə sizə təqdim edirəm.

Mən istəyirəm;
buludlar ağlasın, uşaqlar ağlamasın-
analı, ya anasız!
Sabirdən səkkiz yaş böyüyəm,
Koroğludan on dörd yaş.
Ancaq hələ
nə Sabir deyəni
deyə bilmişəm,
nə Koroğlu eləyəni
eləyə bilmişəm.
Deyirəm,bəlkə
çatanda Nizami yaşına
mən də bir şey verə bildim
insanlığın
səadət uğrunda savaşına.
İndi ürəkdən ürəklərə, hətta ölkədən ölkələrə qədər rahat yollar uzanır. Bu gün informasiyamız kosmosu, səyyarələri də əhatə edir.O da bizə məlumdur ki, bu səyyarələrin ən kiçiyi Pluton 2006-cı ildə günəş sistemindən çıxarılıb. 9 planetin əvəzinə 8 planet qalıb.Yeri gəlmişkən, Məmməd Araz Rəsul Rzanı necə adlandırırdı?
-“Zəmanənin bir də yetirə bilməyəcəyi planet”.
Hörmətli, Nasa- “Milli Aeronavtika və Kosmos” idarəsinin 18 min əməkdaşı, vakant yer üçün sizcə düşünməyə dəyməzmi?!
-Dəyər!
O zaman hörmətli astrofizika alimləri düşünməkdə olsunlar, biz də Rəsul Rza planetinin həndəvərində, bioqrafiyasının kandarında gəzişək.
Mən istəyirəm;
güllər açılsın, güllələr açılmasın-
amanlı, ya amansız!
Mirzə İbrahimin oğlu idi Rəsul. Anası da Məryəm ana idi. Ağlınıza hansı Məryəm gəldi ki? Eyib etməz, Həzrəti İsanın anası Məryəmi də nəzərdə tuta bilərsiz. Zira şair anası olmaqla peyğəmbər anası olmaq arasında elə bir fərq yoxdur.
Hələ o şairin adı Rəsul –“Allahın elçisi” mənasını verərsə…
1910-cu ildə dağətəyi Şirvanda, qəşəngim Göyçayda doğulub Rəsul. Göyçay qəzasında nüfuz sahibi olan Məmmədxanlıların övladı kimi doğulub.Kənd mirzəsi olan atası Mirzə İbrahim qabaqcıl görüşlü insan sayılırdı. Anası Məryəm xanım yazmaq bilməsə də Füzulidən, Sabirdən, Natəvandan əzbər şeirlər söyləyər, balaca Rəsulu gələcəyə hazırlayırdı. Sonralar Rəsul ədəbi mühitlə Bakıda Abdulla Faruq vasitəsilə tanış olur, 20-ci əsr poeziyamıza qədəm qoyur. Ömrünün baharı-Nigar xanıma da rast gəldiyi şəhərin adı – Bakıdır.

İki ömür baharı (Məmməd Alim)
Bakıda görüşdülər
ömrün ilk bahar çağı
Rəsul Göyçay çinarı,
Nigar Göygöl qovağı.
Ata yurdundan gəldi
Qovağın son sorağı,
Çinar ora tələsdi
Heykəl gördü qovağı
Rəsulun gözlərində
Göygölün göy qurşağı
Göygölün üzərində
Nigar durna çırağı
Əbədi qovuşdurub
İki qəlbi Xanbağı
Şair ömrü yaşayır
iki dünya qonağı
Rəsul Göyçay çinarı,
Nigar Gəncə qovağı.
Nigar Gəncə qovağıydı, Rəsul Göyçay çinarı… Tənha günlərdə, məşəqqətli illərdə bir Gəncə qovağının munisi bir Göyçay çinarı olmazmı, əcəba?!… Olardı, amma 1930-cu ildən sonra. Dama-dama papaqlı, zolaq-zolaq köynəkli, 21 yaşlı, 42 manat maaşlı Rəsulun, “Sabir bağı” nın aşağı küncündə Nigarı gözləyəndən bəri.Təsadüfi tanışlığı sevməyən Nigar üçün növbəti məktub yazılan vaxtdan.
Sabah Müşfiqlə Dilbər,
Yeni tamaşaya gedirlər.
Bizi də dəvət edirlər,
Razı olsanız əgər.
Razı idi Nigar, amma o tamaşanı görmüşdü axı. Olsun! Öz yuxularında da Nigar xanım tamaşalar seyr edərdi.Daha xəyalpərvər, daha kövrək tamaşalar.Özü də o səhnələrin iştirakçısı olmaq şərti ilə.Yozduğuna və yazdığına görə durna olacaqmış yuxuda, çırpıb qanadlarını yerdən üzülən durna. Geniş-geniş havalarda səf çəkən durnaların qatarına düzülən Nigar -durna olacaqmış .Yuxusunda diyar-diyar uçub dağların başına qonaq olacaqmış, Nigar, tezliklə şair Rəsul evinin qonağı olduğu kimi.
Mən istəyirəm;
qapılar qapansın soyuq olanda hava-
gözlər qapanmasın,
sözlər qapanmasın!
1942-ci ilin yanvar günləri…
Müharibənin idbar vaxtında Rəsul-Nigar sevgisinin hərarəti o yanvar günlərinin şaxta, sazaq havasıyla necə də savaşa giriblər.Rəsul da cəbhədəydi o vaxtlar.Yazıçılar İttifaqının o soyuq, avazımış divarları bəzən Nigarın burada gecə saat 1-ə kimi növbədə qaldığına da tanıq olacaqdı.
Mən istəyirəm;
yanğınlar sönsün, ümidlər sönməsin!
Rəsul Rza ocağının əbədi sakini olmaq eşqiylə gənclər 1937-ci ilin fevralın 11-də ailə qurdular.44 illik möhkəm ailə həyatının rişəsində sevgi, duyğu, böyük hissiyatla yanaşı nikah üçün ödənilməyən “1 manat” da vardı.
Zatən Nigarların alın yazısıdır mətin, dözümlü olmaq.
Qılınc-qalxan cingilitisi, döyüş nərələri, mərdlik cəngləri, yürüş şeypurları, zəfər təbillərinin gur sədasında dastandakı Nigarımız Koroğlu üçün “kim” idisə, şair Nigarımız da Rəsul üçün “o” idi.
Rəsul üçün Nigar gözəl yardı. Bunu mən demirəm ki… ”Məktublar” şeir toplusu deyir. 30-cu illərdə 5 il müddətinə ərsəyə gəlib həmin şeirlər.Bu məktubları “Səndən-sənə” də adlandıra bilərik. Rəsulun misralarında 21 yaşlı bir gəncin 18 yaşlı başqa bir gəncə lətif duyğuları görünür. Təkcə görünmür ki, həm də sevən bir qəlblə etiraf olunur.”Tanış olaq” müraciətinin qarşılığını bir misra “nöqtə işarəsi” bəzəyəndə yəqin ki,
Rəsul müəllimin necə hisslər keçirdiyini anlamaq olar. Ancaq “nöqtə dolu sətirlər” dən sonra da Rəsulun Nigara olan kövrək hissləri öləzimədi, vaxt gəldi 1976-cı ildə “Sevinəndə sevincim” şeirini nəşr etdirdi.

Bir gün səni görməsəm, könlümdə tufan olur.
Səni qəmli görəndə ürəyim şan-şan olur.
Məhəbbətin yolunda qəm olur, hicran olur.
Sən məni bu sevdanın yollarına salansan,
Sevinəndə sevincim, ağlayanda nalamsan.
Gözlərini yumanda könlüm toranlıq olur.
Gülüşün, xoş baxışın nədən bir anlıq olur?
Həsrətindən gözümdə dünya qaranlıq olur.
Hər kəs üz döndərsə də, sən ilqarda qalansan
Sevinəndə sevincim, ağlayanda nalamsan.
Bilməyənlər də bilsin, mən sevmişəm tək səni.
Hamıdan yaraşıqlı, hamıdan göyçək, səni.
Dodaqları öpümlü, saçları ipək, səni.
Könlümün tellərini həzin-həzin çalansan
Sevinəndə sevincim, ağlayanda nalamsan.
Nigar ağlayanda da, ağrıyanda da, sızlayanda da naləsi, acısı oldu Rəsulun. 1981-ci ilin aprelin 1-də, Nigarın ağır xəstə olduğunu biləndən 3 saat sonra ürək çatışmazlığından dünyasını dəyişdi şair Rəsul Rza.
Yenə də ürək… yenə də şair… yenə də ayrılıq!
Nigar xanım 100 gün yaşadı Rəsuldan sonra.Əgər buna yaşamaq demək olarsa.Dünyadan köçmüş sevgisindən də xəbər tutmadı.Tərs kimi gənclik yuxusuna girən durnalar da vəfasız çıxmışdılar həmin an. Rəsuldan heç bir xəbər, heç bir soraq verə bilmədilər Nigara.
O sorağı biz almışıq. Nə imiş? Sən demə, durnalar da qıymamış sevənlərə…Sən demə, cəmi 100 gün içərisində sevənlərin bir-birinə qovuşmağından durnalar da hali imiş.Sən demə,
Mən istəyirəm;
sevinc, səadət bol olsun!
Ürəkdən ürəyə, ölkədən ölkəyə
açıq yol olsun!
-kimi şair arzuları təkcə ölkələr arası yox, həm də dünyalar arasında bir məhəbbət nağılına çevrilərmiş.
Mən istəyirəm;
sevinc, səadət bol olsun!
ürəkdən ürəyə, ölkədən ölkəyə
açıq yol olsun!

Düz tapdınız, dama-dama papaqlı, zolaq-zolaq köynəkli Rəsul Rza məhz belə istəyirdi.

Müəllif: Turan Uğur

Turan Uğurun yazıları

“Öncə söz vardı…” rubrikası

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yunus Oğuzun  dünya  fatehlərindən  biri  olan  Çingiz  xan  haqqında  romanı  Türkiyə  türkcəsində  çapdan  çıxıb

YUNUS OĞUZUN KİTABI TÜRKİYƏDƏ ÇAP OLUNUB

Hökmdarların, dünya fatehlərinin, sərkərdələrin  həyatı  insanlar  üçün  həmişə  maraqlı  olub. Ədəbiyyat  xadimlərimiz  də  oxucuların  bu  istəyini  həmişə  nəzərə  alıblar.  Olaylar.az  xəbər  verir ki, görkəmli  yazıçı, onlarla  tarixi  romanın  müəllifi   Yunus Oğuzun  dünya  fatehlərindən  biri  olan  Çingiz  xan  haqqında  romanı  Türkiyə  türkcəsində  çapdan  çıxıb.  Müəllif  tarixin  hər  dönəmində  həm  tarixə,həm  də  ədəbiyyata sirrlərlə  gizlənmiş  bir  şəxs  olan  Çingiz  xanın  yaşam  yolunu  türk  oxuculara  çatdırır. “Çingiz xan” (Cengiz han) romanında  müəllif  hökmdarın  portretini  savaşçı, dövlət  qurucusu, hər  nə  qədər  öldürsə  də yaşatmağı  və  qurmağı  sevən  biri  kimi  çızır.  Roman Türkiyədə Bilge Tonyukuk Yayınları Yayın Evində  çapdan  çıxıb.

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elçin Mirzəbəyli – Heç kim bizdən “əzik toplum” düzəldə bilməyəcək

Heç kim bizdən “əzik toplum” düzəldə bilməyəcək

Təəssüf ki, son 15-20 il ərzində Türkiyənin bəlli bir zümrəsində tarixdən başlamış mədəniyyətə kimi hər şeyə dinçi və məzhəbçi müstəvidən yanaşmaq kimi olduqca təhlükəli bir tendensiya formalaşıb. Bu adamlar anlaya bilmirlər ki, “neo-osmanizm” – Türkiyənin gələcəyinə, türk dünyasına və dünyaya osmanlı və xilafət tarixi müstəvisindən münasibət bəsləmək Türkiyəni nəinki müasir dünyadan, hətta türk dünyasından belə uzaq salır. Tarix boyu türk imperiya və dövlətləri arasında ixtilaflar baş verib və bu da həmin dövrün dünyagörüşü çərçivəsindən dəyərləndirildikdə, normal qəbul olunmalıdır. İmperatorlar, sultanlar, şahlar, xanlar öz ərazilərini genişləndirmək və üstün güc olmaları üçün müharibələr aparırdılar. Bir qrup gerizəkalı Səfəvi-Osmanlı ixtilafına məzhəb müstəvisindən yanaşmaqla Türkiyə cəmiyyətinə və ərəb dünyasına saxta bir təəssübkeşlik nümayiş etdirir. Amma o zaman başqa suallar çıxır ortalığa: Sultan İldırım Bəyazidlə Əmir Teymur arasında ki, məzhəb ayrıseçkiliyi yox idi, o zaman onlar niyə qarşı-qarşıya gəldilər? Yaxud nədən özbək qardaşlarımız Şeybanioğulları xanlığının Xətai tərəfindən süquta uğradığından danışmırlar? Çünki düşüncələri, təfəkkürləri yerindədir. Saxta dinçi zehniyyətlə xəstələnməyiblər. Sizi əmin edirəm, əgər Xətai Çaldıranda qalib gəlsəydi, bu gün saxta osmanlı təəssübkeşlərinin heç biri bu mövzuda danışmayacaqdı. Necə ki, Əmir Teymurun İldırım Bəyazidi əsir götürməsindən bir kimsə danışmır. Deməli, Xətainin ən böyük günahı məğlubiyyətidir.
Türkiyənin türk dünyasından qopardılması və ərəb səhralarına sürüklənməsi bir qrup türk düşməninin arzusudur və təəssüf ki, belələri üçün Türkiyədə geniş imkanlar yaranıb. Onlar yaxşı bilirlər ki, Türkiyə neo-osmanizmlə nə Mərkəzi Asiyaya, nə də Qafqaza girə bilməyəcək. Çünki gah Əmir Teymur çıxacaq qarşılarına, gah Xətai, gah da başqa birisi… Türk birliyini arzulamayanlar da bundan məharətlə istifadə edirlər… Amma nə Azərbaycan, nə də Orta Asiya türklərinin yaddaşından onların imperiya qurmaq və idarə etmək potensialını yox etmək, qan yaddaşlarını silmək mümkün olmayacaq. SSRİ kimi nəhəng imperiyanın amansız ideoloji maşını belə bunu bacarmadı. Heç kim bizdən və Orta Asiya türklərindən “əzik” toplum düzəldə bilməyəcək. Bunu, Türkiyə türkcəsində desək, bəziləri qafalarına qoysunlar artıq.
Zənnimcə, bu məsələlərlə bağlı Azərbaycan və Türkiyə tarixçiləri bir araya gəlib ortaq bir konfrans keçirməli, Türkiyədəki dərsliklərdən Xətai ilə bağlı türk düşmənçiliyinə və bölücülüyə xidmət edən məsələlər çıxarılmalıdır. Zənnimcə, çox geniş səviyyədə Beynəlxalq Xətai Konfransının keçirilməsinə ehtiyac var. Geri zəkalı zehniyyətə başa salmaq lazımdır ki, Səfəvi-Osmanlı ixtilafı məzhəb qarşıdurması deyil.
02 sentyabr 2017-ci il

Qeyd: Mövzu aktuallığını qoruyub saxlayır

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru